Dövlətin funksional fəaliyyəti hər şeydən əvvəl, əsas məqsədə nail olmağa – insanların maddi rifah halının yüksəldilməsinə, onların hüquq və sosial müdafiəsinin təmin edilməsinə yönəldilməlidir. Dövlət müəyyən bir qrupun və ya sinfin deyil, hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının ən ali təminatçısı və müdafiəçisi kimi çıxış etməlidir. Çünki dövlət bu yolla cəmiyyət üzvlərinə təsir göstərməklə, ictimai tərəqqiyə şərait yaradır, ictimai münasibətlər sistemini təkmilləşdirir və onu daha da zənginləşdirir.