Azərbaycan elmi nə etməli nədən başlamalı 18 Fevral 2022 14
Beynəlxalq əlaqələr Akademiyamızın beynəlxalq elmi məktəblərlə əlaqəsi, ehtiraf edək ki, arzu edilən səviyyədə deyildir və bu çatışmazlığı aradan qaldırmaq üçün ardıcıl tədbirlər görməliyik. Hesab edirəm ki, qısa bir zamanda AMEA Ümumdünya elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Beynəlxalq Akademiyalar Asosiasiyasının üzvü olmalıdır və Əbdüs Salam adına Nəzəri Fizika üzrə Beynəlxalq Mərkəzi ilə (International Center for Theoretical Pfysics - İCTP) sıx əlaqələr yaratmalıdır. Qeyd etmək istərdim ki, İCTP yaradılarkən əsas fəaliyyəti fizika elminə aid idi, amma bü gün praktiki olaraq elmin bütün sahələrini əhatə edir. Bu təşkilatların hər ikisi İtaliyanın Triyest şəhərində yerləşir və hər il müxtəlif qrantlar, magistr və doktorluq dissertasiyalarını hazırlamaq üçün gənc və istedadlı araşdırmaçıları Mərkəzin hesabına oraya dəvət edir. Burada zəngin kitabxana, maraqlı elmi seminarlar, dünyanın aparıcı alimləri, Nobel mükafatları laureatları tərəfindən mühazirələr təşkil olunur. Bu elmi Mərkəzlərdə çalışmaq böyük elmi məktəb keçmək deməkdir.
Gənc alimlər üçün burada olmaq böyük fayda verir, çünki müasir elm artıq kollektiv anlayışdır və elmi inteqrasiya çox vacib amildir. Nobel mükafatı laureatlarının sırasına nəzər salsaq görərik ki, (nadir hallar istisna olmaqla), son 25-30 ildə bu mükafat əsasən qruplara verilir (Alfred Nobelin vəsiyyətinə uyğun olaraq qrupun sayı 3-dən çox olmamalıdır) bu isə müasir elmin kollektiv anlayış olmasını bir də təsdiq edir. İnformasiya texnologiyaları alimlər arasında sıx əlaqələr yaratmağa imkan vermişdir və hətta müxtəlif qitələrdə belə yaşayan alimlər bu gün qrup şəkilində öz fəaliyyətlərini davam etdirillər.
Ona görə müasir zamanda elmin inteqrasiyası olmadan böyük uğurlar əldə etmək praktiki olaraq mümkün deyil. Bizim təşəbbüsümüzlə 2005-ci ildə AMEA və İCTP arasında əməkdaşlığa dair 5 illik anlaşma imzalanmışdır (2005-2010 illərdə mən İCTP-nin senior associated vəzifəsində çalışırdım) və bu anlaşmaya əsasən hər il Azərbaycandan 4 gənc alim 7 həftəyə, İCTP- nin hesabına, oraya ezam olunurdu. Ezam olunmuş gənclər dərin elmi nəticələr əldə etdilər və bir müddətdən sonra hamısı elmlər doktoru dərəcəsinə nail oldular. 2006-cı və 2008-ci illərdə anlaşmaya uyğun olaraq Bakıda İCTP-nin mənəvi və maliyyə dəstəyi ilə iki beynəlxalq elmi konfrans keçirildi və bu konfranslarda ABŞ, Almaniya, Sinqapur, Avstraliya, Portuqaliya, Latviya və digər ölkələrdən olan dünyanın tanınmış alimləri iştrak etdi. Belə konfransların keçirilməsi elmi əlaqələri möhkəmləndirir və elmin inkişafına böyük dəstək olur. 2006-cı ildə İCTP, Azərbaycandan 5 tələbəni İtaliyanın aparıcı universitetlərində, İCTP-nin tam maliyyə dəstəyi ilə, təhsil alma təşəbbüsünü irəli sürmüşdür. Amma bəzi məmurların gizli etirazı və "fəaliyyəti" nəticəsində bu mümkün olmadı.