ARİstotel r I t o r I k a birinci kitab İkinci kitab Üçüncü kitab Bakı-2008


Nitq hansı iki hissəyə bölünür? - Aristotelin bölmələri və ondan əvvəl yaradılmış bölmələr



Yüklə 4,02 Mb.
səhifə12/15
tarix07.03.2017
ölçüsü4,02 Mb.
#10594
1   ...   7   8   9   10   11   12   13   14   15

13. Nitq hansı iki hissəyə bölünür? - Aristotelin bölmələri və ondan əvvəl yaradılmış bölmələr.

Nitq iki hissədən ibarətdir, çünki sözügedən predmeti elan etmək və onu sübut etmək lazımdır, buna görə də elan edib sübut etmək, ya da əvvəlcədən elan etməyib sübut etmək mümkün deyil, sübut edən adam nəyi isə sübut edir və nəyi isə əvvəlcədən şərh edən adam da sübut etmək məqsədi ilə şərh edir. Bu iki hissədən birincisi şərhdir (prothesis), ikincisi isə inandırma (pistis) üsuludur. Elə bil ki, birisi nitqi məsələdən və onun həllindən ibarət iki hissəyə bölüb. Amma indi necə bölürlər – bu lap gülməlidir, çünki, hekayə ancaq məhkəmə nitqlərinə xasdır; axı epideyktik nitqdə və xalq yığıncağında söylənən nitqdə hekayə dediyimiz şey, ya da rəqibə aid olan şey, ya da sübutetmənin nəticəsi necə ola bilər? Xalq yığıncaqlarında söylənən nitqlərdə giriş, dəlillərin götür-qoy və nitqdə deyilənlərin qısa təkrarı ancaq o vaxt olur ki, o vaxt müzakirələr olsun, çünki müzakirələrdə çox vaxt iş məzəmmət etməkdən və bəraətləndirməkdən ibarət olur, amma məşvərət olan hallarda belə olmur. Nəticə isə heç də bütün məhkəmə nitqlərində olmur, məsələn, nəticə o vaxt olmur ki, nitq qısa olsun, ya da iş asan yaddaqalan olsun, çünki, adətən geniş olanı əksiltmək lazım gəlir. Bu səbəbdən nitqin zəruri hissələri şərh və inandırma üsluudur; bunlar nitqin ayrılmaz mənsubiyyətidir, amma əksər hallarda nitqin tərkibi belə olur: - giriş, şərh, inandırma üsulu, nəticə, ona görə ki, rəqibə deyilənlər inandırma üsuluna aiddir, dəlillərin lehinə və əleyhinə tutuşdurulması isə ancaq öz dəlillərinin gücləndirilməsidir, buna görə də inandırma üsulunun müəyyən bir hissəsidir; bu tutuşdurmanı edən nəyi isə sübut edir, giriş və nəticə isə heç nəyi sübut etmir, nəticə ancaq yada salır. Əgər belə bölgünü götürsək, onda Feodorun şagirdlərinin etdiyini eləmək lazım olacaq: şərhi (diẽgẽsis) nəticədən (epidiẽgẽsis) və ilkin sübutetmədən və son sübutetmədən ayırmaq. Hər hansı xüsusi bir ad qoyan zaman bunun üçün xüsusi termin təyin etmək lazımdır, əks halda termin boş və cəfəngiyyat olacaq. Məsələn, Likimni121 öz “Ritorika” əsərində “müdaxilə”, “şarpma”, “budaqlanma” kimi terminlərdən istifadə edərək məhz belə hərəkət edir.

Nitqin birinci hissəsi olan girişin analizi. Girişin melodiya ilə müqayisəsi. – Epideyktik və məhkəmə nitqlərinə, difirambik, epik, tragik və komik əsərlərə giriş. - Bütün qəbildən olan əsərlər üçün ümumi olan başqa növ girişlər, onların məzmunu nədən ibarətdir və bu zaman hansı məqsəd güdülür?

Beləliklə, poetik əsərdə proloq, fleytada çalınan musiqidə prelüd olduğu kimi giriş (prooimion) nitqin başlanğıcıdır. Bütün bu hissələr başlanğıc olub sanki sonradan gələn üçün yol açırlar. Prelüd epideyktik nitqlərdəki girişə bənzəyir, ona görə ki, fleytaçılar bütün pyesdə çala bildiklərinin ən yaxşısını əvvəldə çalaraq prelüddə birləşdirirlər; epideyktik nitqlərdə də belə etmək lazımdır, yəni, sübut etmək istədiyin hər şeyi tez şərh etmək və əlaqələndirmək lazımdır. Bunu hamı elə belə də edir. Buna nümunə kimi İsokratın “Yelenaya” yazılmış girihini göstərmək olar, çünki, Yelena ilə eristik mühakimələr arasında ümumi olan heç bir şey yoxdur.122 Bununla belə, əgər giriş nitqin ümumi məzmunundan kənara çıxırsa, onda bunun da faydası nitqin eyni cür olmamasıdır. Epideyktik nitqlərin girişi tərif, ya da məzəmmətdən ibarət olur, məsələn, Qorqi olimpiada nitqində belə demişdi: “Ey bir çoxlarının yanında hörmət qazanmış ellin kişiləri”123, çünki, o, ictimai yığıncaqları təşkil edənləri tərifləyirdi. İsokrat isə onları ona görə məzəmmət edirdi ki, onlar fiziki məziyyətləri mükafatlarla şərəfləndirdikləri halda, mənəvi məziyyətləri olan adamlar üçün heç bir mükafat təyin etməyiblər.124 Giriş məsləhətdən də ibarət ola bilər, məsələn: “yaxşı adamlara hörmət etmək lazımdır, elə buna görə də, o, özü Aristidi125 tərifləyir, ya da elə adamlara hörmət etmək lazımdır ki, onlar məşhur deyillər və pis adam da deyildirlər, amma yaxşı adam olduqları halda tanınmayıblar, elə Priamın oğlu Aleksandr kimi. – müəllif bu yolla məsləhət verir.

Girişin məzmununu məhkəmə nitqlərinin girişindən, yəni birbaşa dinləyicilərə müraciətdən götürmək olar, əlbəttə, əgər söz nə isə çətin, ya da hamıya məlum olan bir şeyin xahişindən gedirsə, məsələn, Xeril belə girişlə başlayır:

İndi, hər şeyi bölüşdürəndən sonra.126


Beləliklə, epideyktik nitqlərə giriş bunlardan ibarət olur: tərifdən, məzəmmətdən, inandırmadan, fikirdən, çəkindirmədən, dinləyicilərə müraciətdən. Bu “prelüd” nitqin məzmunu ilə ya bağlı olmalıdır, ya da ona yad olmalıdır. Məhkəmə nitqlərinə gəldikdə isə, demək lazımdır ki, onlar dramatik əsərlərdə proloq və epik əsərlərdə isə müqəddimə kimi əhəmiyyətə malikdirlər.

Difirambik əsərlərin girişi isə epideyktik nitqlərin girişlərinə bənzəyir, məsələn:

Sənə, sənin bəxşiş və qənimətivə görə.127

Epik əsərlərdə giriş nitqin məzmununun göstəricisidir ki, dinləyicilər sözün nədən gedəcəyini əvvəlcədən bilsinlər və sonra çaşıb qalmasınlar, belə ki, qeyri-müəyyənlik adamı aldadır. Əgər birisi nitqin əvvəlini bir növ dinləyicinin əlinə verirsə, onda, o, bununla nitqə nəzarət etmək imkanını da verir. Buna görə də deyirlər:

Oxu ilahə, qəzəb haqqında.128

Və:


Muza, o təcrübəli kişi haqqında mənə de.129

Və:


Mənə onu da de ki, böyük savaş Asiyadan necə

Avropaya keçdi.130


Tragiklər də dram haqqında məlumatı girişdə deyirlər, bəziləri isə bunu Evripid kimi dərhal, bəziləri isə Sofokl kimi arada deyirlər:

Mənim atam Polib olub.131


Komiklər də belə edirlər, çünki girişin özünə xas olan zəruri vəzifəsi söylənən nitqin məqsədinin necə olduğunu göstərməkdən ibarətdir, buna görə də, əgər iş aydın və qısadırsa, girişdən istifadə etmək lazım deyil.

Natiqlərin istifadə etdiyi başqa giriş növləri müəyyən üsulları (iatreymata) təmsil edirlər, onlar bütün növlərdən olan əsərlər üçün ümumidir; onların məzmunu natiqin öz şəxsiyyətindən, dinləyicinin şəxsiyyətindən, işdən, rəqibin şəxsiyyətindən asılı olaraq yaranır. İttihamın təsdiqinə, ya da təkzibinə yardım edən hər şey – natiqə, ya da onun rəqibinə aiddir. Amma, burada eyni cür hərəkət etmək lazım deyil: özünə bəraət qazandırarkən ittihama aid olanları əvvəldə, ittiham edən zaman isə onları nəticədə göstərmək lazımdır. Nəyə görə belə etməyin lazım olduğu tamamilə aydındır, özünə bəraət qazandıran zaman bütün maneələri aradan qaldırmaq lazımdır, madam öz-özünü məhkəmə qarşısında qoymağı nəzərdə tutursan, onda gərək hər şeydən əvvəl ittihamı təkzib edəsən. Özün ittiham edən zaman isə ittihamı sonda yerləşdirmək lazımdır ki, yadda daha çox qalsın.

Dinləyicini nəzərdə tutan girişlər onun iltifatını qazanmaq, ya da onu acıqlandırmaq arzusundan, bəzən isə onun diqqətini cəlb etmək, ya da etməmək arzusundan irəli gəlir, çünki, onun diqqətini cəlb etmək həmişə faydalı deyil, buna görə də bir çox natiqlər dinləyiciləri güldürməyə çalışırlar. Əgər birisi bunu istəyirsə, onda bütün bunlar dinləyicilərin iltifatına səbəb olur, əgər natiq özünü əxlaqi cəhətdən yaxşı adam kimi qələmə verə bilsə, buna nail ola bilər, çünki, dinləyicilər belə adamlara böyük diqqətlə yanaşırlar. Dinləyicilər bütün ali şeylərə, şəxsən onlara aid olanlara, qəribə və xoşagələn hər şeyə diqqətlə yanaşırlar; buna görə də dinləyicilərə təlqin etmək lazımdır ki, söhbət məhz belə predmetlərdən gedir. Amma, dinləyicilərin diqqəti cəlb etmək arzuolunmazdırsa, onda onlara təlqin etmək lazımdır ki, adı gedən iş əhəmiyyətsizdir, onlara qətiyyən dəxli olmayan, qəmgin bir şeydən ibarətdir. Amma unutmaq lazım deyil ki, bütün bunlar birbaşa nitqin özünə aid deyil və işə dəxli olmayan şeyləri dinləməyi sevən pis dinləyiciyə aiddir. Əgər dinləyici belə deyilsə, onda jirişə heç bir ehtiyac yoxdur, təkcə işi qısa şəkildə şərh etmək lazımdır ki, necə deyərlər – “bədən başa sahib olsun”. Lazım olan vaxt dinləyicinin diqqətini cəlb etmək nitqin bütün hissələrinin üstünə düşən vəzifədir, çünki, diqqət əvvələ nisbətən nitqin bütün başqa hissələrində daha tez zəifləyir. Bu səbəbdən, buna əvvəldə can atmaq gülüncdür, çünki, onsuz da əvvəldə hamı daha çox diqqətlə dinləyir. Buna görə də, yeri gələndə belə frazalar işlətmək lazımdır: “Mənə bir az diqqət verin, ona görə ki, bu iş məndən çox sizə aiddir” və “Mən sizə elə dəhşətli, ya da elə qəribə şey deyəcəyəm ki, beləsini siz heç vaxt eşitməmisiniz”. Bu yuxulamağa hazır olan dinləyicilərə Prodikin “öz nitqinə 50 draxmalıq bilik əlavə etdiyini”132 deməsinə bənzəyir. Aydındır ki, belə üsullar dinləməyən dinləyiciyə aiddir, çünki, hamı öz girişlərində ya ittiham edir, ya da qorxuları dağıdır, məsələn:
Hökmdar, mən buraya bərk qaçaraq tələsməmişəm.133

Ya da:


Bu qədər müqəddimələr nəyə lazımdır?134
Bu üsula işi haqq olmayan, ya da işi belə görünən adamlar da əl atırlar, çünki, onlar üçün öz işlərindən başqa hər şeyə dayanmaq sərfəlidir. Buna görə də, qullar onlara verilən suallara cavab vermir, əsil məsələnin ətrafında fırlanır və uzun çıxışlar edirlər.

Dinləyicilərin iltifatını hansı üsulla qazanmaq barəsində, eləcə də, hər bir üsul barəsində ayrıca danışmışıq. Çünki şair yaxşı deyib:


Mənə imkan ver, mərhəmət doğuran, istədiyim

Feakaların yanına gedim.136


Belə ki, bu iki şeyə qarşı can atmaq lazımdır. Epideyktik nitqlərdə dinləyiciləri onu düşünməyə məcbur etmək lazımdır ki, tərif həm də onların özlərinə, ya onların nəslinə, ya da onların həyat tərzinə aiddir, buna görə də Sokrat qəbirüstü nitqində doğru demişdir: “Afinalıları afinalılar arasında tərifləmək asandır, amma, onları lakedemoniyalılar arasında tərifləmək çətindir”.137

Xalq qarşısında söylənən nitqlərin girişləri məhkəmə nitqlərinin girişlərindən götürülür; amma, öz təbiətinə görə bu nitqlərin onlara ehtiyacı azdır, çünki, dinləyicilər də söhbətin nədən getdiyini bilir və işin özünün də girişə ehtiyacı yoxdur. Giriş ya ancaq natiqin özünə görə, ya onun rəqiblərinə görə, ya da dinləyicilərin işi natiqin göstərmək istədiyindən az və ya çox qədər vacib hesab etmədiyinə görə lazımdır, buna görə də ittihamı ya təsdiq etmək, yada təkzib etmək, işin əhəmiyyətini ya artırmaq, ya da azaltmaq lazımdır; buna görə də girişə ehtiyac var, giriş həm də bəzək üçün lazımdır, girişsiz nitq tələsik, əlüstü quraşdırılmış kimi görünür. Məsələn, Qorqinin eleylilər üçün yazdığı tərifləyici nitqi belədir, bu nitqdə o, əlinə-əlinə vurmadan, əvvəlcədən hazırlaşmadan birbaşa deyir: “Eleya, xoşbəxt şəhər…”.138


15. İttiham; onu təkzib etməyin müxtəlif üsulları

İttihama (diabolẽ) gəldikdə isə, onu təkzib etməyin bir üsulu elə şeydən ibarətdir ki, onun köməyi ilə əlverişsiz rəyi dağıtmaq mümkün olsun; bu zaman onun kimin tərəfindən söylənib-söylənməməsinin fərqi yoxdur; bu ümumi qaydadır.

Digər üsul isə mübahisəli bəndlərə qarşı çıxaraq bunun olmadığını, ya bunun məlum şəxs üçün zərərli olduğunu, ya da zərərli olmadığını, ya da o qədər də əhəmiyyəti olmadığını, ya ədalətsiz olmadığını, ya utanmalı olmadığını, ya da təsvir edilən ölçülərdə olmadığını izhar etməkdən ibarətdir, ona görə ki, belə bəndlərə münasibətdə mübahisə ola bilər. İfikrit də Navsikrata139 demişdir ki, o, rəqibin dediyi şeyi etmiş və ziyan vurmuşdur, amma, bununla belə israr etmişdir ki, ədalətsiz heç bir şey etməyib. Onu da israr etmək olar ki, ədalətsizlik etməklə biz əvzəində nə isə veririk, ya da əgər bu zəruridirsə, onda həm də gözəldir, ya da əgər kədərlidirisə, onda həm də faydalıdır; ümumiyyətlə buna uyğun bir şey demək olar.

Üçüncü üsul məlum hərəkətin səhvən baş verdiyini, ya da bədbəxt hadisə nəticəsində, ya da zərurət nəticəsində baş verdiyini israr etməkdir, məsələn, Sefokl məhkəmədə deyir ki, o, ittihamçının dediyi kimi qoca görünmək üçün deyil, zəruri olaraq əsir: - 80 yaşında olması onun iradəsindən asılı deyil.140

Hərəkətin nəyə görə törədilməsinin səbəbini başqa bir səbəblə əvəz etmək olar, demək olar ki, biz zərər vurmaq niyyətindən olmamışıq, baş verməsində günahlandırıldığımız şeyi deyil, filan şeyi etmək istəmişik, bu zaman bizim özümüzə zərər dəyib, əgər bunu bilərəkdən etmişiksə, nifrətə layiqik. Daha bir üsul ittihamı ittihamçının özünə qarşı yönəldərək əvvəllər onun özünün, ya da yaxınlarından birinin eyni şeyi etdiyini israr etməkdən ibarətdir. Daha bir üsul isə elə şəxslərin hərəkətlərini yada salmaqdır ki, onların hərəkətlərinin ittihama layiq olmadığı hamı tərəfindən qəbul olunub, məsələn, əgər həmin şəxs etdiyi zinakarlıqda müqəssir sayılmayıbsa, onda eyni şeyə görə ittiham olunan da müqəssir deyil. Daha bir üsul onu göstərməkdən ibarətdir ki, rəqib əvvəllər başqalarını təqsirləndirib, ya da başqa birisi rəqibi təqsirləndirib, ya da o, indi təqsirləndirilən şəxs kimi şübhəli qismində olub, sonra isə məlum olub ki, heç bir günahı olmayıb.

Daha bir üsul ittihamın ittihamçının özünə qarşı yönəldilməsindən ibarətdir, ona görə ki, inama layiq olmayan insanın sözlərinin inama layiq olması qəribə olardı.

Daha bir üsul o zaman yaranır ki, bu zaman artıq məhkəmə hökmü verilmiş olsun, “Antidosisdə” Evripid onu andı pozmağa təhrik etdiyinə görə allahsızlıqda təqsirləndirən Qiqienonta belə demişdir:
Andı mənim dilim deyib,

amma qəlbim onu tələffüz etməyib.141


Evripid israr edirdi ki, onun özü Dionisin şərəfinə keçirilən yarışlarda artıq hökmü çıxarılmış işləri məhkəməyə verməklə düzgün iş tutmayıb və o, (Evripid) artıq orada öz sözləri ilə hesabat vermişdir, əgər o, (Qiqienont) ittihamdan əl çəkmirsə, yenidən hesabat verməyə hazırdır.

Daha bir üsul böhtanı pisləmək üçün onun necə bir şər iş olduğunu və onun təsiri altında başqa cür ittihamların yarandığını, onun işə uyğun olmadığını göstərməkdən ibarətdir.

Hər iki tərəf üçün ümumi olan üsul əlamətlərdən istifadədən ibarətdir, məsələn, “Tevkr” əsərində Odissey deyir ki, Tevkr Priamın qohumudur, çünki, onun anası Hesiona Priamın bacısıdır. Tevkr isə bunu inkar edərək deyirdi ki, onun atası Telamon Priamın düşməni idi və o, özü cəsuslar barəsində xəbər verməyib.143

İttihamçının istifadə edə biləcəyi daha bir üsul əhəmiyyətsiz bir şeyi ətraflı tərifləmək və əhəmiyyətli bir şeyi isə bir neçə kəlmə ilə məzəmmət etməkdən, ya da müttəhimin çoxlu yaxşı cəhətlərini qabarıq göstərmək və iş üçün əhəmiyyətsiz olan birini isə məzəmmət etməkdən ibarətdir. Bu üsullar ən mahir üsullardır, amma həm də ən ədalətsiz üsullardır, ona görə ki, onlar insana onun öz yaxşı cəhətlərini öz nöqsanları ilə qarışdırmaq yolu ilə zərər vurmağa can atırlar.

Həm ittiham edən, həm də ittiham olunan üçün ümumi olan üsul (belə ki, eyni bir şey çoxlu müxtəlif səbəblər üzündən edilə bilməz) ondan ibarətdir ki, ittiham edən hər şeyi pis şəkildə qəbul edərək ittiham etsin, ittiham olunan isə hər şeyi yaxşı şəkildə qəbul edərək müdafiə olunsun, məsələn: Diamedin Odisseyi seçməsinə münasibətdə biri deyə bilər ki, Diamed Odisseyi mərd olduğuna görə seçib, başqası isə deyə bilər ki, bu heç də ona görə deyil, əslində ona görədir ki, Odissey qorxaq olduğu üçün Diamedin rəqibi ola bilməyəcək yeganə şəxs idi.144

İttiham haqqında demək lazım

olan şeylər bunlardan ibarət idi.
16. Nitqin ikinci hissəsinin (hekayənin) analizi. – Hekayəni necə qurmaq lazımdır və epideyktik, məhkəmə və xalq yığıncaqları qarşısında söylənən nitqlərdə hekayə hansı xüsusiyyətlərə malik olmalıdır?

Epideyktik nitqlərdə hekayə birdəfəlik deyil, hissə-hissə söylənməlidir, belə ki, nitqin yaranmasına səbəb olan hərəkətləri şərh etmək lazımdır. Nitq natiqin məharətindən asılı olmayan (çünki, natiqin faktlara aidiyyatı yoxdur) və asılı olan hissələrdən ibarətdir; sonuncusu, nitq predmetinin fakt olduğunu (əgər o, ağlasığmaz görünürsə), ya onun məhz belə olduğunu, ya nə qədər vacib olduğunu, ya da bütün bunları bir yerdə göstərməkdən ibarətdir. Buna görə də bəzən hər şeyi bir-birinin dalınca izah etmək lazım deyil, belə izah üsulu zamanı hər şeyi yadda saxlamaq çətindir, məsələn: filan şeyin əsasında müəyyən olunur ki, o, yəni sözügedən şəxs mərddir, digərinin əsasında isə onun müdrik, ya da ədalətli olması müəyyən olunur.



Birinci üsul əsasında nitqin ifadəsi çox sadə, digər üsulda isə müxtəlif və rəngarəng olur.

Hamıya məlum faktları ancaq yada salmaq lazımdır; buna görə də belə halların çoxunda hekayə qətiyyən lazım deyil, məsələn, əgər Axilli tərifləmək istəyirsənsə, onun qəhrəmanlıqları hamıya məlum olduğu üçün onlardan ancaq istifadə etmək lazımdır. Amma Kritini145 tərifləmək istəyirsənsə, onda hekayə zəruridir, ona görə ki, onun haqqında az adam bilir. İndiki zamanda gülməli şəkildə iddia edirlər ki, hekayə sürətli olmalıdır. Necə ki, birisi bulkaçının çörək üçün xəmiri necə – bərk və yumşaq yoğurmaq lazım olması haqqında sualına cavab verir: “məgər yaxşı çörək üçün xəmir yoğurmaq olmaz?” Burada da eynilə belədir: həm geniş danışmaq, həm də geniş giriş etmək və geniş sübutlar gətirmək lazım deyil. Bu halda “yaxşı” olmaq sürətdə, ya da yığcamlıqda deyil, lazımi ölçüdə olmaqdadır; bu isə işi aydınlaşdıran hər şeyi demək, ya da filan şeyin olduğunu, ya da filan şeyin ziyan vurduğunu, ya da ədalətsiz hərəkət etdiyini, ya da məlum hadisənin istədiyin mühümlükdə olduğunu göstərməkdən ibarətdir. Rəqib üçün isə bütün buna əks olanlar yararlıdır. Hekayəyə sənin şəxsi məziyyətlərivi ucaldan hər şeyi əlavə etmək lazımdır, məsələn: “Mən həmişə ona ədalətli olanı təlqin eləmişəm, onu öz uşaqlarını atmaqdan çəkindirmişəm”, ya da rəqibin yararsızlığını gözə çarpdırmaq üçün belə demək olar, məsələn: “O, mənə cavab verdi ki, olduğu hər yerdə onun başqa uzaqları olacaq” (Heredotun sözlərinə görə üsyan etmiş misirlilər belə deyirmişlər). Ya da hakimlər üçün xoş olan hər şeyi hekayəyə əlavə etmək lazımdır. Müdafiə zamanı hekayə qısa olmalıdır, çünki, bu zaman bu və ya başqa şeyin baş verməsi, ya da zərərli olması, ya da ədalətsiz olması, ya da elə vacib əhəmiyyətdə olması iddia edilir, buna görə də artıq müəyyən olunmuş faktlardan danışmağa dəyməz, əlbəttə ki, əgər onlar hər hansı bir şəkildə müəyyən edilməmiş faktlara aparmırlarsa, məsələn, məlum hərəkətin baş verməsi sübut edilibsə, amma onda ədalətsiz bir şeyin olması sübut edilməyibsə. Bundan başqa elə real faktlardan danışmaq lazımdır ki, onlar dinləyicilərin gözü qarşısında baş verməsələr də, onlarda ya təəssüf, ya da dəhşət hissi oyatsınlar. Biz buna nümunəni Alkinoyun Penelopa üçün söylədiyi 60 şeirdən ibarət “Apoloqunda”, Faillin kiklitik poemasında və “Oyneyin”147 proloqunda tapa bilərik. Hekayə xarakteri əks etdirməlidir, bu isə o zaman ola bilər ki, biz xarakterin nədən ibarət olduğunu bilək. Xarakteri bilmək üçün birincisi, niyyəti üzə çıxarmalıyıq, çünki, xaraetrin necəliyi niyyətin necəliyi ilə müəyyən olunur, niyyətin necəliyi isə onun məqsədinin necə olmasından asılıdır. Buna görə də elmi mövzuda olan nitqlər xarakteri qətiyyən əks etdirmir, ona görə ki, niyyəti əks etdirmir. Sokratın nitqləri isə əksinə, məhz belə məsələlərə toxunur. Hər hansı bir xarakterin nəticəsi olan hər şey həmin xarakteri əks etdirir, məsələn: “danışaraq irəli gedirdi” sözləri coşqun və kobud xarakterin olduğunu göstərir. Demək lazımdır ki, indiki insanlar müəyyən faydanı nəzərə alaraq hərəkət etmirlər, niyyətə – prinsipə görə hərəkət edirlər, məsələn: “mən bunu istəyirdim, ona görə ki, bunu daha yaxşı hesab edirdim və hətta mən burada heç bir fayda əldə etməsəm də, bu ən yaxşısıdır”. Birincisini, faydanı hesaba almaq fərasətli adma, ikincisini, prinsipi nəzərdə tutmaq isə yaxşı adama xas olan şeydir, bu fərasətli adamı fayda dalınca, yaxşı adamı isə gözəl olana can atmağa məcbur edir. Əgər deyilənlər həqiqətə uyğun deyilsə, onda Sofokl kimi sözlərin əsasına əlavələr etmək lazımdır, Antiqonanın sözlərini buna misal göstərmək olar. Antiqona bildirir ki, ərindən və uşaqlarından çox qardaşının qeydinə qalır, çünki əri ilə uşaqları həlak olsalar, onların yerini başqa ər və uşaqlar tuta bilər:
Amma, əgər anamla atam Aiddə

gizləniblərsə,

Artıq heç vaxt qardaşım doğula

bilməz.148


Əgər öz sözlərinin əsasını göstərə bilmirsənsə, onda deməlisən ki, dediyin sözlərin həqiqətə uyğun olmadığını yaxşı bilirsən, amma neyləyəsən ki, təbiətdən beləsən, ona görə ki, insanlar inanmırlar ki, özünə faydalı olmayan bir şeydən başqa nəyi isə könüllü eləmək olar. Bundan başqa hekayədə ehtiraslardan söz açmaq və onların nəticəsində baş verən şeylərə toxunmaq lazımdır, eləcə də dinləyicilərə məlum olan, natiqə və onun rəqibinə aid olan təfərrüfatlara da toxunmaq lazımdır, məsələn: “o, məni acıqlı baxışla süzüb uzaqlaşdı”. Ya da Kratil149 haqqında Esxilin dediyi kimi: “fışıldayaraq və əl-qolunu əsdirərək”, belə ifadələr inandırıcıdır, çünki dinləyicilərə məlum olan onlara məlum olmayanın əlamətidir. Bu qəbildən olan çoxlu misalları Homerdən də götürmək olar, məsələn:

Belə danışırdı. Qarı üzünü əlləri ilə örtmüşdü.150

Həqiqətən də, adamlar ağlayanda üzlərini əlləri ilə örtürlər. Özünü məlum xasiyyətli adam kimi göstər ki, dinləyicilər sənə məhz belə adama baxan kimi baxsınlar, rəqibə isə əksinə, amma bunu gözə çarpdırmadan etmək lazımdır. Bunun çətin olmadığını biz ondan görürük ki, birisi bizim yanımıza xəbərlə gələndə hətta (tamam tanımadığımız haqqında) bizdə müəyyən təsəvvür yaranır. Nitqin bir çox yerlərində hekayə danışmaq lazımdır, amma, bəzən əvvəlində danışmaq lazım deyil.

Xalq yığıncaqlarında söylənən nitqlərdə hekayə az olur, ona görə ki, heç kəs gələcəyi danışmır, amma hekayə olanda da ancaq keşmişə aid olur ki, dinləyici onu ya məzəmmət, ya da təriflə yada salaraq gələcək haqqında daha yaxşı düşünsünlər; amma, bu halda natiq öz üstünə sadə məsləhətçi vəzifəsini götürmür. Əgər natiqin dediyi həqiqətə uyğun görünmürsə, o, elə həmin dəqiqə öz sözlərini əsaslandıracağına söz verməli və bunu dinləyicilərin arzuladığı şəxsin qarşısında şərh etməlidir, məsələn, Karkinin151 “Edip” əsərindəki İokasta onun oğlunu axtaranın suallarına həmişə vədlərlə cavab verir. Sofoklun Qemonu dabelə edir.152



17. Nitqin üçüncü hissəsinin (sübut etmənin) analiziö – Xalq qarşısında və məhkəmələrdə söylənən epideyktik nitqlərdə sübutları haradan əldə etmək və necə qurmaq lazımdır?

İnandırma üsulları apodiktik xarakter daşımalıdır. Mübahisə dörd nöqtəyə toxuna bildiyi üçün, sübutları mübahisəli nöqtəyə yönəldərək sübut etmək lazımdır, məsələn, əgər nəyinsə həqiqətən baş verib-verməməsinə görə mübahisə gedirsə, onda məhkəmə çəkişməsi zamanı bütün sübutları imkan daxilində bu nöqtəyə yönəltmək lazımdır; əgər ziyanın həqiqətən toxunması haqqında mübahisə gedirsə, onda sübutlar da buna yönəldilməlidir; əgər mübahisə törədilən hərəkətin mühümlüyünə, ya da ədalətli olduğuna toxunursa, onda burada həmdə bu faktın baş verməsinin dəqiq olub-olmamasını da nəzərə almaq lazımdır. Bu zaman yaddan çıxarmaq lazım deyil ki, ancaq belə mübahisə zamanı rəqiblərdən biri zəruri olaraq şərəfsiz olur, ona görə ki, burada bilməməzlik günah sayıla bilməz (bu ancaq o halda ola bilər ki, nəyin isə ədalətli olmasına münasibətdə rəylər üst-üstə düşməsin). Beləliklə, bu məsələdə dayanmaq lazımdır, o birilərində isə yox. Epideyktik nitqlərdə gözəl və faydalı olan şeylərin qiyməti əksər hallarda şişirdilir. Faktların özü inam doğurmalıdır, ona görə ki, onlara münasibətdə nadir halda sübutlar gətirilir – əlbəttə, onlar həqiqətə uyğun olmayanda, ya da onlar başqa şəxsə aid ediləndə.

Xalq qarşısında söylənən nitqlərdə mübahisə nəyin isə olmayacağı, ya da natiqin məsləhət verdiyi şeyin olacağı, amma onun ya ədalətsiz, ya faydasız olacağı, ya da o qədər də mühüm olmayacağı barəsində ola bilər. Bu zaman rəqibin sözügedən işə aid olmayan hər hansı şeydə yalandan istifadə edib-etmədiyini də nəzərə almaq lazımdır, belə ki, bu onun başqa hallarda yalan dediyinə sübut olur: Misallar xalq qarşısında söylənən nitqlərə xasdır, entimemalar isə məhkəmə nitqlərinə. Birincilər gələcəyi nəzərdə tutduğu üçün misalları keçmişdən gətirmək lazımdır, ikincilər isə olan, ya da olmayan şeylərə aiddir, burada daha çox sübutlar və zərurət anlayışı lazımdır, ona görə ki, keçmiş zərurət xarakteri daşıyır. Entimemaları bir-birinin ardınca gətirmək olmaz, onları digər ifadələrə qarışdırmaq lazımdır, əks halda onlar bir-birinə ziyan vura bilərlər, ona görə ki, miqdar üçün də hədd var.

Mənim əziz dostum, elə hey deyirsən ki, dediyini də

eləyərdim.153

Amma demir ki, ağıllı deyəni eləyərdim. Hər bir səbəbdən də entimemalar axtarmaq lazım deyil, ona görə ki, əks halda sən də sillogizm yolu ilə müddəaları sübut etmək əvəzinə onlara əsaslanan daha məşhur və daha həqiqətə uyğun olan şeyləri sübut edən bəzi filosoflar kimi hərəkət etmiş olarsan. Nə zaman ki, ehtirasları oyatmaq istəyirsən, onda entimemalardan istifadə etmə, çünki, o, ya ehtirası söndürəcək, ya da əbəs yerə işlənmiş olacaq, ona görə ki, eyni zamanda baş verən iki hərəkət bir-birini ləngidir, ya aradan götürür, ya da zəiflədir. Nitq məlum mənəvi xarakter daşımalı olan halda da entimema axtarmaq lazım deyil, çünki, sübutların nə xarakterə, nə də prinsiplərə heç bir dəxli yoxdur. Kəlamları həm hekayələrdə, həm də sübutetmə zamanı istifadə etmək lazımdır, çünki, onların xarakterə aiddiyyatı var: “və mən verdim, halbuki, bilirdim ki, ümumiyyətlə etibar etmək olmaz”. Ya da birisi ehtiras oyatmaq istəyirsə: “mən zərər çəksəm də peşman deyiləm, ona görə ki, fayda onun tərəfindədirsə, ədalət də mənim tərəfimdədir”. Xalq yığıncağında nitq söyləmək məhkəmədə nitq söyləməkdən çətindir; bu təbiidir, belə ki, birinci halda gələcək haqqında, ikinci halda isə keçmiş haqqında danışmaq lazım gəlir, keçmiş isə Kritli Epimenidin154 dediyi kimi peyğəmbərlərə də məlum olmuşdur: “onlar gələcəkdən deyil, baş versələr də qaranlıqda qalan hadisələrdən xəbər veriblər”. Məhkəmə nitqlərində əsas rolunu qanun oynayır, madam çıxış nöqtəsinə maliksən, onda sübut tapmaq da asan olur. Xalq qarşısında söylənən nitqlərdə saysız-hesabsız haşiyədən çıxmaq halları (məsələn, rəqibin dəlillərinə qarşı, ya özün haqqında, ya da ehtiras oyatmaq məqsədi ilə) olmur.

Natiqliyin bu növü başqa növlərə nisbətən haşiyədən kənara çıxmağa daha az yol verir, əlbəttə ki, onun öz sahəsindən kənara çıxma çıxmaması şərti ilə. Çətin hallarda Afina natiqlərinin və İsokratın etdiyini etmək lazımdır, İsokrat məşvərətçi nitqdə ittihama əl atır, məsələn, özünün “Panegirik” əsərində lakedemoniyalıları, ittifaq haqqında nitqində isə Xareti155 günahlandırır. Epideyktik nitqlərdə nitqə İsokratın etdiyi kimi araya tərif də salmaq lazımdır, o, daim hər hansı bir tərifi əlavə edir. Qorqinin156 nitq üçün mövzu tapmaqda əziyyət çəkmədiyi haqqında sözlər eyni şeyə gətirib çıxarır, belə ki, əgər o, Axill haqqında danışanda Peleyi, sonra Eakı, daha sonra tanrı Zevsi, eləcə də qəhrəmanlığı və filanı tərifləyirsə, eyni şeyi etmiş olur. Madam natiqin əlində dəlillər var, onda, o, nitqə həm etik, həm də epideyktik xarakter verməlidir, əgər onun əlində entimema yoxdursa, o, etik danışmalıdır.

Mənəvi cəhətdən yaxşı adam üçün aydın nitq nümayiş etdirməkdənsə, vicdanlı olmasını göstərmək daha çox uyğundur. İnkaredici entimemalar nümunəvi158 entimemalardan daha geniş yayılıb. Ona görə ki, inkar xarakterli hər şeydə sillogizm daha aydın görünür, belə ki, əks olanlar yanaşı qoyulanda daha aydın görünürlər.

Rəqibə qarşı yönəldilmiş mühakimələr özlüyündə heç bir xüsusi növü təmsil etmir, çünki, inandırma üsulları sahəsinə rəqibin dəlillərinin ya etiraz, ya da sillogizmlər yolu ilə təkzibi aiddir.159

Natiq məşvərətçi, ya da məhkəmə nitqinə başlayan zaman əvvəl öz şəxsi inandırma üsullarını şərh etməli, sonra isə öz rəqibinin dəlillərinə qarşı çıxış edərək onları məhv etməli, ya da qabaqcadan danlamalıdır. Əgər etiraz doğuran çox nöqtə varsa, onda əvvəlcə onlara girişmək lazımdır, məsələn, Kallisfrat160 Messenadakı xalq yığıncağında bunu belə etmişdir: o, ancaq rəqiblərinin deyəcəklərini əvvəlcədən təkzib edəndən sonra öz sözünü danışmağa başlamışdır. Sırada ikinci danışmalı olan natiq əvvəlcə öz nitqini rəqibinin nitqinə qarşı çevirməli, onun dəlillərini onlara qarşı qoymalıdır, xüsusilə rəqibin dəlilləri müvəffəqiyyət qazandığı halda, çünki, əvvəllər pis bir işdə təqsirləndirilmiş bir şəxsə adamın qəlbi bağlanmadığı kimi, eynilə belə, yəni rəqibin nitqi inandırıcı olanda dinləyicinin qəlbi natiqin nitqini də qəbul etmir. Belə olan halda, dinləyicinin qəlbində növbəti nitq üçün yeri təmizləyib hazırlamaq lazımdır ki, buna da sən rəqibin dəlillərini təkzib etməklə çata bilərsən; bu səbəbdən öz sözlərinə ya rəqibin bütün dəlillərini, ya onlardan ən vacibini, ya da təkzibə ən çox davamsız olanı ilə qabaqcadan aparılan mübarizə vasitəsiylə ağırlıq verməlisən.

Əvvəlcə mən ilahələrin müttəfiqi olaram,

Məhz Heranı mən…161


Burada şair əvvəl ən asan olana toxunur. Bu inandırma üsulları haqqındadır. Xarakterə gəldikdə isə özümüz haqqında bəzi şeyləri demək həsəd yarada bilər, ya da uzunçuluğa görə məzəmmətə səbəb ola bilər, ya da ziddiyyət yarada bilər, başqa birisi haqqında danışmaq isə danlağa, ya da kobudluğa görə qınanmağınıza səbəb ola bilər, bunları nəzərə alaraq sözləri başqa şəxsin sözləri ilə demək lazımdır, İsokrat “Antidosisdə” Filippə qarşı nitqində məhz belə etmişdir. Antilox da bu qaydada məzəmmət edir, o, öz yamblarında səhnəyə öz qızı haqqında danışan atanı çıxarır:

Elə bir şey yoxdur ki, onun olacağını gözləmək mümkün olmasın

Ya da, elə şey yoxdur ki, onu and içərək inkar

etmək olsun.163

Antilox həm də Xarrat Xaromı da yamba162

təsvir edərək belə başlayır:

Qızıllı Qiqes haqqında düşünmürəm.164
Safokl da Qemonu səhnəyə çıxararaq Antiqonanın müdafiəsi üçün onun atasının qarşısında elə bil başqalarının sözləri əsasında danışır.165

Bəzən entimemaların görkəmini dəyişərək onlara kəlam formasını166 vermək lazımdır, məsələn, ağıllı adamlar sülhə razı olmalıdırlar, onda “xoşbəxtlik onların tərəfində olacaq, çünki, bu yolla onlar ən çox fayda ala bilərlər. Entimemanın köməyi ilə isə belə demək olardı: “Əgər sülhü ən faydalı və sərfəli vaxtda bağlamaq mümkündürsə, onda sülhü xoşbəxtlik bizim tərəfimizdə olan vaxt bağlamaq lazımdır.


18. Nitqdə sualla müraciət etmək üçün münasib olan üç hal. – İkimənalı suallar. – Zarafatlar.

Suala gəldikdə onu o vaxt vermək münasib olur ki, o vaxt iki müddəadan biri elə bir şəkildə deyilsin ki, ona bir sual verməklə onun cəfəngiyyat olduğu üzə çıxsın, məsələn, Perikl Lampondan “Xilaskarın”67 sirli dini ayini ilə tanış edilmək barəsində sual verir. Lampon cavab verir ki, bu barədə ayinlə tanış olmayanların eşitməyi qeyri-mümkündür. Perikl ondan soruşur: “Bu barədə özün bilirsən?” və təsdiq cavabı aldıqdan sonra deyir: “Bəs sən tanış olmamış bunu necə öyrəndin?”

İkincisi, sualın iki bənddən birinin özlüyündə aydın olması, o birinə gələndə isə ona verilən sualın təsdiq cavabı alacağını biləndə vermək münasibdir. Sualın köməyi ilə hər hansı bir müddəanı müəyyən etdikdən sonra özlüyündə aydın olana daha bir sual vermək lazım deyil, məsələn, Sokrat onun tanrıların varlığını qəbul etmədiyini iddia edən Meletdən soruşur: “Səncə mən, hər hansı iblislərin olduğunu qəbul edirəm?” və təsdiq cavabı aldıqdan sonra yenə soruşur: “Bu iblislər tanrıların uşaqlarıdır, ya da ilahi bir şey deyillər?” Təsdiq cavabı alandan sonra isə Sokrat deyir: “Belə bir adam varmı ki, tanrıların uşaqlarının varlığını qəbul etsin, tanrıların özlərinin varlığını isə qəbul etməsin?”168

Üçüncüsü, sualı vermək o vaxt münasib olur ki, onun köməyi ilə rəqibin özü-özünə zidd olduğunu və paradoks bir şey dediyini göstərmək mümkün olsun.

Dördüncüsü, rəqib suala başqa cür cavab verə bilməyib ancaq sofist sayağı cavab verəndə, məsələn, əgər o, belə cavab versə: “həm var, həm də yoxdur”, “Bu həm belədi, həm də belə deyil”, “qismən hə, qismən yox”, onda dinləyicilərdə təəccüb yaranır, elə bil o, nə demək lazım olduğunu bilmir.

Başqa hallarda sualdan istifadə etmək lazım deyil, ona görə ki, əgər rəqib sual qarşısında dura bilərsə, onda sualı verən uduzmuş kimi görünəcək, belə ki, dinləyicilərin hazır olmadığı halda, çox sual vermək mümkün deyil. Məhz bu səbəbdən entimemalara mümkün qədər yığcam görkəm vermək lazımdır.

İkimənalı suallara ayrı-ayrılıqda cavab vermək lazımdır, amma yığcam şəkildə yox, ziddiyyətli suallara isə cavab verərkən ziddiyyətləri dərhal cavabla izah etmək lazımdır, həm də bunu rəqib növbəti sualı verməmiş, ya da sillogizm qurmamış etmək lazımdır, çünki nitqin hara yönəldiyini başa düşmək çətin deyil. Bu, eləcə də sualların həlli haqqında hər şey bizə “Topikdən”169 aydındır. Əgər sual nəticəyə doğru aparırsa, bu zaman səbəbi göstərmək lazımdır, məsələn, Sofokl 400-lər şurasının təsis edilməsinə şuranın başqa üzvləri kimi onun da razı olması haqqında Pisandrın170 sualına müsbət cavab verib. “Məgər sizə elə gəlmirdimi ki, bu pisdir?” - “Bəli, gəlirdi” - “Məgər sən belə olan halda pis hərəkət etmiş olmursan?” - Sofokl cavab verir: “Bəli, amma bundan yaxşı hərəkət edə bilməzdim”. Sofokl efor171 olduğu dövr üçün hesabat verən zaman başqalarının həlak olmasının ona ədalətli görünməsi sualına bir lakoniyalı kimi cavab verir: “Bəli”. Ona sual verirlər: “Məgər sən də onlarla eyni bir şeyi etmirdin?” - lakoniyalı cavab verir: “Bəli”. “Bəs onda sənin də ölməyin ədalətli deyilmi?” - “Əlbəttə ki, yox, çünki onlar ona görə belə hərəkət edirdilər ki, bunun üçün pul almışdılar, mən isə buna görə deyil, əqidəmə görə belə etmişəm”. Buna görə də nəticədən sonra suallar vermək lazım deyil, nəticənin özünü də sual formasına salmaq lazım deyil, əlbəttə ki, əgər həqiqət əhəmiyyətli dərəcədə bizim tərəfimizdə deyilsə.
Zarafatlara gəldikdə isə, onlar göründüyü kimi müzakirələrdə müəyyən yer tuturlar, Qorqinin dediyi kimi, düşmənin ciddiliyini zarafat ilə, zarafatı isə ciddiliyin köməyi ilə dəf etmək lazımdır. Bu düzgün bir fikirdir. “Poetikada”174 biz artıq demişdik ki, nə qədər növ zarafat var və onlardan hansı azad adam üçün yararlıdır, hansı isə yox, onun üçün ki, hər kəs ona yarayan şeyi seççin. İroniya təlxəklikdən daha alicənab xarakterdə olması ilə seçilir, çünki, birinci halda adam zarafata özünə görə əl atır, təlxək isə bunu başqalarına görə edir.
19. Nitqin dördüncü hissəsi olan nəticənin analizi. – Nəticənin bölündüyü dörd hissə və onların analizi.

Epiloqun tərtibi zamanı natiqə lazımdır: birincisi, dinləyicilərdə özünə qarşı yaxşı, rəqibinə qarşı isə pis rəğbət yaratmaq, ikincisi, həm şişirtmədən, həm də kiçiltmədən istifadə etmək, üçüncüsü, dinləyicilərin ehtiraslarını alovlandırmaq, dördüncüsü, nitqin nəyə görə söyləndiyini yada salmaq.

Madam natiq özünün haqq, rəqibinin isə nahaq olduğunu göstərib, onda, o, tamamilə təbii şəkildə elə bu ruhda davam edərək tərifləyir, töhmətləyir və nitqinə son haşiyələr vurur. Natiq ikisindən birini sübut etməlidir: özünün dinləyicilərə münasibətdə, ya da ümumiyyətlə yaxşı adam olduğunu və ya onun rəqibinin dinləyicilərə münasibətdə, ya da ümumiyyətlə pis adam olduğunu.

Dinləyicilərdə hansı vasitə və üsullarla rəğbət və əhval-ruhiyyə yaratmaq haqqında biz daha əvvəl, insanları yaxşı və pis şəkildə təqdim etməyin üsulları haqqında danışarkən demişdik.176 Bunu etdikdən sonra, təbii olaraq ya şişirtmək, ya da kiçiltmək lazımdır, çünki, faktların əhəmiyyətini qiymətləndirməyi nəzərdə tutursansa, onda onlarıne baş verdiyini təsdiq etməlisən, axı cisimlərin böyüməsi də əvvəlcədən mövcud olmuş xassədən irəli gəlir. Böyütməyi və kiçiltməyi nəyin köməyi ilə edilməsinə gəldikdə isə bu məsələ haqqında daha əvvəl toplar177 izah etmişdik. Faktların necəliyini və nə qədər vacibliyini aydınlaşdırandan sonra dinləyicilərdə mərhəmət, dəhşət, qəzəb, nifrət, həsəd, rəqabət və düşmənçilik kimi hissləri oyatmaq lazımdır. Buna aid də daha əvvəl toplar175 göstərilib. Beləliklə, daha əvvəl deyiləni yaddaşda təzələmək qalır. Bunu bəzilərinin məsləhət gördüyü kimi girişdə etmək lazımdır, amma bu məsləhət əsassızdır, çünki, onlar rahat anlansın deyə, eyni şeyi tez-tez təkrar etməyi məsləhət görürlər. Beləliklə, girişdə nəyin müzakirə olunduğu aydın olsun deyə vəziyyəti izah etmək lazımdır, nəticədə isə işin nəyin əsasında sübut olunduğuna yekun vurmaq lazımdır. Natiq sözünü başlayanda deməlidir ki, o, söz verdiyi şeyi edib, ona görə də o, nəyi sübut etdiyini və niyə sübut etdiyini deməlidir; bu zaman öz sözlərinlə rəqibin sözlərini qarşı-qarşıya qoyaraq ya eyni bir predmet haqqında hər iki rəqibin dediyini müqayisə etməlisən, ya da birbaşa ziddiyyət yaratmadan, məsələn, belə deməlisən: “O, buna münasibətdə filan cür deyib, mən isə bu cür demişəm və filan şeyə görə belə demişəm”. Ya da ironiyadan istifadə edərək belə demək olar: o, filan-filan dedi, mən isə bunu dedim, əgər o, filanı deyil, bunu sübut etsəydi, nə edərdi?” Ya da belə sual vermək olar, məsələn: “Mənim üçün sübut etməyə nə qaldı?” Ya da: “Mən nəyi sübut etdim?” Nəticəni ya belə – müqayisə yolu ilə, ya da təbii yolla – dediyimiz kimi, şəxsi dəlilləri sadaladıqdan sonra, lazım gəlsə rəqibin dəlillərini sadalamaq yolu ilə almaq olar. Sonda bağlayıcısız frazalar işlətmək daha uyğundur ki, bu nitq deyil, nəticə olsun, məsələn: “mən dedim ”, “siz eşitdiniz”, “ sizin əlinizdədir”, “hökmü çıxarın”.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin