Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   20   21   22   23   24   25   26   27   28
Problemə düşmüşdük, Söhrab da, mən də. Mən bunu artıq anlamışdım. Ona
Peşəvərdə hücuma məruz qaldığımı söylədim.
– Əlbəttə, – dedi. Boğazını arıtlayıb soruşdu. – Müsəlmansınız?
– Bəli.
– Riayət edirsiz?
– Bəli. – Əslində son dəfə namaz vaxtı alnımın yerə nə zaman dəydiyini
xatırlamırdım. Həmin anda birdən xatırladım: Doktor Əmaninin Babaya pis
proqnoz verdiyi gün idi. Dizimi yerə qoyub, məktəbdə öyrəndiyim surələrin
yadımda qalan ayələrini təkrarlamışdım o zaman.
– İşinizə köməyi dəyə bilər, amma çox da yox, – deyib, dən düşmüş saçlarının
arasındakı daz hissəni qaşıdı.
– Bu nə deməkdir? – soruşdum. Söhrabın əlini tutdum, barmaqlarını
barmaqlarına daraqladım. Söhrab qeyri-müəyyənlik içində gah mənə, gah Endrüsə
baxırdı.
– Bir uzun cavab var, əminəm ki, axırda sizə onu verməli olacağam. Qısa
cavabı əvvəl verməyimi istəyirsinizmi?
– Yəqin ki, – dedim.
Endrüs siqaretini söndürdü. Ağzını büzüb dedi:
– Boş verin.
– Bağışlayın, anlamadım.
– Bu cavan oğlanı övladlığa götürmək sevdasını deyirəm. Boş verin. Mənim
sizə məsləhətimdir.
– Bunu qeydə aldıq, – dedim. – İndi isə, zəhmət olmasa, niyəsini deyin.
– Bu o deməkdir ki, sizə uzun cavab lazımdır, – dedi. Səsi emosiyasız, mənim
sərt tonuma, demək olar ki, etinasız idi. Əllərini, sanki, müqəddəs Məryəm qarşı-
sında diz çöküb dua edirmiş kimi bir-birinə sıxıb, sözünə davam etdi. – Gəlin
ehtimal edək ki, sizin mənə söylədiyiniz əhvalat doğrudur, hərçənd ki, bunun ya
uydurma, ya da saxta olduğuna pensiyamla mərc gələrəm. Əslində nə vecimədir

ki? Siz burda, uşaq burda, vacib olan da budur. Hətta belə olan halda belə, sizin
müraciətlə bağlı ciddi problemlər var. Ən kiçiyi budur ki, bu uşaq yetim deyil.
– Əlbəttə ki, yetimdir.
– Qanuna görə, belə deyil.
– Onun valideynlərini küçədə güllələyiblər. Qonşular görüb, – dedim və nə
yaxşı ki, ingiliscə danışdığımızı düşündüm.
– Ölüm haqqında şəhadətnamələr var?
– Ölüm haqqında şəhadətnamə? Biz Əfqanıstan barədə danışırıq. Adamların
çoxunun heç doğum şəhadətnaməsi yoxdur.
Şüşə gözlər heç qırpılmadı da.
– Qanunları mən yazmıram, ser. Sizin qəzəbinizə baxmayaraq, uşağın
valideynlərinin öldüyü təsdiqlənməli, uşaq qanuni şəkildə yetim sayılmalıdır.
– Amma...
– Siz uzun cavab istədiniz, mən də onu sizə verirəm. Sizin növbəti probleminiz
budur ki, uşağın mənşəyi olan ölkə ilə əməkdaşlıq edilməlidir. Bu da ən yaxşı halda
çox çətin məsələdir, belə ki, dediyiniz kimi, biz Əfqanıstan barədə danışırıq.
Kabildə Amerika səfirliyi yoxdur. Bu məsələni çətinləşdirir, demək olar ki, qeyri-
mümkün edir.
– İndi nə deyirsiz, uşağı küçəyə atmalıyam? – soruşdum.
– Mən bunu demədim.
– Ona cinsi təcavüz olunub,– dedim. Yadıma Söhrabın ayaqlarındakı
zınqırovlar, gözünə çəkilmiş sürmə düşdü.
– Bunu eşitdiyimə çox təəssüf edirəm, – Endrüsün dodaqları dedi. Amma
baxışından bizim hava haqqında danışdığımızı da güman etmək olardı. – Amma
buna görə miqrasiya xidməti bu cavan oğlana viza verəsi deyil.
– Siz nə dediniz?
– Deyirəm ki, faydalı olmaq istəyirsinizsə, yaxşı nüfuzu olan yardım
təşkilatlarına pul göndərin, qaçqın düşərgəsində könüllü olaraq işləyin. Amma bu
məqamda biz ABŞ vətəndaşlarını əfqan uşaqları övladlığa götürməkdən
çəkindirməyə çalışırıq.
Ayağa qalxdım.
– Getdik, Söhrab, – bunu farsca dedim. Söhrab sivişib, yanıma keçdi, başını
ayağıma dayadı. Polaroid şəkildə Həsənlə onun eyni vəziyyətdə dayandığını xa-
tırladım.
– Sizdən bir şey soruşa bilərəm, cənab Endrüs?
– Bəli.
– Uşağınız var?
İlk dəfə gözləri qırpıldı.
– Uşağınız var, ya yox? Bu sadə sualdır.
O səsini çıxarmırdı.

– Belə də düşünmüşdüm, – deyib, Söhrabın əlindən tutdum. – Onlar bu
vəzifədə uşaq istəməyin nə olduğunu bilən birisini oturtmalı idilər.
Mən üzümü çevirdim, Söhrab da ardımca gəldi. Arxadan Endrüsün səsi gəldi.
– Sizə sual verə bilərəm?
– Buyurun.
– Uşağa onu özünüzlə aparacağınızı söz vermisiz?
– Tutalım ki, vermişəm. Sonra?
O, başını buladı.
– Uşaqlara söz vermək çox təhlükəli bir işdir. – Köksünü ötürüb, yenidən
stolunun siyirməsini açdı. – Bu işdə qətiyyətlisiz? – deyə kağız qalağının içində nəsə
axtarmağa başladı.
– Sona qədər gedəcəm.
Nəhayət, kağızların içindən bir vizit kartı çıxardı.
– O zaman sizə miqrasiya işləri üzrə ixtisaslaşan yaxşı bir vəkil tutmağı
məsləhət görürəm. Ömər Fəyzal burda, İslamabadda işləyir. Ona deyə bilərsiniz ki,
sizi mən göndərmişəm.
Kartı götürdüm. Dodaqaltı “çox sağ olun” dedim.
– Uğurlar, – dedi.
Biz otaqdan çıxanda çiynimin üzərindən geri baxdım. Endrüs günün işıq saldığı
kvadratda dayanıb, pəncərədən çölə baxır, barmaqları isə tağdakı pomidorları
günəşə tərəf çevirir, onları əzizləyirdi.
KATİBƏNİN MASASININ yanından keçəndə o da bizə “sağlıqla qalın” dedi.
– Sizin müdir bir az davranış qaydalarını öyrənsə yaxşı olar, – dedim.
Onun təəccüblənməsini, ya da “bilirəm, hamı belə deyir” deyə başını
bulamasını gözləyirdim. Əvəzində səsini qısıb, “yazıq Rey, qızı öləndən bəri heç
özünə gələ bilməyib”,– dedi.
Təəccüblənmək növbəsi məndə idi.
– İntihar edib, – deyə qadın pıçıldadı.
HOTELƏ QAYIDANDA, taksidə Söhrab başını pəncərəyə dayayıb, yoldakı
binalara, sıra ilə düzülmüş saqqız ağaclarına baxırdı. Nəfəsindən şüşə dumanlanır,
Söhrab onu təmizləyir, şüşə yenidən dumanlanırdı. Onun mənə görüşün necə
keçdiyi barədə sual verməsini gözləyirdim. Amma o heç nə soruşmadı.
