ARİstotel r I t o r I k a birinci kitab İkinci kitab Üçüncü kitab Bakı-2008



Yüklə 4,02 Mb.
səhifə10/15
tarix07.03.2017
ölçüsü4,02 Mb.
#10594
1   ...   7   8   9   10   11   12   13   14   15

Bunu nəzərdən keçirərək biz ümumiyyətlə entimemalar haqqında, əgər bir şey tapsaq, misallar haqqında danışmağa cəhd edəcəyik ki, qalanlarını da əlavə edərək ən əvvəldən qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirək.

Dediyimiz kimi41 toplardan epideyktik nitqlərə daha çox mübaliğə topu, məhkəmə nitqlərinə “baş vermiş” topu xasdır, çünki baş vermişə görə qərar çıxarılır, məşvərətçi nitqlərə isə “mümkün” və “gələcək” xasdır.




  1. Mümkün olan” və “mümkün olmayan” anlayışları. – Bu anlayışlara uyğun gələn nədir? – Ehtimala əsaslanan sübutlar (keçmişə və gələcəyə dair). – Böyük və kiçik olan haqqında

Əvvəlcə mümkün olan və mümkün olmayan haqqında danışaq. Əgər əks olan tərəflərdən biri mövcud ola bilərsə, onda o biri tərəf də mümkün görünə bilər, məsələn, əgər insan üçün sağalmağa imkan varsa, onda xəstələnməyə də imkan var, çünki, eyni bir imkan (qabiliyyət) hər iki əks tərəfə aiddir, onlar elə buna görə də əksdirlər. Əgər bir şey mümkündürsə, onda ona uyğun başqa şey də mümkündür. Əgər daha çətin şey mümkündürsə, onda daha asan şey də mümkündür. Əgər nə isə yaxşı və gözəl görkəmdə ola bilərsə, onda o, ümumiyyətlə, adi halda da ola bilər, çünki, yaxşı evin yaradılması adi evin yaradılmasından çətindir.

Bir şeyin əvvəli yarana bilirsə, onun sonu da yarana bilər, çünki, mümkün olmayan şeylərdən heç nə yaranmır, nə də yarana bilməz, məsələn: diametrin ortaq ölçüləri yarana bilməz və yaranmır. Sonu mümkün olan şeyin əvvəli də mümkündür, çünki, hər şey əvvəldən başlanır. Həyat ya da törəmək nəticəsində yaranan bir şey varsa, onda əvvəldə gələnin olması da mümkündür, məsələn, kişi yaranıbsa, onda uşaq da yarana bilər, çünki sonuncu əvvəl gəlir. Əgər uşağın yaranması mümkündürsə, onda kişi də yarana bilər, çünki, uşaq başlanğıc deməkdir. Təbiətən sevgi və ehtiras predmeti olan şey də mümkündür, çünki, böyük əksəriyyətlə heç kim mümkün olmayan şeyləri arzulanır. Elm və incəsənətin predmeti olan şeylər də ola bilər, var və yarana bilər. Həm də elə şey mümkündür ki, onun başlanğıcı bizim məcbur edə bildiyimiz və ya inandıra bildiyimiz adamların ixtiyarında olsun, bizim qüvvəcə üstün olduğumuz, əmrimizdə olan, ya da dost olduğumuz adamlar belələridir. Hissələri mümkün olan tam da mümkündür və çox halda tamı mümkün olanın hissələri də mümkündür, çünki əgər prosxizma, kefalida və xiton42 yarana bilərsə, onda ayaqqabı da yarana bilər, əgər ayaqqabı yarana bilərsə, onda prosxizma və kefalida da yarana bilər. Əgər cins mümkün olan şeylərin sırasına daxildirsə, onda növ də mümkündür, əgər növ mümkün olan şeydirsə, onda cins də mümkündür; əgər gəmi mümkündürsə, onda triera da mümkündür, əgər triera mümkündürsə, onda gəmi də mümkündür. Əgər təbiətlərinə görə qarşılıqlı nisbətdə olan iki şeydən biri mümkündürsə, onda onlardan ikincisi də mümkündür, məsələn, əgər iki misal mümkün­dür­sə, onda onun yarısı da mümkündür, əgər yarı mümkün­dürsə, onda iki misli də mümkündür. Əgər hər hansı bir şey təcrübəsiz və hazırlıqsız halda yaradıla bilibsə, onda məharətin və təcrübənin köməyi ilə daha çox mümkün ola bilər, məhz buna görə də Aqafon deyib:
Ancaq bir şeyi məharətlə eləməliyik

O biri bizə zərurət və qismətdən özü çatacaq.43


Daha pis, daha zəif və daha az dərrakəli insanlar üçün mümkün olan, onlara əks olan insanlara daha da çox müm­kündür. İsokrat da belə demişdir ki, Evfinin öyrəndiyi şeyi, onun özünün icad edə bilməməsi qəribə olardı.44 Mümkün olmayana gəldikdə isə, aydındır ki, bu deyilənlərin əksinə olanlar ona aid olmalıdır.

Nəyin isə baş verdiyinin sübutunu aşağıdakıların köməyi ilə etmək olar. Birincisi, əgər hadisələrin təbii axarında az rast olunan şeylər baş verirsə, onda tez-tez rast olunan şeylər də baş verə bilər. Əgər adətən sonra baş verən şeylər baş veribsə, deməli, əvvəl olmalı olanlar da baş verib, məsələn, əgər kim isə nəyi isə unudubsa, deməli, haçansa onu bilib. Əgər birisi nəyi isə düzəltməyi arzulayırsa və bunu bacara bilirsə və arzusunu yerinə yetiribsə, bu o deməkdir ki, hamı nəyi isə arzulayanda imkan tapan kimi arzusunu yerini yetirəcək və heç nə ona mane olmayacaq. Yenə də, əgər insan nəyi isə arzulayırsa və kənardan ona heç nə mane olmursa, əgər o, mümkün olanı arzulayırsa, əgər o, qəzəblənirsə, əgər əlləşə bilirsə, onda o, məqsədinə çatacaq, çünki, əksər insanlar can atdıqları şeyi edirlər; ancaq yaxşı şeyləri arzulayan, mənəvi cəhətdən yaxşı adamlar öz hövsələsizlikləri ucbatından bunu etməyə yararsızdırlar. Əgər birisi nə isə etmək niyyətinə düşürsə, təbiidir ki, o, niyyətini həyata keçirəcək. Əgər hər hansı bir şey öz təbiətinə görə başqa bir şeydən əvvəl və ya başqa bir şeyin nəticəsində baş verirsə, məsələn, əgər ildırım guruldayırsa, deməli, şimşək artıq çaxıb, əgər insan nə isə bir şey edibsə, onda bunu etmək üçün cəhd edib; bütün bu hadisələrin bəziləri zərurət, digər çox hissəsi isə təsadüf xarakteri daşıyır. Baş verməyənə dair sübutları isə aydındır ki, deyilənlərin əksi olanlardan götürürük.

Olacağa gəldikdə isə, aydındır ki, burada məsələ eynidir: bizim üçün mümkün olan və arzuladığımız, bizim ehtirasımız, qəzəbimiz və haqq-hesabımız ilə bu işin mümkün­süz­lüyünün birləşməsinə uyğun gələn, eləcə də bizim niyyət və səylərimizin sahəsində yerləşən (ona daxil olmayan şeylərdən daha çox baş verir) şeylər olacaq. Əgər öz təbiətinə görə nədən isə əvvəl baş verən şey artıq baş veribsə, məsələn, əgər səma buludlarla örtülübsə, onda çox ehtimal ki, yağış yağacaq. Əgər adətən başqa bir şeyə görə olan şey baş veribsə, məsələn, bünövrə salınıbsa, deməli ev də tikiləcək.

Şeylərin nəhəngliyinə və balacalığına, böyüklüyünə və kiçikliyinə və ümumiyyətlə iriliyinə və xırdalığına gələndə isə burada bizim üçün hər şey əvvəl dediklərimizdən aydındır, çünki, biz məşvərətçi nitqlər haqqında danışanda nemətlərin böyüklüyündən və ümumiyyətlə böyük və kiçik olan şeylərdən söz açmışdıq, hər bir nitq növünün özünə aid nemət şəklində məqsədi olduğu üçün (gözəl olan və ədalətli olan anlayışları kimi), onda aydındır ki, verilmiş sübutların köməyi ilə hər bir nitq növünü gücləndirmək (ayxẽseis) lazımdır. Böyüklük və üstünlük haqqında, ümumiyyətlə dediklərimizdən əlavə tədqiqat aparmaq, boş danışmaq demək olardı. Çünki, təcrübə üçün özəl hadisələr ümumi hadisələrdən daha çox əhəmiyyətə malikdir.

Mümkün və mümkün olmayan haqqında, nəyin isə baş verib-verməməsi haqqında, olacağı və ya olmayacağı haqqında, eləcə də şeylərin böyüklüyü və kiçikliyi haqqında məhz bunu demək lazımdır.


  1. Misal və entimema. – Misalların, müqayisələrin və təmsillərin (ibrətli həkayələrin) iki növü. – Misallardan necə və nə zaman istifadə etmək lazımdır?

Madam biz inandırma üsullarının xüsusi halları üçün olanlar haqqında danışmışdıq, onda indi bütün hallar üçün ümumi olan üsullardan danışaq. Ümumi inandırma üsulları ikili növdə olur: misal və entimema, belə ki, misal entimemanın bir hissəsidir. Beləliklə, əvvəl misal haqqında deyək, ona görə ki, misal istiqamətləndirməyə oxşayır, istiqamətləndirmə isə əvvəldir.



İki cür misallar var: misalın birinci növünün mahiyyəti odur ki, əvvəllər baş vermiş faktlar göstərilir, digər növündə isə natiq onları özü yazır; natiqin yazdığı ya ibrətli həkayə, ya da təmsil ola bilər, onlara misal kimi Ezopun təmsillərini, Liviya təmsillərini45 göstərə bilərik. Faktları da belə misal gətirmək olar: demək olar ki, İran şahına qarşı müharibəyə hazırlaşmaq lazımdır və ona Misiri tutmağa imkan vermək lazım deyil, çünki, əvvəllər Dari46 Misiri işğal etməmiş Yunanıstana keçmirdi, amma onu işğal etdikdən sonra keçirdi. Kserks47 də eynilə Yunanıstanın üstünə Misiri işğal etməmiş getmədi, Misiri tutduqdan sonra isə hücum etdi, odur ki, indi hakimiyyətdə olan da Misiri işğal etsə Yunanıstana keçəcək, buna görə də, ona bunu etməyə imkan vermək olmaz. İbrətli həkayə (müqayisə) – bu Sokratın üsuludur, məsələn, əgər birisi desə ki, hakimiyyəti püşk yolu ilə seçmək lazım deyil, çünki, bu ona bənzəyir ki, püşk yolu ilə yarışlar üçün atletliyə qabil olan adamlar deyil, püşkə düşən adamları götürsünlər, ya da gəmiçilər arasında püşk atmaq yolu ilə gəmini idarə edəcək şəxsi seçsinlər, elə bil bunu bu işi bilən adam yox, püşkü udan adam etməlidir. Təmsil isə Stesixorun Falarid haqqında hekayəsinə və Ezopun demaqoqların48 müdafiəsinə yazdığı hekayəyə oxşayır. Himeranın sakinləri Falaridi qeyri-məhdud hakimiyyətli sərkərdə seçərək ona cangüdən təyin etmək istəyən zaman Stesixor buna qarşı müxtəlif dəlillər gətirərək onlara otlağa təklikdə sahib olan at barəsində təmsili danışır; Maral otlağı zay etməyə başlayanda, at maraldan qisas almaq üçün hansı isə adamdan ona bu işdə kömək edib-etməyəcəyini soruşur: o, cavab verir ki, edə bilər, o şərtlə ki, atı yüyənləsin və özü əlində nizə onun üstündə otursun. At buna razılaşandan və o, atın üstünə oturandan sonra maraldan qisas almaq əvəzinə at özü köləliyə düşür. “Siz də belə, muğayat olun ki, düşmənlərdən qisas almaq əvəzinə, atın düşdüyü vəziyyətə düşməyəsiniz: madam ki, siz qeyri-məhdud hakimiyyətli sərkərdə seçmisiniz, demək artıq yüyəniniz var; əgər siz ona üstəlik cangüdənləri də versəniz və üstünüzə oturmağa qoysanız, onda Falaridin qulları olacaqsınız”. Samos adasında camaatın ölümə məhkum etmək istədiyi demaqoqu müdafiə edən Ezop danışır ki, çayı keçmək istəyən tülkü yarğana düşür; oradan çıxa bilməyən tülkü uzun müddət əzab çəkir və onun dərisinə çoxlu gənə yapışır, oradan keçən kirpi onu görür və ona yazığı gəlir və gənələri təmizləməyi təklif edir, ancaq tülkü buna razılaşmır. Niyə sualına isə belə cavab verir: “Bu gənələr artıq məndən doyublar və az qan sorurlar, əgər onları təmizləsən, onda ac olan yeniləri gələcək və mənim olan – qalan qanımı da soracaqlar”. Ey Samosa kişiləri bu adam da, artıq sizə heç bir ziyan vura bilməz, ona görə ki, o, varlıdır. Əgər onu öldürsəniz, onda başqa kasıblar gələcəklər və ictimai sərvəti oğurlayaraq sizi müflis edəcəklər”. Təmsillər xalq yığıncaqlarında istifadə olunur; onların bir yaxşı tərəfi var: adətən hər hadisə üçün uyğun gələn, keçmişdə baş vermiş faktları tapmaq çətindir, amma təmsilləri isə tapmaq daha asandır, onları həm də pritçaları yazmaq lazımdır, əlbəttə ki, bunun üçün oxşar cizgiləri görmək lazımdır ki, bunu fəlsəfənin köməyi ilə asanlıqla etmək olar. Xəyal sahəsində misallar tapmaq asandır, amma faktlara əsaslanaraq nə isə məsləhət vermək daha faydalıdır, çünki gələcəyin böyük hissəsi keçmişə oxşardır.

Misallardan ancaq o hallarda istifadə etmək olar ki, o vaxt sübutlar üçün entimemaların olmasın, çünki inandırmaq üçün hər hansı sübut lazımdır, entimemalar olanda isə misalları entimemalardan sonra epiloq kimi yerləşdirərək onlardan şahid kimi istifadə etmək lazımdır. Əgər onları əvvəldə qoysaq, onda onlar istiqamətləndirməyə bənzəyəcəklər, bəzi müstəsna halları nəzərə almasaq, ritorik nitqlərə istiqamətləndirmə xas deyil; onları sonda yerləşdiriləndə şəhadətə bənzəyirlər, şahid isə həmişə inam yaradır. Buna görə də, misalları əvvəldə yerləşdirən adamlar daha çox misal gətirməlidirlər, onları sonda yerləşdirənlər üçün isə biri kifayətdir, çünki inama layiq şahid hətta tək olsa belə faydalıdır. Beləliklə, biz misalların neçə növünün olduğunu və onlardan necə və nə vaxt istifadə etmək lazım olduğunu dedik.




  1. Kəlamın tərifi, onun entimemalara münasibəti. Kəlamların dörd növü. - Kəlamlardan necə istifadə etmək lazımdır? – Kəlamların istifadəsinin iki faydalı tərəfi

Kəlamların istifadəsinə gəldikdə isə, kəlamın nə olduğunu müəyyən edəndən sonra tamamilə aydın olacaq ki, nəyə dair, nə vaxt və kimə kəlamlardan nitqlərdə istifadə etmək münasibdir. Kəlam təsdiq olunmuş fikirdir, amma ayrı-ayrı hallara, məsələn, İfikratin necə adam olmasına aid olmayıb, ancaq ümumi əhəmiyyətə malikdir; həm də bütün sahələrə də aid deyil (məsələn, düzün əyriyə əks olmasına), ancaq məişət işləri ətrafında olanlara aiddir; kəlamlar fəaliyyətimizdə nəyi seçməyi, nədən isə uzaq durmağı bizim üçün nəzərdə tutur. Entimemalar belə işləri əhatə edən sillogizm olduğu üçün, entimemanın nəticə və dəlillərindən sillogizm formasını götürsək, onların kəlama çevriləcəyini demək olar, məsələn:

Təbiətdən sağlam düşüncəyə malik kişi gərək heç vaxt uşaqlarına

O qədər bilik verməsin ki, onlar həddindən çox müdrik olsunlar.

Bu kəlamdır, amma, ona səbəbi və izahı əlavə etsək ki, bu niyə belədir, onda onlar birlikdə entimema təşkil edəcəklər,

Məsələn:


Belə ki, onların nümayiş etdirdikləri avaraçılıqdan başqa

Onlar həm də öz həmvətənlərində düşməncəsinə həsəd hissi yaradırlar.49

Həmçinin:

Elə kişi yoxdur ki, hər şeydə xoşbəxt olsun.50

Həmçinin:

Elə kişi yoxdur ki, tam azad olsun.51

Bu kəlamdır, amma ona aşağıdakını əlavə edəndə entimema olur:

Biri sərvətin qulu olur, o biri isə talenin.52


Əgər çəkilən misallar kəlamdırsa, onda dörd kəlam növünü qəbul etmək vacibdir, çünki, kəlam həm epiloqla, həm də epiloqsuz ola bilər. Onların arasından paradoksal, ya da mübahisəli olan bir şey haqqında bəhs edənlərin sübuta ehtiyacı var, içində paradoksal heç bir şey olmayan başqaları isə epiloqsuzdurlar. Sonunculardan bəzilərinin epiloqa qətiyyən ona görə ehtiyacı yoxdur ki, nə dedikləri əvvəldən məlumdur və bu əksəriyyətin rəyidir, məsələn:
Bizə elə gəlir ki, kişi üçün ən yaxşı şey sağlam olmaqdır.53
Digərlərinin epiloqa ona görə ehtiyacı yoxdur ki, onları deyən kimi, onların mənası ilk baxışdan aydın olur, məsələn:
Əsil sevən odur ki, ömürlük sevsin.54
Epiloqlu kəlamların bəziləri entimemanın bir hissəsini təmsil edirlər, məsələn:
Təbiətdən sağlam düşüncəyə malik kişi gərək heç vaxt…55

Başqaları entimematik xarakter daşıyır, amma entimemaların hissələrini təşkil etmirlər: məhz onlar daha geniş məlumdurlar; onların hamısında onlarda söylənilənlərin səbəbi görünür, məsələn:


Ölümsüz qəzəb bəsləmə özün ölümlü olduğun halda…56
Çünki, “bəsləmə” sözü kəlam, ona birləşən “ölümlü olduğun halda” sözləri isə səbəbin izahıdır. Ölümlü ölüm haqqında düşünməlidir, ölümsüzlük haqqında yox”57 kəlamı da eynilə belədir.

Deyilənlərdən aydındır ki, neçə növ kəlam var və onlardan hər biri nəyə yaşayar; iş mübahisəli və paradoksal şeylərə aid olanda epiloqsuz kəlam işlətmək olmaz, amma, ya epiloqu əvvəldə qoyaraq kəlamdan nəticə kimi istifadə etmək lazımdır (məsələn: mənə gəlincə isə, madam nə həsəd predmeti olmaq, nə də tənbəllik etmək lazım deyil, onda mən hesab edirəm ki, yaxşı tərbiyə almaq lazım deyil), ya da axırda gələni əvvəl demək, sonra deyiləni isə əvvələ qoymaq lazımdır. İş paradoksal şeylərə deyil, aydın olmayan şeylərə aid olanda səbəbin ən qısa izahını kəlama qataraq istifadə etmək olar. belə hallarda lakonik kəlamlar və tapmaca görkəmində olan kəlamlar yararlıdır. Məsələn: Stesixor lokriyalılara belə deyib:

“Sizə təkəbbürlü olmaq yaraşmır, qoy cırcıramalar yerdən oxumasınlar”. Yetkin insanlara yaşa görə və təcrübəsinə görə kəlamlardan istifadə etmək uyğundur. Belə yaşa çatmayan insanlara kəlam işlətmək, eləcə də əsatir danışmaq olmaz, bu ədəbsizlikdir, təcrübəsi olmayan şeydən kəlam demək isə dərrakəsizlik və tərbiyəsizlik əlamətidir. Kənd sakinlərinin tərbiyəsi kəlamların icalında xüsusilə bacarıqlı olduğu və onlardan rahat istifadə etmələri buna sübutdur. İş ümumidə olmayanda “ümumən” demək şikayət və mübaliğə edilən zaman istifadəyə uyğundur; bu zaman “ümumən” ifadəsini ya əvvəldə, ya da sübutlardan sonra işlətmək lazımdır.

Geniş yayılmış və hamının istifadə etdiyi kəlamlardan istifadə etmək məsləhətdir (əlbəttə ki, əgər onlar yararlıdırsa). Məhz ona görə ki, hamılıqla işlədilən kəlamlar ədalətli görünür, onlar bir növ hamı tərəfindən olduğu kimi qəbul olunurlar, məsələn: qabaqcadan heç bir qurban vermədən öz əsgərlərini təhlükənin üstünə getməyə ruhlandıran sərkərdə onlara belə deyə bilər:


Ən yaxşı ancaq vətən üçün vuruşmaqdır,

Əsgərlər düşməndən zəif olsalar da onları döyüşə getməyə ruhlandıran isə belə deyə bilər:

Eniali hamı üçün eynidir.59
Heç bir günahı olmayan düşmən uşaqlarını öldürməyə əmr edən sərkərdə isə belə deyə bilər:

O kəsin ağlı yoxdur ki, atanı öldürüb

Uşaqlarını isə sağ qoysun.60
Bundan başqa, bəzi atalar məsəlləri eyni zamanda həm də kəlamdır, məsələn, “attikalı qonşu”61 məsəli. Gəzən kəlamlara (mən gəzən kəlam kimi belələrini nəzərdə tuturam: “öz-özünü tanı, “artıq heç nə”62) zidd olan kəlamlardan da istifadə etmək lazımdır. Bunu o vaxt etmək lazımdır ki, misal gətirilən kəlam ya əxlaqi cəhətdən yaxşı görünsün, ya da ehtirasın təsiri altında deyilsin. Kəlamın mənbəyi ehtirasdır, məsələn, birisinin qəzəbin təsiri altında “öz-özünü tanımalısan” kəlamının yalan olduğunun söyləməsi halında olduğu kimi: “əgər filankəs öz-özünü tanısaydı, onda heç vaxt sərkərdə olmaq qabiliyyətində olduğunu hesab etməzdi”.63

Əxlaqi mənada ən yaxşı kəlama bunu nümunə göstərmək olar: qəbul olunduğu kimi demək olmaz ki, elə sev, elə bil nifrət etmək niyyətindəsən, ondansa elə nifrət etmək lazımdır ki, elə bil sevmək niyyətindəsən. Bu zaman öz fikrini sözlərinlə aydın ifadə etməlisən, fikir aydın ifadə olunmayıbsa, ona epiloq şəklində izahat əlavə etmək lazımdır, məsələn: elə sevmək lazım deyil ki, qəbul edildiyi kimi olsun, elə lazımdır ki, elə bil əbədi sevmək niyyətindəsən, çünki, başqa cür sevmək məkrli adamlara xasdır. Ya da belə ifadə etmək olar: “mənə bu geniş yayılmış kəlam xoş gəlmir, çünki, əsil dost elə sevməlidir ki, elə bil o, əbədi sevmək niyyətində olub: “Eynilə bu kəlam məna xoş gəlmir: “həddindən çox heç nə”, çünki, pis adamlara ifrat dərəcədə nifrət etmək lazımdır. Kəlamlar nitqlər üçün böyük köməkdir, birincisi, ona görə ki, dinləyicilər şöhrət düşkünüdür, çünki birisi ümumi danışanda dinləyicilərdə artıq ayrıca hallar üçün yaranmış rəylərə uyğun danışanda, dinləyicilər sevinirlər. Mənim dediklərim sizə bunun ardınca dediklərimdən sonra aydın olacaq, həmdə sizə kəlamları hansı üsullarla axtarmaq lazım olduğu da aydın olacaq. Bizim dediyimiz kimi, kəlamlar ümumi əhəmiyyətli fikirdir, dinləyicilər isə xüsusi hallara münasibətdə onlarda yaranmış şəxsi rəylərə natiq ümumi əhəmiyyət verəndə sevinirlər; məsələn, pis qonşuları, ya da pis uşaqları olan birisi natiqin belə sözləri ilə razılaşır ki, “qon­şuluqdan çətin şey yoxdur” və ya “uşaq doğmaqdan cə­fən­giyyat şey yoxdur”. Beləliklə, natiq hansı şərtlərin hansı rəyləri qabaqcadan yaratdığını nəzərə almalı və onların barəsində ümumi nöqteyi-nəzərdən danışmalıdır. Kəlamların nitqdə işlədilməsinin birinci üstünlüyü belədir; ikinci üstünlük daha vacibdir: kəlamlar nitqlərə xarakter verir. Elə nitqlər özündə natiqin xarakterini əks edir ki, onlarda onun niyyətləri aydın olsun, bütün kəlamlar isə belədir, çünki, kəlamları misal gətirən şəxs onların vasitəsiylə ümumiyyətlə niyyətlər haqqında fikrini bildirir. Odur ki, əgər kəlamlar öz əxlaqi mənasına görə yaxşıdırsa, onda kəlamlar onları misal gətirən adamın əxlaqi cəhətdən yaxşı xarakterli olduğunu göstərir.

Biz bunları kəlamlar haqqında deməyə lazım bildik: Kəlam nədir? Neçə növü var? onlardan necə istifadə etmək olar və onlar necə fayda verir.

İndi isə ümumiyyətlə entimemalar, onları hansı üsullarla axtarmaq lazım olduğu haqqında, sonra isə top haqqında danışaq, ona görə ki, bu şeylərin hər biri xüsusi bir qəbildəndir.




  1. Entimema, onun zəruri xassələri – Nəyin əsasında entimemaları qırmaq lazımdır? – Entimemanın iki növü

Biz daha əvvəl64 demişdik ki, entimema sillogizmdir və hansı şəkildə sillogizmdir və dialektik sillogizmdən nə ilə seçilir. Entimemaları mühakimələri çox uzaqdan götürərək, ya da mümkün olan hər şeyi qoşaraq tərtib etmək lazım deyil, çünki, birinci halda entimemalar uzunluğa görə anlaşılmaz alınacaq, ikinci halda isə sadəcə boşboğazlıq olacaq, belə ki, bayağı şeylər deyiləcək. Məhz bu səbəbdən savadsız insanlar kütlənin gözündə savadlılardan daha çox inandırıcıdır, şairlərin65 dediyi kimi: savadsız adamlar kütlə qarşısında daha melodik danışırlar; bəziləri (yəni savadlı adamlar) ümumi məsələlərdən ümumi nöqteyi-nəzərdən danışırlar, digərləri isə (yəni savadsız adamlar) kütləyə yaxın olan şeylər haqqın­da bildiklərini deyirlər. Beləliklə, faydalı görünən hər şeyin əsasında deyil, müəyyən kateqoriyadan olan şeylərin əsasında danışmaq lazımdır, məsələn, hakimlərə, ya da rəyləri ilə hakimlərin hesablaşdığı adamlara həqiqi kimi görünənlərin əsasında – bu ona görədir ki, məhz belə şeylər hamıya, ya da əksəriyyətə şübhəsiz kimi görünür; bununla bərabər entimemaları təkcə zəruri olandan deyil, həm də əksər hallarda olanlardan da tərtib etmək lazımdır.



Hər şeydən əvvəl bilmək lazımdır ki, siyasi və ya hər hansı bir sillogizmləri hansı səbəb üzündən demək və qurmaq lazımdır, madam ki, sillogizmi qurmaq üçün sərəncamında heç nə yoxdur, onda uyğun gələn dəlillərin hamısını, ya da bəzilərini əlimizin altında saxlamalıyıq. Mən burada belə bir halı nəzərdə tuturam: məsələn, biz afinalılara müharibəni davam etdirmək, ya da etdirməmək haqqında məsləhəti afinalıların qüvvələrinin necə olduğunu, nədən ibarət olduğunu – dəniz, ya da quru qoşunlarından, ya da hər ikisindən olduğunu, qüvvələrin nə qədər böyük olmasını, onların gəlirlərinin necə olduğunu, dost və düşmənlərinin kim olduğunu, əvvəl hansı müharibələri apardıqlarını və necə apardıqlarını və başqa bu cür sualların cavablarını bilməyərək necə verə bilərdik. Ya da ki, Salamin dəniz döyüşü, ya da Marafon döyüşü, ya da Heraklidlər66 üçün edilən şeylər, ya da buna bənzər başqa şeylər bizim hafizəmizdə həkk olmasaydı, biz onları necə tərifləyə bilərdik, ona görə ki, hamı tərifi gözəl əməllərə və ya belə görünən əməllərə əsaslanaraq edir. Eynilə belə, əks xarakterli faktlar əsasında da məzəmmət edirlər və bu zaman afinalıların əleyhinə belə şeylərin olub-olmadığını, məsələn, onların yunanları əsarət altına aldığını, ya da eqinetliləri və potideyləri, barbarlarla müharibə67 zamanı öz müttəfiqlərini köləyə çevirdiklərini, ümumiyyətlə bu qəbildən olan bütün günahları nəzərdən keçirirlər. Eynilə bu cür, ittiham edən və müdafiə olunan insanlar da əldə olan faktlara əsaslanaraq ittiham edir və müdafiə olunurlar. Həm afinalılara, həm lakedemoniyalılara, həm insana, həm tanrıya fərq qoymadan belə yanaşmaq lazımdır: Axillə məsləhət verərkən, tərifləyərkən, yada məzəmmət edərkən, onu həm günahlandırarkən, həm də müdafiə edərkən – bütün bu hallarda həqiqi, ya da həqiqi kimi görünən faktları götürmək lazımdır ki, onların əsasında ya tərif, ya da məzəmmət edilsin (əgər yaxşı və ya utanmalı bir şey varsa), ya ittiham, ya da bəraət olunsun (əgər ədalətsiz və ya ədalətli nə isə bir şey varsa), ya da məsləhət verilsin (əgər nə isə faydalı və ya ziyanlı bir şey varsa). Buna uyğun olaraq bütün başqa məsələlərdə belə mühakimələrəi yürütmək olar, məsələn, ədalətin nemət olub-olmaması haqqında – bu zaman ədalət və nemət anlayışlarında olanların əsasında danışmaq lazımdır. Göründüyü kimi hamı daha çox, ya da az dərəcədə ciddi sillogizm qurmasından asılı olmayaraq (çünki onlar öz sübutlarını hər yerdən deyil, hər bir məsələyə aid əldə olanlardan götürürlər). Sübutlar bu qayda üzrə əsaslandırır və madam aydındır ki, nitqin köməyi ilə başqa cür sübut etmək mümkün deyil, onda aydındır ki, bunu nəzərə alaraq bizim “Topikdə”68 dediyimiz kimi, “hər şeydən əvvəl hər bir məsələyə dair, nəyin olması və nəyin daha vacib olması haqqında seçmə sübutlar həmişə əldə hazır olmalıdır”. Təsadüfi olaraq meydana çıxan məsələlərə gəldikdə isə dəlilləri eynilə belə qaydada axtarmaq lazımdır, bu zaman diqqəti qeyri-müəyyən bir şeyə deyil, sözügedən məsələdə olana vermək, işə mümkün qədər çox yaxın olan, mümkün qədər çox sayda dəlilləri şərh etmək lazımdır, çünki faktlara əsaslanan nə qədər çox dəlil olsa, onda sübut etmək bir o qədər asan olur və onlar məsələyə nə qədər yaxın olsalar, bir o qədər də faydalı olarlar, həm də bir o qədər ümumi olmazlar. Mən ümumi sübutlar deyəndə bunları nəzərdə tuturam, məsələn, Axillin ya insan olduğuna, ya yarımallahlar sırasına da­xil olduğuna, ya da Troya əleyhinə müharibəyə yola düş­düyünə görə təriflənməsi; bütün bunlar bir çox başqalarına da aid olan cizgilərdir, ona görə də Axilli tərifləyən onu heç də Diomeddən69 çox tərifləmir. Xüsusi sübutlar deyəndə isə mən Axilldən başqa heç kəsin başına gəlməyənləri nəzərdə tuturam, məsələn, Axillin ən yaxşı troyalı Hektoru və heç kəsi gəmidən düşməyə qoymayan çox güclü Kikni70 öldür­məsi, yürüşə gedən ən gənc hökmdar olması və heç bir and ilə məcbur edilməməsi kimi faktlarını və bütün buna bənzər sübutları.

Beləliklə, sübutları seçməyin bir üsulu budur və bu birinci topik üsuldur. İndi isə entimema elementləri haqqında danışaq: mən eyni şeyi həm entimemanın elementi, həm də topu adlandırıram. Əvvəlcə nədən başlamağın zəruri olduğunu demək lazımdır. Entimemaların iki növü var: bəziləri göstərən (yəni, nəyin isə mövcud olub-olmadığını göstərən), digərləri isə ifşaedicidir. Onlar bir-birindən eynilə dialektikada sübut (elegchos) ilə sillogizm kimi fərqlənirlər. Nümunəvi entimema rəqiblərin qəbul etdiyi mühakimələr əsasında qurulmuş sillogizmdir, ifşaedici entimema isə rəqiblərin qəbul etmədiyi mühaikmələr əsasında qurulmuş sillogizmdir. Demək olar ki, bütün faydalı və zəruri olan şeylərə dair toplar var, belə ki, hər bir məsələyə dair xüsusi mühakimələr var. Beləliklə, bizim əlimizdə əvvəlcədən qurulmuş mühakimələr var ki, onların əsasında yaxşı, ya pis, gözəl ya nöqsanlı, ədalətli, ya ədalətsiz haqqında, həm də xarakterlər, ehtiraslar və əxlaqi keyfiyyətlər haqqında entimemalar qurmaq lazımdır.

Ümumiyyətlə, entimemaları başqa nöqteyi-nəzərdən də gözdən keçirək. Bu zaman ifşaedici, göstərən entimemaların toplarını görüntülü entimemaların toplarından fərqləndirməliyik (hansılar ki, entimema deyillər, çünki sillogizm deyillər). Bunu izah edərək entimemaların həlli məsələsini və onlara əks təsirlərin haradan götürülməsi məsələsini araşdıraq.


  1. Entimemaları qurmaq üçün nitqdə istifadə olunan müxtəlif toplar. – İfşaedici entimemaların üstünlüyü

Nümunəvi entimemalar üçün bir top əks olan anlayışdan ibarətdir; baxmaq lazımdır ki, əks olan üçün əks olan varmı, əgər əks olan varsa, sübut məhv edilməlidir, məsələn, “aza qane olmaq yaxşıdır, belə ki, nəfsə sahib olmamaq pisdir” sübutu belədir. Ya da Messena nitqində71 olduğu kimi: “əgər indiki bəlaların səbəbi müharibədirsə, onda sülh bağlanan kimi biz özümüzə gəlməliyik”.


Əgər özü istəmədən bizə pislik edənə qarşı qəzəblənmək ədalətsizlikdirsə,

Onda birisi bizə məcbur qalaraq yaxşılıq edəndə

Ona qarşı özümüzü minnətdar hesab etməyə məcbur deyilik.72

Əgər insanlar qarşısında həqiqətəbənzər şəkildə yalan danışmaq mümkündürsə,



Onda sən əks olanı da ehtimal etməlisən ki,

Nə qədər, həqiqi olan, insanların gözünə qeyri-həqiqi kimi görünür.73

Digər top isə eyni qrammatik hallardan alınır, çünki belə hallarda bir şey eyni şəkildə, ya ola bilər, ya da ola bilməz, məsələn, belə bir mülahizə: “heç də bütün ədalətli olanlar yaxşı deyil, əks halda ədalətlə edilən hər şey yaxşı olardı, belə ki, ədalətli şəkildə ölmək bir az da olsa, arzuolunan de­yil: daha bir top iki predmetin qarşılıqlı münasibətindən alınır, məsələn, əgər iki şəxsdən birinin gözəl və ədalətli hərəkət etdiyi faktdırsa, onda digər şəxsin bu hərəkətin təsirini öz üzərində hiss etməsi də faktdır, əgər bir şəxsin nəyi isə əmr etməsi faktdırsa, onda digər şəxsin də əmri yerinə yetirməsi faktdır, məsələn, iltizamçı (vergiyığan) Diomedont vergilər haqqında deyirdi: “əgər siz satmağa utanmırsınızsa – biz də almağa utanmırıq”. Əgər nəyi isə sınaqdan keçirmiş biri üçün bunun gözəl və ədalətli keçməsi faktdırsa, onda bu işi həyata keçirən üçün də bunun gözəl və ədalətli olması faktdır. Amma, burada düzgün olmayan bir nəticə də ola bilər, çünki, birisi ədalətli olaraq nəyə isə məruz qalıbsa, onda o, ədalətli olaraq zərər çəkib, amma, ola bilər ki, o, bu zərəri gərək məhz sənin tərəfindən görməyəydi. Buna görə də ayrıca baxmaq lazımdır ki, zərər görmüş şəxs zərər görməyə və zərər vurmuş isə zərər vurmağa layiqdirmi, artıq bundan sonra iki tərəfdən hansına isə uyğun olan faktlardan istifadə etmək lazımdır, çünki belə hallarda bəzən ziddiyyətlər yaranır, məsələn, Teodiktin “ Alkmeon” əsərində:

Məgər sənin anana qarşı nifrət hiss etməmiş fani varmı?

Alkmeon cavab verir:

Amma burada müxtəlif nöqteyi-nəzərdən baxmaq lazımdır.

Alkmeon Alfasibeyanın sualına belə cavab verir:

Onlar onu ölümə məhkum etdilər, amma, onu mənim öldürməyim haqqında qərar çıxarmadılar.

Demosfenin və Nikanorun75 qatillərinin məhkəməsi də belə qəbildən olan faktlardır: hakimlər qatillərin onu öldürməkdə ədalətli olduqları haqqında qərar çıxardılar, onda belə göründü ki, onun ölümü ədalətli olub. Eyni şeyi Fiva76 şəhərində öldürülmüş adam haqqında da demək olar, ölümdə müqəssir bilinən şəxs təklif edir ki, onun ölməsinin ədalətə uyğunluğu mühakimə olunsun, axı necə ola bilər ki, ölməsi ədalətli olan şəxsi öldürmək ədalətsiz olsun.

Daha bir top böyük və kiçik anlayışından yaranır, məsələn: “əgər hətta tanrılar hər şeyi bilmirsə, onda çox çətin ki, insanlar da hər şeyi bilsinlər”. Bu o deməkdir ki, əgər insanda böyük dərəcədə olmalı olan nə isə yoxdursa, onda aydındır ki, həmin şey onun az dərəcədə olmalı olduğu insanda da olmaz. “Öz atasını döyən, yaxınlarını da döyər” nəticəsi isə ondan irəli gəlir ki, əgər az varsa, onda çox da var, belə ki, ataları yaxın adamlardan daha az döyürlər. Belə də sübut eləmək olar, ya da başqa cür: əgər insanda böyük dərəcədə sahib olduğu nə isə yoxdursa, ya da kiçik dərəcədə sahib olduğu nə isə varsa, həm bunu, həm də onu göstərmək lazımdır; nəyin isə olduğunu, ya da nəyin isə olmadığını sübut etmək lazım gəlir. Bu top o halda qüvvəyə malikdir ki, o zaman müəyyən bir şey hər iki tərəfdə nə böyük dərəcədə, nə də kiçik dərəcədə olmasın, buna görə də deyiblər:


Sənin də atan təəssüfə layiqdir, çünki o, uşaqlarını itirib

Bəs öz şərəfli xələfini itirmiş Oyney də təəssüfə layiq deyilmi.77


Elə məhz buna görə deyirlər ki, əgər Tesey ədalətsizlik etməyibsə, onda Aleksandr da onu etməyib, əgər Tindaridlər78 ədalətsiz hərəkət etməyibsə, onda Aleksandr da belə etməyib, əgər Hektor Patrokla qarşı ədalətsizlik etməyibsə, onda Aleksandr da Axillə qarşı belə etməyib. Əgər hər hansı bir iş üzrə mütəxəssislər əhəmiyyətsiz deyildirlərsə, onda filosoflar da əhəmiyyətsiz deyildirlər. Əgər sərkərdələr onları tez-tez ölümə məhkum etdiklərinə görə nifrətə layiq deyildirlərsə, onda sofistlər də buna layiq deyildirlər. Əgər ayrıca bir adam sizin şöhrətinizin qeydinə qalırsa, onda siz də yunanların qeydinə qalmalısınız.

Digər top isə həmin dövrün məlumatlarından alınır, məsələn, İfikrat Harmodiyə79 qarşı çıxışında deyirdi:

“Əgər mən işi görməzdən əvvəl sizdən heykəli istəsəydim siz onu mənə verərdiniz? Mən işi görəndən sonra da siz onu mənə verməyəcəksiniz? Nəyi isə nəzərdə tutanda vəd verməyin və istədiyinizi əldə edəndən sonra vədimizi zorla geri götürməyin”. Fivaliların Filippi Attikaya buraxmamalı olduqları haqqında da eyni şeyi demək olar, çünki, Filipp foklyalılara qarşı onlara yardım etməzdən əvvəl bunu onlardan xahiş etsəydi, onlar bunu vəd edərdilər.80 Əgər Filippi onların müqavimət göstərmək ehtimalını nəzərdən qaçıraraq, onlara bel bağladığına görə buraxmasaydılar, bunun heç bir mənası olmazdı.

Daha bir top isə o vaxt alınır ki, bizə qarşı deyilmişi biz yenidən onu deyənə qaytarmış olaq. Bu üsulun çox şeyə malik olması “Tevkr”81 tragediyasından görünür.

İfikrat bu üsuldan Aristofonta82 qarşı istifadə edərək ondan soruşur ki, o, donanmanı pula sata bilərdimi. Onun mənfi cavabından sonra isə deyir: “Sən Aristofont satmazdın, amma mən İfikrat isə satardım”. Amma, bu üsul üçün zəruri şərait lazımdır ki, bizə baxanda rəqib daha çox ədalətsizlik etməyə qabil adam kimi görünsün, əks halda fraza gülməli görünə bilər, məsələn, Arisfidin83 tərəfindən edilmiş ittihama birisi İfikratın dediyi ilə cavab versəydi, bu gülməli olardı; bu üsul ancaq onda yararlıdır ki, o zaman artıq ittihamçıya qarşı inamsızlıq yaransın. Ümumiyyətlə, ittihamçı ittiham olunandan yaxşı olmağı arzulayır, ittihamçını məhz bu tərəfdən ifşa etmək lazımdır. Ümumiyyətlə, özün etdiyin, ya da edə biləcəyin şeyə görə başqalarını məzəmmət etmək, ya da başqalarını özün etmədiyin və həm də edə bilməyəcəyin isə sövq etmək cəfəngiyyatdır.

Daha bir top isə anlayışların tərəfindən alınır, məsələn, Sokratın “demonion”84 anlayışı nədir? Bu tanrıdır, ya tanrının yaratdığıdır? Amma, burası da var ki, demonionun tanrının yaratdığı varlıq olduğuna inanan mütləq canlıların varlığına da inanmış olur. İfikrat85 da belə düşünür, onun fikrincə, insanların ən yaxşısı həm də ən alicənab olanıdır, çünki, Harmodi və Aristohiton alicənab bir şey edənə qədər onlarda alicənab bir şey yox idi. İfikrat rəqibindənsə özünün Harmodi və Aristohitona daha çox oxşar olduğunu sübut etmək üçün əlavə edir: “Mənim işlərim Harmodi və Aristohitonun işlərinə səninkilərdən daha çox oxşayır”. Aleksandrda” da belə deyilir: “hamı razılaşar ki, öz nəfslərinə sahibolmayan adamlar bir adamın bədəni ilə qane olmurlar”. Sokratın Arxelayin87 yanına getmək istəməməsinin səbəbi də özünün dediyi kimi belədir: “göstərilmiş yaxşılığın və edilmiş pisliyin əvəzini verə bilməmək eyni cür alçaqlıqdır”. Bütün bu adamlar sillogizmləri danışdıqları barəsində qurur, bu və digər anlayışlara tərif verərək onların nədən ibarət olduğunu araşdırırlar.

Daha bir top sözə aid olan bir neçə mənanın əsasında qurula bilər, bu barədə biz “Topikdə” “yaxşı” sözündən bəhs edəndə danışmışdıq.

Daha bir top paylaşmadan alınır, məsələn, əgər hamı üç səbəb üzündən – ya bu, ya o, ya da o biri - ədalətsiz hərəkət edirsə, birinci iki səbəb üzündən hazırkı halda ədalətsiz hərəkət etmək mümkün deyil, üçüncüsü haqqında isə ittihamçıların özləri heç nə demir.

Daha bir top istiqamətləndirmədən götürülür, bunu Peparefiya nitqindən görmək olar, orada deyilir ki, uşaqlara aid həqiqəti hər yerdə qadınlar üzə çıxardırlar. Elə – Afinada da natiq Mantinin oğula qarşı başladığı işi ana aydınlaşdırır, eləcə də Fivada İsmeni və Stilbonun arasında olan mübahisəsini Dodonida həll edir, o, uşağın İsmeninin oğlu olduğunu deyir və buna görə də Fettaliski İsmeninin88 oğlu olduğunu təsdiq edirlər. Teodiktin89 “Qanun”undan da eyni şey görünür: “əgər biz öz atlarımızı adamların atlarına pis baxan adamlara və öz gəmilərimizi də başqa adamların gəmilərini məhv etmiş adamlara tapşırmırıqsa və əgər bütün hallarda eyni cür hərəkət etmək mümkündürsə, onda başqa şəxslərin rifahını pis qoruyan adamların köməyindən şəxsi xilasımız üçün istifadə etmək –olmaz. Alkidamantın sübut etdiyi kimi, hamı müdriklərə ehtiram göstərir: paroslular Arxiloxa ehtiram göstərirlər (baxmayaraq ki, o, böhtançı olub), xioslular isə onların həmvətənləri olmasa da Homerə, mitilenalılar qadın olmasına baxmayaraq Safoya ehtiram edirlər, lakedemodiyalılar Xilonu gerontlar şurasına seçirlər, halbuki elmi çox az sevirdilər, Lampsak sakinləri Anaksaqoru yadelli olmasına baxmayaraq dəfn etdilər və indiyə qədər onu yad edirlər… afinalılar Solonun, lakedemoniyalılar isə Likyrgun qanunları yaşadıqları zaman rifah içində idilər, Fivada da şəhəri filosoflar idarə etməyə başlayandan sonra dövlətdə firavanlıq başlandı”.90

Daha bir top işin özündən, ya ona bənzəyəndən, ya da ona əks olan iş üzrə çıxarılmış məhkəmə hökmündən də götürülə bilər, xüsusən, əgər bu hökmü hamı və həmişə deyirsə, əgər belə deyilsə, heç olmazsa onu insanların çoxu, ya da müdrik adamların hamısı, ya da onların çoxu, ya da yaxşı adamlar və hakimlərin özləri, ya da sözlərinə hakimlərin qiymət verdiyi adamlar, ya da elə adamlar ki, onların qərarına qarşı çıxmaq mümkün olmasın, məsələn: hakimiyyətdə olan adamlar, ya da elələri ki, onların qərarına qarşı çıxmaq yaxşı hesab olunmur, məsələn: tanrılar, ata, müəllimlər söyləmiş olsun. Avtokl Miksidemidə qarşı belə demişdi: “hətta Evmenida Areopaqın məhkəməsinə gəlməyə razılıq verdi, Miksidemid isə yox”. Ya da Safo ölümün pis şey olduğunu sübut edərək deməsi: “tanrılar özləri belə düşünürlər, çünki başqa cür olsaydı, onlar da bizim kimi ölərdilər”. Ya da, nəyin isə barəsində həddindən çox özündən razı halda fikir söyləmiş Platona Aristippin dediyi kimi: “bizim yoldaşımız heç vaxt buna bənzər bir şey edə bilməzdi” (burada, “yoldaş” deyəndə Sokrat nəzərdə tutulur).

Qeqesipolid də əvvəlcədən Olimpiya orakulundan soruşduğunu Delfada da tanrıdan soruşaraq deyir ki, yəqin o, (yəni Apollon) da atası ilə eyni fikirdədir, yoxsa əks olan bir fikri demək çox ayıb olardı. İsokrat da Yelenaya yazmışdı ki, o, məziyyətləri olan qadındır, çünki Tesey onun belə olduğunu qəbul edib, ilahələrin üstünlük verdiyi Aleksandr haqqında da belə deyib. İsokratın dediyinə görə Yevaqor da məziyyətlərə sahibdir, çünki, Konon kasıb vəziyyətə düşəndə heç kəsə müraciət etmədən Yevaqorun91 yanına gedir.

Daha bir top hissələrdən götürülür və “Topik”də olduğu kimi, ruhun necə olması haqqında məsələ həll olunur. Ona görə ki, ruh həm belə, həm də elə ola bilər. Buna misalı Teodiktin “Sokrat”92 əsərindən götürmək olar, orada deyilir: “o, hansı tanrıya qarşı günah işlədib? Dövlətin ehtiram göstərdiyi tanrılardan hansına ehtiram göstərməyib?”

Əksər hallarda eyni bir şeydən sonra ya nə isə yaxşı, ya da nə isə pis bir şey gəldiyinə görə daha bir top nəyə isə inandırmaq və ya çəkindirmək nəticəsində ittiham etmək və ya müdafiə etməkdən, tərifləmək və ya məzəmmət etməkdən ibarətdir, məsələn, əgər desək ki, təhsilin nəticəsi pis olur, çünki, insan həsəd obyektinə çevrilir və ya deyə bilərik ki, təhsilin nəticəsi yaxşı olur, çünki insan müdrik olur. Beləliklə, savadlı olmaq lazım deyil, ona görə ki, həsəd predmeti olmaq lazım deyil, bununla belə savadlı olmaq lazımdır, ona görə ki, müdrik olmaq lazımdır.

Kalippin93 məharəti bu topda idi, o, bundan başqa mümkün olandan götürdüyü sübutlar və haqqında danışdığımız başqa sübutlardan da istifadə edirdi.

Daha bir top o vaxt yaranır ki, bu vaxt hər hansı, həm də bir-birinə əks olan iki şeyi ya məsləhət görmək, ya da ondan çəkindirmək və hər ikisinə indi göstərdiyimiz üsulu tətbiq etmək lazım gəlir. Göstərdiyimiz və əlimizdə olan halın fərqi ondan ibarətdir ki, orada əks qoyulan elementlərin necə olmasının fərqi yoxdur, burada isə həqiqi əks olanlar olmalıdır; məsələn, bir kahinə öz oğluna siyasi nitqlər deməyə icazə verməyərək demişdir: “Əgər sən ədalətli olanı desən, sənə insanlar nifrət edəcək, ədalətsiz söz desən isə tanrılar”.94 Amma, həm də demək olar ki, bu nitqləri necə demək lazımdır, çünki, əgər ədalətli danışsan, səni tanrılar sevəcək, ədalətsiz danışsan isə insanlar. Bu tamamilə “bataqlıq və duz almaq”95 məsəli ilə eynidir. İki əks olan şeyin hər birinin ardınca nə vaxt müəyyən xeyir və müəyyən şər gəlirsə, həm də hər ikisinin nəticələri qarşılıqlı şəkildə əksdirsə, bu blaisõsis adlanır (sözün əsil mənasında hərəsi bir tərəfə əyilmiş ayaqlar).

Daha bir top o vaxt yaranır ki, onda insanlar eyni şeyi həm sözdə, həm də ürəklərində tərifləməsinlər. Sözdə bütün ədalətli və gözəl olan şeyləri tərifləsələr də, ürəklərində ancaq daha faydalı olanı arzulasınlar.

Burada ikitərəfli sillogizm qurmaq olar; bu üsul paradokslara münasibətdə daha çox yararlıdır.

Daha bir top analogiyaya görə olacaq şeydən çıxarılan nəticədən alınır, məsələn, İfikratın çox gənc oğlunu boydan uca olduğuna əsaslanaraq dövlət mükəlləfiyyətlərində iştirak etməyə məcbur etmək istəyirdilər, onda İfikrat deyir ki, əgər onlar ucaboylu uşaqları kişi hesab edirlərsə, onda yəqin ki, balacaboylu kişiləri də uşaq hesab edirlər. Teodekt də öz “Qanununda” belə deyirdi: “siz muzdlulara onların şücaətinə görə vətəndaşlıq verirsiniz, məsələn, Strabaka və Xaridemə, bəs bəzi muzdduları gördükləri dəhşətli işlərə görə sür­günə göndərməyəcəksiniz?

