2 Fəal(interaktiv) təlim texnologiyası ilə qurulan dərsin mərhələləri. Fəal(interaktiv) dərslər şagirdləri onları qəlbən və ruhən dərsə bağlayan, problemləri görməyə istiqamətləndirən, onları axtarışlara, fikir mübadiləsi aparmağa, işgüzar ünsiyyətə sövq edən, onlarda sərbəst düşüncəni və həyati bacarıqları inkişaf etdirən maraqlı dərs modellərindən biridir. Ənənəvi dərslərdə cansıxıcılıq, monotonluq müşahidə olunduğu halda, bu dərslərdə istifadə olunan üsulların rəngarəngliyi, fəal müzakirələr ona daha işgüzar və emosional çalarlar gətirir. Bunlara səbəb həmin dərs modelinin maraqlı və məntiqi quruluşa malik olması, tədqiqat xarakteri daşımasıdır. Fəal təlimlə keçilən dərslər elə təşkil olunur ki, şagirdlər dərs vaxtının tez bitməsinə təəssüf edilər. Fəal təlimlə aparılan dərslərdə rəngarəng iş formaları, qrup işləri aparıcı mövqeyə çıxır. Dərsin mərhələləri, təxmini vaxt bölgüsü aşağıdakı şəkildə olur:1.Motivasiya 3dəq. 2.Tədqiqatın aparılması 9dəq. 3.Məlumat mübadiləsi 10dəq. 4.Məlumatın müzakirəsi və təşkili 7dəq. 5.Nəticələrin çıxarılması 5dəq. 7.Yaradıcı tətbiqetmə 8dəq. 8.Qiymətləndirmə 3dəq. Cəmi: 45 dəq. Motivasiya. Fəal(interaktiv)dərsin birinci və ən vacib mərhələsi bünövrə rolunu oynayan motivasiya mərhələsidir. Motivasiya mərhələsinin əsas vəzifəsi idraki fəallığın yaradılmasıdır. Bu mərhələ dərsin başlanmasına şagirdləri səfərbər edir, onlarda fikri fəallığı yaradır, yeni öyrəniləcək mövzuya – problemin qoyulmasına, hazırlıq işlərini həyata keçirməyə intensiv maraq oyadır və problemin tədqiq olunması üçün tədqiqat sualını meydana gətirir. Tədqiqat sualı qoyulduqdan sonra şagirdlər həmin problemin ilkin həlli variantlarına dair öz ehtimallarını verirlər. Müəllim həmin variantları lövhədə qeyd edir. Bu zaman təkrarlar nəzərə alınmır. Motivasiya mərhələsi həmçinin təlim prosesində psixoloji, emosional və işgüzar mühitin yaranmasına imkan yaradır. Motivasiya sözünün mənası sübutlar,dəlillər, səbəblər deməkdir. Fəal təlimdə bu mərhələ faktlara söykənməklə, nəyəsə, hansı istiqamətəsə fikir və düşüncənin yönləndirilməsidir. Bu mərhələdə faktlara söykənmək dedikdə şagirdlər şəxsi qənaətlərinə, biliklərinə, dünyagörüşlərinə, həyati təcrübələrinə müraciət etməklə problemin həll olunması yollarına dair ilkin fərziyyələrini irəli sürürlər, fikirlərini əsaslandırmağa cəhd edirlər. İlkin fərziyyələrin lövhəyə qeyd olunması ilə motivasiya mərhələsi öz işini yekunlaşdırır. Bu mərhələdə əvvəlcə mövzu tapdırılır və o, lövhəyə qeyd olunur, sonra həmin mövzu ilə bağlı tədqiqat sualı ortaya qoyulur və o sual da mövzunun altında lövhəyə yazılır, daha sonra isə qoyulmuş suala şagirdlərin ilkin fərziyyələri alınaraq lövhəyə qeyd olunur. Motivasiya mərhələsi tədqiqat sualına verilən cavabların lövhədə qeyd olunması ilə yekunlaşır. Dərsin növbəti mərhələsinə keçilir. 2.Tədqiqatın aparılması mərhələsi. Bu mərhələdə irəli sürülən fərziyyələrin yoxlanılması üçün şagirdlərin tədqiqat aparmalarına şərait yaradılır. Müəllim əvvəlcədən qrup tapşırıqların hazır edir. Bu tapşırıqlarda dərsin məqsədini – təlim nəticələrini əhatə edən müddəalar əsas götürülür. Əgər təlim nəticəsi 3-5 maddə arasındadırsa o maddələr tədqiqat zamanı mütləq araşdırılmalı və şagirdlər problemi hərtərəfli tədqiq etmək bacarığını kiçik qrup formasında nümayiş etdirilməlidir. Bu mərhələdə müəllim sinifdəki şagirdlərin miqdarını nəzərə almaqla neçə qrup yaradacağını, o qruplara hansı tapşırıqlar verəcəyini əvvəlcədən müəyyən etməlidir. Burada hansı iş formasının seçilməsi olduqca vacibdir. Hansı iş formasının seçilməsi isə proqram materialının verdiyi imkandan asılıdır. Elə mövzular var ki, kiçik qrupla iş, eləsi də var ki, böyük qrupla iş formasında həyata keçirilə bilər. Qrup tapşırıqları verilən zaman yaddaşı, məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişafa sövq etdirən suallar sisteminə müraciət olunmalıdır. Yaddaş, hafizə insanın həyatda mövcud olmasını şərtləndirən ən vacib amillərdən biridir.Qrup tapşırıqları verilərkən elə etmək lazımdır ki, suallardan biri şagirdlərin hafizəsini yoxlamağa imkan yaratsın. Müəllim elə sual qoymalıdır ki, şagirdlər mətni oxuduqdan sonra onun məzmununu düzgün xatırlasınlar, yadlarına salsınlar, əldə etdikləri biliyi bir siyahı formasına sala bilsinlər, əlamətləri keyfiyyətləri düzgün və dəqiq sadalasınlar, onları düzgün qeyd etsinlər, nələri isə unutmadıqlarına əmin olsunlar. Məntiqi təfəkkür də yaddaş əsasında formalaşır və insanın bir varlıq kimi formalaşmasında mühüm rol oynayır. Tənqidi təfəkkür də yaddaş materialından bəhrələnməklə,ona söykənməklə insana isbat edir ki, əldə olunanlardan da yaxşısına sahib çıxa bilərsən. Yaradıcı təfəkkür də yaddaşdan, hafizədən mayasını götürür insanın həyatına yaradıcılıq, qurub-yaratmaq əzmi gətirir. Tədqiqatın aparılması mərhələsi şagirdlərin iş vərəqlərinə cavablarının qeyd edilməsi ilə yekunlaşır. 3.Məlumat mübadiləsi mərhələsi. Bu mərhələdə müəllim hər bir qrupun təqdimatına neçə dəqiqə vaxt ayrıldığını elan edir. Şagirdlər tədqiqatın nəticələrini – qrup işlərini bir-bir sinfə təqdim etməyə başlayırlar. Bunun üçün hər qrupdan bir nəfər nümayəndə tədqiqatın nəticələrini sinfə çatdırır. Əgər ona suallar olarsa, onu cavablandırır və əyləşir. Müəllim bu mərhələdə şagirdləri bir-birilərinin təqdimatlarına qulaq asmağa səfərbər etməlidir. Bütün qrupların təqdimatları bitdikdən sonra əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmə həyata keçirilir. Məlumat mübadiləsi mərhələsi lövhəyə yapışdırılmış iş vərəqləri ilə yekunlaşmış olur. 4.Məlumatın müzakirəsi və təşkili mərhələsi. Bu mərhələdə təqdim olunan qrup işlərinin nəticələrinə nəzər salınır, onlardakı məlumatlar üzərində müşahidələr aparılır, üst-üstə düşən və düşməyən məqamlara şagirdlərin diqqəti cəlb olunur, ümumiləşdirmələr aparılır. Bu mərhələ ya yekun qənaətlərin yeni bir vərəqdə qeyd olunması ilə, ya da mövcud iş vərəqlərinin tezisləri üzərində +və ya- işarələrinin qoyulması ilə bitir.5. Nəticələrin çıxarılması mərhələsi. Bu mərhələ dərsin ən vacib məqamını özündə əks etdirir. Burda görülən iş o olur ki, tədqiqatların yekununu əks etdirən qənaətlərlə motivasiya mərhələsindəki tədqiqat sualı və ona dair irəli sürülmüş ilkin fərziyyələr tutuşdurulur, nələrin üst-üstə düşdüyü, nələrin isə yeni olduğu aydınlaşdırılır. Bu mərhələnin yekununda yeni biliyin əldə edilməsi özünü göstərir. 6. Yaradıcı tətbiqetmə mərhələsi. Bu mərhələdə əldə olunmuş yeni bilik yaradıcı şəkildə tətbiq olunur. Bunun üçün müəllim şagirdlərə yaradıcı tapşırıq verir tapşırıqlardan istifadə edir. Müəllim mövzunun tələbindən,dərsin təlim nəticələrindən irəli gələn yaradıcı tapşırığı şifahi formada şagirdlərə elan edir və icra müddətini bildirir. Bu mərhələ şagirdlərin yaratdıqları iş nümunələrinin təqdimi ilə yekunlaşır.7. Qiymətləndirmə və ya refleksiya. Bu mərhələdə formativ qiymətləndirmə aparılır, müəyyən olunmuş meyarlar əsasında şagird nailiyyətləri yoxlanılır. Bu zaman sual, tapşırıqlardan, test nümunələrində istifadə oluna bilər.