Protoplazmanın kimyəvi tərkibi Protoplazmanın ən mühüm xüsusiyyətlərindən biri də hərəkət etmək qabiliyyətidir. Belə xassə nəinki təkcə protoplazmaya, həm də onun ayrı-ayrı quruluş elementlərinə də (nüvə, plastidlər, mitoxondrilər) aiddir. Protoplazmadakı quru maddənin 2/3 hissəsi zülallar və onların birləşmələrindən ibarətdir. Zülallarla yanaşı, protoplazma da quru maddənin təxminən 1/5 hissəsini lipofil maddələr ( lipidlər, fosfatidlər və s.) təşkil edir. Canlı bitki protoplazmasında suyun miqdarı orta hesabla 75 - 85%, vakuolda isə 98%-ə qədər ola bilər. Bitkilərdə suyun rolu, hər şeydən əvvəl, onun fiziki-kimyəvi xüsusiyyətləri ilə təyin olunur. Suyun mühüm xassələrindən biri də onun molekulunun polyarlığıdır(qütblüyüdür). Polyarlıq su molekulunda hidrogen və oksigen elektronlarının simmetrik yerləşməməsi, bununla da müsbət və mənfi yüklərin qeyri-bərabər paylanması hesabına meydana çıxır. Nəticə də su molekulu dipol əmələ gətirir. Hidratlaşma xassəsi - suyun müxtəlif ionlara, molekullara, kolloid mitsellərinə birləşməsi də, onun polyarlığı ilə əlaqədardır. Protoplazmanın mühüm xassələrindən olan özlülük isə bilavasitə hidratlaşmadan asılıdır. Hüceyrədə zülallar ən yüksək hidratlaşma qabiliyyətinə malikdir. Zülal molekulları suyu udduqca şişir. Suyun zülallar tərəfindən udulması prosesinə kationlar, anionlar, pH vəs. böyük təsir göstərir. Suyun hərəkətliliyi, aktivliyi, onun hüceyrədəki vəziyyəti ilə bilavasitə əlaqədardır. Bu baxımdan bitki fiziologiyasında “sərbəst” və “birləşmiş” su fraksiyalarının olması qəbul edilmişdir. Birləşmiş su dedikdə, bu və ya digər qüvvə ilə protoplazmanın kolloidləri, həmçinin də osmotik fəal maddələr tərəfindən saxlanılan su fraksiyası nəzərdə tutulur. Son illərdə aparılan tədqiqatlar göstərir ki, hüceyrədə birləşmiş suyun ayrı-ayrı formaları, həmçinin də birləşmiş su ilə sərbəst su fraksiyaları arasında kəskin sədd çəkmək doğru deyildir. Belə ki, mahiyyətcə hüceyrədə olan suyun hamısı, onun qılafının, protoplazmanın və vakuoldakı şirənin komponentləri ilə birləşmiş vəziyyətdə olur. Lakin suyun həmin komponentlərlə birləşmə xarakteri (rabitənin möhkəmliyi) və forması müxtəlifdir ki, bu da hüceyrənin tərkibinə daxil olan kimyəvi birləşmələrin xüsusiyyətlərindən və onların qarşılıqlı təsirlərindən asılıdır. Beləliklə, protoplazma kimyəvi tərkibinə, miqdarına və digər xassələrinə görə bir-birindən fərqlənən birləşmələrin olduqca mürəkkəb heterogen sistemindən ibarətdir. Məlumdur ki, zülallar suda həqiqi məhlullar əmələ gətirmirlər, onlar ancaq kolloid vəziyyətdə olur. Kolloid məhlullar da iki qrupa bölünür: a) liofob; b) liofil. Əgər dispers mühiti sudan ibarətdirsə, bu halda müvafiq olaraq “hidrofob” və “hidrofil” terminləri işlədilir. Liofob (hidrofob) kolloid məhlullarda, dispers mühitin və dipers fazanın hissəcikləri bir - birini itələdikləri halda, liofil (hidrofil) sistemlərdə onlar bir-birini cəzb edir. Budan başqa, liofil (hidrofil) kolloidlər solvatlaşma (hidratlaşma) sayəsində daha da sabitləşir. Zülalların kolloidləri hidrofildir. Hidrofob kolloidlərdə isə elektrik yükünün itirilməsi fazaların ayrılması (çöküntünün əmələ gəlməsi, koaqulyasiya) ilə müşayiət olunur. Lakin hidrofil kolloidlərdə elektrik yükünün itirilməsi, fazaların tamamilə ayrılmasına gətirib çıxarmır. Bu zaman yalnız hidrat təbəqəsinin ölçüləri kiçilir. Polyar qruplar elektrik yüklərini itirmədiklərindən, hidrogen rabitələri də hidrofil kolloidlərdə saxlanmış olur. kullarından ibarət olan poliozalar. Bitki orqanizmində ən çox yayılan disaxaridlərdir: Saxaroza, maltoza, laktoza, sellobioza. Poliozalar, yaxud yüksəkmolekullu polisaxaridlər yüzlərlə, hətta minlərlə monosaxarid qalığından ibarətdir. Belə yüksəkmolekullu polisaxaridlərin əsas xassələri müasir dövrümüzdə yaxşı öyrənilmişdir. Onlar iki əsas qrupa- homopolisaxaridlər və heteropolisaxaridlər qrupuna bölünürlər. Homopolisaxaridlər hər hansı monosaxarid molekullarından təşkil olunmuşdur. Məsələn: nişasta, qlikogen, lixenin və sellüloza qlükoza molekullarından ibarətdir. İnulin və polifruktozidlər fruktozadan, mannanlar, qalaktanlar, arabanlar, ksilanlar-mannoza molekullarından; qalaktoza, arabinoza isə ksilozalardan təşkil olunmuşdur. Heteropolisaxaridlər isə müxtəlif polisaxarid qalığından ibarətdir. Belə polisaxridlərə hemisellüloza, qatran, selik və s. daxildir. Fotosintez zamanı bitki orqanizmində şəkərlərin fosfor efiri, yaxud sadə şəkərlər, hətta mürəkkəb formalı karbohidratlar-saxaroza, nişasta və sellüloza kimi maddələr də əmələ gəlir. Tədqiqatlar göstərir ki, başqa karbohidratlar da nişasta kimi fotosintezin məhsulu olmaq etibarı ilə yarpaqda tez əmələ gəlir. Mürəkkəb karbohidratlar bitki orqanizmində ani olaraq əmələ gəldikləri kimi, mürəkkəb çevrilmələrə məruz qalırlar. Bunu cücərən toxumlarda daha aydın görmək olar. Burada ehtiyat qida maddəsi olan nişasta hidroliz olunub şəkərlərə çevrilir və həmin şəkərlər ilk cücərtilər tərəfindən istifadə olunur. Mürəkkəb formalı karbohidratların intensiv parçalanma prosesini vegetativ orqanların qocalması zamanı da müşahidə etmək olar, çünki bu zaman yarpaqlarda artıq mürəkkəb karbohidratların sintezi deyil, hidrolizi gedir. Hidroliz zamanı əməl gələn sadə şəkərlər, yaxud onun fosfor efirləri yenidən generativ orqanlara axıb mürəkkəb karbohidratların əmələ gəlməsini təmin edir və ehtiyat maddəsi vəzifəsini görür. Beləliklə, bitki orqanizmində karbohidratların qarşılıqlı mübadiləsi prosesi asanlıqla həyata keçirilir. Bütün bu faktlar onu sübut edir ki, karbohidratlar bitki orqanizmində dövr edərək müxtəlif fermentlərin təsirindən bir tərəfdən parçalanıb müxtəlif tərkibli maddələrə çevrilir, digər tərəfdən isə yeni maddələrin sintezinə səbəb olur.