3. DÜNYA MÜASİR MƏRHƏLƏDƏ
SSRİ-nin dağılmasının beynəlxalq
münasibətlərə təsiri
SSRİ və dünya sosializm sisteminin dağılması ilə vahid dünya birliyi bərpa olunmuş oldu. Dünya dövlətləri arasında əməkdaşlıq təcrübəsi də geniş tətbiq edilməyə başladı. Beynəlxalq səhnəyə yeni müstəqil demokratik dövlətlər çıxdılar. Bu öz əksini 1992-ci il iyulun 10-da qəbul edilmiş «Dəyişikliklər dövrünün ümidləri və problemləri» adlı Helsinki Bəyannaməsində də tapdı. SSRİ-nin dağılması ABŞ-ın nüfuzunu artırdı, NATO-nun Şərqə doğru istiqamətlənməsinə imkan yaratdı. Təhlükəsizlik və əməkdaşlıq mühiti yaratmağı qarşısına qoyan təşkilat kimi ATƏT-in də rolu artmışdır. O, dünyada baş verən regional münqaqişələri yoluna qoymağa çalışır. ATƏM-in hələ 1992-ci ilin mart ayından fəaliyyətə başlayan Minsk qrupuna (onun üzvləri 11 dövlətdən – ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Çexiya, Türkiyə, Belorus, Rusiya, Azərbaycan və Ermənistan dövlətlərindən ibarətdir) Ermənistan – Azərbaycan münaqişəsini nizama salmaq vəzifəsi həvalə edilmişdi. Hazırda Dağlıq Qarabağ problemi ilə ABŞ, Fransa və Rusiya nümayəndələrindən ibarət həmsədrlər məşğul olurlar. 1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilmiş zirvə toplanışında bu təşkilat sülhü, demokratiyanı və insan hüquqlarının qorunmasını təmin edən Ümumavropa təşkilatı kimi çıxış etmişdi. Bu sammitdə ilk dəfə olaraq ATƏM-in Avropanın ümumtəhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülh məramlı qüvvələrinin yaradılması və münaqişə ərazilərinə göndərilməsi qərara alınmışdı. Bu toplanışda ATƏT-ə məxsus çoxmillətli qüvvələrin proposional əsasda yaradılması haqqında qərar qəbul edildi.Bundan sonra ATƏM ümumavropa təşkilatına –ATƏT-ə çevrildi.
ATƏT-in 1996-cı ilin dekabr ayının 2-3-də Lissabonda keçirilən Zirvə toplanışında da Avropada təhlükəsizliyi və əməkdaşlığı təmin etməyə xidmət edən sənədlər qəbul edildi. Bu sənədlərə XXI əsr Avropa evi üçün ümumi və hərtərəfli təhlükəsizlik modeli haqqında Bəyannamə də daxil idi. Lissabon sammitində ATƏT sədri 53 dövlət adından Ermənistan-Azərbaycan münaqişəsinin həlli prinsipləri barədə bəyanat verdi və ATƏT in üzvü olan 54 dövlətdən Ermənistandan başqa 53-ü Dağlıq Qarabağın Azərbaycanın tərtkib hissəsi olduğunu qəbul etdilər .
ATƏT-in növbəti zirvə toplantısı 1999-cu ilin noyabrında İstanbulda olmuşdu. Burada Avropa Təhlükəsizliyi Xartiyası qəbul edilmişdi. Noyabrın 18-də sammitin iştirakçıları olan Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzaladılar.
SSRİ-nin dağılması türk dünyasının, xüsusilə sovet məkanında yaşayan türk xalqlarının ictimai-siyasi həyatında da kəskin dönüş yaratmasına, onların müstəqil dövlət kimi inkişaf etməsinə, dünyanın bərabər hüquqlu subyektlərinə çevrilmələrinə şərait yaratmışdır.
Yeni tarixi şəraitdən istğifadə edən türk dövlətləri siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirməyə başladılar. Onların dövlət başçılarının 1992-ci ilin oktyabrın 30-31-də Ankarada, 1994-cü ilin oktyabrında İstanbulda (türk dövlətlərinin iqtisadi və siyasi vəziyyəti müzakirə olunaraq İstanbul Bəyan–naməsi qəbul edildi), 1995-ci ilin avqustunda Bişkekdə, 1998-ci ilin iyunun 9-da Astanada, 2000-ci ilin aprelində Bakıda zirvə toplanışları keçirilmişdi.
Dostları ilə paylaş: |