- Ermənistanın nümayəndəsi Hovanesyan sentyabrın 25-də Avropa Şurası Parlament Assambleyasının
iclasında Azərbaycanın ünvanına böhtan xarakterli iddialarla çıxış etdikdən sonra, Siz ona tutarlı faktlarla
layiqli cavab verdiniz. Bu məsələ ilə bağlı Avropa Şurasına əlavə faktlar və sənədlər təqdim olunacaqmı?
- Təqdim olunacaq. Mənim çıxışımda da kifayət qədər faktlar var idi. Bizdə əlavə siyahılar da vardır. Biz
onları Avropa Şurasına təqdim edəcəyik.
Mən bir məsələni demək istəyirəm. Ermənistan nümayəndə heyəti başçısının çıxışına biz təəccüblə
yanaşmamalıyıq. Çünki o, ermənidir və bilirsiniz ki, Ermənistanın Azərbaycana qarşı yönəlmiş bütün təbliğatı
məhz yalan, iftira üzərində qurulur. Bu dəfədə ki növbəti bir böhtandır, yalandır. Ona görə buna çox böyük
reaksiya vermək lazım deyildir. Nəzərə alın ki, Ermənistanda bu ölkəni Avropa Şurasında təmsil edən
nümayəndə heyətinə çox böyük təzyiqlər göstərilir. Onları ittiham edirlər ki, Ermənistan deputatları burada
özlərini çox passiv aparırlar və ümumiyyətlə, Azərbaycan nümayəndə heyətinin qarşısında çox aciz görünürlər.
Ona görə, hesab edirəm ki, bu amillər Ermənistan nümayəndə heyətini belə yalan söyləməyə vadar etdi. Amma
deyə bilərəm ki, bu Avropa Şurasında çox mənfi reaksiya ilə üzləşdi. Avropa Şurası Parlament Assambleyasının
müxtəlif ölkələri təmsil edən bir çox deputatı bizə yaxınlaşaraq bildirdilər ki, onlar Ermənistan nümayəndəsinin
çıxışını çox mənfi qarşılayırlar. Ümumiyyətlə, hesab edirlər ki, Avropa Şurasının kürsüsü belə yalan, böhtan
xarakterli ifadələr üçün məqbul sayıla bilməz.
Amma bununla bağlı mən bir məsələyə sizin diqqətinizi cəlb etmək istəyirəm. Təbiidir ki, Ermənistan
nümayəndəsi belə bir çıxış edə bilər və elədi də. Mənim tərəfimdən layiqli cavabını da aldı. Bunu siz bilirsiniz.
Amma sual olunur: bu yalan faktları həmin o erməni deputatı haradan götürübdür?
Məsələ bundadır ki, o, bu faktları Azərbaycanda çıxan müxalifət mətbuatından götürübdür. Erməni
deputatına belə yalan faktları məhz müxalifət mətbuatı veribdir. O da burada onları səsləndiribdir. Məsələ
bundadır. Sual etmək lazımdır: bəzi müxalifət mətbuatı, onları təsis edən, onlara bilavasitə və yaxud dolayısı ilə
kömək göstərən şəxslər bu böhtan xarakterli yalan məlumatları yaymaqla kimin dəyirmanına su tökürlər? Biz
burada ciddi mübarizə aparırıq. Azərbaycanın mövqelərini çox qətiyyətlə bildiririk. Demək olar ki, hər gün
burada mübarizə gedir. Arxadan isə bizə zərbələr vurulur. Hesab edirəm ki, bu, yolverilməz haldır.
Azərbaycanda müxalifət Azərbaycan dövləti ilə mübarizə aparmamalıdır. Azərbaycanın imicinə zərbələr
vurmamalıdır. Sual olunur; o Hovanesyanla bu böhtanları öz mətbuat orqanlarına sızdıran bizim müxalifət
liderləri arasında fərq nədədir? Mən o fərqi görmürəm. Sinələrinə vuraraq özlərini millətçi qüvvələr kimi təqdim
etməyə çalışan adamlardan mən soruşuram: siz hansı milləti təqdim edirsiniz? Hər halda o şəxs Azərbaycan
millətinin nümayəndəsi deyildir. Bu barədə düşünmək lazımdır. Hesab edirəm ki, belə hallara son qoyulmalıdır.
Biz ermənilərin əlinə yalan faktları verməməliyik ki, onlar burada öz çirkin niyyətlərini həyata keçirmək
istəsinlər.
Dostları ilə paylaş: |