Orqanizmin fəaliyyətinin humoral və sinir tənzimi.
Təkamül prosesində orqanizmin mühit şəraitinə uyğunlaşması üçün xüsusi tənzimlədici vasitələr yaranır. Bu vasitələrə humoral tənzim və sinir tənzimi aiddir.
Humoral (humor- lat. maye) tənzim orqanizmin daxili mühit mayesinin tərkibinə daxil olan kimyəvi maddələrin təsiri ilə əlaqədədir. Orqanizmin daxilində endokrin vəzilərin hazırladığı hormonlar qana keçərək bədənə yayılır və həyati prosesləri nizama salır. Humoral tənzim zəif olduğu üçün yüksək təkamüllü orqaniz-min tələbatını ödəmir. Bunə görə də ali sinif heyvanlarda, o cümlədən insanda daha mürəkkəb tənzim mexa-nizmləri yaranır. Buna neyro-humoral tənzim mexanizmləri aiddir. Neyro-humoral tənzim orqanizmin həyati proseslərini nizama salır və mühitlə orqanizmi əlaqələndirərək onun tamlığını təmin edir.
Sinir sistemi bir tərəfdən toxumaları və sistemləri bir-birilə əlaqələndirərək orqanizmin tamlığını təmin edir, digər tərəfdən orqanizmi xarici mühitlə rabitələndirir. Nəticədə, canlı orqanizm daima daxili və xarici mühitdən gələn qıcıqları qəbul edərək onlara müvafiq cavab verir.
Müəyyən sinir lifləri hissi orqanlardan impulsları qəbul edib, onları sinir sisteminin ali şöbəsi olan beyin qabığına nəql edir. Bu siqnalların təsiri altında beyin qabığında cərəyan edən oyanma və tormozlanma hadisələri arasında qarşılıqlı əlaqə yaranır ki, nəticədə orqanizm həmin dəyişikliklərə müxtəlif şəkildə cavab verir. Nəticədə yeni impulslar alan üzvlərin fəaliyyəti orqanizmin ümumi vəziyyətinə uyğunlaşdırılır. Sinir sistemi orqanlar arasında əlaqə yaradır və həmin orqanların fəaliyyətini əlaqələndirərək nizama salır, eləcə də orqanizmlə onu əhatə edən mühit arasında əlaqə yaradır. Sinir impuls vasitəsilə yetirilən rabitə sinir tənzimi adlanır.
Beləliklə, neyro-humoral tənzim vasitəsiləinsan orqanizmi orqanların cəmi kimi yox, tam vahid kimi fəaliyyət edir.
İnsanı ictimai mühit əhatə edir. Qəliz münasibətlər yalnız şüurla yerinə yetirilə bilər.
Dostları ilə paylaş: |