Ritorika və ədəbiyyat – ədəbiyyatşünaslıq Ritor-əslində danışdığı dildə yaranmış olan ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr, dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin poetik siqlətini, nə nəsrin fikir axarını, nə dramın dialoji çoxcəhətliliyini dinləyiciyə yüksək səviyyədə çatdıra bilər. Xüsusilə əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq üçün natiqdən – ritordan bu sahəni yaxşı bilmək tələb olunur. İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu ifadəli şəkildə düzgün oxumasan, əsərin dəyərini, düşündüyün kimi, dinləyicini də razı sala bilməzsən.
Nəsr və dram əsrlərinin xüsusiyyətlərini də dərindən mənimsəmək lazımdır. Nağıl ilə oçerki eyni tonda, eyni ahəngdə oxumaq olmaz. Eləcə də dramatik əsərlə komik əsəri eyni formada oxumaq natiq üçün qüsurdur.
Ritorika və tarix Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək olmaz. Bunlar nə qədər yaxın olsalar da bir-birinin eyni deyil. Ritorikanın tarix elmi ilə əlaqəsi dedikdə ritorun tarix elmini yaxşı bilməsi nəzərdə tutulur.
Azərbaycanın sovet dövrü tarixindən danışan bir natiq bu dövrün hadisələrini yaxşı bilməkdən əlavə, həmin hadisələrin görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi bacarmalıdır. Əgər, ritor tarixi hadisələri – onların səbəblərini, gedişini, nəticələrini yaxşı bilməsə, onun nitqi inandırıcı olmayacaq. İnamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək. Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini götürək, neçə il bundan əvvəl natiqlər bolşevik platformasından yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin hadisə haqqında milli dövlətçiliyimizin məhv edilməsi, xalqımızın milli müstəqilliyimizin, azadlığımızın əlimizdən alınması kimi danışmaq lazım gəlir. Bu hadisəni yüksək pafosla, zövq və şövqlə nəql etmək olarmı? Şübhəsiz, bu zaman təəssüf hissi ilə, aramla, astadan, pauzalarla danışmalı olacaqdır.
Ritorika və etika Etika fəlsəfi termin olub, yunanca etos – əxlaq, xarakter, adət deməkdir. Natiq nitqində etik problemlərin hamısına əməl etməlidir. Xüsusilə söz seçimi ritorun ən başlıca vəzifəsidir. Ritor çıxış etdiyi auditoriya qarşısında öz ləyaqətini saxlamaq üçün bütün etik normalara riayət etməlidir. Ritor unutmamalıdır ki, onun geyimi, xarici görkəmi, əl-qolunu yerli-yersiz, mənalı və mənasız qaldırıb salması onun nüfuzunu müəyyən edir. Ritorun işlətdiyi bircə ədəbsiz söz onun daxili aləminin puç olduğunu sübut edər. Və ona heç kəs qulaq asmaz. Məlumdur ki, vulqar sözlər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək səviyyədə danışırsa-danışsın, hansı hadisəni necə gözəl şərh edirsə etsin, sonda bircə ədəbsiz ifadə işlətsə, ritorun bütün nitqi mənasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiyyatda personajın daxili aləmini açmaq, onun kobud və ədəbsiz olduğunu göstərmək üçun işlədilir. Müəllifin və ritorun dilində belə sözlər işlətmək olmaz. Ritorun auditoriyaya – diniləyicilərə münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor arasında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik normalardan kənara çıxmamalıdır. Ritorun nitq zamanı hərəkətləri də etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdirməməlidir. Eyni zamanda yerli-yersiz saçını sığallamamalı, qalstukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı natiq üzü tüklü, köynəyi çirkli və yaxalığı əzik şəkildə, rəngləri müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir, əlindəki kitabı, karandaşı, tabaşiri tez-tez ya stola çırpır, ya da göyə qaldıraraq diqqəti onlara cəlb edir. Belə bir çıxış nə qədər zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz.