Etnoqrafik leksika antroponim yaratmaqda
əsas mənbədir
Onomastik adlar içərisində anroponimlər məxsusi yer tutur. Antroponimlər istər tarixi qədimliyinə, istərsə də əmələ gəlməsinə, formalaşıb sabitləşməsinə və bu günümüz üçün norma səviyyəsində təsbit olunmasına görə seçilir. Xüsusi adların bu növü milli tərkibinə görə rəngarəngdir. Burada xalis Azərbaycan sözlərinə təsadüf etdiyimiz kimi, həmçinin ərəb və fars, ümumtürk və monqol, eləcə də özgə dillərdən də müxtəlif münasibətlərlə, əlaqə, təsir və başqa təmaslar nəticəsində antroponimlər alınıb işlənir, yaxud da onların əsasında yeniləri yaranır.
Bəllidir ki, hər bir xalqın özünəməxsus etnoqrafik əlamət və xüsusiyyətləri, səciyyəvi həyat tərzi, məşğuliyyəti, adət- ənənəsi, ümumən mənəvi və maddi dünyası var. Azərbaycan xalqının qədim və zəngin etnoqrafiyası həqda fikir söyləməkdə etnoqrafik sözlərdən ibarət olan antroponimlər / daha çox şəxs adları/ əhəmiyyətli mövqeyə malikdir.
Azərbaycan dilinə məxsus bir çox etnoqrafizmlər şəxs adları yaratmaqda iştirak edir. Məsələn: Altunbay, Xaspolad, Polad, Oqtay, Altay, Güntay, Atlas, Almaz, Babacan, Eymur, İnci, Sürmə, Göycə və s.
Etnoqrafik leksika bazasında yaranıb sabitləşmiş şəxs adlarını aşağıdakı kimi qruplaşdırmaq olar / bir şeyi də nəzərə almaq gərəkdir ki, burada Azərbaycan dilinin, özgə dillərin də özləri az rol oynamır/.
I. Etnoqrafik leksikanın müəyyən bir hissəsini təşkil edən zərgərlik məmulatlarının adları, qiymətli daş- qaş adları.
Azərbaycan antroponimiyasının yaranmasında özünəməxsus rol oynayır: Almaz, Brilyant, Yaqut, Zümrüd, Gümüş, Dürdanə, Dürrə, Gövhər, Cəvahir, İnci, Mərcan, Şirmayı, Firuzə, Sədəf, Mina, Mirvari, Büllur, Simuzər, Həmayıl, Mərmər.
2. Qiymətli, aztapılan, möhkəm və paslanmayan və b. metal adlarından ibarət antroponimlər: Altunbay, Xaspolad, Polad, Dəmir /Temir, Teymur və b. variantları da var/, Daşdəmir, Qızıl Arslan.
3. Zinət və bəzək – düzək bildirən sözlər əsasında yaranan antroponimlər: Vəsmə, Zinyət, Zivər, Zeybə /ərəbcə bəzək, zinət deməkdir/. Zeynal, Zeynalabdin, Sürmə.
4. Etnonim və nəsil adlarından ibarət antroponimlər: Eymur, Eltuz /Eldəgiz- Eldəgəz sözündən/.
5. Parça, geyim adlarından yaranmış və dərziliklə bağlı işlənən sözlərdən ibarət antroponimlər: Atlaz, Bafta, Bəyaz, Qumaş, İpək, Güləbətin, Məxmər, Naxış, Cuna.
6. Şirniyyat, milli içki, yemək və meyvə adlarını bildirən sözlərdən düzələn antroponimlər: Badam, Ballı, Qayçı, Qəndab, Gilas. Limon /Lumu/, Moruq, Narınc, Noğul, Şəkər, Şərbət, Pustə, Şakalad.
7. Sonu tac sözü ilə qurtaran antroponimlər: Fəxrəntac, Zərintac, Gövhərtac. Onu da xüsusi olaraq göstəririk ki, müasir adyaratma prosesində tac hissəciyi çox məhsuldardır.
Eltac, Aytac, Gültac və s.
8. Nur antropoformantı ilə bitən antroponimlər və artmaqdadır. Cahannur, Dəryanur, Ziyanur adları çoxdan işlənirsə də, Qəlbinur, Aynur / Aynurə də işlənir/, Əlinur, Günnur, Mahnur kimi adlar son 20 ildə geniş yayılmışdır.
9. Tay antropoformantı ilə düzələn şəxs adları:
10. Soyadların əmələ gəlməsində də orijinal milli təfəkkürə uyğun sözlər yaradılır. Əlvan, Əlisoy, Ulusoy, Hidayət Elvüsal, Müslüm Oğuz, Məhəmməd Gəngərli, Rüştükamallı, Abid Tahirli, Ərhun Ocaq, T.Aydınoğlu, Akif Nərimanoğlu, Rizvan Hilaloğlu, Abdulla Müğdətoğlu, Cəlal Əlifoğlu, Samir Kazımoğlu, Sədilə Hümmətqızı, İdris Şükürlü.
Azərbaycan dilinin etnoqrafik leksikasının mövqeyini təsəvvür etmək üçün, əlbəttə, ilk növbədə bu zəngin leksik vahidləri tam halda toplayıb sistemləşdirmək gərəkdlir. Bu, ən vacib və təxirəsalınmaz iş kimi leksikoloq və leksikoqraflarımızın qarşısında durur.
Dostları ilə paylaş: |