ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı


Kiyevdə GUAM ölkələri dövlət başçılarının zirvə görüşü keçirilmişdir



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix06.09.2017
ölçüsü0,76 Mb.
#29011
1   2   3   4   5   6   7   8

Kiyevdə GUAM ölkələri dövlət başçılarının zirvə görüşü keçirilmişdir  

 

AzərTAc-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 23-də Kiyevdə Prezident sarayında GUAM-ın 



üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşü keçirilmişdir. Zirvə görüşünün geniş iclasının gündəliyinə 

GUAM-ın regional qurumdan beynəlxalq təşkilata çevrilməsinin elan olunması, Nizamnamənin və Birgə 

bəyannamənin imzalanması, habelə bir sıra digər məsələlərin müzakirəsi daxil idi.  

Ukrayna Prezidenti Viktor Yuşşenko zirvə görüşünü açaraq, GUAM ölkələrinin dövlət başçılarını  - 

Azərbaycan Prezidenti İlham Əliyevi, Gürcüstan Prezidenti Mixail Saakaşvilini, Moldova Prezidenti Vladimir 

Voronini, habelə qonaqları  -  Litva Prezidenti Valdas Adamkusu, Bolqarıstanın vitse-prezidenti Angel Marini, 

Rumıniyanın, ABŞ Dövlət Departamentinin, ATƏT-in nümayəndələrini salamladı. O dedi ki, bu zirvə görüşü 

gələcək inkişaf üçün böyük əhəmiyyət daşıyır. GUAM-ın beynəlxalq təşkilata çevrilməsi beynəlxalq 

münasibətlərin keyfiyyətcə yeni sisteminin formalaşmasının ümumi proseslərinin bir hissəsidir. Beynəlxalq 

təşkilatların və digər ölkələrin nümayəndələrinin bu görüşdə  iştirak etməsi GUAM-a olan marağı bir daha 

nümayiş etdirir. Bu qurumla Avropa İttifaqı arasında  əməkdaşlığın genişləndirilməsi GUAM-ın üzvü olan 

ölkələrin  ərazi bütövlüyünün təmin edilməsi, sülh və  təhlükəsizliyin möhkəmləndirilməsi üçün də faydalı 

olacaqdır. GUAM ölkələrinin qarşılaşdıqları münaqişələrə yalnız birgə səylərlə son qoymağın mümkünlüyünü 

bildirən Ukrayna Prezidenti dedi ki, biz bütün qonşu ölkələri bu münaqişələrin həlli üçün təsirli səylər 

göstərməyə çağırırıq. O vurğuladı ki, GUAM bu istiqamətdə Avropa İttifaqı, ATƏT, habelə ABŞ  və digər 

dövlətlərlə fəal və konstruktiv qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildirmişlər.  

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə nitq söylədi. Dövlətimizin başçısı görüşün yüksək 

səviyyədə keçirilməsinə görə Ukrayna tərəfinə  təşəkkür etdi. GUAM-ın  əhəmiyyətini, Avropaya inteqrasiya 

baxımından bu təşkilat çərçivəsində  əməkdaşlığın zəruriliyini vurğulayaraq bildirdi ki, ölkələrimiz özlərinin 

müstəqilliyini möhkəmləndirməyin yeni mərhələsini yaşayır və daha sıx regional əməkdaşlığa keçirlər. Bu 

baxımdan energetika amili münasibətlərimizdə üstün yer tutacaqdır. İqtisadi layihələr ölkələrimizin mövqeyini 

möhkəmləndirməyə və Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirməyə kömək edəcəkdir. Dövlətimizin 

başçısının fikrincə, GUAM ölkələrinin iqtisadiyyatının inkişafı üçün nəqliyyat problemlərinin həllinin də böyük 

əhəmiyyəti vardır.  

Azərbaycan Prezidenti separatizm və terrorizmlə mübarizənin zəruriliyini də vurğulayaraq dedi ki, 

terrorizmlə  təklikdə mübarizə aparmaq mümkün deyildir. Dövlətimizin  başçısı xatırlatdı ki, GUAM-ın üzvü 

olan dörd ölkədən üçünün ərazi bütövlüyü pozulmuşdur. Separatizmlə mübarizədə vahid yanaşma olmalıdır, əks 

halda, bu, fəlakətli nəticələrə gətirib çıxara bilər.  

Prezident  İlham  Əliyev  əminliyini vurğuladı ki, yeni format alan GUAM beynəlxalq aləmdə özünü 

göstərəcək və regionumuzda təsirli təşkilat olacaqdır.  

Gürcüstan Prezidenti Mixail Saakaşvili çıxışında MDB-nin nizamnaməsində kollektiv təhlükəsizlik 

baxımından qarşıya qoyulan məsələlərin yerinə yetirilmədiyini xatırlatdı. Separatizmlə və terrorizmlə mübarizə 

barədə Prezident İlham  Əliyevin fikirlərini yüksək dəyərləndirən Mixail Saakaşvili bütün sahələrdə 

əməkdaşlığın gücləndirilməsində, neft və qazın dünya bazarlarına çatdırılmasında Azərbaycanın oynadığı rolun 

əhəmiyyətini vurğuladı. O, enerji daşıyıcılarının Gürcüstan və Qara dəniz vasitəsilə Ukrayna, Moldova 

ərazilərindən keçməklə  nəqlinin həm siyasi, həm də kommersiya baxımından çox faydalı olacağını bildirdi. 

Gürcüstan Prezidenti Dağlıq Qarabağ, Abxaziya və Dnestryanı münaqişələrin həlli ilə bağlı fikirlərini də 

açıqladı. GUAM-ın heç bir başqa ölkəyə, birliyə və təşkilata qarşı yaradılmadığını xatırladan Mixail Saakaşvili 

dedi ki, təşkilatımızın gücləndirilməsi üzv ölkələrin istəyidir və bu istiqamətdə səylər birləşdiriləcəkdir.  

Sonra çıxış edən Prezident Vladimir Voronin Moldovanın GUAM-da sədrliyi dövründə görülmüş işlərdən 

danışdı. Bildirdi ki, bu müddətdə üzv ölkələrin fəal işi sayəsində GUAM beynəlxalq təşkilata çevrilmiş, onun 

Katibliyi fəaliyyətə başlamışdır. O, “GUAM Ölkələrinin Gənclər Forumu” beynəlxalq təşkilatının yaradılmasını 

da mühüm hadisə kimi qiymətləndirdi. Prezident Voronin daha sonra vurğuladı ki, bu ilin fevralında Bakıda 

keçirilmiş görüş energetika sahəsində GUAM ölkələrinin strategiyasının hazırlanmasının zəruriliyini aydın 

şəkildə müəyyənləşdirməyə imkan vermişdir.  

Zirvə görüşündə qonaqlar -  Litva Prezidenti Valdas Adamkus, Bolqarıstanın vitse-prezidenti Angel 

Marin, Rumıniyanın xarici işlər naziri Mixay Rezvan Unquryanu, QİƏT-in baş katibi Leonidas Xrizantopulos 

və başqaları  çıxış edərək GUAM-ın sağlam təməl üzərində qurulduğunu, bu cür təşkilatlar çərçivəsində 

əməkdaşlığın demokratik dəyərlərin inkişafı  və müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanmaq baxımından 

fayda gətirəcəyini bildirdilər. Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin iqtisadi inkişafı üçün energetika 

sahəsində birgə layihənin reallaşdırılmasının günün tələbi olduğunu, regional əməkdaşlığın genişlənməsi 

istiqamətində səyləri dəstəklədiklərini vurğuladılar.  



Sonra dövlət başçılarına xarici işlər nazirlərinin, iqtisadiyyat, energetika, nəqliyyat nazirləri və gömrük 

xidmətləri rəhbərlərinin, hüquq mühafizə orqanları  rəhbərlərinin, sərhəd xidmətləri rəhbərlərinin, ticarət və 

sənaye palataları rəhbərlərinin birgə iclasları və imzalanacaq sənədlər barədə ətraflı məlumat verildi. Bildirildi 

ki, həmin sənədlər GUAM ölkələri arasında əlaqələrin, gələcək əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət 

edəcəkdir.  

GUAM-da sədrlik Moldovadan Ukraynaya keçdi. Zirvə görüşündə cari məsələlər barədə də müzakirələr 

aparıldı.  

 

Azərbaycan Prezidenti İlham Əliyevin Bəyanatı 



(23 may 2006-cı il) 

 

-Hörmətli xanımlar və cənablar!  



İlk növbədə, zirvə görüşünün gözəl təşkilinə görə Ukrayna tərəfinə bir daha təşəkkür etmək istərdim. Biz 

özümüzü çox rahat hiss edirdik, bizə  böyük qonaqpərvərlik göstərilmişdir və zirvə  görüşünün iştirakçılarına 

olan diqqətə görə Prezident Viktor Andreyeviç Yuşşenkoya çox minnətdarıq.  

Bugünkü zirvə  görüşü tarixi hadisədir, çünki təşkilatımız transformasiya olunur və onun fəaliyyətinin 

tamamilə yeni mərhələsi başlanır – Demokratiya və  İqtisadi  İnkişaf Uğrunda təşkilat – GUAM. Bu mərhələ 

ölkələrimizin gələcək inkişafını, regionumuzda inteqrasiya proseslərini, demokratik təsisatların 

möhkəmləndirilməsi proseslərini də, yəqin ki, xeyli dərəcədə irəlicədən müəyyənləşdirəcəkdir. Başqa sözlə, 

buraya hər bir ölkənin inkişafını öncədən müəyyən edən bütün istiqamətlər daxildir. Təşkilatın yaranmasından 

ötən 10 il ərzində ölkələrimiz ağır məqamlar yaşamışdır. Əlbəttə, bu ağır vəziyyətdən ləyaqətlə çıxmağımız bir 

daha göstərdi ki, ölkələrimiz yetkin, müstəqil dövlətlərdir və  öz xalqlarının mənafelərinə  əsaslanan müstəqil 

siyasət aparır, habelə  əməkdaşlıq üçün açıqdır. GUAM-ın yeni təşkilata çevrilməsi, - əminəm ki, o, səmərəli 

beynəlxalq təşkilat olacaq, - əlbəttə ki, GUAM-ın üzvü olan ölkələrin rəhbərliyinin böyük xidmətidir. Əminəm 

ki, gələcəkdə  təşkilatımızın müvəffəqiyyəti həm ikitərəfli  əsasda, həm təşkilat çərçivəsində, həm də digər 

beynəlxalq təşkilatlarda sıx qarşılıqlı  fəaliyyətdən asılı olacaqdır. Mən  əminəm ki, indi, təşkilatımızın 

beynəlxalq təşkilata çevrildiyi vaxtda biz müxtəlif beynəlxalq qurumlarda da vahid mövqelərdən çıxış edəcək, 

bir-birimizə yardım göstərəcək, bir-birimizi dəstəkləyəcək və fəal əməkdaşlıq edəcəyik.  

Bu gün ölkələrimizin həyatının bütün tərəfləri ilə  bağlı  məsələlərin çox geniş dairəsi müzakirə edildi. 

Demokratik inkişaf məsələləri də  gündəliyin mərkəzində  idi, çünki möhkəm demokratik təsisatlar, ictimai 

nəzarət və  azadlıqlar olmasa, heç bir uğurlu iqtisadi nailiyyət uzunmüddətli və  davamlı ola bilməz.  Əlbəttə, 

iqtisadiyyat geri qalarsa, ölkələrin uğurlu inkişafı və demokratik proseslərin irəliləməsi də çətinləşəcəkdir. Odur 

ki, bu proseslərin paralel surətdə inkişafı müvəffəqiyyətin rəhnidir. Bu baxımdan həmin sahədə əlaqələri daha 

da genişləndirməyin, habelə diqqəti iqtisadiyyatın gələcək inkişafını öncədən müəyyənləşdirə biləcək konkret 

layihələr üzərində  cəmləşdirməyin zəruriliyi məsələsində GUAM-ın bütün iştirakçıları arasında tam anlaşma 

var.  


Ölkələrimizin ərazisi Asiya ilə Avropa arasında, Xəzər hövzəsi ilə Avropa arasında təbii dəhlizdir. Əlbəttə 

ki, fəal nəqliyyat infrastrukturu yaradılması  uğurlu iqtisadi inkişafı,  əslində, bir çox illər öncədən müəyyən 

edəcəkdir. Çünki qloballaşma proseslərinin baş verdiyi, regionda çox güclü iqtisadi fəaliyyət getdiyi, rəqabətin 

artdığı indiki vaxtda fəal, sabit, səmərəli nəqliyyat kommunikasiyalarının olması müvəffəqiyyətin rəhnidir. Bu 

baxımdan həmçinin kommunikasiya layihələri olan enerji layihələri GUAM çərçivəsində əməkdaşlığın ümumi 

fonunu əhəmiyyətli dərəcədə tamamlayır. Azərbaycana gəldikdə, ölkəmizdə həyata keçirilən dünya miqyaslı iri 

enerji layihələri artıq reallığa çevrilir və təşkilatımız çərçivəsində inteqrasiyanın daha da genişlənməsinə kömək 

edəcəkdir. İnteqrasiya proseslərini inkişaf etdirmək üçün siyasi iradə var, yaxşı iqtisadi baza var. Ölkələrimizin 

iqtisadiyyatının inkişaf dinamikasını izləsək, artımın, özü də ikirəqəmli  ədədlə ifadə edilən sanballı artımın 

olduğunu görərik. Artım üçün potensialın olması da göz qabağındadır. Biz bütün mövcud imkanlardan istifadə 

etməli, inteqrasiya proseslərini təkcə  hansısa ayrı-ayrı layihələr çərçivəsində deyil, həm də  ümumiyyətlə, 

maksimum hərəkətə  gətirməliyik. Beləliklə  də, bütün sahələrdə maksimum səmərəli  əməkdaşlığı  təmin 

etməliyik.  

Regionda təhlükəsizlik tədbirlərini möhkəmləndirmədən, sabitliyi möhkəmləndirmədən, terrorizmlə, 

təcavüzkar separatizmlə  mübarizəni gücləndirmədən səylərimiz uğurlu olmayacaqdır. Ona görə ki, regionda 

təhlükə  qalmaqdadır, vəziyyətin sabitliyinin pozulması riski qalmaqdadır. Təəssüf ki, ölkələrimiz  ərazilərində 

dondurulmuş münaqişələrin mövcud olduğu dövlətlərdir,  ərazilərimizdə  heç bir beynəlxalq təşkilatın  əsla 

nəzarət etmədiyi zonalar mövcuddur. Bunlar Avropanın bədənində  “qara ləkələrdir”. Vəziyyətin sabitliyini 

pozan separatçı, kriminal rejimlər,  əlbəttə  ki, ölkələrimizin səmərəli  əməkdaşlığı  və  inkişafı üçün başlıca 

maneədir.  



Bu gün zirvə  görüşündə  təcavüzkar separatizm və  dövlətlərimizin  ərazi bütövlüyünün pozulması 

problemlərinə  ölkələrimizin münasibətlərini çox dəqiq müəyyən edən olduqca mühüm sənədlər də  imzalandı. 

Bunlar Kiyev Bəyannaməsi, məhz tənzimlənməmiş münaqişələr haqqında Birgə  bəyannamədir.  İşğalçı  və 

separatizmi dəstəkləyən ölkələr istisna olmaqla, bütün dünya, bütün dövlətlər ölkələrimizin  ərazi bütövlüyünü 

tanımışdır, Birləşmiş Millətlər Təşkilatı tanımışdır. Odur ki, ölkələrimizin  ərazilərindəki münaqişələrin sülh 

yolu ilə  hər hansı  şəkildə  həlli yalnız  ərazi bütövlüyünün bərpa edilməsini nəzərdə tutan beynəlxalq hüquq 

prinsipləri əsasında mümkündür.  

Gürcüstan, Moldova və Azərbaycan  ərazilərində separatizmlə  bağlı baş vermiş proseslərin mənşəyi, 

dinamikası  və  nəticəsi eynidir. Etnik təmizləmə siyasəti ilə  müşayiət olunmuş  təcavüzkar separatizm 

ölkələrimizin  ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmışdır. Mənim heç bir şübhəm yoxdur ki, 

ölkələrimizin ərazi bütövlüyü bərpa ediləcəkdir. Əlbəttə, biz istəyirik ki, bu, sülh yolu ilə və beynəlxalq hüquq 

normaları çərçivəsində baş versin. Əminəm ki, biz buna nail olacağıq.  

Biz fəal olmalıyıq, fəal surətdə birləşməliyik,  əməkdaşlıq etməliyik və  GUAM çərçivəsində  bugünkü 

işbirliyi ruhu əminliklə deməyə imkan verir ki, təşkilatın gələcəyi uğurludur. Bu, ilk növbədə, bizdən, bizim 

fəallığımızdan, təşkilatın  fəaliyyətinin səmərəliliyindən, konkret layihələrlə  dolğunlaşdırılmasından asılı 

olacaqdır. Biz şüarlardan uzağıq və bu gün müzakirələrdə, GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının və 

qonaqların çıxışlarında konkretlik olduqca çox idi. Bu, nikbinlik doğurur, çünki indi real işlər, real qərarlar, real 

layihələr vaxtıdır. Bu layihələri irəlilətmək üçün iradəmiz var, artıq onları  həyata keçirmək üçün maliyyə 

ehtiyatlarımız var, gələcəkdə  artıq qlobal enerji layihələrindən danışmağa imkan verən çox güclü nəqliyyat-

energetika infrastrukturu yaratmışıq. Hazırda regionda həyata keçirilən bütün layihələr bu və ya digər dərəcədə 

regional xarakter daşıyır, baxmayaraq ki, sərmayə  qoyuluşunun həcminə  görə  onlar dünya miqyaslı iri enerji 

layihələridir. İndi isə artıq qlobal dünya enerji layihələrinin perspektivləri açılır. Ölkələrimiz bu layihələrdə fəal 

iştirak edir və bizim iştirakımız olmadan onlar gerçəkləşə bilməz.  

Mən bugünkü müzakirələrin gedişindən, zirvə  toplantısı  çərçivəsində  hökm sürən ab-havadan, mühüm 

sənədlərin qəbul olunmasından, habelə  təşkilatın müstəqil həyata başlamasından məmnunam. Biz hamımız 

Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilata – GUAM-a gələcəkdə uğurlar arzulayırıq.  

Diqqətinizə görə təşəkkür edirəm. 

 

AzərTAc 



23 May, 2006. 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində növbəti mərhələ  

(2003-2006-cı illər) 

 

Alı BALAYEV, 



tarix elmləri namizədi 

 

Ümummilli lider Heydər  Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmizin 



müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi, iqtisadi tənəzzülün qarşısının alınması, ictimai və 

iqtisadi həyatın bütün sahələrində  köklü islahatların aparılması, dövlətimizin beynəlxalq arenada mövqeyinin 

möhkəmlənməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmaqla problemin danışıqlar yolu 

ilə çözülməsi istiqamətində həyata keçirilən səylərlə tarixə düşdü. 

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev bütün digər sahələrdə olduğu 

kimi, Dağlıq Qarabağ münaqişəsinin  ədalətli, Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində  həll edilməsi 

sahəsində də Heydər Əliyevin siyasi xəttini layiqincə uğurla davam etdirdiyini təsdiqlədi. 

İlham  Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin ilk üç ili göstərdi ki, o, ulu öndər Heydər 

Əliyevin siyasi kursunu sadəcə davam etdirməklə kifayətlənməmiş, bu kursun dövrün, zamanın tələblərinə 

uyğun təkmilləşdirilməsinə  və siyasi qətiyyət göstərərək ölkəmiz üçün taleyüklü məsələlərin yoluna 

qoyulmasına nail olmuşdur. 

Üçillik zaman kəsiyində  ölkəmizdə  siyasi hüquqi, iqtisadi islahatlar uğurla davam etdirilmiş, iri 

infrastrukturlar, layihələr həyata keçirilmiş, ölkəmizin beynəlxalq əlaqələri və nüfuzu daha da güclənmiş, sosial-

iqtisadi inkişafı parametrlərinə görə Azərbaycan dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. 

Prezident  İlham  Əliyev  ən böyük və  hələlik, həllinə nail ola bilmədiyimiz problem olan Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  və Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində, 

beynəlxalq hüquq normaları  əsasında nizamlanması üçün son dərəcə  aktivlik nümayiş etdirmişdir. Bu 

istiqamətdə  həyata keçirilmiş  məqsədyönlü siyasət nəticəsində Ermənistan bir sıra dövlətlər və  nüfuzlu 

beynəlxalq təşkilatlar tərəfindən təcavüzkar dövlət kimi tanınmışdır. Lakin dünyadakı ikili standartlar problemin 

ədalətli həlli qarşısında sədd çəkir. 

Bununla belə, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülh danışıqları torpaqlarımızın azad 

edilməsi istiqamətində yeganə vasitə deyil. 

İlham  Əliyevin prezidentliyinin ilk üç ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

nizamlanması ilə bağlı danışıqlar prosesinin sürətlənməsi ilə yadda qaldı. 

Hələ Azərbaycan Respublikasının Baş naziri işləyərkən, 2003-cü il sentyabr ayının 4-də  İlham  Əliyev 

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovla görüşündə qətiyyətlə qeyd etdi ki, XXI əsrdə, 

Azərbaycanın və Ermənistanın BMT, MDB, Avropa Şurası kimi beynəlxalq təşkilatların üzvü olduğu, dünya 

strukturlarına inteqrasiya etdiyi bir dövrdə işğalın davam etməsi yolverilməzdir [3, s. 107, 520]. 

2004-cü il fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Parlament 

Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin başçılıq etdiyi 

nümayəndə heyətini qəbul etdi. Prezident qonağın nəzərinə işğal altındakı Azərbaycan ərazilərinin vəziyyətini, 

ölkə  iqtisadiyyatına vurulmuş böyük zərəri, 1 milyona yaxın azərbaycanlının qaçqın və  məcburi köçkün 

vəziyyətinə düşməsini çatdırmış və ATƏT-in səylərinin bu məqamda nəticəsiz qaldığını da vurğulamışdır. 

Qonaq Avropa strukturlarının münaqişənin həllində, eləcə  də  regionda sülhün və  təhlükəsizliyin 

möhkəmləndirilməsində  səylərinin artırılmasının zəruriliyi haqqında Prezident İlham  Əliyevin fikirləri ilə 

razılaşdığını bildirmişdi [l, №28 (3643)]. 

2004-cü il iyul ayının 23-də Azərbaycan Prezidenti ATƏT-in yeni təyin olunmuş sədri Mauritsıo Pavezi 

ilə görüşündə də 16 ildən çox mövcud olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yollarını 

müzakirə etdi [10, №170 (3780)]. 

2004-cü il sentyabr ayının 15-də  [8,  №216 (3831)] Astanada keçirilmiş MDB-nin zirvə  toplantısında 

Azərbaycanın və Ermənistanın dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar müsbət 

qiymətləndirildi. Həmin müddətdə Varşavada görüş zamanı  əldə olunmuş razılaşmaya  əsasən keçirilmiş və üç 

saatdan çox davam etmiş təkbətək danışıqlarda İlham Əliyevlə R.Koçaryan münaqişənin sülh yolu ilə aradan 

qaldırılması ilə bağlı olan müxtəlif məsələləri geniş müzakirə etdilər [9, № 216 (3831)]. 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 2004-cü il sentyabr ayının 22-də  BMT Baş 

Məclisinin 59-cu sessiyasında iştirak etdi [11, №224 (3839)]. Cənab Prezidentin 2004-cü il sentyabrın 24-də 

Nyu-Yorkda, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri səfir Stiven Mənnlə  görüşündə Ermənistan 

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi müzakirə edildi [7, №158 

(4077)]. 


2004-cü il noyabr ayının 23-də BMT Baş Məclisinin 59-cu sessiyasının geniş iclasında "Azərbaycanın 

işğal edilmiş  ərazilərində  vəziyyətin gündəlikdəki 163-cü maddə  kimi müzakirə  olunması Azərbaycan 

diplomatiyasının mühüm uğuru oldu. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri E. Məmmədyarov 

bəyanat verdi [12, №272 (3887)]. 

2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına qəbul olunduqdan sonra Ermənistanın işğalçı 

dövlət olması  AŞ PA-nın tribunasından bütün dünyaya bəyan edildi. Böyük britaniyalı deputat, Avropa 

Demokratlar Qrupunun üzvü cənab Devid Atkinsonun hazırladığı və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinə dair məruzə" adlanan bu sənəd 2004-cü ilin noyabrında AŞ PA-nın Siyasi Komitəsində müzakirə 

edildi. Sənəddə 20 mindən çox insanın həlak olması, bir milyon insanın qaçqın vəziyyətinə  düşməsi faktı 

göstərilmişdi. Qəbul edilmiş  qətnamədə  bəzi qeyri-obyektiv müddəalar nəzərə  çarpsa da (məsələn, Dağlıq 

Qarabağdakı separatçı rejimin ayrıca tərəf kimi təqdim edilməsi) nisbətən  ədalətli sənədlərdən biri idi. 

D.Atkinsonun məruzəsində əks olunmuş müddəalar Dağlıq Qarabağ münaqişəsinə dair obyektiv həqiqətləri əks 

etdirirdi. Bu məruzədə  Dağlıq Qarabağın və Azərbaycan Respublikasının 7 rayonunun Ermənistan ordusu və 

separatçı erməni hərbi qüvvələri tərəfindən işğal edilməsi, həmin  ərazilərdə  genişmiqyaslı etnik "təmizləmə" 

əməliyyatlarının aparılması, monoetnik ərazinin yaradılması planının həyata keçirilməsi, məsələnin həllində 

Azərbaycan Respublikasının dövlət suverenliyinin, Azərbaycan və erməni icmalarının mənafelərinin 

qorunmasının zəruriliyi kimi mühüm məsələlər öz əksini tapmışdı [2, №5 (3924)]. 

2005-cı ü yanvar ayının 11-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Murtuz Ələsgərov 

Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə  və  səlahiyyətli səfiri Merkurios Karafotiası  qəbul etdi. 

Görüşdə Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirdi ki, Dağlıq Qarabağ 

münaqişəsi beynəlxalq hüquq normalan, Azərbaycanın  ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Səfir, 

həmçinin ATƏT-in fəaliyyətinin daha da gücləndirilməsini vacib saydı [13, №8 (3927)]. 

2005-ci il yanvar ayının 11-də Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan və Ermənistanın xarici 

işlər nazirləri Elmar Məmmədyarovun və Vardan Oskanyanın görüşü keçirildi. İki ölkə xarici işlər nazirlərinin 

görüşlərinin əsası 2004-cü il aprel ayının 16-da qoyulmuş və "Praqa prosesi" adını almışdı. Buradakı görüşlərdə 

nazirlərlə yanaşı, ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri də iştirak edirdilər. 

"Praqa prosesində" əsas məsələ "mərhələli həll" prinsipidir. Praqa görüşünə getməzdən öncə Ermənistan 

XİN-in rəhbəri V.Oskanyan bəyanatla çıxış edərək bildirmişdi ki, "Biz konkret məsələləri və detalları müzakirə 

edəcəyik. Lakin bu detallara daha dərindən vardıqca, danışıqlar prosesində  çətinliklərin meydanaçıxma 

ehtimalları çoxdur. Bu halda biz kompromislərə  hazır olmalıyıq". Ermənistan tərəfi kompromisə getməmək 

üçün ciddi cəhdlər edir-i. Bu ölkənin rəhbərliyi Dağlıq. Qarabağın münaqişədə  tərəf kimi qəbul edilməsinə 

çalışırdı. Bu vəziyyətdə separatçıların Azərbaycan Respublikası ilə meydanda tək qaldığını görən R.Koçaryan 

hakimiyyəti yenidən "Praqa prosesi"nə qayıtdı [17, №8 (3927)]. 

2005-ci il iyul ayının 1-də  ABŞ paytaxtında ATƏT-in Parlament Assambleyasının illik sessiyasında 

Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə Qoran Lenmarker "Ələ keçməyən imkan - Dağlıq Qarabağ 

münaqişəsinə dair bəzi fikirlər" adlı hesabatını  məclis iştirakçılarına təqdim etdi. Bu hesabatda deyilir ki, 

beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağa müstəqillik verməyə hazır deyildir". Qafqazda bir çox xalqlar yaşayır, 

bölgəni  kiçik, müstəqil dövlətlərə  bölmək təhlükəli olardı. Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. Bu, 

beynəlxalq normalara və Avropa dəyərlərinə əsaslanmalıdır. 

Q.Lenmarker hesabatda dörd mühüm amilə diqqət yetirmişdi: 

1) iştirakçı dövlətlər milli təhlükəsizliklərini risk qarşısında qoyduqlarını anlamalıdırlar; 

2) ölkələrdə demokratiya meyarlarına, insan hüquqlarına hörmət olunmalıdır; 

3) iqtisadi inteqrasiya möhkəm qarşılıqlı asılılıq yaradır və  inkişafa zəmin olaraq bütün əhaliyə  təsir 

edir; 


4) gediş-gəliş azadlığı, xüsusilə gənclər arasında, inteqrasiyanı bir qədər artırır [19, №150 (4069)]. 

2005-ci il iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev ATƏT-in Minsk 

qrupunun həmsədrləri ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 

ilə bağlı müzakirələr apardı [7, №158 (4077)]. 

2005-ci il avqustun 24-də  RF XİN-də  ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ  və Fransadan olan 

həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Elmar 

Məmmədyarov və Vardan Oskanyan arasında ikitərəfli görüşdə Rusiya xarici siyasət idarəsinin başçısı Sergey 

Lavrov da iştirak etmişdi. Danışıqlarda Azərbaycan XİN başçısının müavini Araz Əzimov, ATƏT-in 

monitorinq qrupunun rəhbəri Anjey Kasprşik iştirak etmişdir [16, №196 (4115)]. 

2006-cı il yanvar ayının 9-da AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda 

keçirilmiş iclasında Böyük Britaniya parlamentinin üzvü Lord Rassel Consonun hazırladığı xüsusi hesabat 

qəbul olundu. Yeni hesabatda Azərbaycan Respublikası ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı 

olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi kimi faktlar öz əksini tapmışdı. Yeni sənədin 


Azərbaycan Respublikasının maraq və  mənafeləri ilə  tam uzlaşdığını  təkcə Azərbaycan Respublikası 

nümayəndə heyətinin üzvləri deyil, həm də ermənilər də qəbul edirdilər. Nümayəndə heyətinin rəhbəri Səməd 

Seyidovun sözlərinə  görə, AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə  qətnaməsində  əks olunmuş bütün 

məqamlar, Azərbaycan Respublikasının  ərazi bütövlüyünün pozulması, etnik "təmizləmələr", məcburi 

köçkünlərin problemləri, işğal olunmuş  ərazilərdə qanunsuz yaşayış məskənlərinin salınması qeyd olunmuşdu 

[15, №5 (4248)]. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il fevral ayının 11-də Paris yaxınlığındakı 

Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi ilə görüşdü. 

Ermənistan Respublikasının Prezidenti Robert Koçaryanla təkbətək görüşündə  Dağlıq Qarabağ münaqişəsinin 

Praqa prinsipləri  əsasında nizama salınması ilə  bağlı olan məsələlər müzakirə obyektinə  çevrildi. [18, 

№31(5254)]. 

2006-cı il fevralın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasına 

səfərə gəldı. Prezidentlərin iştirak etdiyi geniştərkibli yığıncaqda iki ölkə arasında münasibətlərin inkişaf etdiyi 

vurğulanmışdı.  İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin aradan qaldırılması yolları da 

müzakirə edildi [4, №40(4263)]. 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 2006-cı il mart ayının 13-də  Bakıda Prezident 

sarayında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Stiven Mənni qəbul etdi. Görüşdə Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirələr aparıldı [6, №55 (4278)]. 

Nəzərdən keçirilən dövrdə 2003-2006-cı illər  ərzində Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyev Dağlıq Qarabağ probleminin aradan qaldırılması  məqsədilə Ermənistan prezidenti ilə  6, ATƏT-in 

həmsədrləri ilə  20, xarici ölkələrə 57 səfəri zamanı müxtəlif ölkələrin dövlət rəhbərləri ilə  çoxsaylı görüşlər 

keçirmişdir [14, №245 (2519)]. 

Beləliklə, İlham Əliyevin prezidentliyinin ilk üç ilində Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi 

bütövlüyü və beynəlxalq hüquq normalan çərçivəsində nizamlanması üçün müasir təbliğat metodları ilə çevik 

diplomatik iş aparılmışdır. Bütün xarici səfərlərində, ikitərəfli və  çoxtərəfli görüşlərində  İlham  Əliyev bu 

problemi ön plana çəkmiş, ölkəmizin qətiyyətli və  haqlı mövqeyini bəyan etmişdir. Azərbaycanın beynəlxalq 

münasibətlərdə rolu və yeri getdikcə güclənməyə başlamış, problemin ədalətli həlli üçün imkanlar yaranmışdır. 

2005-ci ilin yanvarında AŞ PA-nın da Ermənistanı  təcavüzkar kimi tanınması, bu dövlətə  qarşı beynəlxalq 

qınağın və  təzyiqlərin artması Azərbaycan diplomatiyasının böyük uğuru hesab edilməlidir. Diplomatik 

uğursuzluğu ilə  barışmaq məcburiyyətində qalan Ermənistan münaqişənin "Praqa prosesi", yəni "mərhələli 

həlli" əsasında nizamlanmasına razılıq verməli olmuşdur. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi kimi, 

Azərbaycan heç zaman ərazi itkisi ilə barışmayaraq, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan 

verməyəcəkdir. Ölkəmizin getdikcə  artan iqtisadi potensialı, günü-gündən güclənən ordusu, möhkəmlənən 

beynəlxalq nüfuzu, düzgün qurulan diplomatik siyasəti münaqişənin ədalətli həllinə real imkanlar yaratmışdır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində  bu gün həyata keçirilən 

siyasət bu nəticənin düzgünlüyünü biri daha sübut edir. 

 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin