13. Ədalətin və ədalətsizliyin müəyyən olunmasının ikitərəfli üsulu. - Xüsusi qanun və ümumi qanun. – Ədalətsiz hərəkətlərin iki kAteqoriyası. – Yazılmamış qanunların iki növü. – Həqiqət anlayışı.
Ədalətsiz hərəkət edən adamların əhval-ruhiyyəsi haqqında ədalətsizliyə məruz qalan şəxslər və əşyalar haqqında və onların baş verməsinin səbəbləri haqqında göstərə biləcəyimiz bütün mülahizələr təqribən bunlardır. Hər şeydən əvvəl ədalət ilə uzlaşan və uzlaşmayan, hər qisimdən olan hərəkətləri araşdıraq.
Ədalət və ədalətsizlik anlayışları ikitərəfli iki üsulla müəyyənləşdirilir: qanunun iki kateqoriyasına uyğun və onların toxunduğu insanlara uyğun. Mən təsdiq edirəm ki, xüsusi qanun və ümumi qanun mövcuddur.84 Mən elə qanunu xüsusi adlandırıram ki, onu hər bir xalq özü üçün qoyub; bu qanun həm yazılmış, həm də yazılmamış olur.85 Təbii qanunu isə mən ümumi qanun adlandırıram. Hamı üçün ümumi, öz təbiətinə görə ədalətli və ədalətsiz elə bir şey var ki, bütün xalqlar tərəfindən olduğu kimi qəbul olunur, baxmayaraq ki, bu barədə onların arasında heç bir saziş və hətta heç bir əlaqə yoxdur. Yəqin ki, qadağan olunmasına baxmayaraq Polinikin cənazəsinin basdırılmasına tamamilə razı olduğunu təsdiqləyən Antiqona məhz belə növ ədaləti nəzərdə tuturdu86, belə ki, bu yaranmış hal təbii ədalət sahəsinə aiddir.
O, nə bu gün, nə də dünən yaranıb;
o, əbədi yaşayır və heç kəs deyə bilməz ki, o, gəlib.87
Bu əsasda Emnedokl bütün canlı məxluqları öldürməyi qadağan edir; belə növdən olan hərəkət bəzilərinin gözündə ədalətli, digərlərinin gözündə isə ədalətsiz görünə bilməz; amma bu qanun bütün insanlar üçün məcburi olaraq bütün geniş efir və ölçüsüz yer məkanında qüvvəyə malikdir.88
Alkidamant öz Messena nitqində də eyni şeyi deyir.89 Cinayətlər törədildiyi şəxslərə qarşı münasibətdə ikitərəfli qaydada müəyyən olunur: nə etmək lazımdır və nə etmək lazım deyil, bütün cəmiyyətə aid ola bilən, ya da onun bir üzvünə aid ola bilər; buna uyğun olaraq ədalətlə uzlaşan və ona əks olan hərəkətlər də iki növdən ola bilər: onlar ya bir müəyyən şəxsə, ya da bütöv cəmiyyətə aid ola bilər; zinakarlıq və adam döyən insan hər hansı bir müəyyən şəxsə qarşı ədalətsizlik edir, hərbi qulluqdan yayınan insan isə bütün cəmiyyətə qarşı ədalətsiz hərəkət edir.
Beləliklə, bütün ədalətsiz hərəkətləri bütövlükdə cəmiyyətə aid olan və cəmiyyətin bir və ya bir neçə üzvünə aid olan hərəkətlərə böldükdən sonra ədalətsizliyin obyekti olmağın nə olduğu məsələsinə qayıdaq. Ədalətsizliyin obyekti olmaq bunu özbaşına olaraq edən şəxs tərəfindən ədalətsizliyə məruz qalmaq deməkdir, belə ki, biz daha əvvəl90 ədalətsizliyin törədilməsini özbaşınalıq kimi müəyyən etmişdik. Ədalətsiz hərəkətin obyekti mütləq haqsızlığa məruz qalır və həm də öz istəyinə zidd olaraq, haqsızlıq anlayışı yuxarıda deyilənlərdən aydındır (çünki, biz yuxarıda öz-özünə xeyir və şərin nə olduğunu müəyyən etmişdik), eləcə də özbaşınalıq (biz demişdik ki, insanın bilə-bilə etdiyi bütün hərəkətlər özbaşınalıqdır91) anlayışının nə olduğu da aydındır.
Beləliklə, bütün hərəkətlər zəruri olaraq ya bütün cəmiyyətə, ya da onun ayrıca üzvünə aid olur və insan tərəfindən ya tam xəbərsiz və istəyinə zidd olaraq, ya da könüllü və tam şüurlu surətdə həyata keçirilir, bu son hərəkətlərdən bəziləri qəsdən, digərləri isə affekt halında törədilir.
Qəzəb haqqında biz ehtiraslar haqqında traktatda danışacağıq, insanların nəyi bilərəkdən və hansı əhval-ruhiyyəyə belə etdiyi haqqında əvvəl danışmışdıq.92
Çox vaxt insanlar məlum hərəkəti törətdiklərini boyunlarına alsalar da, hərəkətin məlum qiymətləndirilməsi və qiymətləndirilmənin özü ilə razılaşmırlar, məsələn, insan təsdiq edir ki, o, nəyi isə götürüb, amma oğurlamayıb və ya o, birinci vurub, amma təhqir etməyib, ya da kimilə isə əlaqədə olub, amma zina etməyib, ya da oğurluq edib, amma küfr etməyib, ona görə ki, onun oğurladığı Allaha məxsus deyil, ya da, o, başqasının tarlasını şumlayıb, amma bu tarla ictimai deyil, ya da o, düşmənlərlə əlaqədə olsa da, xəyanət etməyib – bütün buna bənzər halları nəzərə alaraq müəyyən etmək lazımdır ki, oğurluq, təhqir, zina nə deməkdir, bu onun üçün lazımdır ki, biz nəyin isə olduğunu, ya da nəyin isə olmadığını sübut etmək istədiyimiz haqqında həqiqəti aşkara çıxaraq.
Bütün oxşar hallarda əsas məsələ odur ki, məlum hadisə ədalətsiz və pisdir, ya yox: axı, insanın ədalətsizliyi və yararsızlığı niyyətində olur, təhqir və oğurluq kimi ifadələr isə qabaqcadan niyyətin olduğunu göstərir: heç də həmişə başqa adamı vuran adam bununla onu təhqir etmiş olmur, bu o zaman düz olar ki, o, bunu başqa bir məqsədlə etsin, məsələn, öz-özünə ləzzət vermək üçün, heç də həmişə nəyi isə gizli şəkildə götürmüş adam oğurluq etmiş olmur, bu ancaq o zaman olur ki, o, bunu edəndə başqasına zərər vurmaq və götürülmüş şeyi mənimsəmək arzusunda olsun.
Başqa hallara münasibətdə demək olar ki, onlar nəzərdən keçirdiyimiz hallar kimidir.
Ədalətli və ədalətsiz olanlar iki növ olduğu üçün və yazılı qanunların nə barəsində bəhs etdiyini artıq dediyimiz üçün, onda bizə ancaq yazılmamış qanunlardan danışmaq qalır. Onlar iki qəbildən olur: onlardan bəziləri məziyyət və nöqsanların ifrat büruzə verilməsini nəzərdə tutur ki, onlarla tərif və məzəmmət, şərəfsizlik və şan-şöhrət, ümumi hörmətin izharı buna xeyirxahlara münasibətdə minnətdarlıq, yaxşılığa yaxşılıqla cavab vermək, dostlara kömək və s. daxildir – bağlıdır. Yazılmamış qanunların yerdə qalanları isə xüsusi yazılmış qanunda olan çatışmamazlıqları doldurur, belə ki, həqiqət ədalətin sahəsinə aid edildiyinə görə yazılmış qanunlara baxmayaraq ədalətli olan bir şeydir.
Yazılı qanunda olan belə çatışmamazlıqlara bəzən qanunvericilər tərəfindən könüllü şəkildə yer verilir, bəzən isə bu onların iradəsinə zidd şəkildə olur: qanunun çatışmamazlıqları onların nəzərindən qaçanda bu iradəyə zidd olur, onlar əldə olan hadisəyə dair heç bir təlimat verə bilməyəndə isə bu könüllü olur, ona görə ki, onların qərarı ümumilik xarakteri daşımalıdır. Verilmiş hal isə həmişə olana deyil, əksər hallarda olana aiddir. Eyni şeyi o hallara aid də demək olar ki, onların barəsində hər hansı bir göstəriş vermək çətindir, çünki onlar çox hədsizdir, məsələn, dəmir ilə xəsarət yetirməyi qadağan etməklə müəyyən etmək çətindir ki, bu qadağan hansı uzunluqda və məhz necə dəmiri nəzərdə tutur: belə hesablamalar üçün heç insan həyatı çatmaz.
Beləliklə, nə vaxt ki, dəqiq qərar vermək mümkün deyil, bununla belə qanunverici qərar çıxarmaq zəruridir. Belə hallarda ümumi ifadələr işlətmək lazımdır. Buradan belə nəticə çıxır ki, əgər əlində dəmir üzük olan kim isə başqa adama əl qaldırırsa, ya da ona zərbə vurursa, onda yazılı qanuna görə o, təqsirkardır və ədalətsiz hərəkət edir – həqiqət məhz budur.
Əgər bizim tərəfimizdən anlayış həqiqət anlayışıdırsa, onda buradan aydın olur ki, həqiqətə uyğun olan və ona uyğun olmayan nədir və hansı insanlar həqiqət anlayışına (oycepieiceis) uyğun gəlmir. Mərhəmətə layiq hər şey həqiqət anlayışına uyğundur. Bundan başqa, həqiqət səhvlərə, ədalətsiz hərəkətlərə və bədbəxt hadisələrə eyni qiymət verməməyi tələb edir. Bədbəxtliklərin sırasına bütün niyyətsiz və heç bir pis fikir olmadan baş verən hadisələr aiddir; səhv nəticəsində baş verən bədbəxt hadisələrin sırasına isə nöqsan nəticəsində deyil, niyyət nəticəsində baş verənlər daxildir; ədalətsiz hərəkətlər sırasına isə həm niyyət, həm də nöqsanlılıq nəticəsində baş verən bütün hadisələr daxildir, ona görə ki, ehtirasın təsiri altında edilən hər şey nöqsan hesab olunur.
Həqiqət ondadır ki, insanın zəiflikləri bağışlansın, həm də ondadır ki, qanun deyil, qanunverici, qanunun hər nöqtəsi deyil, qanunvericinin fikri nəzərdə tutulsun, hərəkətin özünü deyil, onu edən insanın niyyətini, özü də bir hissəsini deyil, bütövlükdə nəzərdə tutsun, ona görə ki, diqqəti məlum hadisədə insanın özünü necə göstərməsinə deyil, onun həmişə, ya da əksər hallarda necə olmasına versin. Həqiqət həm də ondadır ki, edilmiş yaxşılıq çəkilmiş pislikdən tez yaddan çıxmasın, bizə edilmiş yaxşılığı da etdiyimiz yaxşılıqdan daha tez yaddan çıxartmamalıyıq. Həqiqət həm də ondadır ki, bizə qarşı edilən ədalətsizliklərə səbirlə dözək və əməllə deyil, sözlə məhkəmə quraq, nəhayət, ictimai məhkəmədənsə, münsiflər məhkəməsinə müraciət edək, ona görə ki, münsif həqiqət, hakim isə qanun haqqında fikirləşir; münsiflər məhkəməsi məhz ona görə yaradılıb ki, həqiqət zəfər çalsın.
İKİNCİ KİTAB
1. Ritorikanın məqsədi. – Nitqə inandırıcı xarakter verən şərtlər. – Natiqə qarşı inam yaradan səbəblər. – Ehtirasın tərifi. - Hər bir ehtirası nəzərdən keçirmək üçün lazım olan üç nöqteyi-nəzər.
Beləliklə, bu əsaslara istinad edərək nəyə isə təhrik etmək və ya nədən isə çəkindirmək, tərifləmək və pisləmək, günahlandırmaq və bəraət qazandırmaq lazımdır, bu təsəvvür və müddəalar isə dəlillərin sübutuna yardım göstərir, ona görə ki, onlara görə və onların köməyi ilə entimemalar qurulur, bunu hər qəbildən olan nitqlərin hər biri üçün demək olar. Ritorikanın özü qərarın (crisis) çıxarılması üçün mövcud olduğundan – axı həm məşvərətçi işlərdə müəyyən qərara gəlirlər və məhkəmə də həmçinin öz qərarını çıxarır, - buna görə təkcə nitqin sübutedici və inam yaradıcı olmasının qayğısına qalmaq lazım deyil, həm də özünü müəyyən xarakterli insan kimi göstərmək və hakimdə müəyyən üsulla əhval-ruhiyyə yaratmaq lazımdır, ona görə ki, nitqin inandırıcı olması üçün çox vacibdir ki, (xüsusilə məşvərətçi nitqlərdə, daha sonra məhkəmə nitqlərində), natiq müəyyən xarakterli olsun və dinləyicilər başa düşsünlər ki, o, onlara qarşı müəyyən qaydada yanaşır, eləcə də, dinləyicilər ona qarşı müəyyən qaydada rəğbət göstərsinlər. Özünü müəyyən xarakterli insan kimi göstərmək natiq üçün məşvərətçi nitqlər də faydalıdır, dinləyicilərdə müəyyən münasibət yaratmaq isə məhkəmə nitqlərində faydalıdır, ona görə ki, iş sevginin təsiri altında olana, qəzəbin idarə etdiyi adama, hirslənəndə, mülayim əhvallıya eyni cür görünməyəcək, ya tamam müxtəlif, ya da əhəmiyyətinə görə müxtəlif görünəcək. İnsan mühakimə etdiyinə sevgi ilə yanaşanda ona elə gəlir ki, o, ya tamam təqsirsizdir, ya da az təqsirlidir; əgər ona nifrət edirsə, onda ona elə gəlir ki, o, müqəssirdir; insan onun üçün xoş olan nəyə isə can atanda və ya nəyə isə ümid bəsləyəndə, ona elə gəlir ki, bu olacaq və yaxşı olacaq, biganə və narazı adama isə hər şey tərsinə görünəcək. Danışana qarşı inam yaradan üç səbəb mövcuddur, ona görə ki, qüvvəsinə sübutsuz inandığımız məhz bu qədər şey var – bu şüur, məziyyət və rəğbətdir; insanlar dediklərində və məsləhət verdiklərində səhv edirlər, bunu ya bu səbəblərin cəm halında hamısına görə, ya da onların ayrılıqda birinə görə edirlər, onlar ya öz düşüncəsizliyinə görə, ya da düzgün düşünməyərək, ya da düzgün düşünərək, amma öz mənəvi yaramazlıqları nəticəsində düşündüklərini demirlər, ya da, nəhayət, onlar ağıllı və vicdanlıdırlar, rəğbət bəsləmirlər, axı niyə bildiyin halda ən yaxşı məsləhəti verməməyin mümkündür? Bu üç səbəbdən başqa heç biri yoxdur. Beləliklə, əgər dinləyicilərə elə gəlsə ki, natiq bütün bu keyfiyyətlərə malikdir, onlar mütləq ona qarşı inam hiss edəcəklər. İnsanların niyə ağıllı və mənəvi cəhətdən yaxşı görünə bilməsinin səbəbini bilmək üçün məziyyətlər haqqında traktata müraciət etmək lazımdır1, ona görə ki, eyni bir üsul ilə həm özünü, həm də başqa adamı müəyyən xarakterli insan etmək olar; rəğbət və dostluq haqqında isə ehtiraslar haqqında traktatda danışmaq lazımdır2. Ehtiraslar elə şeylərdir ki, onların təsiri altında adamlar öz qərarlarını dəyişdirir, onlarla razılıq və narazılıq hissləri, məsələn, qəzəb, mərhəmət, qorxu və bütün buna bənzəyən və əks olan hisslər bağlıdır. Onların hər birinə üç nöqteyi-nəzərdən baxmaq lazımdır, məsələn, qəzəb: insanlar hansı vəziyyətdə qəzəblənirlər, adətən kimə qarşı qəzəblənirlər və nəyə görə. Əgər biz bu bəndlərdən hamısını deyil, birini və ya ikisini aydınlaşdırsaq, qəzəbi oyada bilmərik; başqa ehtiraslar haqqında da eynilə belə demək olar. Yuxarıda söz açdığımıza münasibətdə biz ümumi prinsipləri qeyd etmişdik, biz burada da bunu edərək, ehtirasları yuxarıda göstərilmiş üsulla nəzərdən keçirəcəyik.
2. Qəzəbin tərifi. – Etinasızlığın tərifi; onun üç növü. – İnsanların qəzəbləndiyi vəziyyət. İnsanlar kimə və nəyə görə qəzəblənirlər? – Natiq öz məqsədi üçün ehtirasdan necə istifadə etməlidir?
Qoy qəzəbə (orge) belə tərif verilsin: - qəzəb etinasızlıq etmək lazım olmadığı halda ya bizim özümüzə, ya da bizim malik olduqlarımıza etinasızlıq kimi göstərilənin əvəzinə cəza kimi verilən şeyə narazılıqla qarışıq can atmaqdır. Əgər qəzəb anlayışı belədirsə, onda qəzəblənən insan həmişə mütləq hər hansı bir müəyyən insana qarşı qəzəblənir, məsələn, ümumiyyətlə insana qarşı deyil, Kleona qarşı qəzəblənir və ona görə qəzəblənir ki, bu adam qəzəblənən adama, ya da onun yaxın adamlarından birinə qarşı nə isə edib və ya etmək istəyib; qəzəb həmişə müəyyən məmnunluq hissi ilə bağlıdır, bu cəza vermək ümidi ilə əlaqədardır, belə ki, can atdığın şeyə çatacağını düşünmək xoşdur. Heç kəs ona qeyri-mümkün görünən şeyə can atmır, qəzəblənən adam da ona mümkün kimi görünənə can atır. Buna görə də qəzəb haqqında yaxşı deyilib:
Baldan da şirin olan o, insanın sinəsinə axır
Bundan sonra isə sinədə tonqal kimi tüstülənir.3
Bundan bir növ məmnunluq baş verir və bu həm də ona görə baş verir ki, insan qisas fikri ilə yaşayır; bu halda edilən təsəvvür yuxuda görünən təsəvvür kimi məmnunluq verir.
Amma, etinasızlıq bizə dəyərsiz görünənə münasibətdə düşüncənin verdiyi qərardır, ona görə ki, xeyir və şəri və onlarla təmasda olanları biz diqqətəlayiq hesab edirik, onlara tamam aid olmayan və ya çox az olan şeyləri biz tamamilə dəyərsiz hesab edirik. Etinasızlığın üç növü var: nifrət, öz bildiyini etmək və təhqir. Nifrəti göstərən adam elə bununla etinasızlığını da aşkar edir, ona görə ki, insanlar onların gözündə əhəmiyyətsiz olan şeylərə nifrət edirlər, əhəmiyyətsiz şeylərə isə insanlar məhəl qoymurlar. Öz bildiyini edən yekəbaş adamda da yəqin ki, nifrət büruzə verir, ona görə ki, öz bildiyini etmək başqalarının arzusuna maneçilik törətməyi özü üçün nəyin isə çatmasına görə deyil, onun başqasına çatmaması üçün maneçilik etməkdir; həm də o, burada özü üçün nə isə almaq məqsədi ilə hərəkət etmədiyinə görə, o, öz rəqibinə qarşı etinasızlıq edir, yəqin ona görə ki, nə özünə qarşı onun ziyan vermək qabiliyyətinə malik olduğunu hesab etmir (əgər belə olsaydı, o, ona etinasızlıq etməzdi, ondan qorxardı) nə də həmin adamın ona müəyyən qədər fayda verəcəyinə inanır (əgər belə olsaydı, o, həmin adamın dostu olmağa çalışardı). Təhqir edən insan da öz etinasızlığını göstərir, ona görə ki, təhqir etmək elə şeyləri etmək və deməkdir ki, onların yönəldiyi adamın xəcalət çəkib utanmasına səbəb olur, həm də bu təhqir olunanı artıq baş verəndən başqa bir şeyə də məruz qoymaq məqsədi ilə deyil, bunu özünün ləzzət almağı məqsədi ilə edir. Eyni şeyə görə eyni şeyi edən adamlar isə təhqir etmir, qisas alırlar. Təhqir edən insanlarda məmnunluq hissi ona görə yaranır ki, onlar, başqalarını təhqir edərkən, bundan öz təsəvvürlərində təhqir olunmuşlardan daha da yüksəyə qalxırlar. Məhz buna görə cavanlar və varlı adamlar asanlıqla təhqir edirlər – onlara elə gəlir ki, təhqir etməklə, daha çox üstünlüyə malik olurlar.
Təhqir həm də başqasının şərəfini alçaltmaq ilə bağlıdır, başqasının şərəfini alçaldan şəxs həm də etina etmir, ona görə ki, nə yaxşı, nə də pis mənada heç bir dəyəri olmayan, heç bir hörmətə malik deyil. Buna görə də Axil qəzəblə deyirdi:
Böyük Atrid Aqamemnon mükafatı
məndən aldı və mənimsədi
Bununla məni çox pis təhqir etdi.
Yenə də:
Argivlilərin içində Aqamemnon məni elə
Hörmətdən saldı ki,
Elə bil ki, mən yeni köçüb gələnəm ya
Da mənfur yadelli.4
Göründüyü kimi, o, məhz buna görə qəzəblənir. İnsanlar özlərinə qarşı hörməti elə adamlardan tələb edirlər ki, mənşə, qüdrət, igidlik sarıdan və ümumiyyətlə bir insanın başqalarından üstün olduğu hər şeydə ondan geridə qalsınlar. Məsələn, necə ki, varlı adam pul sarıdan kasıbdan, mahir natiq isə danışmağı bacarmayandan, əlində hakimiyyəti olan ona tabe olandan və özünü hakimiyyətə layiq hesab edən tabe olmağa layiq olanlardan üstündür. Buna görə də şair deyir:
Hökmdar Kronidin yetişdirməsi olan çarın qəzəbi
ağırdır.
Eləcə də:
Amma, o, qəzəbi aşkarlayana qədər
Qəlbində gizli saxlayır.5
Axı onlar məhz öz üstünlüklərinə görə qəzəblənirlər. Bundan başqa, insan elə şəxslər tərəfindən özünə hörmət edilməsini tələb edir ki, onlardan belə xidmət görməkdə özünü haqlı hesab edir; belə adamlar isə onun qulluq göstərdiyi, ya da qulluğu başqasının vasitəsilə, ya da onun yaxınlarının biri vasitəsilə göstərdiyi, ya da göstərmək istədiyi adamlardır.
Beləliklə, yuxarıda deyilənlərdən artıq aydındır ki, insanlar hansı vəziyyətdə, kimə və nəyə görə qəzəblənirlər. Onlar narazılıq hissi keçirəndə qəzəblənirlər, ona görə ki, narazılıq hiss edən insan nəyə isə can atır. Bu zaman onun hər hansı şeyə, məsələn, susuz adamın susuzluğu yatırmasına, birbaşa əks-təsir göstərməsindən və ya dolayı əks-təsir göstərməsindən asılı olmayaraq, o, eyni şeyi edir, yəni maneçilik törədir.
Əgər kim isə insana mane olursa, ya da yardım göstərmirsə, ya da nə isə başqa şeylə onun zəhləsini tökürsə, onda, o, bu insanların hamısına qarşı qəzəblənir. Buna görə də, xəstə, ac, müharibə aparan, aşiq olmuş, həsrətli insanlar, ümumiyyətlə nəyin isə həsrətini çəkən və ona çatmaq imkanı olmayan insanlar qəzəbli və əsəbi olurlar, bu, onların belə vəziyyətinə laqeyd münasibət bəsləyən adamlara qarşı daha çox olur, məsələn, necə ki, xəstə onun xəstəliyinə qarşı belə münasibətdə olan adamlara, ac isə aclığa belə münasibət göstərənlərə, döyüşən müharibəyə belə münasibət göstərən adamlara, aşiq sevgiyə belə münasibət göstərən adamlara və eyni ilə başqa adamlara da belə münasibət göstərir: hər kəs öz əsil əzabı ilə hər bir insana qarşı qəzəblənməyə hazırdır. İnsan həm də o zaman qəzəblənir ki, gözlədiyinin əksi olan bir şey olsun, ona görə ki, insanın başına qəfil gələn hadisə onu daha çox dilxor edir, eynilə insanın məhz gözlədiyi şey qəfil baş verəndə də, o, həddindən çox sevinir. Buradan aydın olur ki, insanı hansı şərtlər, hansı vaxt, əhval-ruhiyyədə və hansı yaşda qəzəbə daha çox meylli edir, insanlar harada və necə və nə qədər dərəcədə bu şərtlərdən asılı olur və tez qəzəblənirlər.
Beləliklə, insanların hansı vəziyyətdə asanlıqla qəzəbləndiyini araşdıraq. İnsanlar onları ələ salan, onları biabır edən və onlarla zarafat edənlərə qarşı qəzəblənirlər, ona görə ki, belə insanlar onlara qarşı etinasızlıq göstərirlər. İnsanlar həm də elələrinə qarşı qəzəblənirlər ki, etinasızlıq əlamətləri daşıyan hərəkətləri ilə onlara ziyan vururlar, belə hərəkətlər isə mütləq qisas xarakteri daşımayan və onları törədən insanlara fayda verməyən hərəkətlərdir. Ona görə ki, bu hərəkətlər göründüyü kimi etinasızlıq xatirinə edilir. Biz həm də elə insanlara qəzəblənirik ki, onlar bizim böyük əhəmiyyət verdiyimiz şeylər haqqında pis danışır və onlara alçaq nəzərlə baxırlar, məsələn, öz fəlsəfi məşğələləri ilə fəxr edən insanlar kim isə onların fəlsəfəsinə belə münasibət bəsləyən zaman qəzəblənirlər, öz xarici görkəmləri ilə (ideai) fəxr edən insanlar onların xarici görkəminə qarşı kimin isə belə münasibət bəslədiyi zaman və buna bənzər başqa hallarda qəzəblənirlər. Əgər biz şübhələnsək ki, ələ salındığımız şey bizdə tamam yoxdur, ya da cüzi dərəcədə var və ya başqalarına elə gəlir ki, bu bizdə heç yoxdur, onda burada biz daha çox qəzəblənirik. Əgər, biz hesab etsək ki, ələ salındığımız şey bizdə artıqlaması ilə var, onda biz rişxəndlərə fikir vermirik. Belə hallarda biz dostlarımıza başqalarından daha çox qəzəblənirik, ona görə ki, onların tərəfindən pislik görməkdənsə, yaxşılığı görməyi daha təbii hesab edirik. Biz həm də adətən bizə qarşı hörmət və ehtiram göstərən adamların bizə başqa cür münasibət göstərməsi zamanı da qəzəblənirik, bizə elə gəlir ki, onların bizdən zəhləsi gedir, yoxsa onlar əvvəlki kimi davranardılar. Biz həm də bizim etdiyimiz yaxşılığa görə əvəzində bir şey görmədiyimiz və əvəzə-əvəz verməyən adamlara, eləcə də bizdən aşağı olduqları halda, bizim ziddimizə hərəkət edən adamlara qarşı da qəzəblənirik, göründüyü kimi, belə adamlar bizə nifrət edirlər: bəziləri ona görə ki, bizə özlərindən aşağıda duran adam kimi baxırlar, digərləri belə hesab edirlər ki, onlara yaxşılığı onlardan aşağı səviyyədə olan duran adamlar ediblər. Biz o zaman daha çox qəzəblənirik ki, bizə etinasızlığı tamam miskin olan adamlar etsinlər, ona görə ki, qəzəb bizə etinasızlıq etməyə layiq olmayan adamlar tərəfindən edildiyi zaman yaranır. Bizdən aşağıda duran adamlar məhz bizə qarşı etinasızlıq etməməlidirlər. Biz haqqımızda yaxşı danışmayan və ya bizə qarşı dostcasına rəftar etməyən dostlarımıza qarşı da qəzəblənirik və onlar bizə qarşı əks mövqedə duranda və bizim onlara ehtiyacımız olduğunu hiss etməyəndə biz daha çox qəzəblənirik, məsələn necə ki, Antifontun tragediyasında Pleksipp ona görə Meleaqra6 qəzəblənirdi ki, hiss etməmək etinasızlıq əlamətidir və qayğısına qaldığımız adamların ehtiyacları bizim diqqətimizdən qaçmamalıdır. Biz həm də bizim bədbəxtliklərimizə sevinənlərə, bizim fəlakətlərimiz zamanı özlərini ümumiyyətlə yaxşı hiss edən adamlara qarşı qəzəblənirik, ona görə ki, belə münasibət düşmənə, ya da bizə etinasız adama xasdır. Bizim qəzəbimiz həm də elə adamlara qarşı yönəlir ki, onlar bizi dilxor edərək, qətiyyən bunun qayğısına qalmırlar; biz buna görə də bizə pis xəbər gətirənlərə, eləcə də bizim başımıza gələn bəlaları sakitcə seyr edən və ya qulaq asanlara qarşı da qəzəblənirik, ona görə ki, belə insanlar bizə nifrət edən, ya da düşmən olan insanlarla eynidirlər, belə ki, dostlar öz şəxsi bəlalarına baxmayaraq bizim dərdimizə şərik çıxır və hamısı qəm hiss edirlər. Biz həm də elələrinə qarşı qəzəblənirik ki, onlar beş qəblildən olan şəxslərin iştirakında bizə qarşı etinasızlıq etsinlər: bizimlə rəqib olanların, bizim heyran olduğumuzların, heyranlıq predmeti olmaq istədiyimiz şəxslərin, həya etdiyimiz şəxslərin və bizdən həya edən şəxslərin; belə şəxslərin hüzurunda kim isə bizə etinasızlıq edəndə biz daha çox qəzəblənirik. Bundan başqa, biz elələrinə qəzəblənirik ki, onlar, bizim müdafiə etməməyimiz ayıb olan şəxslərə, məsələn, bizim valideynlərimizə, uşaqlarımıza, arvadlarımıza, tabeliyimizdə olan şəxslərə qarşı etinasızlıq etsinlər. Biz həm də bizə təşəkkür etməyənlərə də qarşı qəzəblənirik, ona görə ki, bu halda etinasızlıq ədəb qaydalarına ziddir, biz həm də ciddi danışdığımız zaman istehza edənlərə qarşı da qəzəblənirik, belə ki, istehzanın özündə nə isə nifrətə bənzər bir şey gizlədir. Biz həm də başqalarına yaxşılıq etdiyi halda, bizə yaxşılıq etməyən adamlara qarşı da qəzəblənirik. Ona görə ki, insanı hamıya layiq gördüyünə layiq görməmək, ona etinasızlıq etmək deməkdir. Huşsuzluq da qəzəbə səbəb ola bilər, məsələn, adların unudulması, baxmayaraq ki, bu xırda şeydir. İş ondadır ki, unutqanlıq etinasızlığın əlaməti kimi görünür: o, müəyyən mənada başısoyuqluğun nəticəsidir, başısoyuqluq isə müəyyən mənada etinasızlıqdır.
Beləliklə, biz insanların kimə, hansı vəziyyətdə və hansı səbəblər üzündən qəzəbləndiyini dedik.7 Aydındır ki, natiqin vəzifəsi insanları elə bir hala gətirməkdir ki, bu halda insanlar qəzəblənsinlər və natiq onları inandırmalıdır ki, dinləyicilərin qəzəbləndikləri şeyə rəqiblərin aidiyyəti var və bu rəqiblər məhz qəzəblənməli olduğumuz adamlar kimidir.
Dostları ilə paylaş: |