Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
O məşum qış və ondan sonrakı yay etdiyim günahların böyüklüyü məni bir
daha sarsıtmışdı. Adlar beynimin içində əks-səda verirdi: Həsən, Söhrab, Əli, Fərza-
nə, Sənubər. Rəhim Xanın Əlinin adını çəkməsi ilə sanki, illərlə açılmayan toz
basmış nəğməli qutu ortaya çıxdı – nəğmə dərhal çalınmağa başladı. Bu gün kimi
yemisən, Babalu? Kimi yemisən, qıyıqgöz Babalu? Əlinin donmuş simasını
gözümün önünə gətirmək, onun sakit gözlərini hafizəmdə canlandırmaq istədim.
Amma zaman çox acgöz ola bilir – bəzən bütün xırdalıqları yeyə bilirmiş.
– Həsən hələ də o evdədi? – soruşdum.
Rəhim Xan fincanı dodağına aparıb, bir qurtum içdi. Sonra jiletinin döş
cibindən bir paket çıxarıb mənə verdi.
– Bu sənə çatacaq.
Mən möhürlənmiş zərfi açdım. İçində Polaroid fotosu və bükülmüş məktub
vardı. Şəklə düz bir dəqiqə baxdım.
Hündür bir kişi əynində yaşıl zolaqlı çapan və ağ çalma, yanında da balaca
oğlan uşağı bəzəklə işlənmiş dəmir darvazanın qarşısında dayanıb. Sol tərəfdən
düşən gün işığı onun yumru çöhrəsinin bir yarısına kölgə salır. O, kameraya
baxanda gözünü qıyıb gülür və ağzında bir iki dişinin olmadığı görünür. Hətta
solğun Polaroid şəkildə də kişinin özünə arxayınlığı, rahatlığı nəzərə çarpır. Onun
ayaqları bir az aralı, əlləri rahatca köksündə çarpazlanmış, başı azca günəşə
meyillənmiş şəkildə dayanmışdı. Duruşundan arxayınlıq yağırdı. Amma əsas
məsələ təbəssümündə idi. Şəklə baxan düşünərdi ki, bu adam dünyadan xeyir
gördüyünə əmindir. Rəhim Xan haqlı idi. Mən onu küçədə təsadüfən görsəydim
belə, tanıyardım. Balaca oğlan küçədə ayaqyalın dayanmışdı. Bir qoluyla atasının
qıçını qucaqlamış, keçəl başını onun böyrünə dikmişdi. O da gözünü qıyıb,
gülümsəyirdi.
Məktubu açdım. Farsca yazılmışdı. Nə nöqtə, nə hərif səhvi vardı. Hərflər inci
kimi yan-yana düzülmüşdü. Demək olar ki, şagird səliqəsi ilə yazılmışdı. Oxumağa
başladım:
Rəhman və Rəhim Allahın adı ilə,
Əmir ağa,
Sənə olan ən dərin hörmətimizlə, Fərzanəcan, Söhrab və mən bu son
məktubun səni sağlam və Allahın himayəsində tapacağına dua edirik. Xahiş
edirəm, bu məktubu sənə çatdırdığı üçün Rəhim Xan sahibə mənim ən dərin
təşəkkürlərimi çatdır. Ümid edirəm ki, bir gün mən də sənin məktublarından birini
əlimdə tutacaq və ordan sənin Amerikadakı həyatın barədə oxuyacağam. Bəlkə
hələ sənin bir şəklini də görə bilərik ki, gözümüzə işıq gəlsin. Sənin haqqında Fərza-
nəcana və Söhraba çox danışmışam. Bizim birgə böyüməyimiz, oyunlarımız,

küçədə qaçmağımızdan çox söz açmışam. Dəcəlliklərimiz barədə söhbətlərim
onları çox güldürür.
Əmir Ağa,
Təəssüf ki, sənin gəncliyinin Əfqanıstanı artıq çoxdan ölüb. Bu torpaqdan xeyir
çıxıb gedib və ölümdən qorunmaq mümkün deyil. Kabildə hər yer qorxu içindədir –
küçələrdə, stadionda, bazarlarda qorxu hökm sürür. Bu, bizim həyatımızın bir
hissəsidir, Əmir ağa. İndi vətənimizi idarə edən vəhşilər insan ləyaqətini vecə
alanlardan deyillər. O gün Fərzanəcanla bazara bir az kartof və çörək almağa
getdik. O satıcıdan kartofun neçəyə olduğunu soruşdu, amma satıcı onu eşitmirdi.
Deyəsən, qulağı zəif idi. Odur ki, Fərzanə bir az daha hündürdən soruşmalı oldu və
birdən bir cavan Talib bizə yaxınlaşdı və onun yanından ağacla zərbə endirdi. Zərbə
elə güclü idi ki, Fərzanə yerə yıxıldı. Talib qışqırır, söyürdü, deyirdi ki, Əxlaq
Nazirliyi qadınlara bərkdən danışmağa icazə vermir. Onun zərbəsinin qoyduğu göy
iz bir neçə gün keçmədi. Amma mən dayanıb arvadımın döyülməsinə baxmaqdan
başqa nə edə bilərdim ki? Dalaşsaydım, o it hökmən mənə bir güllə vuracaqdı, həm
də çox məmnun şəkildə. Onda mənim Söhrabımın halı necə olardı? Küçələr onsuz
da ac-yalavac yetimlərlə doludur və mən hər gün Allaha şükür edirəm ki, sağ
qalmışam. Ölümdən qorxduğum üçün yox – arvadımı ərsiz, oğlumu yetim qoymaq
istəmədiyim üçün.
Kaş ki sən Söhrabı görəydin. Rəhim Xan sahiblə mən ona oxuyub yazmağı da
öyrətmişik ki, o, atası kimi qanmaz böyüməsin. Hələ onun quşatan atmasını
görəsən! Hərdən Söhrabı Kabildə gəzməyə çıxarıb, ona şirni alıram. Şəhre-Noda
meymunlu adam vardı ha, o hələ də ordadır. Rastımıza çıxanda ona pul verirəm ki,
meymunu Söhrab üçün oynatsın. Onun gülməyi ayrı bir aləmdir! Hərdən onunla
təpə başındakı qəbiristanlığa çıxıram. Yadındadır, orda nar ağacının altında oturar,
sən də mənə “Şahnamə”dən oxuyardın? Quraqlıqlar təpədə hər şeyi qurutdu. Nar
ağacı da neçə ildir ki, bar vermir, amma Söhrabla mən yenə də onun kölgəsində
otururuq. Mən ona “Şahnamə”dən oxuyuram. Daha deməyim artıqdır, onun se-
vimli hissəsi adaşı haqqında olan hissədir – Rüstəm və Söhrab. Tezliklə o kitabdan
özü oxuya biləcək. Mən məğrur və bəxtəvər atayam.
Əmir ağa,
Rəhim Xan sahib çox xəstədir. O bütün gün öskürür, ağzını siləndə qan
görmüşəm. Çox arıqlayıb, iştahı da heç yoxdur. Fərzanəcanın onun üçün bişirdiyi
şorba və düyüdən də bir, ya iki qaşıq ancaq yeyir, o da Fərzanənin xətrinə. Bu əziz
adam üçün elə narahatam ki. Onun üçün hər gün dua oxuyuram. Bir neçə gün
sonra o, Pakistana gedib, ordakı həkimlərlə məsləhətləşməlidir. İnşallah yaxşı
xəbərlərlə qayıdar. Amma qəlbimdə ondan çox narahatam. Fərzanəcanla mən Söh-
raba demişik ki, Rəhim Xan sahib tezliklə sağalacaq. Nə edə bilərik? Cəmi on yaşı
var və Rəhim Xana çox bağlanıb. Onlar bir-birinə çox yaxın böyüyüblər. Rəhim Xan
həmişə onu bazara aparıb, şar və biskvit alardı, amma indi çox zəifləyib, daha bunu
edə bilmir.

Son zamanlar çox yuxular görürəm. Onların bəziləri dəhşətlidir. Futbol
meydançasında asılmış meyitlər və qana boyanmış otluq. Belə yuxular görəndə
təngnəfəs və tər içində oyanıram. Amma daha çox yaxşı yuxular görürəm, şükür
Allaha. Yuxuda görürəm ki, Rəhim Xan sahib sağalır. Görürəm ki, oğlum böyüyüb,
yaxşı adam, azad insan, önəmli şəxsiyyət olur. Görürəm ki, Kabildə küçələrdə yenə
lalə gülləri açır və rübab çalğısı səslənir. Evlərdə samovar dəmlənir və göydə
çərpələnglər uçur. Yuxuma girir ki, bir gün sən Kabilə gəlib uşaqlığımızın şəhərinə
baş çəkirsən. Bunu etsən, köhnə sadiq dostunun burda səni gözlədiyini
görəcəksən.
Qoy Allah həmişə səninlə olsun.
Həsən.
Məktubu iki dəfə oxudum. Sonra qatladım. Daha bir dəqiqə şəklə baxdım.
İkisini də cibimə qoydum.
– Necədir indi? – soruşdum.
– Bu məktub altı ay əvvəl yazılıb. Mən Peşəvərə yola düşməmişdən bir neçə
gün əvvəl. Polaroid fotosunu da səfərdən bir gün əvvəl çəkdim. Peşəvərə gələndən
bir ay sonra Kabildəki qonşularımdan biri zəng elədi və mənə olanları danışdı: Mən
çıxandan bir neçə gün sonra söhbət yayıldı ki, Vəzir Əkbər Xan rayonundakı böyük
evdə Həzara ailəsi yalnız yaşayır. Ya da Taliban məsələni bu cür təqdim etmişdi. Bir
neçə Talib rəsmisi məsələni araşdırmağa gəldi və Həsəni sorğu-suala tutdular.
Həsən onlara mənimlə birgə yaşadığını desə də, qonşuların çoxu, o cümlədən
mənə zəng edən qonşu bunu təsdiqləsə də, onu yalan danışmaqda günahlan-
dırıblar. Taliblər deyiblər ki, o, yalançı və bütün həzaralar kimi oğrudur. Onlar
Həsənə günəş batana kimi ailəsini də götürüb, evi tərk etməyi əmr eləyiblər. Həsən
imtina edib. Amma qonşumun sözlərinə görə, Taliblər bu böyük evə qurd qoyuna
baxan kimi acgözlüklə baxırmışlar. Onlar Həsənə deyiblər ki, mən qayıdana qədər
evin salamat qalması üçün özləri bura köçəcəklər. Həsən yenə də etiraz eləyib.
Onda onlar onu küçəyə çıxarıblar...
– Yox! – mən nəfəsimi içimə çəkdim.
– Ona diz üstə çökməyi əmr ediblər...
– Yox, Aman Allah! Yox...
– ... və başının arxasından bir güllə vurublar. Fərzanə qışqıra-qışqıra gəlib
onlara hücum çəkib.
– Yox!
– Onlar onu da güllələyiblər. Sonra deyiblərmiş ki, özünümüdafiə üçün ediblər
bunu.
Mən “Yox. Yox. Yox” deyə pıçıldamaqdan başqa heç nə deyə bilmirdim.
HƏMİN SƏHNƏ AĞLIMDAN ÇIXMIRDI – 1974-cü ildə xəstəxana otağında
Həsənin dodağında əməliyyat olunandan sonra Baba, Rəhim Xan, Əli və mən
Həsənin yatağının başına toplaşmışdıq. Onun yeni dodağına güzgüdə baxmasını

müşahidə edirdik. Həmin otaqda olanların hamısı ya ölmüşdü, ya ölməkdə idi.
Bircə məndən başqa.
Sonra başqa bir səhnə canlandı xəyalımda. Əsgər paltarı geymiş adam
Kalaşnikovun lüləsini Həsənin ənsəsinə sıxır. Güllə səsi bütün küçə boyu əks-səda
verir. Həsən asfalta sərilir və onun qədirsiz, sədaqət simvolu olan ruhu vaxtilə
ardınca qaçdığı çərpələnglər küləkdə süzüb getdiyi kimi ondan uzaqlaşır.
– Taliban sizin evə köçüb,– Rəhim Xan dedi. – Onların izahı belə oldu ki, onlar
evi zəbt eləmiş adamı çıxarıblar. Həsənlə Fərzanənin ölümünü də özünümüdafiə
adı altında ört-basdır elədilər. Heç kim səsini də çıxara bilmədi. Düşünürəm,
Talibanın qorxusundan. Amma o da var ki, bir cüt həzara qulluqçuya görə kimsə
nəinki canını, heç nəyini qurban verməzdi.
– Bəs Söhrab necə oldu? – soruşdum. Yorğun, tükənmiş hiss edirdim özümü.
Rəhim Xanın yenə öskürəyi tutdu və bu dəfə daha uzun çəkdi. O nəhayət, gözlərini
yuxarı qaldıranda üzü qıpqırmızı, gözləri qanla dolu idi.
– Eşitdiyimə görə, Karte Se tərəflərdə bir yetimxanadadır. Əmircan... – onu
yenə öskürək tutdu. Dayananda bir neçə dəqiqə əvvəlkindən daha qoca
görünürdü. Sanki hər öskürək tutması onu bir neçə il qocaldırdı. – Əmircan, səni
bura çağırdım ki, ölməzdən qabaq üzünü görəm. Amma tək bu deyil.
Mən susurdum. Məncə nə deyəcəyini onsuz da bilirdim.
– İstəyirəm, Kabilə gedib, Söhrabı bura gətirəsən, – dedi.
Mən nə deyəcəyimi bilmirdim. Həsənin artıq həyatda olmadığını qavramağa
belə vaxtım olmamışdı hələ.
– Xahiş edirəm, məni eşit. Burda Peşəvərdə bir amerikalı ər-arvad tanıyıram –
Tomas və Betti Koldvell. Onlar xristiandır və özəl ianələrlə saxladıqları xeyriyyə
təşkilatında əsasən valideynlərini itirmiş əfqan uşaqlarına ev və yemək verirlər.
Oranı görmüşəm. Təmiz və təhlükəsizdir. Uşaqlara yaxşı qulluq edirlər. Koldvellər
də yaxşı, xeyirxah adamlardır. Onlar artıq söz veriblər ki, Söhrabı da evlərinə
götürəcəklər.
– Rəhim Xan, ciddi demirsən, yəqin ki, bunları.
– Uşaqlar kövrək olurlar, Əmir can. Kabildə sınmış uşaqlar çoxdur. Söhrabın da
belə olmasını istəmirəm.
– Rəhim Xan mən Kabilə getmək istəmirəm. Gedə bilmərəm ora!
– Söhrab istedadlı uşaqdır. Biz ona burda təzə həyat, təzə ümid verə bilərik.
Tomas ağa yaxşı adamdır. Betti xanım da çox xeyirxahdır. Bir görsən, o yetimlərin
qayğısına necə qalır.
– Mən niyə? Birinə pul verib ora göndərə bilməzsən? Əgər məsələ puldadırsa,
mən verərəm pulunu.
– Söhbət pul söhbəti deyil, Əmir! – Rəhim Xan bağırdı. – Mən ölürəm və təhqir
olunmaq istəmirəm. Mən heç vaxt pul söhbəti eləməmişəm, bilirsən bunu. Niyə
sən? Məncə biz ikimiz də bilirik, niyə sən getməlisən ora, elə deyil?

Mən bu sözləri başa düşmək istəmirdim, amma başa düşdüm. Hamısını çox
gözəl başa düşdüm. Həmin anda dediyim “Amerikada ailəm, arvadım, işim, evim
var. Kabil təhlükəlidir, sən bunu bilirsən və sən məni bütün bunları riskə atmağımı
istəyirsən....” sözləri ağzımda dondu.
– Bilirsən, – Rəhim Xan dedi. – Bir dəfə sən olmayanda atanla mənim
söhbətim olmuşdu. Yadındadır, o vaxtlar o səndən çox narahat olurdu. Mənə
demişdi ki, “Rəhim, özünü qorumağa təpəri çatmayan oğlan böyüyüb, heç nəyə
təpəri çatmayan bir kişiyə çevriləcək”. İndi bilmək istəyirəm, sənin axırın beləmi
oldu?
Gözlərimi yerə dikdim.
– Səndən istədiyim ölüm ayağında olan bir qocanın son arzusudur, – dedi.
Səsində dəhşətli bir kədər vardı.
Bayaqkı söhbəti ilə artıq məni udmuşdu. O ən güclü dəlilini işlətmişdi. Ya da
mənə elə gəlirdi. Onun sözləri sanki, hələ də havada asılmışdı. Amma o nə
deyəcəyini bilirdi. Mən isə fikrimi ifadə etmək üçün söz tapa bilmirdim. Yazıçı
olmağımdan nə fayda. Nəhayət, bunu deyə bildim:
– Bəlkə də Baba haqlı idi.
– Belə düşündüyünə çox təəssüf edirəm, Əmir.
Onun üzünə baxmadan:
– Sən belə düşünmürsən ki? – soruşdum.
– Belə düşünsəydim, səni buraya gətirtməzdim.
Barmağımdakı nişan üzüyünü oynadırdım.
– Sən həmişə mənim haqqımda həddindən artıq yüksək fikirdə olmusan,
Rəhim Xan.
– Sən də hər zaman özünə qarşı çox amansız olmusan. – O sanki, nəsə demək
istəyir, amma tərəddüd edirdi. – Amma bir şey də var. Sənin bilmədiyin daha bir
şey var.
– Xahiş edirəm, Rəhim Xan.
– Snubər Əlinin birinci arvadı deyildi.
Bunu eşidəndə gözlərimi qaldırdım.
– Bundan əvvəl bir dəfə evli olmuşdu. Cağori tərəflərdən bir Həzara arvadı
vardı. Sən doğulmamışdan xeyli əvvəl olmuşdu bu. Onlar üç il evli olmuşdular.
– Bunun nə dəxli var ki?
– Üç il evlilikdən sonra uşaqları olmadığından Əlidən boşandı və Xostlu bir
kişiyə ərə getdi həmin qadın. Ondan üç qızı oldu. Sənə bunu deməyə çalışıram.
Söhbətin haraya doğru getdiyini anlamağa başlayırdım. Amma qalanını
eşitmək istəmirdim. Mənim Kaliforniyada gözəl həyatım, qəşəng şiş damı olan
Viktorian üslublu evim, yaxşı ailəm, yazıçı karyeram, nəhayət, məni sevən
qayınanamla qayınatam vardı. Bu zibilin heç biri mənə lazım deyildi.
– Əli sonsuz idi, – Rəhim Xan dedi.
– Yox, sonsuz deyildi. Sənubərlə birgə uşaqları olmuşdu axı. Həsən vardı.

– Yox olmamışdı.
– Olmuşdu!
– Olmamışdı, Əmir!
– Bəs onda kimin?
– Məncə sən bilirsən kiminkidir.
Mən sıldırım qayadan sürüşəndə koldan-kəsəkdən yapışmağa çalışan, amma
əlləri yenə boş qalan birisi kimi hiss edirdim özümü. Otaq başıma fırlanırdı.
– Həsən bilirdi? – xırıltılı pıçıltı sanki, özgənin dodaqlarının arasından çıxırdı.
Rəhim Xan gözlərini yumdu. Başını buladı.
– Əclaflar, – dedim. Ayağa qalxdım. – Lənətə gəlmiş oğraşlar! – qışqırdım. –
Hamınız bir dəstə lənətə gəlmiş oğraşsınız!
– Otur, xahiş edirəm. – Rəhim Xan sakit səslə dedi.
– Bunu məndən necə gizlədə bilərdiniz? Ondan necə gizlədə bilərdiniz? – mən
artıq danışmır, zarıyırdım.
– Bir düşün, Əmir can. Bu çox ayıb idi. Adamlar nə düşünərdi. O zaman kişinin
yeganə dəyəri, varlığı onun qeyrəti, onun ad-sanı idi. Camaat danışmağa başlasay-
dı... Bunu heç kimə deyə bilməzdik. Sən bunu anlaya bilərsən. O, əlini mənə doğru
uzatdı, amma mən onun əlini havada buraxdım. Qapıya doğru yönəldim.
– Əmircan, nə olar, getmə.
Qapını açdım və ona tərəf çevrildim.
– Niyə? Sən mənə daha nə deyə bilərsən ki? Mənim otuz səkkiz yaşım var və
indicə xəbər tutmuşam ki, bütün həyatım bir böyük yalandan ibarətdir. Nə deyə
bilərsən ki, daha bundan betər? Heç nə. Lənətə gəlsin, heç nə!
Bununla da mənzildən güllə kimi çıxdım.
ON SƏKKİZ
Batmaq üzrə olan günəş göyü bənövşəyi-qırmızı zolaqlarla buraxıb gizlənirdi.
Rəhim Xanın binasından uzaqlaşaraq, dar, qələbəlik küçə ilə üzüaşağı gedirdim.
Ağzına kimi piyada, velosiped və rikşalarla dolu olan dalanlar bu səs-küylü küçəyə
açılırdı. Hər küncə asılmış bilbordlarda “Coca-Cola” və siqaret reklamı alışıb yanır-
dı; Hollivud filmlərinin posterlərində cazibədar aktrisalar güllü-çiçəkli bağçalarda
qəhvəyi dərili yaraşıqlı kişilərlə rəqs edirdilər.
Balaca, dumanlı bir çayxanaya girib, bir fincan çay sifariş verdim. Qatlama
stulun arxa ayaqları üzərində geriyə sallandım və üzümü qaşıdım. Artıq üzüaşağı

uçurumdan yıxılma hissi yox idi. Əvəzində bir gün yuxudan durub, bütün mebelin
yerini dəyişdiyini, doğma künclərin də özgə göründüyünü aşkarlayan birisi kimi hiss
edirdim özümü. Özünü itirmiş adam indi ətrafında baş verənləri yenidən
dəyərləndirməli, öz yerini tapmalı idi.
Axı mən necə belə kor ola bilərdim? Özü də həqiqəti sezmək üçün bu qədər
işarə varkən; indi onlar bir-bir hafizəmdə canlanırdı. Babanın Doktor Kumarı
gətirdib Həsənin dodağını əməliyyat etdirməsi. Babanın Həsənin heç bir doğum
gününü qaçırmaması. Bizim zanbaq əkdiyimiz, mənim Babadan qulluqçuları dəyiş-
mək barədə düşünüb-düşünmədiyini soruşduğum günü xatırladım. “Həsən heç
yerə getməyəcək”,– deyə üstümə bağırmışdı. “O, bax burda, bizimlə, öz yerində
qalır. Bura onun evidir və biz onun ailəsiyik” demişdi. Əli Həsənlə birgə çıxıb
gedəcəyini deyəndə o nə qədər ağlamışdı.
Çayçı stəkanı qarşımdakı masaya qoydu. Masanın ayaqları X şəklində idi və
taxta dayaqların kəsişdiyi yerdə iki qoz boyda latun halqa vardı. Halqalardan biri
boşalıb, çıxmaq üzrə idi. Əyilib, onu möhkəmlətdim. Düşündüm ki, kaş həyatımı da
belə asanlıqla təmir edə biləydim. Son illərə içdiyim ən tünd çayı başıma çəkib,
Sürəyya, general və Cəmilə xala, yarımçıq qalmış romanım barədə düşünməyə
cəhd elədim. Küçədə hərəkət edən maşınlar, kiçik dükanlara girib-çıxan adamlara
baxmağa çalışdım. Qonşu masadakı radiodan səslənən Qavali musiqisinə qulaq
kəsildim. Özümü nə iləsə məşğul etmək istəyirdim. Amma yenə də ağlımda
məzunluq günümün sonunda pivə qoxuyan Babanın mənə indicə bağışladığı
Fordda oturarkən “kaş ki Həsən də bizimlə burda olaydı” deməsi idi.
Axı o, bunca il necə yalan danışa bilərdi? Həsənə necə yalan deyə bilərdi? Bir
dəfə məni dizinin üstünə oturdub gözlərimin içinə baxıb, “dünyada sadəcə bir
günah var, bircə dənə. Bu da oğurluqdur... Yalan deyəndə başqasının həqiqət
haqqını oğurlayırsan” deyən kim idi? O deməmişdimi mənə bu sözləri? İndi, onu
torpağa tapşırandan on beş il sonra mən öyrənirdim ki, Baba da oğru imiş. Və o,
daha dəhşətli oğru idi, çünki onun oğurladıqları müqəddəs idi – məndən qardaşım
olduğunu bilmək haqqını, Həsəndən kimliyini, Əlidən isə qeyrətini, onun nəngini,
namusunu oğurlamışdı.
İçimdəki sualların ardı-arası kəsilmirdi: Baba Əlinin gözlərinə necə baxa bilirdi?
Əli bu evdə necə yaşayırdı? Namusunun Əfqanıstanda ən ağır şərəfsizlik sayılacaq
bir hərəkətlə ləkələndiyini Allahın var günü anlaya-anlaya necə yaşayırdı o evdə?
İndi mən nə etməli idim? Babanın yeni obrazını bunca illər boyu beynimə həkk
olunmuş xatirəsi ilə necə uzlaşdıracaqdım? Mənim xatirəmdə o, köhnə qəhvəyi
kostyumu əynində Sürəyyanı istəmək üçün Tahirilərin qapısına doğru getdiyi
zaman necə idisə, eləcə də qalmışdı.
Mənim yaradıcı yazı müəllimimin bəyənməyəcəyi daha bir şablon ifadə – ot
kökü üzərində bitər. Amma məgər bu həqiqət deyildimi? Belə çıxırdı ki, Baba ilə
mən düşündüyümdən qat-qat daha oxşar idik. İkimiz də həyatını bizim üçün

qurban verməyə hazır olan adamlara xəyanət etməmişdikmi? Bunu düşündüyüm-
də anladım: Rəhim Xan məni bura təkcə öz günahlarımı deyil, Babanın da
günahlarını yumağa çağırmışdı.
Rəhim Xan dedi ki, mən özümə qarşı həmişə amansız olmuşam. Məni də
düşündürən bu idi. Doğrudur, Əlini minanın üstünə mən itələməmişdim, Talibanı
da mən gətirməmişdim ki, Həsəni güllələsinlər. Amma mən Həsənlə Əlini evdən
qovmuşdum. Əgər bunu etməsəydim, hər şeyin başqa cür olacağını təsəvvür et-
mək bu qədərmi çətin idi? Bəlkə də Baba onları da bizimlə bərabər Amerikaya
aparardı. Bəlkə Həsənin indiyə öz evi, işi, ailəsi olardı. Elə bir ölkədə yaşayardı ki,
orda onun həzara olması heç kimin vecinə olmazdı, hətta adamların çoxu həzara
nə olduğunu bilməzdi. Bəlkə də belə olmazdı. Bəlkə də olardı.
Mən Kabilə gedə bilmərəm, dedim Rəhim Xana. Amerikada arvadım, evim,
karyeram, ailəm var. Amma vaxtilə etdiklərimin Həsənin bütün bunlara malik
olmaq şansına mane olduğumu bilə-bilə necə çıxıb gedə biləcəkdim?
Kaş ki, Rəhim Xan mənə zəng etməyəydi. Mən öz xatirələrimdən qaçıb
gizlənmişdim. Kaş məni sığınacağımdan çıxartmayaydı. Amma artıq o zəng
olmuşdu. Rəhim Xanın mənə açıqladığı dəyişmiş reallıq idi. O mənə bütün
həyatımın – 1975-ci ilin qışından qat-qat əvvəl, hələ o nəğmə oxuyan həzara qadın
mənə süd verdiyi vaxtdan bəri davam edən yalan, xəyanət və sirlər silsiləsi idi.
O dedi ki, yaxşı olmaq üçün imkan var.
Bu silsiləyə son qoymaq imkanı.
Balaca bir oğlan – yetim oğlan qoyacaqdı bu sonu. Həsənin oğlu. Haradasa
Kabildə.
RƏHİM XANIN MƏNZİLİNƏ geri dönəndə Babanın sözləri yadıma düşdü. O
deyirdi ki, mənim əvəzimə həmişə başqaları döyüşür. Otuz səkkiz yaşım vardı. Saç-
larım seyrəlir və çallaşır, son zamanlar gözümün qırağında qarğa pəncəsinə bənzər
qırışlar da gözə dəyirdi. İndi yaşım çox idi, amma ola bilsin ki, öz davama sahib
çıxmaq üçün hələ çox qocalmamışdım. Baba, göründüyü kimi, çox şeylər barədə
yalan danışmışdı, amma bu barədə danışdığı yalan deyildi.
Polaroid şəkildəki yumru çöhrəyə, günəşin saldığı kölgəyə və işığa bir də
baxdım. Bu, mənim qardaşımın sifəti idi. Həsən məni çox sevirdi. Məni heç kim heç
vaxt onun qədər sevməyəcək. İndi o yox idi, amma onun bir hissəsi sağ idi. Kabildə.
O gözləyirdi.
RƏHİM XAN NAMAZ üstəydi. Otağın küncündə üzü Şərqə, qan rənginə
boyanmış göyə dayanıb, zikr edən kölgə kimi görünürdü. Onun bitirməsini göz-
lədim.
Sonra ona Kabilə gedəcəyimi dedim. Dedim ki, səhər Kolduell ailəsinə zəng
eləsin.
– Sənin üçün dua edəcəyəm, Əmircan – dedi.

ON DOQQUZ
Yenə də bu maşın ürəkbulanması. Gülləbaran olunmuş “Xeybər keçid
məntəqəsinə xoş gəlmisiniz” işarəsinin yanından keçəndə artıq ağzım sulanmağa
başlamışdı. Mədəmdə nəsə çalxalanıb buruldu. Sürücü Fərid mənə soyuq bir nəzər
saldı. Gözlərində bir damcı da acıma yox idi.
– Pəncərəni aça bilərik? – deyə soruşdum.
O siqaret yandırıb, sükanın üstündəki sol əlində olan-qalan iki barmağının
arasına sancdı. Qara gözlərini yoldan çəkmədən əyildi, ayaqlarının altındakı
vintaçanı götürüb, mənə uzatdı. Açarı əvvəl qapıda pəncərənin dəstəyi olan yerə
saldım və şüşəni endirmək üçün fırlatdım.
Fərid mənə yenə də ikrah dolu nəzər saldı, bu dəfə gizlətmədiyi bir
düşmənçilik də vardı baxışında. Sonra yenə siqaretini damağına qoydu. Cəmrud
qalasını
29
keçəndən sonra üst-üstə on kəlmə deməmişdi.
– Təşəkkür, – deyə xırıldadım.
Başımı pəncərədən çölə çıxarıb, üzümü soyuq axşam havasının axınına verdim.
Xeybər aşırımının qəbilə torpaqlarından keçirdik. Gil, əhəng daşı dolu qayaların
arasından keçən yol elə mənim xatirəmdə qaldığı kimi idi. Baba ilə mən bu
çatlamış torpaqların içindən 1974-cü ildə keçmişdik. Quraqlıq, çılpaq dağlar dərin
dərələrin içindən qalxaraq göyə, diş-diş zirvələrin havanı yardığı yerə doğru
yüksəlirdi. Qayaların başında qədim qalalar, çiy kərpicdən hasarlar, dağıntılar
vardı. Gözlərimi Hindukuş dağlarının qarlı zirvəsinə dikib sakitləşməyə çalışırdım.
Amma hər dəfə mədəmdə ağrı səngiyəndə maşın növbəti döngədə atıb tutur,
təzədən qusmağım gəlirdi.
– Limon ye.
– Nə?
– Limon. Ürək bulanmasına kömək edir. Mən həmişə yola çıxanda birini
götürürəm.
– Yox, təşəkkür edirəm, – dedim. Mədəmə bir az da turşu axıtmaq barədə
düşünmək belə ürəyimi bulandırırdı. Fərid əsəbi şəkildə gülümsədi.
– Bu Amerika dərmanları kimi bahalı deyil, bilirəm. Anamın mənə öyrətdiyi
dərmandır.
Onunla münasibəti normallaşdırmaq imkanını qaçırdığıma təəssüf edirdim
artıq.

– Bəlkə, onda bir dilim verəsən mənə?
Arxa oturacaqdan kağız torbanı götürüb içindən yarım limon çıxardı. Bir dişləm

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin