Dağlıq Qarabağın digər həlli variantları
Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün istər hər iki
respublikanın siyasi dairələrində, istərsə də xarici diplomatlar arasında müəyyən təkliflər və tövsiyyələr
irəli sürülmüşdür. Vaxtilə düşmən ölkənin - Ermənistan Respublikasının eks prezidenti L.Ter-Petrosyan
"Respublika Armeniya" qəzetində "Müharibə, yoxsa sülh: düşünmək zamanı" adlı məqalə çap etdirərək
orada aşağıdakı tezisləri öz silahdaşlarının və erməni ictimaiyyətinin diqqətinə çatdırdı:
1. Münaqişənin nizama salınmayacağı təqdirdə, Ermənistan Respublikası və Dağlıq Qarabağ bir il ərzində
nəzərə çarpacaq dərəcədə zəifləyəcək;
2. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə həmişəlik barışmayacaq, çünki bu
vəziyyət təhlükəsizliyə və regional əməkdaşlığa, habelə, Qərbin neft maraqlarına təhlükə törədir;
3. Bizim meydan oxuduğumuz beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın əleyhdarıdır. Qarabağ müharibəni
deyil, döyüşü udmuşdur;
4. Əvvəlcə paket, sonra mərhələli həll təkliflərini rədd etməklə, indi isə yenidən paket həllə qayıtmağı təklif
etməklə Dağlıq Qarabağ tərəfi həm özünü, həm də Ermənistanı namünasib vəziyyətdə qoymuşdur;
5. Amerika Konqresindəki lobbiçilik hərəkatının öz sərhədləri var - həmin hərəkat ABŞ-ın milli maraqlarına
toxunan yerdə dayandırılır;
6. Bu gün əsas məsələ kəsilmiş danışıqları bərpa etməkdir. Bunun üçün də gələcək danışıqlar üçün əsas olan
sənədin layihəsini razılaşdırmaq lazımdır.
Həmin ərəfədə Rusiyanın kütləvi informasiya vasitələrin verdiyi müsahibədə Ermənistan Respublikasının
prezidenti özünün iki əsas tezisini irəli sürmüşdü:
1. Əgər Qarabağ böhranı aradan qaldırılmazsa, yalnız Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının
da strateji və iqtisadi vəziyyəti yaxşılaşdırıla bilməz. Ermənistanın xarici aləmlə əlaqələri məsələsi həll
edilmədən erməni millətinin və erməni dövlətinin inkişafı mümkün deyil.
2. Azərbaycanın ərazi butövlüyünün de-yure qorunub saxlanması ilə bir sırada Dağlıq Qarabağın faktiki
müstəqilliyinin təmin edilməsinin Azərbaycan tərəfindən həyata keçirilməsi başqa oxşar münaqişələrin də həlli
üçün yeni məkanlar açandır.
Lakin prezident L.Ter-Petrosyanın danışıqları davam etdirməklə bağlı fikirləri qondarma DQR liderləri
tərəfindən kəskin etirazla qarşılandı. Növbəti dəfə ermənilərin nazı ilə oynayan ATƏT-in Minsk Qrupunun
həmsədrləri 1997-ci il dekabrın 2-də münaqişənin mərhələli həlli ilə bağlı təklifin yenidən işlənmiş variantını
tərəflərə təqdim etdi. Burada artıq Dağlıq Qarabağın da münaqişə tərəfi kimi tanınması barədə təklif irəli
sürülürdü. Azərbaycan həmin versiyanı qəbul etmədiyini, yalnız 19 sentyabr tarixli layihə əsasında danışıqlara
başlamağın mümkün olduğunu bilirdi.
İngilis siyasətçi alimi C.Qordonun planı xüsusi maraq doğurur. Bu plana əsasən Zəngəzur Azərbaycanla
birləşir və əvəzində Dağlıq Qarabağ Ermənistana verilir. Lakin bu erməniləri razı salmadı, çünki onda
Azərbaycan bir növ Naxçıvanla birləşib Türkiyəyə birbaşa çıxış əldə edir. Bu isə Türkiyəni birbaşa Orta Asiya
Türk Respublikaları ilə birləşməsinə və nəhayət Turan dövlətinin yaranmasına səbəb ola bilər. İkinci bir
tərəfdən Ermənistanın xarici aləmə, xüsusən, İrana sərhədləri bağlı olur və bir növ, anklava çevrilmiş olur.
Digər tərəfdən, ermənilərin gələcək strateji planlarına Naxçıvanı da ələ keçirmək daxil olduğu üçün onun
Azərbaycanla birləşməsini və Azərbaycanla Türkiyə arasında bir körpü rolu olmasına razılıq vermirlər. Bu plan,
habelə, İran və Rusiyanın siyasi dairələri tərəfindən qəbul olunmur, çünki onlar da regionda güclü Turan dövləti
yarana bilməsindən ehtiyat edirlər.
Bu problem ətrafında Ə.Qəşəmoğlunun təklifləri də maraq doğurmaya bilmir. O, "Dağlıq Qarabağ problemi
və onun həlli" məqaləsində yazır: "... Beynəlxalq aləmin Dağlıq Qarabağın bizim dövlətin tərkibində qalmasına
kömək etməsi üçün respublikanın imici Dağlıq Qarabağın imicindən yüksək olmalıdır." Müəllif problemin həlli
üçün aşağıdakıları təklif edir: 1) problemin həlli üçün həm Azərbaycanda, həm də Ermənistanda rəy
formalaşdırmalıdırlar və beynəlxalq təşkilatlar problemin həllinə kömək etməlidirlər; 2) Ermənistan və
Azərbaycan əhalisi biri-birinə yaxınlaşmalıdır, çünki belə bir yaxınlaşma olmadan problemin həllindən
danışmaq qeyri- mümkündür; 3) Ermənistan əhalisi içərisində təbliğatı gücləndirmək və onu belə bir fakt
qarşısında qoymaq lazımdır ki, Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır və onun əlindən alına bilməz,
eyni zamanda, Azərbaycan əhalisini də inandırmaq lazımdır ki, Dağlıq Qarabağa geniş mənada siyasi
müstəqillik verilməlidir; 4) Həm Ermənistan, həm də Azərbaycan əhalisinə deyilməlidir, bu münaqişədə 3- cü
tərəf də var, amma bu üçüncü tərəfin adını deməmək lazımdır, yoxsa o diqqət mərkəzinə çevrilə bilər; 5)
Ermənilərin və azərbaycanlıların ayrı-ayrı sahələrdə çalışan adamlarla görüşməli, onlar arasında müəyyən
əlaqələr yaradılmalıdır; 6) Azərbaycan ordusu gücləndirilməlidir və s."
AMEA-nın müxbir üzvü S.Xəlilovun təklif etdiyi variantında diqqətini cəlb edir. Alim yazır ki, hüquqi
müstəvidə yanaşdıqda, yenə də ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə görə dünya ictimaiyyəti
Ermənistanı təcavüzkar bir ölkə kimi pisləməli, ona qarşı sanksiyalar tətbiq olunmalı idi. Lakin ermənilər
burada da manevr edərək millətlərin öz müqəddəratını təyin etmək hüquqi ilə fikirləri çaşdırır, guya vaxtilə
Dağlıq Qarabağda ermənilərin hüquqlarının tapdalandığını, onların milli mənliynin təzyiq altda qaldığını və
xilas üçün müstəqilliyin yeganə vasitə olduğunu "isbat" etməklə ərazi toxunulmazlığı ilə milli özünütəsdiq
hüquqi arasında paritet yaratmağa çalışırlar.
Digər tərəfdən də, ərazinın əslində guya ermənilərə məxsus olması və qırmızı inqilabın ədalətsiz qərarı ilə
Azərbaycana verilməsi və indi tarixi səhvləri düzəltməyin labüdlüyü barəsindəki hədyanlarla avropalıları
"çaşdırırlar". Əlbəttə, Avropanı çaşdırmaq o qədər də asan deyil. Onlar həqiqəti bilməmiş olmazlar. Lakin
görünür, məhz həqiqəti görməkdə maraqlı olmadıqlarından həqiqətə bənzədilmiş versiyaları həqiqət kimi qəbul
etməyə hazırdırlar.
Beləliklə, hüquqi müstəvidə də ermənilər böyük səylərlə tarix və ictimai rəylə manipulyasiya edərək
müəyyən paritet yaratmağa nail olublar. Siyasi müstəviyə gəldikdə isə, burada həqiqət daha az rol oynayır.
Siyasəti fəlsəfədən fərqləndirən də budur ki, o, hadisələrin özündən çox, onların dünya birliyinə necə təqdim
olunmasına, artıq formalaşmış ictimai rəyə, dövlətlərin daha qlobal mənafelərinə söykənir.
Bəli, bu gün reallıq bundan ibarətdir ki, Azərbaycanın torpaqları işğal olunmuşdur. Bir milyon nəfərədək
qaçqın və məcburi köçkün vardır və onlar ən elementar insan hüquqlarından belə məhrum olmuşlar. Nə biz, nə
də insan hüquqlarına hörmətlə yanaşan istənilən beynəlxalq təşkilat, tərəqqipərvər qüvvələr yüz minlərlə
insanın belə acınacaqlı vəziyyətinin uzun müddət davam etməsinə razı ola bilmərik.
Lakin reallıq həm də bundan ibarətdir ki, Cənubi Qafqazda sabitlik olmadan və qonşu dövlətlərlə iqtisadi
əlaqələr qurmadan Ermənistan iqtisadi cəhətdən inkişaf edə bilmir, iqtisadi çətinliklər keçirir. Bu cür yaşamaq
onlara da sərf etmir. Avropa və Amerika Ermənistanı bu vəziyyətdən çıxarmaq və Qafqazdakı iqtisadi
layihələrdə onların iştirakını təmin etmək məqsədi ilə bizə təzyiq göstərirlər. Lakin təəssüf ki, bunun
müqabilində onlara BMT-nin qərarlarını yerinə yetirmək istiqamətində heç bir təzyiq göstərilmir. Münaqişənin
həlli üçün heç şübhəsiz, ilk növbədə, böyük dövlətlərin mövqeyi daha rasional olmalıdır. Əlbəttə, əgər onlar
münaqişənin aradan götürülməsini həqiqətən istəyirlərsə.
Qarşılıqlı inam yaranmadan, sülh naminə hər iki tərəfdən real addımlar atılmadan, mövcud siyasi və
psixoloji gərginlik zəiflədilmədən Dağlıq Qarabağın statusu məsələsi həll edilə bilməz. Hətta sənədlərdə həll
olunsa da, gerçəklikdə həll edilə bilməz.
Ən optimal yol, kompromis variantı, bu ola bilərdi ki, birinci mərhələdə Dağlıq Qarabağdan kənardakı
rayonların əraziləri boşaldılsın, Dağlıq Qarabağın sərhədləri boyunca bufer zonası yaradılsın və əvəzində biz
Ermənistanla iqtisadi əlaqələr quraq. Xalqlar arasındakı psixoloji gərginlik heç olmazsa bir qədər yumşalsın və
yaranmış qarşılıqlı inam şəraitində Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunsun. Məncə, biz Dağlıq
Qarabağın ermənilər yaşayan hissəsinin statusu ilə əlaqədar hər cür kompromisə hazır olmalıyıq. Əsas məsələ
heç olmazsa, azərbaycanlılar yaşayan Şuşanın Dağlıq Qarabağdan çıxarılması olmalıdır. Şuşa erməni
muxtariyyətinin tərkibində qalmamalıdır. Çünki onların da öz müqəddəratını təyin etmək hüququ vardır və bu
hüquq beynəlxalq təşkilatlar tərəfindən qorunmalıdır. Laçın dəhlizinə gəldikdə isə, biz onu ancaq Mehri dəhlizi
müqabilində verməyə razı ola bilərik. Keçmiş səhvlərə görə daha böyük məhrumiyyətlərə düçar olmamaq üçün
kompromis yolu qaçılmazdır. Unutmaq olmaz ki, bizim ən böyük nailiyyətimiz müstəqilliyimizdir və ancaq
müstəqilliyə xələl gətirən məsələlərdə kompromis yolverilməzdir.
Fəlsəfə elmləri doktoru, professor Ə.Tağıyev aşağıdakıları təklif edir: Bizə belə gəlir ki, Yuxarı Qarabağda
erməni - Azərbaycan münaqişəsini aradan qaldırmaq üçün bu təhlükədə Qafqazda siyasi- hərbi və ideoloji
stabilliyə nail olmaq lazımdır. Bunun yolları aşağıdakılardır:
- Qafqaz təhlükəsizlik kompleksi kimi;
- Qafqaz regionunun birliyi və vəhdəti;
- Qafqazın bölünməzliyi: onların dostluğu və həmrəyliyi;
- Xarici hərbi qüvvələrin və bazaların Qafqazdan uzaqlaşdırılması;
- Qafqazdaxili problemlərin qafqazlıların özləri tərəfindən həll edilməsi;
- Qafqaz xüsusi, əlahiddə, özünəməxsus xüsusiyyətləri olan sivil bir regiondur;
- Qafqaz öz problemlərini özü həll edə bilər;
- Xaricilərin Qafqazda xüsusi maraqları olduğu üçün onlar buradakı münaqişəli vəziyyətlərin stabilləşməsi
tərəfdarı deyillər və hər an bu münaqişələrdən öz mənafeləri naminə bir kart kimi istifadə etməyə çalışırlar;
- Yığcam "Qafqaz evi"nin yaradılması onun vahid iqtisadi, siyasi və hərbi zonaya çevrilməsi;
- Qüvvələr nisbətinin tarazlaşdırılması, prioritetin əldə olunması, yüksək dərəcədə silahlanmaya yol
verilməməsi.
Bunlar Qafqazdakı münaqişəli vəziyyətlərin aradan qaldırılması üçün zəruri olan amillərdir.