Xəbər bülleteni №5


Qanun dəyişikliyi avtoservisə necə təsir edəcək?



Yüklə 2,02 Mb.
səhifə7/18
tarix25.12.2016
ölçüsü2,02 Mb.
#2962
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Qanun dəyişikliyi avtoservisə necə təsir edəcək?

  • Ekspertin fikrincə, devalvasiya Çin mallarının Azərbaycana idxalını artıracaq

  • Valideynini itirmiş uşaqlara təhsildə hansı güzəşt var?

  • 7 aylıq makroiqtisadi göstəricilər

  • İqtisadçı ekspert: “Dövlət də kasıblayır, əhali də”

  • Seçkidə maliyyə: kampaniya neçəyə başa gəlir, fond necə qurulur?

  • Vüqar Bayramov: “Vəziyyət qorxulu deyil”

  • Sabiq maliyyə naziri: “Neftin qiymətinin aşağı düşməsi fəlakət sayıla bilməz”

  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini necə alır?

  • Ekspertdən inflyasiya xəbərdarlığı

  • Mərkəzi Bankın yeni qərarı kimə necə təsir edəcək?

  • İşə qəbul zamanı sınaq müddəti: qanunun tələbi

  • Vüqar Bayramov: “Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür”

    “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər qüvvəyə minib

    11.08.2015




    Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklikləri imzalayaraq onun tətbiqinə fərman verib. Fərman Nazirlər Kabinetinin qarşısında avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə dövlət rüsumu məbləğinin müəyyən olunması ilə bağlı təkliflər hazırlamaq öhdəliyi qoyur. Hökumət həmçinin avtonəqliyyat vasitələri üçün saxta və ya keyfiyyətsiz ehtiyat hissələr idxalının qarşısını almaq üçün təkliflər hazırlayıb prezidentə təqdim etməli, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair tələbləri müəyyənləşdirməlidir.

    Metrologiya və Patent üzrə Dövlət Komitəsi üç ay müddətində sahə standartlarını və avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinə dair standartları təkmilləşdirərək Hüquqi Aktların Dövlət Reyestrinə təqdim etməlidir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, habelə avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı və ekoloji yararlılığı üzrə kompleks işlər sahəsində mütəxəssislərin peşə standartlarını 2016-cı il yanvarın 1-dək təsdiq etmək həvalə olunub.

    Prezident İqtisadiyyat və Sənaye Nazirliyinə əlavə səlahiyyət verdi

    11.08.2015

    “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”də dəyişiklikləri nəzərdə tutan prezident fərmanı imzalanıb (Əsasnamə).

    Transparency.az bildirir ki, avqustun 10-da imzalanmış fərman İqtisadiyyat və Sənaye Nazirliyinə yeni səlahiyyət verir. Bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin 3.1-ci və 3.5-ci bəndlərində nəzərdə tutulmuş istənilən məsələ ilə bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər. Bu məqsədlə həmin məlumatları Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin internet şəbəkəsində yerləşdirməlidir.

    “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin 3.1-ci və 3.5-ci bəndlərində bunlar nəzərdə tutulur:

    3.1. Reyestrə yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir.

    3.5. Yoxlanılan sahibkarlıq subyektinin xüsusi qeydləri — onun yoxlama barədə qeydi, müraciəti, şikayəti və digər aidiyyəti məsələlər də reyestrə daxil edilir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə 13,1 faiz artıb

    11.08.2015



    İyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən 178492 dəfə istifadə olunub. Bu, iyun ayı ilə müqayisədə 13,1 faiz çoxdur.

    Nazirliyin rəsmi açıqlamasına görə, ötən ay əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 109737 dəfə faydalanıb. Bu e-xidmət, həmçinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 47835 ədəd və “İş yerinə dair arayış” e-xidməti 18547 ədəd istifadə sayı ilə yenə də əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıblar.

    Ümumilikdə cari ilin yanvar-iyul aylarında vətəndaşlar ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə yararlanıb ki, bu da həmin dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17 faizini təşkil edir.

    İnformasiya sistemlərindən səmərəli istifadə monitorinqi keçiriləcək

    11.08.2015




    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi sentyabr ayından dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqini keçirmək niyyətindədir. Bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədi ilə anket sorğusu hazırlanaraq 36 dövlət qurumuna göndərilib.

    Transparency.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadla xəbər verir ki, informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandıran dövlət qurumlarının sayı 23-ə çatıb. Anket sorğusunu son cavablandıran qurumlar Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi və Satınalmalar üzrə Dövlət Agentliyi olub.

    Buna qədər  anket sorğusunu cavablandıran qurumlar sırasında Fövqəladə Hallar, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə Sənayesi nazirlikləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş, Şəhərsalma və Arxitektura, Əmlak Məsələləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri, Dövlət Miqrasiya Xidməti,  “Azərsu” ASC və “Azərenerji” ASC yer alıb.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 aylıq hesabatı

    11.08.2015

    Bu ilin altı ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib. Rəsmi açıqlamaya görə, 6 ay ərzində narkotiklərlə mübarizə sahəsində 1953 fakt aşkar edilib. AZƏRTAC xəbər verir ki, həmin faktlardan 566-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1297-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 10-u isə digər faktlardır.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 657 kiloqram 364,621 qram olan müxtəlif növ narkotik vasitələr və 787 çətənə kolu müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 465 kiloqram 331,557 qramı marixuana, 109 kiloqram 129,065 qramı tiryək, 38 kiloqram 328,239 qramı heroin, 41 kiloqram 202,591 qramı həşiş, 3 kiloqram 710,14 qramı psixotrop maddələr və digərləri o, cümlədən 443 kiloqram 185,690 qramı çətənə koludur. 90 ton 278 kiloqram 60 qram narkotik tərkibli bitki yaşıl kütlə halında yığılaraq məhv edilib.

    Cinayət məsuliyyətinə 1251 nəfər cəlb edilib ki, onlardan 5-i 18 yaşadək, 299-u 30 yaşadək, 906-ı 30 yaşdan yuxarı, 15-i fəhlə, 5-i qulluqçu, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 1068-i işləməyən, 1199-u kişi, 11-i qadın, 39-u isə xarici ölkə vətəndaşı olub. Əcnəbilərdən 17-si İran, 15-i Gürcüstan, 3-ü Türkiyə, 1-i Rusiya, 2-si Ukrayna, 1-i Türkmənistan vətəndaşıdır.

    “EvroBank” müflis elan edilib

    11.08.2015

    1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “EvroBank” ASC-ni müflis elan edib. APA-Economics-in məlumatına görə, qərar Mərkəzi Bankın məhkəməyə müraciəti əsasında çıxarılıb. Proses avqustun 10-da hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilib.

    “EvroBank”dan APA-Economics-ə verilən məlumata görə isə bank lisenziyanın bərpa edilməsi ilə bağlı iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iş hakim Tahirə Əsədovanın icraatına verilib. Hələlik məhkəmənin prosesinin keçiriləcəyi tarix məlum deyil.

    Transparency.az xatırladır ki, Mərkəzi Bankın İdarə Heyəti “EvroBank” ASC-nin bank lisenziyasını iyulun 10-da ləğv edib. Qeyd olunub ki, “EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərinə əməl etmir: “Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq onlar icra edilməyib. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılıb, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur”.

    Çin pulu ucuzlaşdı, 20 illik rekord qırıldı

    11.08.2015

    Avqustun 11-də Çin Xalq Bankı (Mərkəzi Bank) milli valyutanın (yuan) son 20 ildə ən böyük devalvasiyasını həyata keçirib. Transparency.az xəbər verir ki, Mərkəzi Bankın qərarına görə, gündəlik rəsmi kurs 1,9% aşağı salınıb. 1 dolların alış kursu 6,1162 yuandan 6,2298 yuana yüksəlib. Bu, 1994-cü ilin yanvarında rəsmi və bazar mübadilə kursları eyniləşdirilən vaxtdan yuanın ən kəskin enişidir.

    Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, kursun dəyişməsi Çinin ixracatında yaranan problemlərlə bağlıdır. İyul ayının göstəricilərinə görə, Çində ixrac 8,3% azalıb. Kursun dəyişməsinin birdəfəlik korreksiya olduğu bildirilir.

    Prokuror generalın ailə üzvlərinin Azərbaycandan qanunsuz çıxarılmasında təqsirləndirilən şəxslərə cəza istəyib

    11.08.2015

    Bakı Ağır Cinayətlər Məhkəməsi Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi general-mayor Emin Şəkinskinin keçmiş həyat yoldaşının və övladlarının sərhədi qanunsuz keçməsinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin işi üzrə prosesi başa çatdırır. APA-nın məlumatına görə, avqustun 11-də dövlət ittihamçısı Fərid Nağıyev prosesdə çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı Namiq Camalovun 9, Pənah Dadaşov və Raqub İsbəndiyarovun 7 il, Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, məhkəmə zalında həbs olunmalarını təklif edib.

    İttiham aktına görə, təqsirləndirilən şəxslər Gülnarə Şəkinskayanın, onun övladları Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər, bu məqsədlə Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat oğurlayıb.

    Məhkəmə prosesi Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə aparılıb. Təqsirləndirilən şəxslərdən Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev axtarılır. Onların cinayət işi ayrıca icraata verilib.

    Vergilər Nazirliyi 7 aylıq proqnoz tapşırığına 101,9 faiz əməl edib

    11.08.2015

    Bu ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 104 milyon 76,7 min manat vəsait daxil olub və proqnoz tapşırığına 101,9 faiz əməl edilib.

    Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə vergi orqanlarında 47 min 396 vergi ödəyicisi qeydiyyata alınıb.

    İlham Əliyevin Cəlilabad səfərində yeni obyektlər açılıb

    11.08.2015


    Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfər edib. Dövlət başçısını Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev adına parkda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qarşılayıb. Bildirilib ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.

    İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. İnşasına 2014-cü ildə başlanan mərkəzin ümumi sahəsi 8800 kvadratmetrdir. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzi həm də rayon sakinlərinə asudə vaxtlarını səmərəli keçirmək imkanı verir. İlham Əliyev burada istirahət edən rayon sakinləri ilə görüşüb.

    Prezident Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışına da qatılıb. 100 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 1500 kvadratmetrdir.

    İlham Əliyev “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Qurum əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərəcək. Layihənin icrası nəticəsində 50-dək yeni iş yeri yaradılıb.

    Daha sonra prezident Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib. Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.

    AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışında da iştirak edib.

    Rasim Əliyevin ölüm işi: 6 nəfər, o cümlədən futbolçu Cavid Hüseynov həbs edilib

    11.08.2015



    Jurnalist Rasim Əliyevə ölümcül xəsarətlər yetirilməsi işinə görə 6 nəfər tutulub. Səbail Rayon Məhkəməsi onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Həbs edilənlər arasında futbolçu Cavid Hüseynov və onun bibisi oğlu Elşən İsmayılov da var.

    Vəkil Adəm Məmmədov APA-ya bildirib ki, avqustun 11-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Cavid Hüseynov 3 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 307.1-ci (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

    Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına görə, ANN.az saytının əməkdaşı olan 31 yaşlı Rasim Əliyevi avqustun 8-i saat 18 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup şəxs döyüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

    Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Jurnalist “Facebook” şəbəkəsində “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov barədə yazdığı statusa görə döyülüb.

    Avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən jurnalist avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.

    Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.

    Rasim Əliyev Cavid Hüseynovu “Facebook”da Kiprdəki hərəkətinə görə də tənqid edibmiş. “Qəbələ”nin “Apollon” klubu ilə səfər matçında (30 iyul) yerli azarkeşlər Azərbaycan bayrağını cırıb. Oyunun sonuncu dəqiqəsində penaltidən hesabı bərabərləşdirən Cavid Hüseynov rəqib azarkeşlərə qeyri-etik əl hərəkəti ilə cavab verib.

    Jurnalistin avqustun 7-də yazdığı statusdan sonra bir qrup şəxs zəng vuraraq onu təhqir ediblər. Daha sonra Cavid Hüseynov özü jurnalistə zəng edərək iradını bildirib. Rasim Əliyev yanlış anlaşılma olduğunu deyib və tərəflər telefonda sağollaşıb. Ancaq Rasim Əliyevi təhqir edənlər yenidən ona zəng edərək üzr istəmək məqsədi ilə görüşmək istədiklərini deyiblər və jurnalistin yaşadığı Bayıl qəsəbəsinə gəliblər. Görüş “Bayıl market”in qarşısında olub. Altı nəfər olduqları deyilən şəxslər jurnalisti döyərək ciddi bədən xəsarətləri yetiriblər.

    Rasim Əliyev özü atasının maşını ilə yaxınlıqda olan təcili tibbi yardım məntəqəsinə gedib. Sakitləşdirici iynə vurduqdan sonra onu Kliniki Tibbi Mərkəzə aparıblar. Müayinə zamanı məlum olub ki, Rasim Əliyevin qabırğaları sınıb, sol qulağı eşitmə qabiliyyətini itirib, daxili orqanları da zədələnib. Avqustun 9-u gecə saat 1 radələrində vəziyyəti ağırlaşan jurnalistdə daxili qanaxma olduğu bilinib. Əməliyyat zamanı Rasim Əliyevin dalağı çıxarılıb. Məlum olub ki, onun ağ ciyəri də deşilib. Səhərə yaxın jurnalist vəfat edib.

    Jurnalist avqustun 9-da Mehdiabad qəbiristanlığında dəfn olunub.

    Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin məlumatı

    11.08.2015

    Xəbər verildiyi kimi, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

    Fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

    Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.

    İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış ANN.TV-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

    Bundan sonra Cavid Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov,  Arif Əliyev,  Kənan Mədətov və  Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

    İstintaq zamanı Rasim Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

    Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.

    Elşən İsmayılov, Camal Məmmədov,  Arif Əliyev,  Kənan Mədətov və  Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

    İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də araşdırılır.

    İstintaqın gedişi və həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının prezidentinə mütəmadi məruzə olunur.

    Prezident: “Heç bir sosial layihəni ixtisar etməmişik”

    12.08.2015




    “İqtisadiyyatımız birinci yarım ildə təxminən 6 faiz artıb. Dünya miqyasında bu, bəlkə də ən yüksək göstəricidir”. Transparency.az xəbər verir ki, avqustun 11-i Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.

    Altı yaşayış məntəqəsini — Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.

    Sakinlərlə görüşən prezident İlham Əliyev deyib ki, Cəlilabad rayonu sürətlə, uğurla inkişaf edir, həm sosial, həm iqtisadi məsələlər öz həllini tapır: “İnsanların rahatlığı və iqtisadi inkişafın dərinləşməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilir ki, bu layihələr böyük əhəmiyyət daşıyır. Cəlilabad rayonu əhalisinin böyük əksəriyyətinin qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti var. Kənd yollarının tikintisi bəlkə də ən vacib məsələdir və bu gün açılan yol Cəlilabad rayonunda icra edilən dördüncü kənd yolu layihəsidir. Bu günə qədər üç layihə icra edilib. Artıq 60-a yaxın yaşayış məntəqəsinə kənd yolları çəkilib. Bu qəsəbələrdə 100 minə yaxın əhali yaşayır”.

    Cəlilabadda iri fermer təsərrüfatına baş çəkdiyini vurğulayan prezident deyib ki, Azərbaycanda 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir və bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir: “Hektardan 50-60 sentner məhsul götürülür. Budur yeni yanaşma və bizim siyasətimiz. Bir neçə il bundan əvvəl göstəriş verilib ki, iri fermer təsərrüfatları yaradılsın və onlardan artıq 19-u yaradılıb. Biri də bu gün açılıb. Burada həm iş yerləri açılır, eyni zamanda yeni bir kənd təsərrüfatı sistemi formalaşır.

    Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib və şadam ki, bol məhsul götürülüb. Kənd təsərrüfatı 7 faizdən çox artıb. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var — torpaqlar, texnika, dövlətdən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.

    İlham Əliyev qeyd edib ki, 2015-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatı təxminən 6 faiz artıb: “Dünya miqyasında bu, bəlkə də ən yüksək göstəricidir. Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə, sosial-iqtisadi infrastruktur layihələri icra edilir”.

    Mərkəzi Bank: “ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə artıb”

    12.08.2015

    Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş nömrəsi yayımlanıb (2015-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalı). İcmalda qlobal iqtisadi meyllərin və Azərbaycanda makroiqtisadi proseslərin təhlili, habelə pul və məzənnə siyasətinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi öz əksini tapıb.

    Sənəddə qeyd olunub ki, mürəkkəb qlobal iqtisadi mühit şəraitində Mərkəzi Bank özünün pul və məzənnə siyasətini makroiqtisadi və maliyyə sabitliyinin qorunması, qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədləri çərçivəsində həyata keçirib: “Hesabat dövründə pul siyasəti üzrə başlıca hədəflərə çatma vəziyyəti qənaətbəxş olub, inflyasiya aşağı birrəqəmli səviyyədə qorunub. Məzənnə siyasəti üzrə tədiyyə balansında yaranmış yeni meylləri nəzərə alan və iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsinə xidmət edən qərarlar qəbul olunub. Hesabat dövründə də ölkənin, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib”.

    Transparency.az-ın məlumatına görə, icmalda xarici valyutaya tələbin kəskin artması şəraitində Mərkəzi Bankın atdığı addımlardan da söz açılır: “2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub. 2015-ci ilin I yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında, qalan 11%-i isə digər valyutalarda aparılıb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,3 dəfə çoxalıb. I yarım ildə valyuta bazarı üzrə dövriyyədəki artım əsasən I rübdəki proseslərlə əlaqədardır. Belə ki, ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi I rübdə 2,4 dəfə artmışdısa, II rübdə artım 1,6 dəfə olub”.

    AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın Pul Siyasəti İcmalına görə, bu ilin birinci yarısında ev təsərrüfatlarının istehlak xərcləri 2014-cü ilin müvafiq dövrünə nəzərən 17,6 faiz artaraq 14,7 milyard manat olub: “Bu, ev təsərrüfatlarının gəlirlərinin 74,2 faizini təşkil edir. Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 274,4 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 manat çox əmtəə alıb və pullu xidmətlərdən istifadə edib”.

    Neftin qiyməti: yeni proqnoz verildi

    12.08.2015



    ABŞ-ın Energetika Nazirliyi neftin bu il və 2016-cı ildə qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, 2015-ci ildə “Brent” markalı neftin barreli 54,4 dollar, 2016-cı ildə isə 59,42 dollar olacaq. WTI markalı neftin isə bu il 49,62 dollar, gələn il isə 54,42 dollar olacağı proqnozlaşdırılır.

    Bundan əvvəlki ehtimallarla müqayisədə nazirlik neftin qiymətində proqnozları 6-8 dollar aşağı salıb. Səbəb İrana sanksiyaların ləğv edilməsidir.

    Avqustun 12-nə olan məlumata görə, dünya birjalarında neft yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,88 dollar düşərək 43,08 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,58 dollar azalaraq 48,83 dollar olub.

    SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,68 dollar ucuzlaşaraq 50,40 dollar təşkil edib.

    Ekspert xarici ölkələrdə təhsil proqramının müddətini 2020-ci ilədək uzatmağı təklif edir

    12.08.2015



    İqtisadçı Qubad İbadoğlu xarici ölkələrdə təhsil üzrə dövlət proqramının müddətini 2020-ci ilədək uzatmağı təklif edir. Transparency.az-a danışan ekspert deyib ki, proqram 2007-2015-ci illərdə 5 min azərbaycanlı gəncin xaricdə təhsil almağa göndərilməsini nəzərdə tutub: “Dövlət Neft Fondunun açıqladığı hesabata görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində 31 dekabr 2014-cü ilə maliyyələşdirilmiş tələbələrin sayı 2867 nəfər olub. Təhsili maliyyələşdirilən tələbələrin ölkələr üzrə siyahısına 803 tələbə ilə Böyük Britaniya başçılıq edir. Sonrakı yerləri 681 nəfərlə Türkiyə, 395 nəfərlə Almaniya, 214 nəfərlə Kanada, 137 nəfərlə Niderland, 115 nəfərlə Rusiya, 97 nəfərlə İsveçrə, 95 nəfərlə Fransa, 85 nəfərlə ABŞ tutur. İlk onluğu 63 nəfərlə Avstraliya tamamlayır.

    Bu il proqram üzrə sonuncu müsabiqə elan olunub. 2007-2015-ci illərdə 5 min azərbaycanlı gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulsa da, builki müsabiqə də nəzərə alınmaqla onların sayı 3500 nəfəri ötməyəcək. Odur ki, proqramın 2020-ci ilədək uzadılmasını təklif edirəm. Proqramın maliyyələşdirilməsinə ayrılan vəsait neft gəlirlərinin xərcləndiyi səmərəli istiqamət olaraq öz töhfəsini bundan sonra da verə bilər. Təbii ki, müsabiqələrin şəffaflığı təmin edilərsə, eləcə də proqramın hesabatlılığı artarsa, bu töhfənin daha da çoxalması imkanı var. Yeri gəlmişkən, proqramın monitorinqini aparan İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi olaraq qeyd edim ki, son illər xarici ölkələrdə təhsil üzrə dövlət proqramının reallaşmasında müsbət dəyişikliklər müşahidə olunur. Amma proqramın təkmilləşməsi potensialı hələ də yüksəkdir”.

    Dövlət Statistika Komitəsi: “Qeyri-neft məhsullarının ixracında 16 faiz artım var”

    12.08.2015

    Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında rəsmi məlumat yayıb. Qeyd olunur ki, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 138 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. 88 ölkəyə əmtəə ixrac edilib, 123 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 25-i Amerika, 41-i Asiya ölkələri və digərləridir.

    Altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 13891,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 9193,0 milyon dollar, idxalın həcmi 4698,6 milyon dollar təşkil edib, nəticədə 4494,4 milyon dollarlıq müsbət saldo yaranıb.

    İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstün olub.

    Yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 870,6 milyon dollar təşkil edib.

    Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatı ilə bağlı rəqəmlər açıqlanıb

    12.08.2015


    AZƏRTAC-ın Naxçıvandakı bürosu muxtar respublikanın sosial-iqtisadi həyatı ilə bağlı rəqəmlər açıqlayıb. Bildirilir ki, bu ilin 6 ayı ərzində muxtar respublikada tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 2,7 faiz artıb, tikinti sahəsində 11 min nəfərə yaxın işçi çalışıb: “Bu dövrdə muxtar respublikada 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. 2015-ci ilin ötən dövründə 439 sənaye müəssisəsi fəaliyyət göstərib. İlin birinci yarısında 491 milyon 381 min manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal olunub.

    Cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə, 28 istehsal və xidmət sahəsi istifadəyə verilib, muxtar respublikada 336 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi təmin edilib. Ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb”.

    İcbari tibbi sığorta niyə gecikir?

    12.08.2015



    “İcbari tibbi sığortanın tətbiqinə yaxın vaxtlarda başlanacaq”. Bunu “Trend”ə açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı sistemli iş aparılır. Hazırda bir neçə ölkənin təcrübəsinin öyrənildiyini deyən deputat icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə sisteminin maliyyələşməsinin tamamilə yenilənəcəyini qeyd edib: “İcbari tibbi sığorta ilə bağlı hüquqi baza var. Amma onun tətbiqi üçün səhiyyənin maliyyələşməsi kökündən dəyişməlidir. Ona görə də bu məsələ bir az gecikir. Mütəxəssislər dünya təcrübəsini öyrənir. Bu sahədə müsbət və mənfi tərəfləri araşdırırıq. Məsələn, Türkiyə və Xorvatiyanın bu sahədəki təcrübəsini çox bəyənirik. Onların təcrübəsindən yararlana bilərik”.

    İcbari tibbi sığortanın tətbiqinin gecikməsini onun çox ciddi və məsuliyyət tələb edən proses olması ilə əlaqələndirən Hadı Rəcəbli deyib ki, bu məsələ Azərbaycan səhiyyəsinə çox böyük yeniliklər gətirəcək: “Vətəndaş kartını gətirib göstərəcək həkimə, ona müalicə yazılacaq. Həkimin gördüyü iş kartda əks olunacaq və bununla da o, gördüyü işə görə maaşından əlavə pul alacaq. Eyni zamanda bu, həkimlə vətəndaş arasındakı neqativ hal saydığımız “hörmət” məsələsini aradan qaldıracaq. Bununla yanaşı həkimlərin yazdığı reseptlə dərmanların özü pulsuz ola bilər. Çünki dərmanların pulu sığorta kartı ilə ödəniləcək”.

    Transparency.az bildirir ki, Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub. Prezident İlham Əliyev tibbi sığortanın tətbiqini sürətləndirmək üçün 2008-ci ildə Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. 2009-cu ildən bəri hər il dövlət büdcəsindən tibbi sığorta islahatlarına vəsait ayrılır, ilin sonunda isə yenidən büdcəyə qaytarılır.



    Əmək və Əhalinin Sosial Müdafiəsi Bakıda iş vaxtının dəyişdirilməsi ilə bağlı müraciət yaydı

    12.08.2015

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət ünvanlayıb. Transparency.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 30 iyun 2015-ci il protokolunun 24-cü bəndi ilə Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq, avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltmək məqsədilə avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 7:30 – 8:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur.

    Nazirlik qeyd edir ki, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tövsiyəsinin icrası üçün Bakı şəhərində özəl sektorda və bank sektorunda fəaliyyət göstərən işəgötürənlərin əmək qanunvericiliyinin tələblərinə riayət etməsi zəruridir: “Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən, iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

    İş vaxtının rejimi və onu müəyyən edən qaydalar Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər.

    Əmək Məcəlləsinin 11-ci maddəsinin birinci bəndinin ə) yarımbəndi ilə işəgötürənə əmək şəraitinin şərtlərini dəyişdirmək hüququ verilib. Əmək şəraiti — işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları Əmək Məcəlləsində nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Bu baxımdan işçinin əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtının başlanması vaxtının dəyişdirilməsi onun əmək şəraiti şərtlərinin dəyişdirilməsi kimi qəbul edilməlidir.

    Əmək Məcəlləsinin 56-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini  dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilə bilər. Bu halda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin yeddinci hissəsinə əsasən işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəməlidir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının yuxarıda qeyd edilən protokolunun 24-cü bəndi ilə müəyyən edilən tövsiyə xarakterli tədbirin dövlət əhəmiyyətli olduğunu Bakı şəhərində yerləşən özəl sektorda və bank sektorunda çalışan işəgötürənlərin diqqətinə çatdıraraq, əmək müqavilələrində iş vaxtının başlanması ilə bağlı əmək şəraiti şərtlərinin dəyişdirilməsinin həmkarlar ittifaqı təşkilatı ilə, müəssisədə həmkarlar ittifaqı təşkilatı olmadıqda əmək kollektivi ilə danışıqlar aparmaqla işçilərin əmək müqavilələrinə xitam verilməsi hallarına maksimum səviyyədə yol vermədən həyata keçirilməsinin zəruri olduğunu bildirir”.

    Sabiq diplomata korrupsiya ittihamları: Arif Məmmədova 4 maddə ilə cinayət işi qaldırılıb

    12.08.2015



    Hesablama Palatası 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməsi ehtimalını nəzərə alınaraq yoxlama materiallarını Baş Prokurorluğa göndərib və bu barədə ictimaiyyətə məlumat verib (Hesablama Palatası yoxladı, Avropa Şurasındakı səfirliyin işi Baş Prokurorluğa getdi).

    Avqustun 12-də Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayıb ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalarla həmin faktlar öz təsdiqini tapıb və toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb:

    - İlkin araşdırmalarla Arif Məmmədovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatdan kənar istifadə etmə, dövlət əmlakını külli miqdarda mənimsəmə və ya israf etmə yolu ilə talama, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi halları aşkarlanıb.

    Belə ki, Arif Məmmədov şəxsi istifadə üçün avtomobil almaq məqsədilə diplomatik nümayəndəliklərə avtomobillərin alınması üçün tətbiq edilən 27,5 faizlik güzəştdən qulluq səlahiyyətlərindən sui-istifadə edərək 2011-ci il 11 fevral tarixdə daimi nümayəndəliyin bank hesabına 43 min avro pul köçürüb və sonradan həmin vəsaiti “BMW Strasburq” şirkətinə ödəyib. Əldə etdiyi “BMW X5” markalı avtomobili rəsmi sənədlərdə saxtakarlıq edərək daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 8 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satıb.

    Arif Məmmədov tərəfindən Fransanın vergi qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib.

    Arif Məmmədov həmçinin nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürməklə sosial-mədəni və digər tədbirlərin keçirilməsi üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verib. Belə ki, 2010-cu ildə Strasburqda təşkil edilən Novruz şənliyinin TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda Arif Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə nümayəndəliyin xəzinəsindən 11600 avro məbləğində maliyyə vəsaitini silməklə mənimsəyib. Tədbirin TÜRKSOY təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi barədə həmin təşkilatın rəhbəri tərəfindən istintaqa müvafiq təsdiqedici sənədlər təqdim olunub.

    İstintaqla həmçinin müəyyən edilib ki, Arif Məmmədov qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməklə mövcud olmayan xərclər üzrə pul vəsaitlərini mənimsəyib. Belə ki, 2007-ci il 4 oktyabr və 2012-ci il 19 sentyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə 19900 avro məbləğində xərclər Milli Məclisin İşlər İdarəsi tərəfindən müvafiq qaydada ödənildiyi halda Arif Məmmədov həmin pul vəsaitini təşkil edilmiş tədbirlərin guya daimi nümayəndəlik tərəfindən həyata keçirilməsi barədə saxta sənədlər tərtib etməklə mənimsəyib. Milli Məclisin İşlər İdarəsi tərəfindən həmin səfərlər zamanı vəsaitlərin ödənilməsi barədə istintaqa müvafiq təsdiqedici sənədlər təqdim edilib.

    Arif Məmmədov vəzifə saxtakarlığı edərək 2007-ci ilin iyun-oktyabr ayları üzrə ona hesablanmış 18500 avro məbləğində əməkhaqqını əvvəlcədən alıb və yenidən həmin ilin oktyabr ayı üzrə 3700 avro məbləğində vəsaiti təkrarən əməkhaqqı şəklində alaraq mənimsəyib.

    Bundan başqa o, yaşadığı evdə işlətdiyi elektrik enerjisinə görə ödənişləri mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq öz vəsaiti hesabına həyata keçirməli olduğu halda büdcə vəsaitlərini təyinatdan kənar istifadə edərək 2007-2012-ci illərdə həmin məqsədlə 6500 avronu dövlət vəsaiti hesabına ödəyib.

    Arif Məmmədov həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin balansında olan və dəyəri 25300 avro təşkil edən 2 avtomobili Əmlak Məsələləri Dövlət Komitəsinin razılığını almadan qanunsuz olaraq 7100 avroya rəsmiləşdirib satmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

    Arif Məmmədov mövcud qanunvericilik aktlarının tələblərini kobud surətdə pozaraq 2007-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin məqsədyönlü və təyinatı üzrə istifadəsini təmin etməyib, eləcə də həmin dövrdə 410 min 830 avro məbləğində büdcə vəsaitini təsdiqedici sənədlər olmadan xərcləyib.

    Aparılmış istintaqla Arif Məmmədovun qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətləri törətməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

    Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün İnterpolun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Bu il mayında Arif Məmmədov “Facebook” səhifəsində Bakıda qırğınla nəticələnən bina yanğınına görə məmurları ittiham edib. Həmin vaxt İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsində çalışan Arif Məmmədovun tənqidi qeydləri hakim dairələrdə etiraz doğurub, mediada qarşılıqlı ittihamlar başlayıb. Az sonra Arif Məmmədov İslam Əməkdaşlıq Təşkilatının səfiri vəzifəsi ilə vidalaşaraq Azərbaycan hakimiyyətinə qarşı müxalifətə keçdiyini bəyan edib.

    Ümumi daxili məhsul artıb, ya azalıb?

    12.08.2015

    Dövlət Statistika Komitəsinin açıqlamasına görə, cari ilin yanvar-iyul aylarında ümumi daxili məhsul (ÜDM) 5,7 faiz artıb. Ancaq Transparency.az-ın hesablaması göstərir ki, bir ildə faktiki ÜDM nominal ifadədə 2,478 milyard manat azalıb.

    2014-cü il yanvar-iyun ayılarında ölkədə ümumi daxili məhsul (ÜDM) 28,743 milyard manat, 2015-ci ilin eyni dövründə isə ÜDM 26,265 milyard manat olub. Bu, faktiki ÜDM-in nominal ifadədə 2,478 milyard manat azalması deməkdir.

    ÜDM-i dollarla ölçsək, 2014-cü ilin ilk 6 ayında ÜDM 36,8 milyard dollar, bu ilin ilk 6 ayında isə 25 milyard dollar olub. Yəni ÜDM dollar ekvivalentində 11,8 milyard azalıb.

    Nazirlər Kabinetinin iki üzvü ordenlə təltif olunub

    13.08.2015




    Prezident İlham Əliyev Nazirlər Kabinetinin iki üzvünü “Şöhrət” ordeni ilə təltif edib. Sərəncamlara əsasən, səhiyyə naziri Oqtay Şirəliyevə “Şöhrət” ordeni səhiyyənin inkişafında xidmətlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya isə ictimai-siyasi həyatda fəal iştirakına görə verilib.

    Transparency.az bildirir ki, bu ay Oqtay Şirəliyevin 65, Hicran Hüseynovanın 60 yaşı tamam olur.

    1950-ci ildə Bakıda anadan olan Oqtay Şirəliyev tibb elmləri doktoru, professordur. 20 oktyabr 2005-ci ildən səhiyyə naziridir.

    Hicran Hüseynova 1955-ci ildə Bakıda anadan olub. Siyasi elmlər doktoru, professordur. 7 fevral 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır.

    Hökumətə olimpiada tapşırığı verildi

    13.08.2015



    Dövlət başçısı XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etmək tapşırılıb.

    XXXI Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.

    Prezidentin sərəncamında qeyd olunur ki, müxtəlif mötəbər yarışlarda, o cümlədən bu il Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür.

    Azərbaycan indiyədək öz komandası ilə 5 olimpiadaya qatılıb. Transparency.az bildirir ki, əvvəlki olimpiadalarda Azərbaycan komandasının nəticələri belə olub:

    1996-cı il, Atlanta — 1 gümüş medal

    2000-ci il, Sidney — 2 qızıl, 1 bürünc medal

    2004-cü il, Afina — 1 qızıl, 4 bürünc medal

    2008-ci il, Pekin — 1 qızıl, 2 gümüş, 4 bürünc medal

    2012-ci il, London — 2 qızıl, 2 gümüş, 6 bürünc medal.

    MSK-ya maliyyə hesabatı verməyən 4 partiyanın adı açıqlandı

    13.08.2015

    Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı verməyən partiyaların adları açıqlanıb. APA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, 51 partiya illik maliyyə hesabatı verib, 4 partiya isə hesabat təqdim etməyib.

    İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.

    Transparency.az bildirir ki, 2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən, siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

    Ordenli hökumət

    13.08.2015




    Vaxtaşırı olaraq ölkənin dövlət, hökumət adamları Azərbaycan Respublikasının ordenləri ilə təltif edilir. Transparency.az saytı Azərbaycan Respublikasının ordenləri ilə təltif olunmuş ali vəzifəli şəxslərin və Nazirlər Kabineti üzvlərinin siyahısını hazırlayıb. Siyahını təqdim edirik:

    prezident İlham Əliyev — “Heydər Əliyev” ordeni

    baş nazir Artur Rasizadə — “İstiqlal”, “Şöhrət” və “Şərəf”ordenləri

    Milli Məclisin sədri Oqtay Əsədov — “Şərəf” ordeni

    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev — “İstiqlal” və “Şərəf” ordenləri

    baş nazirinin müavini Abid Şərifov — “Şöhrət” ordeni

    baş nazirin müavini İsmət Abasov — “Şöhrət” ordeni

    baş nazirin müavini Əli Əhmədov — “Şöhrət” ordeni

    baş nazirin müavini Elçin Əfəndiyev — “Şərəf” ordeni

    baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov — “Şöhrət” ordeni

    daxili işlər naziri Ramil Usubov — “Azərbaycan Bayrağı” ordeni

    müdafiə naziri Zakir Həsənov — “Azərbaycan Bayrağı» ordeni

    ədliyyə naziri Fikrət Məmmədov — “Şöhrət” ordeni

    müdafiə sənayesi naziri Yavər Camalov — “Şöhrət” ordeni

    fövqəladə hallar naziri Kəmaləddin Heydərov — “Şöhrət” ordeni

    energetika naziri Natiq Əliyev — “Şöhrət” ordeni

    gənclər və idman naziri Azad Rəhimov — “Şöhrət” ordeni

    kənd təsərrüfatı naziri Heydər Əsədov — 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni

    vergilər naziri Fazil Məmmədov — “Şöhrət” ordeni

    səhiyyə naziri Oqtay Şirəliyev — “Şöhrət” ordeni

    nəqliyyat naziri Ziya Məmmədov — “Şöhrət” ordeni

    rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov — “Şöhrət” ordeni

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı — “Şöhrət” ordeni

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov — “Şöhrət” ordeni

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova -“Şöhrət” ordeni

    Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev — 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Azərbaycan Bayrağı” ordenləri

    Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev — “Şöhrət” ordeni.

    Dövlət Əmək Müfəttişliyi Xidməti 7 ayda işəgötürənlərə yarım milyon manat ödətdirib

    13.08.2015

    Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin iyul ayında işəgötürənlərin ümumilikdə 14693 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Həmin vəsaitin 88,8  faizi (13053 manat) əmək haqlarından, qalanı zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a bildiriblər ki, yanvar-iyul aylarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərə ödənilməsini təmin etdiyi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği 504095 manatdır.

    Aparılan təhlillər zamanı sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarına əsasən sahibkarlıq subyektlərində yol verildiyi müəyyən olunub.

    Hansı regiona nə qədər kredit qoyulub?

    13.08.2015

    Bu il iyulun 1-nə Azərbaycanda regionlar üzrə kredit qoyuluşu 20 milyon 288 min manatı ötüb. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, Bakı şəhəri üzrə verilən kreditlər 16 milyon 978 min manatdan çox olub.

    Başqa regionlar üzrə rəqəmlər belədir: Abşeron iqtisadi rayonu — 640 min 937 manat, Aran iqtisadi rayonu — 835 min 237 manat, Dağlıq Şirvan iqtisadi rayonu — 116 min 29 manat, Gəncə-Qazax iqtisadi rayonu 744 min 847 manat, Quba-Xaçmaz iqtisadi rayonu — 263 min 112 manat, Lənkəran iqtisadi rayonu — 293 min 427 manat, Şəki-Zaqatala iqtisadi rayonu — 217 min 854 min manat, Naxçıvan iqtisadi rayonu — 125 min 373 manat.

    TQDK-dan qəbul hesabatı

    13.08.2015

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Rəsmi məlumata görə, ali təhsil müəssisələrinin 38 min 831 plan yerinin müsabiqəsinə 38 min 763 abituriyent qatılıb. Onlardan 32 min 276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

    Qəbul olanların 15 min 406 nəfəri oğlan, 16 min 870 nəfəri qızdır. 13 min 816 abituriyent Azərbaycan bölməsi üzrə, 1590 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb.

    Birinci mərhələ üzrə qəbul planı 83,12 faiz dolub. Dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6555 yer boş qalıb.

    Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

    Hökumətdə iki post boşdur

    13.08.2015




    Baş nazir, baş nazirin müavinləri, nazirlər, komitə, administrasiya, xidmət, idarə və fond rəhbərləri ilə birlikdə Azərbaycanın Nazirlər Kabineti 43 nəfərdən ibarətdir. Transparency.az bildirir ki, hazırda Nazirlər Kabinetində 41 nəfər təmsil olunur. Çünki Dövlət Statistika Komitəsinin sədri və Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru postları boşdur.

    Dövlət Statistika Komitəsinin sədrinin səlahiyyətlərini birinci müavin Həmid Bağırov icra edir. Sədr Arif Vəliyev 2014-cü il iyunun 23-də vəfat edib. O vaxtdan Dövlət Statistika Komitəsinin sədri postuna təyinat olmayıb.

    Dövlət Mülki Aviasiya Administrasiyasına gəlincə, 2013-cü ilin dekabr ayında direktor Fuad Quliyev başqa vəzifəyə keçirilib. O vaxtdan direktor postuna heç kim təyin edilməyib. Administrasiyadan Transparency.az-a bildiriblər ki, hazırda direktorun səlahiyyətlərini müavin Hacıağa Əliyev həyata keçirir.

    693 inzibati vəzifə müsabiqəyə, 26 dövlət qulluğu vəzifəsi müsahibəyə çıxarıldı

    13.08.2015

    Dövlət Qulluğu Məsələləri üzrə Komissiya avqustun 14-dən 55 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 693 vakant yerin tutulması üçün müsabiqə, 6 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 26 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

    Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 595-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 98-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

    Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 24-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

    Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi test imtahanından və müsahibədən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

    Müsabiqənin test imtahanı zamanı namizədlərin bu sahələr üzrə bilikləri yoxlanacaq: dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı — 15 test tapşırığı; qanunvericilik sahəsində — 40 test tapşırığı; informasiya texnologiyaları sahəsində — 15 test tapşırığı; məntiqi düşünmə qabiliyyəti sahəsində — 30 test tapşırığı.

    Müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

    Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müraciət formasını avqustun 14-dən sentyabrın 14-ü saat 18-dək komissiyaya təqdim etməlidir. Müraciət forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

    Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini avqustun 14-dən sentyabrın 2-si saat 18-dək komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

    Başqa bir rəsmi məlumata görə, avqustun 6-da komissiya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün 405 nəfər qeydiyyatdan keçib. Qeydiyyat sentyabrın 4-də başa çatacaq.

    Leyla Yunus 8 il 6 ay, Arif Yunus 7 il müddətinə azadlıqdan məhrum edildi

    13.08.2015




    Avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusla politoloq Arif Yunusa hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Xəbəri APA yayıb.

    Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

    Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

    İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olublar, vergidən yayınıblar. Leyla Yunusun fəaliyyət göstərdiyi müddətdə Sülh və Demokratiya İnstitutu adından Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq qurumlarına heç bir hesabat vermədiyi vurğulanır. Qeyd olunur ki, Leyla Yunus bağlanan 27 qrant müqaviləsindən yalnız 4-nü qeydiyyatdan keçirib.

    Dövlət Statistika Komitəsinin yeni sədri kimdir?

    14.08.2015



    Prezident İlham Əliyev avqustun 13-də sərəncam imzalayaraq Tahir Yaqub oğlu Budaqovu Dövlət Statistika Komitəsinin sədri təyin edib. Başqa bir sərəncamla Tahir Budaqov Bakının Nizami rayonunun icra başçısı vəzifəsindən götürülüb.

    Transparency.az bildirir ki, Tahir Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.

    1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 3-cü dərəcə dövlət müşaviridir.

    1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür.

    Evlidir, 3 övladı var.

    Avqustun 13-dək Dövlət Statistika Komitəsinin sədri postu boş idi. Əvvəlki sədr Arif Vəliyev 2014-cü il iyunun 23-də dünyasını dəyişib.

    Mobil nömrələrin satışı, digər operatora daşınması və addan-ada keçirilməsi prosesi dəyişir

    14.08.2015


    Nazirlər Kabinetinin qərarı ilə telefon nömrələrinin (Sim kartların) satış qaydalarında dəyişikliklər edilib: mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi avtomatlaşdırılaraq “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək. Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mobil operatorlar üzrə abunəçi bazaları fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq, “E-hökumət” portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.

    Yenilik portal vasitəsilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və sair) göndərmək imkanı yaradacaq. “E-hökumət” portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq.

    Vergi orqanlarının 27 əməkdaşı cəzalandırılıb

    14.08.2015

    Vergilər Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, nazirlik prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunları ilə bağlı iclasında verdiyi tapşırıqlarla əlaqədar aşkar edilmiş intizam pozuntularının monitorinqini aparıb. Müəyyən edilib ki, 2015-ci ilin 2-ci rübündə nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları ümumilikdə 523 (yerli vergi orqanlarında 442, nazirliyin aparatının struktur vahidlərində 81) daxili nəzarət tədbiri keçirib.

    2015-ci ilin 2-ci rübündə vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) Daxili Təhlükəsizlik Baş İdarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaşın xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkarlanıb. 13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.

    Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev sahibkarlara olan təzyiqlərdən söz açıb: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm.

    Eyni zamanda dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır”.

    Əmlak Komitəsi torpaq idarəçiliyi sahəsində 2132 qanun pozuntusu aşkarlayıb

    14.08.2015




    Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişləri torpaq idarəçiliyi sahəsində 2132 qanun pozuntusu aşkarlayıb, 54 hal üzrə inzibati protokol tərtib edilib, bundan 35 hal üzrə 65 min 608 manat cərimə barədə qərar çıxarıb. Bu rəqəmlər avqustun 14-ü Bakıda “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda işgüzar forumda səsləndirilib.

    AZƏRTAC xəbər verir ki, forumda danışan Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov qurumun yeni əsasnaməsinin torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiya müəyyən etdiyini deyib. O bildirib ki, vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsində və idarəçiliyində innovativ üsulların və yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür: “Komitə torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə başlayıb”.

    Forumda komitənin torpaq bazarının təşkili sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib və torpaq münasibətlərinin tənzimlənməsində mövcud çətinliklər müzakirə olunub.

    Transparency.az xatırladır ki, bu il fevralın 5-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

    Dövlət Sosial Müdafiə Fondu fərdi şəxsi hesabı olanların sayını açıqlayıb

    14.08.2015



    Dövlət Sosial Müdafiə Fondu iyul ayında əlavə olaraq 14 min 236 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,59 faiz artıb və 3 milyon 113 min 53 nəfərə yüksəlib.

    Fondun rəsmi açıqlamasına görə, fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir: 24,89 faiz (774 min 756 nəfər). Sığortaolunanların 21,49 faizi (669 min 39 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,65 faizi (642 min 931 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14 faizi (657 min 921 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,83 faizi (368 min 406 nəfər) 60 yaşdan yuxarı olan şəxslərdir.

    1 yanvar 2006-cı ildən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanunu ilə əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

    Tahir Budaqov kollektivə təqdim olunub

    14.08.2015

    Avqustun 14-də Dövlət Statistika Komitəsinin yeni sədri Tahir Budaqov kollektivə təqdim olunub. Komitədən Transparency.az-a verilən məlumata görə, təqdimatı Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

    Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri postuna avqustun 13-də təyin olunub. O, 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində doğulub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.

    1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 3-cü dərəcə dövlət müşaviridir.

    Dövlət Statistika Komitəsi statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətlə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.

    Samir Əliyev maliyyə ombudsmanı institutunun yaradılması təklifini bəyənir

    14.08.2015

    Azərbaycan Banklar Assosiasiyası maliyyə ombudsmanı institutunun yaradılmasını təklif edib. Transparency.az-a danışan iqtisadçı ekspert Samir Əliyev bu təklifi bəyəndiyini deyir: “Son dövrlər əhali ilə banklar arasında narazılığın böyüməsi belə institutun yaradılmasını daha da aktuallaşdırır. Bu gün əsas problem bankda hüquqları pozulan şəxslərin müraciət edə biləcəyi ünvanın olmamasıdır. Müştərilər bilmir kimə üz tutsun. Banka müraciət edir, ancaq bank maraqlı tərəf olduğundan obyektiv qərar çıxarmayacaq. Məhkəmə vasitəsilə problemi həll etmək isə əlavə vəsaitlə yanaşı çox uzun və üzücü prosesdir.

    Maliyyə ombudsmanı institutunun yaradılması heç də bankların əleyhinə yönəldilmiş bir aksiya deyil. Hətta banklar bu məsələdə maraqlı olmalıdır. Çünki məsələnin məhkəməyə qədər uzanmasında bəlkə də müştəridən çox banklar itirir. Əlavə xərclər, vaxt itkisi və əlavə işçinin prosesə qoşulması banklar üçün əlverişli deyil. Ona görə banklar problemin tez həllində maraqlı olurlar. Təsadüfi deyil ki, Rusiyada maliyyə ombudsmanı institutunu məhz Banklar Assosiasiyası yaradıb”.

    General-polkovnik Vladimir Çirkin 7 min dollara görə 5 il həbs cəzası aldı

    14.08.2015

    Moskva Qarnizonunun Hərbi Məhkəməsi avqustun 14-də Rusiya Quru Qoşunlarının sabiq komandanı general-polkovnik Vladimir Çirkinin 5 il azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Transparency.az xəbər verir ki, 450 min rubl (7 min dollar) rüşvət almaqda təqsirli bilinən sabiq komandan məhkəmə zalında həbs edilib.

    Hökmə görə, sabiq komandandan dövlətin xeyrinə 450 min rubl tutulmalıdır. Vladimir Çirkin general poqonundan və “İgidliyə görə” ordenindən də məhrum edilib.

    Məhkəmənin hökmündə qeyd olunur ki, Vladimir Çirkin 2008-ci ildə Moskva Hərbi Dairəsi Qoşunlarının komandan müavini postunu tutarkən Müdafiə Nazirliyinin hesabına birotaqlı mənzil əldə etmək istəyən keçmiş hərbçidən 450 min rubl rüşvət alıb.

    2013-cü ilin oktyabr ayında istintaqa cəlb olunan Vladimir Çirkin həmin il dekabrın 2-də Rusiya Quru Qoşunlarının komandanı vəzifəsindən çıxarılıb.

    Prezident Nəsimi rayonundakı küçələrdə həyata keçirilən işlərdən sonrakı vəziyyətlə tanış olub

    14.08.2015


    Prezident İlham Əliyev avqustun 14-də Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində ümumilikdə 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənib, yol işarələri ikikomponentli yüksək keyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi iki istiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçə boyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib.

    Xəbəri AZƏRTAC yayıb.

    Hökumət üzvlərinin ixtisası nədir?

    14.08.2015


    Azərbaycanın Nazirlər Kabinetinin üzvləri hansı ixtisasların sahibidir? Transparency.az bu barədə arayış hazırlayıb. Arayışı təqdim edirik:

    baş nazir Artur Rasizadə — neft maşınqayırma mütəxəssisi

    baş nazirin birinci müavini Yaqub Eyyubov — inşaat mühəndisi

    baş nazirin müavini Abid Şərifov — inşaat mühəndisi

    baş nazirin müavini Elçin Əfəndiyev — filoloq

    baş nazirin müavini Əli Əhmədov — tarixçi

    baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov — mexanik, politoloq (ikinci ixtisas)

    baş nazirin müavini İsmət Abasov — iqtisadçı

    xarici işlər naziri Elmar Məmmədyarov — beynəlxalq münasibətlər və beynəlxalq hüquq mütəxəssisi

    daxili işlər naziri Ramil Usubov — hüquqşünas

    milli təhlükəsizlik naziri Eldar Mahmudov — maliyyəçi, hüquqşünas (ikinci ixtisas)

    müdafiə naziri Zakir Həsənov — hərbçi

    müdafiə sənayesi naziri Yavər Camalov — neft və qazçıxarma mütəxəssisi

    ədliyyə naziri Fikrət Məmmədov — hüquqşünas, politoloq (ikinci ixtisas)

    maliyyə naziri Samir Şərifov — beynəlxalq iqtisadi əlaqələr mütəxəssisi

    vergilər naziri Fazil Məmmədov — maliyyəçi

    iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev – iqtisadçı

    energetika naziri Natiq Əliyev — geoloq

    əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov — iqtisadçı

    kənd təsərrüfatı naziri Heydər Əsədov — iqtisadçı

    ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov — tarixçi

    mədəniyyət və turizm naziri Əbülfəz Qarayev — xarici dillər mütəxəssisi

    təhsil naziri Mikayıl Cabbarov — hüquqşünas, iqtisadçı (ikinci ixtisas)

    səhiyyə naziri Oqtay Şirəliyev — həkim

    rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov — avtomatika və telemexanika mütəxəssisi

    gənclər və idman naziri Azad Rəhimov — ingilis dili mütəxəssisi

    nəqliyyat naziri Ziya Məmmədov — dəmiryol nəqliyyatı mütəxəssisi

    fövqəladə hallar naziri Kəmaləddin Heydərov — geoloq, beynəlxalq hüquq mütəxəssisi (ikinci ixtisas)

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova – tarixçi

    Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov — mühəndis-mexanik

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı — tarixçi

    Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev — hüquqşünas

    Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov — həkim

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov — inşaat mühəndisi

    Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov — iqtisadçı

    Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı — iqtisadçı

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov — beynəlxalq əlaqələr mütəxəssisi

    Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev — kimyaçı, hüquqşünas (ikinci ixtisas)

    Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev — hərbçi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov — hərbçi

    Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev — tarixçi

    Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov — mühəndis-gəmi sürücüsü, uzaq səfərlər kapitanı.

    1 milyon 270 min manatlıq vergi işi məhkəməyə göndərilib

    17.08.2015



    Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi rəsmi məlumat yayıb. Qeyd olunur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıran mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə bağlı cinayət işinin istintaqını tamamlayıb və ittiham aktı ilə məhkəməyə göndərib: “İstintaq tədbirləri nəticəsində sübuta yetirilib ki, 7 iyul 2011-ci ildən “Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik ediblər.

    Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilib, ümumilikdə 1.270.884,46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

    İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslərin bir sıra cinayət əməlləri toplanmış təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190.550 manatı ödətdirilib, 363.987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

    Cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilib, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunaraq iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

    İqtisadiyyat və Sənaye Nazirliyi “İcazələr” portalı ilə bağlı statistika açıqlayıb

    17.08.2015

    İqtisadiyyat və Sənaye Nazirliyinin icazə sənədləri və onların alınması qaydaları barədə məlumatlılıq məqsədilə yaratdığı www.icazeler.gov.az portalının xidmətlərindən iyul ayında 7200-dən çox, indiyədək isə 385 minə yaxın internet istifadəçisi yararlanıb.

    Transparency.az www.economy.gov.az-a istinadla bildirir ki, iyul ayında portala yerli istifadəçilərlə yanaşı xarici ölkələrdən, o cümlədən ABŞ, Türkiyə, Rusiya, Polşa, Niderland, Çin, Almaniya, Fransa və Böyük Britaniyadan olan istifadəçilər də müraciət edib.

    İcazələrin elektron informasiya portalında mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də müzakirəyə çıxarılır. İndiyədək 20 dövlət qurumunun 159 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

    Şahdağ Milli Parkındakı yanğınla bağlı ikin ehtimal var: hüquq mühafizə orqanlarına müraciət hazırlanır

    17.08.2015

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) xəbər verir ki, avqustun 16-sı saat 18 radələrində Şahdağ Milli Parkının İsmayıllı rayonu Tircan kəndinin yüksək dağlıq ərazisində yerləşən meşə sahəsində yanğın başlayıb. Yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri, yerli əhali hadisə yerinə cəlb olunub.

    Hava şəraiti küləkli və isti olduğundan yanğın geniş ərazini əhatə edib. Avqustun 17-si səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb edilib.

    İlkin ehtimala görə, yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığından baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün Şahdağ Milli Parkı hüquq mühafizə orqanlarına müraciət hazırlanır.

    Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.

    APA-nın son məlumatına görə, yanğın söndürülüb. Ümumilikdə 3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub.

    Dövlət Sərhəd Xidmətinin əməkdaşları ali hərbi rütbələr, orden və medallar, fəxri adlarla təltif olunub

    17.08.2015

    Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. General-mayorlar Azad Qaçay oğlu Ələkbərova və Fərhad Sabir oğlu Tağı-zadəyə general-leytenant hərbi rütbəsi, polkovnik Abbas Sultan oğlu Xəlilova isə general-mayor hərbi rütbəsi verilib.

    Başqa sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə 2 hərbi qulluqçu (Xəlilov Əsgər Sabir oğlu — general-mayor; Quliyev Asəf Vaqif oğlu — general-mayor) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.

    5 nəfərə “Vətən uğrunda” medalı, 26 nəfərə “Hərbi xidmətlərə görə” medalı, 2 nəfərə “Tərəqqi” medalı verilib.

    Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” jurnalında və qəzetində fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova əməkdar jurnalist fəxri adı, Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Araz oğlu Qasımova əməkdar həkim fəxri adı verilib.

    İflas riski yüksək olan ölkələrin siyahısı: Ukrayna ilk üçlüyə düşüb

    17.08.2015

    “Bank of America Merrill Lynch”in maliyyəçiləri defolt riski yüksək olan ölkələrin reytinqini tərtib edib.

    Transparency.az xəbər verir ki, Ukrayna iflasa yaxın ölkələrin ilk üçlüyünə düşüb. Dövlət borcu riskinin dərəcəsinə görə ilk pillədə Venesuela dayanır. Siyahıda ikinci yer Yunanıstandır. Ukraynadan sonra siyahıda Pakistan, Misir, Kipr, Rusiya və Braziliya gəlir.

    Kredit ödəmək qabiliyyəti olan ölkələrin ilk onluğunda isə Almaniya, İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya, Fransa, Yeni Zelandiya, Avstraliya, Yaponiya və Cənubi Koreya yer alır.

    Bu ay Puerto-Riko Mərkəzi Bankı ölkənin dövlət borcunu ödəmək iqtidarında olmadığını bəyan edərək defolta gedib. Puerto-Rikonun dövlət borcu 73 milyard dollara yaxınlaşıb.

    Dövlət Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları

    17.08.2015


    Dövlət Miqrasiya Xidməti 2015-ci ilin iyul ayına olan statistik məlumatları yayıb. Transparency.az bildirir ki, hesabata görə, ay ərzində 2323 əcnəbinin Azərbaycan Respublikasında olma, müvəqqəti və daimi yaşama qaydalarını pozması halları müəyyən edilib. Onlardan 15-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri yenisi ilə əvəz olunub. 167 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1635 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etməsi, 506 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul olunub.

    Ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9762 müraciət daxil olub. Olduğu yer üzrə qeydiyyatla bağlı 86639 əcnəbinin müraciəti qeydə alınıb.

    Ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparılıb. 12 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.

    İstehlak bazarında yararsız məhsullar aşkarlanıb

    17.08.2015

    İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqlərin nəticələrini açıqlayıb. www.economy.gov.az-da yayılan rəsmi məlumata görə, monitorinqlər zamanı Bakının Sabunçu rayonunda — Zabrat 1 qəsəbəsi, Məmmədyarov küçəsi, 36 ünvanında Tosif Əlimərdanova məxsus mağazada; Nərimanov rayonunda — C.Hacıbəyli küçəsi, 24 ünvanında Akif Məmmədova məxsus mağazada; Binəqədi rayonunda — 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 13 ünvanında “Amil” firmasına məxsus mağazada; Tovuz rayonunda — Yanıxlı kəndində Sakit Babayevə məxsus mağazada; Şabran şəhərində — T.İsmayılov küçəsində Mehman Salahova məxsus mağazada; Oğuz şəhərində — H.Əliyev prospekti, 22 ünvanında Vüqar Səmədzadəyə məxsus mağazada; Sumqayıt şəhərində — 17-ci mikrorayon, İ.Qayıbov küçəsi, 24A ünvanında Səməd Vəliyevə məxsus kafedə; Ü.Hacıbəyov və Koroğlu küçələrinin kəsişməsində “Yaşar-83” MMC-yə məxsus “Yaşar” restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanıb.

    Bakının Xətai rayonunda — R.Quliyev küçəsində Xuraman Məmmədovaya məxsus mağazada; Sabunçu rayonunda — Maştağa qəsəbəsi, Subtropik Sovxozunda Vüqar Həsənova məxsus mağazada; Şəmkir şəhərində — 20 Yanvar küçəsində Haqverdi Məhərrəmova məxsus mağazada; Salyan şəhərində — Bakı-Astara yolunda Vüqar Əliyevə məxsus mağazada; Quba rayonunda — Xucbala kəndində Ramil Həsənova məxsus mağazada; Şəki şəhərində — Bağbanlar küçəsi, 2 ünvanında Elman Zeynalzadəyə məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı üzə çıxıb.

    Rəsmi açıqlamada qeyd olunur ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq.

    Ən ucuz pivəni harada içmək olar? (Reytinq cədvəli)

    17.08.2015



    “Go Europe” saytı dünyanın 75 şəhərində pivənin qiymətini araşdıraraq reytinq cədvəli tərtib edib (www.goeuro.com/beer-price-index). Cədvələ görə, ən ucuz pivə Polşanın Krakov şəhərində satılır. Bu şəhərdə 1 şüşə pivə mağazada 62 sentə, barda 2 dollar 70 sentədir.

    Ukraynanın paytaxtı Kiyev ucuz pivə satılan şəhərlər arasında ikinci yerdə gedir. Kiyevdə 0,33 litrlik pivəni mağazada 97 sentə, barda 2 dollar 36 sentə içmək mümkündür.

    Ucuz pivə reytinqində üçüncü yeri Slovakiyanın paytaxtı Bratislava tutur: mağazada 1 dollar 15 sent, barda 2 dollar 22 sent.

    Ən bahalı pivə İsveçrənin Cenevrə şəhərində təklif olunur. Cenevrə barında 1 şüşə pivə 10 dollar 77 sentə satılır. Mağazada qiymət 1 dollar 87 sentdir.

    Bahalığa görə ikinci yerdə Honkonq gəlir: orta qiymət 6 dollar 16 sent.

    Üçüncü yeri Tel-Əviv (İsrail) tutur. Bu şəhərdə pivənin orta qiyməti 5 dollar 79 sentdir.

    Reytinqin tərtibçiləri 75 şəhərdə 5 populyar idxal pivəsinin və 1 yerli pivənin qiymətlərini əsas götürüblər.

    “Enagas” şirkətindən Azərbaycan açıqlaması

    18.08.2015



    “TAP boru kəməri Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək”. AZƏRTAC xəbər verir ki, İspaniyanın “Enagas” şirkətinin idarə heyətinin sədri Marcelino Oreja  “European CEO” saytına müsahibəsində belə deyib. O qeyd edib ki, “Enagas” şirkəti Azərbaycanı Avropa ilə birləşdirən Trans-Adriatik (TAP) qaz boru kəmərinə investisiya yatırır.

    APA-Economics-in məlumatına görə, Marcelino Oreja qeyd edib ki, “Enagas” şirkəti axır 4 ildə 200-dən çox layihənin təhlilini aparıb və son dövrlərdə sadəcə 10 layihəyə sərmayə qoyub.

    “Enagas” TAP layihəsində 16 faizlik səhmə sahibdir. TAP-dakı digər səhmdarların bölgüsü belədir: bp (20 faiz), SOCAR (20 faiz), “Statoil” (20 faiz), “Fluksiz” (19 faiz) və “Axpo” (5 faiz).

    Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

    Ədliyyə Nazirliyi notarius vakansiyalarına qəbul elan etdi

    18.08.2015

    Avqustun 18-də Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyaları yaranıb: “Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən, “Notariat haqqında” qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları test imtahanında iştirak etmək üçün sənədlərini 2015-ci ilin sentyabr ayının 1-dən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.

    Test imtahanından uğur qazanmış namizədlər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Мüsahibəni müvəffəqiyyətlə başa vuranlar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.

    Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.

    Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək”.

    İş adamı Abdulla Abdullayevə 14 il həbs cəzası istənildi

    18.08.2015

    Avqustun 18-i Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin işi üzrə prosesdə prokuror çıxış edib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev məhkəmədən Abdulla Abdullayevin 14, Nadejda İlyasovanın 9, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanovun hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses avqustun 25-də davam etdiriləcək.

    İttiham aktında “AMAY” MMC-nin faktiki rəhbəri kimi göstərilən Abdulla Abdullayev və başqaları 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti “AMAY”ın Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilinir. İş Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə araşdırılır.

    Ötən il aprelin 4-də həbs olunan Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır. Qalan şəxslər zamindədir.

    Müdafiə Nazirliyi vətəndaşların qəbul edilməsi qaydalarında dəyişiklik etdi

    18.08.2015

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, ərizə və şikayətlərə baxmaq, vətəndaşların qəbul edilməsi qaydalarında dəyişikliklər edilib. Avqustun 18-də yayılan rəsmi açıqlamaya əsasən, Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbul günləri müəyyən olunub.

    Silahlı Qüvvələr və qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və əlahiddə hərbi hissə (gəmi) komandirləri və digər müəssisə rəisləri də müəyyən edilmiş vaxtlarda vətəndaşları qəbul etməli və müraciətlərə baxmalıdır.

    Nazirliyin rəhbər vəzifəli şəxslərinin vətəndaşları qəbulu müəyyən olunmuş günlərdə saat 16-dan 18-dək Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində və digər yerlərdə həyata keçiriləcək.

    Emin Şəkinskinin ailə üzvlərinin işi ilə bağlı prosesdə hökm oxunub

    18.08.2015

    Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi general-mayor Emin Şəkinskinin keçmiş həyat yoldaşının və övladlarının sərhədi qanunsuz keçməsinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin işi üzrə prosesi başa çatdırıb.

    İttiham aktına görə, təqsirləndirilən şəxslər Gülnarə Şəkinskayanın, onun övladları Həmidə, Məryəm, Nadiya və Cəvahirin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər, bu məqsədlə Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat oğurlayıb.

    Məhkəmə prosesi Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə aparılıb. Təqsirləndirilən şəxslərdən Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev axtarılır. Onların cinayət işi ayrıca icraata verilib.

    APA-nın məlumatına görə, avqustun 18-i hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Təqsirləndirilənlərdən Namiq Camalov 8 il, Pənah Dadaşov və Raqub İsbəndiyarov 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Rəvanə Dadaşova, Günel Hüseynova 1 il, Pərvin Dadaşov,  Tahir Hüseynov, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə 1 il 3 ay müddətinə şərti cəza alıblar.



    Azərbaycanın ixracı ötən ilə nisbətən 43,60 faiz azalıb

    18.08.2015



    Bu ilin 7 ayında Azərbaycanın ixracı ötən ilin müvafiq dövrünə nisbətən 43,60 faiz azalıb. Transparency.az saytı Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixracda dövlət sektorunun payı çoxdur: 6 milyard 666 milyon dollar.

    Yanvar-iyul aylarında ixracda özəl sektorun payı 697 milyon 603 min dollar, fiziki şəxslərin payı isə 108 milyon 795 min manat olub.

    Müstəqil Dövlətlər Birliyi ölkələri içində Belarusa ixrac 51,43 faiz, Qazaxıstana 63,05 faiz, Qırğızıstana 83,94 faiz, Özbəkistana 70,3 faiz, Rusiyaya 40,32 faiz, Ukraynaya 64,8 faiz azalıb.

    7 ayda Türkmənistan ixrac 10,46 faiz, Moldova 79,37 dəfə, Tacikistana 204,43 faiz artıb.

    Avropa İttifaqı ölkələrinə ixracda 31,78 faiz azalma var. Almaniyaya ixrac 15,81 faiz, Avstriyaya 14,78 faiz, Böyük Britaniyaya 96,53 faiz, Fransaya 39,34 faiz azalıb.

    Belçikaya ixrac 25,48 dəfə, Çexiyaya 86,79 faiz, Finlandiyaya 205,45 faiz artıb.

    Xarici ticarətin vəziyyəti haqqında arayış

    Dövlət Məşğulluq Xidməti 7 aylıq göstəriciləri yayıb

    18.08.2015



    Bu ilin yanvar-iyul aylarında 16 min 138 nəfər işlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən Transparency.az-a daxil olan məlumata görə, onlardan 445 nəfəri kvota üzrə müəyyən edilmiş iş yerlərinə göndərilib.

    7 ayda Dövlət Məşğulluq Xidməti 1903 nəfər şəxsi dərzi, kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dülgər, qənnadıçı, mebel quraşdırıcısı və sair peşələr üzrə hazırlıq və əlavə təhsil kurslarına cəlb edib. Həmin şəxslərin 1159 nəfəri xidmətin Bakı, Naxçıvan və Göyçay şəhərlərindəki regional peşə tədris mərkəzlərində, digərləri ayrı-ayrı müvafiq tədris bazalarında peşə təlimi keçib.

    Xidmətin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb etdiyi şəxslərdən 200 nəfərə yaxını əlilliyi olan insanlar, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslər, internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclər olub.

    Mərkəzi Bank banklar arasında ödənişlər üzrə xidmət haqlarını 2 dəfə azaltdı

    18.08.2015



    Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust iclasında bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə yeni qərarlar qəbul edilib. Transparency.az xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, AZİPS (real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb.

    Nağd pulun məxarici üzrə tariflərə də dəyişikliklər edilib. İri nominallı əsginaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilib.

    Standartlaşdırma Komitəsi saxta məktəbli formaları buraxan müəssisə aşkar edib

    19.08.2015

    Bakıda saxta məktəbli formaları istehsal edən müəssisə aşkarlanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti avqustun 19-da belə məlumat yayıb.

    Transparency.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Sabunçu rayonunda (Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi, ev 2) fiziki şəxs Abbasova İradə Əli qızına məxsus müəssisədə dövlət nəzarəti həyata keçirib: “Məlum olub ki, “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlər təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarılır. İstehsal texnoloji təlimat olmadan həyata keçirilir, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Müəssisə laboratoriya ilə də təmin olunmayıb, onun hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur.

    Keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə təmin olunmayan müəssisədə “Bakı Tikiş Evi” MMC yə məxsus “BTE” əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu üzə çıxıb.

    Faktla bağlı araşdırma davam edir”.

    Müdafiə Nazirliyi: “Nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri kənarlaşdırılıb”

    19.08.2015



    “Cəbhə boyu zonada aparılan son yoxlamaların nəticələrinə əsasən, əvvəlki xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul olunub”. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya belə deyiblər.

    Rəsmi açıqlamada qeyd olunur ki, Müdafiə Nazirliyində aparılan yerdəyişmələr təbii qəbul edilməlidir: “Silahlı Qüvvələrdə müxtəlif sahələr üzrə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçulara bir neçə dəfə xəbərdarlıq olunub. Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə boyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən, əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrdə mütəmadi həyata keçiriləcək”.

    Bəzi media quruluşlarının yaydığı xəbərə görə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov və Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Fəxrəddin Cəbrayılov vəzifələrindən azad edilib. Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Qorxmaz Qarayevin də tutduğu vəzifədən çıxarılıb ordu birləşmələrindən birinin komandan müavini təyin edildiyi xəbər verilir. Qorxmaz Qarayevin yerinə polkovnik Fuad Məmmədovun təyin olunduğu iddia edilir. Polkovnik Rüfət Əmirovun isə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi postundan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə keçirildiyi bildirilir.

    Vergilər Nazirliyi informasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartın tətbiqi ilə bağlı açıqlama yayıb

    19.08.2015



    Vergilər Nazirliyi informasiya təhlükəsizliyi sahəsində ən yüksək səviyyəli İSO/İEC 27001:2013 uyğunluq sertifikatı alıb. Nazirliyin analitik-informasiya şöbəsinin bununla bağlı məlumatında deyilir: “Müasir vergi inzibatçılığında vergi orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri də vergi sisteminin texnoloji imkanlarının genişləndirilməsi və elektron xidmətlərin tətbiqi dairəsinin artırılmasıdır. Son illər Azərbaycanın vergi sistemində bu sahədə əsaslı işlər görülüb — Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanları genişləndirilib, daha operativ və çevik vergi nəzarəti mexanizmi formalaşdırılıb, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin kəmiyyət və keyfiyyəti artırılıb.

    İnformasiya texnologiyalarının tətbiqinin genişlənməsi vergi sistemində informasiya resurslarının və məlumat təhlükəsizliyinin qorunması kimi məsələləri də aktuallaşdırıb. Ötən illər ərzində Vergilər Nazirliyi AVİS-də məlumat təhlükəsizliyinin, vergi orqanlarında dövlət, peşə və kommersiya sirrinin qorunması məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirsə də, AVİS-in texniki imkanlarının genişləndirilməsi, bu sistemdə yaradılan, toplanılan və mübadilə edilən məlumatların, sənəd dövriyyəsinin həcminin artması, üçüncü şəxslərə aid məlumatların dövriyyəsinin genişlənməsi informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və vergi ödəyiciləri barədə kommersiya sirri təşkil edən məlumatların qorunması üçün daha təkmil vasitələrin tətbiqinə ehtiyac yaranıb.

    Bununla əlaqədar Vergilər Nazirliyi informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi məqsədilə ən yüksək beynəlxalq standartın — İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqi işləri həyata keçirilib. Nəticədə Vergilər Nazirliyi bu beynəlxalq standartın alınması üçün zəruri olan sertifikasiyanı keçərək 10 avqust 2015-ci ildə 3 il müddətinə müvafiq sertifikatı alıb.

    Beynəlxalq standartın tətbiq edilməsi vəzifəli şəxslər, struktur bölmələri və vahidlərinin informasiya təhlükəsizliyinin idarə olunmasına dair strategiyanı, siyasəti və kompleks tələbləri, informasiya təhlükəsizliyinin idarə edilməsi sahəsində cavabdehlik və vəzifələrin bölüşdürülməsi ilə bağlı tələbləri, habelə vergi orqanlarının vəzifəli şəxslərinin öhdəliklərini, müəyyən edilmiş qaydaları və normaları yerinə yetirməsi səviyyəsinin müəyyən olunmasına imkan verir.

    Yeni standartın tətbiqi ilə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində risklərin və ya çatışmazlıqların vaxtında aşkarlanması və müvafiq tədbirlərin həyata keçirilməsi yolu ilə onların aradan qaldırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə informasiyaların təsnifatlaşdırılması qaydasının və onların əhatə dairəsinin, eləcə də server otaqlarına dair tələblərin müəyyən edilməsi və s. kimi məsələlər də öz həllini tapacaq”.

    Bakı həyat səviyyəsinin yüksəldiyi 10 şəhərin siyahısına düşüb

    19.08.2015


    “The Economist” (Böyük Britaniya) həftəlik jurnalı Bakını 2010-cu ildən həyat səviyyəsinin yüksəldiyi şəhərlər siyahısına daxil edib. Nəşrin tədqiqat bölməsinin hesabatına əsasən, Avstraliyanın Melburn şəhəri ən yüksək həyat səviyyəsi olan şəhərdir. www.mincom.gov.az bildirir ki, ikinci pillədə Vyana (Avstriya), üçüncüdə Vankuver (Kanada) qərar tutur.

    İlk onluqda Avstraliyanın 3 (Sidney, Adelaida, Pert), Kanadanın 2 (Toronto, Kalqari) şəhərləri, həmçinin Finlandiya və Yeni Zelandiyanın paytaxt şəhərləri Helsinki ilə Vellinqton da yer alır.

    “The Economist” 2010-cu ildən həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərin də adını açıqlayıb: Harare (Zimbabve), Katmandu (Nepal), Dubay (BƏƏ), Varşava (Polşa), Əl-Küveyt (Küveyt), Honolulu (ABŞ), Pekin (Çin), Bratislava (Slovakiya), Bakı (Azərbaycan), Nayrobi (Keniya).

    Analitiklər 5 il ərzində həyat səviyyəsinin ən çox aşağı düşdüyü şəhərlər sırasında Dəməşqi (Suriya), Kiyevi (Ukrayna) və Tripolini (Liviya) qeyd ediblər.

    Rusiyadan Ermənistana pul köçürmələri 36,3% azalıb

    19.08.2015

    Transparency.az xəbər verir ki, 2015-ci ilin ilk yarım ilində Rusiyadan Ermənistana bankla daxil olan fərdi köçürmələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,3% azalaraq 399,4 milyon ABŞ dollarına düşüb.

    Ermənistan Mərkəzi Bankının avqustun 19-da yaydığı məlumatda Rusiyadan daxil olan pul köçürmələrinin azalması 2014-cü ildə rublun ucuzlaşması ilə əsaslandırılır. 2014-cü ildə Rusiyadan Ermənistana daxil olan köçürmələrin 10,7% azalaraq 1 milyard 400 milyon dollar təşkil etdiyi bildirilir.

    Mərkəzi Bank bildirir ki, yarım ildə Ermənistandan Rusiyaya pul vəsaitlərinin axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 96,8 milyon dollar olub. Beləliklə, Rusiyadan Ermənistana təmiz pul axını 43,2% azalaraq 302,6 milyon dollar təşkil edib.

    Məlumata görə, 2015-ci ilin yanvar-iyun aylarında ümumilikdə Ermənistana daxil olan pul köçürmələrinin həcmi 30,5% — 537 milyon 100 min dollar azalıb. Müvafiq dövrdə Ermənistandan xaricə pul köçürmələri 9,8% azalaraq 150 milyon dollar təşkil edib. Hesabat dövründə pul daxilolmalarının təmiz həcmi ötən ilə (606,3 milyon dollar) nisbətdə azalaraq 387 milyon dollar olub.




    Yüklə 2,02 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   ...   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin