Az Book Library Filosof Fikri



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə20/28
tarix26.11.2016
ölçüsü5.01 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
Meydanın içindən sükut içində keçdik və Vəzir Əkbər Xan rayonuna doğru
yönəldik. Hara baxırdınsa, küçələrin, quru kərpic binaların üstündə toz dumanı
vardı. Puştunistan meydanından bir neçə məhəllə şimalda Fərid küçənin kənarında
əl-qolla dalaşan iki adamı göstərdi. Onlardan biri tək ayaq üstündə müvazinətini
saxlamağa çalışırdı. O biri ayağı dizindən aşağı kəsilmiş adam protezi bərk-bərk
sinəsinə sıxmışdı.
– Bilirsən, onlar neyləyir? Protez alveri edirlər.
– O, ayağını satır?
Fərid başı ilə təsdiqlədi.
– Protez üçün qara bazarda yaxşı pul almaq olur. İki-üç həftə uşaqların
yeməyinə bəs edər.
NƏ QƏDƏR TƏƏCCÜBLÜ OLSA DA, Vəzir Əkbər Xan rayonunda evlərin
çoxunun damı və divarları salamat idi. Hətta deyərdim, yaxşı vəziyyətdə idilər. Hələ
də divarların arxasından ağaclar ucalır, küçələr də Karte-Sedəki kimi dağılmamışdı.
Bozarmış, əzilmiş və güllə ilə deşilmiş yol işarələri hələ də yol göstərirdi.
– O qədər də pis deyil, – dedim.
– Təəccüblü deyil. Böyük adamların çoxu indi burda yaşayır.
– Taliban?
– Onlar da.

– Daha kim?
Biz hər iki tərəfində nisbətən təmiz səkiləri və hasarlanmış həyətləri olan geniş
küçəyə döndük.
– Talibanın arxasındakı adamlar. Belə demək olarsa, hökumətin beyni: ərəblər,
çeçenlər, pakistanlılar, – Fərid dedi. Şimal-qərbi göstərdi. – Bu tərəfə 15-ci küçə
çıxır. Ona Sərək-e-Mehmanə deyirlər – “Qonaqlar” küçəsi. Onlara qonaq deyirlər.
Bir gün bu qonaqlar xalılarımızın üstünə işəyib gedəcəklər.
– Məncə budur. Burda saxla, – dedim. Uşaq ikən yolu mənə tanıdan işarəmi
göstərdim. Azıb eləsən, Baba deyirdi, yadda saxla ki, bizim küçəmiz sonunda
çəhrayı ev olandır. Başında şpil olan bu ev o vaxtlar bizim küçədə çəhrayı rəngə
boyanmış yeganə bina idi. İndi də belə idi.
Fərid göstərdiyim döngəyə buruldu. Babanın evi gözümün qabağında idi.
HƏYƏTDƏ İTBURNU KOLLARININ yanında balaca tısbağa tapmışıq. Buraya
necə düşdüyünü bilmirik və çox həvəslə onun qayğısına qalırıq. Onun qınını açıq
qırmızıya boyadıq. Bu gözəl fikir Həsənin ağlına gəlib. Bu rənglə biz onu heç vaxt
kolların arasında itirmərik. Özümüzü uzaq cəngəllikdə tarixəqədərki dövrə aid
nəhəng bədheybət tapıb, onu bütün dünyaya göstərmək üçün sivilizasiyaya
gətirmiş iki cəsur ixtiraçı kimi hiss edirik. Tısbağanı Əlinin son qış Həsənin ad günü
üçün düzəltdiyi balaca taxta arabaya yerləşdirdik. Guya bu araba deyil, nəhəng
qəfəsdir. Onun içindəki də ağzından alov buraxan nəhəng vəhşi! Otun üstündə
buludları yaran göydələnləri əvəz edən alma və albalı ağaclarının arası ilə marş
addımlayır və arabanı arxamızca dartırıq. Sanki, göydələnlərin pəncərələrindən
minlərlə baş aşağıdakı mənzərəni seyr edir. Babanın əncir ağaclarının yanında
tikdiyi kiçik yarımdairəvi körpünün üstündən keçirik – amma bizim təxəyyülü-
müzdə bu, şəhərləri birləşdirən asma körpü, altındakı balaca arx isə dalğaları
köpüklənən dənizdir. Körpünün nəhəng dirəklərinin üzərində fişənglər atılır, hər iki
tərəfdə düzülmüş silahlı əsgərlər bizi təntənəli şəkildə salamlayırlar. Balaca tısbağa
qutunun içində vurnuxduqca, biz də onu qırmızı kərpic döşənmiş dairəvi yolun
üstüylə əl işi ilə bəzədilmiş darvazadan bayıra çıxarır və küçə ilə gəzdikcə ayaq üstə
bizi alqışlayan dünya liderlərinə əl yelləyib, salamlaşırıq. Biz – dünyanın ən böyük
ixtiraçıları və məşhur səyyahlar Həsən və Əmir – cəsarətli işlərimiz üçün şərəf
ordeni almağa hazırlaşırıq...
ÇOX EHTİYATLA evə gedən yolla üzüyuxarı qalxdım. Günəşin bozartdığı
kərpiclərin arasından alaq kolları çıxırdı. Atamın malikanəsinin darvazası qarşısında
dayanmış, özümü özgə kimi hiss edirdim. Əlimi paslanmış qapının üstünə qoyub,
uşaq ikən bu darvazadan dəfələrlə, o zaman mənə çox vacib görünən bir iş üçün
tələsərək, qaçıb keçməyimi xatırladım. İçəri girdim.
Darvazadan həyətin içərisinə gedən, Həsənlə velosiped sürməyi öyrəndiyimiz
yay elə hey yıxıldığımız yol da indi mənə xatirələrimdəki kimi geniş və uzun görün-
mürdü. Asfaltın çatları arasından alaq kolları çıxırdı. Qovaq ağaclarının çoxu qırılıb

tökülmüşdü. Həsənlə o budaqlara üstünə dırmaşıb qonşuların pəncərələrinə güzgü
ilə işıq salardıq. Ağaclardan hələ salamat qalanları demək olar ki, yarpaqsız
qalmışdı. Qarımış qarğıdalı divarı hələ də yerində idi, amma üstündə qarğıdalı yox
idi. Divarın üstündəki rəng parça-parça olub, tökülməyə başlamışdı. Çəmənlik
şəhərin üstünü almış toz dumanının boz rənginə boyanmışdı. Bəzi hissələrdə artıq
ot bitmədiyindən çəmənliyin boz yeknəsəqliyini tünd qəhvəyi torpaq ləkələri
pozurdu.
Həyətdə “Jeep” dayanmışdı və bu çox yanlış görünürdü:
Bura Babanın Mustanqının yeri idi. İllər boyu Mustanqın səkkiz silindri hər
səhər öz nəriltisi ilə məni yuxudan oyadardı. “Jeep”in altına süzülmüş maşın yağı
ləkəsi Rourşok testini
37
xatırladırdı. “Jeep”in arxasında boş əl arabası vardı. Sol
tərəfdə Baba ilə Əlinin əkdiyi qızılgül kollarından əsər-əlamət qalmamışdı. Sadəcə,
asfalt və üzərindəki ləkələr vardı. Və bir də alaq-ulaq.
Fərid iki dəfə siqnal vurdu.
– Biz getməliyik, Ağa. Diqqət cəlb edirik, deyə çağırdı.
– Bircə dəqiqə vaxt ver mənə, – dedim.
Ev də mənim uşaqlıq xatirələrimdəki ağ malikanəyə heç bənzəmirdi. Daha
kiçik görünürdü. Damı çökmüş, suvağı çatlamışdı. Qonaq otağı, zal və yuxarıdakı
qonaq hamamının pəncərələrində qırılmış şüşələri təmiz sellofan parçaları, ya da
çərçivələrə mismarlanmış taxta lövhələr əvəz edirdi. Evin bir vaxtlar göz
qamaşdıran ağ boyası bozarmış və parça-parça tökülmüşdü, altından kərpiclər
görünürdü. Qarşı qapıdakı pilləkənlər ovulmuşdu. Kabildəki bir çox başqa şeylər
kimi atamın evi də cah-calalın süqutunun bariz nümunəsiydi.
Yataq otağımın pəncərəsini axtardım – ikinci mərtəbədə alaqapı pilləkənindən
cənuba doğru üçüncü pəncərə idi. Şüşənin arxasında ancaq kölgələr görünürdü.
İyirmi beş il əvvəl, həmin bu pəncərənin arxasında dayanmışdım. Güclü yağış
pəncərədən süzülür, ağzımdan çıxan buğ şüşəni dumanlandırırdı. Mənsə Həsənlə
Əlinin öz əşyalarını atamın maşınının yük yerinə yığmasına baxırdım.
– Əmir ağa, – Fərid yenə çağırdı.
– Gəlirəm, – deyə qışqırdım.
Dəlicəsinə ora girmək, Əlinin Həsənlə mənim qarlı ayaqqabılarımızı çıxartmağa
məcbur etdiyi pilləkənlə yuxarı qalxmaq istədim. Zala girmək, Əlinin sobada taxta
kəpəyi ilə birgə yandırdığı portağal qabığının qoxusunu içimə çəkmək istədim.
İstədim mətbəx masasının yanında oturum, bir tikə nanla çay içə-içə Həsənin
qədim həzara mahnısı oxumasına qulaq asım.
Bir siqnal səsi də gəldi. Yol qırağında saxlanmış “Land Cruiser”ə doğru
addımladım. Fərid sükanın arxasında oturub, siqaret çəkirdi.
– Bir şeyə də baxmalıyam, – dedim.
– Bir az tələsə bilərsən?
– Mənə on dəqiqə vaxt ver.

– Get, – dedi. Mən üzümü çevirən kimi əlavə etdi. – Bunu unutsan yaxşıdır.
Daha asan olar.
– Nə asan olar?
– Yaşamağa davam etmək, – Fərid dedi. O, siqaretini pəncərədən atdı. – Daha
nə qədər görməlisən? Qoy mən sənin əziyyətinə qənaət edim: Xatırladığın heç nə
qalmayıb. Yaxşısı unutmaqdır.
– Mən daha unutmaq istəmirəm, – dedim. – Mənə on dəqiqə vaxt ver.
HƏSƏNLƏ MƏN Babanın evindən şimaldakı təpəyə çox asanlıqla qalxardıq.
Üzüyuxarı, təpənin başına çıxanda qaçdı-tutdu oynar, ya da uzaqdakı hava
limanına gözəl mənzərə açılan yoxuşda oturardıq. Oradan təyyarələrin qalxıb-
enməsinə baxar, sonra yenidən qaçmağa başlardıq.
İndi qayalıqlı təpənin başına çatanda nəfəsim od tutub yanırdı. Alnımdan
süzülüb axan tər çənəmdən aşağı damcılayırdı. Bir müddət təngnəfəs dayanıb
böyrümdəki sancının səngiməsini gözlədim. Sonra atılmış qəbiristanlığı axtardım.
Çox axtarası olmadım. Hələ də orda idi. Qoca nar ağacı da əvvəlki kimi yerində
dayanmışdı.
Həsənin anasının basdırıldığı məzar yerinin daş girişinə söykəndim. Artıq
rəzədən sallanan metal darvaza yerində yox idi. Ətrafı basmış alaq otlarının
arasından başdaşıları zorla görünürdü. Qəbiristanlığı əhatə edən alçaq hasarın
üzərində bir neçə qarğa oturmuşdu.
Həsən məktubunda yazmışdı ki, nar ağacı illərlə bar gətirməyib. Qurumuş
yarpaqsız ağaca baxanda onun nə vaxtsa bir də bar gətirəcəyinə şübhə etdim.
Altında dayandım, üstünə dırmaşdığımız vaxtları, budaqlarını yəhərləyib
ayaqlarımızı sallamağımızı, yarpaqların arasında süzülüb gələn günəş şüalarının
üzümüzdə işıq və kölgədən yaratdığı mozaikanı xatırladım. Ağzımda narın kəskin
dadını hiss etdim.
Diz çöküb, əllərimi ağacın gövdəsinə dayadım. Axtardığımı tapdım. Ağacın
gövdəsində oyulmuş yazı artıq itib getmək üzrə idi, amma hələ də görünürdü:
“Əmir və Həsən. Kabilin sultanları”. Barmağımla hər bir hərfin üstündən keçdim.
Xırdaca oyulmuş hərflərin içindən ağac qabıqlarını dırnağımla təmizlədim. Ağacın
altında bardaş qurub uşaqlığımın şəhərinə baxdım. Əvvəllər hər evin divarının
ardından ağac başları görünərdi. Səma açıq və mavi olar, zivələrdən sallanan ağ
paltarlar günəşin altında parıldayardı. Qulaq versən, Vəzir Əkbər Xan rayonundan
keçən meyvəsatanın “Gilas! Ərik! Üzüm!” deyə müştəri çağırmasını da eşidə
bilərdin. Axşamçağı Şəhr-e-No məscidindən möminləri namaza çağıran müəzzinin
oxuduğu azan da eşidilirdi.
Siqnal səsinə boylandım və Fəridin mənə əl elədiyini gördüm. Getmək vaxtı idi.
CƏNUBA DOĞRU GERİYƏ, Puştunistan Meydanına tərəf getdik. Tərkində
silahlı, saqqallı cavanlar olan daha bir neçə qırmızı pikapın yanından keçdik. Hər
dəfə belə maşın görəndə Fərid dodaqaltı söyüş söyürdü.

Puştunistan Meydanının yaxınlığında balaca mehmanxanada otaq tutdum.
Mehmanxanada piştaxta arxasındakı eynəkli kişinin yanında dayanmış üç balaca
qızın əynində tamamilə eyni cür qara paltar və ağ başörtüsü vardı. Məndən otaq
üçün 75 dollar aldılar. Yerin yarımdağılmış vəziyyətinə görə çox insafsız qiymət idi,
amma mən etiraz eləmədim. Havay adalarında bağ almaq üçün qiymət oxumaq bir
şeydir, uşaqlarını yedizdirməyə çalışmaq başqa bir şey.
Otaqda isti su yox idi, sınmış tualetə su buraxmaq da olmurdu. Metal çərçivəli
təkadamlıq çarpayının üstündə köhnəlib, əldən düşmüş döşək, cırıq adyal və
küncdə taxta stuldan başqa bir əşya yox idi. Meydana açılan pəncərə qırılmış,
amma dəyişdirilməmişdi. Çamadanımı yerə qoyanda gözüm yatağın arxasındakı
divarda qan ləkəsinə sataşdı.
Fəridə bir az pul verdim və o, yemək almağa getdi. Qayıdanda dörd şiş
cızıldayan kabab, təzə çörək və bir kasa düyü ilə qayıtdı. Yataqda oturub yeməyi
sözün əsl mənasında gözümüzə təpdik. Kabildə ən azı bir şey heç dəyişməmişdi:
Kabab xatırladığım kimi şirəli və dadlı idi.
Həmin gecə mən çarpayıda yatdım, Fərid isə mehmanxana sahibinin əlavə pul
alıb bizə verdiyi adyala bürünüb yerdə uzandı. Otaqda sınıq pəncərədən süzülüb
gələn ay işığından başqa işıq yox idi. Mehmanxana sahibinin Fəridə dediyinə görə,
şəhərdə elektrik iki gündür ki, kəsilibmiş, onunsa generatoru işləmirdi. Bir az
söhbət etdik. O mənə Məzari-Şərifdə, Cəlalabadda keçən uşaqlığı barədə danışdı.
Atası ilə özünün cihada qoşulmasından və Pəncşir vadisində Şurəviyə qarşı dö-
yüşməsindən, o zaman ac qalmaqlarından və çəyirtkə yemələrindən söhbət etdi.
Atasının vertolyotdan açılan pulemyot atəşi ilə öldürüldüyü, iki qızının minaya
düşüb öldüyü günləri yada saldı. Məndən Amerika barədə soruşdu. Ona dedim ki,
Amerikada baqqal dükanına girib on beş, iyirmi cür müxtəlif düyü növündən birini
seçə bilərsən. Qoyun əti təzə, süd soyuq, meyvə bol, su da təmizdir. Hər evdə
televizor, hər televizorun pultu var. İstəsən peyk anteni qoydurub beş yüz kanal
tuta bilərsən.
– Beş yüz? – Fərid heyrətləndi.
– Hə, beş yüz.
Bir müddət sükut içində oturduq. Mən onun yuxuya getdiyini düşünmüşdüm
ki, Fəridin səsi gəldi.
– Ağa, eşitmisən, Molla Nəsrəddinin qızı gəlib ərinin onu döyməsindən şikayət
edəndə o nə cavab verib?
Onun qaranlıqda gülümsədiyini hiss etdim, mənim də üzümə təbəssüm
qondu. Dünyada bu baməzə molla haqqında heç olmasa bir neçə lətifə bilməyən
bir əfqan da tapılmaz.
– Nə cavab verib?
– O da öz növbəsində qızını döyüb, onu ərinin yanına göndərib, ərinə də xəbər
göndərib: o alçağa deyin ki, əgər mollanın qızını döysə, molla da onun arvadını
döyəcək.

Güldüm. Qismən zarafata, qismən də əfqanların yumor hissinin
dəyişməməsinə. Müharibələr keçib, internet icad olunub, Marsın üzərində robotlar
gəzişir, əfqanlar isə hələ də Molla Nəsrəddin lətifələri danışırlar.
– Mollanın ağır boğçanı başına qoyub, eşşəyi minməsi barədə söhbəti
eşitmisən?
– Yox.
– Küçədə ondan soruşurlar ki, niyə boğçanı başına qoyub – eşşəyin tərkinə
qoysa, daha rahat olmazmı? O da cavab verir ki, bu qəddarlıq olar. Mən onsuz da
ağıram. Qoy o məni daşısın, boğçanı özüm daşıyaram.
Beləcə, bildiyimiz bütün lətifələri danışıb qurtarana qədər Molla
Nəsrəddindən danışdıq. Sonra yenə sükut çökdü.
– Əmir ağa? – Fəridin səsləməsi məni yuxudan oyatdı.
– Bəli.
– Sən niyə gəlibsən? Yəni doğrusunu de, bura gəlişinin məqsədi nədir?
– Dedim də sənə.
– Oğlana görə?
– Oğlana görə.
Fərid yerdən bir az qalxıb:
– Buna inanmaq çox çətindir, – dedi.
– Bəzən mən özüm də inanmıram ki, burdayam.
– Yox... Sualımın məğzi ayrıdır. Niyə məhz bu oğlan? Amerikadan durub bura
... bir şiədən ötrü gəlibsən?
Bu sual bayaqkı gülüşümü haram elədi. Yuxunu da.
– Yorulmuşam, – dedim. – Yatmaq lazımdır.
Bir azdan Fəridin xorultusu otaqda əks-səda verirdi. Mənim gözümə yuxu
getmirdi. Qollarımı sinəmdə çarpazlayıb, şüşəsi sınıq pəncərədən ulduzlu səmaya
baxır, düşünürdüm ki, bəlkə də, adamların Əfqanıstan haqda dediyi doğrudur –
bəlkə doğrudan da bu ölkə düzələn deyil.
BİZ QAZİ STADİONUNUN giriş tunellərindən içəri girəndə bura artıq ora-bura
vurnuxan adamlarla dolu idi. Minlərlə adam ağzına kimi dolu beton sıralara
keçməyə çalışır, balaca uşaqlar sıraların arasındakı pillələrdə qaçdı-tutdu oynayır,
pilləkənlərlə yuxarı-aşağı tullanırdı. Havada ədviyyatlı sousla Benqal noxudunun
ətrinə qarışmış peyin və tər qoxusu dolaşırdı. Fəridlə mən siqaret, çərəz və biskvit
satan küçə satıcılarının yanından keçdik.
Tvid pencəkli sısqa bir oğlan dirsəyimdən tutub, qulağıma pıçıldamağa başladı.
Mənim “seksi şəkillər” almaq istəyib-istəmədiyimi soruşurdu.
“Çox seksidir, Ağa” deyən oğlanın o yan-bu yana qaçan gözləri bir neçə il əvvəl
mənə San Fransiskonun Tenderloyn rayonunda krek satmaq istəyən qızı yadına
saldı. Oğlan pencəyinin bir yaxasını açıb, “seksi” şəkillərini mənə göstərdi: hind

filmlərinin açıqcalarından iri gözlü, qan qaynadan, tam geyimli aktrisalar kişi
aktyorun qucağında oturub məsum baxışlar atırdı. Oğlan “çox seksidir” təkrarladı.
– Yox, çox sağ olun, – deyib, ondan aralandım.
– Onu tutsalar, elə şallaqlayacaqlar ki, atası qəbirdən dik atlanacaq, – deyə
Fərid söylənirdi.
Əlbəttə ki, burda heç kimin bəlli yeri yox idi. Bizə oturacağımız bölməni, sıranı,
oturacağı nəzakətlə göstərən də olmayacaqdı. Bu heç vaxt olmamışdı. Hətta
monarxiya vaxtı da. Biz mərkəzi sütundan azacıq solda oturmağa yaxşı yer tapdıq,
amma bundan ötrü Fərid dirsəklərini işə salmalı olmuşdu.
70-ci illərdə Baba məni futbola gətirəndə çəmənin necə yaşıl olduğunu yaxşı
xatırlayırdım. İndi meydança biabırçı vəziyyətdə idi. Hər yerdə oyuqlar, dəliklər
vardı. Cənub tərəfdəki qapının arxasında iki dərin quyu vardı. Meydançada ot,
ümumiyyətlə, yox idi, sadəcə, palçıqdı. Hər iki komandanın istiyə baxmayaraq,
uzun şalvar geymiş oyunçuları, nəhayət, meydana girəndən və oyun başlayandan
sonra da dumanın içində bir şey görmək mümkün deyildi. Oyunçuların təpikləri ilə
qaldırdığı toz topu da, ayaqları da görünməz etmişdi. Cavan, əli qamçılı Taliblər
sıraların arası ilə gəzib, bir az ucadan qışqıranları qamçılayırdılar.
Onları oyunun yarısının bitdiyini bildirən fitdən az sonra gətirdilər. Şəhərdə
gördüyüm qırmızı pikaplardan ikisi toz içində darvazadan içəri girdi. Kütlə ayaq
üstə qalxdı. Bir maşının içində yaşıl burka geymiş qadın, o birində isə gözləri
bağlanmış kişi vardı. Maşınlar bir-birinin ardınca, aşağı sürətlə hərəkət edirdi ki,
adamlar uzun müddət bunu seyr etsin. Bu, gözlənilən effekti verdi. Adamlar ayaq
barmaqlarının ucunda, boynunu uzadıb, gözlərini bir nöqtəyə zilləmişdi. Mənim
yanımda Fərid dodaqaltı dua oxuduqca gərilmiş boğazında udlağı daha da irəli
çıxırdı.
Qırmızı maşınlar oyun meydançasına girdi, qoşa tozanaq qaldıra-qaldıra
sahənin sonuna qədər sürdülər. Gün işığı təkərlərin diskində əks olunurdu. Mey-
dançanın o biri başında onları artıq üçüncü maşın gözləyirdi. Üçüncü maşında nəsə
vardı və mən birdən-birə qapının arxasındakı iki quyunun nə məqsədlə qazıldığını
anladım. Üçüncü maşın boşaldılanda kütlədən gözlənti dolu həyəcan sədası gəldi.
– Qalmaq istəyirsən? – Fəridin səsi kədərli idi.
–Yox, – dedim. Həyatımda heç vaxt olduğum yerdən uzaqlaşmağı bu qədər
arzulamamışdım. – Amma qalmalıyıq.
Çiyinlərindən Kalaşnikov asılmış iki Talib birinci maşındakı gözübağlı insanı,
digər ikisi isə burkalı qadını maşından düşürdülər. Qadının dizləri büküldü və o
yerə sərildi. Əsgərlər onu qaldırdı və o, yenidən yerə sərildi. Onu yenidən
qaldırmağa cəhd edəndə o qışqırıb, təpik atdı. Heç vaxt, son nəfəsimə qədər bu
qışqırığı unutmayacağam. Bu, tələyə düşmüş ayağını çıxartmağa çalışan vəhşi
heyvanın həyəcan qışqırığı idi. Gözübağlı adam isə sakitcə özünü torpaqda onun
üçün qazılmış çalaya endirmələrinə imkan verdi. İndi mühakimə olunan cütlüyün
yalnız çiyni və başları görünürdü.

Yumrusifət, boz paltarlı molla qapının yanında dayanıb əlindəki mikrofona
boğazını arıtladı. Onun arxasında, çaladakı qadın hələ də qışqırırdı. O, Qurandan
uzun bir duanı oxudu. Burnunda tələffüz etdiyi kəlmələr birdən-birə susmuş
stadion kütləsinin sükutunu yarıb keçirdi. Babanın uzun müddət əvvəl mənə dedik-
lərini xatırladım: “Sıçım o özündən razı meymunların hamısının saqqalına, –
demişdi Baba. – Onlar təsbeh oynatmaqdan və anlamadıqları dildə yazılmış
kitabdan sitat gətirməkdən başqa bir şey bilmirlər. Əfqanıstan onların əlinə keçsə,
Allah dadımıza çatsın”.
Dua başa çatanda molla boğazını yenə arıtladı.
– Qardaşlar və bacılar! – deyə çağıran molla farsca danışır, səsi bütün
stadionda əks-səda verirdi. – Biz burdayıq ki, Şəriət qanunlarını həyata keçirək. Bu
gün buraya toplaşmışıq ki, ədalət mühakiməsi quraq. Bu gün burdayıq ki, Allahın
iradəsi və Məhəmməd peyğəmbər salavatullahın kəlamı bizim sevgili vətənimiz
Əfqanıstanda yaşasın və qüvvədə olsun. Allahın dediyinə qulaq asır və ona itaət
edirik, çünki Allahın böyüklüyü qarşısında fağır, gücsüz bəndədən başqa bir şey
deyilik. Allah nə deyir? Sizdən soruşuram! ALLAH NƏ DEYİR? Allah deyir ki, günah
işlədən hər kəs günahına uyğun şəkildə cəzalandırılmalıdır. Bu, nə mənim
sözlərimdi, nə də qardaşlarımın sözləri. Bunlar ALLAHIN sözləridir.
O boş qalan əli ilə göyü işarə edirdi. Beynim zoqquldayrdı. Günəş həddindən
artıq qızmar idi.
– Günah işlədən hər kəs öz günahına uyğun şəkildə cəzalandırılmalıdır! – molla
mikrofona eyni cümləni bu dəfə alçaq səslə, hər sözü yavaş, dramatik şəkildə
tələffüz edərək təkrarladı. – Zina edənlərin cəzası nədir, qardaşlar və bacılar?
Nikahın müqəddəsliyini pozanları necə cəzalandırmalıyıq biz? Allahın üzünə
tüpürənlərlə nə etməliyik? Allahın evinin pəncərəsinə daş atanlara cavabımız nə
olmalıdır? BİZ DAŞLARI ONLARIN ÖZÜNƏ ATMALIYIQ!
O mikrofonu söndürdü. Adamların içindən sakit bir pıçıltı keçdi.
Yanımda dayanan Fərid başını bulayırdı:
– Bunlar da özünü müsəlman sayır, – deyə pıçıldadı.
Bu zaman enlikürək bir kişi pikapın tərkindən yerə endi. Onu görən bəzi
tamaşaçılardan alqış sədaları gəldi. Amma bu dəfə möhkəm alqışladığına görə heç
kimə qamçı dəymədi. Hündür kişinin göz qamaşdıran ağ əbası axşam günəşinin
altında parıldayırdı. Geniş köynəyinin ətəkləri küləkdə yellənirdi, əlləri çarmıxa
çəkilən İsa kimi geniş açılmışdı. O, yavaş-yavaş, dönüb, kütləni salamladı. Bizim
bölmə ilə üzbəüz dayananda onun Con Lennonunkuna bənzər yumru qara eynək
taxdığını gördüm.
– Bu bizim axtardığımız adam olmaya, – Fərid soruşdu.
Qara eynəkli, uzunboylu Talib üçüncü maşından boşaldılmış daş qalağına
yaxınlaşdı. Bir daş götürüb, onu kütləyə göstərdi. Stadionda sədalar kəsildi, amma
stadiondan bir uğultu keçdi. Ətrafa baxanda hamının narazılıqla nırçıldadığını
gördüm. Əlindəki daşı beysbol topu kimi tutan Talib qolunu gərib, daşı çaladakı

gözübağlı adama tolazladı. Daş adamın başına dəydi. Qadın yenə qışqırdı. Kütlədən
qorxu və heyrət qarışıq “Oh!” səsi gəldi. Mən gözlərimi yumub üzümü əllərimlə
bağladım. Tamaşaçıların “oh!” sədaları edam olunanlara dəyən hər daşı müşayiət
edirdi. Bu, bir müddət davam etdi. Səslər kəsiləndə mən Fəriddən bunun bitib-
bitmədiyini soruşdum. O dedi ki, bitməyib. Güman etdim ki, adamların, sadəcə,
boğazı yorulub. Bilmirəm, üzüm əllərimin içində hələ nə qədər oturdum. Bilirəm ki,
gözlərimi yalnız ətrafımdakı adamlar “Öldü? Öldü? Kişi öldü?” deyə soruşanda
açdım.
Çaladakı kişi qan və ət kütləsinə dönmüşdü. Başı irəli əyilmiş, çənəsi sinəsində
idi. Con Lennon eynəkli Talib çalanın yanında çömbəlmiş başqa kişiyə baxa-baxa
əlindəki daşı havaya atıb-tuturdu. Çalanın yanındakı kişi stetoskopun bir ucunu
qulağına, o biri ucunu isə daşqalaq edilmiş kişinin sinəsinə dayamışdı. O,
stetoskopu qulağından çıxarıb, eynəkli Talibə başı ilə “yox” işarə elədi. Kütlədən
inilti qopdu.
Con Lennon yenidən meydana çıxdı.
Hər şey bitəndə, qan içində meyitlər ayrı-ayrılıqda qırmızı pikapların tərkinə
atılanda bir neçə adam əlində bel çalaları doldurmağa başladı. Onlardan biri böyük
qan ləkələrini ayağı ilə torpaqlayaraq, gizlətməyə çalışırdı. Bir neçə dəqiqə sonra
komandalar yenidən meydançada idi. Oyunun ikinci yarısı başlayırdı.
Bizim görüşümüz günorta saat üçə təyin olunmuşdu. Görüşün belə asanlıqla
təyin olunması məni təəccübləndirdi. Mən bunun bir az yubanacağını, heç olmasa
sual-cavaba tutulacağımızı, ola bilsin ki, sənədlərimizin yoxlanacağını güman
etmişdim. Amma mənim yadıma saldılar ki, Əfqanıstanda rəsmi məsələlər hələ də
qeyri-rəsmi həllini tapır. Fərid, sadəcə, qamçılı taliblərdən birinə dedi ki, bizim ağ
geyimli adamla şəxsi söhbətimiz var. O adam Fəridlə bir az danışandan sonra başı
ilə anladığını işarə elədi və meydançadakı cavan oğlana puştu dilində nəsə qışqırdı.
O da cənub qapısına doğru gedib, mərasimi yola verən molla ilə söhbət edən
eynəkli Talibə yaxınlaşdı. Üçü bir az danışandan sonra eynəkli adam yuxarı baxdı.
Başı ilə təsdiqlədi və xəbər gətirənin qulağına nəsə dedi. Cavan oğlan cavabı bizə
çatdırdı.
Görüş təyin olunmuşdu. Saat üçə.
37 Rourşok testi – Rourşok (Rorschach) İsveçrə psixiatrı Herman Rourşokun
icad etdiyi ruhi sağlamlıq testi. Mürəkkəb ləkələrinin pasientdə doğurduğu
1   ...   16   17   18   19   20   21   22   23   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə