İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Avropa strukturları Ermənistan Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini
artırmalıdır // Azərbaycan, №28 (3643), 5 fevral 2004
2. Avropa Şurası Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır //
Azərbaycan, №5 (3924), 8 yanvar 2005
3. Azərbaycan 2003 inkişaf strategiyasında yeni mərhələ. Bakı, 2005, 520 s.
4. Azərbaycan və Rusiya prezidentlərinin geniş tərkibdə görüşü // Azərbaycan, №40 (4263), 23 fevral
2006
5. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Stiven
Mənni qəbul etmişdir // Azərbaycan, №225 (3840). 26 sentyabr 2004
6. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənni
qəbul etmişdir // Azərbaycan, №55 (4278). 14 mart 2006
7. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir //
Azərbaycan, №158 (4077), 12 iyul 2005
8. Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri // Azərbaycan, №216 (3831), 16 sentyabr
2004
9. Azərbaycan Prezidenti İLham Əliyevin Ermənistan Prezidenti Robert Koçaryan ilə təkbətək görüşü //
Azərbaycan, №216 (3831), 16 sentyabr 2004
10. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin rəhbərini qəbul
etmişdir // Azərbaycan, №170 (3780), 24 iyul 2004
11. Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə
heç zaman barışmayacaq // Azərbaycan, №224 (3839), 25 fevral 2004
12. BMT-nin Baş Məclisi Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyəti müzakirə etmişdir //
Azərbaycan, №272 (3887), 24 noyabr 2004
13. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir //
Azərbaycan, №8 (3927), 12 yanvar 2005
14. Həsənov Əli. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin
daim diqqət mərkəzindədir // Xalq qəzeti, №245 (25419), 31 oktyabr 2006
15. Qaraxanlı R. AŞ PA-dan Koçaryana yeni il sürprizi // Azərbaycan, №5 (4228). 12 yanvar 2006
16. Moskvada Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar davam etdirilmişdir //
Azərbaycan. №196 (4115), 25 avqust 2005
17. "Praqa prosesi" Praqada davam etdirildi // Azərbaycan, №8 (3927), 12 yanvar 2005
18. Prezidentin mətbuat xidmətinin məlumatı // Azərbaycan, №31 (4254), 12 fevral 2006
19. Şəfəq Akif qızı. ATƏT PA sədrinin xüsusi nümayəndəsi Dağlıq Qarabağın müstəqilliyini
münaqişənin həllinə alternativ hesab etmir // Azərbaycan, №150 (4069). 2 iyul 2005
ОЧЕРЕДНОЙ ЭТАП В ПРОЦЕССЕ УРЕГУЛИРОВАНИЯ
НАГОРНО-КАРАБАХСКОГО КОНФЛИКТА (2003-2006 гг.).
Алы Балаев.
В статье рассматривается целенаправленная деятельность руководства Азербайджана по
справедливому разрешению нагорно-карабахской проблемы. Отмечается, что одной из причин
неурегулированности данного конфликта является пассивная и необъективная позиция, занятая
Минской группой ОБСЕ. Автором дается подробный анализ всех встреч и обсуждений, которые
проводил Президент Азербайджана Ильхам Алиев в направлении решения этих проблем.
“Dirçəliş-XXI əsr”.-2010.-№143-144.-S.292-297.
Bir milyon azərbaycanlının taleyinə beynəlxalq birlik hələ də biganə yanaşır
1988-1993-cü illərdə Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Cəbrayıl, Qubadlı, Zəngilan) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün
vəziyyətinə düşdü. Məcburi köçkünlər hazırda ölkənin 62 şəhər və rayonunda 1600-dən çox sıx məskunlaşma
obyektində müvəqqəti yaşayırlar.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olub,
4866 nəfər itkin düşüb, təxminən 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil
olub. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin,
130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət
müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin
dağıdılmasına səbəb olub.
BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad
edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874,
884 saylı qətnamələr qəbul edib. Lakin onlar indiyədək yerinə yetirilməyib.
İlk dövrlərdə məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən
ibarət qəsəbədə, fermalarda, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil
müəssisələrinə məxsus binalar və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında,
tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara
cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşmışdı.
Hazırda Azərbaycan əhalisinin hər doqquz nəfərdən biri didərgin düşmüş şəxsdir ki, bu da dünyada
əhali nisbətinə görə çox yüksək göstəricidir. Nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar isə Ermənistanın
işğalçılıq siyasətinin ortaya çıxardığı bu mənzərəyə sadəcə seyrçidirlər. Azərbaycana qarşı hərbi təcavüz və
onun vurduğu maddi-mənəvi zərər dövlətimizin bir nömrəli problemi olaraq qalır.
Qaçqın və məcburi köçkünlərin bütün sosial problemləri Azərbaycan Respublikası Prezidentinin 2004-
cü il 1 iyul tarixli 298 nömrəli sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin sərəncamın icrası ilə əlaqədar
Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli 232 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”nda
öz əksini tapıb.
Beynəlxalq birlik problemə biganəlik nümayiş etdirdiyi üçün yük tam şəkildə Azərbaycan dövlətinin
çiyinləri üzərinə düşüb. Bu günlərdə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, qaçqın və məcburi
köçkünlərin mənzil, sosial, iqtisadi şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin dövlət büdcəsindən
maliyyələşdirilməsinə indiyə qədər 4,6 milyard dollar ayrılıb. Dövlət Neft Fondundan isə bu məqsədlə daha 1
milyard dollar vəsait ayrılıb. Didərginlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması istiqamətində 2001-2010-cu
illər ərzində 20 min ailəlik 67 yeni qəsəbə və fərdi evlər tikilərək onların istifadəsinə verilib.
Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərə baxmayaraq qaçqın və məcburi köçkün probleminin
miqyası o qədər böyükdür ki, onların humanitar, sosial vəziyyəti mürəkkəb olaraq qalır. Hazırda 400 min
məcburi köçkün ağır vəziyyətdə yaşayır. Onların 216 mini Bakı şəhərindədir. Dövlət proqramı bütün məcburi
köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu barədə baş nazirin müavini, Qaçqınlar və
Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, dövlət
proqramına uyğun olaraq, öncə çadır düşərgələri ləğv edilib. İlbəil ən ağır vəziyyətdə yaşayanlar prioritet seçilir:
“Birinci prioritet çadır düşərgələri idi. Onlar artıq köçürülüb. Bundan sonra Fin qəsəbələrinin köçürülməsinə
başlanılıb. Sonra isə məktəblər, uşaq bağçaları, düşərgələr, hərbi hissələr, tələbə yataqxanalarından köçürülmə
başlanacaq”.
Son illər ərzində xarici donorlar tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən ərzaq və qeyri-
ərzaq yardımının həcmi əhəmiyyətli dərəcədə – 4 dəfə azaldılıb. Bakı, Sumqayıt şəhərlərində və Abşeron
rayonunda müvəqqəti məskunlaşmış 230 min nəfərdən çox məcburi köçkün artıq bir neçə ildir donor təşkilatlar
tərəfindən ərzaq yardımı ilə təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox qaçqın və məcburi köçkündən
hazırda yalnız 30 faizi aylıq ərzaq yardımı ilə təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar
tərəfindən 214 min nəfər məcburi köçkünə ərzaq yardımı dayandırılıb.
Məcburi köçkünlərin maliyyə imkanları məhdud olduğundan onlara müvəqqəti istifadə üçün ayrılmış
torpaq sahələrindən səmərəli istifadə olunmasının təmin edilməsində də çətinliklər var. Yeni xırda istehsal
sahələrinin yaradılması kiçik və orta biznesin inkişafı, kənd təsərrüfatı, mikro maliyyə və sair layihələrin həyata
keçirilməsinə böyük tələbat yaranıb. Köçkünlərin sıx məskunlaşma yerlərində-fermalarda, yataqxanalarda,
tikintisi yarımçıq qalmış binalarda, uşaq sağlamlıq düşərgələrində və sair yerlərdə infrastruktur, elektrik xətləri,
içməli su kəmərləri, daxili yollar, dam örtükləri, təhsil, səhiyyə obyektlərinin vəziyyətinin yaxşılaşdırılmasına
ciddi ehtiyac duyulur.
Apardığımız araşdırma zamanı məlum oldu ki, Bakı şəhərində köçkünlərin məskunlaşdığı
yataqxanaların əksəriyyəti ya qəzalı, ya da ki, istismar müddəti başa çatmış binalardır. Bu isə təhlükəli
məqamlardan xəbər verir. Xatırladaq ki, paytaxtda 47 min ailə – 216 min köçkün məskunlaşıb. Onlar 262
yataqxanada məskunlaşıblar. Dərnəgül qəsəbəsində məcburi köçkünlərin daha çox məskunlaşdıqları
yataqxanaların istismar müddəti nə az, nə çox 20 il öncə başa çatıb. Hazırda həmin yataqxanaların zirzəmiləri
bərbad vəziyyətdədir. Demək olar ki, binalarda kanalizasiya sistemləri sıradan çıxıb. Bəzi yataqxanalarda
pilləkənlər yararsız hala düşüb. Onların hər an uçma təhlükəsi var. Əksər yataqxanaların damları uçub.
Kanalizasiya sistemi işləmədiyindən bəzi yataqxanaların divarlarından bayıra su sızır. Bu isə hər an təhlükə
deməkdir.
Eyni vəziyyət Bakı Dövlət Universitetinin, Texniki Universitetin yataqxanalarında hökm sürməkdədir.
Onu da qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların istismar müddəti 30 ildir. Lakin həmin
yataqxanalar 50 ilə yaxındır istismardadır. Ən dözülməz vəziyyətə isə məcburi köçkünlərin məskunlaşdıqları
yarımçıq tikililərdə rast gəldik. Bakıda xeyli belə bina var. Həmin binalar əsasən Binəqədi, Nizami və Xətai
rayonlarında yerləşir. Bu binalarda kommunal xidmətdən danışmağa dəyməz. İş o yerdədir ki, binalarda
kanalizasiya sistemi olmadığından burada məskunlaşan qaçqınlar çirkli suları birbaşa küçəyə axıdırlar. Elektrik
sistemi bərbad vəziyyətdədir. Bir sözlə, bu binalarda yaşamaq təhlükəlidir.
Yuxarıda adını çəkdiyimiz yataqxanalarda və yarımçıq binalarda apardığımız müşahidələr 18 ildir orada
məskunlaşan məcburi köçkünlərin həyatının zindan əzabı olduğuna əminlik yaratdı.
Buradakı mənzərəni görüb heyrətlənməmək mümkün deyil. 16 kvadratmetrlik darısqal, heç bir
kommunal şəraiti olmayan otaqlarda ailələr yaşayır. Valideynlər deyir ki, uşaqları rütubətdən xəstəlik,
revmatizm tapıblar. Antisanitariya hökm sürür. Adamlar küçələrdən su gətirməli olurlar. Bir binada hərəsində
azı 4 nəfər olmaqla 90 ailə yaşayır və bu qədər əhalinin hamısı yataqxanada mövcud olan yeganə hamamdan
istifadə etmək məcburiyyətindədirlər. Ayaqyolu da ümumidir. Burada ailələrin əksəriyyəti övladlarını
mənzilsizlik probleminə görə evləndirə bilmirlər.
İmişli rayonu ərazisində yerləşən Fin tipli qəsəbədə də olub məcburi köçkünlərin vəziyyətini öyrəndik.
Qəsəbədə qarşımıza ilk çıxan iki gənc işsizlikdən və şəraitsizlikdən gileyləndi. Onların sözlərinə görə, bu
səbəbdən gənclər qəsəbəni tərk edib Bakıya gediblər. Burada qalanlar isə çiy kərpic kəsib satmaqla məşğuldur.
Ən yaxşı halda onlar hər həftənin ikinci günləri mal-qara bazarına çıxırlar. Bakıdan mal-qara almağa gələn
qəssabların malını yükləyib çörək pulu qazanırlar. Onlar bildirdilər ki, bu yay şəhərciyi su basıb, xeyli evlər
uçub. Nəticədə xeyli insana ziyan dəyib. Sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayətləndilər. Onlar
şagirdlərin dərsə gedə bilmədiklərini dedilər.
Buradakı məktəbə də baş çəkdik. Cəmi 6 “fin” otağından ibarət olan məktəbdə tədrisin mənzərəsi
çılpaqlığı ilə göz qabağında idi. Otaqlar qışda soyuq olduğu üçün şagirdlər dərsdən yayınmaq məcburiyyətində
qalır. Qəsəbədə parka, uşaqların əylənməsi üçün meydançaya rast gəlmədik. Bu və digər səbəblərdən məcburi
köçkünlər arasında ali təhsil alanların sayı kəskin şəkildə azalıb.
Şəhərcikdə içməli su təchizatı da ürəkaçan deyil. Kanalizasiya sistemi olmadığından, çirkab suları
həyət-bacaya dolur. Bəzi məhəllələrdə üfunətdən nəfəs almaq olmurdu. Həmsöhbət olduğumuz Kamil adlı
köçkün dedi ki, onlar beynəlxalq təşkilatlardan əllərini üzüblər. Ümidləri yenə də öz dövlətimizə qalıb.
Hökumətin onları köçürüləcəkləri günü gözləyirlər.
Bu faktlar Azərbaycanda məcburi köçkünlərin probleminin nə dərəcədə ciddi olduğunu göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev də xarici qonaqlarla bütün görüşlərində, xarici səfərlərində, ictimaiyyət
qarşısında çıxışlarında məcburi köçkünlərin problemlərinin ciddiliyinə xüsusi yer ayırır və dünya birliyini bu
insanların taleyinə biganə qalmamağa çağırır. Prezidentin köçkün ailələrinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamda da deyilir ki, məcburi köçkünlərin
böyük əksəriyyəti hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti
məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər.
Azərbaycanda qaçqın və məcburi köçkün probleminin 20 ildən artıqdır davam etməsində beynəlxalq
birliyin də məsuliyyəti böyükdür. Dünya 1 milyona yaxın günahsız insanın taleyinə hələ də biganəlik nümayiş
etdirir. Ümumbəşər İnsan Hüquqları Deklarasiyasının 14-cü bəndində qeyd olunur ki, nə qədər ki, dünyada
müharibələr, təqib olunmalar, hüququ tapdalanmalar, dözümsüzlük və insanlığa laqeydlik mövcuddur, qaçqınlar
və məcburi köçkünlər də mövcud olacaq. Məcburi köçkünlərin acınacaqlı vəziyyəti müasir dövrün ən böyük
faciələrindən biridir, onların müqəddəratı isə insan hüquqlarını müdafiə problemi kimi hər birimizi narahat
etməlidir.
Qaçqınlar və məcburi köçkünlər öz günahları olmadan XX əsrin çox böyük sarsıntılarının iştirakçıları
olmuş bizim kimi insanlardır. Onların arasında həkimlər və hüquqşünaslar, müəllimlər, fəhlələr, analar, atalar və
uşaqlar var. Dünya birliyi hər bir qaçqın və məcburi köçkünün hüququnun bərpa olunması uğrunda ciddi
addımlar atmalıdır. Unutmaq lazım deyil ki, bu gün məcburi köçkünlük, qaçqınlıq kimi ağır həyata məhkum
olunmuş minlərlə uşağın, gəncin sıralarından dünyaya töhfə verən dahilər də çıxa bilər. Tarixə nəzər yetirdikdə
belə faktların çox olduğunu görə bilərik. Albert Eynşteyn, Ziqmund Freyd, Mixail Barışkin, Marlen Ditrix,
Aleksandr Soljenitsın, Bertold Brext, Sun Yat-Sen, Rixard Vaqner, Viktor Hüqo, Cüzeppe Qaribaldi və
Vladimir Nabokov kimi məşhurlar da qaçqın olublar. Dünya bu gün Azərbaycanda və digər yerlərdə qaçqın,
məcburi köçkün problemini bəşəriyyətin problemi olaraq qəbul edib bu vəziyyətin aradan qaldırılmasına nail
olmadıqca, qaçqınlar və məcburi köçkünlər problemi də beynəlxalq cəmiyyətə çağırış olaraq qalır.
Məhəbbət ORUCOV
P.S. Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
“525-ci qəzet”.-2011.-16 dekabr.-№230.-S.4.
Finlandiya parlamentində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilmişdir
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Finlandiya
Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü ilə Helsinkiyə, Finlandiya parlamentinə (Eduskunta)
gəlmişdir. Noyabrın 7-də Finlandiya parlamentində Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzünün
nəticələrinə dair qətnamə layihəsinin müzakirəsi ilə əlaqədar "Dağlıq Qarabağ - işğal edilmiş və
unudulmuş ərazilər" mövzusunda dinləmələr olmuşdur.
Dinləmələrdə Finlandiya parlamentinin üzvləri, Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Nazirlər
Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş
şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri deputat Elxan Süleymanovun başçılığı ilə bu qrupun üzvləri Fazil Mustafa, Zahid Oruc və
Ceyhun Osmanlı iştirak etmişlər.
Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero LEHTİ tədbiri açaraq qeyd
etmişdir ki, Azərbaycan ilə Finlandiya arasında əməkdaşlıq yüksək səviyyədədir. Finlandiya 1991-ci ildə
Azərbaycanın müstəqilliyini tanımış və artıq 1992-ci ildə diplomatik münasibətlər yaradılmışdır. Lakin iqtisadi
əlaqələr arzu edilən səviyyədə deyildir, bu münasibətlərin genişləndirilməsi üçün çox böyük potensial vardır.
Eero Lehti demişdir ki, bu gün Finlandiya parlamentində müzakirə edilən Dağlıq Qarabağ münaqişəsi
Finlandiya KİV-lərində yetərincə işıqlandırılmır. 20 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsini
dondurulmuş münaqişə adlandırmaq olmaz, çünki dinc əhali hələ də həlak olur. Bu problem beynəlxalq
məsələdir, çünki onun həll edilməmiş qalması təkcə regiona deyil, bütün dünyaya ziyan vurur. Münaqişə
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir və dünya birliyi bu fikrin tərəfdarıdır.
Eero Lehti qeyd etmişdir ki, bugünkü dinləmənin məqsədi regionda kəskin münaqişələrdən biri sayılan
Dağlıq Qarabağ problemini bir daha müzakirə etməkdir. Finlandiya da öz növbəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı
Elxan SÜLEYMANOV çıxış edərək, Azərbaycan üçün çox əhəmiyyətli olan bu seminarın keçirilməsinə görə
Finlandiya parlamentinin üzvlərinə təşəkkür etmişdir. Finlandiya Avropa İttifaqının fəal üzvlərindən biridir və
demokratik, hüquqi dövlət quruculuğu sahəsində təcrübəyə malikdir. Azərbaycan üçün demokratiyanın
genişləndirilməsində və ölkədə müvafiq təsisatların yaradılmasında Finlandiyanın təcrübəsindən istifadə etmək
vacibdir.
Natiq Azərbaycan dövlətinin tarixi haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan tarixən
müxtəlif xalqların, millətlərin və dinlərin dinc yanaşı mövcud olduğu, mədəniyyətlərin qaynayıb-qarışdığı,
qarşılıqlı nifrətə yer olmayan bir ölkə kimi formalaşmış və inkişaf etmişdir.
Elxan Süleymanov Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açaraq vurğulamışdır ki, bu problemin
beynəlxalq hüquq normalarına müvafiq qaydada həll edilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən
biridir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr bu günə qədər yerinə yetirilməmişdir. Həmin
sənədlərdə qeyd edilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisi nəzarət edilməyən
zonalara çevrilmişdir. Bu ərazilərin azərbaycanlı əhalisinin hüquqları kütləvi şəkildə pozulmuşdur, işğalçı
qüvvələr etnik təmizləmə siyasəti aparmış, bunun nəticəsində bir milyondan çox insan qaçqın və məcburi
köçkün vəziyyətinə düşmüşdür. E.Süleymanov demişdir ki, Finlandiya daha fəal hərəkət edə və Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun həllində
ciddi mövqe tuta bilər. Finlandiya parlamenti bu problem barəsində müvafiq qətnamə qəbul etməklə, beynəlxalq
təşkilatlardan həmin sənədlərin yerinə yetirilməsini tələb edə bilər.
AŞPA-nın fəxri üzvü Jaako LAAKSO çıxışında qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsini
dondurulmuş münaqişə hesab etmək səhvdir, çünki regionda hər gün toqquşmalar baş verir, qadınlar və uşaqlar
snayper güllələrindən həlak olurlar. Son vaxtlar müharibə təhlükəsi artmışdır. Finlandiya hökuməti öz
növbəsində beynəlxalq hüquq çərçivəsində regionda sülhə nail olmağa kömək edə bilər. Jaako Laakso
vurğulamışdır ki, beynəlxalq birlik ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin dinc yolla
tənzimlənməsinə dair danışıqları dəstəkləyir. Təəssüflə qeyd edilmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti
münaqişə zonasında vəziyyəti dəyişməmişdir. Jaako Laakso humanitar faciə barədə söhbət açaraq, öz
torpaqlarına qayıtmağa imkanı olmayan bir milyondan çox qaçqın və məcburi köçkün probleminə diqqəti cəlb
etmişdir. O qeyd etmişdir ki, Finlandiya dövləti bu münaqişənin yaxın gələcəkdə həllinə və regionda sülhün və
tərəqqinin bərqərar olmasına kömək etməlidir.
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış edərək, mühüm məsələyə həsr olunmuş bu tədbirin təşkilinə
görə Azərbaycan Hökuməti adından Finlandiya parlamentinin rəhbərliyinə və deputatlara təşəkkürünü
bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Əli
Həsənov demişdir ki, son iki yüz il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər
nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və
deportasiya siyasətinə məruz qalmışlar.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu
ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə
köçürülməsi həyata keçirilmiş və bununla da XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli
dəyişmişdir. Ermənilər öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata
keçirmişlər. 1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı
üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, onların yaşadıqları kəndlər
talan edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınmışdır. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan
edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə qalmışdır. Azərbaycan torpaqlarında,
yəni vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni
dövləti yaratmaq ideyası ortaya atılmış, həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir
sıra güzəştlərə getməyə məcbur olmuşlar. Nəticədə 1918-ci ildə İrəvan xanlığı (sonradan İrəvan quberniyası)
ərazisində 9,7 min kvadratkilometrlik kiçik bir Ermənistan dövləti yaradılmış, sonralar onun ərazisi Azərbaycan
Respublikasının torpaqları hesabına tədricən böyüdülərək 29,8 min kvadratkilometrə çatdırılmışdır. Bu məkrli
siyasətin Sovet hakimiyyəti dövründə də davam etdirildiyini diqqətə çatdıran Baş nazirin müavini demişdir ki,
1923-cü ildə Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ
Muxtar Vilayəti yaradılmışdır. Bu zaman, muxtar vilayətin inzibati sərhədləri elə tərtib edilmişdir ki, burada
ermənilərin say etibarilə əksəriyyət təşkil etməsi təmin olunsun. Bundan sonra azərbaycanlıların öz tarixi
torpaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanmış, nəticədə
XX əsrdə müxtəlif dövrlərdə iki milyona yaxın soydaşımız öz tarixi vətənindən deportasiya edilmişdir.
Bu deportasiyanın SSRİ hökuməti tərəfindən məqsədli şəkildə həyata keçirildiyini bildirən Əli Həsənov
demişdir ki, tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək
Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla
1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir. Mixail Qorbaçov
Sovet İttifaqının rəhbəri olduqdan sonra onun rəğbətindən istifadə edən ermənilər "böyük Ermənistan" yaratmaq
iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik
təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba
yurdlarından qovularaq qaçqına çevrildi.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq
Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi
köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını
faktlarla diqqətə çatdıran Baş nazirin müavini Xocalı soyqırımı barədə də Finlandiya parlamentinin üzvlərinə
məlumat vermişdir.
Əli Həsənov demişdir: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ
ərazisindəki Ermənistan silahlı dəstələri Ermənistan prezidenti Serj Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri
Robert Koçaryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün
müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara
qarşı soyqırımı cinayətini həyata keçirdilər. Nəticədə 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca
yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 487 nəfər şikəst edildi, 1275
sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68
qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə, beynəlxalq qiymətləndirmə təşkilatlarının
ilkin hesablamalarına görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 300
milyard ABŞ dolları dəyərində ziyan vurulmuş, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ağır
iqtisadi böhran və bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdır.
Azərbaycan Hökumətinin əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək
üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər gördüyünü diqqətə çatdıran Baş nazirin müavini
demişdir ki, ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası nəticəsində Dövlət Neft Fonduna yığılan
ilkin vəsait də 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına
yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır. Ölkədə mövcud
olan 12 çadır düşərgəsindən sonuncusu 2007-ci ilin dekabrında ləğv edilmiş, həmçinin ötən dövrdə fin tipli 9
şəhərcikdə yaşayan məcburi köçkünlər də yeni qəsəbələrə köçürülmüşlər. Ümumiyyətlə, ötən dövrdə 26 min
ailə 130 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün bütün infrstruktura malik
76 qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 1993-2012-ci illərdə 5,3
milyard ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Bu vəsaitin 3 milyard dolları dövlət büdcəsindən, 1,375
milyard dolları Dövlət Neft Fondundan və 930 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən
ödənilmişdir.
Bu irəliləyişlərin əldə edilməsinin Azərbaycan Hökumətinə heç də asan başa gəlmədiyini və problemin tam
həll olunmadığını diqqətə çatdıran Əli Həsənov qeyd etmişdir ki, 400 min məcburi köçkün hələ də yaşayış üçün
əlverişsiz olan tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və
donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə
dünyada ilk yerlərdən birini tutur. Bir milyondan çox qaçqın və məcburi köçkünə qayğı göstərmək həddindən
artıq böyük bir yükdür. Bu problemin yeganə həlli Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan
torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı
700 min məcburi köçkün atəşkəsin əldə olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın tutduğu
qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə qayıda bilmir.
Belə ciddi humanitar problemi olan Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan, bölgənin lider dövlətinə
çevrilməsindən, yoxsulluq səviyyəsinin azalmasından, yeni iş yerlərinin açılmasından, beynəlxalq aləmdə
nüfuzunun artmasından, keçən il 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsindən danışan Əli Həsənov demişdir ki, cari ilin 9 ayı ərzində iqtisadiyyat 1,1 faiz, qeyri-neft
sektorunda 10,3 faiz, kənd təsərrüfatına isə 6,3 faiz artmış, ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə
qoyulmuşdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşmışdır. Davos İqtisadi Forumunun
hesablamalarına əsasən, "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2012-2013" hesabatında makroiqtisadi sabitliyə
görə Azərbaycan dünyada 18-ci yerdə, rəqabət qabiliyyətliliyi cədvəlində ötən ilə nisbətən 9 pillə irəliləyərək
46-cı yerdədir. İnflyasiya cəmi 1,5 faizdir, əhalinin pul gəlirləri 13,6 faiz artmışdır.
Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasında olaraq, regionun lider
dövlətinə çevrilmiş, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir.
Hazırda qarşıda duran ən əsas iqtisadi vəzifə, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi kimi,
gələcək on ildə qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması, qeyri-neft
sektorunda onun xüsusi çəkisinin 80 faizə çatdırılmasıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ən başlıca problemi olduğu barədə
Prezident İlham Əliyevin fikirlərini diqqətə çatdıran Əli Həsənov demişdir ki, münaqişəni həll etmək üçün
hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu
ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması
haqqında 4 qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam
Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar
və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma
yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi
tələb edilmişdir.
ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır ki, davam etdirilir. Münaqişənin həlli
beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Bu qərar və qətnamələr birmənalıdır.
Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmur. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan
və destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam
etdirməkdədir.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin müntəzəm surətdə pozulduğunu diqqətə
çatdıran baş nazirin müavini demişdir ki, işğal altında olan Dağlıq Qarabağın və ətraf rayonların demoqrafik,
sosial, inzibati strukturu dəyişdirilmişdir. ATƏT-in iki missiyası - faktaraşdırıcı və qiymətləndirmə missiyaları
həmin ərazilərə səfərləri zamanı hər şeyin dağıdıldığını və beynəlxalq humanitar hüququn tələblərinə zidd
olaraq, həmin ərazilərə başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq etmişlər. Bu ərazilərdə
ermənilər tərəfindən bərpa və məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi
olmaqla, Ermənistan tərəfindən törədilir.
Ermənistan işğal edilmiş ərazilərdə yerləşən Xocalı hava limanını qanunsuz şəkildə bərpa etdirərək buraya
mülki uçuşların təşkilinə cəhdlər edir. Ermənistanın bu cəhdləri, beynəlxalq hüququn norma və prinsiplərini,
xüsusilə də mülki aviasiya haqqında Çikaqo Konvensiyasının tələblərinə zidd olmaqla bərabər, regionda
olduqca həssas olan vəziyyəti daha da gərginləşdirmək, nizamlama prosesini pozmaq məqsədi daşıyır.
Eyni zamanda, nəzarətimizdə olmayan ərazidə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın
digər təhlükəli növləri baş verir, həmin zona böyük həcmdə narkotiklərin MDB və Avropa ölkələrinə tranzit
marşrutuna çevrilib. Buna görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə işğalda olan ərazilərdə
monitorinqin aparılması barədə müraciət etmişik.
Əli Həsənov demişdir: Mən bu fürsətdən istifadə edərək, Azərbaycan tərəfinin ən yüksək səviyyədə dəfələrlə
bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istəyirəm. Azərbaycan beynəlxalq hüququn müvafiq
norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni
və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün
bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgə yaşayışına zəmanət verən
özünüidarə formasında ola bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə
Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq. Münaqişə yalnız Azərbaycan
Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilə bilər.
Ermənistanın danışıqlar prosesini uzatmaqla mövcud status-kvonu saxlamağa çalışdığını diqqətə çatdıran Əli
Həsənov demişdir ki, bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region və bütövlükdə,
beynəlxalq aləm üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq
qurumlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə
son qoymalı, ikili standartlardan və ədalətsizlikdən əl çəkməli, prinsipial mövqe nümayiş etdirməli, beynəlxalq
hüquqa əsaslanan addımlar atmalı, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin
bərpa olunmasına nail olmalıdırlar.
Dinləmələrdə Avropa İttifaqının Qafqaz regionu üzrə sabiq xüsusi nümayəndəsi, səfir Heyikki TALVİTİE də
çıxış etmişdir. O, diqqətə çatdırmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk
qrupunun himayəsi altında aparılan danışıqlar heç bir nəticə verməmişdir. Minsk qrupunda təmsil olunmuş
ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına əsas
verir.
Sonra müzakirələr başlanmışdır. Debatlarda çıxış edən Azərbaycan parlamentinin üzvləri diqqətə
çatdırmışlar ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə qazandığından çox itirmişdir. Azərbaycan
Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid etmişdir.
İqtisadi inkişaf nazirinin müavini Sevinc HƏSƏNOVA "Azərbaycanın iqtisadi perspektivləri" mövzusunda
məruzəsində ölkəmizin dinamik inkişafı haqqında söhbət açmışdır. S.Həsənova Azərbaycan iqtisadiyyatının üç
dəfə, dövlət büdcəsinin 13 dəfə artmasını vurğulayaraq diqqətə çatdırmışdır ki, bunlar dünyada analoqu
olmayan göstəricilərdir.
Nazir müavini Azərbaycanın Finlandiya ilə iqtisadi əlaqələrindən söhbət açaraq qeyd etmişdir ki, iki ölkə
arasında əmtəə dövriyyəsinin 60 faiz artmasına baxmayaraq, bu həcmi daha da yüksəltmək üçün yaxşı potensial
vardır.
S.Həsənova onu da diqqətə çatdırmışdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi
nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 150 min ev, 7 mindən artıq ictimai bina, 1500-dən çox məktəb, uşaq
evləri, 700-dən çox tibb məntəqəsi, 500 tarixi abidə, 6 min istehsalat obyekti məhv edilmişdir.
Helsinki Universiteti yanında Aleksandr İnstitutunun tədqiqatçısı Mikko PALOKORPİ demişdir ki, Dağlıq
Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, uzun sürən münaqişədir. Onu aradan qaldırmaq cəhdləri
dondurulmuşdur. Mikko Palokorpi qeyd etmişdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi
büdcəsindən çoxdur. Əhalinin inkişafında fərq müşahidə edilir, Azərbaycanda əhalinin artımı daha yüksəkdir.
Ermənistanda isə əhali ölkəni kütləvi surətdə tərk edir. Bu isə Ermənistanda iqtisadiyyatın sürətli tənəzzülünə
səbəb olacaqdır. Beləliklə, Ermənistan beynəlxalq aləmdə unudulacaqdır.
M.Palokorpi diqqətə çatdırmışdır ki, bu ilin yazında Bakıda keçirilmiş seminarda Aland adaları probleminin
həllinin fin modelindən söhbət getmişdir. Bu problemin həllinə 20 il vaxt gərək olmuşdur və yeni nəsil başa
düşmüşdür ki, yeganə çıxış yolu muxtariyyətdir.
Finlandiya parlamentinin üzvü Elizabet NAUKLER "Aland adaları - muxtariyyətin Finlandiya modeli"
mövzusunda məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Aland adaları probleminin həlli Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi variantı ola bilərdi. Finlandiyanın bu təcrübəsindən çox ölkənin istifadə etdiyini
vurğulayan E.Naukler ümidvar olduğunu bildirmişdir ki, Qarabağ münaqişəsi hərbi əməliyyatlarsız, danışıqlar
yolu ilə həll ediləcəkdir.
Çıxışlardan sonra Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov Finlandiya parlamenti üzvlərinin və
ekspertlərin toxunduqları bəzi məsələlərə aydınlıq gətirmişdir.
Əli Həsənov natiqlərə minnətdarlığını bildirərək demişdir ki, bu gün Azərbaycanda 30 min erməni yaşayır,
beləliklə, Dağlıq Qarabağ münaqişəsi zamanı ikitərəfli deyil, birtərəfli etnik təmizləmə siyasəti yeridilmişdir.
Əli Həsənov, həmçinin diqqətə çatdırmışdır ki, Ermənistanda 2,7 milyon nəfər adam yaşamır. Beynəlxalq
Miqrasiya Təşkilatının məlumatına görə, son 15 ildə Ermənistanı 1,5 milyon adam tərk etmişdir. Ermənistan
Dövlət Statistika Komitəsinin məlumatı təsdiq edir ki, 9 ay ərzində ölkəni 90 min erməni tərk etmişdir. Öz
ölkəsini sevən ermənilər başa düşməlidirlər ki, Sarkisyan və Koçaryan hökumətinin məsuliyyətsiz və səriştəsiz
siyasəti ölkəni ağır vəziyyətə gətirib çıxarmışdır.
Əli Həsənov Aland adaları modelindən bəhs edərkən demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev
dəfələrlə beynəlxalq tədbirlərdə bildirmişdir ki, Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə statusu verilir,
lakin Ermənistan münaqişənin nizama salınmasının bu variantını da qəbul etmək istəmir. Nə üçün qəbul etmir?
Çünki Koçaryan və Sarkisyan özlərini erməni xalqının qəhrəmanları kimi qələmə verərək məhz bu münaqişə,
Azərbaycan torpaqlarının işğalı sayəsində hakimiyyətə gəlmişlər.
Yüz min suriyalı qaçqının yerləşdirilməsi məsələsinə gəldikdə isə Suriya ermənilərinin Azərbaycanın işğal
olunmuş ərazilərinə köçürülməsini Sarkisyan rejimi təşkil etmişdir.
Əli Həsənov demişdir ki, Azərbaycan neftinin Ermənistan ərazisindən nəqli üzrə tranzit marşrut yetərincə
rəqabətqabiliyyətli və sərfəli olardı, lakin Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan beynəlxalq və regional
layihələrdən təcrid olunmuşdur ki, bu da ölkə iqtisadiyyatının tamamilə dağılmasına gətirib çıxarır.
Dağlıq Qarabağın ayrılması məsələsinə gəldikdə isə Azərbaycan Prezidenti və xalqı bildirmişlər ki, bu
barədə heç bir güzəşt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan başqa
dövlətlərin ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və öz dövlətinə də belə münasibət tələb edir.
Parlamentin foyesində Xocalı soyqırımı haqqında kitabların və digər materialların sərgisi təşkil edilmişdir.
Dostları ilə paylaş: |