Daha bir top belə bir mülahizədən alınır: nəyin isə nəticələri eynidirsə, onda onları törədən səbəblər də eynidir, məsələn, Ksenofan deyirdi ki, tanrıların doğulduğunu iddia edənlər də, tanrıların öldüyünü iddia edənlər də küfr edirlər, çünki həm bu, həm də digər halda belə çıxır ki, müəyyən vaxtda tanrılar mövcud olmur96. Ümumiyyətlə, təsdiq etmək lazımdır ki, müxtəlif səbəblərin nəticələri eyni olur: siz İsokrat haqqında deyil, onun məşğuliyyəti haqqında hökm çıxardacaqsınız – fəlsəfə ilə məşğul olmaq lazımdırmı? Eynilə belə, demək olar ki, “torpağı və suyu vermək özünü köləliyə verməkdir”, ya da “ümumi sülhdə iştirak etmək qoyulmuş şərti yerinə yetirməkdir”… bu zaman iki üsuldan faydalı olanı götürmək lazımdır.

Daha bir top onun nəticəsində alınır ki, insanlar heç də həmişə əvvəllər düşündükləri kimi düşünməyərək, əvvəl düşündüklərinin tamam əksini düşünürlər. Məsələn: “əgər biz sürgündə olarkən vətənə qayıtmaq üçün vuruşmuşuqsa, onda görəsən biz vətənə döndükdən sonra vuruşmamaq üçün doğrudanmı yenidən sürgünə gedəcəyik?” entimemasında olduğu kimi. Əslində, adamlar bəzən vətəndə qalmağı o şərtlə üstün tuturdular ki, əvəzində vuruşa bilsinlər, bəzən isə vuruşmamağı üstün tutur və bu hüququ sürgün bahasına əldə edirdilər.

Daha bir top nəyin isə nəticəsində olan və ya ola biləcək bir şeyin olduğu və ya baş verdiyi haqqında müddəadan ibarətdir, məsələn, birisi nəyi isə hər hansı bir şəxsə o məqsədlə bağışlayır ki, sonradan bu şəxsi dilxor etmək üçün həmin hədiyyəni geri alsın, buna görə də deyilir: “Tanrılar bir çox insanlara öz xeyirxahlıqlarına görə çoxlu uğurlar göndərmirlər, ona görə göndərirlər ki, onlar daha böyük bəlalara düçar olsunlar”97. Antifontun “Meleaqr” tragediyasından olan sözlər də buradandır: “Onlar burada heyvanları öldürmək üçün yığılmayıblar, ona görə yığılıblar ki, Meleaqrın98 Yunanıstan qarşısındakı şücaətinin şahidləri olsunlar”. Teodektın “Ayaks” əsərindən olan sözlər də buradandır: “Diomed Odisseyə hörmət etdiyinə görə onu özünə yoldaş seçməyib, o məqsədlə seçib ki, yoldaşı qoçaqlıqda ondan bir qədər geridə qalsın”.99 Ona görə ki, onun məhz buna görə belə etməsinin ehtimalı var.

Məhkəmə çəkişmələri və məşvərətlərdə ümumi olan daha bir top yardım göstərən və maneçilik törədən səbəbləri, eləcə də təsiri altında insanların nəyi isə etdikləri və ya etməkdən qaçındıqları səbəbləri nəzərdən keçirməkdən ibarətdir; bu səbəblər elədir ki, onlar əldə olanda gərək bir şey eləyəsən, əldə olmayandan isə eləmək lazım deyil, məsələn, əgər nə isə insanın özü üçün, ya da onun dostları üçün mümkün, asan və faydalıdırsa, ya da düşmənləri üçün zərərli və faydasızdırsa, ya da əmələ görə cəza əməlin özündən kiçikdirsə. Adamlar bu motivlərə əsaslanaraq həvəslənir, əks motivlərə əsaslanaraq isə rədd edirlər. İnsanlar elə həmin motivlərə əsaslanaraq ittiham edir və bəraət qazanırlar: özlərini təmizə çıxaran zaman nəyin isə baş verməsinə mane olan səbəblərə istinad edirlər, yardım edən səbəblərə isə istinad edərək ittiham edirlər. Pamfil və Kallippin100 bütün sənəti bu üsuldan ibarətdir.

Daha bir top elə şeylərdən alınır ki, onlar baş verdikləri halda özlüyündə mümkün olmayan kimi görünürlər; bu top ona əsaslanır ki, belə şeylər mövcud olmasaydılar, ya da mövcud olmağa yaxın olmasaydılar, bu cür görünməzdilər. Bundan başqa, top həm də ona daha çox əsaslanır ki, insanlar mövcud olana, ya da mümkün olana inanırlar; əgər nə isə inam yaratmırsa və mümkün deyildirsə də, hər halda həqiqi ola bilər, çünki, şey təkcə mümkün olan və həqiqiyə oxşayan olduğuna görə həqiqi deyildir, məsələn Pitf101 şəhərindən olan Androklun qanunu tənqid etdiyi zaman onun sözlərinə qarşı qalxan hay-küyə belə cavab vermişdir: “qanunların ancaq onlara düzəliş verən qanunlara ehtiyacı var, ona görə ki, balıqların da duza ehtiyacı var, halbuki duzlu mühitdə yaşayan varlıqların duza ehtiyacı olması mümkün olmayan və ağlasığmaz görünür, eləcə də zeytunun da yağa ehtiyacı var, baxmayaraq ki, yağın alındığı şeyin yağa ehtiyacı olması qeyri-adi görünür”.

Digər top ifşaedici olub ziddiyyətlərin nəzərdən keçirilməsindən ibarətdir, bu ziddiyyətlər bütün zaman, hərəkət və nitqlərdən aydın görünməlidir və bu ziddiyyəti ya rəqibin ayağına yazmaq olar, məsələn: “o, sizi sevdiyini deyir, amma Otuzlar sui-qəsdində iştirak edir; ya da özümüzə aid etmək olar, məsələn: “o, deyir ki, mən məhkəmə çəkişmələrini sevirəm, amma sübut edə bilmir ki, mən haçansa ya özümə, ya da rəqibimə qarşı heç olmazsa bir çəkişmə aparmışam” və ya məsələn: “bu adam heç vaxt, heç nəyi borc verməyib, mən isə bir çoxunu köləlikdən azad etmişəm”.

Əvvəllər barəsində haqlı və ya haqsız şəkildə böhtan yaranmış adamlara və şeylərə dair daha bir top var ki, bu top yaranmış rəyin təhrif olunmasının səbəbinin izahından ibarətdir, çünki, həmişə nəyin isə nəticəsində başqa cür görünən şey olur. Məsələn, öz oğlunu öpməsi nəticəsində bir qadın haqqında şayiə çıxır ki, o, oğlu ilə əlaqədədir, amma bunun səbəbi deyilən zaman böhtan aradan qalxır. Hələ Teodektin «Ayaksında» Odissey Ayaksa deyir ki, niyə Ayaks cəsur olduğu halda belə görünmür.

Daha bir top səbəbdən yaranır; bu top belə bir sübutdan ibarətdir: əgər nə isə varsa, onda onun səbəbi də var və nə isə yoxdursa, onda onun səbəbi də yoxdur; çünki, səbəb və onun səbəb kimi xidmət etdiyi şey birgə mövcuddur və səbəbsiz heç bir şey mövcud ola bilməz, məsələn, Frasibul Leodamantı ittiham edir ki, onun adı Akropol sütununa yazılıbmış və o, bu yazını Otuzların hakimiyyəti zamanı pozub, özünü təmizə çıxaran Leodomant isə bildirir ki, bunun heç bir mənası yoxdur, əgər onun xalqa nifrəti haqqında sütunda yazılsaydı, Otuzlar ona daha çox inanardılar.

Daha bir top məsləhət olunandan, ya da indi elədiklərindən, ya da artıq eləmiş olduqlarından daha yaxşı və başqa cür eləmək olardımı, ya da indi eləmək olarmı kimi müzakirədən ibarətdir, çünki, aydındır ki, əgər bu belədirsə, onda adam filan şeyi eləməyib, belə ki, heç kim könüllü və şüurlu şəkildə pis şeyə üstünlük vermir. Amma belə mülahizə düzgün deyil, çox vaxt sonradan aydın olur ki, necə daha yaxşı eləmək olardı, əvvəl isə bu aydın olmur.

Daha bir top insanların daha əvvəl edilmiş nəyə isə əks olan şeyi eləmək istədikləri zaman, hər iki variantı bir yerdə nəzərdən keçirməsindən ibarətdir, məsələn, Ksenofan ondan Levkoteya üçün qurban kəsmək və onun üçün yas saxlamağın lazım olub-olmadığını soruşan eleatlara məsləhət verir ki, əgər onlar Levkoteyanı ilahə hesab edirlərsə onun üçün yas saxlamasınlar, əgər insan hesab edirlərsə qurban kəsməsinlər.103

Daha bir top buraxılmış səhvlər əsasında ittiham, yada bəraət olunmaqdan ibarətdir, məsələn, Karkinin “Medeya” əsərində Medeyanı öz uşaqlarını öldürməkdə ittiham edirlər, çünki onlar ortada görünmürdülər; Medeya öz ifadəsini uşaqların aradan götürülməsində tapmış bir hərəkət edir. Medeya isə özünü onunla təmizə çıxarmağa çalışırdı ki, uşaqları deyil, Yasonu öldürmək istəyirdi və əgər o, bunu etməyib, o birini etsəydi, səhv etmiş olardı.104 Feodorun bütün sənəti əvvəl başdan bu top və entimema növündən ibarətdir.105

Digər top isə addan əldə olunur, necə ki, Sofokl deyir:


Bu Sideronun eynidir, üstəlik eyni adı da daşıyır.106
Adətən tanrıları tərifləyən zaman belə deyirlər, Konon bu qayda ilə Frasibulu “məsləhət verməyə cəsur” adlandırır, Herodik isə Frasimaxa “Sən həmişə mübarizədə cəsursan” və Pola isə “Sən həmişə dayçasam” deyir.107 Herodik həm də qanunverici Drakon haqqında deyib: “onlar elə sərtdir ki, elə bil onlar insanın deyil, drakonundur” Evripidin Hekubası isə Afrodita haqqında belə deyib:
İnsanların rəyinə görə kor ehtiras görəsən

Afroditada Afrosinyadan deyil ki”.109

Xeremon isə belə deyir:

Adını gələcəkdə olacaq fəlakətdən götürmüş Penfey.110


İfşaedici entimemalar nümunəvi entimemalardan daha geniş istifadə olunur. Çünki, ifşaedici entimema əks rəylərin qısa külliyyatından ibarətdir, onlar yanaşı duranda dinləyicilər üçün daha anlayışlı olurlar. Amma, həm ifşaedici, həm də göstərən sillogizmlərdən ən çox təəssürat yaradanlar elələridir ki, lap əvvəldən dinləyici tərəfindən sezilmiş olsunlar, ona görə yox ki, onlar çox səthidirlər, ona görə ki, dinləyicilər nəticəni qabaqcadan hiss edərkən sevinirlər. Ən çox təəssürat yaradanlar həm də elələridir ki, nitqdə o qədər gec meydana çıxırlar ki, dinləyicilər onları deyilən kimi başa düşürlər.


  1. Görüntülü entimemalar. – Görüntülü entimemalar üçün istifadə oluna bilən müxtəlif toplar

Madam belə halların olması mümkündür ki, o vaxt biri sillogizm olsun, o biri isə sillogizm olmayıb ancaq onun görüntüsü olsun, onda birinin entimema olması, o birinin isə entimema olmayıb ancaq onun kimi görünə bilməsi la­büddür, çünki, entimema müəyyən qəbildən olan sillogizmdir. Görüntülü entimemaların toplarından biri ifadə üsuluna aiddir. Bu topun bir növü dialektikada olduğu kimi sillogizm qurmadan son nəticəni çıxarmaqdan ibarətdir, məsələn: beləliklə, filan şey və filan şey yoxdur, buna görə də filan-filan və filan-filan zəruri olaraq mövcuddur. Belə sıxılmış və entimemalara əks olan fikir entimema kimi görünür, ona görə ki, belə ifadə üsulu entimema sahəsinə aiddir.

O, ifadə sxemininə görə entimema kimi görünür. Şərhə sillogizm forması vermək üçün bir çox sillogizmlərin əsas nəticələrini göstərmək faydalıdır, məsələn: “o, bəziləri xilas etdi, digərlərindən intiqam aldı, yunanları azad etdi”.111 Bu nəticələrin hər biri başqa müddəalarla sübut olunub, amma, əgər bu nəticələri birləşdirsək, bizə elə görünür ki, onlardan hansı isə bir nəticə çıxır. Görüntülü entimemaların digər növü adların uyğunluğuna əsaslanıb, məsələn: tutaq ki, siçanın mükəmməl heyvan olduğunu deyirik, çünki, dini ayinlərin ən hörmətlisi onun adı ilə adlandırılıb və misteriya bütün dini ayinlərin ən hörmətlisidir. Ya da birisi iti tərifləyərək onu köpək və ya Pan bürcü ilə müqayisə edən zaman Pindarın aşağıda dediyi sözlərə əsaslanırsa:
O kəs bəxtəvərdir ki, olimp allahları onu böyük ilahənin daim dəyişən köpəyi adlandırsınlar.112
Ya da “heç bir itə sahib olmamaq çox ayıbdır” fikrindən nəticə çıxarsaq ki, it hörmətli varlıqdır. Ya da ki, tanrıların ən çox ünsiyyətdə olanının Hermes olduğunu demək, ona görə ki, ancaq onu “ümumi” Hermes113 adlandırırlar. Ya da, nitqin (loqos) hər şeydən üstün olduğunu deyəndə ona əsaslansaq ki, yaxşı insanlar var-dövlətə deyil, hörmətə (logoy) layiqdir; logoy axioy ifadəsi təkcə bir mənada işlənmir.

Digər top isə nitqdə ayrılmışları müqayisə etmək, ya da öz aralarında bağlı olanları ayırmaq üçün nəzərdə tutulub; belə ki, çox vxat ayrı-ayrı şeylər eyni cür görünür, buna görə də faydalı olanı etmək lazımdır. Məsələn, Evtidemin mühakiməsi belədir: “o, bilir ki, Pireydə triera var, çünki, bu predmetlərin hər ikisinin mövcudluğundan xəbərdardır”. Ya da desək ki, hərfləri bilən sözü də bilər, belə ki, söz elə eyni şey deməkdir. Ya da belə bir mülahizə: “əgər nəyin isə iki misli zərərlidirsə, onda iki dəfə az misli də xeyirli ola bilməz”, çünki, iki yaxşı şeyin birləşməsindən bir pis şeyin əmələ gəlməsi mənasızlıqdır. Belə formada entimema ifşadır, amma, növbəti formada o, şəhadət olacaq: “ona görə ki, bir yaxşı şey iki pis şeyi tərtib edə bilməz. Bütün bu top paralogizmə çevrilir. Polikratın Frasibulaya onun Otuz tiranı devirdiyi haqqında dediyi sözlər də belədir, çünki, burada Polikrat114 hər şeyi bir yerə cəmləyir. Teodektin “Oresti”115 də belə deyir, çünki, onlar parçalama nəticəsində yaranır; öz ərini öldürmüş qadının ölməsi məhz ona görə ədalətlidir ki, oğul atasının qisasını alsın. Məgər məhz bu baş vermədimi? Amma, bu bir yerdə birləşdiriləndə ədalətli xarakterini itirir. Bu həm də məlumat boşluğundan da baş verə bilər, çünki, izah olunmayıb ki, qadını kim öldürməlidir.

Daha bir top faktı qorxutmaq yolu ilə təsdiq, ya da inkar etməkdən ibarətdir. Bu o zaman olur ki, natiq məlum hərəkətin ümumiyyətlə birisi tərəfindən edildiyini göstərmədən işi böyüdür, çünki, bu onu düşünməyə vadar edir ki, ya ittiham olunan bu hərəkəti etməyib (əgər işi ittiham olunan böyüdürsə), ya da ittiham olunan bunu edib (əgər ittihamçı belə şəkildə öz qəzəbini büruzə verirsə). Əgər dinləyici iş sübut olunmamış səhv olaraq düşünürsə ki, ittiham olunan nəyi isə edib, ya da nəyi isə etməyib, onda bu entimema deyil.

Daha bir top əlamətdən alınır, belə ki, burada sillogizm yoxdur, məsələn, tutaq ki, birisi sevgililərin dövlət üçün faydalı olduğunu o əsasla deyir ki, Harmodiya və Aristoqitonun116 sevgisi tiran Hipparxı devirib. Ya da birisinin Dionisinin pis adam olmasına əsaslanaraq ona oğru deməsini götürək, bu düzgün sillogizm deyil, ona görə ki, hər bir pis adam oğru deyil, amma hər bir oğru pis adamdır.

Daha bir top tamam təsadüfi vəziyyətlərdən alınır, məsələn, Polikratın117 kamanı çeynədiklərinə görə siçanların faydalı olduqlarını deməsi kimi. Ya da birisi desə ki, qonaqlığa dəvət yüksək hörmət əlamətidir, çünki, Axil Tenedosda axeylilərə məhz dəvət almadığına görə qəzəblənmişdi; o, ona qarşı edilmiş təhqirə görə qəzəblənmişdi ki, bu dəvət olunmamaq yolu ilə baş vermişdi.

Daha bir top nəticələr əsasında yaranır, məsələn, Paris haqqında məsələdə nəticə belədir; Paris o əsasla yüksək ruhlu adam sayılır ki, o, insanlarla ünsiyyətə nifrət edərək İdada119 tənha vaxt keçirirmiş. Bu yüksək ruhlu adamlara xas olan xüsusiyyət olduğu üçün Paris də belə görünə bilər. Ya da, hər hansı bir adamın gecələr bəzənib gəzməyi xoşlaması haqqında nəticə çıxarmaq, çünki, zinakarlar bu xüsusiyyətlərlə fərqlənirlər. Belə bir mülahizə də yuxarıdakılarla eynidir: madam dilənçilər məbədlərdə oxuyub-oynayırlar və sürgün olunmuş adamlar harada istəsələr yaşaya bilərlər və xoşbəxt görünən adamlar da oxuyub-oynayır və istədikləri yerlərdə yaşayırlar. Onda dilənçilər və sürgün olunanlar da xoşbəxt görünə bilərlər. Burada bütün fərq ondan ibarətdir ki, bu iş necə baş verir; buna görə də bu top buraxılma topu ilə uyğun gəlir.

Daha bir top səbəb olmayan səbəbin qəbul edilməsindən ibarətdir, məsələn, əgər hər hansı bir şey o əsasla səbəb kimi qəbul edilsə ki, sözügedən şeylə eyni zamanda, ya da ondan sonra olub; burada “ondan sonra”, “onun nəticəsində” kimi qəbul edilir. Xüsusilə dövlət işlərində belə olur, məsələn, Demad120 Demosfenin idarəçiliyini o əsasla cürbəcür bəlaların səbəbi sayırdı ki, onun hakimiyyətindən sonra müharibə başlandı.

Daha bir top vaxt və hərəkət tərzinin cəhətlərini nəzərə almadan yaranır, buna misal kimi belə sübutları gətirə bilərik: guya Aleksandar Yelenanı haqlı olaraq qaçırıb, ona görə ki, atası ona ər seçmək imkanı verib, amma ola bilər ki, o, bu imkanı həmişəlik verməyib, ancaq birinci dəfə üçün verib121, çünki ata ancaq bu həddə qədər ixtiyara malikdir. Ya da, tutaq ki, birisi azad adamların döyülməsinin cinayət olduğunu desə, bu heç də bütün hallarda cinayət olmayacaq, ancaq o halda olacaq ki, ədalətə zidd olan birisi əlbəyaxa davaya başlasın. Bundan başqa, burada sofist xarakterli nitqlərdə olduğu kimi görüntülü sillogizm bəzi şeylərin mütləq və ya qeyri-mütləq təqdim edilməsindən deyil, şərti kimi təqdim edilməsindən meydana çıxır, məsələn, dialektikada sübut olunur ki, mövcud olmayanlar mövcuddur, çünki mövcud olanlar mövcud olmayanlar kimi mövcuddur, ya da gizli olanlar aşkardır, çünki, gizli olanlar elə gizli olan kimi aşkardır. Eynilə ritorikada da görüntülü entimema mütləq həqiqətəuyğun olana (eicos) deyil, nisbi həqiqətəuyğun olana əlavə kimi mövcuddur. Bu Aqafonun dediyi kimi tam anlayış deyil:


Fanilərin başına gələn çoxlu həqiqətəuyğun olmayan şeyləri

Yəqin ki, həqiqətəuyğun şey adlandırmaq olar.122


Çünki, həqiqətəuyğun şeylərə zidd şeylər olur, buna görə də həqiqətəuyğun gəlməyən həqiqətəuyğun olur. Əgər bu belədirsə, onda həqiqətəuyğun olmayan həqiqətuyğun olacaq, amma şərti olaraq: sofist xarakterli nitqlərdə sözügedən predmetin, hərəkətin məqsəd və obrazının aradan buraxılması yalana gətirib çıxarır, burada da yalan nəticə o səbəbdən alınır ki, həqiqətəuyğun burada mütləq həqiqətəuyğun deyil, nisbidir. Karaksin123 sənəti də bu topdan yaradılıb: o, elə hallarda yararlıdır ki, ittiham olunanın ona qarşı qoyulan ittihamda heç bir təqsiri olmasın, məsələn, əgər zəif bir adam kimi isə döyməkdə ittiham olunursa, onu belə bir əsasla müdafiə etmək olar ki, bu həqiqətəuyğun deyil; ya da əgər güclü bir adam kimi isə döyməkdə ittiham olunursa, yenə də müdafiə üçün bəhanə var ki, bu həqiqətəuyğun deyil, çünki, bu həqiqətəuyğun görünməli idi. Başqa hallarda da eyni şey olur: insanın ittihama aidiyyatı ya olur, ya da olmur, həm bu, həm də digəri həqiqətəuyğun görünür, həm də birincisi, şərtsiz həqiqətəuyğundur, ikincisi isə şərtli, yəni bizim yuxarıda dediyimiz kimi. Bu məhz elə şeydir ki, buna qaranı ağartmaq deyirlər. Bunun nəticəsi olaraq insanlar haqlı şəkildə Protaqorun sənətini pisləyirdilər, onun sənəti yalan və həqiqətəuyğun saxta görüntüsündən ibarətdir, belə şeyə ritorika və sofistikadan başqa heç bir sənətdə rast gəlmək olmaz.

Biz əsil və görüntülü entimemalardan danışdıq. İndi isə deyilənlərlə əlaqədar olaraq entimemaların məhv edilməsindən danışmaq lazımdır.




  1. Sillogizmlərin məhv edilməsinin (lysis) iki üsulu

Sillogizmi ya əkssillogizmi qurmaqla, ya da etiraz etməklə məhv etmək olar. Əks olan sillogizmə gəldikdə isə, aydındır ki, onu bizim göstərdiyimiz elə həmin toplar əsasın­da qurmaq olar, çünki, sillogizmlər mümkün olan müd­dəa­lardan yaradılmalıdır və belə görünən bir çox müddəa bir-birinə ziddir. Etirazlar “Topikdə” olduğu kimi dörd üsul­la edilir: onlar ya predmetin özündən, ya ona oxşar olandan, ya ona əks olandan, ya da artıq müzakirə olunmuş predmetdən götürülür. Mən predmetin özündən götürülmüşü etiraz adlandırıram, məsələn, belə bir halda: əgər sevgi barəsində qurulmuş entimema sevginin gözəl olması mənasındadırsa, onda ikili etiraz mümkündür: ya ümumiyyətlə demək olar ki, hər bir nöqsan pis olan bir şeydir, ya da qeyd etmək olar ki, pozğun sevgi halları olmasaydı, “kavno sevgisi”125 ifadəsi də olmazdı.

Etiraz sözügedənə əks olan anlayışdan götürülür, məsələn, yaxşı insanın öz bütün dostları üçün xeyirxahlıq etməsi haqqında entimema qurulan zaman etiraz etmək olar ki, pis adamlar da öz dostlarına pislik etmirlər.

Etirazlar oxşarlıq anlayışından götürülür (iqtibas olunur), məsələn, əgər pislik görmüş insanların həmişə nifrətlə dolu olması haqqında entimema qurulubsa, onda buna etiraz etmək olar, çünki, yaxşılıq görmüş insanlar da heç də həmişə sevgi ilə dolu olmurlar.

Məşhur şəxslərin qərarları etiraz kimi istifadə oluna bilər, məsələn, əgər birisi belə bir entimema desə ki, sərxoşları bağışlamaq lazımdır, çünki, onlar hərəkət edərkən nə etdiklərini bilmirlər. Buna etiraz etmək olar ki, belə olan halda Pittak126 təqdirəlayiq deyil, əks halda o, sərxoş vəziyyətdə törədilmiş hərəkətlərə görə böyük cəzaların verilməsi haqqında qanun çıxartmazdı.

Beləliklə, entimemalar dörd mənbədən irəli gəlir, bu dörd mənbə bunlardır: həqiqətəuyğunluq, misal, sübut, əlamət. Həqiqətən də olanın, ya da əksər hallarda olanın əsasında tərtib olunan entimemalar həqiqətəuyğun olana əsaslanan entimemadır, bir və ya bir çox halların bənzəri əsasında istiqamətləndirmə yolu ilə (nə zaman ki, biz ümumi müddəanı götürür, sonra onun əsasında xüsusi bal üçün nəticə çıxardırıq) alınan entimema isə sübuta əsaslanan entimemadır. Əlamətlərin köməyi ilə yaranan entimemalar mövcud olan və mövcud olmayan, ümumi və xüsusi anlayışlardan irəli gələn entimemadır. Həqiqətəuyğunluq elə şeydir ki, həmişə olmasa da, əksər hallarda olur. Aydındır ki, belə entimemaları onlara qarşı etirazı qoymaqla həmişə məhv etmək olar, həm də etiraz heç də həmişə həqiqət olmur, onun görüntüsü də ola bilər, belə ki, etiraz edən entimemanı təkcə həqiqətəuyğun olmadığına görə məhv etmir, ona görə edir ki, o, zəruri deyil. Buna görə də bu paralogizmdən istifadə həmişə müdafiə olunan üçün ittihamçıdan daha çox sərfəlidir, belə ki, ittihamçı həqiqətəuyğun olanın köməyi ilə sübut edir; bu iki şey heç də eyni deyil, yəni entimemanın həqiqətəuyğun olmadığına görə məhv eləmək, ya da zəruri olmadığına görə məhv eləmək: əksər hallarda olan şeylər həmişə etiraza səbəb olur, çünki, əks halda o həqiqətəuyğun olmazdı, daim mövcud olardı və zərurət xarakteri daşıyardı. Madam entimema bu üsulla məhv olunur, onda hakim düşünür ki, iş həqiqətəuyğun deyil, ya da bizim dediyimiz kimi burada paralogizmdən istifadə edərək belə hesab edir ki, bu iş onluq deyil, çünki, hakim təkcə zəruri olanın əsasında deyil, həm də həqiqətəuyğun olanın əsasında da mühakimə etməlidir, məhz bu öz yaxşı nöqteyi-nəzərinə görə mühakimə etmək deməkdir. Nəyin isə zərurət olmadığı haqqında qərar çıxarmaq kifayət deyil, həm də onun həqiqətəuyğun olmadığını sübut etmək lazımdır. Bu vaxt baş tuta bilər ki, etirazın əsaslandığı şey əksər hallarda baş versin. Etiraz belə xarakteri iki şərtdən asılı olaraq daşıya bilər – vaxtdan, ya da işin özündən. Ən yaxşısı isə hər iki şərtin əldə nəqd olmasıdır, çünki hər hansı şey tez-tez belə şəkildə olan­da daha həqiqətəuyğun olur.

Əlamətlər və bizim qeyd etdiyimiz əlamətlərə əsaslanan entimemalar hətta həqiqətən də mövcud olsalar belə, əvvəl dediyimiz kimi məhv olacaqlar. Sillogizm üçün heç bir əlamətin zəmin ola bilmədiyi isə bizə “Analitikadan”127 aydındır.

Misallara əsaslanan entimemaları məhv etmək üçün eynilə həqiqətəuyğunluğa əsaslanan entimemalar üçün istifadə edilən tələb olunur: əgər əlimizdə misal ilə uzlaşmayan bir şey varsa, onda entimema artıq o mənada məhv olunub ki, həmin misal zərurət xarakteri daşımır (hətta iş əksər hallarda, ya da tez-tez başqa cür olsa da).

Əgər şeylər və hadisələr böyük əksəriyyətlə belə olursa, yəni rəqibin dediyi kimi baş verirsə, onda mübahisə edərək sübut etmək lazımdır ki, əlimizdə olan hadisə o biri hadisələrə bənzəmir, ya da onlarla eyni şəraitdə baş verməyib, ya da ümumiyyətlə onlardan nədə isə fərqlənir.

Sübutlara və sübutlara əsaslanan entimemalara gəldikdə isə, onları sillogizm üçün zəmin rolu oynamadıqlarına görə məhv eləmək olmaz; bu da bizə artıq “Analitikadan” məlumdur. Bircə iddia olunanın əslində olmadığın sübut etmək qalır. Amma onun mövcud olması şübhəsizdirsə və buna sübut varsa, onda iddia artıq danılmaz olur. O, vaxt artıq bütün sübutlar aydın olur.




  1. Mübaliğə və azaltma

Mübaliğə və azaltma entimema elementi deyil; mən element və top129 deyəndə eyni şeyi nəzərdə tuturam: özün­də çoxlu entimema toplamış şey element və topdur. Mü­ba­dilə və azaltma özləri sübutetmə üçün entmemadırlar; nəyin isə böyük və ya kiçik olduğu kimi, eynilə sübutetmədə də nə isə yaxşı və ya pisdir, ədalətli və ya ədalətsizdir, ya da buna uyğun bir şeylər var. Bütün bunları nümayiş etdirən predmetlərin sillogizm və entimemaya aidiyyatı var, əgər bu predmetlərin hər biri entimemanın topu deyilsə, onda mübaliğə və azaltma da bu xüsusiyyətlərə malik deyil. Məhv edilə bilən entimemalar hansı isə xüsusi bir növdən olan entimema deyil, çünki, insanın entimemanı nəyi isə sübut, ya da nəyi isə etiraz edərək məhv etməyi, onun rəqibinin isə əksinə olaraq sübut etdiyi aydındır, məsələn, əgər birisi nəyin isə olduğunu sübut etsə, ikincisi bunun olmadığını sübut etməyə çalışacaq və ya birincisi sübut etsə ki, nə isə olmayıb, ikincisi sübut edəcək ki, nə isə olub.

Belə olan halda, burada heç bir fərq yoxdur, çünki həm bu, həm də digəri eyni vasitələrdən istifadə edir, məhz onlar nəyin olmadığını, ya da olduğu haqqında entimemaları sübut kimi gətirirlər; etiraz isə entimema deyil, amma bizim “Topikdə” izah etdiyimiz kimi, etiraz hər hansı bir rəyin ifadə olunmasıdır. Buradan aydındır ki, rəqib sillogizm qaydalarına uyğun olaraq nəticə çıxarmayıb, ya da hər hansı bir yalan müddəanı həqiqi müddəa kimi qəbul edib.

Nitqin hazırlandığı zaman diqqət verilməli üç bənd var, buna görə də biz hesab edirik ki, misallar, kəlamlar, entimemalar və ümumiyyətlə düşüncə qabiliyyətinə aid olan hər şey haqqında kifayət qədər danışdıq; indi ancaq nitqin qurulması və söylənməsi üsulunu şərh eləmək qalır.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin