Şəkil 2.4 İki cərgəli qaldırıcı üçün dördboğaz tipli fontan armaturu
Ştuserlər
Müvafiq fontan borularını seçəndən sonra fontan quyusunun işini ya quyu üstündə əks təzyiq yaratmaqla, ya da boruların başmağında yerli müqavimətlə tənzim edirlər. Yer üstündəki təzyiq ya ştuser vasitəsilə yerli müqavimət yaratmaqla, ya da axını trapa yönəltməklə yaradılır. Əksər hallarda hər ikisi - həm trap, həm də ştuser birlikdə tətbiq olunur.
Qaldırıcı boruların başmağında yerli müqavimət də ştuser vasitəsilə yaradılır. Harada qurulmasından asılı olaraq ştuserlər quyuağzı, yaxud yerüstü və quyudibi, yaxud dərinlik ştuserlərinə bölünür.
Yerüstü ştuserlərfontan armaturunun atqı xəttində yan siyirtmələrdən sonra qoyulur. Əslində ştuser bir tərəfində flansı olan və ortasında əvvəldən axıradək dəlik açılmış ştuser oymağı adlandırılan polad parçasından ibarətdir. Ştuser oymağının flansı iki flans arasında qoyulub çubuqlarla sıxılır. Quruluşunun sadə olmasına baxmayaraq, bu ştuserin ən böyük nöqsanı maye keçən dəlik yeyiləndən sonra bütün ştuser oymağının tamamilə atılmasıdır, Həm də oymağın dəyişdirilməsinə xeyli vaxt sərf olunur. Bu ştuserin son quruluşunda onun gövdəsinə termiki işlənmiş konusvarı oymaq qoyulur; dəyişdirmək lazım gələndə təkcə bu oymağı atırlar, ştuserin gövdəsi isə yerində qalır.
Ştuserin dayanıqlığını artırmaq üçün maye axan hissədə pobedit xəlitəsindən hazırlanmış lüləcik, xüsusi rezin, saxsı borucuq və s. işlədirlər.
Ştuserin yeyilməyə qarşı dayanıqlığını başqa bir yolla, maye axınının sürətini azaltmaq yolu ilə də artırmaq mümkündür; bunun üçün bir deyil, ardıcıl olaraq bir neçə ştuser götürülür. Bir neçə ştuserdəki təzyiq düşkülərinin cəmi bir ştuserinki qədər olur. Beləliklə, çox pilləli ştuser alınır.
Neftlə birlikdə qum gəlməyəndə ştuserdə qalın polad oymaq əvəzinə ortasında xırda dəliyi olan adi halqa da qoymaq olar. Bəzən bir deyil, bir neçə dəliyi olan ştuserlər də işlədilir.
Yuxarıda haqqında danışdığımız ştuserlərin çatışmayan cəhəti onların dəliyi yeyiləndə axıntının o biri atqı xəttinə keçirilməsidir ki, bu zaman quyunun adi qaydada iş rejimi müəyyən qədər pozulmuş olur. Bu nöqsanı aradan qaldırmaq üçün keçidi tənzim olunan ştuserlər düzəldilmişdir. Quyu ağzındakı əks təzyiqi ştuser vasitəsilə dəyişmək lazım gələndə, bu yeni ştuserlərdə maye axınını bir atqı xəttindən o birinə keçirmək lazım gəlmir.