Kəndlilərin vəziyyəti və kəndli üsyanları.
X-XI əsrlərdə fransız kəndlilərinin çox hissəsi ağır feodal istismarına məruz qalırdı.Təhkimli kəndli (serv) senyordan, yəni yaşadığı seyoriya (Fransada feodal mülkü,adətən, belə adlanırdı) mülkiyyətçisindən şəxsən, torpağa görə və məhkəmə baxımından asılı idi.Serv şəxsən asılı olan bir adam kimi baş vergisi (saratikum), azad adamla və ya başqa senyorların servi ilə nigaha girdikdə kəbin töycüsü (forismasit-agium), ölüm vergisi,yəni varislik vergisi (manus,mostuns,mortuarium),ödəyirdi: ölüm vergisi,çox vaxt,ən yaxşı bir baş malqara ilə ödənilirdi.Nəhayət, senyor servdən hədsiz mükəlləfiyyət və vergilər (ixtiyari talya) tələb edə bilirdi.
Torpaq sahəsinin irsi istifadəçisi kimi kəndli senyor üçün aşağıdakıları etməyə borclu idi: çöl işlərində (bir qayda olaraq həftədə üç gündən az olmayaraq) biyara getməli, tikinti, nəqliyyat və s. işlərdə mükəlləfiyyətlər icra etməli, o vaxtlar nisbətən çox olmayan natural və nul töycüləri verməli idi.Məhkəmə baxımından asılı adam kimi kəndli özünün məhkəmə iddialarını senyor məhkəməsinə (mülkədar məhkəməsinə) verməli, onun işinə burada baxılmalı idi.Buna görə də ondan məhkəmə vergisi və cərimələr alınırdı.Sonra o, senyora bazar,körpü,bərə, yol və başqa gömrüklər və vergilər ödəyirdi.
Senyor dəyirman, çörək kürəsi,şirəçən dəzgah (üzümsıxan qısğac-tərc) üzərində inhisar hüququna (banalitet hüquq deyilən hüquq) malik olduğuna görə kəndlilər taxıllarını onun dəyirmanında üyütməli, çörəyi onun kürəsində bişirməli, onun dəzgahında şərab çəkməli (üzüm sıxmalı - tərc.), bütün bunlardan istifadə üçün natural şəkildə və ya pulla haqq verməli idilər. Kəndlilərin bir hissəsi (villanlar) şəxsi azadlıqlarını saxlamışdılar. Lakin onlar da torpağa görə, bəzən də məhkəmə baxımından feodaldan asılı idilər.Feodal münasibətlərinin qəti olaraq formalaşması istismarın artması ilə müşayiət olunurdu. Senyorun xeyrinə olan keçmiş mükəlləfiyyətlərə yeni-yeni mükəlləfiyyətlər əlavə olunurdu. Əvvəllər kənd icmasına məxsus olan, X-XI əsrlərdə isə feodallar tərəfində zəbt edilmiş meşələr, sular və biçənəklərdən istifadə müqabilində də kəndlilər mülkədara əlavə haqq verirdilər. Feodal vergiləri və aramsız feodal müharibələri nəticəsində müflisləşmiş təsərrüfat kəndlilərin həyatını son dərəcə təminatsız edirdi. Aclıq adi hal idi və acından ölmə çox geniş yayılmışdı. O dövrün kənd təsərrüfatı texnikasının aşağı səviyyədə olduğu şəraitdə labüd olan məhsulsuzluq və ya başqa təbii fəlakət hallarında əhali köməksiz vəziyyətdə qalırdı.
Kəndlilər feodal istismarına hər cür yolla müqavimət göstərirdilər. 997-ci ildə Normandiyanı üsyan bürüdü. Kəndlilər özlərinin icma torpaqlarında keçmişdəki azad və müftə istifadə hüquqlarının bərpa olunmasını tələb edirdilər. 1024-cü ildə Bretanda kəndli üsyanı qalxdı. Salnamədə deyildiyi kimi, kəndlilər "başçılarsız və silahsız" üsyan edirdilər, lakin cəngavər dəstələrinə qəhrəmancasına müvəffəq olmuşdular. Öz hüquqlarını qoruyan kəndlilər adətən bütöv icmalar halında hərəkət edirdilıər. İcma onlar üçün "hətta orta əsrlərin ən amansız təhkimçilik qaydaları şəraitində belə məhəlli mütəşəkkillik və müqavimət vasitəsi..." idi. Kəndli üsyanları qəddarcasına yatırıldı. Lakin kəndlilərin inadlı müqaviməti feodalları müəyyən qədər nəfəslərini qısmağa məcbur edirdi. Sinfi mübarizə nəticəsində senyoriyada münasibətləri xeyli tənzim edən və feodal rentasının miqdarını az-çox müəyyən edən "adətlər" yaranırdı. Bu "adətlər" kəndliyə özünün şəxsi təsərrüfatında işləməsi üçün daha çox vaxt və imkan verir, onun irsi torpaq sahəsində olan hüququnu möhkəmləndirir və müəyyən qədər istismarı da məhdudlaşdırırdı. Beləliklə, kəndli kütlələrinin öz zülmkarlarına qarşı mübarizəsi kəndlinin öz şəxsi təsərrüfatına olan hüququnun genişlənməsi və möhkəmlənməsinə kömək edir və bununla da feodalizm cəmiyyətində məhsuldar qüvvələrin daha sürətli inkişafına şərait yaradırdı.
Dostları ilə paylaş: |