Gömrük ödənişlərinin aşağıdakı növləri mövcuddur:
gömrük rüsumu;
gömrük rəsmiləşdirilməsinə, malların saxlanılmasına və müşayiət olunmasına, məlumatlandırma və məsləhət verməyə, lisenziyanın verilməsinə görə gömrük yığımları;
aksizlər;
əlavə dəyər vergisi.
Gömrük rüsumu – gömrük ödəmələrinin əsas növlərindən biridir. O, malların idxalı və dövlətin gömrük ərazisinin hüdudlarından kənara ixracı zamanı alınan pul yığımıdır.
Gömrük rüsumları – ixrac olunan (eksport), idxal olunan (import) və tranzit (malların ölkənin ərazisindən keçirilməsinə görə) rüsumlara bölünürlər.
Eksport gömrük rüsumları dövlətin ixracat hesabına gəlirlərinin artırılmasına xidmət edirlər. Onlar həmçinin malların daxili bazara göndərişini həvəsləndirirlər.
İmport gömrük rüsumları (onları bəzən import tarifləri adlandırırlar) ölkə daxilində xarici malların qiymətlərinin artırılmasına və bununla da həmin malların yerli mallarla müqayisədə rəqabət qabiliyyətinin aşağı salınmasına xidmət edirlər (himayədarlıq - proteksionizm siyasəti).
Gömrük rüsumalrı malın hər bir ölçü vahidindən (spesifik rüsumlar) və yaxud malın qiymətindən müəyyən faizlə (advolar rüsumlar) tutulurlar.
Gömrük rüsumlarının dərəcələri (stavkaları) –gömrük tarifində göstərilir ki, bu sənəddə malların siyahısı və onların uyğun rüsum dərəcələri (onlar bir mal üçün bir neçə sayda ola bilərlər) öz əksini tapır.
Ən aşağı dərəcələr – preferensial dərəcə adlandırılır. Bunlar daha əlverişli rejim tətbiq edilən ölkələrdən daxil olan mallara tətbiq olunur.
Daha yüksək dərəcələr – baş dərəcələr adlandırılır. Bunlar daha əlverişli rejim tətbiq edilməyən ölkələrdən daxil olan mallara tətbiq olunur.
Əgər dərəcələr lap yüksəkdirlərsə və bunula da onlar beynəlxalq kommersiyanı əlverişsiz edirlərsə, həmin dərəcələr qadağan edən dərəcələr adlandırılır.
Yüklərin gömrük sərhədindən keçirilməsi üçün əsas – gömrük bəyannaməsidir. Bu, sərhəddən keçirilən yük haqqında məlumata malik olan, yükü keçirən şəxs tərəfindən imzalanan və gömrük işçisi tərəfindən icazə verilən sənəddir.
Yükün dövlət sərhədindən qanuni şəkildə keçirilməsi üçün yükü keçirən şəxs borcludur:
yükü və nəqliyyat vasitələrini bəyan etməli;
gömrük orqanına bütün lazımi sənədləri və məlumatları təqdim etməli;
gömrük orqanının tələbinə əsasən yükü və nəqliyyatı təqdim etməli;
gömrük ödəmələrini verməli;
gömrük orqanına onun işində lazımi yardım etməli və gömrük qaydalarının pozulmasına yol verməməlidir.
Belə pozuntulara, məsələn, sənədlərin təqdim edilməməsi, yükün üstünün açılmaması, nəqliyyatın özbaşına keçməsi kimi pozuntular aid edilə bilərlər.
Gömrük qaydalarının pozulmasına görə gömrüyün vəzifəli şəxsləri cərimələr (xəbərdarlıq, cərimə, malın və nəqliyyat vasitəsinin müsadirə olunması, lisenziyadan məhrum etmə) tətbiq edə bilərlər.
Sərhədi keçən mallar və nəqliyyat vasitələri üçün gömrük qaydaları ilə bir sıra gömrük rejimləri müəyyən olunmuşdur:
İdxal (import) – ölkənin gömrük ərazisinə gətirilən mallar gömrük ödəmələri edildikdən sonra həmin ərazidə daimi olaraq qalırlar (onların ixracatı haqqında öhdəliyin olmaması şərtilə);
Təkrar idxal (reimport) - əvvəllər ixrac olunan mallar rüsumlar və vergilər ödənilmədən yenidən ölkəyə gətirilir.
Tranzit – mallar gömrük rüsumları və vergilər ödənilmədən ölkənin (o cümlədən, xarici dövlətin ərazisindən) iki gömrük orqanlarının nəzarəti altında hərəkət etdirilir.
Gömrük anbarı – idxal olunan mallar gömrük rüsumları və vergilər tutulmadan gömrük nəzarəti altında saxlanılırlar.
Rüsumsuz ticarət mağazası - mallar gömrük nəzarəti altında gömrük rüsumları və vergilər tutulmadan ölkə ərazisində (aeroportlarda, limanlarda) satılır.
Malların müvəqqəti ixracı və idxalı – gömrük ərazisində və yaxud onun kənarında rüsumlar və vergilərdən tam və ya qismən azad olunmaqla mallardan istifadə olunmasına icazə verilir.
İxrac (eksport) – gömrük ödənişləri ödənildikdən sonra ölkənin gömrük ərazisindən kənara çıxarılırlar (bu malların həmin əraziyə gətirilməsi öhdəliyinin olmaması).
Təkrar ixrac (reeksport) - əvvəllər ölkəyə idxal olunan mallar gömrük rüsumları tutulmadan və yaxud idxal rüsumlarını qaytarmaqla gömrük ərazisindən çıxarılır.
Maldan dövlətin xeyrinə imtina edilməsi – malın yiyəsi ondan gömrük rüsumları və vergiləri tutulmadan imtina edir.
Malın məhv edilməsi – xarici mallar gömrük rüsumları və vergiləri tutulmadan gömrük nəzarəti altında məhv edilir və yaxud istifadəyə yararsız hala salınır.
Nəticə: Beynəlxalq kommersiya fəaliyyəti və onun əsas istiqamətləri haqqında qərarın qəbul edilməsi üçün həlledici rolu – potensial tərəf-müqabillərin (partnyorların) təsərrüfat inkişafının müqayisəli təhlilinin aparılması və bu ölkələrin siyasi-iqtisadi və milli-mədəni xüsusiyyətlərinin öyrənilməsi oynayır.
Beynəlxalq ticarət sövdələşməsi altında müxtəlif ölkələrdə olan, müəyyən olunmuş miqdarda və keyfiyyətdə mal vahidlərinin göndərilməsi və yaxud tərəflərin razılaşdığı şərtlərlə xidmətlərin göstərilməsi üzrə iki və yaxud bir neçə tərəflər arasında olan müqavilə, kontrakt, saziş başa düşülür.
Beynəlxalq kommersiya fəaliyyəti alqı-satqı yolu ilə həyata keçirilən malların dövlət sərhədlərindən keçirilməsi zəruriyyəti ilə bağlıdır. Bu keçirilmə gömrük əməliyyatları – malların ixracatı (eksport) və idxalatı (import) zamanı dövlətin maraqlarının qorunması üçün lazım olan bir sıra rəsmi hərəkətlərlə müşayiət olunur.
Dostları ilə paylaş: |