10. Paxıllığın tərifi. – Paxıllıq nədir? – Paxıllığı yaradan nədir? – Paxıllığı yaradan kimdir? – Paxıllıq hakimlərin qərarına necə təsir edə bilər?
Əgər paxıllıq (phthones) bizə uyğun insanların yuxarıda qeyd etdiyimiz nemətlərdən həzz alaraq xoşbəxt yaşadığını gördüyümüz zaman yaranan müəyyən növ kədərdirsə, bu kədər paxıllıq edənin özünə heç bir şey vermək məqsədi güdmürsə və ancaq həmin adamları nəzərdə tutursa, onda insanların nəyə görə, kimə və hansı vəziyyətdə paxıllıq etdiyi aydındır. Paxıllığı elə adamlar hiss edirlər ki, onlar üçün ancaq özlərinə tay olan və ya belə görünən adamlar mövcuddur. Tay deyəndə mən mənşəcə, qohumluğa görə, yaşa görə, istedada görə, şöhrətə görə, vara görə uyğun olanları nəzərdə tuturam. Demək olar ki, hər şeyə sahib olan adamlar da paxıllıq edirlər, buna görə də yüksək vəzifəli və xoşbəxt adamlar hamının onların mülkiyyətindən istifadə etdiyini düşünərək paxıllıq edirlər. Eləcə də nəyə görə isə xüsusi hörmət qazanmış adamlar da (əsasən müdrikliyə və ya müvəffəqiyyətə görə) paxıl olurlar. Şöhrətpərəst adamlar da bu hissə malik olmayanlardan daha çox paxıl olurlar. Saxta müdriklər də paxıl olurlar, ona görə ki, onların şöhrətpərəstliyinin obyekti müdriklikdir və ümumiyyətlə hər hansı bir sahədə şan-şöhrətli olmaq istəyən adamlar bu münasibətdə paxıl olurlar. Qorxaq adamlar da həmçinin paxıl olurlar, ona görə ki, onlara hər şey əzəmətli və əlçatmaz görünür.
Biz elə nemətləri sadaladıq ki, insanlar onlara görə paxıllıq edirlər: İnsanlar harada ki, şan-şöhrəti sevirlər, harada şöhrətpərəstliyə meyl edirlər və müvəffəqiyyətin bütün növlərində – bütün bu hallarda demək olar ki, paxıllıq var, xüsusən də elə şeylərə qarşı olur ki, insanlar onları əldə etməyə çalışırlar və onlarla başqalarından ya bir qədər üstündürlər, ya da bir qədər geridə qalırlar. İnsanların kimə paxıllıq etdiyi də aydındır (biz bu barədə də demişik): insanlar zaman, məkan, yaşa görə və ad-sana görə onlara yaxın olanlara qarşı paxıllıq edirlər, məhz buna görə də deyilir: “Qohum-əqrəba paxıllıq da edə bilir”.28
Rəğabət apardıqlarına qarşı da paxıllıq edirlər, ona görə ki, saydığımız kateqoriyadan olan şəxslərlə rəqabət aparırlar: bizdən on min illər əvvəl yaşamış adamlara, ya da bizdən on min illər sonra yaşayacaq adamlara, ya da artıq vəfat etmişlərə gəldiksə isə onlara heç kim paxıllıq etmir, eynilə Herkules sütunlarının29 yanında yaşayanlara da heç kim paxıllıq etmir. Biz elələrinə paxıllıq etmirik ki, bizim və ya başqalarının fikrinə görə onlar bizdən çox az üstün olsunlar, ya da bizdən çox geridə qalsınlar.
Bu cür işlərlə məşğul olan adamlara qarşı biz eyni şəkildə yanaşırıq. Madam insanlar döyüşdə və sevgidə olan rəqibləri ilə və ümumiyyətlə onların can atdığı şeyi əldə etmək istəyənlər ilə yarışırlar, onda insanlar mütləq bu şəxslərə daha çox paxıllıq edirlər, necə deyərlər, “dulusçu da dulusçuya paxıllıq edir”.30 Biz həm də elələrinə paxıllıq edirik ki, onların əldə etdikləri və ya müvəffəqiyyətləri bizim üçün tənə yeri olsun; axı belə insanlar bizə yaxındır və bizə bənzərdir: burada aydındır ki, biz öz təqsirimiz üzündən məlum nemətə sahib deyilik, ona görə də bu fikir bizi kədərləndirərək paxıllıq yaradır. Biz həm də elələrinə paxıllıq edirik ki, bizim sahib olmalı olduğumuz, ya da sahib olduğumuz şeyi onlar da əldə ediblər və ya ona sahibdirlər; buna görə də qocalar gənclərə paxıllıq edirlər, nəyə isə çox xərc tökmüş adamlar isə həmin işə daha az xərc tökmüş adamlara paxıllıq edirlər. Nəyə isə hələ çatmaqda olan, ya da tamam çatmayan adamlar da elə həmin şeyə tez çatanlara paxıllıq edirlər. Belə insanların nəyə görə, kimə görə və hansı vəziyyətdə sevindikləri aydındır: bəzi hallarda onlar dilxor olurlar, ona görə ki, nəyə isə sahib deyillər, əks hallarda isə onlar sevinəcəklər, çünki, nəyə isə sahibdilər. Belə olan halda, əgər hakimlər belə əhvali-ruhiyyədə olsalar və onlardan mərhəmət diləyən və ya hər hansı bir nemətin bağışlanmasını istəyən insanlar isə yuxarıda göstərdiyimiz insanlar kimi olsalar, onda sonuncular hakimiyyətdə olanlardan heç bir mərhəmət görə bilməzlər.
11. Yarışmaq (dzẽlos) hissinin tərifi. –Kim yarışa bilər? – Ona nə səbəb olur? – Kim ona səbəb olur? – Bu hissin nifrətə münasibəti.
Buradan aydındır ki, insanlar hansı əhval-ruhiyyədə, kimə və nəyə qarşı yarışırlar. Yarışmaq hissi şöhrət ilə bağlı və özümüzün əldə edə biləcəyi nemətləri öz təbiətlərinə görə bizə oxşar insanlarda olmasını görəndə bizdə yaranan müəyyən məyusluqdur ki, bu nemətlərin – başqalarında olduğu üçün deyil, məhz özümüzdə olmadığına görə yaranır. Məhz buna görə də yarışmaq bərabərləşməyə canla-başla edilən istək kimi yaxşı bir şeydir və yaxşı adamlarda olur, paxıllıq isə alçaq bir şey olub ancaq alçaq insanlarda yaranır. Birinci halda insan yarışma hissinin təsiri altında nemətlərə özü çatmaq istəyir, ikinci halda isə paxıllığın təsiri altında can atır ki, onun yaxını bu nemətdən istifadə etməsin. Yarışmaya (dzẽlos) meyli olan adamlar labüd olaraq sahib olmadıqları nemətlərə özlərini layiq bilən adamlardır ki, çünki heç kəs mümkün olmayan şeyi arzulamır. Buna görə də belə adamlar, yəni yarışmağa meylli adamlar gənc və böyük qəlbli adamlar olurlar. Onların sırasına həm də mərd kişilərə layiq nemətlərə və hörmətə sahib olan adamlar da daxildir. Qeyd etdiyimiz nemətlərin sırasına var-dövlət, çoxlu dost, hakimiyyət və başqa buna bənzər nemətlər daxildir. Madam onlar yaxşı adamdırlar, onda onlar belə nemətlərə çatmağa canla-başla səy göstərirlər, ona görə ki, bu nemətlər yaxşı adamların malı olmalıdır.
Həm də elə adamlar yarışmağa meyllidirlər ki, başqaları onları bu nemətlərə layiq bilsin. Əcdadları, ya da qohumları, ya da yaxınları, ya da həmvətənləri, ya da vətənləri hörmətli olan adamlar da eyni ilə belə münasibətdə çox qısqancdırlar, ona görə ki, bunu özlərinə yaxın və özlərini isə buna layiq bilirlər. Əgər yarışmaq hissi hörmətdə olan nemətlərə qarşı yaranırsa, onda məziyyətləri və yardımı ilə fayda gətirmək və başqalarına xeyirxahlıq etmək üçün mümkün olan hər şeyi buraya mütləq daxil etmək lazımdır, ona görə ki, insanlar xeyirxahlara və yaxşı məziyyətli adamlara hörmət edirlər; bu sıraya həm də bizim yaxınlarımızın, ya da istifadə edə biləcəyi bütün nemətləri də daxil edə bilərik, məsələn, sağlamlığa nisbətən var-dövlət və gözəllik daha çox uyğun gələn nemətlərdir.
Həm də aydındır ki, yarışmaq hissini oyadan insanlar kimdir: onlar bu və bunlara bənzər nemətlərə sahib olan adamlardır. Bu nemətlər, yuxarıda göstərdiyimiz kimi belədir: mərdlik, müdriklik və hakimiyyət, ona görə ki, əlində hakimiyyət olanlar bir çoxları üçün xeyirxahlıq edə bilər; sərkərdələr, natiqlər və ümumiyyətlə buna oxşar gücə malik olanların hamısı belədir. Onlara həm də hamının dost olmaq istədikləri adamlar, hamının təəccübləndiyi, ya da bizim təəccübləndiyimiz adamlar, eləcə də şair və yazıçıların vəsf etdiyi və şöhrətləndirdiyi adamlar da daxildir. Kimin üçün isə yarışan, ya da kimin üçün isə yarışma obyekti vəziyyətində olan adamlar yarışmanı oyadan bütün əşya və şəxslərə nifrət bəsləyirlər. Buna görə də onlar çox vaxt hörmət qazanmış nemətlər olmadan qazanılmış uğurdan istifadə edən adamlara nifrət edirlər.
Biz ehtirasların nəyin köməyi ilə yaranması və yox olması haqqında danışdıq ki, ondan inandırma üsulları yaranır. Bundan sonra isə insanların ehtirasları, onların keyfiyyətləri, yaşı və taleyi ilə xasiyyətlərinin necə uyğun olduğunu şərh edəcəyik.
12. İnsanların müxtəlif yaşlarda xasiyyətləri (xarakter cizgiləri): gəncliyə xas cizgilər.
Mən qəzəb, istək və buna bənzər qəlb hərəkətlərini ehtiras adlandırıram ki, onların haqqında əvvəl məziyyətlər və nöqsanlar kimi keyfiyyətlərdən31 danışan zaman bəhs etmişdik, həm də ayrı-ayrı şəxsiyyətlərin nəyi üstün tutması və onların nəyə qabil olması haqqında da əvvəl danışmışdıq. Yaş – bu gənclik, yetkinlik və qocalıqdır. Alicənab mənşədən olmağı, var-dövləti, hakimiyyəti və buna əks şeyləri və ümumiyyətlə uğuru (eytychia) və uğursuzluğu (dystychia) mən təsadüfi iş (tychẽ) hesab edirəm.
Gənclər öz xasiyyətlərinə görə istəklərə, eləcə də istəklərini yerinə yetirməyə meyllidirlər və onlar cismani istəklərdən isə ən çox məhəbbətdən həzz almaq istəklərinə əməl etməyə meyllidirlər və bu cəhətdən öz nəfslərini saxlaya bilmirlər. Ehtiraslara qarşı münasibətdə onlar dəyişkəndirlər və onlardan tez doyurlar, onlar çox güclü arzulayırlar və tezliklə arzulara son qoyurlar; onların arzuları çox alovlu olsa da, xəstələrin susuzluğu və aclığı kimi o qədər də güclü olmur. Onlar ehtiraslı, tez özündən çıxan və qəzəbə meylli olurlar. Onlar qəzəbdən zəifdirlər, qəzəbi cilovlaya bilmirlər. Ona görə ki, öz şöhrətpərəstliklərinə görə etinasızlığa dözə bilmirlər və özlərini incidilmiş hesab edəndə hiddətlənirlər. Onlar şərəf və ehtiramı sevirlər, amma qələbəni daha çox sevirlər, ona görə ki, gənclik üstünlüyə can atır, qələbə isə bir növ üstünlükdür. Mənfəətpərəstliyə nisbətən onlar bu iki keyfiyyətə daha çox malikdirlər: onlar heç mənfəətpərəst deyillər, ona görə ki, Pittakın Amfiaraya32 qarşı kəlamında deyildiyi kimi “hələ ehtiyac görməyiblər. Onlar acıqlı deyil, mehribandırlar, ona görə ki, hələ çoxlu alçaqlıqlar görməyiblər. Onlar tez inanandırlar, ona görə ki, hələ çox şeydə aldadılmayıblar. Onlar ümidlərlə doludurlar, ona görə ki, gənclər şərabdan sərxoş olmuş adamlar kimi qaynardırlar; onlar həm də ona görə belədirlər ki, hələ çox şeydə uğursuzluğa düçar olmayıblar. Onlar əsasən ümidlərlə yaşayırlar, ona görə ki, ümid gələcəyə aiddir, xatirələr isə keçmişə; gənclərin isə gələcəyi uzun, keçmişi isə qısadır: ilk gün heç nəyi xatırlamamaq olar, amma hər şeyə ümid bəsləmək olar. Dediyimizin nəticəsi kimi onları tez aldatmaq olar: onlar ümidin təsirinə asan düşürlər. Onlar fövqəladə cəsurdurlar, ona görə ki, ümidlərlə dolu və alovludurlar; bu keyfiyyətlərdən birincisi onları əmin olmağa, ikincisi isə qorxmamağa məcbur edir. Qəzəbin təsiri altında olan heç kəs qorxu hiss etmir, nə isə yaxşı bir şeyə ümid bəsləmək isə cəsur olmaq deməkdir. Gənc adamlar utancaq olur: onlar sırf qanun ruhunda tərbiyə olunublar və başqa nemətlər haqqında təsəvvürə malik deyillər. Onlar alicənabdırlar, ona görə ki, həyat hələ onları alçaltmayıb və onlar ehtiyaca məruz qalmayıblar; özünü böyük nemətlərə layiq bilmək alicənablıqdır və bu, ümidlərlə dolu insana xasdır. Öz məşğuliyyətlərində onlar gözəl olanı faydalı olandan üstün tuturlar, ona görə ki, onlar haqq-hesabdan daha çox qəlblərinin hökmü ilə yaşayırlar; haqq-hesab faydalı olana, məziyyət isə gözəl olana aiddir. Gənclər başqa yaşda olan adamlara nisbətən dostları, ailəni və yoldaşları daha çox sevirlər, ona görə ki, birgəyaşayışdan zövq alır və heç nə haqqında fayda nöqteyi-nəzərindən fikir yürütmürlər, elə dostları haqqında da belə düşünmürlər. Onlar hər şeydə Zilonun kəlamına33 zidd olaraq ifrat və israf kimi səhvə yol verirlər: onlar sevir və həddindən çox nifrət edirlər və bütün qalan şeylərdə də belədirlər. Onlar özlərini bilici hesab edir və bunu təsdiq edirlər; onların hər şeyi həddindən ziyadə etməsinin səbəbi budur. Onlar ədalətsizliyi də acığa görə deyil, təkəbbürlərinə görə edirlər. Onları incitmək asandır, ona görə ki, hamını vicdanlı və çox yaxşı hesab edirlər: onlar öz yaxınlarını öz şəxsi saflıqları ilə ölçürlər, buna görə də hesab edirlər ki, layiq olmadıqları halda incidiliblər. Onlar lağlağı etməyi və kəskin söz deməyi xoşlayırlar, çünki hazırcavablıq cilalanmış təkəbbür deməkdir.
-
Qocalığa xas olan cizgilər
Gənclərin xasiyyətləri belədir. Daha qoca və ahıl olan adalmarın xasiyyətlərinə gəldikdə isə, onların xasiyyətləri demək olar ki, əsasən yuxarıda şərh olunmuş cizgilərin əksindən tərtib olunmuşdur: belə ki, onlar çox illər ömür sürüblər və çox şeydə aldadılıblar və səhv ediblər, insanın gördüyü işlərin böyük hissəsinin əhəmiyyətsizliyi üzə çıxdığından onlar heç nəyi müsbət təsdiqləmir və hər şeyi lazım olduğundan az edirlər. Onların hamısı “fərz edirlər”, amma heç nə “bilmirlər”; öz qərarsızlıqlarına görə həmişə “ola bilər” və “bəlkə də” əlavə edir və hər şey haqqında belə deyərək heç nə haqqında qəti fikir yürütmürlər. Onlar pisxasiyyətdirlər, ona görə ki, pisxasiyyətlilik hər şeyi pis tərəfdən başa düşməkdir. Onlar heç kəsə inanmadıqlarına görə hər şeydən şübhələnirlər, inanmamaq isə təcrübələrinin nəticəsidir. Buna görə də onlar nə güclü sevir, nə də nifrət edirlər, amma Biantın34 məsləhətinə uyğun elə sevirlər ki, sanki nifrət etməyə hazırlaşırlar və elə nifrət edirlər ki, sanki sevməyə hazırlaşırlar. Onlar cəsarətsizdirlər, ona görə ki, həyat onları tam ram edib: onlar böyük və qeyri-adi heç bir şey arzulamırlar, onlara ancaq mövcudluqları üçün faydalı olan lazımdır. Onlar əliaçıq deyillər, ona görə ki, əmlak zəruri olan şeylərdən biridir, bununla belə onlar öz təcrübələrindən bilirlər ki, əldə etmək çətin, itirmək isə necə də asandır. Onlar qorxaqdır və ancaq qabaqcadan ehtiyat edirlər; onlar gənclərə əks şəkildə kökləniblər: onları illər soyudub, gənclər isə alovludur; beləliklə, qocalıq qorxaqlığa yol açır, çünki qorxunun özü soyumaqdır. Onlar həyata bağlıdırlar və son günlərinə yaxınlaşdıqca bu bağlılıq daha da artır, ona görə ki, arzu həmişə olmayan və insanların ən çox ehtiyacı olan şeyə, xüsusilə istədikləri şeyə aid olur. Onlar lazım olduğundan daha çox eqoistdirlər, ona görə ki, bu əslində müəyyən qəbildən olan qorxaqlıqdır. Onlar lazım olduğundan daha çox gözəl olan üçün deyil, faydalı olan üçün yaşayırlar, ona görə ki, onlar eqoistdirlər, belə ki, faydalı olan insanın özü üçün nemətdir, gözəl olan isə heç kəsdən asılı olmayan bir nemətdir.35 Onlar utancaq olmaqdan daha çox həyasızdırlar, ona görə ki, gözəl və faydalı olana eyni cür yanaşmırlar, onlar reputasiyanı yaradan şeylərə məhəl qoymurlar. Onlar təcrübəli olduqlarına görə ümidlərə qapılmırlar, çünki gündəlik ümidlər əsasən əhəmiyyətsizdir və çox vaxt puça çıxır; onlar həm də qorxaq olduqlarına görə belədirlər. Onlar daha çox ümid ilə deyil, xatirələrlə yaşayırlar. Çünki onlar üçün həyatın qalan hissəsi qısadır, yaşadıqları hissə isə uzundur, ümid gələcəyə, xatirələr isə keçmişə aiddir. Onların çox danışmaqlarının səbəbi də bundadır: onlar daim olub-keçənlər haqqında danışırlar, ona görə ki, xatirələrə dalarkən həzz hiss edirlər. Onların qəzəbi alovludur, amma gücsüzdür, onlarda ehtirasların bəziləri yoxa çıxıb, başqaları isə öz gücünü itirib, buna görə də onlar arzulanmağa və öz arzularına uyğun hərəkət etməyə meylli deyil, onlar ancaq mənfəətə uyğun hərəkət edirlər. Buna görə də, bu yaşda insanlar sakit görünürlər, çünki, onların ehtirasları zəifləyib və mənfəətə tabe olub. Onlar öz həyatlarında qəlblərinin deyil, daha çox mənfəətin hesabını rəhbər tuturlar, çünki, haqq-hesab faydalı olanı, qəlb isə məziyyəti nəzərdə tutur. Onlar təkəbbürləri deyil, acıqları hesabına ədalətsiz hərəkət edirlər. Qocalara da əzab çəkmək xas olan şeydir, amma bu gənclərin çəkdiyi əzabın səbəbinə görə deyil: gənclərdə bu insanpərvərliyə görədir, qocalarda isə gücsüzlükdən, çünki, onlar bütün bədbəxtliklərə özlərinə yaxın olan bir şey kimi baxırlar, bu isə dediyimiz kimi, insanın əzab çəkməyini mümkün edir. Buna görə də onlar deyingən olur, nə zirəklik, nə də güləyənlik etmirlər, ona görə ki, deyingənlik güləyənliyə əksdir.
Gənclərin və qocaların xasiyyətləri belədir, hamı öz xasiyyətinə uyğun nitqlərə və özləri kimi yaxşı münasibət bəslədiyinə görə, burada deyilənlərdən aydındır ki, natiqlər həm özlərinin, həm də nitqlərinin belə görünməsi üçün öz nitqlərində nə etməlidirlər.
-
Yetkin yaşa uyğun xarakter cizgiləri
Yetkin yaşlı adamlara gəldikdə isə, aydındır ki, onlar öz xasiyyətlərinə görə göstərilmiş iki yaş arasında olacaq və nə onun, nə də digərinin ifratçılığa malik olmayacaq, nə də həddindən çox cəsurluq göstərməyəcəklər (çünki, belə keyfiyyət ötkəmlikdir), nə də artıq dərəcədə qorxaqlıq etməyəcəklər, amma həm buna, həm də ona lazımi olduğu qədər diqqət verəcək və hamıya nə etibar, nə də etibarsızlıq göstərmədən, ancaq həqiqətə daha çox uyğun fikirləşərək, nə sırf gözəl olan üçün, nə də sırf faydalı olan üçün deyil, həm onun, həm də digəri üçün birlikdə yaşayaraq, nə xəsisliyə, nə də israfçılığa meyl etmədən lazım olan ölçünü rəhbər tutacaq. Onlar həm qəzəbə, həm də arzulara eyni qaydada münasibət göstərirlər. Onlar cəsarətlərini ağılla, ağıllarını isə cəsarət ilə birləşdirirlər. Gənclərdə və qocalarda bu keyfiyyətlər ayrılmış şəkildə olur, çünki, gənclər mərd və özbaşına, qocalar isə ağıllı və qorxaq olurlar. Ümumiyyətlə desək, yetkin yaşda olanlar gənclərdə və qocalarda ayrı-ayrılıqda olan bütün faydalı keyfiyyətlərə sahibdirlər, gənclərin və qocaların həddindən çox və ya az dərəcədə sahib olduqları keyfiyyətlərə gəldikdə isə onlar belə keyfiyyətlərə uyğun və orta dərəcədə sahibdirlər. Bədən öz çiçəklənən vaxtına otuz ilə otuz beş yaş arasında, qəlb isə qırx doqquz yaşında çatır.36
-
Nəcib mənşədən olan insanlara xas xarakter cizgiləri
Gənclik, qocalıq və yetkinlik haqqında, bu yaşlardan hər birinin hansı xarakterə malik olması barəsində bunları demək olar. İndi isə taledən (tychẽs) asılı olan nemətlər haqqında danışaq, belə ki, onların nəticəsində məlum xarakter yaranır.
Mənşənin (eygeneia) nəcibliyi xarakterə elə təsir edir ki, nəticədə bu adam çox şöhrətpərəst olur: nəyə isə sahib olan bütün insanlar özlərinin bu malını qənaətlə yığırlar, mənşənin nəcibliyi isə əcdadların şan-şərəfli vəziyyətidir. Nəcib mənşəli insanlar hətta onların əcdadları kimi adamlara da həqarətlə baxırlar, ona görə ki, əcdadların əməlləri çox uzaqda qaldığı üçün, daha şərəfli görünür və həmin əməlləri yaxında etmişlərin yanında lovğalanmaq üçün daha çox əsas verir. “Nəcib mənşə” adı nəslin adlı-sanlı olmasın, “xarakterə görə nəciblik” adı isə təbiətlə müqayisədə cırlaşmanın getmədiyini göstərir, bu da əsasən nəcib mənşəli insanlarda baş vermir, belə ki, adətən onlar özlüyündə xüsusi bir şeyi təmsil etmirlər (eyteleis).
Görkəmli kişilərin nəslində bir növ torpağın yaratdığı əsərlərdə olduğu kimi bəzən məhsul olur və əgər nəsil yaxşıdırsa, ondan bir müddət görkəmli kişilər çıxır, amma sonra onlar yoxa çıxır, gözəl, istedadlı nəsillər cırlaşaraq dəlisov xarakterlərlə nəticələnir, məsələn: Alkiviad və Böyük Dionisinin nəsli kimi; Kimonun, Periklin və Sokratın37 sanballı nəslinin xələflərində isə cırlaşmaq nəticəsində səfehlik və keylik əmələ gəlib.
-
Varlı adamlara xas olan xarakter cizgiləri.
Var-dövlət ilə bağlı xarakter gəldikdə isə onu hamı asanlıqla görə bilər: varlı adamlar təkəbbürlü və lovğa olaraq müəyyən mənada vardan asılı olurlar. Onlar özlərini elə tuturlar ki, elə bil bütün nemətlərə sahibdirlər; var-dövlət bütün qalan nemətlərin dəyərləndirilməsi üçün bir növ meyardır, buna görə də, elə görünür ki, nemətlərin hamısı pul ilə alına bilər. Onlar dəbdəbəyə və özlərini tərifləməyə meyllidirlər, özü də dəbdəbənin özünə görə dəbdəbəyə və öz rifahını hamıya nümayiş etdirmək xatirinə meyllidirlər; onlar özlərini öyən və pis tərbiyə görmüş olurlar, çünki, bütün adamlar adətən nəyi sevdikləri və nəyə təəccüb etdikləri haqqında daim danışırlar və buna görə də onlar, yəni varlı adamlar fikirləşirlər ki, hamı onların qayğılarına bənzər qayğı çəkir. Bununla belə, onlar bu cür fikirləşməkdə haqlıdırlar, çünki, sərvəti olan adamlara ehtiyacı olan adamlar çoxdur. Simonidə “varlı olmaq yaxşıdır, ya müdrik?” sualını verən Giyeronun arvadına müraciətdə deyilmiş kəlam buradan yaranıb.38 Simonid deyir: “Varlı olmaq yaxşıdır, ona görə ki, müdriklərin daim varlıların qapısı ağzında durduqlarını görürük”. Varlılar həm də onunla fərqlənirlər ki, özlərini hökmranlıq etməyə layiq görürlər, çünki, onların fikrincə, insanları hakimiyyətə layiq edən şeyə malikdirlər. Ümumiyyətlə, var-dövlətin verdiyi xarakter düşüncəsiz və xoşbəxt adamın xarakteridir. Təzəcə varlanmış adamların xarakteri çoxdan varlanmış adamların xarakterindən məhz onunla fərqlənir ki, təzəcə varlanmış adamlar böyük və pis dərəcəli nöqsanlara sahibdirlər, çünki, təzəcə varlanmış olmaq bir növ tərbiyəsiz varlı adam deməkdir. Onların törətdikləri ədalətsiz hərəkətlər kindən deyil, təkəbbür və öz nəfsinə yiyə dura bilməməkdəndir (məsələn, adam döymək və zinakarlıq).
-
Qüdrətli (hakimiyyətdə olan), xoşbəxt (bəxti gətirən) adamlara xas xarakter cizgiləri
Eyni surətdə aydındır ki, hakimiyyətlə əlaqədar xarakterin bütün əsas cizgilərini demək olar, ona görə ki, hakimiyyət var-dövlətin sahib olduğu eyni cizgilərə, hətta daha yaxşılarına sahibdir. Hakimiyyətə sahib olan adamlar öz xarakterlərinə görə varlı adamlardan mərd və şöhrətpərəstdirlər, ona görə ki, onlar hakimiyyətdə olmalarının nəticəsində yerinə yetirilməsi mümkün olan işlərə can atırlar. Onlar daha qayğıkeşdirlər, çünki hakimiyyətə aid olan hər şeyə nəzarət edərək çox çalışıb-çabalayırlar. Onlar özləri böyük vüqar və təşəxxüslə tuturlar, çünki onların yüksək rütbəsi onları daha təkəbbürlü edir; məhz buna görə də onlar özlərini məhdudlaşdırırlar. Onların vüqarı yumşaqlığı ilə seçilir, təşəxxüsləri isə ədəbi ilə fərqlənir. Onlar ədalətsiz davrananda da onların hərəkətləri əhəmiyyətli görünür.
Xoşbəxt (eytychia), uğurlu adamın xarakterinə gəldikdə isə, o, qismən göstərdiyimiz xarakter cizgilərinə malikdir, ona görə ki, ən ali şey kimi görünən xoşbəxtlik hakimiyyətə və yaxşı uşaqlara malik olmağa aid olunur; xoşbəxtlik öz ardınca fiziki nemətlər bolluğu gətirir. Xoşbəxtliyin təsiri altında insanlar heç kəsi bəyənməyən və düşüncəsiz olurlar; xoşbəxtlik ilə xarakterin ən gözəl bir cizgisi bağlıdır ki, bu da məhz xoşbəxt insanlar allahsevən olurlar; onlar bəxtlərinin belə gətirməsi nəticəsində əldə etdiklərinə görə tanrıya inanır və ona lazımi qaydada münasibət bəsləyirlər.
Biz xarakter cizgiləri haqqında yaşa və xoşbəxtliyə uyğun şəkildə danışdıq; əks olan isə əks olandan aydın olur, məsələn, kasıb və bədbəxt, hakimiyyətə malik olmayan adamın xarakteri.
-
Hər bir natiqin öz nitqinə təqib etdiyi məqsəd. – Hər üç növdən olan nitqlərdə yararlı olan sübutetmə üsulları
İnandırıcı nitqlər qərar qəbul etmək üçün tətbiq olunur (ona görə ki, bildiyimiz və haqqında qərar qəbul etdiyimiz şey üçün heç bir nitq lazım deyil), bu isə o halda olur ki, o vaxt kim isə nitqin köməyi ilə hər hansı bir şəxsi ya dilə tutur, ya da çəkindirir, məsələn, adamlar hakimi dilə tutaraq və inandıraraq belə edirlər; ümumiyyətlə, kimi inandırırlarsa, demək o da hakimdir; və fərqi yoxdur, adam öz nitqini rəqibinə müraciətlə deyir, ya da təklif olunmuş mövzuda danışır, ona görə ki, nitqdən istifadə edərək əks rəyləri darmadağın etmək lazımdır, nitqin düşməni əks rəylərdir. Epideyktik nitqlərdə də belə qaydada hərəkət etmək lazımdır, çünki, nitq dinləyicidə bir növ hakimi görür. Ətrafında mübahisələr və məsləhətləşmələr gedən mövzu əsas məsələ olur.
Daha əvvəl, məşvərətçi39 nitqlərdən danışan zaman biz dövlət quruluşu növlərinə uyğun xarakterlər haqqında danışdıq, odur ki, biz indi dinləyicilərin xasiyyətlərinə uyğun, etik nitqləri necə və nəyin köməyi ilə tərtib etməli olduğumuzu araşdırmalıyıq.
Madam hər bir nitq növünün xüsusi məqsədini göstərdik40 və onların hamısı haqqında rəy və mühakimələri topladıq ki, məşvərətçi, epideyktik və məhkəmə nitqlərində natiqlər inandırma üsullarını onlardan əxz edir, madam, bundan başqa biz araşdırdıq ki, nəyin köməyi ilə nitqləri etik eləmək olar, onda bizim üçün ancaq ümumi prinsiplər haqqında danışmaq qalır, çünki, hamıya öz nitqlərində mümkün olan və mümkün olmayan şeylər haqqında mühakimələrdən istifadə etmək və bəzilərinə nəyin isə olduğunu, başqalarına nəyin isə olacağını göstərmək vacibdir. Bundan başqa, böyüklük haqqında top bütün nitqlər üçün ümumidir, belə ki, mübaliğə və kiçiltmə fiqurlarından bütün natiqlər – həm inandıran, həm çəkindirənlər, həm tərif və məzəmmət edənlər, həm də təqsirləndirən və bəraətləndirənlər istifadə edirlər.
Dostları ilə paylaş: |