6. Məşvərətçi nitqin məqsədi faydadır, fayda-nemətdir; nemətin tərifi; - Fəaliyyətdə olan səbəblərin üç növü. – Nemət kateqoriyasına aid olanlar: məziyyət, məmnuniyyət, xoşbəxtlik, mənəvi məziyyətlər, gözəllik və sağlamlıq, sərvət və dostluq, şərəf və şöhrət, yaxşı danışmaq və hərəkət etmək bacarığı, fitri istedad, elmlər, biliklər və sənətlər, həyat, ədalət. – Mübahisəli nemətlər. – Nemətin bir daha tərifi. – Mümkün olanın iki növü.
Beləliklə, aydındır ki, biz gələcəkdə arzu olunan və ya artıq indi mövcud olan nəyi nəzərdə tutaraq, kimi isə dilə tutub yola gətirməliyik və ya nəyi isə nəzərdə tutub, kimi isə dilə tutub, nədən isə çəkindirməliyik; çünki, ikinci birinciyə əksdir. Məşvərətçi natiqin məqsədi faydadır, çünki, məşvərəti son məqsəd haqqında deyil, son məqsədə aparan vasitələr barəsində aparırlar, bu vasitələr isə işlərin mövcud vəziyyətində ən faydalı olanlardır, faydalı olan isə nemətdir – bütün bunlarla əlaqədar olaraq, ümumiyyətlə xeyir və faydanın əsas elementlərini araşdırmaq lazımdır.
Nemətə öz-özlüyündə arzu olunan, uğrunda başqa şey də arzuladığımız, hamının, demək olar ki, hiss etməyi bacaran və şüurlu olan hamının can atdığı bir şey kimi tərif verək.
Nemət şüurun göstərişlərinə uyğun gələn bir şeydir; hər bir insan üçün nemət odur ki, şüuru onu hər bir ayrıca hal üçün göstərsin; nemət elə şeydir ki, onun olması insanı sakit və özündən razı edir; nemət özlüyündə elə əhəmiyyətli olan bir şeydir ki, bu vəziyyətin yaranmasına və davam etməsinə səbəb olur və bu vəziyyəti müşayiət edir, əks vəziyyətə mane olaraq onu aradan götürür.
Müşayiət burada iki cür ola bilər: nə isə başqa bir şeylə eyni zamanda mövcuddur və ya başqasından sonra meydana çıxır, məsələn, bilik təlimdən sonra əmələ gəlir, həyat isə sağlamlıq ilə eyni zamanda mövcuddur.
Yaranmağa (ta poiẽitica) səbəb olmaq üç şəkildə ola bilər: biri sağlamlıq vəziyyətinin sağlamlığa səbəb olmasına bənzəyir, ikincisi, sağlamlığın səbəbinin qidanın olmasına bənzəyir, üçüncüsü isə buna gimnastikanın səbəb olmasına bənzəyir, çünki, gimnastika əsasən sağlamlığa səbəb olur. Madam ki, bu təsdiq olundu, onda bundan hökmən belə bir nəticə çıxır ki, hər cür nemətin əldə edilməsi və pis olan şeyin aradan qaldırılması yaxşıdır, ona görə ki, birinci vəziyyətdə eyni zamanda psilik və şər olmur, ikinci haldan sonra isə nemət ələ gəlir. Böyük nemətin kiçik nemətin yerinə alınması, eləcə də böyük şərin yerinə kiçik şərə sahib olmaq da nemətdir, çünki, birinci halda böyüyün kiçik üzərində üstünlüyünü əldə edirik, ikinci halda isə bu üstünlüyü aradan götürürük. Məziyyətlər də nemətdir, çünki, onlara malik insanlar xoşbəxtdirlər; məziyyətlər nemətləri yaradaraq onlardan istifadə etrməyi öyrədirlər. Biz onların hər biri haqqında ayrıca danışaraq onların nə olduğunu və hansı təbiətli olduğunu deyəcəyik. Məmnunluq da vacib nemətdir, çünki, bütün canlılar öz təbiətlərinin gücünə məmnunluğa can atırlar. Bunun nəticəsində bütün xoş və gözəl olan şeylər nemətdir, çünki, xoş olan şeylər məmnunluq gətirir, gözəl olan şeylərin bəziləri xoşdur, digərləri isə öz-özlərinə görə arzuolunandır.
Bir sözlə, xoşbəxtliyi nemət kimi qəbul etmək zəruridir, çünki, xoşbəxtlik öz-özünə görə arzuolunandır və özlüyündə əhəmiyyətə malikdir; bundan başqa, bir çox şeyi onun uğrunda seçirik: ədalət, mərdlik, aza qane olmaq, alicənablıq, əliaçıqlıq və buna bənzər çoxlu keyfiyyətləri, ona görə ki, bunlar mənəvi məziyyətlərdir.35 Gözəllik, sağlamlıq və buna bənzər olanlar da nemətdir, çünki bütün bunlar fiziki məziyyətlər olub bir çox nemətlər yaradırlar, məsələn, sağlamlıq məmnunluq və həyat yaradır, elə buna görə də ali nemət sayılır, çünki, əksər insanlar üçün ən çox dəyərli olan iki şeyin – məmnunluğun və həyatın səbəbidir. Var-dövlət mülkiyyət cəhətdən üstünlüyü təmsil etdiyinə bir çox nemətə səbəb olur. Dost və dostluq da nemətdir, çünki dost öz-özlüyündə arzuolunandır və o, çox şey edə bilər. Şərəf və şöhrət də nemətdir, çünki, onlar xoşdurlar və çox şeyi yaradırlar; insanların hörmət və ehtiram görmələrinin səbəbi əsasən onlarla bağlıdır. Mahircəsinə danışmaq və hərəkət etmək də nemətdir, çünki, bütün belə şeylər nemət yaradır. Buraya həmçinin istedadlı olmaq, yaxşı yaddaş, fərasətlilik, fəhmlilik və buna bənzər keyfiyyətlər də daxildir, ona görə ki, onlar nemətlər yaradırlar. Eyni qaydada bütün elmlər və sənətlər də buraya daxildir. Həyatın özü də nemətdir, ona görə ki, həyat heç bir başqa nemət ilə bağlı olmasa da, elə öz-özlüyündə arzuolunandır. Nəhayət, ədalət də nemətdir, ona görə ki, hamıya faydalıdır.
İnsanların nemət hesab etdiyi bütün şeylər təqribən -bundan ibarətdir. Mübahisəli nemətlərə gəldikdə isə, onlar haqqında nəticəni yuxarıda adı çəkilən nemətlər əsasında çıxarmaq lazımdır. Şər olan şeyə əks olan da nemətdir, eləcədə düşmənlərə faydalı olanın əksi də nemətdir, məsələn, əgər vətəndaşların qorxaqlığı düşmənlər üçün faydalıdırsa, aydındır ki, mərdlik vətəndaşlar üçün çox faydalıdır. Ümumiyyətlə, düşmənlərin arzuladığı və yoxluğuna sevindiyi hər şeyə əks olanlar faydalı görünür, özünə görə də deyiblər:
Hökmdar Priam necə də sevinərdi…
Amma bu həmişə deyil, əksər hallarda olur, çünki hər iki tərəf üçün eyni şeyin faydalı olması tamamilə mümkündür. Eyni şeyin hər iki tərəf üçün zərərli olduğu hallar da olur, buna görə də belə deyirlər: “bədbəxtlik insanları birləşdirir”. İfrat olmayan şeyi də nemət adlandırmaq olar, müəyyən həddi keçmək isə pislikdir. Böyük zəhmət və məsrəflərin sərfinə səbəb olan şeylər də nemət kimi görünür, çünki, o, çoxlu səylərin nəticəsi olan məqsəd kimi başa düşülür, hər bir məqsəd isə nemətdir, buna görə də belə deyilib:
Priamın özünü tərifləməsinə
Və
Burada sonsuz olaraq gözləmək də
bizim üçün ayıb deyil.37
“Su ilə dolu dolçanı qapı ağzında əldən buraxmaq”38 məsəli də buradan yaranıb. Çoxlarının can atdığı və rəqabət üçün layiqli predmet olan şeylər də nemət kimi görünür, çünki, hamının can atdığı şeylər nemətdir, “insanların əksəriyyəti” anlayışı isə “hamı” anlayışına bərabər götürülür. Tərifə layiq şeylər də nemətdir, ona görə ki, heç kim nemət olmayan şeyi tərifləməyəcək. Düşmənlərin və pis adamların təriflədiyi şey nemətdir, çünki bu halda hamı eyni şeylə razılaşır, hətta bu nemətin ziyan vurduğu adamlar da: bu yekdillik nemətin şübhəsizliyini göstərir. Buna uyğun olaraq pis adamlar elələridir ki, onları dostlar məzəmmətləyir, düşmənlər isə məzəmmətləmir; yaxşı adamlar isə elələridir ki, onları hətta düşmənlər də pisləmir. Məhz buna görə də korinflilər özlərini Simonidin misrası ilə təhqir olunmuş hesab edirdilər:
İlion korinfliləri pisləmir.39
Ağıllı və yaxşı kişi və qadınlardan birinin nəyə isə üstünlük verməsi də nemətdir, məsələn, Afina Odisseyə: Tesey Yelenaya, ilahələr Aleksandra, Homer isə Axillə40 üstünlük vermişdir. Ümumiyyətlə, insanlar tərəfindən üstün tutulmağa layiq olan şeydir, çünki, insanlar yuxarıda göstərilmiş şeylərin sırasına daxil olan, eləcə də düşmənlərin ziyanına, dostların xeyrinə olan şeyləri etməyə üstünlük verirlər. Bundan başqa, insanlar həm də mümkün olan şeyləri etməyə üstünlük verirlər, mümkün olanlar isə iki qəbildən olur: biri – artıq baş vermiş, o birisi isə – baş verməsi asan olanlar. Asan baş verən şeylər narazılıq olmadan və ya qısa bir vaxtda həyata keçir, çünki, hər hansı bir şeyin çətinliyi onunla bağlı narazılıq ilə və ya ona sərf olunan vaxtın miqdarı ilə müəyyən olunur. İnsanlar həm də onların arzusu ilə baş verənlərə üstünlük verirlər, onların arzuladıqları isə elə şeylərdir ki, ya onlarda qətiyyən pis bir şey olmasın, ya da pislik yaxşılıqdan çox az olsun, bu isə elə hallarda olur ki, pislik gözə çarpmayan və ya az miqdarda olsun. Üstünlük həm də bizə məxsus olub və başqa heç kimdə olmayan şeylərə, eləcə də bütün fövqəladə olanlara üstünlük verilir, çünki, belə şeylərə sahib olmaq hörməti artırır. Bizim üçün xüsusilə rahat olan şeylərə də üstünlük veririk, onların sırasına ailəmizə və ictimai vəziyyətimizə uyğun gələnlər və bizim fikrimizcə bizə lazım olan şeylər daxildir; bunun o qədər də əhəmiyyətli olmasına baxmayaraq, adamlar belə şeyləri etməyə üstünlük verirlər. Yaxşı yerinə yetirilməsi asan olan şeylərə də üstünlük verilir, onlar asan olduqlarına görə mümkün olandırlar; elə şeyləri asan həyata keçirilən adlandırırlar ki, onları adamların çoxu və ya əksəriyyəti, ya da bizə uyğun gələn adamlar, ya da bizdən zəif olan adamlar həyata keçirə bilsinlər. Biz həm də dostlarımıza yarayacaq, düşmənlərimizi isə dilxor edəcək hərəkətlərə də üstünlük veririk. Bizi təəccübləndirən insanların üstünlük verdiyi şeylərə və yaxşı bildiyimiz, bacardığımız şeyləri etməyə üstünlük veririk, çünki, belə işdə daha asan müvəffəqiyyət qazanmağa ümid var. Həm də heç bir pis adamın eləməyəcəyi şeylərə üstünlük veririk, çünki, belə şeylər daha çox təriflənir. İnsanların ehtirasla arzuladığı şeylərə də üstünlük verilir, çünki belə şeylər nəinki təkcə xoşdur, onlar həm də olduqlarından da yaxşı təsəvvür olunurlar. Hər bir insan rəğbət bəslədiyi şeyi seçir, necə ki, məsələn, şöhrətpərəst insanlar şərəf və ehtirama, şan-şöhrət sevən insanlar qələbəyə, mənfəətpərəstlər isə pula rəğbət göstərirlər; bütün başqa insanlar da eynilə belə hərəkət edirlər. Beləliklə, nemətlərə və faydaya aid inandırma üsullarını biz buradan əldə etməliyik.
7.“Böyük nemət” və “daha faydalı” anlayışları; onların analizi; bu anlayışların müxtəlif tərifləri
İnsanlar tez-tez hər hansı iki şeyin faydalı olduğunu qəbul edir və onların hansının daha faydalı olduğu barəsində mübahisə etdiklərinə görə, yuxarıda dediklərimizdən sonra böyük nemət və daha çox fayda haqqında məsələni araşdırmalıyıq. Hər hansı başqa bir şeydən üstün olan bir şey özündə o biri şeydə olanı və üstəlik ondan başqa da bir şeyi cəmləyir, ondan geri qalan şey isə üstün olandan kiçikdir. Böyük vahid və böyük rəqəmlər hər hansı kiçik olanla həmişə belə münasibətdədir, bütün böyük və kiçik, çox və az olanlar əksər predmetlərin vahidinə və ya sayına münasibətdə belədir, böyük anlayışı üstünlük, kiçik anlayışı isə azlığı bildirir, çox və az anlayışları da belədir.
Biz nemət deyəndə hər hansı başqa şeyə görə deyil, özlüyündə arzuolunan şeyi, hamının can atdığı şeyi, əgər şüur və düşüncəyə sahib olsaydılar, onda hər şeyin can atdığı şeyi və bu kimi şeyləri yaradan və qoruyan, eləcə də onlarla bağlı olan hər şeyi nemət adlandırırıq. Madam, məqsəd elə şeydir ki, onun naminə nə isə edilir və bütün qalan şeylər də onun naminə edilir, madam nemət insan üçün elə şeydir ki, ona münasibətdə insan yuxarıda göstərilən xüsusiyyətlərə malik olur, onda belə bir nəticə çıxır ki, əgər vahid və az miqdar böyüyün tərkibinə daxildirsə, onda böyük miqdar vahid və az miqdarla müqayisədə böyük nemətdir; böyük miqdar sayca üstünlüyə malikdir, onun tərkibinə daxil olan vahid və kiçik miqdar bu cəhətdən ondan geri qalırlar. Və əgər hər hansı növün nəhəng nümayəndəsi başqa növün nəhəng nümayəndəsindən üstündürsə, onda növün özü də ikinci növü üstələyəcək və yaxud əksinə, bir növ başqa növdən üstündürsə, onda birinci növün nəhəng nümayəndəsi ikinci növün nəhəng nümayəndəsindən üstün olacaq, məsələn, əgər ən hündür kişi ən hündür qadından hündürdürsə, onda kişilər ümumiyyətlə qadınlardan hündürdürlər və ya əksinə kişilər ümumiyyətlə qadınlardan hündürdürlərsə, onda ən hündür kişi də ən hündür qadından hündür olacaq. Ona görə ki, bir növün başqa növdən üstünlüyü həmin növlərdən olan iri nüsxələrin üstünlüyü ilə analojidir. Nə zaman ki, bir nemət başqasının ardınca gedir, bu başqası isə onun ardınca getmir, onda bu başqası məhz böyük nemətdir. Ardıcıllıq üçtərəfli ola bilməz: bir hadisə ya başqası ilə eyni vaxtda baş verir, ya da onun ardınca gəlir, ya da ondan asılı olur, bu zaman hadisənin varlığı (chrẽsis) əvvəl gələn hadisənin varlığında bir mümkünlük kimi artıq mövcuddur. Məsələn, sağlamlıq həmişə həyat ilə bir yerdə olur, amma həyat sağlamlıq ilə heç də həmişə ayrılmaz olmur.
Ardıcıllıq əlaqəsi təlim və bilik arasında da mövcuddur; mümkünlük əlaqəsi isə küfr və qarət arasındadır, çünki, küfr edib müqəddəs sayılan şeyləri təhqir edən adam ümumiyyətlə qarətə qabildir. Böyük nemət yaradanın özü də böyükdür, çünki, bu elə böyüyü istehsal etmək üçün mümkünlük deməkdir. İstehsal səbəbinin daha böyük olduğu şey də daha böyükdür, çünki, əgər sağlamlıq üçün faydalı olan xoş olan şeydən üstündürsə, onda həm də onunla müqayisədə daha böyük nemətdir, sağlamlıq da məmnuniyyətdən vacibdir. Öz-özlüyündə arzuolunan öz-özlüyündə arzuolunmayandan mühümdür, məsələn, qüvvə sağlamlıqdan vacibdir, çünki sağlamlıq öz-özünə arzuolunan deyil, qüvvə isə özü-özünə arzuolunandır, nemətlərin meyarı məhz budur. Əgər biri məqsəd, digəri isə məqsəd deyilsə, onda birinci üstündür, çünki, ikinci başqa bir şey üçün arzuolunandır, birincisi isə özü-özünə görə arzuolunandır, məsələn, gimnastika bədənin yaxşı vəziyyətdə olması üçün lazımdır. Başqa şeyə və ya şeylərə daha az ehtiyacı olan da üstündür, belə ki, o, müstəqildir; o qədər də vacib olmayan və yüngül şeylərə ehtiyacı olan isə az ehtiyacı olandır. Əgər hər hansı biri başqa birisi olmadan olmursa və ya ola bilmirsə və bu başqa birisi birincisiz olur və ola bilirsə, onda heç nəyə ehtiyacı olmayan daha müstəqildir və buna görə də böyük nemət kimi görünür. Əgər hər hansı bir şey mənşədirsə, o birisi isə deyilsə və ya əgər bir şey səbəbdirsə, o birisi isə səbəb deyilsə, onda eyni şeyə görə birinci ikincidən vacibdir, ona görə ki, səbəb və mənşə olmadan nə varlıq, nə də yaranma ola bilməz.
İki mənşənin böyüyündən yaranan daha böyükdür, eləcə də iki səbəbin böyüyündən baş verən də daha böyükdür və əksinə, iki mənşədən böyüyü odur ki, o, böyük mənşəli olsun, iki səbəbdən də vacibi odur ki, böyüyün səbəbi olsun. Deyilənlərdən aydın olur ki, əgər bir şey mənşədirsə, digəri isə mənşə deyilsə, birincisi ikincisindən həm bu, həm də digər tərəfdən böyük ola bilər və eynilə digər halda olduğu kimi, birincisi mənşə deyilsə, o biri isə mənşədirsə, onda birincisi daha mühüm görünə bilər, çünki, məqsəd mənşədən vacibdir. Leodamant, Kallistratı ittiham edərək, deyirdi ki, məşvərətçi icraçıdan daha çox günahkardır. Çünki, məsləhət verilməsəydi, hərəkət də baş verməzdi. Və ya əksinə, Xabri əleyhinə ittiham nitqi söyləyən zaman o, deyirdi ki, icraçı məsləhətçidən daha çox günahkardır, çünki, işi görmək üçün adam tapılmasaydı, iş görülməzdi: insanlar sui-qəsdləri ona görə hazırlayırlar ki, kim isə onları həyata keçirsin. Az-az tapılan şey bol-bol olandan yaxşıdır, necə ki, məsələn, qızıl dəmirdən yaxşıdır, onun daha az faydalı olmasına baxmayaraq qızıla sahib olmaq böyük nemət sayılır, çünki, bu çox çətin əldə olunur. Digər tərəfdən isə bol-bol olan az tapılandan daha yaxşıdır, çünki, ondan daha geniş istifadə olunur, “tez-tez rast gəlinənin” “nadir olandan” üstünlüyü var, buna görə də deyilir:
Su hər şeydən yaxşıdır.42
Ümumiyyətlə, daha çətin olan, daha yüngül olandan yaxşıdır, çünki, ona daha az rast gəlinir, digər nöqteyi-nəzərdən isə daha asan olan daha çətin olandan yaxşıdır, çünki bizim istəklərimizə tabedir. Böyük şəyə əks olan da, yoxluğu çox güclü hiss olunan şey də böyük nemətdir. Məziyyət isə məziyyət olmayan şeydən üstündür, nöqsan da nöqsan olmayan şeydən üstündür, çünki, məziyyət və nöqsan məqsəddir, o biri keyfiyyətlər isə belə görünmürlər. Səbəblərdən nəticələri yaxşı və ya pis tərəf üçün əhəmiyyətli olan səbəblər vacibdir. Yaxşı və ya pis tərəfləri daha böyük olanların nəticələri də daha mühümdür, ona görə ki, səbəb və mənşə necədirsə, nəticə də elədir və nəticə necədirsə, səbəb və mənşə də elədir. Ali dərəcəsi daha gözəl və arzuolunan şeylər də daha yaxşıdır, məsələn, yaxşı qoxu bilməkdənsə, yaxşı görmək daha arzuolunandır, çünki, görmək qoxlamaqdan yaxşıdır. Pulu sevməkdənsə dostları sevmək yaxşıdır, buna görə də dostpərəstlik mənfəətpərəstlikdən yaxşıdır. Yaxşı və gözəl olanın həddindən artıq dərəcəsi daha yaxşı və daha gözəldir; daha yüksək və gözəl istəklər yaradan şeylər də eynilə daha yaxşı və gözəldir, çünki, daha güclü istəklər daha böyük obyektlərə aiddir, məhz bu səbəbdən də daha gözəl və yüksək predmetlər tərəfindən oyandırılmış istəklər də gözəl və yüksəkdir. Elmlər nə qədər gözəl və dəyərlidirsə, onların obyektləri də bir o qədər daha gözəl və dəyərli olur, çünki, elm necədirsə, onda olan həqiqət də elədir, belə ki, hər bir elm öz xüsusi həqiqətinə malikdir (celeyei). Buna analoji olaraq elmlərin obyektləri nə qədər gözəl və dəyərli olarsa, elmlərin özü də daha gözəl və qiymətli olar. Ağıllı insanların, ya hamının, ya onların böyük hissəsinin, ya çoxunun, ya onlardan ən yaxşılarının böyük nemət kimi təsdiq edə biləcəkləri və ya təsdiq etdikləri şeylər ümumiyyətlə böyük nemət hesab ediləcək, həm də ona görə ki, onların fikirləri ağıllıdır. Bu qaydalar başqa məsələlərə də aid olunur, ona görə ki, mahiyyət, kəmiyyət və keyfiyyət şüur və biliyin onları qəbul etdiyi kimi olur. Biz nemət haqqında məsələlərdən danışaraq neməti şüurlu olan bütün varlıqların özləri üçün seçə bilmək istədikləri bir şey kimi müəyyən etdik. Buradan aydın oldu ki, şüurun daha çox üstünlük verdiyi şey böyük nemət sayılır. Yaxşı insanlarda olan keyfiyyətlər böyük nemətdir, ya da sözsüz böyük nemətdir, ya da ona görə böyük nemətdir ki, onlar ən yaxşı adamlardır, məsələn, mərdlik qüvvədən yaxşıdır. Böyük nemət həm də eləsidir ki, ona üstünlüyü yaxşı adam heç bir şərt qoymadan versin, ya da yaxşı adam olduğu üçün versin, məsələn, ədalətsizliyə dözmək ədalətsizlik etməkdən yaxşıdır43, çünki, birinciyə daha ədalətli adam üstünlük verə bilər. Çox xoş olan da az xoş olandan yaxşıdır, çünki, hamı məmnuniyyət dalınca qaçır və məmnuniyyəti onun özünə görə əldə etmək istəyir, biz nemət və məqsəddə belə cizgilər müəyyən etdik. İki xoş olan şeydən daha çox xoş olanı az acısı (alypoteran) olan və uzunmüddətli məmnunluq verənidir. Daha çox gözəl olan da daha az gözəl olandan xoşdur, ona görə ki, gözəl olan ya nə isə xoşagələndir, ya da özlüyündə arzuolunandır. İnsanların böyük həvəslə özləri üçün, ya da öz dostları üçün etdikləri də böyük nemətdir, amma, insanların özləri və ya dostları üçün qətiyyən etmək istəmədikləri şey isə böyük pislikdir. Uzun müddət davam edən nemətlər qısamüddətli olan nemətlərdən yaxşıdır, eynilə, möhkəm olan az möhkəm olandan yaxşıdır, çünki, birincilər vaxta görə, ikincilər isə istəklərinin yerinə yetirilməsi münasibətində üstündürlər: bizdə istək yaranan zaman bizim möhkəm nemətdən istifadə etmək imkanımız daha böyükdür. Eləcə də, bir anlayışın dəyərləndirilməsi ilə həmin anlayışla qohum olan, ya da həmin anlayışda ifadə olunmuş sözün başqa forması ilə ifadə olunmuş anlayışın da dəyəri müəyyən olunur, məsələn, əgər “mərdcəsinə”, “mülayimcəsinə”dən daha gözəl və arzuolunandırsa, mərd olmaq da mülayim olmaqdan daha çox arzu olunandır. Hamının üstün tutduğu şeylər, az adamın üstün tutduğu şeylərdən üstündür, eləcə də insanların çox hissəsinin üstün tutduğu şeylər də, insanların az hissəsinin üstün tutduğu şeylərdən üstündür, belə ki, biz neməti hamının can atdığı bir şey kimi müəyyən etmişdik, buna görə də insanların ən çox can atdığı şey həm də ən böyük nemət hesab olunmalıdır. Bizim düşmənlərimizin, ya da rəqiblərimizin, ya da hakimlərin, ya da hakimlərin seçdikləri vasitəçilərin üstünlük verdikləri şeylər daha yaxşıdır, çünki, birinci halda biz bütün insanların şərik olduğu fikirlərlə, ikinci halda isə bilikli və səriştəli insanların fikirləri ilə üzləşirik. Hamının əlaqədar olduğu şey daha yaxşıdır, çünki, belə şeylə əlaqədar olmamaq ayıbdır, bəzən isə heç kəsin və ya azlığın əlaqədar olduğu şey də ayıb olan şeydir, çünki, belə şeylər çox nadir hallarda olur. Tərifəlayiq olan şeylər də qiymətlidir, çünki daha gözəldir; eyni qaydada, böyük hörmətə səbəb olan şeylər də yaxşıdır, çünki, hörmət bir növ qiymətdir. Böyük cəzaya səbəb olan şeylər isə əksinə olaraq pisdir. Böyük kimi qəbul olunmuş və ya belə görünən şeylərdən yüksəkdə duran şeylər də daha yaxşıdır; eyni bir şeyi onun tərkib hissələrinə bölsək, o, böyük görünəcək, ona görə ki, onun böyüklüyü şeylərin say çoxluğu ilə təmsil olunub. Meleaqrı üsyan etmək üçün necə inandırmaqları haqqında şairin hekayəsi məhz bunlardandır:
Düşmən tərəfindən tutulmuş şəhərdə əhalinin üstünə bəlalar tökülür;
Vətəndaşları evlərində doğrayırlar, bütün şəhəri
od bürüyüb,
Qadın və uşaqları alçaqcasına bağlayaraq
əsir aparırlar.44
Epiharmın45 istifadə etdiyi ayrıca hissələrin müqayisəsi və birləşdirilməsi və eyni səbəblər üzündən də onların ayrılması da eyni məna daşıyır, çünki hissələrin müqayisəsi tam olana güclü üstünlük görkəmi verir və məhz o zaman tam olan böyük şeylərin mənbəyi və səbəbi kimi görünür. Çətin olan və nadir tapılan şeylər daha yaxşı olduğu üçün, şərait, yaş, zaman, məkan və qüvvə göstəriciləri şeyin qiymətini artıra bilər, ona görə ki, həmin şey qüvvə və yaşa baxmayaraq, bizim kimilərin nə etdiyinə baxmayaraq edilibsə və əgər məhz harada isə və məhz nə zaman isə edilibsə, onda həmin şey gözəlliyinə, faydalılığına və ya ədalətli olmasına görə üstün görkəm qazanır və ya onlara əks olan şeylərin üstün görkəmini qazanır. Olimpiya oyunlarında qalib gələn birinin şərəfinə yazılmış epiqram buradan götürülüb:
Vaxt vardı ki, mən əyri çiyin ağacı ilə
Arqosdan Tegeyaya balıq daşıyardım.46
İfikratın47 özünü tərifləyərək “budur, mən bundan başlamışam” deməyi də buradandır. İnsana təbiət tərəfindən verilmişlər kənardan əldə edilmişlərdən daha yaxşıdır, çünki, birincisi çətindir; məhz buna görə də şair deyib:
Mən öz-özünə öyrənmiş adamam.48
Hər hansı bir böyük olanın ən böyük hissəsi də daha çox əhəmiyyətə malikdir; Perikl “Qəbrüstü nitqində” deyib ki, vətən üçün gənclərin itirilməsi elə bir əhəmiyyətə malikdir ki, bunu ancaq ilin fəsillərindən baharın itirilməsi ilə müqayisə eləmək olar”.49 Böyük ehtiyac zamanı, məsələn, qocalıq və xəstəlik zamanı yardım göstərmək də yaxşıdır. İki nemətdən isə məqsədə daha yaxın olanı dəyərlidir, eləcə də həm mənim üçün, həm də ümumiyyətlə yaxşı olan yaxşıdır. Mümkün olan mümkün olmayandan üstündür, çünki, birincisinin insan üçün əhəmiyyəti var, ikincisinin isə yox. Həyatın sonunda olanlar daha yaxşıdır, çünki, sonda olanlar məqsədin xüsusiyyətlərinin əksəriyyətini özündə cəmləmiş olur. Həqiqət sahəsinə aid olanlar ad-san şöhrət xatirinə edilənlərdən yaxşıdır, şöhrət xatirinə edilənlər sahəsinə elələri aiddir ki, onlar sirr kimi qalsaydı, heç kəs onları etməzdi. Məhz buna görə də belə insan xidmət göstərməkdənsə, xidmətdən istifadə etməyi üstün tutur; çünki, o, xidmətdən nəzərə çarpmadan istifadə edə bilər, amma, o, xidmət göstərərək kölgədə qalmağı lazımlı hesab etmir. Həqiqətən yaxşı olmaq əslində ancaq yaxşı görünməkdən çox vacibdir, çünki, bu həqiqətə daha yaxındır. Bununla belə, bəziləri yaxşı olmaqdansa, belə görünməyi üstün tuturlar (düzdür, bu sağlamlığa aid deyil) və buna görə də, ədaləti nə isə əhəmiyyətsiz bir şey hesab edirlər. Müxtəlif münasibətlərdə çox faydalı olanların, məsələn, bizə yaşamağa, xoşbəxt olmağa, xoş şeylərdən istifadə etməyə və yaxşılıq etməyə kömək edən şeylərin də dəyəri çoxdur, məhz buna görə də var-dövlət və sağlamlıq ali nemətlər hesab olunur – axı, onlar bütün bu nemətlərin şərtidir. Az dərd gətirən, məmnunluqla bağlı olan şeylər də yaxşıdır, çünki, belə şeydə iki nemət var, belə ki, həm məmnunluq nemətdir, dərdin yoxluğu da nemətdir. İki nemətdən böyük olanı odur ki, o birisi kimi böyüklükdə nemətlə birləşəndə böyük tam əmələ gətirsin. İştirakı gözə çarpan iştirakı gözə çarpmayandan daha yaxşıdır, çünki, birincisi, həqiqətə yaxındır; buna görə də varlı görünməkdənsə, varlı olmaq daha yaxşıdır. Sevilən şeylər də daha qiymətlidir, eyni bir predmet həmin predmetdən ancaq birinə sahib olan üçün həmin predmetin çox miqdarına sahib olan adam üçün olduğundan daha çox qiymətlidir. Məhz buna görə də, bir gözü olan insanın gözünü kor edənlə, iki gözü olan insanın bir gözünü kor edənə eyni cəzanı vermirlər, ona görə ki, birinci halda insandan onun üçün xüsusilə əziz olan bir orqanını alıblar. Beləliklə, biz kimi isə yola gətirmək və ya yoldan çəkindirmək üçün inandırma üsullarını təqribən haradan əldə etmək lazım olduğu haqqında danışdıq.
Dostları ilə paylaş: |