HAMAMIN BAĞLI qapısının arxasında su şırıltısının səsi gəlirdi. Hotelə
yerləşəndən bəri Söhrab hər axşam yatmazdan əvvəl uzun-uzadı vanna qəbul
edərdi. Kabildə atalar kimi isti su da çox nadir rast gəlinən bir şey idi. İndi də
Söhrab artıq bir saat idi ki, sabunlu suyun içində islanıb kisələnirdi. Çarpayının
kənarında oturub, Sürəyyaya zəng elədim. Hamamın qapısının aşağısından gələn
nazik işığa üzümü tutub “Söhrab, hələ təmiz olmadın?” deyə onu səslədim.

Sürəyyaya Reymond Endrüsün mənə dediklərini çatdırdım.
– Nə düşünürsən? – deyə soruşdum.
– Biz düşünməliyik ki, o səhv edir. – dedi. O da beynəlxalq övladlığa götürmə
agentliyinə zəng elədiyini dedi. Hələ ki, Əfqanıstandan uşaq götürməyə kömək edə
biləcək bir agentlik tapmasa da, axtarışlarını davam etdirirdi.
– Valideynlərin bu xəbərləri necə qəbul edir?
– Madər çox şad olub. Bilirsən də o səni necə sevir, Əmir. Onun gözlərində sən
heç vaxt pis iş tutmayacaq birisisən. Padər... həmişəki kimi onun nə düşündüyünü
anlamaq o qədər də asan deyil. Çox danışmır.
– Sən necə? Sən razısanmı?
Onun dəstəyi bir əlindən o birinə keçirdiyini eşitdim.
– Məncə, biz sənin qardaşoğluna yaxşı baxarıq. Amma ola bilsin ki, o balaca
oğlan da bizə çox yaxşı təsir etdi.
– Mən də eyni şeyi düşünürdüm.
– Bilirəm, bu qəribə səslənir, amma hərdən onun sevimli yeməyinin nə
olduğunu, ya da məktəbdə sevimli fənninin nə olacağını düşünürəm. Özümü onun
dərslərinə yardım edərkən təsəvvür edirəm. – O güldü. Hamamda suyun səsi
kəsilmişdi. Mən Söhrabın suyu daşırda-daşırda vannada tərpənməsini eşidirdim.
– Sən bunu çox gözəl bacaracaqsan, – dedim.
– Hə, lap yadımdan çıxmışdı. Şərif dayıya zəng eləmişəm.
Bizim nikah mərasimində Şərif dayının hotel kağızlarına yazdığı şeri oxuması
yadıma düşdü. Sürəyya ilə mən təbəssümlə, fotoqraflara poz verərək səhnəyə çı-
xanda onun oğlanları başımızın üstündə Quran tutmuşdular.
– O nə dedi?
– O bizə kömək edəcək. Dedi ki, Miqrasiya xidmətində işləyən dostlarına zəng
edəcək.
– Bu ki əla xəbərdir. Bircə sən Söhrabı görsəydin. Səbirsizlənirəm.
– Mən səni görməyə səbirsizlənirəm.
Gülümsəyərək, dəstəyi asdım.
Bir neçə dəqiqə sonra Söhrab hamamdan çıxdı. Reymond Endrüslə görüşdən
bəri üst-üstə on söz deməmişdi. Mənim onunla danışmaq cəhdlərimə də ya başını
tərpətməklə, ya da bir sözlü cümlələrlə cavab verirdi. Çarpayıya dırmaşdı, adyalı
çənəsinə doğru çəkdi. Bir neçə dəqiqə sonra artıq xoruldayırdı.
Hamamın dumanlanmış güzgüsündə bir dairəni təmizləyib, üzümü hoteldəki
köhnə, taxma ülgüclü üzqırxanla qırxdım. Sonra mən də vannaya girdim. Buxar-
lanan isti su soyuyana, dərim soyuqdan ürpənənə qədər suda uzandım. Suyun
içində götür-qoy edir, sual verir, xəyallar qururdum.
ÖMƏR FƏYZAL GİRDƏSİFƏT, qaraşın, qara düymə gözlü adam idi. Güləndə
yanaqlarında oyuqlar əmələ gəlir, mehriban təbəssümü ağzında çatışmayan dişlə-
rinin boş yerlərini göstərirdi. Azalmağa başlayan çal saçlarını başının arxasında

yığmışdı. Qəhvəyi velvet kostyumunun dəri qolçaqları, əlində ağzına kimi dolu,
nimdaş çantası vardı. Dəstəyi qırıldığından çantanı sinəsinə sıxmışdı. Cümlələrinin
çoxunu gülüşlə və lazımsız üzrxahlıqlarla başlayanlardan biri idi. Mən zəng edəndə
o təkid elədi ki, görüşə özü gəlsin.
– Bağışlayın, bu şəhərdəki taksilər yırtıcıdırlar, – deyə zərrə qədər də ləhcəsi
olmayan ingilis dilində sitəm etdi. – Onlar xaricilərin iyini bilirlər. O saat qiymətləri
üç dəfə bahalaşdırırlar.
O, təbəssüm və üzrxahlıqlarla içəri girəndə bir az təngnəfəs və tər içində idi.
Dəsmalla alnını silib, diplomatını açdı və bloknotunu axtarmağa başladı. Sonra
çarpayının üstünə səpələdiyi kağızlara görə üzr istədi. Çarpayısında bardaş qurub
oturmuş Söhrabın bir gözü səsi alınmış televizorda, o biri isə tələskən hüquqşü-
nasda idi. Ona Fəyzalın gələcəyini səhər demişdim. O başını tərpətdi, nəsə
soruşmaq istədi, amma sonra yenə də danışan heyvanlar göstərən uşaq şousuna
baxmağa davam etdi.
– Demək belə, – Fəyzal sarı hüquqşünas bloknotunu açdı. – Ümid edirəm
uşaqlarım səliqə-sahmanda analarına çəkəcəklər. Bağışlayın, yəqin, gələcək
vəkilinizdən eşitmək istədiyiniz sözlər bu deyil, hə? – deyib, güldü.
– Hər halda Reymond Endrüs sizin haqqınızda yüksək fikirdədir.
– Cənab Endrüs. Bəli, bəli. Ləyaqətli insandır. Əslində o mənə zəng edib sizin
haqqınızda danışıb.
– Doğrudan?
– Hə əlbəttə.
– O zaman siz bizim məsələni bilirsiniz.
Fəyzal bığ yerinə çıxan təri silib dedi.
– Mən sizin məsələnin cənab Endrüsə danışdığınız versiyası ilə tanışam.
Şən təbəssümündən yanaqlarında oyuqlar əmələ gəldi. Söhraba tərəf çevrildi.
Farsca:
– Bütün bu problemlərin səbəbkarı bu cavan oğlandır? – deyə soruşdu.
– Bu Söhrabdır, – dedim. – Söhrab, bu səhər sənə haqqında danışdığım
hüquqşünas cənab Fəyzaldır.
Söhrab yatağından sürüşüb, Ömər Fəyzala yaxınlaşdı və onun əlini sıxdı. Alçaq
səslə “salam əleyküm” dedi.
– Əleyküm salam, Söhrab, – Fəyzal dedi. – Bilirdin ki, sənə böyük sərkərdənin
adını qoyublar?
Söhrab başı ilə təsdiqlədi. Yenidən çarpayısına uzanıb, televizora baxmağına
davam etdi.
– Bilmirdim ki, farsca belə yaxşı danışırsız, – ingiliscə soruşdum. – Kabildə
böyümüsüz?
– Yox, Kəraçidə doğulmuşam, amma bir neçə il Kabildə yaşamışam. Şəhr-e-
Noda, Hacı Yaqub Məscidinin yanında. Əslində Berklidə böyümüşəm. Atam

altmışıncı illərin sonunda orda musiqi dükanı açmışdı. Azad sevgi, bandanalar, dar
köynəklər, mini yubkalar... – Bir az qabağa əyildi. – Vudstokda
42
olmuşam.
– Ləzzət, – dedim. Cənab Fəyzal elə güldü ki, yenidən tərləməyə başladı. – Nə
isə, – sözümə davam etdim. – Cənab Endrüsə demək olar ki, hər şeyi danışmışam,
bir-iki məsələdən başqa. Bəlkə də, iki-üç məsələ. Sizə senzurasız versiyasını
danışacağam.
O, barmağına tüpürüb, bloknotunun boş səhifəsini açdı, qələminin ucluğunu
çıxartdı.
– Çox minnətdar olaram, Əmir. Bir də ki, bundan sonra, sadəcə, ingiliscə
danışsaq, yaxşı olmazmı?
– Yaxşı.
Ona baş verənlərin hamısını danışdım. Rəhim Xanla görüşümü, Kabilə
səfərimi, yetimxananı, Qazi stadionundakı daşabasma mərasimini.
– Allahım, – o pıçıldadı. – Bağışlayın, Kabil haqqında elə sevimli xatirələrim var
ki. Danışdıqlarınızın o yerdə baş verdiyinə inanmaq çətindir.
– Son vaxtlar orda olmusuz?
– Aman Allah, yox.
– Ora Berkli deyil. Sizə bunu deyə bilərəm, – dedim.
– Nə isə, davam edək.
Ona qalanını da danışdım. Asiflə görüşü, davanı, Söhrabı və onun quşatanını,
bizim Pakistana birgə qaçışımızı. Mən sözümü bitirəndə o bir qədər də qeyd götü-
rüb, dərindən nəfəs aldı və kədərlə üzümə baxdı.
– Demək belə, Əmir, qarşıda səni ağır bir mücadilə gözləyir.
– Qalib gələ biləcəyim mücadilədir?
Qələminin qapağını taxdı.
– Reymond Endrüs kimi səslənsəm də, deməliyəm ki, o qədər də böyük
ehtimal yoxdur. Tam imkansız deyil, amma az ehtimal olunandır.
Onun mehriban təbəssümü, oynaq baxışı harasa yox olmuşdu.
– Amma məhz Söhrab kimi uşaqların evə ehtiyacı hamıdan çoxdur, – dedim. –
Bu qayda-qanunlar çox mənasız görünür mənə.
– Siz quyuya qışqırırsız, Əmir, – dedi. – Amma fakt bundan ibarətdir ki, indiki
miqrasiya qanunlarını, övladlığa götürmə agentlikləri ilə bağlı siyasəti və Əfqa-
nıstandakı siyasi durumu üst-üstə gələndə hər şey sizin əleyhinizə çevrilir.
– Mən bununla razı deyiləm! – Nəyisə vurub sındırmaq istəyirdim. – Demək
istəyirəm ki, anlayıram, amma qəbul etmirəm.
Ömər başını tərpətdi. Qaşlarını çatmışdı.
– Bu belədir. Fəlakətdən sonra, fərqi yoxdur, insanların törətdiyi fəlakət olsun,
ya təbii fəlakət, – uşağın yetim olduğunu təsdiqləmək çox çətin olur. Uşaqlar
qaçqın düşərgələrində səhv düşür, ya valideynləri onlara qulluq edə bilmədiyi üçün
atırlar. Hər zaman baş verir. Odur ki, uşağın yetim olduğu təsdiqlənməsə,

Miqrasiya servisi ona viza verməyəcək. Bağışlayın, mən bilirəm, bu gülməlidir.
Amma siz ölüm haqqında şəhadətnamə təqdim etməlisiniz.
– Siz Əfqanıstanda olmusunuz. Bunun qeyri-mümkün olduğunu bilirsiniz.
– Bilirəm, – dedi. Amma gəlin ehtimal edək ki, uşağın valideynlərindən heç biri
sağ deyil. Hətta o zaman da Miqrasiya idarəsinin siyasəti belədir ki, uşaqlar öz
ölkələrində övladlığa götürülsə yaxşıdır, çünki o zaman onlar öz milli-mədəni
irsinin içində böyümüş olurlar.
– Nə irs? – dedim. – Talilban Əfqanların bütün irsini məhv edib. Bamiyandakı
nəhəng Buddalara nə etdiklərini görmədinizmi?
– Bağışlayın, mən sizə Miqrasiya İdarəsinin necə işlədiyini deyirəm, Əmir, –
Ömər mənim qolumdan tutdu. O, Söhraba baxıb, gülümsədi. Mənə tərəf çevrildi. –
Uşaq öz ölkəsinin qanun və qaydalarına uyğun olaraq qanuni şəkildə övladlığa
götürülməlidir. Amma siz Əfqanıstan kimi dəhşətli hadisələrin baş verdiyi ölkədən
olanda, hökumətlər fövqəladə hallarla məşğul olduğundan övladlığa götürmə işləri
həmişə arxa plana atılır.
Mən köksümü ötürüb, gözlərimi ovuşdurdum. Gözümün arxasında dəhşətli
başağrısı qalxırdı.
– Amma gəlin hətta ehtimal edək ki, Əfqanıstan övladlığa götürmə işlərinə
baxmağa başladı, – deyə Ömər əllərini qarnının üstündə daraqladı. – Bu hələ də
övladlığa götürmə üçün icazənin verilməsi demək deyil. Övladlığa götürülməyə
hələ də icazə verilməyə bilər. Əslində hətta daha mötədil müsəlman ölkələrdə belə
dövlətlər övladlığa götürmə ilə bağlı çox tərəddüdlü olurlar. Çünki o ölkələrin
çoxunda Şəriət qanunları övladlığa götürməni tanımır.
– İndi siz də mənə deyirsiz bu işdən əl çəkim? – deyə əlimi alnıma tutdum.
– Mən Amerikada böyümüşəm, Əmir. Amerika əgər mənə nə isə öyrədibsə,
biri budur ki, işi başlamadan geri çəkilmək tumanına batırmaq kimi bir şeydir.
Amma sizin vəkiliniz kimi mənim borcumdur ki, sizi bütün faktlarla tanış edim, –
dedi. – Nəhayət, övladlığa götürmə agentlikləri bir qayda olaraq, uşağın yaşadığı
mühiti öyrətmək üçün öz işçilərini onun ölkəsinə göndərirlər. Hansı agentlik öz
əməkdaşını Əfqanıstana göndərər ki?
Çarpayıda oturub, gözlərini gah bizə, gah televizora dikən Söhraba baxdım.
Atasının hər zaman oturduğu kimi, çənəsini bir dizinə dayayıb oturmuşdu.
– Mən onun ögey əmisiyəm, bunun məsələyə bir köməyi var?
– Ola bilər, əgər bunu sübut edə bilsəniz. Bağışlayın, amma sizin bunu
təsdiqləyəcək hər hansı sənədiniz, yaxud adamınız varmı?
– Sənəd yoxdur, – yorğun səslə dedim. – Bu barədə heç kim bilmirdi. Mən
deyənə qədər Söhrab da bilmirdi. Mən özüm də bu yaxınlarda xəbər tutmuşam.
Bunu bilən yeganə adam da çıxıb gedib, bəlkə də ölüb. İmkanlar nədən ibarətdir,
Ömər?
– Düzünü desəm, elə də böyük imkanlarınız yoxdur.
– Yaxşı, mən nə edə bilərəm?

Ömər nəfəsini aldı, çənəsini qələmlə bir az döyəclədikdən sonra nəfəsini verdi.
– Siz istənilən halda yetimin övladlığa götürülməsi üçün müraciət verib, ümid
edə bilərsiniz. Müstəqil olaraq müraciət edə bilərsiniz. Bu o deməkdir ki, növbəti
iki ili Söhrabla burda, Pakistanda yaşamalısınız, günü gününə. Siz onun adından
sığınacaq üçün müraciət edə bilərsiniz. Bu, uzun bir prosesdir və siyasi basqılara
məruz qaldığınızı sübut etməlisiniz. Humanitar viza istəyə bilərsiniz. Bu isə baş
prokurorun səlahiyətlərinə daxildir və almaq asan deyil. – O sözünə ara verdi. –
Burda bir imkan da var. Ola bilsin ki, ən yaxşı variant budur.
– Nə kimi? – deyə ona tərəf əyildim.
– Siz onu burda bir yetimxanaya yerləşdirib, sonra yetimi övladlığa götürmə
üçün müraciət edə bilərsiniz. I-600 formasını doldurub, o təhlükəsiz yerdə ikən sizi
də yoxlayacaqlar.
– O necə olacaq?
– Bağışlayın, I-600 Miqrasiya xidmətinin müraciət formasıdır. Sizi yoxlamaqla
isə seçdiyiniz övladlığa götürmə agentliyi məşğul olacaq, – Ömər davam edirdi. –
Sadəcə əmin olmalıdırlar ki, siz və arvadınız aqressiv lunatiklər deyilsiniz.
– Mən bunu eləmək istəmirəm, – deyə Söhraba baxdım. – Ona söz vermişəm
ki, yenidən yetimxanaya getməyəcək.
– Amma dediyim kimi, bu sizin ən yaxşı variantınız ola bilər.
Biz bir az da danışdıq, sonra mən onu maşınına – köhnə “böcək” modelli
Folksvageninə qədər ötürdüm. İslamabadda artıq günəş batmaq üzrə idi və Qərb
tərəfdə qırmızı halə əmələ gəlirdi. Ömər nə cürsə sükanın arxasına sivişib keçəndə
maşının onun ağırlığı altında çökməsini gördüm. O, şüşəni aşağı saldı.
– Əmir...
– Bəli.
– Bunu sizə hələ orda demək istəyirdim. Sizin eləmək istədiyiniz, bilirsinizmi...
siz çox yaxşı iş görürsüz.
Maşını çəkdikcə, əlini yelləyirdi. Hotelin həyətində dayanıb, ona əl eləyəndə
yeganə arzum Sürəyyanın indi yanımda olması idi.
MƏN İÇƏRİ QAYIDANDA Söhrab televizoru söndürdü. Çarpayımın kənarında
oturub, onu yanıma çağırdım.
– Cənab Fəyzal deyir ki, səni özümlə Amerikaya aparmağın yolunu tapa bilər, –
dedim.
– Doğrudan? – Son günlərdə ilk dəfə Söhrabın üzündə zəif bir təbəssüm
işıqlandı. – Nə zaman gedə bilərik?
– Məsələ də elə bundadır. Bu, bir az uzun çəkə bilər. Amma o dedi ki, bu
mümkündür və bizə kömək edəcək. – Əlimi uşağın boynuna qoydum. Küçədən
azan səsi dalanların içindən sıyrılıb pəncərədən içəri dolurdu.
– Nə qədər? – Söhrab soruşdu.
– Bilmirəm. Bir xeyli.

Söhrab çiynini çəkib gülümsədi. Bu dəfə üzündəki təbəssüm daha geniş idi.
– Eybi yox. Mən gözləyə bilərəm. Bu, turş alma kimidir.
– Turş alma?
– Bir dəfə, mən doğrudan da balaca olanda ağaca dırmaşmışdım və yaşıl, turş
almalardan o ki var, yemişdim. Sonra mənim qarnım şişib, nağara kimi tarıma
çəkildi. Çox ağrıdırdı. Ana dedi ki, mən almaların yetişməsini gözləsəydim,
xəstələnməzdim. Odur ki, indi mən nəyisə çox arzulayanda onun almalar barədə
dediklərini xatırlayıram.
– Turş almalar..., – dedim. – Maşallah, Söhrabcan, sən həyatımda gördüyüm
ən ağıllı balaca oğlansan.
Utandığından qulaqları qızardı.
– Sən məni qırmızı körpüyə apararsan? Duman olan yerə, – dedi.
– Əlbəttə, – dedim. – Hökmən.
– Biz o küçələrdə də maşın sürəcəyik? Yadındadır, sən demişdin, yalnız
maşının qabağını və səmanı gördüyün küçələr.
– Bircə-bircə, – dedim. Gözlərim yaşla dolmuşdu. Gözümü qırpdım ki, yaşlar
süzülsün.
– İngilis dilini öyrənmək çətindir?
– Məncə, bir il içində sən ingiliscə fars dilində danışdığın kimi danışacaqsan.
– Doğrudan?
– Doğrudan, -dedim. Barmağımı onun çənəsinə qoyub, üzünü mənə tərəf
çevirdim. – Bircə məsələ var, Söhrab.
– Nə?
– Hmm, cənab Fəyzal deyir ki, bunu etsək, işimiz həqiqətən alınar. Sən bir
müddət uşaqlar üçün evdə yaşaya bilərsən, mən xahiş etsəm?
– Uşaqlar üçün ev? – o təkrarladıqca, çöhrəsindəki təbəssüm əriyirdi. – Yəni
yetimxana?
– Bu çox qısa vaxt çəkəcək.
– Yoox, – dedi. – Yox, xahiş edirəm.
– Söhrab, çox az vaxt qalmaq lazım gələcək, söz verirəm.
– Sən söz vermişdin ki, bir də məni o yerlərə göndərməyəcəksən, Əmir ağa, –
dedi. Səsi qırılır, gözləri yaşla dolurdu. Vicdan əzabı çəkirdim.
– Bu yer fərqlidir. Burda, İslamabadda, Kabildə yox. Mən də səni Amerikaya
aparmaq üçün icazə alana qədər hər gün səni görməyə gələcəm.
– Xahiş edirəm! Xahiş edirəm, yox! – o xırıldaya-xırıldaya danışırdı. – Mən o
yerdən qorxuram. Onlar məni incidəcək! Ora getmək istəmirəm.
– Heç kim daha səni incitməyəcək. Bu bir daha baş verməyəcək.
– İncidəcəklər! Onlar həmişə deyir ki, incitməyəcəklər, amma yalan deyirlər.
Onlar yalan deyirlər! Xahiş edirəm, Aman Allah!
Barmağımla onun yanağından süzülüb gələn yaşı sildim. Yumşaqca:
– Turş almalar yadındadır? Bu da yaşıl alma kimidir, – dedim.

– Yox, ora belə deyil. Allahım, aman Allahım, Yalvarıram, yox! – o danışdıqca
əsir, üzündə burnunun suyu ilə göz yaşları bir-birinə qarışmışdı.
– Şşşş,– onu sakitləşdirməyə çalışdım. Titrəyən balaca bədənini qucaqladım. –
Şşşş, hər şey yaxşı olacaq. Biz birgə evimizə gedəcəyik. Görəcəksən, hər şey yaxşı
olacaq.
Ağzı sinəmə sıxılmış olsa da, səsindəki titrıyişi hiss olunurdu.
– Yalvarıram, söz ver ki, göndərməyəcəksən. Aman Allah, Əmir ağa!
Yalvarıram, de ki, məni ora verməyəcəksən.
Mən necə söz verə bilərdim axı? Onu qucağıma sıxdım. Qucağımda irəli-geri
yırğaladım. Göz yaşları quruyana, titrəməsi dayanana və yalvarışları qeyri-müəyyən
mışıltıya çevrilənə qədər başı sinəmdə ağladı. Bir az da gözlədim. Nəfəsi
yavaşıyana və bədəni süstləşənəcən uşağı yırğaladım. Hardansa çoxdan oxuduğum
bir cümləni xatırladım: Uşaqlar qorxuyla belə mübarizə aparır – onlar yuxuya
gedirlər.
Onu yatağına apardım, yerini düzəltdim. Sonra öz çarpayıma uzanıb,
pəncərədən İslamabadın bənövşəyi səmasına baxdım.
TELEFON ZƏNGİ məni yuxudan hövlanak oyadanda səma artıq qapqara idi.
Gözümü ovuşdurub, yatağın yanındakı lampanı yandırdım. On birin yarısından
azacıq keçmişdi. Demək olar ki, üç saat yatmışdım. Telefonu qaldırdım.
– Alo?
– Amerikadan zəng var, – deyə cənab Fəyyazın bezik səsi eşidildi.
– Çox sağ olun, – dedim. Hamamın işığı yanırdı. Söhrab gecə vannası qəbul
edirdi. Bir az xırıltıdan sonra Sürəyyanın səsi gəldi.
– Salaam, – çox sevincək səslənirdi.
– Vəkillə görüş necə keçdi?
Ona Ömər Fəyzalın təklifini söylədim.
– Unut bunları, – dedi. – Bunları etməyə lüzum yoxdur.
Yerimdə qalxıb, oturdum.
– Necə? Niyə, nə olub ki?

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin