Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   20   21   22   23   24   25   26   27   28
Söhrabın necə canlandığı, ona baxmaq üçün pəncərəyə söykənməsi yadıma düşdü.
– Şah Fəyzal?
– Hə. Məni ora apara bilərsiniz?
– Bilirsiz ki, o, dünyada ən böyük məsciddir? – soruşdu.
– Hə, amma...
– Təkcə həyətinə qırx min adam yerləşir.
– Burdan cəmi bir kilometr aralıdadır, – dedi. Amma o artıq piştaxtadan
aralanırdı.
– Gediş haqqını verəcəyəm.
O, ah çəkib, başını buladı. “Burda gözlə” deyib, arxa otaqda yox oldu.
Qayıdanda gözündə başqa eynək, əlində açar dəsti, yanında da narıncıı sarı geymiş
girdəsifət bir qadın vardı. Qadın piştaxtanın arxasına keçdi.
– Mən səndən pul alan deyiləm, – yanımda təngnəfəs addımlayan cənab
Fəyyaz dedi. – Mən də sənin kimi atayam. Səninlə ona görə gedirəm.

DÜŞÜNÜRDÜM Kİ, GECƏ DÜŞƏNƏ qədər şəhərdə fırlanmalı olacağıq. Polisə
zəng eləməyimi, Fəyyazın məzəmmət dolu baxışları altında onlara Söhrabı təsvir
edəcəyimi düşünürdüm. Polis məmurunun yorğun, etinasız səslə şablon sualları
verməsini belə təsəvvürümə gətirmişdim. Və şablon rəsmi sualların altında bir
qeyri-rəsmi sual da vardı: əşşi, cəhənnəmə ki! Daha bir ölü əfqan uşaq kimin nə
dərdinə qalıb?
Amma biz onu məsciddən yüz metr aralıda, maşınlar üçün parkinq sahəsində,
otluqda oturmuş tapdıq. Fəyyaz maşını otluğun yanında saxlayıb, məni maşından
düşürdü.
– Mən geri dönməliyəm, – dedi.
– Yaxşı, biz gəzə-gəzə qayıdarıq, – dedim. – çox sağ olun, cənab Fəyyaz.
Həqiqətən də çox sağ olun.
Mən düşəndən sonra o, oturacağın üstündən əyilib məni səslədi.
– Sənə bir söz deyə bilərəm?
– Əlbəttə.
Alatoranda onun üzündə yalnız qürub günəşinin şüalarını əks etdirən eynəyi
görünürdü.
– Siz əfqanların problemi bilirsən nədir? Siz bir az əhlikefsiniz.
Yorğunluqdan və ağrıdan ölürdüm. Çənəm əsirdi. Sinəmdə və qarnımdakı
yaralar da elə sancırdı ki, sanki, dərimin altından tikanlı məftil keçirdi. Amma
gülməkdən özümü saxlaya bilmədim.
– Nə? Nə dedim ki?... – Fəyyaz çaşıb qalmışdı. Amma mən şaqqanaq çəkir,
məftillənmiş ağzımla ürəkdolusu gülürdüm.
– Dəlisiz siz, – dedi. Geriyə gedəndə maşının təkərləri çırıldadı, alaqaranlıqda
maşının arxa qırmızı işıqları göz vurdu.
– YAMANCA QORXUTMUŞDUN MƏNİ – deyib, ağrıdan qıc ola-ola Söhrabın
yanına oturdum.
O, məscidə baxırdı. Şah Fəyzal Məscidi nəhəng çadır şəklində inşa olunmuşdu.
Maşınlar gəlib-gedir, ağ geyinmiş inanclılar içəri axışır, çölə çıxırdı. Biz sükut içində,
ağaca söykənib oturmuşduq. Söhrab yanımda oturub dizlərini sinəsinə sıxmışdı.
Azan səsini dinlədik, gün işığı azaldıqca binanın yüzlərlə işığının yanmasına tamaşa
elədik. Məscid qaranlıqda brilyant kimi alışıb yanır, təkcə səmanı deyil, həm də
Söhrabın çöhrəsini işıqlandırırdı.
– Məzari-Şərifdə olmusan? – Söhrab soruşdu. Çənəsini dizinə dayamışdı.
– Çoxdan olub. İndi yadımda qalmayıb.
– Mən balaca olanda atam ora aparmışdı. Anamla Sasa da bizimlə gəlmişdilər.
Atam mənə bazardan meymun almışdı. Əsl meymun yox, şar kimi. Qəhvəyi rəngdə
idi, boğazına da bant bağlanmışdı.
– Bəlkə, mən də balaca olanda belə meymunum olubmuş.

– Atam məni Göy Məscidə aparmışdı, – Söhrab davam etdi. – Məscidin
həyətində o qədər göyərçin vardı ki... Adamlardan da heç qorxmurdular. Bizə sarı
uçurdular. Sasa mənə bir tikə çörək verdi, quşları yedirtdik. Az sonra ətrafım bütün
qur-qur quqquldayan göyərçinlərlə dolu idi. Çox maraqlı idi.
– Yəqin ki, valideynlərin üçün çox darıxırsan, – dedim. Düşündüm, görəsən,
Talibanın ata-anasını küçəyə sürüyüb çıxartdığını görmüşdümü? Kaş görməyəydi.
– Sən valideynlərin üçün darıxırsan? – O, çənəsi dizinin üstündə, gözünü mənə
tərəf qaldırıb soruşdu.
– Mənmi? Hmm, anamı heç vaxt görməmişəm. Atam bir neçə il əvvəl ölüb,
onun üçün darıxıram. Bəzən lap çox darıxıram.
– Onun görünüşü yadındadı?
Babanın güclü boynu, qara gözləri, ipə-sapa yatmayan qəhvəyi saçlarını
xatırladım. Onun dizləri üstündə oturanda qalın ağac gövdəsi üstündə oturduğunu
düşünərdin.
– Yadımdadı. Onun necə göründüyü də, hətta qoxusu da yadımdadı.
– Onların üzü yaddaşımdan silinir, – dedi Söhrab. – Bu çox pisdi?
– Yox, – dedim. – Zamanla belə olur.
Birdən ağlıma bir şey gəldi. Gödəkçəmin çöl cibinə baxdım. Həsənlə Söhrabın
Polaroid şəklini tapıb çıxardım.
– Al, bax.
O, şəkli üzünə lap yaxınlaşdırdı, məscidin işığına tərəf çevirdi. Uzun-uzun şəklə
baxdı. Düşündüm ki, ağlayacaq, amma belə olmadı. Sadəcə, şəkli iki əli ilə tutub,
barmağını üzərində gəzdirirdi. Hardasa oxuduğum, bəlkə də, kimdənsə eşitdiyim
bir cümlə yadıma düşdü: Əfqanıstanda uşaq çoxdu, uşaqlıq yoxdu. Qolunu açıb,
şəkli mənə uzatdı.
– Saxla, – dedim. – Sənin olsun.
– Çox sağ ol.
O bir daha şəklə baxıb, onu jiletinin cibində gizlətdi. Bir azdan parkinq yerinə
at arabası gəldi. Atın boynundan asılmış zınqırov hər addımda cingildəyirdi.
– Son zamanlar mən məscidlər haqqında çox düşünmüşəm, – Söhrab dedi.
– Məscidlər haqqında? Niyə?
– Sadəcə, onlar haqqına, – çiyinlərini çəkib, cavab verdi. Üzünü qaldırıb, düz
üzümə baxdı. İndi o ağlayırdı. Səssizcə. – Bir şey soruşa bilərəm, Əmir ağa?
– Əlbəttə.
– Allah, – o sözə başlasa da kəkələdi. – Allah o kişiyə elədiyimə görə məni
cəhənnəmə göndərəcək?
Ona tərəf əyildim, amma diksindiyi üçün geri çəkildim.
– Yox, əlbəttə ki, yox.
Onu özümə sıxmaq, qucaqlayıb, onun deyil, dünyanın ona qarşı çox haqsız
olduğunu demək istəyirdim.
Söhrabın üzü əyildi, sonra özünü ələ alıb dedi:

– Atam deyirdi ki, hətta pis adamlara da ziyan vurmaq olmaz. Çünki onlar daha
yaxşı olmağı bacarmırlar. Bir də ki, bəzən pis adamlar da yaxşı adama çevrilə bilər.
– Heç də həmişə belə olmur, Söhrab.
O mənə şübhə və sual dolu nəzərlə baxdı.
– Səni incidən adamı mən çoxdan tanıyıram, – dedim. – Yəqin ki, sən bunu
bizim söhbətimizdən anlamışdın. Sənin yaşında olanda o bir dəfə məni incitmək
istəmişdi, amma atan məni xilas elədi. Atan çox cəsur idi və həmişə məni
problemdən xilas edir, mənim müdafiəmə qalxırdı. Həmin pis adam buna görə
sənin atanı incitdi. Onu çox pis şəkildə incitdi və mən... sənin atanın məni
qoruduğu kimi, qoruya bilmədim onu.
– Adamlar niyə mənim atamı incitmək istəsin ki? – Söhrab nazik səslə soruşdu.
– O axı heç vaxt heç kimə pislik eləməyib.
– Haqlısan. Atan çox yaxşı adam idi. Amma sənə demək istədiyim də elə budu,
Söhrab can. Bu dünyada pis adamlar var. Bəzən pis adamlar pis olaraq qalır. Bəzən
sən onlara qarşı qalxmalı olursan. Sənin o kişiyə etdiyini gərək mən neçə il əvvəl
edəydim. Sən ona layiq olduğunu verdin. O daha pis cəzaya layiq idi.
– Səncə, mən atamı məyus eləmişəm?
– Bilirəm ki, yox, – dedim. – Sən Kabildə mənim həyatımı xilas elədin. Bilirəm
ki, o buna görə səninlə fəxr edir.
Köynəyinin qolu ilə üzünü sildi. Dodağında ağzının suyundan böyük bir köpük
əmələ gəlmişdi. Üzünü iki əlinin içinə alıb xeyli ağladı.
– Ata üçün də, ana üçün də darıxmışam, – deyə zarıldadı. – Sasa və Rəhim Xan
üçün də. Amma bəzən düşünürəm ki... yaxşı ki, onlar burda deyillər.
– Niyə? – qoluna toxundum. Qolunu geri çəkdi.
– Çünki – içini çəkə-çəkə dedi. – Çünki onların məni görməsini istəmirəm...
Mən murdaram.
Nəfəsini içinə çəkib uzun bir zarıltı ilə yenə ağlamağa başladı.
– Mən murdaram, başdan ayağa günah içindəyəm, – dedi.
– Sən murdar deyilsən, – dedim.
– O kişilər...
– Sən heç zərrə qədər də murdar deyilsən.
– Onlar mənə bəzi şeylər... o pis adam və o biri ikisi... onlar mənə... bəzi şeylər
edirdilər.
– Sən murdar deyilsən, sən günahla dolu deyilsən. – Mən yenidən onun
qoluna toxundum. O qolunu geri çəkdi. Mən yumşaqca onu özümə tərəf çəkdim. –
Səni incitməyəcəm, – pıçıldadım. – Söz verirəm. – O bir az müqavimət göstərdi,
sonra süstləşdi və onu qucaqlayıb, başını çiynimə qoymama imkan verdi. İçini
çəkdikcə balaca bədəni əsirdi.
Eyni qadının döşündən süd əmmiş adamların arasında bağlılıq olur. İndi,
oğlanın ağrısı göz yaşları ilə mənim köynəyimə hopduqca mən aramızdakı bağlılığın

necə kök atdığını görürdüm. Həmin gün Asiflə otaqda baş verənlər bizi birdəfəlik
bir-birimizə bağlamışdı.
Beynimdə fırlanan və gecələr yatmağa qoymayan sualı verməyə doğru vaxt,
əlverişli məqam axtarırdım. Nədənsə məhz indi, bu anda və bu yerdə, Allahın
evinin işıqlarının üstümüzə əksini saldığı bir yerdə həmin məqamın gəldiyini
düşündüm.
– Amerikaya gəlib mənimlə və mənim arvadımla yaşamaq istəyərdin?
O cavab vermədi. Yenə də içini çəkib, köynəyimə ağladı. Mən də onu rahat
buraxdım.
BİR HƏFTƏ BOYU ondan soruşduğum məsələni heç birimiz yada salmadıq.
Sanki, bu sual heç verilməmişdi. Sonra günlərin bir günü Söhrabla mən “Damən-e-
koh” – Dağətəyi mənzərə yerinə taksi ilə gedirdik. Marqalla təpələrini çıxan yolun
düz ortasında yerləşən Damən-e-Kohdan İslamabada, onun təmiz, ağaclarla
əhatələnmiş küçələrinə və ağ evlərinə gözəl mənzərə açılırdı. Sürücü dedi ki, ordan
biz prezident sarayını da görə bilərdik.
– Yağışdan sonra hava açıqdırsa, hətta Ravalpindi
41
də görünər.
Ön güzgüdə sürücünün gözlərinin gah mənə, gah Söhraba baxdığını gördüm.
Güzgüdə mənim üzüm də görünürdü. Əvvəlki kimi şişkin deyildi, amma mənim
solan çapıqlarımın fonunda sapsarı görünürdü.
Piknik yerlərindən birində saqqız ağacının kölgəsində skamyaya əyləşdik. İsti
bir gün idi. Günəş topaz kimi mavi səmada çox yüksəkdən parıldayırdı. Yaxınlıqdakı
skamyalarda ailələr samosa və pakora yeyirdi. Hardasa radiodan xatırladığım bir
filmdən – deyəsən adı “Pakizə” idi – bir hindi mahnısı səslənirdi. Əsasən, Söhrab
yaşda olan uşaqlar futbol topunu qovur, qaqqıldayır, gülüşürdülər. Karte-sedəki
uşaq evini, Zamanın kabinetində ayaqlarımın arasından sivişib çıxan siçovulu
xatırladım. Öz həmvətənlərimin ölkəmizi necə məhv etdiyini düşünəndə qəzəbdən
çənəm düyünləndi.
– Nə olub? – Söhrab soruşdu. Gülümsəməyə çalışdım və ona önəmli bir şey
olmadığını dedim. Mehmanxanadan götürdüyümüz hamam dəsmallarından birini
piknik masasının üstünə sərib, onun üstündə pəncpər oynadıq. Burda atadanbir,
anadanayrı qardaşımın oğlu ilə kart oynamaq, günəşin kürəyimi isitməsi çox xoş
idi. Mahnı bitdi və başqası – tanımadığım biri başladı.
– Ora bax, – Söhrab dedi. O, əlində kart göyü göstərirdi. Yuxarı baxdım, geniş,
tərtəmiz səmada qartal süzürdü.
– Bilmirdim ki, İslamabadda qartallar olur, – dedim.
– Mən də... – cavab verdi. Gözləri ilə quşların göydə vurduğu dairələri izləyirdi.
– Sən yaşadığın yerdə onlardan varmı?
– San Fransiskoda? Məncə hə. Hərçənd ki, çox görməmişəm onlardan.
– Aa,-dedi. Mən ümid edirdim ki, o daha çox sual verəcək. Amma o, kartla
daha bir gediş edib, yemək yeyib-yeməyəcəyimizi soruşdu. Kağız torbanı açıb, ona

kotletli sandviçi uzatdım. Mənim naharım bir kasa banan və portağal əzməsindən
ibarət idi. Bunun üçün cənab Fəyyazın blenderini borc almışdım. Plastik borucuqla
yeməyimi sömürdükcə şirin, əzilmiş meyvə püresi ağzıma dolurdu. Yeməyin bir
hissəsi ağzımın qırağından süzülüb axırdı. Söhrab mənə dəsmal verib, ağzımı təmiz-
ləməyimə nəzarət etdi. Gülümsədim. O da gülümsədi.
– Atanla mən qardaş idik, – dedim. Birdən-birə ağzımdan çıxdı. Bunu ona
məscidin yanında otluqda oturduğumuz vaxt demək istəmişdim, amma bacar-
mamışdım. Amma bunu bilmək onun haqqı idi. Heç nəyi gizlətmək istəmirdim. –
Əslində yarım qardaş idik. Atamız eyni idi.
Söhrab çeynəməyinə ara verdi. Sandviçi yerə qoydu.
– Ata qardaşının olduğunu deməmişdi.
– Çünki özü də bilmirdi.
– Niyə bilmirdi?
– Heç kim ona deməmişdi. Mənə də heç kim deməmişdi. Bu yaxınlarda xəbər
tutdum.
Söhrab gözlərini döyürdü. Sanki, ilk dəfə doğrudan-doğruya mənə baxırdı.
– Amma adamlar bunu ata ilə səndən niyə gizlətsinlər ki?
– Bilirsənmi, bu sualı özümə mən də vermişdim. Cavab var, amma o yaxşı
cavab deyil. Belə deyək də, onlar bizə demirdilər, çünki atanla mən... qardaş
olmamalı idik.
– Həzara olduğuna görə?
Gözlərimi ondan çəkməməyə çalışdım.
– Hə.
– Sənin atan, – gözünü sandviçinə dikib başladığı cümləni necə bitirəcəyini
bilmirdi. – Sənin atan atamla səni bərabər sevirdi?
Çoxdan, Qarğa gölündə Həsən daşlarını mənim daşlarımdan daha uzağa
səyirəndə Babanın onun çiynini qucaqlamasını xatırladım. Gözlərimin önündə
xəstəxana palatasında Həsənin dodağından sarğı açılarkən Babanın sevincli siması
canlandı.
– Məncə, o bizi bərabər sevirdi, amma hər birimizi başqa cür.
– O atama görə utanırdı?
– Yox, – dedim. – Məncə, o özünə görə utanırdı.
O, sandviçini götürüb, onu səssizcə xırda-xırda dişləməyə başladı.
GƏZMƏKDƏN AXŞAMÜSTÜ qayıtdıq. İstidən yorulmuşduq, amma bu
yorğunluq xoş bir yorğunluq idi. Geriyə qayıdanda Söhrabın mənə baxdığını hiss
edirdim. Sürücüdən maşını telefon kartları satan yerdə saxlamasını xahiş etdim.
Ona bir az əlavə pul verib, mənə kart almasını xahiş etdim.
Həmin gecə biz yerimizdə uzanıb, televiziyada tok-şouya baxırdıq. Bomboz
uzun saqqalı və başında çalması olan iki din xadimi dünyanın müxtəlif ölkələrində
yaşayan dindarlardan zənglərə cavab verirdilər. Finlandiyadan zəng edən Əyyub

adlı birisi soruşurdu ki, oğlunun gen şalvarının beli bir qədər aşağıdan olsa və alt
paltarının ucu görünsə, buna görə uşağı cəhənnəmlik olacaqmı?
– Mən San Fransiskonun şəklini görmüşəm, – Söhrab dedi.
– Doğrudan?
– Orda qırmızı körpü və iti uclu damı olan bina vardı.
– Sən hələ küçələri görəsən, – dedim.
– Küçələrində nə var ki? – indi gözlərini mənə dikmişdi. Televizor ekranında iki
molla bir-birinə məsləhət verirdi.
– O qədər şumaldırlar ki, sən maşın sürəndə ancaq maşının qabağını və göyü
görürsən.
– Qorxulu səslənir, – dedi. Çarpayının öz tərəfində üzü mənə, arxası televizora
sarı uzandı.
– İlk dəfələr, – dedim. – Amma sonra adam buna alışır.
– Orda qar yağır?
– Yox, amma çoxlu duman olur. Həmin o gördüyün qırmızı körpü var ha...
– Aha.
– Bəzən səhərlər duman elə qatı olur ki, yalnız körpünün üstündəki iki qüllənin
başı görünür.
– Ooo, – təbəssümündə maraq vardı.
– Söhrab?
– Bəli.
– Səndən o gün soruşduğum barədə düşündünmü?
Təbəssüm üzündə əridi. Arxaya uzandı. Əllərini başının altında daraqladı.
Televizordakı mollalar isə artıq qərarı vermişdilər – Əyyub şalvarı məhz o cür
geydiyinə görə cəhənnəmə vasil olacaqdı. Hədisdə belə yazılıbmış.
– Mən bu barədə düşünmüşəm, – dedi Söhrab.
– Və?
– Bu məni qorxudur.
– Bilirəm, bir az qorxuludur, – dedim. Ümid kələfinin ucunu itirmək
istəmirdim. – Amma ingiliscəni tez öyrənərsən, tez də alışarsan...
– Dediyim bu deyil. Bunlardan da qorxuram, amma...
– Amma nə?
O yenidən mənə tərəf döndü. Dizlərini sinəsinə doğru bükdü.
– Birdən sən məndən yoruldun? Birdən sənin arvadın məni bəyənmədi?
Əziyyətlə yataqdan qalxıb, aramızdakı məsafəni qət etdim. Yanında oturdum.
– Mən heç vaxt səndən yorulmayacam, Söhrab, – dedim. – Heç vaxt. Sənə söz
verirəm. Sən mənim qardaşım oğlusan, yadında saxla bunu. Sürəyyacan da çox
qayğıkeş qadındır. İnan mənə, o səni sevəcək. Bunu da sənə söz verirəm.
Nəyəsə nail olmuşdum. Əlimi uzadıb, onun əlini götürdüm. Bir az gərilsə də,
əlini çəkmədi.
– Mən başqa yetimxanaya getmək istəmirəm, – dedi.

– Buna heç vaxt imkan vermərəm. Söz verirəm. – Söhrabın əlini iki əlimin
arasında sıxdım. – Gəl, birgə evimizə gedək.
Onun göz yaşları yastığı islatmışdı. Uzun müddət heç nə demədi. Sonra onun
balaca əlinin mənim əlimi sıxdığını hiss elədim. Və başını tərpətdi. Başı ilə təs-
diqlədi.
YALNIZ DÖRDÜNCÜ CƏHDDƏN əlaqə mümkün oldu. O, telefonu üçüncü zəngdən
götürdü.
– Alo?
İslamabadda axşam saat səkkizin yarısı idi, Kaliforniyada isə səhər həmin vaxt
idi. Bu vaxtlar Sürəyya artıq bir saatdır ki, oyaq olur, məktəbə hazırlaşırdı.
– Mənəm, – dedim. Çarpayımda oturub, Söhrabın yatmağına baxırdım.
– Əmir! – o, az qala qışqırırdı. – Yaxşısan? Hardasan?
– Pakistandayam.
– Niyə zəng eləmirdin? Təşvişdən xəstələnmişəm. Anam hər gün dua oxuyub,
nəzir deyir.
– Bağışla, zəng edə bilmirdim. İndi yaxşıyam. – Ona bir, ən çoxu iki həftə
olmayacağımı dedim. Evdən bir ay idi ki, çıxmışdım. Gülümsədim. – Cəmilə xalaya
de, qoyunları öldürməsin daha.
– “İndi yaxşıyam” nə deməkdir? Səsinə nə olub?
– Bundan narahat olma indi. Yaxşıyam. Doğrudan. Sürəyya, mənim sənə
danışacaqlarım var. Bunu sənə çoxdan danışmalı idim. Amma əvvəl sənə bir şey
deyim.
– Nədir o? – soruşdu. Səsi yavaşımış, ehtiyatlı idi.
– Mən evə tək qayıtmıram. Özümlə balaca bir oğlan gətirəcəyəm, – fasilə
verdim. – Onu övladlığa götürməmizi istəyirəm.
– Nə?
Saatımı yoxladım.
– Bu danışıq kartında cəmi əlli yeddi dəqiqə vaxt var. Mən də sənə bu qədər
şey danışmalıyam. Otur bir yerə.
Taxta döşəmədə tələsik stulu çəkdiyini eşitdim.
Sonra mən evliliyimizin on beş ili ərzində etmədiyimi etdim: Arvadıma hər şeyi
danışdım. Hər şeyi. Bu anı gözümün qarşısına neçə dəfə gətirmişdim. Bu
məqamdan çox qorxurdum. Amma danışdıqca çiynimdən yükün götürüldüyünü
hiss edirdim. Sürəyyanın elçilik gecəsi mənə öz keçmişi barədə danışarkən eyni hiss
keçirdiyini düşündüm.
Mən hekayəmi danışıb bitirəndə o hönkürürdü.
– Nə düşünürsən? – soruşdum.
– Nə düşünəcəyimi bilmirəm, Əmir. Birdəfəyə o qədər çox şey danışdın ki
mənə.
– Anlayıram.

Xəttin o biri başında burnunu silməsi eşidildi.
– Amma bu qədərini dəqiq bilirəm: Onu evimizə gətirməlisən. Bunu etməni
istəyirəm.
– Əminsən? – soruşdum. Gözlərimi yummuş, gülümsəyirdim.
– Əminsən nədir? – dedi. – Əmir, o sənin qohumun, sənin ailəndir. Deməli,
mənim də qohumumdur. Əlbəttə ki, əminəm. Onu küçədə qoymayacaqsan ki. –
Qısa aradan sonra soruşdu. – Necə uşaqdır?
Çarpayıda mışıl-mışıl yatan Söhraba baxıb:
– Şirin. Çox sevimli və çox ciddi bir uşaqdır.
– Ciddi olmasın da neynəsin? Onu görmək istəyirəm, Əmir. Həqiqətən görmək
istəyirəm.
– Sürəyya?
– Bəli.
– Dust darəm. Sevirəm səni.
– Mən də səni, – dedi. Sözlərindən təbəssümünü sezə bilirdim. – Ehtiyatlı ol.
– Olacam. Bir də ki... Valideynlərinə onun kim olduğunu demə. Bilmələri lazım
gəlsə, mənim deməyim daha doğru olar.
– Okey.
Dəstəyi asdıq.
İSLAMABADDAKI Amerika səfirliyinin qarşısındakı çəmənlik çox səliqəli
görünürdü. Ortadakı dairəvi güllükləri çiçəklər və dekorativ kollar bəzəyirdi. Bina-
nın özü İslamabaddakı binaların çoxuna oxşayırdı – yastı və ağ idi. Binaya çatmaq
üçün bir neçə yol keçid məntəqəsindən keçməli olduq. Çənəmdəki məftillər metal
detektorlarında səs saldığından üç müxtəlif təhlükəsizlik əməkdaşı məni ciddi-
cəhdlə axtardı. Nəhayət, isti küçədən içəri girəndə kondisionerlərin havası buzlu su
kimi üzümə çırpıldı. Girişdəki katibə əlli yaşlarında, arıq üzlü sarışın qadındı. Adımı
ona söyləyəndə gülümsədi. Əynində bej rəngli köynək və qara şalvar vardı. Son
həftələrdə gördüyüm burka, ya da şalvar-kamiz geyməyən ilk qadın idi. Əlindəki
karandaşın pozan hissəsini stola döyəcləyə-döyəcləyə adımı görüşə yazılanlar
siyahısında axtardı. Adımı siyahıda tapıb, mənə oturmağı təklif etdi.
– Limonad istəyirsiz? – soruşdu.
– Yox, mən istəmirəm, çox sağ olun, – dedim.
– Oğlunuz necə?
– Bağışlayın?
– Bu yaraşıqlı gənc centlmeni deyirəm, – qadın Söhraba göz vurdu.
– Hə. Yaxşı olardı. Çox sağ olun.
Söhrabla mən katibənin masası ilə üzbəüz, hündür Amerika bayrağının
yanında qara dəri kreslolara oturduq. Söhrab üstü şüşəli qəhvə masasının
üstündən jurnal seçdi. Səhifələri vərəqləyir, amma şəkillərə baxmırdı.

– Nə olub?
– Nədir ki?
– Gülümsəyirsən.
– Sənin haqqında düşünürdüm, – dedim.
O da əsəbi şəkildə gülümsədi. Başqa bir jurnal götürüb, onu da otuz saniyə
içində vərəqləyib qurtardı.
– Qorxma, – deyib, qoluna toxundum. – Bu adamlar dostdurlar. Rahat ol.
Bu məsləhət elə özümə də lazım idi. Kresloda qurcuxur, ayaqqabılarımın
bağlarını açıb-bağlayırdım. Katibə qəhvə masasının üstünə içində buzlu limonad
olan hündür bir stəkan qoydu.
– Buyurun.
Söhrab utana-utana gülümsədi.
– Çox sağ olun, – deyə ingiliscə cavab verdi. Tələffüzü qüsurlu idi. Bildiyi iki
ifadədən biri bu, o birisi “xoş gününüz olsun” idi.
Qadın güldü. “Dəyməz” deyib, hündür dabanlı ayaqqabılarını döşəmədə
tıqqıldadaraq öz masasına doğru addımladı.
– Xoş gününüz olsun, – Söhrab ingiliscə dedi.
REYMOND ENDRÜSÜN əlləri balaca boyuna uyğun, xırdaca idi, dırnaqları
səliqə ilə qırxılmışdı, adsız barmağında nişan üzüyü vardı. Əlimi ehmalca sıxdı –
sanki, sərçə tutmuşdu. Söhrabla onun masasının qarşısında oturarkən bu əllərin
bizim taleyimizi həll etdiyini düşündüm. Endrüsün arxasındakı divarda Birləşmiş
Ştatların topoqrafik xəritəsinin yanında “Səfillər” posteri vurulmuşdu. Pəncərənin
qarşısında pomidor kolu günəş şüası alırdı.
– Siqaret çəkirsiz? – deyə soruşdu. Qalın bariton səsi zəif cüssəsinə heç uyğun
gəlmirdi.
– Yox, sağ olun, – dedim. Endrüsün Söhraba gözünün ucu ilə də baxmaması,
mənimlə danışanda da gözlərini üzümə dikməməsi vecimə deyildi. O siyirməni
açıb, yarımçıq qutudan bir siqaret çıxarıb yandırdı. Sonra eyni siyirmədən bir şüşə
losyon çıxardı. Siqaret damağında losyonu əllərinə sürtdükcə pomidor koluna
baxırdı. Sonra siyirməni bağladı, dirsəklərini stola dayayıb, dərindən nəfəs aldı.
– Belə, – deyə siqaret tüstüsündən acışan kirpiklərini qırpdı. – danışın görüm,
sizin əhvalat nədir?
Özümü Javerlə üzbəüz oturan Jan Valjan kimi hiss edirdim. Bir daha özümə
indi Amerika torpağında olduğumu xatırladıb, bu adamın mənim tərəfimdə ol-
masını, mənim kimi insanlara kömək etmək üçün maaş aldığını düşündüm.
– Mən bu oğlanı övladlığa götürüb, onu özümlə Birləşmiş Ştatlara aparmaq
istəyirəm, – dedim.
– Mənə əhvalatı danışın, – deyə təkrar etdi və şəhadət barmağı ilə siqaret
külünü tərtəmiz stolun üstünə çırpıb zibil qabına süpürdü.

Ona Sürəyya ilə söhbətdən sonra beynimdə hazırladığım versiyanı danışdım.
Əfqanıstana atabir, anaayrı qardaşımın oğlunu götürmək üçün getdiyimi, uşağı çox
pis şəraitdə, uşaq evində həyat üçün təhlükəli vəziyyətdə tapdığımı dedim. Dedim
ki, uşaq evinin direktoruna pul verib, oğlanı ordan çıxarmışam, sonra da Pakistana
gətirmişəm.
– Siz oğlanın ögey əmisisiz?
O, saatını yoxladı. Əyildi və koldakı pomidoru tağın üstündə çevirdi.
– Bunu təsdiqləyəcək biri varmı?
– Var, amma onun indi harda olduğunu bilmirəm.
Mənə tərəf çevrilib, başını tərpətdi. Üzünün ifadəsini oxumağa çalışdım,
amma bacarmadım. Əla qumar oynayardı, deyə beynimdən keçdi.
– Güman edirəm, çənənizin məftillə tikilməsi dəb xatirinə deyil, – dedi.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin