Müstəqilliyimiz əbədidir
İkinci kitab
Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya dövlət başçılarının,
habelə Rusiya Federasiyasının subyektləri olan Şimali Qafqaz respublikaları,
diyarları və vilayətləri rəhbərlərinin görüşündə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı
(3 iyun 1996-cı il)
Hörmətli dövlət başçıları, hörmətli Şimali Qafqaz respublikalarının rəhbərləri!
Xanımlar və cənablar!
Mən sizin hamınızı salamlayıram və bu gözəl görüşdən çox məmnun qaldığımı bildirirəm. Desəm ki, bu,
Qafqazın bütün xalqları, bütün dövlətləri nümayəndələrinin bütün tarix ərzində ilk görüşüdür, zənnimcə,
yanılmaram. Bu, çox gözəl təşəbbüsdür, xüsusən indiki vaxtda, mühüm təşəbbüsdür. Bu təşəbbüsü Rusiya
Federasiyasının prezidenti, bizim hörmətli dostumuz Boris Nikolayeviç Yeltsin irəli sürmüşdür. Boris
Nikolayeviç, mən bu təşəbbüsə görə sizə təşəkkür edirəm və əminəm ki, bu görüş, imzaladığımız bəyannamə və
burada apardığımız fikir mübadiləsi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə, şübhəsiz, kömək
göstərəcəkdir.
Qafqaz elə bir regiondur ki, Yer kürəsinin bir çox regionlarından özünün bir sıra xassələrinə görə seçilib
fərqlənir. Qafqaz özünün müstəsna gözəl təbiəti ilə, çoxmillətli tərkibi, burada yaşayan xalqların özünəməxsus
ənənə və adətləri ilə səciyyələnir. Qafqazın tarixinə bu xalqların dostluğu və qardaşlığı haqqında neçə-neçə
parlaq sifələr yazılmışdır. Son vaxtlar Qafqazın siyasi xəritəsi əhəmiyyətli dərəcədə dəyişmişdir. Sovet
İttifaqının süqutundan sonra müstəqil suveren dövlətlər - Azərbaycan Respublikası, Ermənistan Respublikası və
Gürcüstan Respublikası yaranmışdır. Şimali Qafqazda, Rusiya Federasiyasının ərazisində respublikalar daha
çox hüquqlar, daha çox səlahiyyətlər almışlar.
Zənnimcə, belə desəm ədalətli olar ki, Şimali Qafqaz respublikaları, xalqları keçmiş çar imperiyasının,
Sovet İttifaqının tərkibində heç vaxt belə hüquqlara, belə müstəqilliyə və belə səlahiyyətlərə malik olmayıblar.
Bu isə Rusiyanın həqiqətən federativ quruluşuna və Rusiyada dövlət quruluşunun doğrudan da
demokratikləşdirilməsinə sübutdur.
Amma bununla yanaşı, son vaxtlar Qafqaz faciəli hadisələrlə, hərbi münaqişələrlə qarşılaşmışdır. Bu gün
bütün Qafqazı münaqişələr bürümüşdür və bu, bütövlükdə Qafqaza, bütün xalqlara çox böyük ziyan vurur,
onları müsibətlərə, iztirablara, fəlakətlərə düçar edir. Odur ki, vəzifəmiz bu vəziyyəti aradan qaldırmaqdır.
Təəssüflər olsun ki, bu münaqişələr hələ Sovet İttifaqının mövcudluğu dövründə başlanmışdır. Ən əvvəl
başlayan münaqişə Dağlıq Qarabağla əlaqədar Ermənistanla Azərbaycan arasında olan münaqişədir. Bu
münaqişə hələ 1988-ci ildə başlanmışdır. Mən əminəm və bu gün inamla deyirəm ki, keçmiş Sovet İttifaqının
rəhbərləri bu münaqişəyə yol verməmək, bu qan tökülməsinə yol verməmək, onun dərinləşməsinə yol
verməmək üçün hər cür imkana malik idilər. Amma onlar uzaqgörən siyasətçilər olmalıdırlar, bəziləri isə bu
münaqişənin qızışmasına, məncə, bu və ya digər dərəcədə kömək etdilər.
Bu münaqişə nəinki Azərbaycana, həm də Ermənistana, bütün Qafqaza olduqca böyük ziyan vurur. Əslinə
qalsa, bütün Qafqazda, keçmiş Sovet İttifaqının bütün məkanında da münaqişələrin hamısı bu münaqişədən
başlanmışdır. Bu münaqişə nəticəsində Azərbaycan son dərəcə böyük ziyan çəkmişdir. Məlum olduğu kimi,
Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir, işğal olunmuş
torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı zorakılıqla qovulmuşdur. Onlar olduqca ağır şəraitdə
yaşayırlar, əksəriyyəti dörd ildir çadırlarda məskunlaşıb. Təəssüf ki, işğal olunmuş torpaqlar viran qoyulmuş,
qarət edilmiş və Azərbaycana çox böyük həm mənəvi, həm də maddi ziyan vurulmuşdur.
Lakin bütün bunlara baxmayaraq, biz hər halda belə bir fikrə gəldik ki, hərbi əməliyyatları davam
etdirməkdənsə, məsələnin həllinə sülh yolu ilə nail olmaq daha yaxşıdır. İki il bundan əvvəl biz Ermənistanın
rəhbərliyi, Ermənistan prezidenti cənab Ter-Petrosyan ilə razılıq əldə etdik və atəşkəs haqqında saziş imzaladıq.
Bu atəşkəs rejimi indi də qalmaqdadır və davam edir.
Mən bunu çox müsbət məqam sayıram. Atəşkəs rejimini böyük siyasi saziş imzalanan vaxtadək davam
etdirmək niyyətimiz, iradəmiz, istəyimiz bu gün bizim bəyannamədə də əksini tapmışdır. Biz sülh istəyirik, biz
hərbi əməliyyatlara yenidən başlanmasını istəmirik. Biz Ermənistan ilə Azərbaycan arasında sülh olmasını
istəyirik. Taleyin hökmü ilə biz yanaşı yaşayırıq, qonşuyuq və buna görə də uzun müddət düşmənçilik etmək
olmaz, xüsusən də əbədi olaraq düşmənçilik etmək olmaz. Biz sülh istəyirik, məsələnin dincliklə
nizamlanmasını istəyirik. Bu məsələ barəsində təkliflərimiz dəfələrlə elan edilmişdir. Bundan ötrü Azərbaycanın
ərazi bütövlüyü təmin olunmalı, qaçqınlar öz doğma torpaqlarına, yurd-yuvalarına, öz ocaqlarına
qayıtmalıdırlar. Təbii ki, bu şərtlər əsasında Dağlıq Qarabağa Azərbaycan Respublikası tərkibində muxtariyyət
statusu - müasir beynəlxalq praktikada olan ən yüksək muxtariyyət statusu verilməklə.
Həmin şərtləri mən bu gün bir daha elan edir və ümidvaram ki, biz məsələnin həllinə, münaqişənin aradan
qaldırılmasına, sülh yaranmasına bundan sonra da birgə səylərlə çalışacağıq.
Lakin bizi təkcə öz taleyimiz, xalqlarımızın, özümüzün taleyi narahat etmir, biz həm də bütün Qafqaz üçün
narahatıq. Təəssüf ki, bütün Qafqaz, bayaq dediyim kimi, münaqişələr alovuna bürünmüşdür. Əlbəttə, bütün
bunlar da separatizmin nəticəsidir, təcavüzkar millətçiliyin, davakar millətçiliyin nəticəsidir, şovinizmin
nəticəsidir. Bilirsinizmi, bu münaqişələr də Sovet İttifaqının mövcudluğu dövründə başlanmışdır. Zənnimcə,
bütün bunlar həm də Sovet İttifaqı Kommunist Partiyasının, daha doğrusu, Sovet İttifaqı Kommunist Partiyası
rəhbərlərinin və keçmiş Sovet İttifaqı rəhbərlərinin düzgün olmayan milli siyasətinin nəticəsidir.
O illərdə buraxılmış və bu münaqişələrə gətirib çıxarmış sirlər məlumdur və aşkardır. Bu sirlər Qafqaz
xalqları barəsində də, Zaqafqaziya xalqları barəsində də buraxılmışdır. Onların barəsində çox danışmaq olar. O
illərdə mən Sov. İKP MK Siyasi Bürosunun üzvü olduğuma və bir çox müzakirələrdə iştirak etdiyimə görə
bunlar yadımdadır və indi bu barədə danışmağı lazım bilirəm, çünki tarix bütün həqiqəti bilməlidir.
Məsələ burasındadır ki, o vaxtlar Sovet İttifaqının, Kommunist Partiyasının ayrı-ayrı rəhbərləri tərəfindən
yol verilmiş bu şovinizm ona gətirib çıxarırdı ki, Sovet İttifaqında yaşayan xalqların, o cümlədən də Qafqazda
yaşayan xalqların mənafeləri, milli adətləri, milli ənənələri nəzərə alınmırdı.
Yadımdadır, Kabarda-Balkariya Respublikasının rəhbərini əvəz etmək məsələsinə baxılarkən və Malbaxov
öz vəzifəsindən gedərkən buraya bu regionla, bu respublika ilə heç bir əlaqəsi olmayan, təbii ki, yerli millətə
mənsub olmayan bir nəfəri - sibirlini təyin etmək planlaşdırılırdı. O vaxt mən buna etiraz etdim. Lakin
Kommunist Partiyasının bəzi rəhbərlərinin, ən əvvəl Qorbaçovun volyuntarist qərarında bu etiraz, əlbəttə,
qətiyyən nəzərə alınmadı.
Eyni əhvalat Qazaxıstanda da baş verdi. O vaxtlar oraya respublikaya, bütöv Qazaxıstan Respublikasına elə
bir adamı göndərdilər ki, o heç vaxt orada yaşamamışdı, işləməmişdi, təbii ki, yerli millətə mənsub deyildi. Belə
faktlardan çox gətirmək olar. Lakin mən onlardan yalnız birindən qısaca danışdım ki, indi bizim hamımızın,
Qafqazın məruz qaldığı bu münaqişələrin, bu müsibətlərin, bu faciələrin səbəblərindən birinin hər halda nədən
ibarət olduğunu xatırladım.
Çox şükürlər olsun ki, indi Rusiyada, demokratik Rusiyada bu məsələlər daha yaxşı, daha normal həll edilir.
Hesab edirəm ki, nəinki təkcə Qafqaz üçün, həm də özümüzün bütün siyasi fəaliyyətimiz üçün borcumuz, ən
vacib borcumuz millətçiliyə, separatizmə, şovinizmə gedən yolları kəsmək, bunun qarşısını almaqdır. Bu,
Qafqaz üçün xüsusilə əhəmiyyətlidir. Təkrar edirəm, mən inanıram ki, indi Rusiyada bu prinsiplər üstün tutulur
və əminəm ki, bu, Qafqazda münaqişələrin tezliklə aradan qaldırılmasına kömək edəcəkdir.
Bizi Qafqazda baş verən bütün hadisələr, ən əvvəl Çeçenistanda olan hadisələr narahat edir. Mən
Çeçenistanda münaqişənin dincliklə aradan qaldırılması üçün prezident Boris Yeltsinin atdığı addımları
alqışlayıram. Ümidvaram və əminəm ki, bu addımlar davam etdiriləcək, Çeçenistanda sülh yaradılacaq və
bunun Qafqazda - istər Şimali Qafqazda, istərsə də Zaqafqaziyada digər bütün münaqişələrin aradan
qaldırılması üçün çox böyük əhəmiyyəti olacaqdır.
Buna görə də mən prezident Boris Yeltsinin bu addımını bir daha alqışlayır və ümidvar olduğumu
bildirirəm ki, bu addım davam etdiriləcəkdir. Zaqafqaziyada münaqişələrə son qoyulması üçün biz Rusiya
Federasiyasının, Rusiya prezidentinin, Rusiya dövlətinin böyük köməyinə möhtacıq. Rusiyanın və şəxsən
prezident Boris Yeltsinin göstərdikləri sülhyaratma səyləri, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün Ermənistanla Azərbaycan arasında vasitəçilik səyləri böyük əhəmiyyətə malikdir. Buna görə də ümid
etmək istərdik ki, bu səylər davam etdiriləcək və məsələnin tamamilə tənzimlənməsinə gətirib çıxaracaqdır.
Ümumiyyətlə, mən bugünkü görüşdən çox məmnun qaldığımı bir daha bildirmək istəyirəm. Mən istəyirəm
ki, Qafqazda sülh olsun, Qafqazda sabitlik olsun, axı Qafqazda müxtəlif millətlərin nümayəndələri, müxtəlif
dinlərə etiqad bəsləyən adamlar yaşayırlar, onların çoxu müsəlman dininə mənsubdur. Təəssüf ki, o vaxtlar
Sovet İttifaqında dinə ümumən düzgün münasibət göstərilmirdi, xüsusən də müsəlman dininə təcavüzkar bir
münasibət var idi. Elə bu da yaranmış münaqişələrin səbəblərindən biridir. İndi Rusiyada bu məsələlərə
zənnimcə, çox düzgün münasibət bəslənilir. Odur ki, bizim borcumuz, bizim hər birimizin borcu, - mən öz
borcumdan danışıram, - bu məsələlərə maksimum diqqətlə yanaşmaqdan, bütün dinlərə, bütün əqidələrə,
milliyyətindən asılı olmayaraq, bütün adamlara hörmət etməkdən ibarətdir. Təkrar edirəm, bununla əlaqədar
Qafqaz xalqlarını sıx birləşdirməyə və Qafqazı dinc bir regiona çevirməyə imkan var.
Mən prezident Boris Yeltsinin fikri ilə razıyam ki, yaxşı olardı, bu görüşlər davam etdirilsin, ənənəyə
çevrilsin. Hesab edirəm ki, biz bundan daha çox faydalanarıq. Məsələn, Qafqazda, nəinki Qafqazda, həm də
keçmiş Sovet İttifaqında uzun illər işləmiş bir şəxs kimi rəhbərlərin belə tərkibi ilə ilk dəfə qarşılaşıram. Bu,
olduqca xoş və fərəhli haldır.
Fürsətdən istifadə edərək, hazırda Rusiyadakı vəziyyət barədə də bir neçə kəlmə demək istəyirəm. İndi
Rusiya öz həyatının çox məsul mərhələsini yaşayır, çox mühüm ictimai-siyasi proseslər baş verir, Rusiya
prezidentinin seçkilərinə hazırlıq görülür. Təbii ki, bu, rusiyalıların işidir. Rusiya vətəndaşlarının işidir. Bizim
buna ancaq rəğbətimiz, hörmətimiz və ya hər hansı rəyimiz ola bilər. Lakin bununla yanaşı, biz Rusiyanın
taleyinə və Rusiyanın gələcəyinə biganə deyilik. Çünki respublikamız, - mən öz respublikamı nəzərdə tuturam, -
Azərbaycan Respublikası Rusiya ilə çoxəsrlik tarixlə, iqtisadi, mədəni, elmi, texniki əlaqələrlə, humanitar
əlaqələrlə bağlıdır və bu əlaqələr yaşamalı və davam etməlidir. Biz onları qıra bilmərik. Buna görə də onların
inkişafı üçün hər şey etməliyik. Bununla əlaqədar biz Rusiyanın sabah necə olacağına, hansı Rusiya ilə əlaqələr
quracağımıza biganə deyilik.
Rusiyada iqtisadi və siyasi islahatlar aparılır. Bu baxımdan Rusiya bizə, MDB-yə daxil olan digər dövlətlərə
nümunə göstərir. Çox işlər görülmüşdür. Bu islahatlar Rusiyada başlanmışdır. Biz Rusiyanın təcrübəsindən çox
şey əxz edirik. Çünki eyni vəziyyətdə yaşayırıq və eyni keçid dövründəyik. Bu islahatların həyata keçirilməsinin
təşəbbüsçüsü, bu islahatların fəal aparıcısı Boris Nikolayeviç Yeltsindir. O, beş ildir Rusiya prezidentidir.
Əlbəttə, biz, - mən Azərbaycanı nəzərdə tuturam, öz rəyimi deyirəm, - bunun qızğın tərəfdarıyıq ki, Rusiyada
siyasi və iqtisadi islahatlar davam etsin, Rusiya demokratik bir ölkə olsun. Biz Rusiyada demokratiyanın
çiçəklənməsini, demokratiyanın tərəqqisini görmək istəyirik. Bizim bu tərkibdə burada olmağımız Rusiyada
məhz həyatın demokratikləşdirilməsinin, dövlət quruluşunun demokratikləşdirilməsinin nəticəsidir. Biz bu
xəttin davam etdirilməsini istəyirik.
Buna görə də biz demokratik Rusiya tərəfindəyik. Rusiyada demokratiya prinsiplərinin daha da bərqərar
olmasına, iqtisadi islahatlar aparılmasına, bazar iqtisadiyyatının inkişaf etdirilməsinə tərəfdarıq. Təbii ki, bütün
bunlara prezident Boris Nikolayeviç Yeltsin başçılıq edir və bizim rəğbətimiz, dəstəyimiz də, şübhəsiz, onun
tərəfindədir.
Mən fürsətdən istifadə edərək, Rusiyanın xeyirxah qonşusu kimi ümidvar olduğumu bildirmək istəyirəm ki,
Rusiya xalqı düzgün qərar qəbul edəcək və biz demokratik Rusiya ilə iş görəcəyik.
Diqqətinizə görə sağ olun.
Müstəqilliyimiz əbədidir
Altıncı kitab
Türk Dövlətləri başçılarının 2-ci zirvə toplantısının açılışında
Heydər Əliyevin nitqi
(18 oktyabr 1994-cü il)
Hörmətli Prezident Süleyman Dəmirəl, hörmətli məclis iştirakçıları, hörmətli dövlət başçıları, hörmətli
nazirlər, qonaqlar!
Mən bu gün İstanbulda bu toplantının keçirilməsi münasibətilə buraya toplaşmış altı müstəqil dövlətin
başçılarını və ümumiyyətlə, bizim ölkələrin vətəndaşlarını Azərbaycan Respublikası adından təbrik edirəm.
Sonra bu təşəbbüsə görə, bu toplantının yaranmasına görə Türkiyənin Prezidentini, hörmətli dostumuz və
qardaşımız Süleyman Dəmirələ öz minnətdarlığımı bildirmək istəyirəm. Mən çox məmnunam ki, bu gün
İstanbulda bir kökdən olan, bir mənşədən olan, eyni dilə mənsub olan altı ölkənin başçıları, dövlət başçıları
səviyyəsində bu toplantı keçirilir və bu, iki il öncə Ankarada keçirilmiş Zirvə toplantısının yaxşı ənənəsinin
davamıdır. Mən bunu Azərbaycan Respublikası adından bəyənirəm və bu ənənənin davam etməsinin vacibliyini
bildirmək istəyirəm.
Mən burada, İstanbulda bu toplantıya gəlmiş hörmətli dostumuz, qardaşımız, Qazaxıstan Respublikasının
Prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayevi, Türkmənistan
Respublikasının Prezidenti Saparmurad Niyazovu, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovu
salarlayıram. Burada toplaşan bütün şəxsləri salamlayıram və hesab edirəm ki, bu görüş də Ankaradakı görüş
kimi, gələcəkdə bizim əlaqələrimizin inkişaf etməsi üçün yaxşı əsas yaradacaq.
Ankara görüşündən iki il keçir. İki il müddətində bir çox işlər görülüb. Ancaq bu gün etiraf etmək lazımdır
ki, Ankara görüşündə əldə olunmuş qərarların hamısı tam yerinə yetirilmir. Ona görə də bu gün hörmətli
Prezident Süleyman Dəmirəlin dediyi fikirlərlə, müddəalarla və onun təklifləri ilə tam razıyam. Eyni zamanda
hesab edirəm ki, biz hamımız hərə öz tərəfindən bu fikirləri, müddəaları yerinə yetirməyə çalışsaq, bundan sonra
daha çox nailiyyətlər əldə edə bilərik.
Şübhəsiz ki, bizim toplantı xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət
ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır. Ona görə də bu
əsasda bizim ölkələr arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə, genişləndirməyə, bütün
istiqamətlərdə bu əməkdaşlığı təmin etməyə bizim böyük imkanlarımız var. Azərbaycan Respublikası belə
qərara gəlib ki, bundan sonra da bu imkanlardan istifadə etsin və əməkdaşlığı genişləndirsin.
Üç ildir ki, Orta Asiya, yaxud da Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövləti artıq müstəqil dövlətlərdir
və dünya dövlətləri birliyinə müstəqil dövlət hüququ ilə daxil olublar. Ötən iki il müddətində bizim
dövlətlərimiz, mən xüsusən Azərbaycan haqqında demək istəyirəm, Türkiyə Cümhuriyyəti ilə əlaqələri çox
surətlə inkişaf etdiriblər. Bu dövrdə bu iki ölkə - Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr, mən deyə
bilərəm ki, çox böyük sürətlə inkişaf etdirilir. Azərbaycanın üç il müstəqil dövlət kimi yaşadığı bir dövrdə biz
Türkiyənin daim hörmətini, ehtiramını hiss etmişik.
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan respublikaları da indi müstəqil dövlətlər içərisindədirlər.
Bu respublikalarla Azərbaycan arasında tarixi ənənələr, dostluq və qardaşlıq əlaqələri əsrlər boyu mövcud
olmuşdur. Biz əsrlər boyu bir yerdə yaşamışıq, bir adət-ənənələrdən istifadə etmişik və bir-birəmizə həmişə
kömək etmişik. Müstəqil olmadığımız 70 illik bir dövrdə də, sovetlər birliyinin tərkibində olduğumuz vaxtda da
ölkələrimiz arasında, yəni Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında dostluq, qardaşlıq əlaqələri həmişə
sıx olub, həmişə çox möhkəm olubdur və biz bir-birimizə həmişə dayaq olmuşuq. Doğrudur, o vaxt biz Sovetlər
İttifaqının tərkibində idik, Türkiyə Cümhuriyyəti ilə əlaqələr saxlamağa bizim istənilən səviyyədə imkanlarımız
olmayıbdır. Ancaq Azərbaycan ilə Xəzər dənizinin o tərəfində olan Qazaxıstan, Türkmənistan, Özbəkistan,
Qırğızıstan arasında əlaqə həmişə sıx olub, çox etibarlı olub və mən bu gün artıq müstəqil dövlət olan dost,
qardaş ölkələrin başçıları ilə görüşərkən, burada, İstanbulda bu tarixi bir daha yada salmaq istəyirəm və bir daha
bildirmək istəyirəm ki, biz bu dostluq, qardaşlıq ənənələrinə həmişə sadiq olmuşuq, bundan sonra da sadiq
olacağıq.
Ancaq bir həqiqəti də qeyd etmək istəyirəm ki, ölkələrimiz müstəqillik əldə edəndən sonra, iki il bundan
öncə Ankarada bizim ölkələrimizin rəhbərləri toplaşıb, görüşüb birgə bəyanat qəbul edəndən sonra ola bilər ki,
Azərbaycan tərəfinin buraxdığı silər nəticəsində Azərbaycan Respublikasının, Qazaxıstanla, Özbəkistanla,
Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Təxminən bir il bundan öncə, mən Azərbaycan
Respublikasına başçılıq etməyə başladığın gündən bu qardaş respublikalarla əlaqələrin bərpa olunması üçün çox
çalışmışam və bildirmək istəyirəm ki, bu əlaqələrin zəifləməsi və bəzən də qırılmasının səbəbləri ancaq
Azərbaycandadır. Ona görə də Azərbaycan tərəfindən bu əlaqələrin uzun müddət zəiflədilməsinə görə və
xüsusən 1992-ci ildə Ankara bəyannaməsindən sonra Azərbaycan tərəfindən bu dövlətlərlə əlaqələri inkişaf
etdirmək üçün təşəbbüs göstərilmədiyinə görə mən dostlarımdan, qardaşlarımdan üzr istəyirəm və bunu etiraf
edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələri gücləndirilməsinə çalışır və bundan
sonra da çalışacaqdır. Bu toplantı bizim əlaqələrin inkişaf etməsinə, daha da geniş olmasına çox böyük şərait
yaradacaqdır.
Ümumiyyətlə, bir kökdən, bir mənşədən olan və adət-ənənələri bir olan xalqların, ölkələrin, dövlətlərin
əməkdaşlığının böyük gələcəyi var və mən hesab edirəm ki, biz bu imkanlardan səmərəli istifadə etməliyik.
Hörmətli Prezident Süleyman Dəmirəlin dediyi kimi, bizim həm iqtisadiyyat sahəsində, həm ticarət
sahəsində, həm elm sahəsində, həm ekologiya sahəsində, həm mədəniyyət sahəsində, həm də təhsil səsində
əməkdaşlıq etmək üçün böyük imkanlarımız var. İndi bizim Cümhuriyyət də, yeni müstəqillik əldə etmiş digər
cümhuriyyətlər də, respublikalar da keçid dövrü yaşayırlar. Məsələn, Azərbaycanı götürsək, biz iqtisadi
cəhətdən böyük sosial-iqtisadi böhran içərisindəyik. Ona görə də bu keçid dövründə bir-birimizə köməyimiz və
iqtisadi əlaqələrimizin inkişaf etməsi hər bir ölkənin bu böhran vəziyyətindən çıxmasına kömək edəcəkdir.
Azərbaycan üç ildir ki, müstəqillik yolu ilə gedir, hüquqi, silivizasiyalı, demokratik dövlət qurmaq yolu ilə
gedir. Azərbaycanda siyasi plüralizm, şəxsiyyət azadlığı, insan hüquqlarının qorunması, öz azadlığı, mətbuat
azadlığı bərqərar olubdur, çoxpartiyalı sistem artıq fəaliyyət göstərir. İqtisadiyyat sahəsində biz iqtisadi
islahatlar yolu ilə gedirik və bazar iqtisadiyyatı yolu ilə getmək əzmindəyik. Beləliklə də dünya birliyinə, dünya
iqtisadiyyatına qoşulmağa çalışırıq. Ancaq bu əlaqələri - həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri burada təmsil
olunan dövlətlərlə səmərəli, faydalı qurmaq Azərbaycan üçün daha da əhəmiyyətlidir, daha da mənfəətlidir. Ona
görə də mən bildirmək istəyirəm ki, biz o əlaqələri bundan sonra da qurmağa, yaratmağa çalışacağıq.
Qeyd etdiyim kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra üç il müddətində Türkiyə Cümhuriyyəti ilə
Azərbaycan arasında çox geniş proseslər gedibdir və biz bunlardan ümumiyyətlə məmnunuq. Ancaq hesab
edirik ki, bizim bütün imkanlarımızdan hələ indiyə qədər istifadə olunmayıb. Azərbaycanın professorları,
alimləri Türkiyənin universitetlərində uzunmüddətli əməkdaşlıq ediblər. Eləcə də Azərbaycanda Türkiyədən
gələn tələblər oxuyublar. Elm sahəsində, təhsil sahəsində, mədəniyyət sahəsində əlaqələrimiz böyükdür. Bu
əlaqələr müəyyən inkişaf mərhələsi keçibdir, bunun əsasında biz bundan sonra daha çox işlər görə bilərik.
İqtisadiyyat sahəsində, şübhəsiz ki, bizim imkanlarımız böyükdür. Məsələn, Qara dəniz hövzəsindəki ölkələrin
əməkdaşlıq etməsi təcrübəsi artıq dünyaya məlumdur və bu sahədə müəyyən nailiyyətlər əldə olunubdur. Ancaq
eyni zamanda mən hesab edirəm ki, Xəzər dənizi hövzəsində də əməkdaşlığı təşkil etmək mümkündür.
Sizə məlumdur ki, Azərbaycan bazar iqtisadiyyatına keçərək, xarici ölkələrin investisiyalarını Azərbaycana
cəlb etməyə çalışaraq həm öz sənaye potensialından, həm intellektual potensialından, həm də təbii
sərvətlərindən başqa ölkələrlə müştərək istifadə etməyə çalışır və bu sahədə müəyyən addımlar atır.
Bildiyiniz kimi, sentyabr ayının 20-də Bakıda Azərbaycan ilə xarici ölkələrin şirkətləri arasında Xəzər
dənizinin Azərbaycan sektorunda üç neft yatağından müştərək istifadə olunması üçün 30 illik müqavilə
bağlanmışdır. Bu müqaviləni on bir şirkət imzaldı: Azərbaycan Dövlət Neft Şirkəti və xarici ölkələrin on şirkəti.
Bunlar yeddi dövlətə mənsub olan şirkətlərdir. Bu, Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük
Britaniya, Rusiya, İsveç və Səudiyyə Ərəbistanın şirkətləridir. Biz hesab edirik ki, bu müqavilə Azərbaycanın
müstəqilliyini bir daha nümayiş etdirir. Azərbaycanın dünya iqtisadiyyatına bağlanmaq üçün açıq bir ölkə
olduğunu göstərir. Eyni zamanda o, həm xarici şirkətlər üçün, həm onların mənsub olduqları dövlətlər üçün,
həm də Azərbaycan üçün müştərək fəaliyyət göstərməyə, böyük nailiyyətlər əldə etməyə imkan yaradır. Mən
hesab edirəm ki, bu təcrübədən daha da geniş istifadə oluna bilər. Ona görə də Xəzər dənizi sahəsində
əməkdaşlıq problemi, mənə belə gəlir ki, mühüm bir problemdir və bu, müzakirə olunarsa, bu barədə müəyyən
fikir əldə edilə bilərsə, biz buna tərəfdar ola bilərik. Ancaq Xəzərin təbii sərvətləri böyükdür - onun həm neft
sərvəti, həm də başqa təbii sərvətləri. Şübhəsiz ki, bizim işlərimiz dünyanın müasir, qabaqcıl texnologiyasının
tətbiq olunması vasitəsilə həyata keçirilməlidir və ona görə də biz Xəzər dənizinin ekologiyasının təmin
olunmasının, başqa təbii sərvətlərinin toxunulmazlığının təmin edilməsini əsas götürməliyik və Azərbaycan neft
müqaviləsini imzalayarkən bütün bu məsələlərin həll olunması üçün Xəzər dənizi ətrafındı olan bütün ölkələrlə
sıx əməkdaşlıq etmək məramındadır və biz bu əməkdaşlığı təqdir edirik.
Ancaq hesab edirəm ki, təkcə Xəzər dənizinə bilavasitə çıxan ölkələr yox, başqa ölkələr də indi bu işə
qoşula bilər və ümumiyyətlə, həm Azərbaycanın, həm də digər ölkələrin təbii sərvətlərindən, o cümlədən enerji
daşlayıcılarından istifadə edilməsi və onların ixrac olunması, dünya bazarına birqə çıxarılması şübhəsiz ki,
bizim ölkələrimiz üçün çox əhəmiyyətli ola bilər. Hər halda, bizim qonşu dövlətlərin bu barədə Azərbaycanın
ərazisindən istifadə etmək fikirləri olsa, bu enerji daşıyıcılarını Azərbaycan buna şərait yaradacaqdır və bu
barədə əməkdaşlıq etməyə hazırdır. Eyni zamanda mən ümumiyyətlə, bizim regionda olan bu təbii sərvətlərdən
istifadə olunmasında Türkiyənin ərazisindən istifadə edilməsinə çox üstünlük verirəm və hesab edirəm ki, biz bu
barədə də birgə əməkdaşlıq edə bilərik. Bizim tarixi, milli, mədəni ənənələrimiz əsasında son vaxtlar görülən
işlər təqdirə layiqdir. Məsələn, "Türksoy" proqramının yaranmasını və onun artıq fəaliyyət göstərməsini biz
böyük məmnuniyyətlə qəbul edirik. Yaxud da ki, bizim xalqlarımızın, türkdilli xalqların ümumi qüdrətinin
yaranması sahəsində başlanan işlər də bizim tərəfimizdən bəyənilib və biz orada öz səylərimizi göstərəcəyik. Bir
sözlə, mən bu barədə çox geniş danışıb vaxt almaq istəmirəm. Hesab edirəm ki, hörmətli Prezident Süleymən
Dəmirəl çox əhəmiyyətli fikirlər söylədi. Bu fikirlərlə razı olduğumu və hamımızın birlikdə həm iqtisadiyyat,
həm ticarət, həm elm, həm də mədəniyyət sahəsində əməkdaşlıq etməyinizə Azərbaycanın hazır olduğunu
bildirmək istəyirəm.
Bilirsiniz ki, Azərbaycan müstəqilliyini əldə edib və mən sizə çatdırmaq istəyirəm ki, Azərbaycanın
müstəqilliyi üç il bundan qabaq bu gün - oktyabrın 18-də elan edilib. Bu gün Azərbaycanın bayram günüdür və
səciyyəvidir ki, biz burada, İstanbulda, Türkiyədə məhz bu gün toplaşmışıq. Onu da qeyd etmək istəyirəm ki,
Azərbaycan öz müstəqilliyini elan edərkən dünya dövlətlərindən birinci olaraq Türkiyə Azərbaycanı müstəqil
dövlət kimi tanınmış, Azərbaycanın dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanınmasına yol açmışdır.
Ona görə də bu gün Azərbaycanın müstəqilliyinin 3-cü ildönümü münasibətilə mən burada, İstanbulda Türkiyə
Cümhuriyyətinə və Türkiyənin Prezidenti Süleyman Dəmirələ, Türkiyə xalqına Azərbaycan xalqı adından
təşəkkürümü bildirirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt yadından
çıxarmayacaqdır.
Ancaq bu üç illik müstəqillik dövrü Azərbaycanın siyasi həyatında çox çətin dövr olmuşdur. Bunu bizim
qardaş ölkələrin başçıları da, bütün dünya ictimaiyyəti də bilir. Bütün dünya bilir ki, Azərbaycanın daxilində
ictimai-siyasi sabitliyi pozmağa çalışan qüvvələr olubdur, böyük dəyişikliklər olubdur. Bu, hamıya məlumdur.
Mən bu barədə geniş danışıb vaxtınızı almaq istəmirəm. Ancaq qeyd etmək istəyirəm ki, 1993-cü ili iyun ayında
Azərbaycanın daxilində böyük çəkişmələr baş verirdi və bəzi cinayətkar qüvvələr, siyasi qüvvələr Azərbaycanı
parçalamağa, ölkəmizin daxilində ictimai-siyasi sabitliyi pozmağa və Azərbaycanın dövlətçiliyinə qəsd etməyə
çalışdılar. Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatmışdır. Böyük məmnuniyyətlə qeyd edə bilərəm ki,
biz vətəndaş müharibəsinin qarşısını aldıq və keçən ilin iyun ayından indiyə qədər Azərbaycanın daxili
vəziyyətini sabitləşdirməyə çalışmışıq. O zaman da, Azərbaycanın bu ağır vəziyyətində də biz rəhbərləri burada
olan dost ölkələrimizin, qardaş ölkələrimizin müsbət münasibətini daim hiss etmişik. Buna görə mən təşəkkür
edirəm.
Təəssüf ki, bu hadisələr yenidən təkrar olunmağa başladı. Bu il oktyabr ayının əvəlində yenə də bəzi
qüvvələr ölkəmizin daxilində ictimai-siyasi sabitliyi pozmaq, dövlətçiliyimizə qəsd etmək və Azərbaycanda
dövlət çevrilişi etmək üçün cəhd göstərməyə çalışdılar.
Ancaq siz yəqin müşahidə etdiniz və mən bunu bildirmək istəyirəm ki, Azərbaycan xalqı artıq öz
müstəqilliyini əldən vermək istəmir. Buna görə də mənim televiziya ilə çağırışımdan bir neçə dəqiqə sonra
Bakının vətəndaşları, yüz minlərlə vətəndaş Azərbaycan Prezidentinin sarayının önünə toplaşdılar, Azərbaycan
dövlətçiliyini, Azərbaycan Prezidentini qorumaq əzmində olduqlarını bildirdilər. Biz dövlət çevrilişi edən silahlı
qüvvələrin qarşısını xalqın gücü ilə, xalqın iradəsi ilə aldıq, qan tökülmədən bu hadisənin qabağını ala bildik.
Bu o demək deyil ki, indi bizim respublikamızda tam əmin-amanlıq yaranıb, ictimai-siyasi vəziyyət tam
normallaşıbdır. Ancaq bir həqiqət dünyaya məlum oldu ki, Azərbaycan xalqı öz müstəqilliyini əldən vermək
istəmir, öz dövlətçiliyini qoruyur və bundan sonra da qoruyacaqdır. Xalqımız üçün həmin o gərgin və ağır
günlərdə dünya ictimaiyyəti Azərbaycanın dövlətçiliyinin qorunmasına tərəfdar çıxdı və Azərbaycan dövləti ilə
həmrəyliyini bildirdi. Buna görə də mən bu gün bu fürsətdən istifadə edib həmin günlərdə bizimlə həmrəy
olanların hamısına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Ancaq Azərbaycanda daxili vəziyyətin belə gərgin olması eyni zamanda onun altı ildən artıq müddətdə
Ermənistan tərəfdən təcavüzə məruz qalması ilə əlaqədardır. Bu müddətdə Azərbaycan torpaqlarının 20 faizi
işğal edilibdir, 20 mindən artıq adam vətəni müdafiə edərkən həlak olubdur, 100 minə qədər adam yaralanıbdır,
5 min Azərbaycan vətəndaşı Ermənistanda əsir saxlanılır. İşğal olunmuş torpaqlarımızda şəhərlər, kəndlər,
qəsəbələr, binalar hamısı dağıdılıbdır və həmin torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşərək
Azərbaycanın başqa regionlarında yerləşdirilibdir.
Bunlar, təbii ki, Azərbaycanın daxili vəziyyətini, o cümlədən iqtisadi, sosial vəziyyətinin gərginləşdirir. Biz
bu vəziyyətdən çıxmağa çalışırıq. Birinci növbədə bir milyondan artıq qaçqını saxlamağa, ağır vəziyyətdə olan
bu adamları təmin etməyə çalışırıq. Bu sahədə bizə beynəlxalq təşkilatlar da kömək edir. Mən böyük
məmnuniyyət hissi ilə deyə bilərəm ki, Türkiyə, İran, Səudiyyə Ərəbistanı Azərbaycanda qaçqınlar üçün çadır
şəhərcikləri yaradıblar, onların bir qismini öz öhdələrinə götürüblər və bizə kömək edirlər. Beynəlxalq
təşkilatlar, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlara Yardım Komissarlığı, YUNİSEF və başqa təşkilatlar da
Azərbaycana kömək göstərirlər. Bir neçə ölkə bu beynəlxalq humanitar yardımı təşkil edib Azərbaycana
göndərməyə çalışır və elə indi də fəaliyyətdədirlər. Ona görə də mən bütün beynəlxalq təşkilatlara təşəkkürümü
və minnətdarlığımı bildirirəm və bu gün dost, qardaş ölkələrə müraciət edərək demək istəyirəm ki, hazırda
bizim qaçqınları təmin etmək üçün köməyə ehtiyacımız var - həm iqtisadi köməyə, həm də mənəvi köməyə. Hər
bir kömək üçün minnətdar olacağıq. Güman edirəm ki, mənim bu fikirlərim də nəzərdən qaçmayacaqdır.
Ancaq Azərbaycanın əsas problemi müharibə vəziyyətindən çıxmaqdır. Bildiyiniz kimi, biz məsələni sülh
yolu ilə həll etmək istəyirik, bu məqsədlə beynəlxalq təşkilatlara əməkdaşlıq edirik. Rusiya bu sahədə vasitəçi
rolu oynayır. Başqa böyük dövlətlər də vasitəçilik edirlər. ATƏM təşkilatı, onun tərkibində olan Minsk qrupu
çox böyük fəaliyyət göstərir və onların vasitəçiliyi nəticəsində beş ay bundan öncə Ermənistanla Azərbaycan
arasında müharibədə atəşin kəsilməsinə nail olmuşuq. Artıq beş aydır ki, atəş kəsilib. Biz bu atəşkəs rejiminə
sadiqik, atəşkəs rejimini saxlayırıq. Sentyabrın 29-da mən Birləşmiş Millətlər Təşkilatının tribunasından
Azərbaycan Respublikası adından atəşkəs rejiminin saxlanmasına riayət olunacağını bəyan etmişəm və bu gün
də bəyan edirəm. Biz çalışırıq ki, bu atəşkəs vaxtında beynəlxalq təşkilatların iştirakı ilə böyük sülh
yaranmasına nail olaq. Biz ümumiyyətlə, dünyada gedən bütün silahlı münaqişələrin həll edilməsinin
tərəfdarıyıq. Ancaq sizə məlumdur ki, bu münaqişələrdən ən dəhşətlisi və ən uzun sürən münaqişə Ermənistanla
Azərbaycan arasında altı illik tarixi olan münaqişədir.
Mən qeyd etdim ki, biz məsələni sülh yolu İlə həll etmək istəyirik. Ancaq bizim şərtlərimiz ondan ibarətdir
ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan şərtsiz çıxmalıdırlar. Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası bu barədə dörd qətnamə qəbul etmişdir. Ancaq bu qətnamələr Ermənistan tərəfindən
indiyəqədər yerinə yetirilməyibdir. Biz bunların yerinə yetirilməsinə tələb edirik. ATƏM təşkilatı Minsk
qrupunun fəaliyyətini, Rusiyanın vasitəçiliyini qiymətləndiririk və onların vasitəsilə Azərbaycanla Ermənistan
arasında sülh bağlanmasına çalışırıq. Ancaq yenə deyirəm, bizim şərtlərimiz işğal edilimiş torpaqlarımızdan
erməni silahlı qüvvələrini şərtsiz olaraq çıxması ilə bağlıdır. O cümlədən Laçın rayonundan və Şuşa rayonundan
erməni silahlı qüvvələri çıxmalıdır. Belə bir şəraitdə Azərbaycan Respublikası Dağlıq Qarabağın statusunu
müzakirə etməyə hazırdır və ona müəyyən statusun verilməsinə tərəfdardır.
Güman edirəm ki, burada təmsil olunan dövlətlər də bizim bu ağır məsələmizin həllinə səy göstərəcəklər.
Bu məsələnin həll edilməsi beynəlxalq prinsiplərin bərqərar olunmasını tələb edir. Beynəlxalq hüquq normaları,
beynəlxalq hüquq prinsipləri hər bir yerdə dövlətlərin ərazi bütövlüyünün təmin olunması, hər bir dövlətin
sərhədlərin toxunulmazlığını tələb edir və bir dövlətin başqa bir dövlətin ərazisini zorla ələ keçirməsinə yol
verilməməsini tələb edir. Ona görə də biz həmin beynəlxalq hüquq normalarına sadiq olaraq, bu məsələnin sülh
yolu ilə həll edilməsinə çalışırıq. Ümidvarıq ki, bizə dost, qardaş olan dövlətlər də bu barədə bizə bundan sonra
kömək edəcəklər.
Mən hesab edirəm ki, bizim dostluğumuz, bütün sahələrdə əməkdaşlığımızın böyük gələcəyi var. Mən bu
ənənənin davam etdirilməsinin tərəfdarıyam. Gələcək görüşü təxirə salınmadan keçirilməsinin tərəfdarıyam.
Təəssüf ki, Ankara görüşündən sonra bu görüşə qədər iki il vaxt keçdi. Hörmətli Prezident Süleyman Dəmirəl
1995-ci ildə belə bir görüşün Türkiyədə keçirilməsini və Türkiyənin ev sahibi olmasını bəyan edib. Mən də
bunu Azərbaycanda keçirilməsini və Azərbaycanın ev sahibi olmasını təklif edirəm. Ancaq burada ümumi
razılıqla bu görüşün bir ildə sonra hansı dövlətdə keçirilməsi lazım bilinərsə, mən o qərarı qəbul etməyə
hazıram. Yəni əsas məqsədimiz bu ənənənin davam etməsidir, bu görüşlərin daimi olmasıdır. Gələn il bu görüş
hansı ölkədə keçiriləcəksə, o ölkəyə mən də getməyə hazıram.
Diqqətinizə görə sağ olun.
Dostları ilə paylaş: |