ARİstotel r I t o r I k a birinci kitab İkinci kitab Üçüncü kitab Bakı-2008



Yüklə 4,02 Mb.
səhifə8/15
tarix07.03.2017
ölçüsü4,02 Mb.
#10594
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

6. Həyanın tərifi. – Utanılacaq şey nədir nəyə görə utanılmalıdır? - İnsanlar kimdən nəyə görə utanırlar? – İnsanlar hansı vəziyyətdə utanırlar?

Beləliklə, biz nəyin qorxu və nəyin cəsarət yaratması haqqında danışdıq. Bundan sonra danışacaqlarımızdan isə bizim nədən utandığımız və nədən, kimin qarşısında və hansı vəziyyətdə həya (aischynẽ) hiss etmədiyiniz aydın olacaq. Qoy həya indiki, keçmiş və gələcək pisliklərin – nəticəsi olan şərəfsizlik üzündən çəkilən əzab və ya pərtlik olsun, həyasızlıq isə eyni şeyə müəyyən mənada nifrət və laqeydlikdir.


Əgər həya bizim onu müəyyən etdiyimiz kimidirsə, onda insan ona və ya onun diqqət verdiyi adamları utanmalı kimi görünən, bütün pisliklərdən mütləq utanmalıdır. Birincisi, pis mənəvi keyfiyyətlərdən meydana çıxan bütün hərəkətlər belədir. Məsələn, qalxanı atmaq və ya döyüş meydanından qaçmaq, ona görə ki, bu qorxaqlığın nəticəsidir; etibar olun­muş əmanəti mənimsəmək, ona görə ki, bu ədalətsizlikdən irəli gəlir; lazım olmayan adamlar ilə lazım olmayan yerdə və lazım olmayan vaxt yaxınlaşmaq, ona görə ki, bu pozqunluqdan irəli gəlir. Əhəmiyyətsiz şeylərdən, kasıblar və ölülər kimi müdafiəsizlərdən mənfəət ummaq da utanmalı olan şeydir, “ölünü də soymaq” məsələsi buradan yaranıb, ona görə ki, bu rüsvayçı mənfəətpərəstlik və xəsislik nəticəsində meydana çıxır. Pul ilə yardım etmək imkanı olduğu halda yardım etməmək, ya da imkan olduğundan az yardım etmək, eləcə də bizdən daha az imkanlı olan adamlardan yardım almaq, özü borc istəmək həddində olan adamlardan borc almaq və həmin adam borcunu geri istəyəcəyi zaman yenə ondan borc istəmək və göründüyü kimi bizdən borc istəməyə gələndən əksinə borc istəmək və gözümüz düşən şeyi bizə versinlər deyə tərifləmək və məqsədimizə çatmasaq da tərifi davam etdirmək – bütün bunlar tamahkarlıq əlaməti olaraq utanılacaq şeylərdir.

İnsanları onların üzünə tərifləmək yaltaqlıq əlamətidir; yaxşı olanı həddindən çox tərifləmək və pis olanı isə çox malalamaq, insanın dərdi üçün onun öz yanında həddindən çox acımaq və bütün belə olan şeylər utanılacaq şeylərdir, ona görə ki, hamısı yaltaqlıq əlamətidir. Utanılacaq şeylərə həm də, bizdən daha qoca və zərif insanların və bizdən yaxşı vəziyyətdə olan insanların və ya ümumiyyətlə daha zəif insanların gördüyü işlərdən qaçmaq da aiddir, ona görə ki, bütün bunlar ərköyünlük və çətinliyə dözməmək əlamətidir. Başqasından kömək almaq və tez-tez almaq, eləcə də etdiyin köməyi başa qaxmaq da utanılacaq şeydir, ona görə ki, alçaqlıq əlamətidir. Daim özündən danışmaq, özünü gözə soxmaq və özgə malını özünkü kimi qələmə vermək də utanılacaq şeylərdir, ona görə ki, bütün bunlar lovğalıq əlamətidir. Buraya həm də başqa mənfi mənəvi keyfiyyətlərdən irəli gələn, onların əlaməti olan və onlara oxşayan hər şey aiddir, ona görə ki, bütün bunlar rüsvayçı və abırsızdır.

Bundan başqa hamının, ya da bütün bizə bərabər insanların, ya da onların çox hissəsinin (bərabər deyəndə mən eyni qəbilədən olanları, həmvətənləri, həmyaşıdları, ümumiyyətlə bizimlə bərabər şəraitdə olan hamını nəzərdə tuturam) malik olduğu gözəl keyfiyyətlərə qəti malik olmamaq rüsvayçılıqdır; hər halda, məsələn, onların səviyyəsində təhsilli olmamaq, eləcə də buna bənzər başqa keyfiyyətlərə malik olmamaq da eyibdir. Bütün bunlar o zaman daha böyük eyib olur ki, bu nöqsan insanın öz günahı ucbatından olsun, əgər, o, onunla əlaqədar baş verənlərin, baş vermişlərin və baş verəcəklərin hansında isə özü təqsirkardırsa, onda bu birbaşa onun mənəvi cəhətdən naqisliyindən irəli gəlir.

İkincisi, utanmaq hissi həm də şərəfsizlik və rüsvayçılığa aparan bir şeyi insanların məhz keçirmiş olduqları, keçirdikləri və keçirəcəkləri zaman başqa insanlardan çəkdiklərinin nəticəsində yaranır, məsələn, nə vaxt ki, insanlar öz bədənləri ilə xidmət göstərirlər və ya rüsvayçı hərəkətlərin obyekti olurlar, bu hərəkətlər isə ancaq təhqir etmək üçündür. Bu hərəkətlər pozğunluqdan irəli gəlirsə, könüllü və ya qeyri-iradi olmasından asılı olmayaraq onlar rüsvayçıdır; əgər onlar zorakılıq nəticəsində baş veribsə yenə də rüsvayçıdır, ona görə ki, dözmək və müdafiə olunmamaq mərdliyin yoxluğu və qorxaqlığı göstərməkdir.

Beləliklə, insanlar bütün bunlardan və buna bənzər şeylərdən utanırlar. Abırsızlıq şərəfsizlik haqqında təsəvvür olduğu üçün və məhz şərəfsizliyin nəticəsini deyil, özünü nəzərdə tutduğu üçün və bu zaman heç kəsi öz-özlüyündə rəy (doxa) deyil, ancaq kimin isə ifadə etdiyi rəy maraqlandırdığı üçün, onda belə bir nəticə çıxır ki, insan ancaq sayıb-seçdiyi adamlardan utanır. İnsan ona hörmət edən, özünün hörmət etdiyi, heyranlıq predmeti olmaq istədiyi adamlar və rəqabət apardığı adamlar – ümumiyyətlə, rəylərinə nifrət etmədiyi adamlar ilə hesablaşır. İnsanlar adlı-sanlı şeylərin sırasından yaxşı bir şeyə sahib olan adamlara və ya malik olduqları müəyyən bir şeyi istədikləri adamlara heyran olurlar və özləri də onların heyranlıq predmeti olmaq istəyirlər, məsələn, sevgililər belə vəziyyətdə olurlar. İnsanlar özlərinə tay olan adamlarla rəqabət aparırlar, amma həqiqəti bilən müdrik adamların (qoca və savadlı adamlar məhz belədir) rəyinə qulaq asırlar. İnsanlar daha çox başqalarının gözü qabağında və aşkar etdiklərindən utanırlar, “utanmaq gözdə olar” məsəli məhz buradan yaranıb. Buna görə də biz daim bizimlə olacaq adamlardan və bizə diqqət verən adamlardan utanırıq, ona görə ki, həm bu, həm də digər halda biz bu insanların gözləri qarşısındayıq. Biz həm də bizimlə eyni çatışmamazlıqları olmayan adamlardan da utanırıq, ona görə ki, belə insanların bizimlə razılaşmayacağı aydındır. Biz həm də müəyyən səhvi etmiş insanlara qarşı mərhəmətli davranmayanlardan da utanırıq, çünki, insan necə deyərlər, özünün etdiyi hərəkətə görə yaxınlarından hesab istəməlidir, buradan belə nəticə çıxır ki, insan ancaq özünün etmədiyinin hesabını soruşmalıdır. Biz həm də gördüyünü hamıya yaymağa adət etmiş adamlardan da utanırıq, çünki, hər hansı bir işdə nəzərə çarpmamaq və xəbər obyekti olmamaq eyni şeydir. Adətən incik, qisas üçün əlverişli an gözləyən adamlar və böhtançılar baş verənləri hamıya bildirməyə meyl edirlər; çünki, onlar madam heç bir günahı olmayan insanlara toxunurlar, onda təqsiri olan insanlara daha tez toxuna bilərlər.

Buraya həm də öz yaxın adamlarının səhvlərindən daimi diqqət predmeti edən adamlar da daxildir, masqaraçı adamlar və komik şairlər məhz belədirlər; müəyyən dərəcədə isə onlar dedi-qoduçu və boşboğazdırlar. Biz həm də heç vaxt rədd cavabı almadığımız adamlardan utanırıq, ona görə ki, belə insanlar qarşısında biz xüsusi hörmətə malik insan vəziyyətindəyik. Buna görə də biz bizə ilk dəfə xahişlə müraciət edən şəxslərdən də utanırıq, ona görə ki, biz onların gözündə alçalmaq üçün heç nə etməmişik. Bizimlə təzəlikcə dost olmaq istəyən insanlar məhz belədir, ona görə ki, onlar bizim keyfiyyətlərimizin ən yaxşısını görürlər; buna görə də Evripidin zirakuzlulara18 cavabı çox ədalətlidir. Eləcə də bizim köhnə tanışlarımızın sırasından olan, bizim haqqımızda pis bir şey bilməyən adamlar da belədir.



Biz təkcə yuxarıda göstərilən rüsvayçı hərəkətlərdən deyil, həm də onların əlamətlərindən utanırıq, məsələn, tək­cə zinakarlıqdan deyil, həm də onun əlamətlərindən, təkcə utanılacaq hərəkətlərdən deyil, həm də utanılacaq sözlərdən, təkcə yuxarıda göstərilən adamlardan deyil, həm də xəbər verə biləcək adamlardan (məsələn, onların xidmətçiləri və dost­ları) da eyni dərəcədə utanırıq. Ümumiyyətlə isə biz əsaslı rəyini saymadığımızlardan utanmırıq, çünki, heç kəs nə uşaqlardan, nə də heyvanlardan utanmır və eyni bir şey üçün həm tanışlardan, həm də yad adamlardan eyni cür utanmırıq: tanışlar qarşısında biz ancaq elə şeylərdən utanırıq ki, onun qanun qarşısında da həqiqətən utandırıcı oldu­ğunu bilək. İnsanlar belə əhvali-ruhiyyədə utanırlar: birincisi, əgər onların qarşısında, bizim dediyimiz kimi onların utandığı insanlar durursa, bizim dediyimiz kimi, bu insanlar elə insanlardır ki, hansılarına ki, biz hörmət edirik və onlar da bizə hörmət edirlər və onlar üçün biz heyranlıq predmeti olmaq istəyirik, bundan başqa elələridir ki, biz onlardan nəyin isə xahişini etmişik, həm də, biz onların gözündə bədnam olsaq, həmin xahiş rədd ediləcək; və əgər bu insanlar ya baş verənləri, ya görürlərsə, ya da elə yaxındadırlarsa ki, mütləq hər şeyi öyrənəcəklər. (Samossa torpaqlarının19 bölüş­dürülməsindən xalq yığıncağında danışan Kidi, afinalılara deyirdi ki, onlar təsəvvür etsinlər ki, yunanlar buradadırlar, buna görə də onlar qəbul ediləcək qərarı nəinki eşidəcəklər, həm də görəcəklər). Buna görə də pis gündə biz heç vaxt öz rəqiblərimizin gözü qarşısında olmaq istəmirik, çünki, rəqiblərin adətən bizə qarşı diqqətləri kəskin olur (thaymastai gar hoi dzẽlõtai). Biz hələ özümüzün, ya da əcdadlarımızın, ya da yaxın olduğumuz hər hansı başqasının adətən utanılacaq hərəkətləri və ya şeyləri olanda utanırıq. Buraya ümumiyyətlə əvəzində utandığımız bütün şəxslər daxildir, bunların sırasına bizim saydıqlarımız, eləcə də bizə hər hansı bir münasibəti olanlar, bizim müəllimi və məsləhətçisi olduğumuz adamlar, bizim rəqabət apardığımız adamlar da daxildir, ona görə ki, utanmağın təsiri altında biz belə adamlar qarşısında çox şeyi edirik və çox şeyi etmirik. İnsanlar onların hərəkətlərinə bələd olan adamların gözü qarşısında olmalı olanda və onların diqqət predmetinə çevriləndə daha çox utanırlar. Məhz buna görə də Dionisinin20 əmri ilə ölüm cəzasına məhkum olmuş şair Antifont onunla birlikdə ölümə məhkum adamların şəhər darvazalarının yanından keçərkən üzlərini örtdüklərini gördükdə demişdir: “Siz nəyə görə üzünüzü örtürsünüz? Bəlkə ona görə ki, onlardan biri sizi sabah görməsin? Utanmaq haqqında bunu demək olar. Utanmazlıq haqqında anlayışı isə biz əks müddəalardan əldə edə bilərik.
7. Xeyirxahlığın (xidmətin) tərifi, onu kimə zaman göstərmək lazımdır? - Natiq öz məqsədi üçün bu anlayışdan necə istifadə edə bilər?
Xeyirxahlığın nə olduğunu müəyyənləşdirəndən sonra aydın olacaq ki, insanlar kimə, nəyə görə və hansı vəziyyətdə minnətdar olurlar. Qoy xeyirxahlıq (charis), yəni, onu həyata keçirən insana xeyirxahlıq etdiyini deməyə imkan verən hərəkət, ehtiyacı olan insana edilən xidmət olsun, amma bu xidmət başqa bir xidmətin əvəzi kimi və onu göstərən adama müəyyən mənfəət gətirmək üçün deyil, xidmət göstərilən adamın mənfəəti üçün göstərilir.

Əgər xidmət ona çox ehtiyacı olan adama göstərilirsə, ya da vacib və çətin şeylərə toxunursa, ya da o məhz müəyyən bir momentdə göstərilibsə, ya da xidməti göstərən adam onu birinci, ya tək, ya da daha böyük səviyyədə göstəribsə onda bu mühüm xidmətdir. Ehtiyac müəyyən bir şeyə can atmaqdır, xüsusilə elə şeylərə ki, onların yoxluğu müəy­yən əzablara səbəb olur: ehtiraslar, məsələn, məhəbbət belədir, eləcə də insanın fiziki əzablar və təhlükələr zamanı hiss etdiyi ehtiraslar da belədir, ona görə ki, təhlükəyə məruz qalan və əzab çəkən insan onlardan qaçınmaq üçün ehtiraslı arzu hiss edir. Məhz buna görə yoxsulluq və ya sürgün zamanı insanın köməyinə gələn insanlar hətta onların köməyi cüzi olsa belə xidmət göstərmiş hesab olunurlar, ona görə ki, ehtiyac böyük və vaxt isə qiymətlidir; məsələn, Likeyada həsir21 vermiş adam belə hərəkət etmişdir. Beləliklə, madam insanların kimə, nəyə görə və hansı vəziyyətdə təşəkkür etdikləri aydındır, onda xidmət məhz belə şeylərə, əgər beləsi olmasa, onda onlara bərabər və ya mühüm olanlara aid olmalıdır, bəzi insanların belə ehtiyac və məyusluq içində olduğunu və başqalarının isə onlara belə ehtiyacı aradan qaldırmaq üçün yardım etmiş olduğunu və etdiyini göstərərək buradan bir nəticə çıxarmağın lazım olduğu aydındır. Həm də, xidmətin əhəmiyyətini necə aradan götürmək və insanı təşəkkür etməkdən azad etmək üçün nə etmək lazım olduğu da aydındır: demək olar ki, bu adamlar ya xidməti öz şəxsi mənfəətlərinə görə ediblər (bu isə dediyimiz kimi xidmət deyil), ya da onlar şərait ilə əlaqədar belə hərəkət ediblər, ya da belə hərəkət etməyə məcbur idilər, ya da onlar xidməti sadəcə olaraq etməyiblər, müəyyən bir fikirlə, ya da fikirsiz etməyə məcbur qalıblar, hər iki halda xidmət başqa bir şeyin naminə göstərilib, buna görə də xidmət kimi adlandırıla bilməz.

Bu zaman bütün kateqoriyaları nəzərə almaq lazımdır, ona görə ki, madam xidmət filan şeydir və ya filan həcmdədir, ya da hər hansı keyfiyyətlərə malikdir, ya da nə vaxt isə, ya da harda isə baş veribsə, onda xidmət elə xidmətdir.

Sübut kimi belə mülahizələri göstərmək olar ki, daha az vacib olan halda bizə xidməti göstərmədilər, ya da düşmənlər üçün eyni şeyi və ya nə isə ona bərabər şeyi etdilər, ya da ondan böyük xidməti göstərdilər, çünki, bunun özünün də bizim özümüzə görə edilmədiyi aydındır, ya da əgər şüurlu şəkildə nə isə pis bir şey edilibsə də, heç kəs pis şeylərə ehtiyacı olduğunu boynuna almaz.


8. Əzabın tərifi. – Bu hissi kim keçirə bilər keçirə bilməz? – Kim rəhm hissi yarada bilər?
Beləliklə, biz, xeyirxahlıq etməyin və etməməyin nə olduğu barəsində də danışdıq.

İndi isə bizdə rəhm (eleos) yaradan şeylər haqqında, kimə və hansı vəziyyətdə olarkən rəhm hiss etməyimiz barəsində danışaq. Qoy rəhmi insanı layiq olmadığı halda yaxalayan, nəticəsi ölüm, ya da ziyan olan, bizim özümüzü, ya da bizə yaxın olanları yaxalaya biləcək və həm də çox yaxında görünən fəlakətin görünüşü qarşısında yaranan müəyyən qəbildən olan qəmginlik hesab edək. Axı, aydındır ki, insan rəhmi hiss etmək üçün, hesab etməlidir ki, onun özünün, ya da yaxınlarından birinin göstərdiyimiz şəkildə, ya da ona oxşar şəkildə, ya da ona yaxın şəkildə fəlakətə düşməyi mümkündür.22 Ona görə də tamamilə məhv olmuş adamlar rəhm hiss etmirlər; onlar hesab edirlər ki, daha başlarına bundan artıq şey gələ bilməz, çünki artıq olan olub; eləcə də özlərini tam xoşbəxt hesab edən insanlar da rəhm hiss etmirlər, amma özlərini təkəbbürlü aparırlar: madam onlar özlərini bütün nemətlərə sahib hesab edirlər, onda heç bir pisliyə məruz qalmamaq kimi nemətə də sahibdirlər, çünki, bu da nemətlərin sırasına daxildir. Özlərinin zərər çəkə biləcəyinin mümkün olduğunu hesab edənlərin sırasına isə artıq zərər çəkmiş və ölümdən qurtarmış insanlar, düşüncə və təcrübə cəhətdən daha yetkin insanlar, zəif adamlar və daha çox qorxaq adamlar, eləcə də savadlı adamlar (çünki belə adamlar düzgün düşünürlər) daxildir. Valideynləri, ya da uşaqları, ya da arvadları olanlar da bu sıraya daxildir, çünki, onların hamısı bizə yaxındır və qeyd olunmuş fəlakətlərə düçar ola bilərlər. Həm mərd ehtirasların (məsələn, qəzəb və cəsurluğun) təsiri altında olmayan, həm də yüksək təkəbbürlü əhval-ruhiyyədə olmayan adamlar nə gələcəyi, nə də zərər çəkə biləcəklərini düşünmürlər, amma öz ovqatlarına görə onlar orta mövqe tuturlar. Buraya həm də tam qorxunun təsiri altında olan insanlar da daxildir, çünki, qorxu keçirmiş insanların başı öz şəxsi vəziyyətlərinə qarışdığı üçün onlar rəhm hiss etmirlər. Rəhm hissini ancaq elə insanlar hiss edir ki, onlar müəyyən adamları yaxşı hesab etsinlər, çünki, heç kimi yaxşı hesab etməyən insan hamını bədbəxtliyə layiq hesab edəcək. Ümumiyyətlə, biz elə şəraitdə rəhm edirik ki, bu vaxt bizim, ya da bizə yaxın adamların məruz qaldığı bənzər fəlakəti yada salaq, ya da onun bizim və ya bizə yaxın adamların başına gələcəyini düşünək.

Beləliklə, biz insanların hansı vəziyyətdə rəhm hiss etdiklərini dedik. Bizdə rəhm hissini oyadan şeylərə gəldikdə isə onlar tərifdən məlumdur: məhvə səbəb olacaq bütün dərdli və əzablı şeylər, eləcə də insanın həyatına son qoya biləcək şeylər rəhm hissini oyadır; buraya həm də təsadüf nəticəsində baş verən bütün böyük fəlakətlər daxildir.

Əzablı və ardınca ölüm gətirən şeylər sırasına müxtəlif qəbildən olan ölümlər, yaralar, döyülməklər, qocalıq, xəstəliklər və aclıq daxildir, təsadüfən baş verənlərin sırasına isə dostların olmaması və ya az sayda olması daxildir; dostlar və yaxınlar ilə məcburi ayrılıq, rüsvayçılıq, zəiflik, şikəstlik, bəlanın məhz yaxşı bir şey gözlədiyin tərəfdən gəlməsi, eyni bir bəlanın tez-tez təkrarı, artıq dərd çəkmiş insana nemətin yetişməsi də (məsələn, Diopifin ölümündən sonra İran şahının göndərdiyi hədiyyələrin ona çatması), nəhayət, elə vəziyyət də rəhm hissi yaradır ki, ya heç bir yaxşı şey olmur, ya da o vaxt olur ki, artıq ondan istifadə etmək mümkün deyil.



Belə və buna bənzər şeylər rəhm hissini yaradır. Biz tanış adamlara qarşı rəhm hiss edirik, əlbəttə ki, əgər onlar bizə çox yaxındırlarsa. Çox yaxınlara isə biz elə yanaşırıq ki, elə bil bu bədbəxtlik öz başımıza gəlib; deyilənlərə görə Amazis24 də məhz buna görə oğlunun edam olunmağa aparıldığını görərkən ağlamır, amma sədəqə diləyən dostunu görərkən ağlayır: sonuncu onda rəhm, əvvəlki isə dəhşət hissi yaratmışdır. Dəhşətli olan rəhm doğuran şeydən fərqlidir, o, rəhm hissini məhv edir və çox vaxt əks ehtirasların yaranmasına səbəb olur. Bədbəxtlik bizim özümüzə yaxın olan zaman da biz rəhm hiss edirik. Biz elə adamlara qarşı rəhm hiss edirik ki, onlar yaş, xarakter, qabiliyyət, mənşə və vəziyyətinə görə bizə uyğun olsun, çünki, bütün belə adamları görəndə bizə elə gəlir ki, eyni şey bizim də başımıza gələ bilər. Ümumiyyətlə, burada da qeyd etmək lazımdır ki, biz elə adamlara qarşı rəhm hiss edirik ki, özümüz üçün qorxduğumuz şey onların başına gəlsin.25 Əgər yaxın görünən əzab-əziyyətlər rəhm hissi yaradırsa, on min il əvvəl olmuş və ya on min il sonra olacaqlar, ya tamam rəhm hissini oyatmır, ya da əhəmiyyətsiz dərəcədə oyadır, çünki, gələcəkdə olanları görməyəcəyik, keçmişdə olanlar isə yadımızdan çıxıb, onda buradan belə bir nəticə çıxır ki, öz görkəmləri, səsi, libası və ümumiyyətlə oyunu ilə təəssürat yaradan adamlar güclü dərəcədə rəhm hissi oyada bilərlər, belə ki, onlar adamların gözü qarşısında olub-keçmiş və ya olacaq hər hansı bir bədbəxtliyi təsvir edərkən ona nail olurlar ki, o, çox yaxın görünür. Yaxınlarda baş vermiş və tezliklə baş verəcək bədbəxtliklər də rəhm hissini kifayət qədər oyada bilir. Buna görə də biz bədbəxtliyin əlamətlərinə görə, məsələn, bədbəxtliyə düçar olmuş insanların paltarına və buna oxşar şeylərə görə və dərdli insanların, məsələn, artıq can verənlərin söz və hərəkətlərinə görə də rəhm hiss edirik. Yaxşı
insan­lar belə vəziyyətdə olanda isə biz xüsusi olaraq rəhm hiss edirik. Bütün bu səbəblər bizdə rəhm hissini gücləndirir, çünki, belə hallarda bəla bizə yaxın və bizə layiq olmayan bir şey kimi görünür və bundan başqa o, bizim gözümüzün qabağında olur.
9. Hiddətin tərifi, hiddətin paxıllığa münasibəti. – Kim üçün insanlarda hiddət hissi yaradır? - Hansı əhvali-ruhiyyədə insanlar asanlıqla hiddətlənirlər? – Natiq bu anlayışdan öz məqsədi üçün necə istifadə edə bilər?
Təəssüf hissinə əsasən hiddət hissi əks kimi götürülür, çünki, haqsız yerdə bədbəxtliklərə məruz qalanları görəndə yaranan qəm hissinə əks olan hiss haqsız xoşbəxtliyə görə yaranan qəm hissidir. Bu ehtirasların hər ikisi vicdanlı xarakterə xas olan şeylərdir, çünki, haqsız olaraq bədbəxt olan adamları görərkən qəm və rəhm hiss etmək və haqsız olaraq xoşbəxt yaşayan adamlara qarşı isə hiddətlənmək vacibdir, belə ki, layiq olmadan almaq ədalətsizlikdir; məhz buna görə biz hiddət hissini tanrılara da aid edirik. Elə görünə bilər ki, belə olan şəkildə paxıllıq hiddətlənməyə yaxın və ona bərabər bir anlayış kimi rəhm hissinə əksdir, əslində paxıllıq tamam ayrı bir şeydir: paxıllıq eynilə bizi narahat edən qəmdir, o, xoşbəxtliyi görəndə yaranır, amma ona layiq olmayan adama qarşı deyil, bizə bərabər və uyğun insanın xoşbəxtliyinə qarşı yaranır. Bütün bu anlayışlar üçün eyni olan bir fikir var ki, onlar bizə yaxın olan adamlara toxunur və bundan bizim başımıza pis bir şey gələcəyini nəzərə almır, çünki, əgər pis adamın xoşbəxt yaşaması nəticəsində bizim başımıza pis bir şeyin gələcəyindən bizdə narahatlıq, ya da kədər hissi yaranırsa, bu artıq hiddət və paxıllıq deyil, qorxu hissi olacaq. Aydındır ki, bu ehtiraslar ilə əlaqədə onlara əks olan ehtiraslar var: haqsız yerə dərd çəkən insanları görüb dilxor olmuş insan əks qəbildən olan adamların dərd çəkməyini görəndə sevinəcək, ya da kədərlənməyəcək, məsələn, heç bir düz adam qatillərin və ya ata qatillərinin cəza aldığı zaman dilxor olmayacaq, çünki, belə halda biz sevinməliyik, eynilə belə, layiq olduqları xoşbəxtliyə çatan adamları da görəndə sevinməliyik, bunların hər ikisi ədalətlidir və yaxşı adamı sevinməyə məcbur edir, çünki, bu zaman insanda ona bərabər olanın bəxtinə düşmüş şeyin mütləq onun da bəxtinə düşəcəyinə ümid yaranır. Bütün bu cizgilər eyni bir xarakterə xas olanları göstərir, əks olanlar isə əks xarakterə xas olan­ları, ona görə ki, eyni bir adam həm bədxah, həm də paxıl olur, hər hansı bir şeyin həyata keçirilməsinə və mövcudluğuna dilxor olan kəs, mütləq həmin şeyin məhvinə və ya olmamasına sevinəcək. Buna görə də bütün bu ehtiraslar rəhm hissinin yaranmasına mane olur; onlar yuxarıda göstərilən səbəblərə görə fərqlənirlər, odur ki, rəhm hissini oyatmamaq üçün hər şey etməyə yararlıdırlar. Hər şeydən əvvəl hiddətlənmək haqqında, yəni kimə, nəyə görə və hansı vəziyyətdə insanların hiddətləndiyi haqqında, sonra isə qalan şeylər barəsində danışaq. Deyilənlərdən aydındır ki, əgər hiddətlənmək haqqı olmayan kimi görünən xoşbəxtliyin qarşısında kədərlənməkdirsə, onda hər şeydən əvvəl aşkardır ki, hər cür xoşbəxtliyə qarşı hiddətlənmək olmaz: biz o insana qarşı hiddətlənməyəcəyik ki, o, ədalətli, mərd və ya məziyyətlərə sahib olsun, eləcə də bunlara əks xarakterdə olan insanlara qarşı da rəhm hiss etməyəcəyik; hiddət ancaq yaxşı adamların və təbiətin pay verdiyi nemətlərə (bura alicənab mənşə, gözəllik və buna bənzər şeylər daxildir) sahib insanların layiq olduğu var-dövləti, qüdrəti görəndə yaranır. Amma, çoxdan mövcud olan şeyi biz müəyyən qədər təbii bir şey kimi qəbul etdiyimiz üçün, insanlar həmin nemətə təzəlikcə sahib olmuş və nəticədə xoşbəxt yaşayanlara qarşı daha çox hiddətlənirlər; təzəliklə varlanmış adamlar çoxdan, nəsildən-nəslə var-dövlətə sahib olan adamlara nisbətən daha çox dilxorluq yaradırlar; eyni şeyi hakimiyyətə, qüdrətə, çoxlu dosta, yaxşı övladlara və başqa buna bənzər nemətlərə sahib olan adamlar haqqında da demək olar. Hər hansı bir nemət sayəsində başqa bir nemətin ələ gəlməsi halında da eynilə belə olur, buna görə də təzəlikcə varlanmış adamların öz varları sayəsində hakimiyyəti əldə etmələri və ata-babadan varlı olanların isə hakimiyyətdən kənarda qalmaları adamları çox dilxor edir. Başqa hallarda da eynilə belə olur və bunun səbəbi ondadır ki, ikincilər öz mülkiyyətlərinə sahib olan adam görkəminə malik kimi görünürlər, birincilər isə yox; həmişə eyni görkəmdə olan həqiqi kimi görünür, buna görə də adını çəkdiyimiz adamlardan birincilərin onların mülkiyyətində olan şeylərə sahib olan adam görkəmi yoxdur. Heç də hər bir nemət hər bir adama layiq deyil, amma burada müəyyən analogiya və uyğunluq var, məsələn, gözəl silah ədalətli deyil, cəsur adam üçündür, onda, əla tərəf-müqabilə malik olmaq təzəcə varlanmış adamlara deyil, alicənab mənşəli insanlara daha çox uyğundur; əgər yaxşı insanın bəxtinə nə isə uyğun olmayan bir şey düşürsə, bu çox təəssüf yaradır, əgər zəif daha güclü adamla çəkişirsə, xüsusən onlar eyni vəziyyətdədirsə, bu da eynilə təəssüfləndiricidir, buna görə də deyilib:
Telemonun oğlu Ayaksla döyüşməkdən qaçınırdı:

Əgər o, güclü kişi ilə döyüşsəydi, Zevsi qəzəbləndirərdi27


Əgər bu belə deyilsə də, nədə olur olsun, daha zəif insan daha güclü insanla çəkişəndə, məsələn, musiqiçi ədalətli adam ilə çəkişəndə adam təəssüflənir, çünki, ədalət musiqidən üstündür.

Deyilənlərdən aydındır ki, insanlar kimə və nəyə görə hiddətlənirlər: bu bizim göstərdiyimiz və onlara uyğun hallarda olur. İnsanların özləri isə o halda hiddətlənirlər ki, onlar böyük nemətlərə layiq olsunlar və onlara sahib olsunlar, çünki, öz aralarında bərabər olmayan insanların eyni nemətlərə layiq olması ədalətsizdir. İkincisi, vicdanlı və ciddi insanlar daha tez hiddətlənirlər, ona görə ki, onlar düzgün mülahizələrə malikdirlər və bütün ədalətsiz olanlara nifrət edirlər; bundan başqa hər hansı bir məqsədə can atan şöhrətpərəst insanlar can atdıqları şeyin ona layiq olmayan insanlara çatdığını görəndə hiddətlənirlər. Ümumiyyətlə, özlərini bir şeyə layiq bilən insanlar başqalarını həmin şeyə layiq bilmirlər və buna görə də onlara qarşı asanlıqla hiddətlənirlər. Buna görə də qul qəlbli, alçaq, şərəfsiz insanlşar asanlıqla hiddətlənmirlər, ona görə ki, onların özlərinə layiq bildikləri elə bir şey yoxdur.

Deyilənlərdən aydındır ki, hansı qəbildən olan insanların bədbəxtliyi, fəlakəti və uğursuzluğu başqalarını sevindirəcək və ya dilxor etməyəcək, çünki, şərh olunmuşlardan ona əks olanlar aydın görünür; əgər nitq hakimlərdə belə əhvali-ruhiyyə yaratsa və göstərsə ki, mərhəmət diləyən insanlar və onların nəyin xatirinə mərhəmət diləməsi buna layiq deyil, onda onlara qarşı mərhəmətli olmaq mümkün olmayacaq.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin