3 Ədəbiyyat fənn kurikulumunda ədəbiyyat nəzəriyyəsinin yeri və tədrisi məsələləri.
Müasir məktəbdə ədəbiyyat tədrisinə yeni yanaşmanın mahiyyəti hazırlanan kurikulum sənədlərində öz əksini tapmışdır. Ədəbiyyatt kurikulumunun ümumi orta və tam orta təhsil pillələrində qarşıya qoyduğu məqsəd və vəzifələr təlimə ənənəvi baxışın, metodik istiqamətin dəyişdirilməsini qaçılmaz etmişdir.“Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu”layihəsində ümumi və tam orta təhsil pillələrində ədəbiyyat fənnnin əsaslandırılması verilmiş, kursun əhəmiyyəti, məqsəd və vəzifələri dəqiqləşdirilmişdir. Kurikulumda qeyd edilir ki, ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinin məqsədi yüksək ideya-bədii dəyərə malik söz sənəti nümunələrinin öyrədilməsi əsasında şagirdlərdə müasir dünyagörüşü, estetik zövq, mütaliə və həyati bacarıqların formalaşdırılması, onların ədəbi təhsil, tərbiyə və inkişafının təmin edilməsi,şifahi və yazılı nitqinin inkişaf etdirilməsidir.Bu məqsədə nail olmaq üçün söz sənətinin mahiyyəti, daxili qanunları barədə zəruri təsəvvürlərin yaradılması;milli ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatından nümunələrin öyrədilməsi əsasında milli və bəşəri dəyərlərin, həyati bacarıqların formalaşdırılması;şagirdlərin zəruri ədəbi-nəzəri biliklərə yiyələnməsi;bədii əsərin oxusu, təhlili və qiymətləndirilməsi üzrə zəruri bacarıqların yaradılması ifadəli oxu bacarığının formalaşdırılması;şifahi və yazılı nitq bacarıqlarının aşılanması təmin edilməlidir.Azərbaycan ədəbiyyatının tədrisi vasitəsilə ümumi orta təhsil pilləsində incəsənətin bir növü kimi söz sənətinin – şifahi və yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti olması,taleyüklü məsələləri özünəməxsus bədii vasitələrlə əks etdirməsi barədə şagirdlərdə dolğun təsəvvür yaradılır.Milli və dünya ədəbiyyatından seçilmiş kamil sənət nümunələri vasitəsilə məktəblilərdə sözə, söz sənətinə həssas, bədii-emosional münasibət formalaşdırılır, təhlil, dəyərləndirmə, fikirlərini şifahi və yazılı çatdırmaq bacarığı inkişaf etdirilir.Ədəbiyyat nəzəriyyəsi üzrə zəruri biliklərə və mütaliə mədəniyyətinə yiyələnən şagirdlərdə konfliktlərə, problemlərə, ədəbi nailiyyətlərə əsaslandırılmış münasibətin formalaşması təmin edilir.Tam orta təhsil pilləsində şagirdlərin əsas təhsil pilləsində qazandıqları bacarıq və vərdişlər təkmilləşdirilməklə tarixi-xronoloji ardıcıllıqla Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr öyrənilir, ədəbiyyat nəzəriyyəsinə dair məlumatlar genişləndirilir, məktəblilərin ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur. Ədəbiyyat kurikulumunda ümumi orta və tam orta təhsil pillələrində şagirdlərin hansı bacarıqlara yiyələnməli olduğu dəqiq göstərilmişdir. Müəllim məktəblilərin bilik və bacarıqlardan üzvi əlaqədə istifadə etməsinə xüsusi diqqət yetirməli, mütaliə bacarıqları sinifdən-sinfə keçdikcə yeni, mürəkkəb əsərlər üzərində tətbiq edilərək dərinləşdirilməlidir.Məktəbdə bədii əsər üzrə işin özünəməxsus strukturu, məntiqi ardıcıllığı vardır ki, bunlardan kurikulumda da imtina etmək mümkün deyildir. Bədii mətnin oxusu, məzmununun mənimsənilməsi (əsərin ilkin qavranılması, tanış olmayan söz və ifadələrin , mənasının aydınlaşdırılması, plan tərtibi, nağıletmə və s.) əsərin təhlili (mövzu, ideya, problem, obrazlar baxımından təhlil və qiymətləndirilmə) üzrə bacarıqların formalaşdırılması prosesində şagirdlərin yaş xüsusiyyətləri, qavrama imkanları nəzərə alınmalıdır. Şagirdlərin mütaliə bacarıqlarına yiyələnməsi ədəbiyyata marağın artırılması, əsərdə qaldırılan problemlərin, onun ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin qavranılması üçün zəruri şərtdir. Dərsə hazırlıq mərhələsində ədəbi-bədii nümunələr üzrə iş planlaşdırılarkən hansı bacarıqlar üzrə iş aparılacağı dəqiqləşdirilir. Məktəblilər dərsdə mətni mənimsəməklə yanaşı, mətn üzərində iş üsullarını öyrənir.Milli Kurikulum çərçivə sənədində “Ədəbiyyat” fənni üzrə ümumi orta və tam orta təhsil pillələri üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən edilmişdir: Ümumi orta təhsil pilləsi (V-IX siniflər) üzrə şagird ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir; yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqi ifadə edir;ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir; şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır; ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini,bildirir;ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı başqalarının fikrinə tolerant, obyektiv və ədalətli münasibət göstərir, öz mülahizələrini əsaslandırır, ümumi rəyə gəlməyi bacarır.Tam orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazır;mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdırmalar aparır;ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir;mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır.