Xəbər bülleteni №5



Yüklə 2,02 Mb.
səhifə18/18
tarix25.12.2016
ölçüsü2,02 Mb.
#2962
1   ...   10   11   12   13   14   15   16   17   18
Kimlər ianə verə bilməz?

Seçki fonduna könüllü ianə ayırmaq yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:

- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

- xarici vətəndaşlara;

- vətəndaşlığı olmayan şəxslərə;

- 18 yaşına çatmamış vətəndaşlara;

- nizamnamə kapitalında xarici dövlətlər və xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olan hüquqi şəxslərə;

- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;

- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;

- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

- hərbi hissələrə;

- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

bu məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə: vətəndaş üçün — soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün — vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını.

Seçki fondunda olan vəsaitə dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, partiyaya, bloka məxsusdur. Vəsaitdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

- namizədlərin irəli sürülməsinin müdafiəsi, imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;

- seçkiqabağı təşviqatla bağlı işlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi;

- seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.

Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fonduna könüllü ianələr rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsi ilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında yalnız Azərbaycan Respublikasının vətəndaşlarından qəbul edilir.

Hüquqi şəxslərin könüllü ianələri müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə nağdsız köçürülməsi yolu ilə qəbul edilir.

Vüqar Bayramov: “Vəziyyət qorxulu deyil”

18.08.2015



İqtisadçı ekspert Qubad İbadoğlu açıqlama yayaraq deyib ki, Azərbaycanda dövlətin və əhalinin kasıblaması dövrü başlayıb. O, fikrini neft-qaz ixracı və avtomobillərin idxalındakı dəyişmə ilə əsaslandırıb: “Bu ilin 7 ayında Azərbaycanın təbii qaz, xam neft və neft məhsulları ixracatı ötən ilə nisbətən 47,3 faiz və ya 5 milyard 813 milyon dollar azalıb. Ölkəyə gətirilən minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı isə əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə azalaraq 17 345 ədəd təşkil edib. Bu tendensiya onu təsdiq edir ki, ölkədə iqtisadi və sosial durum pisləşib. Bir tərəfdən neft-qazın ucuzlaşmasına görə ölkənin itirdiklərini digər maliyyə qaynaqları ilə əvəz edə bilməyən dövlət kasıblaşır, digər tərəfdə isə qazandığını daha çox yeyinti və əczaçılıq məhsullarına xərcləyən əhali müflisləşir”.

Ancaq başqa bir iqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat” qəzetinə müsahibəsində Qubad İbadoğlunun qənaəti ilə razılaşmadığını vurğulayıb: “Ölkəyə daxil olan vəsaitlərin həcmində azalmalar var. Bu da dünya bazarında qiymətin aşağı düşməsi ilə bağlıdır. Amma mən düşünmürəm ki, Azərbaycanda dövlətin və əhalinin kasıblama dövrü başlayıb. Çünki adambaşına düşən ümumi daxili məhsulun, milli gəlirin həcminin kəskin pisləşməsi qeydə alınmayıb.

Dövlətin kasıblamasından deyil, ölkəyə daxil olan vəsaitlərin azalmasından söhbət gedir. Azərbaycan ixracatının 95 faizi strateji məhsullardır və təbii ki, neftin qiyməti azaldıqca ölkəyə daxil olan vəsaitlərin həcmində azalmalar müşahidə edilir. Bu baxımdan Azərbaycan dövləti və hökuməti çalışmalıdır ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirini kompensasiya etsin. Bunun üçün qeyri-neft sektorunun inkişafı, bazara çıxış imkanlarının artırılması lazımdır”.

İqtisadçı ekspert Azərbaycan da daxil olmaqla region ölkələrinin yeni bir mərhələyə qədəm qoyduğunu deyib: “Neftin qiymətinin aşağı düşməsi müvəqqəti xarakter daşımır. Belə olan halda Azərbaycan, eləcə də digər neft ölkələri iqtisadiyyata daha fərqli və innovativ yanaşmalıdır. Qeyri-neft sektorundan əldə edilən gəlirlərin artırılması hesabına itkiləri azaltmaq mümkündür. Ona görə də vəziyyət qorxulu deyil”.

Sabiq maliyyə naziri: “Neftin qiymətinin aşağı düşməsi fəlakət sayıla bilməz”

18.08.2015

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov neftin qiymətinin aşağı düşməsinin Azərbaycana təsirlərini şərh edib. APA-da yayılan şərhində ekspert qeyd edir ki, neftin qiymətinin aşağı düşməsi qorxulu perspektiv vəd etmir: “2004-cü ildən başlayaraq son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə hesab olunur. Bu müddət ərzində onun ümumi daxili məhsulu 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, valyuta ehtiyatları isə 28 dəfəyə qədər artıb. Göstərilən dövrdə ölkədə orta aylıq əməkhaqqı 5,7, orta aylıq pensiya 9,2 dəfə yüksəlib. Bu illər ərzində 2900 məktəb binası, 560 tibb ocağı tikilib və əsaslı təmir edilib. 41 olimpiya idman mərkəzi, 30 gənclər mərkəzi yaradılıb. 11 il ərzində yüzlərlə yeni istehsal və emal müəssisələri açılıb, 1 milyon 300 mindən artıq yeni iş yerləri yaradılıb ki, bunun da 1 milyona qədəri daimi iş yerləridir.

2014-cü ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olub. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8 faizinə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür. Lakin son 10 ildən artıq bir vaxt ərzində hökumətin ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə bağlı atdığı kardinal addımlar — regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının uğurla reallaşması, keçən ilin sənaye, cari ilin kənd təsərrüfatı ili elan edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artması və bütün bunların nəticəsi olaraq yerlərdə sürətlə sənaye məhəllələrinin yaradılması, aqroparkların qurulması, sonda qeyri-neft sektorundan ixracın həcminin böyük sürətlə artmasına gerçək zəmin yarada bilib. Son 5 il ərzində ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun payı 20 faizə qədər artaraq 70 faizə yaxınlaşıb. Elə bunun nəticəsidir ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65 faiz artıb ki, bu da orta illik 13 faiz artım deməkdir.

Neftin qiymətinin aşağı düşməsi gəlirlərimizi azaldacaq, ancaq bu heç bir halda fəlakət sayıla bilməz. Biz artıq neft gəlirlərini kifayət qədər səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafında yüksək nəticələr əldə edə bilmişik. Azərbaycan hökuməti son 11 il ərzində elə neft gəlirlərinin də bir qismini bu məqsədə istifadə etməklə ölkə iqtisadiyyatının diversifikasiya edilməsi üçün elə bir möhkəm bünövrə yarada bilib ki, bundan sonra iqtisadiyyatın neftdən asılılığı getdikcə minimuma enəcək”.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini necə alır?

18.08.2015

2015-ci il iyulun 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu ölkədə çalışan 25 mindən çox əcnəbini qeydə alıb. Bəs əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsini necə alır? Transparency.az bildirir ki, iş icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə bu sənədlər təqdim olunmalıdır:

- nümunəsi müvafiq icra hakimiyyəti orqanında təsdiq edilən ərizə-anket;

- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;

- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

- nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;

- Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti;

-  işəgötürən hüquqi şəxs olduqda hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;

- işəgötürən fiziki şəxs olduqda fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanında təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (insanın immun çatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış.

İş icazəsi icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir.

Ekspertdən inflyasiya xəbərdarlığı

19.08.2015

Mərkəzi Bankın İdarə Heyəti bankların əməliyyat xərclərinin və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq yönündə yeni qərarlar qəbul edilib. Qərara əsasən, AZİPS (real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb.

Nağd pulun məxarici üzrə tariflərə də dəyişikliklər edilib. İri nominallı əsginaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilib.

Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Mərkəzi Bankın qərarının hədəfi bankların əməliyyat xərclərinin optimallaşdırılması olsa da, indiki şərtlərlə faiz dərəcələrinin aşağı düşəcəyi inandırıcı görünmür: “Çünki banklar yüksək faiz dərəcələrinə risklərin idarə edilməsi siyasətinin tərkib hissəsi kimi baxır. Ümumiyyətlə, faiz dərəcələrinin yüksək olmasını şərtləndirən başlıca amil inflyasiyadır. Rəsmi statistik məlumatlara inansaq, bu ilin yanvar-iyul aylarında inflyasiya 3,7 faiz olub, o cümlədən ərzaq məhsulları 5,8 faiz, qeyri-ərzaq malları 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb. Mərkəzi Bank 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində inflyasiyanı 2-3 faiz səviyyəsində hədəfləyib. Lakin bəzi beynəlxalq təşkilatlar bu il üçün Azərbaycanda daha yüksək inflyasiya proqnozlaşdırır. Azərbaycan üzrə 2015-ci il üçün inflyasiya proqnozunu Beynəlxalq Valyuta Fondu 8,5 faiz, “Moody ‘s” kredit-reytinq agentliyi 9 faiz elan edib.

Yay aylarında mövsümi amillərlə əlaqədar olaraq xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində azalma qeydə alınsa da, son qiymətləndirmələr payız və qış aylarında daha yüksək inflyasiya gözləntisinin olduğunu göstərir. Artıq mövsümi amillər qiymətlərə artırıcı təsir göstərməyə başlayıb. Bununla yanaşı ərzaq bazarında hökmran mövqeyi olan şirkətlər yeni qiymət siyasəti ilə daha yüksək inflyasiyanı stimullaşdırmağa başlayıblar. Odur ki, həm biznes, həm də istehlakçılar yeni inflyasiya dalğasına hazır olmalıdır. İnflyasiya dalğası həm əhalinin və həm də biznesin xərclərini artırmaqla Mərkəzi Bankın kredit faizlərinin aşağı düşməsi ilə əlaqədar verdiyi son qərarlarının əhəmiyyətini də xeyli kiçildəcək və sosial vəziyyəti gərginləşdirəcək”.

Mərkəzi Bankın yeni qərarı kimə necə təsir edəcək?

19.08.2015



“Mərkəzi Bankın banklarda xərclərin optimallaşdırılmasına, maliyyə resurslarının maya dəyərinin azaldılmasına, korporativ sosial məsuliyyətin artırılmasına yönəlmiş son qərarı problemli kreditlərin yaranmasını önləmək və istehlak kreditləşməsini məhdudlaşdırmaq məqsədi daşıyır”. Transparency.az-a danışan ekspert Samir Əliyev belə hesab edir.

Ekspert deyir ki, dünyada geniş yayılmış “PTİ” (payment – to-income) sisteminin tətbiqi banklara kredit riskini düzgün idarəyə sövq etməklə yanaşı ölkədə kredit qoyuluşunu məhdudlaşdıracaq: “Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust 2015-ci il iclasında qəbul edilmiş “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında metodoloji rəhbərlik” istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunu müəyyənləşdirməyi nəzərdə tutur. Əvvəllər kredit götürmək istəyən müştəridən ancaq maliyyə vəziyyətini təsdiq edən sənəd tələb olunurdu və bank kreditin məbləği barədə müstəqil qərar verirdi. Ancaq indi ayrılacaq kreditin məbləği müştərinin gəlirlərindən birbaşa asılı olacaq və bank onu istədiyi qədər artıra bilməyəcək.

Kredit iki mərhələdə qiymətləndiriləcək. Əvvəlcə istehlakçının ödəmə qabiliyyəti, sonra isə kredit məhsulunun təyinatına uyğunluğu yoxlanacaq.

Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından (aylıq borc yükünün gəlirə nisbəti) istifadə olunacaq. Bu əmsal hesablanarkən müştərinin hər ay ödədiyi və ödəməyə hazırlaşdığı borc yükü toplanaraq onun aylıq gəlirinə bölünəcək. Məsələn, fərz edək ki, müştərinin aylıq qazancı 400 manatdır, banka hər ay 100 manat kredit ödəyir. O, yeni kredit xətti açmaq istəyir. İstədiyi məbləğin aylıq ödənişi təxminən 120 manat edir. Bu halda BYG əmsalı (100 manat +120 manat)/400 manat x100% = 55% olacaq. Belə vəziyyətdə müştəriyə istədiyi məbləğ verilməyəcək. Kredit ala bilmək üçün BYG əmsalı 50 faizdən aşağı olmalıdır.

Qaydada diqqəti çəkən məqamlardan biri də BYG müəyyənləşdirilərkən kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər üçün annuitet qaydasında aylıq ödənişin hesablanmasıdır. Kredit kartı sahibi kredit üçün banka müraciət edəndə BYG hesablananda müştərinin kredit kartındakı məbləğ nəzərə alınacaq.

Yeni mexanizm kredit bazarına, bankların fəaliyyətinə, istehlakçıların kreditə əlçatanlığına təsir göstərəcək. Əsas zərbə istehlak kreditləşməsi bazarına dəyəcək. Qərar əslində Mərkəzi Bankın hazırda 38 faiz paya malik olan istehlak kreditlərini məhdudlaşdırmaq planının tərkib hissəsidir”.

Ekspert əlavə edib ki, Mərkəzi Bankın son addımları strateji baxımdan bank sektorunun dayanıqlığının artırılmasına yönəlsə də, indiki dövrdə banklar üçün başağrısı yaradacaq: “Kiçik və istehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların faiz gəlirləri azalacaq. Müştəri, xüsusilə də yüksək gəliri olan və bu gəliri rəsmi sübut edə bilən şəxslər uğrunda sərt rəqabət aparılacaq. Bütün bunların fonunda kredit faizlərinin azalması baş verməyəcək. Bazar hələ də Mərkəzi Bankın tətbiq etdiyi faiz tavanına (29 faiz) tam adaptasiya oluna bilməyib. Kredit məbləğinin azalması da banklara faizləri azaltmağa imkan verməyəcək.

Mərkəzi Bankın qərarının əsas üstünlüyü gələcəkdə problemli kreditlərin yaranması ehtimalını azalmasıdır. Ancaq nəzərə almaq lazımdır ki, problemli kreditlərdə əsas həcmi biznes kreditləri təşkil edir və bu kredit məhsulu yeni qaydanın hüquqi təsirinə düşmür”.

İşə qəbul zamanı sınaq müddəti: qanunun tələbi

19.08.2015



İşə qəbul zamanı sınaq müddəti qanunvericilikdə necə tənzimlənir? Transparency.az-a bununla bağlı açıqlama göndərən Bakı Hüquq Mərkəzinin əməkdaşı, vəkil Dünyamin Novruzov bildirir ki, sınaq müddəti işçinin peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra bacarığının yoxlanması məqsədilə tətbiq edilir: “Əmək Məcəlləsinin 51, 52 və 53-cü maddələri sınaq müddətinin tətbiqi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin maddələrin analizi sınaq müddətinin tətbiqi ilə bağlı bu əsas şərtləri müəyyənləşdirməyə imkan verir:

- Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra etmək bacarığının yoxlanması məqsədilə tətbiq edilir. Əmək müqaviləsində sınaq müddətinin tətbiqi nəzərdə tutulmayıbsa, onda həmin əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab edilir.

- Sınaq müddəti 3 aydan artıq ola bilməz. Müddətə işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtı daxildir. Eyni zamanda işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanmaqla işdə olmadığı dövrlər (məsələn, seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda və s.) sınaq müddətinə daxil edilmir.

- Dövlət qulluqçuları üçün sınaq müddətinin müəyyən olunması qaydası fərqlidir. “Dövlət qulluğu haqqında” qanunun 28.6-cı maddəsinə əsasən, …qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir.

- Əmək Məcəlləsinin 52-ci maddəsində sınaq müddəti müəyyən edilməyən hallar təsbit olunub. Həmin maddəyə əsasən, yaşı 18-dən az olan şəxslər; müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlar; hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslər; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər; iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərlə əmək müqaviləsi bağlandıqda, eləcə də tərəflərin razılaşdırdıqları digər hallarda sınaq müddəti tətbiq edilmir.

- Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Tərəflərdən heç biri sınaq müddəti bitənədək əmək müqaviləsinin xitamını tələb etməyibsə, onda işçi sınaqdan çıxmış sayılır. Qüvvədə olan qanunvericilik işəgötürənin işçinin sınaqdan çıxması ilə bağlı ayrıca əmr verməsini nəzərdə tutmur. Yəni bu halda işçi əmək fəaliyyətinə başladığı ilk gündən işə qəbul edilmiş sayılır. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

- Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Başqa sözlə, işəgötürən bu haqda əmrində işçinin sınaq müddətində özünü doğrultmadığına dair halları təsdiq edən sübutları göstərməli və əsaslandırmalıdır. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir”.

Vüqar Bayramov: “Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür”

19.08.2015

Parlament bu ilin payız sessiyasında sosial mənzil fondunun yaradılması ilə bağlı müzakirələrə başlayacaq. Milli Məclisin sosial siyasət komitəsinin üzvü Musa Quliyev belə açıqlama verib.

Açıqlamanı müsbət qiymətləndirən iqtisadçı ekspert Vüqar Bayramov Transparency.az-a deyib ki, dövlət başçısının ipoteka proqramına əlavə 200 milyon manat vəsait ayırmaq göstərişindən sonra sosial mənzil fondunun formalaşdırılması daha da aktuallaşıb: “Vətəndaşlara yüngül şərtlərlə ev sahibi olmaq imkanı verən sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkənin buna vəsaiti var. Sosial mənzil fondlarının formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Məcəlləyə əsasən, sosial kirayə və sosial mənzil fondlarının yaradılması planlaşdırılır. Qanun sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını, bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur.

Qanunun 108-ci maddəsində o da yazılır ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur.

Mənzillərin qiymətlərinin aşağı salınması üçün ən münasib yollardan biri sosial mənzil fondudur. Bu zaman dövlət artıq bazarda təklif edən tərəf olur, tələbin bir hissəsini sosial mənzil fondu qarşılayır və nəticədə qiymətlərin tənzimlənməsi imkanı yaranır.

Əhalinin sosial vəziyyətinə, mənzil probleminin həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri aşağı salacaq layihənin hüquqi bazası hazırdır. İndi sadəcə tətbiq mexanizmlərini formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır”.



Necə ipotekaya ehtiyac var?
Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin