Az Book Library Filosof Fikri



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə21/28
tarix26.11.2016
ölçüsü5.01 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

assosiasiyalarla mental sağlamlıqla bağlı mütəxəssis rəyinin çıxarılmasına kömək
edir.
İYİRMİ İKİ
Fərid “Land Cruiser”i Vəzir Əkbər Xan rayonundakı böyük evə çatanda əylədi.
Maşını 15-ci küçə – Sərək-e-Mehmanə, “Qonaqlar” küçəsində həyətin hasarından
çölə axan söyüd budaqlarının kölgəsində saxladı. Mühərriki söndürəndən sonra bir
dəqiqə oturub soyuyan mühərrikin tıqqıldamasına qulaq asdıq. Fərid oturacağında
qurcalanıb hələ də yuvasından çıxarmadığı açarla oynayırdı. O, sanki, mənə nəsə
deməyə hazırlaşırdı.
– Mən yəqin ki, səni maşında gözləyərəm, – deyə o sonda, sanki, üzr istəyirmiş
kimi dedi. Üzümə belə baxmırdı. – Bu, sənin işindir indi.
Onun qolunu dümsüklədim.
– Sən, verdiyim puldan qat-qat artıq yardım eləmisən mənə. Getməyini
gözləmirdim də.
Əslində isə ora tək getməməyi istərdim. Baba haqqında öyrəndiklərimə
baxmayaraq, onun indi yanımda olmasını arzulayırdım. Baba alaqapını sındırıb içəri
keçər, ona lazım olan adamla görüş tələb edər, yolunda duran hər kəsin saqqalına
edərdi. Amma Baba çoxdan ölmüş, Heyvorddakı balaca qəbiristanlığın əfqanlar
üçün ayrılmış hissəsində basdırılmışdı. Elə keçən ay Sürəyya ilə mən onun
başdaşının üstünə qızçiçəyi və süsən qoymuşduq. İndi mən tək idim.
Maşından düşüb evin hündür taxta alaqapısına yaxınlaşdım. Zəngi bassam da
səsi gəlmədi – şəhərdə hələ də elektrik yox idi – odur ki, qapını döyməli oldum. Bir
an sonra qapının arxasından kəsik-kəsik danışıq səsləri eşidildi və əlində Kalaşnikov
olan iki adam qapını açdı.
Maşında oturan Fəridə baxıb səssiz “Mən qayıdacağam” dedim. Hərçənd ki,
bunun baş verəcəyinə əmin deyildim.
Silahlı adamlar məni başdan-ayağa axtardılar, əlləri ilə ayaqlarımı, şalvarımın
ağını belə yoxladılar. Onlardan birinin puştu dilində nəsə deməsinə hər ikisi
qaqqıldadı. Biz alaqapıdan içəri girdik. İki keşikçi məni yenicə alaq edilmiş
çəmənlikdən, divarın dibində əkilmiş ətirşah kollarının yanından keçirdi. Həyətin
uzaq küncündə üzərində köhnə əl nasosu olan quyu vardı. Humayun dayının
Cəlalabaddakı evində də belə bir quyunun olduğunu xatırladım – əkizlər Fəzilə ilə
Kərimə və mən onun içinə çınqıl atıb, suda şappıldamasına qulaq asardıq.

Bir neçə pillə yuxarı qalxıb, geniş, süslü-bəzəkli bir evə girdik. Zalın divarında
böyük bir Əfqan bayrağı asılmışdı. Burda yubanmayıb, məni yuxarı, nanə rəngli
qoşa divan və böyük ekranlı televizor olan otağa apardılar. Divarların birinə
Məkkənin azacıq uzunsovlaşdırılmış əksi olan namaz xalçası mismarlanmışdı. Məni
gətirən iki nəfərdən yaşlısı avtomatın lüləsi ilə mənə divanı göstərdi. Oturdum.
Onlar otaqdan çıxdı.
Ayaqlarımı üst-üstə aşırdım, sonra yenidən düzəltdim. Tərli əllərimi dizlərimə
qoyub, gözləyirdim. Bu məni daha həyəcanlı göstərmirdimi? Əllərimi dizlərimin
üstündə daraqladım, sonra bunun daha pis göründüyünü düşünüb qollarımı
sinəmdə çarpazladım. Gicgahlarımda qanın necə dövran etdiyini eşidə bilirdim.
Özümü dəhşətli dərəcədə tənha hiss elədim. Fikirlər beynimdə dolaşır, amma mən
düşünməkdən imtina edirdim, çünki mənim ayıq başlı tərəfim razılaşdığım
macəranın dəlilik olduğunu gözəl anlayırdı. Mən arvadımdan minlərlə mil uzaqda,
təcridxana kamerasına bənzər bir otaqda elə həmin gün gözümün qabağında iki
adamı öldürmüş birisi ilə görüşə gəlmişdim. Bu, dəlilik idi. Daha pisi – bu,
məsuliyyətsizlikdi. Mənim Sürəyyanı otuz altı yaşında “biva”, yəni dul qoyacağım
ehtimalı böyük idi. Bir tərəfim – “bu sən deyilsən, Əmir” deyirdi. Sən cəsarətsizsən.
Bu cür doğulmusan. Bu elə də pis bir şey deyil, sən axı heç vaxt özün özünü
aldatmamısan. Bu məsələ ilə bağlı heç vaxt. Qorxaqlıq, tədbirliliklə birgə gələndə
yanlış bir şey deyil. Amma qorxaq kim olduğunu unudanda... Allah onun köməyi
olsun.
Divanın yanında qəhvə masası vardı. Ayaqları X şəklində çarpaz idi və metal
dirəklərin kəsişdiyi yerdə halqanı qoz boyda latun kürələrlə bərkitmişdilər. Mən
əvvəl də belə bir stol görmüşdüm. Harda? Birdən yadıma düşdü: Hava almaq üçün
çıxdığım gecə Peşəvərdə, adamlarla dolu çayxanada. Masanın üzərində qırmızı
üzümlə dolu qab var idi. Birini qırıb, ağzıma qoydum. Özümü nə iləsə məşğul
eləmək, hər vəchlə başımdakı qulaqbatıran səssizliyi qapatmaq istəyirdim. Üzüm
şirin idi. Birini də ağzıma qoydum. Hələ bilmirdim ki, bu mənim uzun müddət
ərzində yeyəcəyim son loxmadı.
Qapı açıldı və iki silahlı geri qayıtdı. Onlarla birgə otağa ağpaltarlı, hələ də Con
Lennon eynəklərini çıxarmamış, enlikürək Yeni Zaman
38
mistik qurularına
bənzəyən o şəxs girdi.
O, qarşımdakı kresloya əyləşib, əllərini qoltuqluğun üstünə qoydu. Uzun
müddət heç nə demədi. Sadəcə, orda oturub, mənə baxır, bir əli ilə kreslonun
üzlüyünü döyəcləyir, o biri əli ilə firuzəyi təsbehini oynadırdı. İndi o ağ köynəyin
üstündən qara jilet geymiş, qoluna qızıl saat taxmışdı. Sol qolunda qurumuş qan
ləkəsi gördüm. Onun həmin gün öz əli ilə insanları edam etməsindən sonra
paltarını belə dəyişməməsində xəstə bir qeyri-adilik vardı.
Hərdən, bir onun boş əli yuxarı qalxır və qalın barmaqları, sanki, havada nəyisə
döyəcləyirdi. Yuxarıdan aşağı, sağdan sola etdiyi hərəkətlərlə, sanki, gözəgö-
rünməz bir ev heyvanına nəvaziş göstərirdi. Köynəyinin qolu bir az yuxarı dartıldı

və mən onun bazusunda döymə işarələr gördüm – bu cür döymələri San Fran-
siskonun qaranlıq dalanlarında yatıb-qalxan evsizlərdə görmək olardı.
Dərisinin rəngi digər iki nəfərinkindən qat-qat daha açıq, demək olar ki,
saralmış görünürdü. Qara çalmasının altından alnında xırda tər damcıları parılda-
yırdı. Onun başqalarında olduğu kimi sinəsinə qədər uzanan saqqalı da daha açıq
rəngdə idi.
– Salam əleyküm, – dedi.
– Salam.
– Bilirsən, artıq bunları ata bilərsən.
– Pardon?
O əli ilə silahlılardan birinə işarə elədi. Cıııırt. Birdən mənim yanaqlarım
gizildəməyə başladı və mən keşikçinin hırıldaya-hırıldaya saqqalımı əlində oynatdı-
ğını gördüm. Talib irişdi.
– Bu son zamanlar gördüyüm ən yaxşı taxma saqqallardan biridir. Amma
məncə, belə daha yaxşıdır. Sən necə düşünürsən? – O, barmaqlarını fırladıb şaqqıl-
datdı, yumruğunu açıb, bağlayırdı. – Hə, bugünkü şou xoşuna gəlib, inşallah.
– O gördüyüm şou idi? – yanağımı qaşıya-qaşıya cavab verdim. Ümid edirdim
ki, içimə hakim olan dəhşət səsimdən hiss olunmur.
– İctimai ədalət ən böyük şoulardan biridir, qardaşım. Drama. Həyəcan. Və ən
əsası kütləvi maarifləndirmədir.
Barmaqları ilə çəpik çaldı. Keşikçilərdən cavan olanı onun siqaretini yandırdı.
Talib güldü. Öz-özünə nəsə danışdı. Əlləri əsirdi, az qala siqareti düşəcəkdi.
– Amma əsl şou görmək istəsən, gərək Məzara gələydin. 1998-ci ilin avqustu
idi.
– Anlamadım.
– Biz onları itlərə yem elədik. Bilirsən də.
Onun nəyə işarə etdiyini anlamışdım.
Ayağa qalxdı, divanın ətrafına dolandı, sonra bir daha dolandı. Yenə oturdu.
Sürətlə danışmağa başladı.
– Biz qapı-qapı gəzir, kişiləri və oğlanları çağırırdıq. Onları elə ordaca,
ailələrinin gözü qarşısında güllələyirdik. Qoy görsünlər, yadda saxlasınlar ki, onlar
kimdilər və yerlərini bilsinlər. – Onun artıq nəfəsi daralırdı. – Hərdən biz onların
qapılarını sındırıb, evlərinə girirdik. Orda mən avtomatımın güllə darağını otağın
dörd bir yanına boşaldırdım, tüstüdən göz-gözü görməyənə qədər.
O, sanki, böyük bir sirri açacaqmış kimi mənə doğru əyildi.
– Sən bunu etməyənə qədər azadlığın nə olduğunu bilmirsən. Hədəflərlə dolu
otaqda, güllələri uçurdursan, günah hissi və peşmançılıqdan azad, özünün təmiz,
yaxşı və ləyaqətli olduğunu anlayırsan. Bilirsən ki, sən Allahın işini görürsən.
Adamın nəfəsi kəsilir həyəcandan. – O, təsbehini öpüb, başını tərpətdi. –
Yadındadır, Cavid?

– Bəli, Ağa Sahib, – keşikçilərin daha gənc olanı cavab verdi. – Necə unuda
bilərəm bunu?
Məzari-Şərifdə həzaraların qətliamı haqda qəzetlərdən oxumuşdum. Bu,
Talibanın ən gec tabe etdiyi şəhərlərdən biri – Məzarı ələ keçirməsindən az sonra
baş vermişdi. Sürəyyanın səhər yeməyi zamanı üzü ağarmış halda qəzeti mənə
verməsini də xatırlayırdım.
– Qapı-qapı gəzirdik. Ancaq yemək və namaz üçün fasilə verirdik. O bunları
gözəl bir ziyafətə qatıldığından söz açan kişilər kimi fəxrlə danışırdı. – Meyitləri
küçələrdə qoymuşduq. Ailə üzvləri küçəyə çıxıb, onların cəsədlərini evə aparmaq
istəsə, onları da güllələyirdik. Meyitlər küçələrdə günlərlə qaldı. Onları itlərə yem
elədik. İt ətini itə yedirdərlər. – Siqaretini basıb söndürdü. Hələ də əsən əlləri ilə
gözlərini ovuşdurdu. – Sən Amerikadan gəlmisən?
– Bəli.
– O qəhbə indi necədir?
Birdən dəhşətli işəmək ehtiyacı hiss etdim. Dua edirdim ki, keçib getsin.
– Bir oğlanı axtarıram.
– Kim axtarmır ki? – dedi. Kalaşnikovlu kişilər güldü. Nas atmaqdan dişləri yaşıl
çirk bağlamışdı.
– Bildiyim qədər, burda, sənin yanındadır, – dedim. – Adı Söhrabdır.
– Mən səndən bir şey soruşacam. Sən o qəhbə ilə nə edirsən? Yəni niyə burda,
müsəlman qardaşlarınla birgə öz vətəninə xidmət eləmirsən?
– Mən xeyli əvvəl çıxıb getmişəm. – Deyə biləcəyim ancaq bu idi. Başım qaynar
idi. Dizlərimi sıxıb, sidiyimi saxlamağa çalışırdım.
Talib qapının ağzında duran iki nəfərə çevrilib, “məgər bu, cavab idi” – deyə
soruşdu.
– Xeyr, Ağa Sahib, – onlar gülümsəyərək, xorla cavab verdilər.
O, yenidən nəzərini mənə tərəf çevirdi. Çiyinlərini çəkdi .
– Bunlar deyir ki, cavab deyil. – Daha bir siqaret yandırıb, sümürdü. – Burda
mənim ətrafımda olanlardan bəziləri hesab edir ki, vətənin sənə ehtiyacı olanda
onu atıb getmək xəyanətə bərabərdir. Mən səni xəyanətə görə həbs edə, hətta
səni güllələyə bilərəm. Bu səni qorxutmur?
– Mən, sadəcə, oğlan üçün gəlmişəm.
– Qorxutmur?
– Qorxudur.
– Belə də olmalıdır, – dedi. O, divana söykəndi. Siqaretini söndürdü.
Sürəyya haqqında düşündüm. Bu, məni sakitləşdirdi. Oraq şəkilli xal,
boynunun zərif büküyü, işıqlı gözləri haqqında fikirləşdim. Bizim zifaf gecəmiz, yaşıl
örtük altında güzgüdə bir-birimizin əksinə baxmağımız, onu sevdiyimi pıçıldayanda
yanaqlarının allanmasını xatırladım. İkimizin qədim əfqan mahnısının sədaları
altında oynamağımız, dairə vurmağımız, hamının baxıb, əl çalmağı, başımıza

səpələnən gül ləçəkləri, paltarlar, kostyumlar, təbəssümlər gözümün önündən
keçdi.
Talib nəsə deyirdi.
– Bağışlayın?!
– Deyirəm, onu görmək istəyirsən – mənim oğlanımı? – son iki sözü deyəndə
onun üst dodağı kinayədən büzüldü.
– İstəyirəm.
Keşikçi otağı tərk etdi. Açılan qapının cırıldamasını, sonra keşikçinin puştu
dilində kobud səslə nəsə deməsini eşitdim. Sonra ayaq səsləri və hər addımda cin-
gildəyən zınqırov səsi gəldi. Səslər Şəhr-e-Noda Həsənlə birgə dalınca düşdüyümüz
meymun adamı yadıma saldı. Biz ona bir rupi verib, rəqs elətdirərdik. Meymunun
boynundakı zınqırovdan da elə bu səslər gəlirdi.
Sonra qapı açıldı və keşikçi içəri giri. Çiynində stereomaqnitofon vardı.
Arxasınca əynində geniş firuzəyi rəngli pirhan-tümban olan oğlan gəlirdi.
Bənzərlik o qədər böyük idi ki, mən çaşıb qalmışdım. Rəhim Xanın Polaroidi bu
bənzərliyi yetərincə çatdıra bilməmişdi.
Oğlanın bütöv ay kimi yumru çöhrəsi, düymə kimi çıxan çənəsi, buruq,
balıqqulağıya oxşar qulaqları, çəlimsiz bədəni – eynən atasınınkı idi. Bu mənim
uşaqlığımdan qalan çin kuklasının çöhrəsi idi – həmin o qış günlərində
nimdaşlaşmış oyun kartlarının üzərindən mənə gülümsəyən, həmin yay
mövsümlərində atamın evinin damında uzanarkən miçətkənin cuna divarının
arxasından mənə baxan sifət idi. Onun başı daz qırxılmış, gözlərinə sürmə çəkilmiş,
yanaqları qırmızı rənglə boyanmışdı. O otağın ortasında dayananda ayaqlarına
bağlanmış zınqırovun səsi kəsildi. Gözləri mənə dikildi. Bir müddət baxdı. Sonra
gözlərini çəkdi və aşağı, ayaqlarına dikdi.
Keşikçilərdən biri düyməni basdı və otağı puştu musiqisi bürüdü. Tabla,
qarmon və yanıqlı dilroba – zəngulə vurmağa başladı. Deməli, Taliban musiqiyə
qulaq asanda o günah sayılmırdı. Üç kişi əl çalmağa başladı.
– Vah-vah! Maşallah! – deyə alqışladılar.
Söhrab qollarını qaldırıb, asta-asta çevrilməyə başladı. O, ayaq barmaqlarının
üzərində dayanır, incə hərəkətlə dönür, dizlərini qatlayır, sonra yenə qamətini
düzəldib, yerində fırlanırdı. Balaca əllərini biləkdən aşağı oynadır, barmaqları ilə
çəpik çalır, başını kəfgir kimi yandan-yana tərpədirdi. Ayaqlarını yerə döyəndə
zınqırovlar tablanın ritminə tam uyğun şəkildə səs salırdı. Gözlərini bağlı saxlayırdı.
– Maşallah! – alqışlar davam edirdi. – Şahbas! Bravo!
İki keşikçi fit çalıb gülürdü. Ağ paltarlı Talib isə musiqinin ritminə görə başını
irəli-geri əsdirir, yarımaçıq ağzı kin ifadə edirdi.
Söhrab dairənin içində gözləri bağlı, musiqi dayanana qədər oynadı. O
mahnının son sədası ilə ayağını yerə vuranda zınqırov da son dəfə səsləndi. O,
vurduğu dairənin ortasında dayanmışdı.

– Biya, biya, oğlanım, – Talib, Söhrabı özünə tərəf səslədi. Söhrab başı aşağı
dikilmiş şəkildə ona tərəf getdi və onun qarşısında dayandı. Talib qollarını oğlanın
boynuna doladı.
– Mənim həzara oğlanım çox istedadlıdır, deyilmi? –dedi. Əlləri uşağın
arxasında yuxarı-aşağı gəzdi və onun qoltuğunda dayandı. Keşikçilərdən biri o birini
dümsükləyib, irişdi. Talib onlara otağı tərk etmələrini tapşırdı.
– Baş üstə, Ağa sahib, – deyib, otaqdan çıxdılar.
Talib uşağı fırladıb, üzünü mənə tərəf çevirdi. Qollarını Söhrabın belində
daraqlayıb, çənəsini uşağın çiyninə qoydu. Söhrab aşağı, ayaqlarına baxsa da
gözlərilə oğrun-oğrun məni süzürdü. Kişinin əli oğlanın belində sürüşməyə başladı.
Yuxarı, aşağı, yavaş-yavaş, incə hərəkətlərdi.
– Maraqlıdır, – Talib qan çanağı gözlərini Söhrabın çiyni üstündən mənə dikib,
soruşdu. – Qoca Babalu necə oldu?
Bu sual alnıma bir çəkic kimi çırpıldı. Qanın üzümdən çəkildiyini, ayaqlarımın
soyuduğunu hiss etdim. Quruyub qalmışdım.
O güldü.
– Nə düşünmüşdün? Saxta saqqal qoyacaqsan, mən də səni tanımayacam?
Mənim haqqımda, mərc gəlirəm ki, bilmədiyin bir şey vardı: mən heç vaxt sifətləri
yaddan çıxarmıram. Heç vaxt.
O, dodaqlarını Söhrabın qulağına sürtdü, gözlərini məndən çəkmirdi.
– Eşitdim, atan ölüb. Tsk-tsk. Həmişə onun yerinə keçmək istəyirdim. Belə
görürəm, onun zəif iradəli oğlu ilə kifayətlənməli olacam. – Bunları deyib, o,
eynəyini çıxardı və qanla dolmuş gözlərini yenidən mənə pərçimlədi.
Nəfəsimi almağa çalışsam da bacarmırdım. Gözümü qırpmaq istədim,
alınmadı. Həmin an o qədər sürreal – yox, yox, sürreal da yox, absurd idi ki,
nəfəsimi belə qovub çölə çıxarmış və ətrafımda hər şeyi dondurmuşdu. Üzüm
alışıb-yanırdı. Qəlp pul həmişə üzdə olar demirdimi atalar? Mənim keçmişim də
beləcə, həmin o saxta pul kimi hərlənib, fırlanıb, öz qarşıma çıxardı. Onun adı
dilimdə idi, amma mən onu deməyə qorxurdum. Sanki, onu tələffüz etməklə ovsun
sınacaqdı. Amma o artıq burda idi, bütün bu illərdən sonra yenə də qarşımda, on
addım aralıda oturmuşdu. Adı dodağımdan qaçdı:
– Asif.
– Əmircan.
– Sən burda neynirsən? – dedim və sualımın nə qədər axmaq səsləndiyini
anladım. Amma yenə də daha uğurlusu ağlıma gəlməmişdi.
– Mən? – Asif qaşını qaldırdı. – Mən tam olaraq öz yerimdəyəm. Maraqlıdır ki,
sən burda neynirsən?
– Mən sənə dedim. – Səsim titrəyirdi. Kaş ki, belə olmayaydı. Kaş ki, səsim
titrəməyə, ətim ürpənməyəydi.
– Oğlan?
– Bəli.

– Niyə?
– Mən sənə onun pulunu verərəm, – dedim. – Pulu köçürə bilərlər mənə.
– Nə? Pul? – Asif irişdi. – Rokinqem haqqında eşitmisən heç? Qərbi
Avstraliyada cənnət parçasıdır. Görməliydin, kilometrlər boyu çimərlik bitib
tükənmir. Su yamyaşıl, səma masmavi. Valideynlərim orda, dənizkənarı villada
yaşayır. Orda villanın arxasında qolf meydançası və balaca göl var. Atam hər gün
qolf oynayır, anam isə tennis oynamağı sevir. Atam həmişə deyir ki, onun əlinin
arxası ilə vurduğu zərbələr yaman pis olur. Orda onların əfqan restoranı və
zərgərlik dükanı var, hər ikisi də əla işləyir. – O, qırmızı üzümdən birini qopardı.
Onu nəvazişlə Söhrabın ağzına qoydu. – Odur ki, pula ehtiyacım olsa, onlar mənə
köçürərlər.
O, Söhrabın boynundan öpdü. Uşaq diksindi və yenidən gözlərini bağladı. O isə
sözlərinə davam edirdi.
– Bir də ki, mən Şurəviyə qarşı pula görə döyüşmürdüm. Talibana da pul üçün
qoşulmadım. Bilirsən niyə onlara qoşuldum?
Dodaqlarım qurumuşdu. Onları islatmaq istədiyimdə dilimin də quruduğunu
anladım.
– Su istəyirsən? – Asif irişərək, soruşdu. – Məncə, sən susayıbsan.
– Mən yaxşıyam, – dedim. Həqiqət isə bundan ibarət idi ki, otaq birdən-birə
həddindən artıq isti olmuşdu. Bədənimdən üzüaşağı axan tər dərimdən, sanki,
sancı ilə çıxırdı. Doğrudanmı başıma gələn bu idi? Həqiqətənmi mən Asiflə üzbəüz
oturmuşdum?
– Necə istəyirsən, – dedi. – Hə, harda qalmışdım? Hə, Talibana necə
qoşulmağımda. Yadındadırsa, mən o qədər də dindar deyildim. Amma günlərin bir
günü mənə vəhy gəldi. Onda həbsdə idim. Eşitmək istəyirsən?
Cavab vermədim.
– Lap yaxşı, mən danışım, – deyib, sözünə davam etdi. – Babrək Kamal 1980-ci
ildə hakimiyyətə gələndən az sonra bir müddət Pole-Çərxi həbsxanasında oldum.
Bir gecə Parçami
39
əsgərləri bizim evimizə marşla girib mənimlə atamı avtomat
lüləsi altında apardılar. Əclaflar heç bir səbəb göstərmədilər, anamın suallarına da
heç bir cavab verilmədi. Əslində gözlənilməz bir şey də yox idi. Hamı bilirdi ki,
kommunistlər necə alçaqdırlar. Onlar adsız-sansız kasıb ailələrdən gəlmişdilər.
Şurəvilər gəlməmişdən ayağımı belə yalamağa layiq olmayan küçüklər indi
əllərində bayraq və silah mənə əmr verir, burjuaziyanın süqutu haqda
cəfəngiyatlarını sırıyır və özlərini səviyyə sahibləri kimi aparırdılar. Hər yerdə belə
idi. Varlıları ifşa edib həbsə atmaqla yoldaşlara nümunə göstərirdilər.
Asif sözünə davam edirdi:
– Nə isə, bizi altı nəfərlik qruplara bölüb, soyuducu böyüklüyündə kameralara
salmışdılar. Hər gecə çürüyən eşşək meyiti kimi iylənən yarıhəzara, yarı-özbək ko-
mandir məhbuslardan birini kameradan çıxarıb, yağlı sifətindən tər axana qədər
döyərdi. Sonra o siqaret yandırar, sümüklərini şaqqıldadar və çıxıb gedərdi.

Növbəti gecə başqa birisi döyülərdi. Bir gecə o məni seçdi. Ən pis vaxtda etmişdi
bunu. Üç gün idi ki, qan işəyirdim. Böyrəyimdə daş vardı. Əgər böyrəyində heç vaxt
daş olmayıbsa, sənə deyim, bu, sənin təsəvvürünə gətirəcəyin ən dəhşətli ağrıdır.
Anamda da vardı. Yadımdadır, bir dəfə anam demişdi ki, doğmaq daşın
çıxmasından daha rahatdır. Nə isə, nə edə bilərdim ki? Məni dartıb, apardılar, o da
məni təpikləməyə başladı. O, hər gecə təpikləmək üçün dəmir burnu olan uzun-
boğaz çəkmələrini geyərdi. Bu gecə də çəkmələrinin möhkəmliyini mənim
üzərimdə yoxladı. Mən qışqırır, bağırır, o isə məni təpikləməkdə davam edirdi və
birdən, o mənim sol böyrəyimdən təpik vurdu və daş çıxdı. Elə beləcə! Oh nə
rahatlamışdım! – Asif gülməyə başladı. – Mən “Allahu-Əkbər” qışqıranda o məni
daha bərk təpikləməyə başladı və məni gülmək tutdu. Mən güldükcə o dəli olur və
daha möhkəm çırpırdı. Amma o nə qədər möhkəm çırpırdısa, mən daha bərk
gülürdüm. Məni kameraya qaytaranda mən hələ də gülürdüm. Gülürdüm, elə hey
gülürdüm, çünki bunun Allahdan ismarış olduğunu bilirdim: O, mənim tərəfimdə
idi. Nəyə görəsə O, mənim yaşamağımı istəmişdi.
Bir neçə il sonra, bilirsənmi, o komandirə döyüş meydanında rast gəldim –
Allahın işinə bax. Meymanadan azca aralıda, bir səngərdə sinəsinə dəymiş
qəlpədən yaralanmış, qan itirirdi. Əynində həmin çəkmələri vardı. Məni xatırlayıb-
xatırlamadığını soruşdum. Dedi ki, yadında deyiləm. Ona indicə sənə dediyimi
söylədim. Dedim ki, sifətlər yadımdan çıxmır. Sonra onu xayalarından güllələdim. O
vaxtdan xüsusi missiyadayam.
– O nə missiyadır? – öz səsimi eşitdim. – Zinakarları daşlamaq? Uşaq
zorlamaq? Uzundaban çəkmə geyən qadınları şallaqlamaq? Həzaraları qətliam
etmək? Bunların hamısını da İslam adına? – Sözlər o qədər gözlənilməz və birdən
gəldi ki, mən onları cilovlayıb saxlamağı çatdırmadım. Kaş ki, onları geri götürə
biləydim. Udaydım. Amma deyilən deyilmişdi. Mən qırmızı xətti keçmişdim və o
vaxta qədər burdan sağ çıxacağıma ümid vardısa, bu sözlərlə o da puça çıxmışdı.
Asifin üzündən ani bir təəccüb dalğası keçdi və yox oldu.
– Belə baxıram, qarşıda yaxşı əyləncəmiz var, – deyib, kinayə ilə gülümsədi. –
Amma sənin kimi satqınların başa düşmədiyi şeylər var.
– Məsələn?
Asifin qaşları çatıldı.
– Xalqının şərəfi, milli-mənəvi dəyərlər, ana dili kimi. Əfqanıstan zibillə dolu
gözəl bir imarət kimidir. Kimsə bu zibili yığışdırmalıdır.
– Sizin Məzarda qapı-qapı gəzib elədiyiniz bu idi? Zibil yığışdırırdınız?
– Məhz bu idi.
– Qərbdə bunun başqa adı var, – dedim. – Buna “etnik təmizləmə” deyirlər.
– Belə deyirlər? – Asifin üzü işıqlandı. – Etnik təmizləmə. Xoşum gəldi.
Səslənməsi də xoşuma gəlir.
– Mənə sadəcə bu oğlan lazımdır.

– Etnik təmizləmə, – deyə Asif hələ də təkrar edir, sanki, sözlərin dadını
çıxarmağa çalışırdı.
– Mənə oğlan lazımdır, – dedim yenidən. Söhrabın gözləri mənə çevrildi. Bu da
qurbanlıq qoyun baxışı idi. Yadımdadır, Qurban bayramında qoyunların gözlərinə
sürmə də çəkərdilər. Molla öz əlləri ilə onların gözlərini sürmələr və boğazını
üzməmişdən əvvəl qənd yedizdirdərdi. Mənə elə gəldi ki, Söhrabın gözlərində
yalvarış gördüm.
– Səbəbini de, – Asif cavab verdi. Dişləri ilə Söhrabın qulağını ehmalca tutdu.
Sonra buraxdı. Qaşından aşağı tər süzülməyə başladı.
– Bu mənim öz işimdir.
– Onunla nə etmək istəyirsən? – dedi və gülümsədi. – Ya da ki, onu neynəmək
istəyirsən.
– Bu iyrəncdir, – dedim.
– Nə bilirsən, dadına baxmısan?
– Onu daha yaxşı bir yerə aparmaq istəyirəm.
– Nəyinə gərəkdir?
– Şəxsi işimdir, – dedim. Bilmirəm, belə sərt danışdıran, cəsarətləndirən nə idi,
ola bilsin ki, onsuz da öləcəyimi anladığımdan belə ürəklənmişdim.
– Maraqlıdır, -Asif davam edirdi. – Bu boyda yolu niyə gəlmisən, Əmir. Bu yola
bir həzara üçün düşdün? Niyə burdasan? Burda olmağının əsl səbəbi nədir?
– Mənim öz səbəblərim var, – dedim.
– Çox yaxşı, o zaman, – Asif rişxəndlə güldü. Söhrabın yanını əlləyib, onu
masaya doğru itələdi. Söhrabın ayağı masaya dəyib, onu çevirdi və üzümlər yerə
dağıldı. O, üzü üstə üzümlərin üstünə yıxıldı. Əvvəl çöhrəsi, sonra köynəyi üzümün
qırmızı şirəsinə boyandı. Masanın latun kürələrlə bərkidilmiş ayaqları indi tavana
baxırdı. – Götür onu, o zaman.
Söhrabı ayaq üstə qaldırdım. Şalvarına yapışmış əzilmiş üzümləri təmizləməyə
çalışdım.
– Get, onu da apar, – deyib, Asif qapını göstərdi.
Söhrabın əlindən yapışdım. Əli xırdaca, dərisi quru və zədələnmiş idi. Əlimin
1   ...   17   18   19   20   21   22   23   24   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə