Lisenziyalarla beynəlxalq ticarət elmi-texniki mübadilənin yüksək formasından biridir, dünya bazarında yalnız patentlərlə ticarət o qədər də əhəmiyyətli rol oynamır.
Lisenziyalar və patentlərlə ticarət üzrə beynəlxalq əməliyyatlar kəşflərin, qabaqcıl texnologiyaların, texniki biliklərin və təcrübənin realaşdırılmasından ibarətdir. Bu cür əməliyyatların əsasında patent qanunvericiliyinin köməyi ilə kəşflərin qorunması durur ki, bu da patent sahibinə kəşflərdən müstəsna qaydada (inhisarçı kimi təkbaşına) istifadə etmək hüququnu verir. Bu inhisarçı hüququ ondan ibarətdir ki, patentin bütün fəaliyyət müddətində, edilən kəşfi özündə ifadə eləyən malların hazırlanmasına, tətbiqinə və satış hüququna və yaxud patentləşdirilmiş məhsulun istehsalının müəyyən metod və üsullarından istifadəyə yalnız patent sahibi malikdir.
İxtiraya görə patent – səlahiyyətli hökumət orqanları tərəfindən ixtira (kəşf) sahibinə və yaxud onun hüquqi varisinə verilən şəhadətnamədir ki, bu da onun bu ixtiradan inhisarçı kimi təkbaşına istifadə etmək hüququnu sənədləşdirən vəsiqə rolunu oynayır. Patent onun sahibinə kəşfə görə mülkiyyət titulunu verir və bu da əmtəə nişanının və sənaye nümunəsinin qeydiyyatdan keçirilməsi ilə rəsmiləşdirilir. Patentə sahiblik hüququnun müddəti 15-20 il təşkil edir.
Patentlərin satışı lisenziya sazişləri çərçivəsində və bir qayda olaraq, lisenziya və patent agentlərinin xidmətləri ilə həyata keçirilir.
Beynəlxalq ticarət təcrübəsində lisenziya və patent agentlərinin xidmətlərinə fərdi patent sahibləri, xırda və orta firmalar, həmçinin geniş miqyasda elmi-tədqiqat işlərini yerinə yetirməyən iri şirkətlər müraciət edirlər.
Bu cür agentlərin funksiyalarına edilmiş ixtiranın (kəşfin), onun sahibinin adından öz ölkəsində, həm də onun xaricində patentləşdirilməsi daxildir. Vasitəçiliyə həm də lisenziya üçün mümkün ola bilən alıcıların axtarılıb tapılması, lisenziya sazişinin mətninin hazırlanması, ilkin danışıqların aparılması və kəşfin reklam olunması da daxildir. Mükafatlandırma lisenziya sazişi çərçivəsində nizamlanır.
Lisenziya sazişi - kəşflərin, texniki biliklərin, əmtəə nişanlarının kommersiya və istehsal məqsədləri üçün istifadə hüququ verilməsi haqqında müqavilədir. Lisenziya sazişinin tərəfləri: lisenziar - lisenziyanın satıcısı, yəni onun sahibi kimi çıxış eləyən fiziki və yaxud hüquqi şəxs, digər şəxsə (lisenziya sazişinin digər tərəfinə) – lisenziata, müəyyən dövr ərzində və müəyyən mükafata görə kəşfdən sənaye və kommersiya məqsədləri üçün istifadə etmək hüququnu satandır.
Texniki biliklərlə ticarət təcrübəsində lisenziya sazişləri, həm patent alınmış və yaxud patent alınmaq üçün sifariş edilmiş kəşflərdən istifadəyə görə, həm də nou-hau adlandırılan patentləşdirilməyən texnoloji və texniki qərarlar və yaxud istehsal sirrlərinə bağlanılır. Buna görə də patent sazişləri üç növdə olurlar:
patent lisenziyaları;
patentsiz lisenziyalar;
həm patent, həm də patentsiz lisenziyaların elementlərinin özündə birləşdirən kompleks lisenziyalar.
Lisenziya sazişinin predmeti patent və yaxud patentsiz lisenziyalar deyil, müqavilə üzrə patentlərdən və lisenzıyalardan istifadə hüququdur. Satılan hüquqların həcmlərindən asılı olaraq lisenyziyalar üç növdə olurlar:
Sadə (müstəsna olmayan) lisenziya o deməkdir ki, lisenziar elmi-texniki nailliyyətlərdən sazişlə müəyyən olunmuş həcmlərdə, müəyyən ərazidə və müəyyən müddətdə istifadə etmək hüququnu lisenziata verir və digər tərəfdən, sazişin predmetinin həmin ərazidə istifadə olunması, həmçinin lisenziyanın üçüncü şəxslərə verilməsi hüququnu özündə saxlayır.
Müstəsna lisenziya, sazişin predmetindən müəyyən ərazidə və sazişlə şərtləndirilmiş müddətdə təkbaşına istifadə etmək hüququnun lisenziata verilməsi deməkdir.
Tam lisenziya o deməkdir ki, lisenziar özünün kəşfə olan hüququnu tam həcmlərdə, heç bir məhdudiyyət qoymadan lisenziata verir və bu zaman sazişlə müəyyən olunmuş istifadə müddətindən imtina edir.
Lisenziyalarla beynəlxalq ticarət təcrübəsində sazişlər: xalis və əlaqədar lisenziyalara bölünürlər. Bu zaman xalis lisenziyalar kimi, mal göndərişləri və digər xarici ticarət əməliyyatları ilə bağlı olmayan sazişlər başa düşülür; əlaqədar lisenziyalar – xarici ticarət müqavilələrin, məsələn, unikal avadanlığın göndərilməsi haqqında müqavilənin, tərkibinə daxil ediləndir.
Beynəlxalq bazarda lisenziyalarla ticarət firmanın strateji inkişafının aşağıdakı əsas vəzifələrinin həll olunmasını nəzərdə tutur:
firma üçün qeyri-rasional və əlverişlı olmayan texnologiyaların xaricə satılması imkanının olması;
xaricdəki törəmə müəssisələrə və filiallara nou-haunun verilməsi və bununla da elmi-texniki və təcrübə-konstruktor işlərinə qoyulmuş vəsaitlərin geri götürülməsi imkanlarından istifadə olunması;
çox böyük olmayan sərmayə (kapital) məsrəfləri əsasında yeni bazarların mənimsənilməsi imkanları.
Lisenziyalarla ticarət sahəsindəki müvəffəqiyyətli həllər firmalara əlavə mənfəətin əhəmiyyətli payını almaq və kommersiya sahəsində dayanıqlı uğurun əldə olunmasına şərait yaradır.
Dostları ilə paylaş: |