Xəbər bülleteni №5


Konstitusiya Məhkəməsinin təyin etdiyi komissiya üzvləri



Yüklə 2,02 Mb.
səhifə14/18
tarix25.12.2016
ölçüsü2,02 Mb.
#2962
1   ...   10   11   12   13   14   15   16   17   18
Konstitusiya Məhkəməsinin təyin etdiyi komissiya üzvləri: Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin sədri; Fikrət Məmmədov, Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri; Zakir Qaralov, baş prokuror; Ramiz Rzayev, Ali Məhkəmənin sədri.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi postunu Vüsal Hüseynov tutur.

Komissiyanın saytı: Commission-anticorruption.gov.az.

Ekspert: “Yaxın vaxtlarda neftin qiymətlərini azaltmağa yeni cəhdlər olacaq”

13.08.2015

Avqustun 13-nə olan məlumata görə, dünya birjalarında neft bahalaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiymətinin 0,19 dollar artaraq 43,27 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin 0,83 dollar bahalaşaraq 49,66 dollar olduğu bildirilir.

“AzəriLayt” markalı neftin bir barreli isə London birjasında 0,69 dollar bahalaşaraq 51,09 dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, Almaniyada çıxan “Deutsche Welle” nəşrində ekspert Andrey Qurkovun dünyada neftin qiymətlərinin dəyişmə dinamikası haqqında məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, neft kotirovkaları yeni həddə, ötən ilin bütün ikinci yarısı boyu davam edən və bu ilin yanvarında çökdüyü səviyyəyə yaxınlaşıb: “Onda Avropanın “Brent” markası 46-47 dollar civarında idi. Sonra kotirovkalar artaraq may ayında 68 dollara çatdı və yenidən yavaş-yavaş enməyə başladı. Artıq avqustun 10-da hərraclar zamanı bir barrelin qiyməti 48 dollara düşdü. “Qara qızıl”ın başqa sortlarında da analoji trayektoriya müşahidə olundu”.

Müəllif hesab edir ki, neft birja malları üçün sözün əsl mənasında xrestomatik hərəkət edib: “Uzun sürən kəskin azalmadan sonra yetərincə güclü sıçrayış baş verib, sonra qiymətlər yenə də başlanğıc səviyyəyə qayıdıb. Neft fyuçersləri bazarında dolaşan çoxsaylı spekulyantlar üçün həqiqət anı başlayır. Başqa sözlə desək, yüksəlməyə, yoxsa azalmağa ümid bəsləmək məsələsi məhz indi həll olunmalıdır.

Birja oyunçularını makroiqtisadi göstəricilər bir o qədər də maraqlandırmır: onlar cədvəlləri nəzərdən keçirir və əsasən texniki təhlili rəhbər tuturlar. Neft kotirovkaları cədvəlində isə bu mənzərə aydın görünür: bazar bir növ dibi test etməyə başlayır. “Brent”in qiyməti 46-49 dollar civarında sabitləşərsə, bu, dibin yetərincə möhkəm olduğunu göstərəcək, axı yeddi ay ərzində enmə ikinci dəfədir bu səviyyədə qərarlaşıb. Belə olan halda oyunçular adətən “ikiqat dib” fiqurundan danışır və yüksəlməyə üstünlük verirlər.

Yaxın vaxtlarda neftin qiymətlərini azaltmağa yeni cəhdlər olacaq. Belə spekulyativ hücumlara makroiqtisadi faktorlar da açıq-aşkar kömək edir. Neft əvvəlki kimi boldur: nə Səudiyyə Ərəbistanı, nə OREK-in başqa üzvləri, nə də Rusiya neft hasilatını azaldıb. İran isə hasilatı kəskin artırmağa hazırlaşır. Eyni zamanda ABŞ-da şist yataqları aşağı qiymətlərin öhdəsindən yaxşı gəlir.

Ümumən vəziyyət spekulyantlar üçün nefti ucuzlaşdırmağa cəhd baxımından çox cəlbedicidir. Başqa məsələ, müvəffəqiyyət qazanmaq üçün onların heç bir qarantiyası yoxdur. “İkiqat dib”in davamlı olacağı istisna deyil. Belə olan halda biz yaxın günlərdə neft kotirovkalarının yeni sıçrayışının və ola bilsin, 50-60 dollar diapazonunda sabitləşəcəyinin şahidi olacağıq. Qiymətlərin əhəmiyyətli dərəcədə artması üçün hələlik nə makroiqtisadi, nə də texniki səbəblər var”.

Ümumi daxili məhsul, əhalinin gəlirləri və ticarət dövriyyəsinə dair rəsmi rəqəmlər

13.08.2015



Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 32,1 milyard manata çatıb. Bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜDM 9 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1 faiz artıb, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57,5 faizdən 68 faizə yüksəlib.

ÜDM-in 35 faizi sənayenin, 13,6 faizi tikintinin, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,3 faizi isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib.

Transparency.az xəbər verir ki, başqa bir rəsmi hesabata görə, 2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat olub.

Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunur ki, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin artımını 1,4 faiz bəndi üstələyərək 5,1 faizə çatıb. Bu dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz artıb.

2015-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 14 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çox əmtəə satılıb.

Cari ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 7,2 milyon manat təşkil edib.

2015-ci ilin yanvar-iyul aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 561,7 milyon manat olub.

Qanun dəyişikliyi avtoservisə necə təsir edəcək?

13.08.2015



“Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər nə fayda gətirəcək? Fins.az-a bu məsələni şərh edən ekspertlər bildirir ki, qanundakı yeniliklər Azərbaycanda avtomobil təmirinin keyfiyyətinin yüksəlməsinə, qanunsuz və qeydiyyatsız fəaliyyət göstərən avtomobil təmiri sexlərinin ləğvinə gətirəcək. Əvəzində avtoservislərdə xidmət haqqı yüksələcək və bu sahə ciddi fəaliyyət növünə çevriləcək.

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər avtoservislərin fəaliyyətinə nəzarətin güclənməsini, eləcə də onlara standartların tətbiqini nəzərdə tutur.

Dəyişikliklər ilk növbədə qanunsuz və qeydiyyatsız işləyən, keyfiyyətsiz xidmət göstərən təmir sexlərinə təsir edəcək. “KİA Motors”un icraçı direktoru Zəka Əlibəyovun sözlərinə görə, əksər hallarda belə sexlərdə çalışanların sertifikatları olmur, onların gördükləri iş və istifadə etdikləri avadanlıqlar keyfiyyətsizdir, təhlükəsizlik qaydaları gözlənmir: “Belə sexlər çox zaman vergi ödəməkdən də yayınırlar”.

Şirkət rəsmisi bildirir ki, dövlət lisenziyasız fəaliyyət göstərən “boks”lara sərt yanaşmalıdır: “Rəsmi servislərə qarşı tələblər də, onların xərcləri də böyükdür. Nəyə görə hansısa qarajı olan orada “yama” qazıb üzərinə “yağdəyişmə” yazıb fəaliyyət göstərməlidir? Kiçik bir araşdırma aparılsa, bu qarajlarda heç bir standarta riayət olunmadığı bilinər”.

Müstəqil ekspertlər də kiçik təmir sexlərində xidmətin səviyyəsinin aşağı olduğunu bildirir. Yol təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyir ki, belə sexlərdə təhlükəsizlik normalarına əməl edilmir, köhnə və ya keyfiyyətsiz avadanlıqlardan, işlənmiş ehtiyat hissələrindən istifadə olunur, görülən işə zəmanət verilmir: “Bu da avtomobil sahibləri üçün ciddi problemlər yaradır. Əvvəla, xidmətin keyfiyyəti aşağı olduğuna görə avtomobildə yenidən problemlər yaranır və müştərilər təkrar təmirə gəlməklə xərcə düşürlər. İkincisi, xidmətə rəsmi formada zəmanət verilmədiyinə görə belə xidmətlər zamanı istehlakçıların hüquqları pozulur”.

Ərşad Hüseynov bildirir ki, yeniliklərin tətbiqindən sonra avtoservis biznesinin yenidən qurulması istisna deyil: “İri avtomobil mərkəzləri tədricən kiçik məntəqələri udmaqla daha da genişlənəcəklər. Nəticədə standartlara uyğun təmir stansiyalarının sayı artacaq”.

Qanuna dəyişikliklərdən sonra iri servis mərkəzləri də fəaliyyətlərini dəyişməli olacaqlar. Söhbət avtomobilə zəmanətli xidmət və təmirdən gedir. İndi hətta ən böyük servis mərkəzlərində də görülən işlərə zəmanət almaq demək olar mümkün deyil. İri servislər bu sahənin lazımı qədər dəqiqliklə tənzimlənməməsindən sui-istifadə edərək zəmanət verməkdən boyun qaçırırlar. Amma dəyişikliklərdən sonra bu problem aradan qalxmalıdır. Qanunda bildirilir ki, avtoservislər göstərdikləri xidmətin və təmir işlərinin keyfiyyətinə məsuliyyət daşıyırlar və hansısa problem yarananda həmin nasazlığı pulsuz aradan qaldırmalıdırlar.

Qanuna dəyişikliklər ehtiyat hissələri bazarına da təsir edəcək. Yeniliyə əsasən, avtomobillərin bütün ehtiyat hissələri üzrə standartlar qəbul ediləcək və istifadə olunan ehtiyat hissələri bu standartlara uyğun olmalıdır. Ekspertlərin fikrincə, avtomobil hissələri bazarındakı məhsulların 70-80 faizi orijinal deyil. Ehtiyat hissələrin istehsalı ilə məşğul olan “Bosch” şirkətinin direktor müavini Fariz Məmmədov Fins.az-a bildirib ki, Azərbaycana saxta ehtiyat hissələri əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Çindən gətirilir: “Saxta ehtiyat hissələrinin orijinalları ilə əvəz edilməsi avtomobilin daha keyfiyyətli və uzunmüddətli istifadəsinə imkan verəcək, bununla da maşın sahiblərinin xərcləri azalacaq. Doğrudur, dəyişikliklərdən sonra hissələr bahalaşacaq. Amma keyfiyyətin artması bunu kompensasiya etməlidir”.

“Təmir müəssisələri ilə bağlı standartların tətbiqi istənilən halda sığorta şirkətlərinə müsbət təsir göstərəcək”. Bunu Fins.az-a “Standard İnsurance” sığorta şirkətinin idarə heyətinin sədri Aydın Rəhmanov deyib. Onun sözlərinə görə, servislərdə şəraitin, istifadə olunan avadanlıqların və təmir-xidmət prosesinin standartların tələblərinə uyğunlaşdırılması adi boks və təmirxanalarda xidmətləri 5-15% bahalaşdıra bilər: “Lakin rəsmi servislər xidmətləri eyni həcmdə ucuzlaşdıracaq ki, bu da sığorta şirkətlərinin xeyrinə işləyəcək. Çünki sığorta şirkətləri əsasən rəsmi servislərlə əməkdaşlıq edir”.

Aydın Rəhmanov ehtiyat hissələrinin lisenziyalaşdırılmasını da müsbət addım kimi dəyərləndirib: “Bu yenilik saxta ehtiyat hissələri bazarına son qoyacaq. Bəzən məhz saxta ehtiyat hissələrinin sıradan çıxması sığorta hadisələrinə səbəb olur. Lisenziyalaşdırma isə təmir zamanı keyfiyyətli ehtiyat hissələrindən istifadəni tələb edəcək ki, bu da qəza zamanı zərərləri azaldacaq”.

Sığorta eksperti Ramin Məmmədov bildirir ki, sığorta müştərilərinin əsas narazılıqlarından biri təmirin düzgün aparılmaması ilə bağlıdır: “Məsələn, rəng işi ustadan və təmirxanadan asılı olaraq fərqlənir. Təmir olunmaq üçün sökülən detalların, hava yastıqlarının düzgün yerləşdirilməməsi problemlər yaradır. Və yaxud müştəri orijinal ehtiyat hissəsinin pulunu ödədiyi halda avtomobilə saxta detal qoyulur. Ehtiyat hissələrinin lisenziyalaşdırılması bu kimi halların qarşısını alacaq”.

Ekspertin fikrincə, devalvasiya Çin mallarının Azərbaycana idxalını artıracaq

14.08.2015

Çinin milli valyutasının devalvasiyası ölkənin ixrac potensialını genişləndirəcək. Transparency.az-a açıqlama verən iqtisadçı ekspert Qubad İbadoğlu belə düşünür.

Ekspert deyir ki, devalvasiya Azərbaycana da Çin mallarının daha çox gətirilməsini stimullaşdıracaq: “Son günlər dünya bazarında neftin və digər xammalların ucuzlaşmasının səbəblərindən biri də Cindəki devalvasiyadır. “Dünya fabrikı» rolunu oynayan Çinin ixracatı son 1 ildə 8,3 faiz aşağı düşüb. Çindən Azərbaycana ixracatın həcmi də azalıb. İxracat ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən 50 milyon ABŞ dolları düşərək 260 milyon dollar olub.

Çinin ixracat göstəricilərində azalmanın səbəblərindən biri yuanın digər valyutalara nisbətdə möhkəmlənməsi ilə izah olunur. Son 18 ayda Çin yuanı avroya və Meksika pesosuna nəzərən 20 faiz, Koreya vonu və yapon yeni ilə müqayisədə isə 10-15 faiz ətrafında bahalaşmışdı. Bu isə kifayət qədər rəqabətli regionda Çinin iqtisadi mövqelərinin zəifləməsinə gətirib çıxarırdı. Çində iqtisadi artım tempi son 6 ildə ən aşağı səviyyəyə qədər enmişdi. Yəni yuanın devalvasiyası zərurətdən irəli gəlirdi.

Çox ehtimal ki, Çin valyutasının devalvasiyası hələ başa çatmayıb və bu proses dünya iqtisadiyyatının nəhəngləri arasında valyuta müharibəsini gücləndirəcək”.

Avqustun 11-dən Çin Xalq Bankı (Mərkəzi Bank) yuanın son 20 ildə ən böyük devalvasiyasını həyata keçirib. Mərkəzi Bankın qərarından sonra 1 dolların alış kursu 6,1162 yuandan 6,3975 yuana yüksəlib. Bu, 1994-cü ilin yanvarında rəsmi və bazar mübadilə kursları eyniləşdirilən vaxtdan yuanın ən kəskin enişidir.

Valideynini itirmiş uşaqlara təhsildə hansı güzəşt var?

14.08.2015

Qanun valideynini itirmiş uşaqların ödənişli əsaslarla ali təhsil almasında güzəşt nəzərdə tuturmu? Bu suala Bakı Hüquq Mərkəzinin hüquqşünası İsrafil Əlili cavab verib.

Transparency.az-a açıqlama göndərən hüquqşünas bildirir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 5-ci maddəsinə görə, bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Valideynlərini itirmiş uşaqlar dedikdə hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər başa düşülür. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə isə 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər başa düşülür”.

7 aylıq makroiqtisadi göstəricilər

17.08.2015

Dövlət Statistika Komitəsi yanvar-iyul aylarının makroiqtisadi göstəricilərini açıqlayıb. Transparency.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, müəssisə, təşkilat və fiziki şəxslər 2015-ci ilin yanvar-iyul aylarında 32,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,6 faiz çox ümumi daxili məhsul istehsal edib. Əlavə dəyərin 35 faizi sənayedə, 12,5 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 13,6 faizi tikinti kompleksində, 5,7 faizi nəqliyyatda, 6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 17,2 faizi digər sahələrdə yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizinə bərabər olub.

2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 9 faiz, neft-qaz sektorunda isə 1 faiz artıb.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər yanvar-iyul aylarında 15,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edib.

Kənd təsərrüfatında avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,3 faizi, yaxud 909,1 min hektarı biçilib və həmin sahələrdən 2768,5 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,7 sentner artaraq 30,5 sentner təşkil edib.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 8,9 faiz artıb.

2015-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9368,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilib.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər yanvar-iyul aylarında 126,4 milyon ton yük və 1041,8 milyon nəfər sərnişin daşıyıb, 2014-cü ilin eyni dövrünə nisbətən yük daşınması 1,4 faiz, sərnişin daşınması 3,7 faiz artıb.

İlin əvvəlindən keçən yeddi ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 937,2 milyon manatlıq xidmət göstəriblər. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-iyun aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 10930,1 milyon dollar məbləğində ticarət əməliyyatları aparıb. Əmtəə dövriyyəsinin 57 faizini və ya 6231,5 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 43 faizini (4698,6 milyon dollarını) isə idxal məhsulları təşkil edib, ixracın idxalı üstələməsi nəticəsində 1532,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

İyun ayı ilə müqayisədə iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,7 faiz düşüb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməyib.

Yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 457,2 manat olub. 2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri 6,4 faiz artaraq 23,6 milyard manata çatıb.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7,8 milyard manat vəsait daxil olub, büdcədən 8,6 milyard manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 770,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,9 faizinə bərabər olub.

Əhalinin banklardakı əmanətlərinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 2015-ci il iyul ayının 1-nə 7,7 milyard manata çatıb.

İqtisadçı ekspert: “Dövlət də kasıblayır, əhali də”

17.08.2015

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Azərbaycanda dövlətin də, əhalinin də kasıblaması dövrü başlayıb. Transparency.az-a danışan ekspert fikrini neft-qaz ixracı və avtomobillərin idxalındakı dəyişmə ilə əsaslandırır: “Azərbaycanın hazırkı iqtisadi və sosial durumunu xarakterizə etmək üçün diqqəti iki məhsula cəlb etmək istərdim. Bu məhsulların ixrac və idxalının son vəziyyəti bəzi həqiqətlərin üzərinə işıq salmağa kömək edə bilər. Hər iki məhsul Azərbaycanda çox populyardır. Onlardan birincisi bir-birindən heç vaxt ayırmadığımız neft-qaz, ikincisi isə minik avtomobilləridir. Neftin ixracatı ölkənin iqtisadi durumunu, minik avtomobillərinin idxalı isə xalqın güzəranını qiymətləndirmək üçün istifadə oluna bilər. Cari ilin 7 ayı ərzində Azərbaycanın xarici ticarətinin gömrük statistikası hər şeyi göstərir.

Bu ilin 7 ayında Azərbaycandan 6 milyard 485 milyon ABŞ dolları dəyərində təbii qaz, xam neft və neft məhsulları ixrac olunub. Ötən ilin eyni dövründə xaricə satılan təbii qaz, xam neft və neft məhsulları 12 milyard 298 milyon ABŞ dolları dəyərində idi. Bu rəqəmləri müqayisə edəndə məlum olur ki, Azərbaycanın təbii qaz, xam neft və neft məhsulları ixracatı ötən ilə nisbətən 47,3 faiz və ya 5 milyard 813 milyon dollar azalıb.

İdxal göstəricilərinə nəzər salanda görürük ki, bu ilin 7 ayında ölkəyə gətirilən minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə azalaraq 17 345 ədəd təşkil edib.

Göründüyü kimi, hər birimizə yaxşı məlum olan hər iki məhsulun idxal və ixracatında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək azalma qeydə alınıb. Bu tendensiya onu təsdiq edir ki, ölkədə iqtisadi və sosial durum pisləşib. Bir tərəfdən neft-qazın ucuzlaşmasına görə ölkənin itirdiklərini digər maliyyə qaynaqları ilə əvəz edə bilməyən dövlət kasıblaşır, digər tərəfdə isə qazandığını daha çox yeyinti və əczaçılıq məhsullarına xərcləyən əhali müflisləşir”.

Seçkidə maliyyə: kampaniya neçəyə başa gəlir, fond necə qurulur?

17.08.2015




Bu il noyabrın 1-də Azərbaycanda parlament seçkisi keçiriləcək. Ölkə konstitusiyasına əsasən, qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

Yaşı 25-dən aşağı olmayan hər bir vətəndaş (ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər çıxılmaqla) Milli Məclisin deputatı seçilə bilər.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin