İqtisadi transformasiya, mülkiyyət formaları və insan haqları
Cəmiyyətin bu formada mövcudluğu şəraitində, aydındır ki, insan hüquq və azadlıqlarının təminat bazası zəifləyir, reallaşma məkanı və imkanı məhdudlaşır. Belə şəraitdə, hətta yeni texnologiyaların iqtisadiyyatda tətbiqi arzu olunan nəticələri vermir, əksinə, bəzən elə olur ki, istismar səviyyəsi apogeyə çatır, insan hüquqlarının pozulması daha da xroniki və total xarakter alır. Tarix özü göstərir ki, qabaqcıl texnologiyalar yalnız o vaxt və o yerdə lazımi səmərə verir ki, bütövlükdə, cəmiyyət hüququn və mənəviyyat normalarının tələblərinə müvafiq qaydada yaşayır, iqtisadiyyat isə xalqın maraqlarına adekvat surətdə təşkil və idarə olunur, öz fəaliyyətində müasir üsul və formalara arxalanır.
İqtisadi transformasiyanın mühüm tərəfi mülkiyyət məsələsi ilə bağlıdır. Hər hansı konkret bir cəmiyyətdə insan haqlarının necə və hansı formada qorunması da bu məsələnin həllindən kənarda mümkün deyil. Ümumiyyətlə, mülkiyyətin yaranma və formalaşma prosesinin təhlili göstərir ki, cəmiyyətin inkişafının bütün mərhələlərində istehsal vasitələri və əsas resurslar üzərində mülkiyyət sahibliyi iqtisadi sistemin əsasını təşkil edir. İnsanların həyat tərzi həmişə mülkiyyətlə bağlı olmuşdur. Bu mənada, bazar iqtisadiyyatına keçid dövründə ziyalıların vəzyyəti, bəlkə də, daha çox acınacaqlı olmuşdur. Belə ki, ziyalıların mülkiyyətə birbaşa münasibətləri yoxdur. Məlumdur ki, bu kateqoriyaya mülkiyyət sahibliyi olmayan insanlar daxildir və yeni mülkiyyət bölgüsü prosesində onlar iştirakdan kənarda qalmalı olurlar. Dövlət tərəfindən həssas və qayğılı münasibət olmadıqda, ziyalıların böyük qismi çox ağır həyat sürmək zərurətilə üzləşirlər. Rəhbər şəxslərin, rəsmi qurumların biganəliyi və ya sayğısızlığı, cəmiyyətdə intellektə və zehni əməyə xüsusi dəyər kimi baxılmaması, son nəticədə, ziyalıların kütləvi surətdə sosial-iqtisadi haqlarının pozulmasına və intellektual resursların tükənməsinə gətirib çıxarır. Dünyada informasiya cəmiyyətlərinin qərarlaşdığı bir dövrdə belə vəziyyət, əlbəttə ki, heç cür məqbul sayıla bilməz".
İqtisadi münasibətlər sistemində mühüm, aparıcı yer tutan mülkiyyət münasibətləri, həmçinin, qeyri-iqtisadi ictimai proseslərə güclü təsir qüvvəsinə malikdir. Mülkiyyət, nəinki bölgü, istehlak, mübadilə münasibətlərini, eyni zamanda, adi insani, milli-etnik, dini, mədəni-mənəvi, cinsi, sosial və s. münasibətləri də səciyyələndirir. O, forma və xarakterindən asılı olaraq, inkişafın mənbəyi rolunda çıxış edə bilər. İnzibati-amirlik sisteminin təcrübəsi göstərir ki, vahid, yekcins mülkiyyət formasının mövcudluğu şəraitində inkişaf mənbələri, əslində, fəaliyyət göstərmir, yaxud bu fəaliyyət qısamüddətli və zəif olur. Yalnız mülkiyyət müxtəlifliyi, alternativlərin potensial fərqlərinin mövcudluğu şəraitində azad rəqabət və inkişaf üçün mənbələr özünü reallaşdıra bilər, müstəqil iqtisadi subyektlərin sosiumda sərbəst iştirakına yol açılar. Bu şərtlərdən xaricdə hansısa digər hüquqlardan danışmaq əbəsdir. Məhz bu səbəbdən də, demokratikləşmə prosesində azad, sərbəst və sağlam rəqabətə söykənən iqtisadiyyata keçid prioritet məsələ hesab edilir.
Bazar iqtisadiyyatına transformasiya, bəzi adamların təsəvvür etdikləri kimi, heç də, sadəcə olaraq, kapitalizmə keçiddən ibarət deyil. Dövrümüzün tanınmış fikir sahiblərinin qənaətinə görə, əsas məqsəd kapitalizmə yox, demokratik kapitalizmə keçiddən ibarət olmalıdır və burada insanlararası etibar, inam və qarşılıqlı etiraf mühüm əhəmiyyət kəsb etməlidir. Tanınmış amerikalı alim Frensis Fukuyama son əsərlərində yazır ki, demokratik kapitalizmdən başqa dünya ölkələri üçün perspektivli model qalmayıb. Yalnız demokratik kapitalizm istiqamətində iqtisadi və siyasi təşkilatlanmanın optimallaşması mümkündür. Qeyd etmək istərdik ki, demokratik kapitalizm istiqamətində transformasiyanın mühüm və zəruri dayağını F.Fukuyama mədəniyyət amilində, insani əlaqələrdə, dini-mədəni müxtəlitliyə həssas münasibətdə görür. Bu barədə onun "Etibar: sosial fəzilətlər və çiçəklənməyə yol" əsərində olduqca maraqlı və dərin məzmunlu fikirlər irəli sürülür.
Postsovet ölkələrində hal-hazırda da yaşanan transformasiya prosesi, bütün müxtəlifliklərə baxmayaraq, qapalı cəmiyyətdən açıq cəmiyyətə keçiddən ibarətdir ki, burada da ayrı-ayrı mərhələlərin mövcudluğu qanunauyğun haldır. Hər bir ölkə üçün müvafiq mərhələlərin öz spesifikliyi vardır. Bu spesifiklik isə, ilk növbədə, demokratik kapitalizmə doğru transformasiya prosesində əldə edilmiş nailiyyətlərlə, cəmiyyət həyatında demokratik prinsip və normaların, insani birgəyaşayış mədəniyyəti qaydalarının qərarlaşması ilə bağlıdır. Siyasi mədəniyyətin də keyfiyyət səviyyəsi, məhz bu amillərlə şərtlənir.
Siyasi sistemin inkişaf və sivillik göstəricisi olan siyasi mədəniyyət bütövlükdə, cəmiyyətə məxsus birgəyaşayış mədəniyyətinin mühüm tərkib hissəsidir. Birgəyaşayış və birgəfəaliyyət mədəniyyəti yüksək olan cəmiyyətlərdə qarşılıqlı inam, etibar özünü göstərir və insan haqları daha qənaətbəxş surətdə gözlənilir. Bir növ, ənənəviləşmiş vərdiş və sosiallaşma əsasında insan hüquq və azadlıqları təmin olunur, insanlararası əlaqələr, dövlət-şəxsiyyət münasibətləri səmimi və şüurlu inama və qarşılıqlı etimada söykənir. Məhz belə şəraitdə sosial-iqtisadi ədalətsizlik və haqsızlıq sindromu aradan götürülür, hər bir kəs, peşəsindən və gördüyü işdən, etnik, dini və mədəni mənsubluğundan, ideya-siyasi baxışlarından asılı olmayaraq, öz istedadı, zəhməti və qabiliyyətinin müqabilində adekvat dəyərini alır, ictimai etiraf qazanır". Ümumiyyətlə, F.Fukuyamanın göstərdiyi kimi, ictimai etiraf - inkişaf və tərəqqinin başlıca stimulverici amillərindəndir.
Xüsusi mülkiyyətçilik və bazar iqtisadiyyatı şəraitində demokratikləşmənin başlıca şərti insan haqlarının etibarlı təmin olunmasıdır ki, burada da, ilk növbədə, siyasi hakimiyyətin, dövlətin üzərinə böyük missiya düşür. Dövlət xüsusi mülkiyyəti və sağlam rəqabəti müdafiə etməli, antiinhisar siyasəti aparmalı, eyni zamanda, cəmiyyətin bütün üzvləri üçün "düzgün oyun" qaydalarının işlənməsinə və tətbiqinə çalışmalı, maraq və mənafelərin ədalət prinsipinə əsasən, tarazlaşdırılmasına nail olmalıdır. Həmçinin, çətin və ağrılı keçid dövründə cəmiyyət üzvlərinin sosial müdafiəsi dövlətin ümdə vəzifəsi hesab olunur. Hər bir insan, əmin olmalıdır ki, o öz zəhmətinə, istedad və bacarığına müqabil surətdə işlə və evlə, ictimai etiraf və hörmətlə, pensiya və digər sosial qayğılarla təmin ediləcək. Bəşəri təcrübə göstərir ki, yalnız bu halda, cəmiyyət stabil və dinamik inkişafa, xalqın rifah halının yüksəlməsinə nail ola bilər.
Dostları ilə paylaş: |