Müstəqilliyimiz əbədidir
İkinci kitab
Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin
dövlət başçılarının zirvə görüşündə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
(25 oktyabr 1996-cı il)
Hörmətli cənab sədr!
Hörmətli dövlət və hökumət başçıları!
Xanımlar və cənablar!
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ənənəvi görüşümüzdə iştirak edən hörmətli dövlət və
hökumət başçılarını, nümayəndə heyətlərinin üzvlərini, beynəlxalq təşkilatların nümayəndələrini böyük
məmnuniyyətlə salamlayıram.
Zirvə görüşümüzün sədri seçilməsi münasibətilə Rusiya Federasiyasının baş naziri hörmətli Viktor
Stepanoviç Çernomırdini ürəkdən təbrik edirəm, diqqətə, mehribanlığa və qonaqpərvərliyə, Rusiyanın paytaxtı
gözəl Moskva şəhərində işləməyimiz üçün əla şərait yaratdıqlarına görə Rusiya hökumətinə və bütün
rusiyalılara minnətdarlığımı bildirirəm.
Rusiyanın prezidenti Boris Nikolayeviç Yeltsinin bizim Zirvə görüşümüzə göndərdiyi təbrik məktubunu
böyük rəğbətlə dinlədim, ona öz dərin hörmət və ehtiramımı bildirirəm, tezliklə sağalmasını, Rusiyada
demokratiya və tərəqqi naminə səmərəli işləməsini arzulayıram.
Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işində iştirak etməyimizə böyük əhəmiyyət veririk. Bu
təşkilat yaşamağa qabil olduğunu, zəruri və perspektivli olduğunu getdikcə daha artıq dərəcədə nümayiş etdirir.
Razılıq hissi ilə demək olar ki, 1992-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının
birinci Zirvə görüşündən sonra keçən dövr ərzində xeyli iş görülmüş, xüsusən energetika, nəqliyyat, rabitə,
ticarət sahəsində əməkdaşlığımız genişlənmiş və dərinləşmişdir.
Qara dəniz regionunda çox mühüm nəqliyyat arteriyaları sistemi vardır və hər hansı birgə layihənin
müvəffəqiyyətlə həyata keçirilməsi kommunikasiyaları inkişaf etdirmək sahəsində əməkdaşlıqdan asılıdır. Bu
baxımdan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini yaratmaq yolu ilə müasir tranzit Avrasiya nəqliyyat
şəbəkəsinin formalaşdırılması fəaliyyətimizin perspektivli istiqamətlərindən biridir. Həmin dəhlizlər nəticə
etibarilə Qara dəniz regionunun bütün ölkələrinin nəqliyyat infrastrukturunu birləşdirməli və milli
infrastrukturların Transavropa nəqliyyat sisteminin müvafiq qovşaqlarına inteqrasiya edilməsi perspektivini
açmalıdır.
Qara dəniz hövzəsini Qafqazla, Xəzər hövzəsi ilə bağlayan amillər çoxdur. Buna görə də, zənnimcə, başqa
Xəzəryanı ölkələrin də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işinə cəlb edilməsi təşkilatımızın
potensialını və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Azərbaycan Respublikası öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında nəqliyyat və
telekommunikasiya əlaqəsini təşkil etmək imkanlarına malikdir və biz bu istiqamətdə bütün əlaqədar ölkələrlə
sıx əməkdaşlıq etmək niyyətindəyik.
Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin elektroenergetika sistemlərini birləşdirmək
layihəsinə böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, Sofiyadakı Qara Dəniz Energetika Mərkəzi Avropa
İttifaqı, beynəlxalq banklar və maliyyə strukturları bu layihənin həyata keçirilməsinə qoşulmuşlar.
Mən Qara Dəniz Ticarət və İnkişaf Bankının yaradılması haqqında sazişin təşkilatımızın iştirakçıları olan
dövlətlər tərəfindən ratifikasiya edilməsini alqışlayıram və ümidvaram ki, gələn ilin əvvəllərindən həmin bank
işləməyə başlayacaq, iri regional layihələrin investisiyalaşdırılmasını təmin edəcəkdir.
Ötən illər ərzindəki fəaliyyətimizin uğurlarını lazımınca qiymətləndirməklə yanaşı, qeyd etmək istəyirəm ki,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, zənnimcə, hələ də kifayət qədər çevik təşkilata çevrilməmişdir. Birgə
layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əməkdaşlığın hüquqi bazasını daha dəqiq
müəyyənləşdirmək, elə güclü təşkilat mexanizmi yaratmaq lazımdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının bütün strukturlarının işini əlaqələndirə bilsin.
Biz birgə səylərlə Qara Dəniz İqtisadi Əməkdaşlıq regionunda özəl sahibkarlıq üçün əlverişli şərait
yaratmalıyıq və bundan ötrü təşkilatın işgüzar şurasının işini gücləndirməliyik.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının açıqlığı, Avropa İttifaqı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı
ilə, digər belə regional birliklər və təşkilatlarla səmərəli əməkdaşlığı onun ən mühüm vəzifəsi və
müvəffəqiyyətinin rəhnidir. Bu cür əlaqələr həm iqtisadiyyat sahəsində birgə layihələrin müvəffəqiyyətlə həyata
keçirilməsinə, həm də təşkilatımızın beynəlxalq nüfuzunun artmasına kömək edərdi.
Hörmətli xanımlar və cənablar!
XXI əsrin, yeni minilliyin başlanğıcını bəşəriyyət böyük ümidlə gözləyir, sülhün, sabitliyin və əmin-
amanlığın bərqərar olacağına ümid bəsləyir. Bizim borcumuz bu tarixi məqsədin həyata keçməsinə öz töhfəmizi
verməkdən ibarətdir. Bu isə bizdən sülhün əleyhinə, müharibələrin, hərbi münaqişələrin qızışdırılmasına
yönəldilən hər hansı niyyətin qarşısını qətiyyətlə almağı tələb edir.
Bir çox müharibələrin ağır nəticələrini öz üzərində hiss etmiş Qara dəniz hövzəsi regionunun buna xüsusi
ehtiyacı vardır. Son vaxtlar genişlənmiş separatçılıq, davakar millətçilik, beynəlxalq terrorizm təzahürlərini biz
əzm və qətiyyətlə dəf etməliyik. Biz beynəlxalq hüquqi prinsipləri, yəni hər bir ölkənin ərazi bütövlüyü,
suverenliyi prinsiplərini qətiyyətlə müdafiə etməliyik.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının proqramlarının həyata keçirilməsi üçün Qafqazın necə böyük
əhəmiyyətə malik olduğu məlumdur. Bununla yanaşı Qafqaz hərbi münaqişələrdən çox əzab-əziyyət çəkir,
Qafqazın bütün ölkələri, bütün xalqları əzab-əziyyət çəkirlər. Ona görə də Qafqazda hərbi münaqişələrə son
qoyulması Qara dəniz hövzəsində uğurlu iqtisadi əməkdaşlıq üçün ən mühüm şərtdir.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu ələ keçirmək məqsədi ilə Ermənistan
Respublikasının törətdiyi təcavüz ölkəmizə çox böyük ziyan vurmuşdur. Respublikamızın ərazisinin iyirmi faizi
işğal edilmiş, bir milyondan çox soydaşımız öz yaşayış yerlərindən qovulmuş, qaçqına çevrilmişdir və çadır
şəhərciklərində çox ağır şəraitdə yaşayır.
1994-cü ilin may ayında atəşkəs haqqında saziş əldə edilmişdir. Ona indiyədək əməl olunur. Lakin tam
mənada sülh yoxdur. Biz Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına ardıcıl
surətdə çalışırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların öz yaşayış yerlərinə
qaytarılması, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi münaqişənin
həll edilməsi üçün əsas prinsiplərdir. Məncə, belə universal prinsip Qafqazda bütün hərbi münaqişələrə sülh
yolu ilə son qoyulmasının əsasını təşkil edə bilərdi.
Zati-aliləri!
Şübhə etmirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında bizim birgə işimiz regionumuzda sülhün və
sabitliyin möhkəmlənməsinə, xalqlarımızın rifahının və tərəqqisinin yüksəlişinə kömək edəcəkdir.
Buna görə də mən bir daha bəyan edirəm ki, Azərbaycan Respublikası həmin nəcib məqsədlərə nail olmaq
naminə təşkilatımız çərçivəsində ən sıx əməkdaşlığa hazırdır.
Diqqətinizə görə təşəkkür edirəm.
Müstəqilliyimiz əbədidir
Yeddinci kitab
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kolin Pauellin
Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri,
ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin bəyanatı
(Ki Uest şəhəri, 3 aprel 2001-ci il)
Amerika Birləşmiş Ştatlarının dövlət katibi hörmətli cənab Pauell!
Hörmətli Minsk konfransının həmsədrləri!
Hörmətli görüş iştirakçıları!
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!
Xanımlar və cənablar!
Hər şeydən əvvəl, məni Amerika Birləşmiş Ştatlarına səfərə dəvət etdiyiniz üçün, cənab dövlət katibi, sizə
minnətdarlığımı bildirmək istəyirəm. Qonaqpərvərliyə və işimiz üçün çox gözəl şərait yaradıldığına görə
Amerika Birləşmiş Ştatlarının hökumətinə, Ki Uest şəhərinin hakimiyyət orqanlarına və bu görüşün bütün
təşkilatçılarına təşəkkür edirəm.
Bu görüşün xüsusi xarakteri ondan ibarətdir ki, ilk dəfə olaraq ATƏT-in Minsk qrupu elə bir formatda
toplaşmışdır ki, ATƏT-in Minsk konfransının həmsədrləri Ermənistan və Azərbaycan prezidentləri, digər görüş
iştirakçıları ilə birlikdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması
məsələsini bu formatda müzakirə edirlər.
Təəssüf ki, əvvəllər belə formatda görüşlər keçirilməmişdir. İndiyədək uğur qazana bilməməyimizin
səbəblərindən biri də bəlkə elə budur. Ümidvaram ki, bu görüş 12 ildən artıq davam edən münaqişənin həllində
müsbət rol oynayacaqdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi Dünya Birliyinə kifayət qədər yaxşı
məlumdur. Mübaliğəsiz deyərdim ki, bu münaqişə dünyada uzun müddət ərzində öz həllini tapmayan
münaqişələrdən biridir.
Buna görə də fürsətdən istifadə edərək, münaqişənin tənzimlənməsinə mane olan əsas səbəblər barəsində
qısaca danışmaq və bəzi mülahizələrimi bildirmək istəyirəm.
Məlumdur ki, bu münaqişə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qoparıb özünə birləşdirməyə
çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları ilə əlaqədar yaranmışdır. 1988-ci ildə bu münaqişə başlananda
Ermənistan və Azərbaycan müttəfiq respublikalar kimi Sovet İttifaqının tərkibinə daxil idilər. Lakin Sovet
İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqeyi, bəlkə də münaqişənin qarşısını almaq istəməməsi
nəticəsində münaqişə inkişaf edərək müharibəyə çevrildi.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Dağlıq Qarabağ regionuna 1923-cü ildə Azərbaycan hökuməti
tərəfindən muxtar vilayət statusu verilmişdi və vilayət özünün muxtariyyət hüquqlarından bütünlüklə istifadə
edirdi. Buna görə də münaqişənin yaranması üçün heç bir obyektiv səbəb yox idi. Münaqişə başlananda Dağlıq
Qarabağda 185 min əhali yaşayırdı. Onların 74 faizini ermənilər, 25,2 faizini isə azərbaycanlılar təşkil edirdi.
Ermənistan qonşu ölkəyə qarşı ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək, əvvəlcə Dağlıq
Qarabağdakı separatçı, terrorçu qüvvələri silahlı qarşıdurmaya təhrik etdi, sonra isə özü Azərbaycana qarşı hərbi
təcavüzə başladı.
Dağlıq Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü. Onlar
buradan bütün azərbaycanlıları - təxminən 50 min adamı qovaraq, etnik təmizləmə həyata keçirdilər. Bütün
bunlar qətllər və zorakılıq ilə müşayiət olunurdu. Xocalı şəhərinin sakinləri - azərbaycanlılar isə soyqırımına
məruz qaldılar.
Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı işğal edərək, Dağlıq Qarabağ Vilayətinin hüdudlarından
kənarda hərbi əməliyyatlar apardılar və Azərbaycanın daha yeddi iri inzibati rayonunu da ələ keçirdilər.
Beləliklə, 1993-cü ilədək Azərbaycan ərazisinin 20 faizi zəbt olundu və həmin ərazilər indiyədək
Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazidə hər şey dağıdılıb, talan edilib, yerlə-yeksan olubdur,
900-dən çox irili-xırdalı yaşayış məntəqəsi, 600-dək məktəb, 250 tibb müəssisəsi, bütün muzeylər, tarix və
mədəniyyət abidələri məhv edilibdir.
Münaqişənin gedişində 30 min Azərbaycan vətəndaşı həlak olubdur, 200 mindən çox adam yaralanıb və əlil
olub, minlərlə adam əsir düşüb, girov götürülüb, itkin düşübdür. Bir milyona yaxın azərbaycanlı, yəni ölkənin
hər səkkiz vətəndaşından biri öz torpağından məhrum olubdur və artıq doqquzuncu ildir ki, çadırlarda dözülməz
dərəcədə ağır şəraitdə yaşayır. Bu çadırlarda tam bir yeni nəsil doğulub boya-başa çatmışdır.
Bu gün dünyada bir dövlətin başqa bir dövlətin ərazisini işğal etməsi, orada kütləvi etnik təmizləmə
aparması kimi ikinci bir hala rast gəlmək mümkün deyildir. Təəssüf ki, Dünya Birliyi bu faciəni sükutla seyr
edir. Azərbaycanın təcavüzkarı cilovlamaq barədə qanuni tələbləri isə dəstəklənmir.
Doqquz il bundan əvvəl, 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurası özünün Helsinkidə çağırılmış
fövqəladə iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail
olmaq üçün Minsk konfransının keçirilməsi barədə qərar qəbul etmişdir. Bununla da münaqişənin
tənzimlənməsinə dair beynəlxalq təsisat yaradılmışdır. Konfransın mandatını və danışıqlar prosesinin
strukturunu müəyyənləşdirən bu qərar çox böyük əhəmiyyət daşıyır.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin
işğalı məsələsini bir neçə dəfə müzakirə etmişdir. Dörd qətnamə - 30 aprel tarixli 822 nömrəli, 29 iyul tarixli
853 nömrəli, 14 oktyabr tarixli 884 nömrəli və 11 noyabr tarixli 874 nömrəli qətnamələr qəbul edilmişdir.
Bu qətnamələrdə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan
silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxmasını, habelə qaçqınların və məcburi köçkünlərin daimi yaşayış
yerlərinə, öz doğma torpaqlarına qayıtması üçün şərait yaradılmasını qətiyyətlə tələb etmişdir. BMT Azərbaycan
Respublikasının suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş, Dağlıq Qarabağ regionunun
Azərbaycana mənsubiyyətini təsdiq etmişdir. Təhlükəsizlik Şurası həmçinin ATƏM-in Minsk qrupunun
vasitəçilik fəaliyyətini də dəstəkləmişdir.
Lakin bütün bu qətnamələr yerinə yetirilməmişdir və BMT-nin Təhlükəsizlik Şurası indiyədək öz
qərarlarının yerinə yetirilməsinin qayğısına qalmamışdır.
1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunmuşdur.
ATƏM-in üzvü olan dövlətlərin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən etmiş və ATƏM-in
Minsk konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırmışdılar.
Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk
konfransının çağırılması üçün əsas olmalı idi. Münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in
çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində də qərar qəbul olunmuşdu.
1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin nizama salınmasının baza formulu
müəyyən edilmişdi. ATƏT-in üzvü olan bütün ölkələr, Ermənistan Respublikasından başqa, nizamlanmanın üç
əsas prinsipini dəstəkləmişdilər. Bu prinsiplər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin
edilməsini, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməklə Azərbaycanın tərkibində
Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarə statusu verilməsini nəzərdə tuturdu.
Beləliklə, beynəlxalq birlik nizamlamanın hüquqi bazasını müəyyən etmiş, danışıqlar təsisatını yaratmış və
vasitəçilərin vəzifələrini müəyyən etmişdi.
ATƏT-in Lissabon zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç ən böyük dövləti -
Rusiya, ABŞ, Fransadır. Biz bu ölkələrə böyük ümidlər bəsləyirdik və güman edirdik ki, onların səyləri ilə
münaqişə tənzimlənəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və qaçqınlar özlərinin daimi yaşayış
yerlərinə qayıdacaqlar. Lakin, təəssüf ki, hələlik bütün bunlar həyata keçməmişdir. BMT-nin və ATƏT-in qəbul
etdikləri qərarların heç birini Ermənistan yerinə yetirmir.
Minsk qrupunun həmsədrləri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
dair üç təklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini,
1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin
noyabrında həmsədrlər yeni, üçüncü təklif - "ümumi dövlət" təklifini vermişlər.
Azərbaycan həmsədrlərin birinci və ikinci təkliflərini danışıqlar prosesinin aparılması üçün əsas kimi qəbul
etmişdir, baxmayaraq ki, bu təkliflərin bəzi müddəaları beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi.
Azərbaycanın ərazi bütövlüyü prinsipini tam təmin etmirdi. Hətta belə bir vəziyyətdə də Ermənistan bu təklifləri
qəbul etməkdən imtina etdi və açıq-aşkar qeyri-konstruktiv mövqe tutdu.
Həmsədrlərin "ümumi dövlət" təklifini biz qəbul etmədik. Heç bir beynəlxalq-hüquqi bazası olmayan
"ümumi dövlət" məfhumu Dağlıq Qarabağı müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona
Azərbaycan ilə bərabər hüquqlu "ümumi dövlət" subyekti statusu verir. Bu təklif beynəlxalq hüququn prinsip və
normalarına tamamilə ziddir. Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirir.
Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq,
danışıqlar prosesinə daha səmərəli təsir göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunmasına, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasına səy göstərməli idilər.
Azərbaycanın ayırmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcəli
özünüidarə statusu verilə bilər.
Təəssüf ki, həmsədrlər əsasən vasitəçilik fəaliyyəti ilə məşğul olaraq, danışıqlar prosesinə beynəlxalq hüquq
normalarına müvafiq surətdə lazımi təsir göstərməmişlər. Rusiyanın, ABŞ-ın, Fransanın simasında ATƏT-in
Minsk qrupunun rəhbərlərinə bəslədiyimiz ümidlər hələlik gözlənilən nəticələri vermir.
1999-cu ilin aprelindən Vaşinqtonda ABŞ hökumətinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan
prezidentləri arasında birbaşa görüşlər başlanıbdır. Ötən dövr ərzində biz prezident Koçaryan ilə Cenevrədə,
Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, habelə respublikamızın sərhədində çoxsaylı
görüşlər keçirmişik.
Ermənistan prezidenti ilə dialoqumuz zamanı biz əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi
və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul
kompromislərin axtarışı ilə məşğul olmuşuq. Qeyd etmək istəyirəm ki, 1999-cu ilin axırlarında biz kompromis
əldə edilməsinə yaxın idik. Lakin tezliklə Ermənistan əldə olunmuş razılaşmalardan geri çəkildi.
Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə sərt qeyri-konstruktiv mövqe tutmuşdur və bu gün də
bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən
istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vəchlə Azərbaycanın ərazisinin bir
hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır.
Təəssüf ki, bizim görüşlərimizdən arxayınlaşaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə
mövqeyi tutmuşlar və onlar öz fəaliyyətini "prezidentlər nə barədə razılığa gəlsələr, bu, ATƏT üçün məqbul
olacaqdır" prinsipi ilə məhdudlaşdırmışlar.
Biz isə hesab edirik ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini əvəz etmir.
Əksinə, bunlar bir-birini qarşılıqlı surətdə tamamlayaraq, münaqişənin qəti həlli üçün danışıqlar prosesinin
irəliləyişini təmin etməlidir.
Beynəlxalq hüququn prinsip və normalarına, BMT-nin nizamnaməsinə uyğun olaraq, BMT-yə daxil olan
hər bir müstəqil dövlət ərazi bütövlüyünə, onun sərhədlərinin pozulmazlığına hamı tərəfdən və xüsusən bu
münaqişənin həllinə görə məsuliyyəti öz üzərinə götürmüş ATƏT tərəfindən əməl olunmalıdır. ATƏT və onun
Minsk qrupu bu prinsipə möhkəm əməl etməli, onun ciddi şəkildə yerinə yetirilməsinə hər cür kömək
göstərməlidirlər.
Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır.
Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların
möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn ərazi
bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi fundamental norma və prinsipləri şübhə altına
alınır və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə
beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün
tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz.
Mən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yaranmış vəziyyətin tarixini şərh edərək
bəyan edirəm ki, Azərbaycan sülhə, 1994-cü ilin mayında əldə olunmuş atəşkəs rejiminə əməl edilməsinə
sadiqdir. Biz bundan sonra da münaqişənin sülh yolu ilə tam tənzimlənməsinə nail olmaq üçün səylər
göstərəcəyik.
Bununla yanaşı, güman edirəm ki, dediklərim bizim nə qədər çətin vəziyyətdə olduğumuzu təsəvvür etməyə
sizə imkan verir. Buna görə də mən ATƏT-in Minsk qrupunun həmsədrlərinə - Rusiyaya, ABŞ-a, Fransaya
müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm sülh yaradılması üçün öz səylərini
fəallaşdırmağa çağırıram.
Sübut etməyə ehtiyac yoxdur ki, ərazisinin 20 faizinin işğal altında olduğu, yüz minlərlə vətəndaşının
çadırlarda yaşadığı Azərbaycan münaqişənin aradan qaldırılmasında, sülh əldə edilməsində hamıdan çox
maraqlıdır. Aydındır ki, Ermənistan ilə Azərbaycan arasında sülh yaradılması bütün Cənubi Qafqazda həm
sabitlik üçün, həm də təhlükəsizlik üçün müstəsna əhəmiyyət daşıyacaqdır.
Biz bu görüşə böyük ümidlərlə gəlmişik və ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiyanın, ABŞ-ın,
Fransanın fəal səylər göstərəcəyini, habelə Ermənistan Respublikasının konstruktiv mövqe tutacağını gözləyirik.
Diqqətinizə görə təşəkkür edirəm.
3 aprel 2001
Moldova Respublikasının Baş Nazirinin müavini, Xarici İşlər və
Avropa İnteqrasiyası Naziri Andrey Stratan ATƏT-in
İllik Təhlükəsizliyin İcmalına dair konfransında
GUAM adından bəyanatla çıxış etmişdir
2005-ci ilin iyun ayının 21-də Moldova Respublikasının Baş Nazirinin müavini, Xarici İşlər və Avropa
İnteqrasiyası Naziri Andrey Stratan ATƏT-in İllik Təhlükəsizliyin İcmalına dair konfransında GUAM adından
Vyana şəhərində bəyanatla çıxış etmişdir.
Çıxışında Helsinki Yekun Aktının 30-cu ildönümü və Paris Xartiyasının 15-ci ildönümü ərəfələrində
ATƏT-in İllik Təhlükəsizliyin İcmalına dair Konfransında iştirak etməkdən xüsusi məmnunluq hiss etdiyini
söyləyən A.Stratan, bu tədbirin nailiyyətlərin və təşkilatın üzləşdiyi problemlərin nəzərdən keçirilməsi üçün çox
gözəl imkan olduğunu vurğulamışdır.
A.Stratan GUAM-ın adından danışmaqdan məmnun olduğunu ifadə etmiş və ölkələr arasında
təhlükəsizlik sahəsində, xüsusən də ATƏT çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyini bildirmişdir.
O, həmçinin, GUAM ölkələrin bəzilərinin üzləşdiyi təhlükəsizlik problemlərini ardıcıl olaraq ATƏT-in
diqqətinə çatdırıldığını və Moldovanın şərq, Gürcüstanın Abxaziya və Tsinxivali, Azərbaycanın Dağlıq Qarabağ
regionlarındakı mövcud konfliktlər Avro-Atlantik məkanda təhlükəsizlik və sabitliyə təhlükə törətməklə adı
çəkilən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini sarsıdır, demokratik islahatlar və iqtisadi
inkişafın tam həcmdə həyata keçirilməsini çətinləşdirir, Avropaya inteqrasiya prosesinə mənfi təsir göstərdiyini
söyləmişdir. GUAM ilk növbədə ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığını ehtiva edən
beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT və ATƏT çərçivəsində qəbul edilmiş müvafiq
qətnamə və qərarlara uyğun olaraq ATƏT də daxil olmaqla münaqişələrin həlli istiqamətində beynəlxalq
səylərin sürətlənməsinə çağırır.
GUAM Dnestryanı münaqişə kontekstində Moldova-Ukrayna sərhədinin Dnestryanı hissəsində mövcud
problemlərin həllində ATƏT-in iştirakını dəstəkləyir və hesab edir ki, bu münaqişənin ümumi həlli
istiqamətindəki səylərə real və praktiki töhfə verir.
GUAM Gürcüstanda Cənubi Osetiya münaqişəsinin həllində Birgə Sülhməramlı Qüvvələrin və ATƏT-in
Gürcüstandakı Missiyasının aktiv nəzarəti altında keçirilməsi nəzərdə tutulan münaqişə ərazisinin mərhələli
demilitarizasiyasına dair razılaşmanın həyata keçirilməsi istiqamətində ATƏT-i öz səylərini intensivləşdirməyə
təkid edir və Birgə Nəzarət Komissiyasının iclasında Cənubi Osetiyanın Gürcüstan tərkibində siyasi statusunu
müəyyənləşdirilməsi də daxil olmaqla Gürcüstanda münaqişənin sülh yolu ilə davamlı həll edilməsinə yeni
təkan verməyə dair qərarına uyğun olaraq, ATƏT-i münaqişə tərəflərinin yüksək səviyyəli nümayəndələrinin
görüşün keçirilməsinə çağırır.
Gürcüstan dövləti tərkibində Abxaziya münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq
istiqamətində ATƏT də daxil olmaqla beynəlxalq birliyin davam edən səyləri ilə yanaşı, GUAM ATƏT-in
bütün regionda BMT/ATƏT-in birgə Suxumi Ofisinin vasitəsilə bütövlüklə regionda insan hüquqlarına dair
vəziyyətin effektiv monitorinqinin aparılmasına dair səylərin aktivləşdirilməsinə və Qali rayonunda onun
şöbəsinin açılmasına çağırır.
GUAM, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmət prinsipi əsasında
həllinə tam və birmənalı dəstəyini bir daha qeyd edərək, Azərbaycan Respublikasının çərçivəsində Dağlıq
Qarabağ regionunda erməni və Azərbaycan icmaları arasında sülh və əməkdaşlığın yaradılması məqsədilə
Praqa görüşlərinin nəticələr əsasında tərəflər arasında danışıqların sürətlənməsi alqışlayır və ATƏT-i,
xüsusilə də Minsk Qrupunu bu məqsədlə öz səylərini artırmağa çağırır.
Avropada Adi Silahlara dair Müqavilə Avropa təhlükəsizliyinin təməl daşıdır. Adaptasiya olunmuş
“Avropada Adi Silahlara dair Müqaviləni” vaxtında qüvvəyə minməsini dəstəkləyərək, GUAM İstanbul
Öhdəliklərinin həyata keçirilməsini ratifikasiya prosedurasına başlanılması üçün vacib şərt olduğu barədə öz
mövqeyini bir daha vurğulayır. Rusiya Federasiyasının öz beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün bütün
mümkün addımları atacağına, və bununla da regionda etibarın və sabitliyin artırılmasına öz töhfə verəcəyinə
ümidvar olduğunu bildirmişdir.
GUAM Dövlətləri Gürcüstan və Rusiya Federasiyası Xarici İşlər Nazirlərinin 30 may 2005-ci il tarixli
Birgə Bəyanatında göstərildiyi kimi Gürcüstan ilə Rusiya Federasiyası arasında Gürcüstan ərazisində qalan
Rusiya hərbi bazalarının 2008-ci ilə qədər Gürcüstan ərazisindən çıxarılmasına dair əldə edilmiş razılaşmanı
alqışlayır və ümidvar olduğunu bildirirlər ki, Bəyanatda əksini tapmış bütün öhdəliklər nəzərdə tutulmuş
müddət ərzində tamamilə yerinə yetiriləcəkdir.
Konfrans zamanı müzakirə ediləcək əsas məsələlər – hərtərəfli təhlükəsizlik, digər regional təşkilatlarla
əməkdaşlıq və terrorçuluğa qarşı mübarizə həmçinin GUAM-n gündəliyinin başında durur. GUAM terrorçuluq,
mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərə qarşı mübarizə sahəsində özünəməxsus təcrübəyə
malikdir. Beləliklə, GUAM-a üzv olan Dövlətlər arasında Əməkdaşlığa dair Razılaşma imzalanaraq yuxarıda
qeyd olunan hallara qarşı mübarizə məqsədilə GUAM Virtual Mərkəzinin və Dövlətlərarası İnformasiya Analizi
Sisteminin yaradılması layihələrinin həyata keçirilməsinə artıq başlanmışdır. C-b Stratanın dediyinə görə,
Kişinyov Sammitində qəbul edilmiş sənədlərdə GUAM Dövlətlərinin Prezidentləri təhlükəsizliyin müxtəlif
aspektlərinə, o cümlədən Konfransın müzakirə mövzularına xüsusi diqqət yetirmişlər.
21 iyun 2005-ci il
|