MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 2,33 Mb.
səhifə1/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
  1   2   3   4   5   6   7   8   9   ...   15
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________



MÜHACİRƏTDƏ

FOLKLOR

ARAŞDIRMALARI
I KİTAB

BАKI – 2015




Elmi redaktor: Muxtar KAZIMOĞLU (İMANOV)

AMEA-nın müxbir üzvü,

filologiya üzrə elmlər doktoru
Tərtib edəni, Azərbaycan

türkcəsinə uyğunlaşdıranı,

ön söz və şərhlərin müəllifi: Almaz HƏSƏNQIZI

filologiya üzrə elmlər doktoru




Mühacirətdə folklor araşdırmaları, I kitab, Bаkı, Elm və təhsil, 2015, 252 səh.
Kitabda siyasi səbəblər üzündən doğma Vətəni tərk edərək mü­ha­cirətdə yaşayıb-yaratmağa məcbur olan Ə.Cəfəroğlu, M.Ə.Rə­sul­zadə, M.B.Məm­mədzadə, Ə.Yurdsevər, H.Baykara, S.R.Rə­fioğlu, M.S.Sə­nan, M.H.Türkəqul, M.Altunbay, Ə.Özər, İ.Melikoff, B.Həqqi, X.Aslan və başqalarının folklorla bağlı araşdırmaları toplanmışdır.
folklorinstitutu.com
M 4603000000 Qrifli nəşr

098 – 2015

© Folklor İnstitutu, 2015

© Almaz Həsənqızı, 2015



MÜHACİRƏT FOLKLORŞÜNASLIĞININ

DƏYƏRLİ ÖRNƏKLƏRİ
Azər­baycan mühacirətini təmsil edənlər – Əhməd bəy Ağa­oğ­­­lu, Əli bəy Hü­seynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mir­zə Ba­­la Məmmədzadə, Əhməd Cəfər­oğlu, Ceyhun bəy Hacı­bəyli, Sə­­lim Rəfiq Rəfioğlu, Nağı Keykurun, Hüseyn Baykara, Əb­dül­va­hab Yurdsevər, Məmməd Sadıq Sənan, Mirzadə Mus­tafa Fəx­rəd­­din, Hilal Münşi, Məcid Musazadə, Əziz Al­pa­ut, Əziz Özər, Mus­tafa Haqqı Türkəqul, Yunus Lən­kəranlı, Nəbi Turablı, Əli Vol­­­kan, İren Melikoff, Xavər Aslan, Turxan Gən­ce­yi, Həmid Nit­­­­qi, Behruz Həqqi və başqaları Vətənindən uzaq­larda xalqının zən­­gin mənəvi sərvətlərinin düzgün, qərəzsiz ta­nıt­dırılması uğrun­da mü­barizə aparmış, xalq ədəbiy­ya­tının bütün janrlarını bu və ya baş­qa şəkildə araş­dırmış, beləliklə, mühaci­rətdə folklorla bağlı çox zəngin tədqiqatlar yaran­mışdır.

On doqquzuncu əsrin son onilliyindən başlayaraq Azər­bay­can­da baş verən siyasi hadisələr və onların dünya ölkə­lə­rin­də­ki əks-sədası vətəni istiqlaliyyətinə qovuşdurmaq arzusunda olan bir çox ziyalıların mübarizəni davam etdirmək məqsədilə başqa öl­kə­­lərə üz tutması ilə nəticələndi. Mücadilədən dönmə­yən bu fə­da­kar insanlar xalq yaradıcılığı örnəklərinə öz azadlıq davala­rının tər­kib hissəsi kimi yanaşırdılar ki, bu da mühaci­rət­də folklor­şü­nas­lığın yaranmasını zəruri edən ən əsas şərtlərdən bi­ri idi. Lakin bun­dan əlavə bir çox məsələlər də vətəndən kə­nar­da Azərbaycan xalq ya­radıcılığı ilə bağlı fəaliyyətlərin mey­da­na çıxmasına səbəb oldu. Onları qısaca belə xülasə etmək olar:

– Azərbaycanın rus əsarətinə düşməsilə xalqın istiq­laliy­yə­tinin itiril­məsi və vətənin hürriyyətə qovuşmasını təmin etmək mə­­­­sələsinin mühacirətdəki ziyalıların ən böyük amalına çev­ril­mə­si;

– Sovet ideoloji sisteminin xalq yaradıcılığına qarşı qeyri-ob­­yektiv müna­sibəti, əsərlərin senzura tərəfindən “qayçılan­ma­sı”, hət­ta bəzən insanlar kimi “repres­siya qurbanları”na çevril­məsi, yəni tamamilə yasaq edilməsi;

– Folklor örnəklərinin sovet Azərbaycanında bir çox hal­lar­da əslinə uyğun olaraq deyil, sosialist ide­o­logiyası fo­nunda yan­lış təd­qiq edilməsi;

– Digər ölkələrdə yaşamaq zorunda qalan ziyalıların senzu­ra­dan kənar, yəni azad mühitdə tədqiqat aparmaq imkan­larının ol­ması;

– Xalqının itirilmiş istiqlaliyyətini bərpa etmək arzusunda olan mühacirət folklorşünaslarının bu mübarizədə folklor örnək­lə­ri­nə xüsusi önəm vermələri;

– Sovet sisteminin bütün türkdilli xalqları, o cümlədən azər­baycanlıları öz ta­ri­xi soy-köklərindən uzaqlaşdırmaq, nəticə etibarı ilə milli dəyərlərdən təcrid etmə cəhdləri;

– Azərbaycan folklor materiallarının toplanması, ümum­türk kon­tekstində tədqiqi, nəşri, dünya ölkələrində təbliğ edil­məsi – bu çox mühüm məsələ idi. Çünki sovet ideoloji sistemi cidd-cəhdlə türk xalqları arasındakı soy-kök bağlarını qopar­ma­ğa, onlara yeni bir tarix uydurmağa çalışırdı.

Mühacirət folklorşünaslığının elmi-nəzəri tədqiqatları bir çox hal­­larda həmin dövrdə sovet basqısı altında yaranan araşdır­malar­dan özü­­nəməxsusluğu, obyek­tivliyi, metodoloji aspekti ilə cid­di şəkildə fərq­lənməkdədir. Xalq ədəbiyyatının ayrı-ayrı janr­ları ilə bağ­lı sovet senzurasının ya­saqladığı bir sıra məsələlərə ilk dəfə mü­hacirətdə diqqət yetirilmiş, bu və ya digər şəkildə müna­si­bət bil­dirilmişdir. Onlardan bir neçəsini xatırlatmağa ehtiyac vardır.

Hər şeydən əvvəl, vətəni Quzey və ya Güney parçasına ayır­­madan, daha doğrusu, Bütöv Azərbaycan xalq ədəbiyyatının tam şəkildə araşdırılması baxımından mühacirətdə aparılan təd­qi­qatlar çox böyük əhəmiy­yətə malikdir.

Bundan əlavə, xalq ədəbiyyatı örnəkləri tarixi köklərinin bağ­­landığı türk və dünya folklorşünaslığı kontekstində təhlilə cəlb olun­muşdur. Keçən əsrin iyirminci illərindən başlayaraq, mü­ha­ci­rət­­də qədim türk abidələrindəki (“Orxon-Yenisey”, Mah­mud Kaş­­­­ğarlının “Divanü-lüğat-it türk”, Seyid Cəmaləddin İbn Mü­hən­­nanın “Hilyətül-insan həlbətül-lisan” və s.) folklorla bağlı məsə­lələr təhlilə cəlb olunmuşdur. Həmin illərdə repressiya dəh­şət­lə­ri­nin yaşandığı Azərbaycanda qədim türk mənbələrinin hər hansı bir şəkildə təhlilə cəlb edilməsi imkansız idi.

Qaçaqlıqla bağlı bir çox dastanvari rəvayətlər mühacirətdə so­vet Azərbaycanındakı təhlillərdən tam fərqli bir prizmadan – xal­qın müstəmləkəçilərə (birbaşa ruslara!) qarşı mübarizəsindən ya­ran­­ması qənaətlərilə tədqiq edilmişdir.

Qaçaq Məhəmməd bəy Kavalerlə bağlı yaranan folklor ör­nək­­ləri – rəvayət və şeirlər haqqında isə yalnız mühacirətdə mə­lu­matlar verilmişdir.

Azərbaycan və dünya (slavyan, alman, hind və s.) xalq­la­rının inancları mühacirətdə keçən əsrin otuzuncu illərindən öyrə­nil­məyə başlamışdır ki, bu da Azərbaycandakı tədqiqatlardan bir xeyli əv­vələ təsadüf etməkdədir.

Xalqın azadlıq uğrunda üsyanlarının liderləri Babək, Şeyx Şamil, Cavad xanla bağlı yaranan folklor örnəkləri və onların müəl­lifləri olan el şairləri ilə bağlı mühacirətdə bir sıra tədqi­qat­lar apa­rılmışdır. Hətta maraqlı bir fakt diqqəti cəlb etməkdədir. Əb­dül­­qadir Süleyman 1932-ci ildə “Azərbaycan yurd bilgi”sində nəşr etdirdiyi “Türk qövmlərinin xalq ədəbiyyatında rus istila­sının ini­­kası” adlı tədqiqatında “Cavad xan” dastanının Güney Azər­bay­canda iki müxtəlif variantını dinlədiyini bildirməkdədir.

“Koroğlu” dastanının Paris nüsxəsilə bağlı mühacirətdə 1933-cü ildə məlumat verilmişdir, həmin əsər Azərbaycana 1989-cu ildə gətirilmiş, 1997-ci ildə Bakıda nəşr edilmişdir.

Mühacirətdə türk folklorunun müqayisəli təhlili proble­minə təx­minən səksən il bundan əvvəl diqqət yetirilmişdir. Belə ki, Sə­lim Rəfiq Rəfioğlunun 1933-1934-cü ildə yazdığı “Azər­baycan və Ana­dolu hekayələrinin təhlili və müqayisəsi” əsərini görkəmli türk alimi Mehmet Fuad Köprülü məhz müqayisəli folklor­şünaslığa bir töhfə kimi yüksək dəyərləndirmişdir. Sovet dövründə bu meto­do­lo­­giyada tədqiqat aparmaq senzura nəzarəti altında mümkün de­yildi. Təəssüf ki, yazılmasından səksən il keçməsinə baxma­yaraq, hə­lə də həmin əsər Türkiyənin İstanbul şəhərində Bəyazid Dövlət Ki­tab­xanasında əlyazması şəklində qorunmaq­dadır.

Mühacirətdə İraq türkmən­lə­ri­nin – Kərkük folkloru ilə bağ­lı tədqiqatlar keçən əsrin 50-ci illərindən aparılmışdır. Mə­lum­­dur ki, Azərbaycanda bu işə 60-cı illərdən sonra başlanmışdır.

Bütün sadalananlarla yanaşı, “Azərbaycan antroponimisinə dair notlar” (1958), “Dədə Qorqud” hekayələrinin antroponim ya­pı­sı” (1959), “Türk onomastikasında ay və günəş ünsürləri” (1964), “Türk onomastikasında at kultu” (1965) adlı araş­dır­ma­ları ilə Əh­məd Cə­fəroğlu adlar sisteminə (onomastik vahidlərə) folk­­lorşü­nas­lıq elmi­nin mövqeyindən yanaşma metodunun əsasını qoymuşdur.

Həmçinin İren xanım Melikoff bəzi dastan qəhrəman­ları­nın ad­larının əbcəd hesabı ilə ədəd qarşılığını və həmin say­ların mü­qəd­dəsliyini müəyyənləşdirmişdir ki, bu təcrübəyə hələ də Azər­baycan folklorşünaslığında təsadüf etmək çətindir.

Mühacir aşıqlarla bağlı yenə onlarla eyni taleni yaşayan təd­­qi­qatçılar müəyyən qədər məlumatlar vermişlər. Azərbay­can­da hə­lə də bu barədə tədqiqat əsərləri, demək olar ki, yoxdur.

Türk mifoloji düşüncəsi keçən əsrin 30-cu illərindən mü­ha­cir ziyalıların tədqiqatlarında araşdırma mövzusuna çevrilmiş, il­kin ibti­dai təsəvvürlərlə yanaşı, etnosun mənəvi dünyası təhlilə cəlb edilmiş­dir. Bundan əlavə, etnosun ilk dini təsəvvürləri, şama­nizm baxışları, musiqi mədəniyyəti, qopuz və onun təsir dairəsi haq­­­qında Ə.Ağa­oğlunun, M.Ə.Rəsulzadənin, Ə.Cəfəroğ­lunun, İ.Me­­likoffun, B.Həq­qinin və başqalarının maraqlı təd­qiqatları var­dır. Sovet sen­zurasının yasaqladığı mövzular olması isə müha­ci­rət­də aparılan bu tədqiqat­ların dəyərini daha da artır­maqdadır.

Xatırladaq ki, son illərdə türk və o cümlədən Azərbaycan mi­fo­loji sistemilə bağlı çox dəyərli tədqiqatlar aparılmışdır, onla­rın mü­ha­cirətdəki araşdırmalarla müqayisəli təhlilinə ehtiyac vardır.

Mühacirətdə xalq ədəbiyyatına aid materialların nəşrinə xü­­susi diqqət yetirilmiş, həbsxanalarda belə folklor örnəkləri top­lan­mış, beləliklə, “məhbəs folkloru” silsiləsi yaranmışdır, Azər­bay­canda bu təcrübəyə təsadüf edilmir.

Qeyd etmək lazımdır ki, sovet hakimiyyəti illərində nəinki mü­hacirətdə yaranan tədqiqatlardan bəhs etmək, hətta onların ad­la­rını xatırlamaq belə böyük narahatlıq yaratmışdır. Bununla ya­na­şı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rə­sulzadə, Ə.Cə­fər­oğlu, C.Ha­­cıbəyli və başqalarının adları sovet dövrü Azərbaycan mət­bu­atında ara-sıra səslənmişdir. La­kin təəssüf ki, bu məqalələr çox vaxt onların fəaliy­yətinə kölgə sal­maq məqsədi daşımış, qey­ri-ob­ye­ktiv, sovet senzu­ra­sının tələbinə mü­vafiq olaraq qə­rəzli tənqid ru­hunda yazılmışdır. Belə ki, Ə.Cəfəroğlunun “So­vetlər Birliyi tür­ko­lojisi araşdırmalarında rus kültür üstünlüyü da­vası” məqaləsi ilə bağlı xüsusi olaraq Azərbaycanda iclaslar təş­kil edilmiş, İ.Kə­ri­mo­­vun “Agent kafedra arxasında”, F.Köçər­linin “Böhtançıya ca­vab” və s. məqalələri yazdırılmışdı. Xatır­ladaq ki, Əhməd Cə­fər­oğ­lunun həmin tədqiqatı 1971-ci ildə Mün­hendə Sovetlər Bir­liyini Öy­rənmə İnstitutunun orqanı olan “Dərgi”də nəşr olun­muş­du. Əhə­­miyyətini nəzərə alaraq, “Azər­baycan” (An­kara) dər­gisi 1972-ci ildə həmin tədqiqatı yenidən nəşr etmişdi.

Mühacirlər yalnız dövlət və kül­tür istiqlaliyyətinin birlik­də xal­­qın azadlığına gətirəcəyinə əmin­liklərini bildirmiş, əgər bu iki mühüm amil bir-birindən təcrid edi­lərsə, hürriyyətin tam olma­ya­cağına inan­mı­şlar. Onların bu fikrinin doğru­lu­ğunu bü­tün za­man­larda yaranan ədəbi əsərlər sübut etmişdir, çünki bir çox hal­larda, o cüm­lə­dən yaxın keç­mişimizdə – sovet hakimiyyəti illə­rində dövlət istiq­laliyyətinin ol­ma­ması öz təsirini kül­tür sahə­sində də gös­tər­miş­dir.

Azərbaycan mühacirət folklorşünasları dünyanın müxtəlif öl­kələrində – Almaniya, Amerika, Fransa, İsveç, Polşa, İngiltərə və başqa ölkələrdə, əsasən də qardaş Türkiyədə fəaliyyət göstər­miş­lər.

Azərbaycan mühacirət folklorşünaslığının təxminən XIX əs­­rin sonlarında yaranmasını qəbul etmək olar və dörd mər­hələdə təs­nif etmək mümkündür:

I. XIX əsrin sonlarından Azərbaycan Xalq Cümhuriy­yə­tinin sü­qutuna qədər;

II. 1920-ci il sovet hakimiyyətinin qurulmasından İkinci Dünya müharibəsinə qədər;

III. İkinci Dünya müharibəsi dövrü mühacirəti;

IV. 1978-ci il İran inqilabından və 1991-ci il Azərbaycanın Qu­­zeyinin müstəqilliyinin elan olunmasından sonra.

Ayrıca qeyd olunmalıdır ki, mühacirət folklorşünaslığının ən fə­al dövrü ikinci və üçüncü mərhələyə – sovet hakimiyyəti illərinə tə­sa­düf etməkdədir. Bunun da əsas səbəbi sovet siyasi sisteminin türk xalqlarına qarşı olan qeyri-obyektiv münasibəti ilə bağlıdır.

Mühacirətdə yaşamaq məcbu­riyyətində qalan ziyalılar folk­­lorun müxtəlif janrları – inanclar, ovsunlar, əmək nəğmələri, ba­yatı­lar, xalq mahnıları, atalar söz­ləri, tapma­calar, əfsanələr, rə­va­yətlər, nağıllar, lətifələr, dastan­larla bağlı təd­qiqatlar aparmışlar.

Ümumilikdə, mühacirətdə folklor materialları əsasən iki: ədəbi-nəzəri və ictimai-siyasi aspektdə araşdırılmışdır

Lakin mühacirət folklorşünaslığının mövzu istiqamətləri çox rəngarəngdir.

Yuxarıda qeyd etdiymiz kimi, xalq ədəbiyyatının ayrı-ayrı janr­ları əsasən elmi-nəzəri cəhətdən tədqiq edilmişdir. Bundan əla­və, si­ya­­si məqsədlə yazılan tədqiqatlarda folklorun mənəvi tə­sir gücün­dən mə­­harətlə istifadə olunmuşdur. Lakin hər bir halda, istər elmi-nəzəri, istər siyasi məqsədlə yazılan tədqi­qatlarda vətə­nin istiqlalı, hürriyyəti ön planda verilmişdir. Məsələn, Mirzə Bala Məmmədzadənin (1898-1959) siyasi səpkidə yazdığı və Berlində çıxan “Qurtuluş” dərgisində 1937-ci ildə nəşr etdirdiyi “Dövlət quşu” məqaləsində əslində xalq dip­lomatiyası haqqında danışılır və nağıl fiqurundan istifadə edilir. Mü­əllif nağıl süjetləri, qəhrə­manla­rı, orada iştirak edən qeyri-adi qüv­və­­lər və s. haqqqında mə­lumat versə də, onun məqsədi Azərbay­can xal­qının folklor ənə­­nələrində və tarixində demokratik seçki mə­sə­lə­si­nin uğurlu həl­­linin mövcud olduğunu bildirməkdir. Müəllif: “Dövlət qu­şu yal­nız istiqlalın ha­misidir. Və istiqlalı yenidən qurta­ranların ba­şı­na qo­nacaqdır”, – ya­zaraq, tədqiqatında izlədiyi əsas məqsədi ifadə et­mişdir.

Ə.Cəfəroğlunun tam fərqli – nəzəri səpkidə apardığı, bir us­tad aşığın həyatı və yaradıcılığına həsr olunan və ilk dəfə 1948-ci il­də “Zeytun dalı” (İstanbul), 1953-cü ildə isə “Azər­baycan” (An­ka­ra) dərgisində təkrar nəşr etdirdiyi “Hüdudboyu saz şairlə­ri­miz­dən Dədə Qasım” adlı tədqiqatının son cümləsi heyrət do­ğurur: “Hə­lə bu gün Dədə Qasım öz Güləsərilə Azər­baycanın Əfşar elin­də “28 May köş­kündə”, matəmini tutduğu ana vətənin əsarətinə sa­­zı və sözü ilə ağla­maqdadır”.

Fikrimizcə, şərhə ehtiyac yoxdur. Nədən yazırlarsa, yaz­sın­­lar, mühacirətdə Azərbaycan ziyalılarını düşündürən yalnız və yal­nız bir ideal vardı – Vətənin istiqlalı!

Sovet senzura sisteminin təkidi ilə xalq ədəbiyyatı örnək­lə­rinin yanlış təbliğinə və ya yasaqlanmasına qarşı mübarizə mü­ha­cirət folklorşünaslarını narahat edən əsas məsələlərdən biri ol­muş­dur. Belə ki, sovet Azərbaycanındakı qaçaqçılıq hərəkatı ilə bağlı aparılan tədqiqatlar, “Kitabi-Dədə Qorqud”un yasaqlan­ma­sı, Novruz bayramına olan qeyri-obyektiv münasibət və s. kəs­kin tənqid edilmiş, rəsmi və ya qeyri-rəsmi qadağan edilən möv­zu­lar mühacirətdə daim diqqət mərkəzində saxlanmışdır.

Folklor örnəkləri toplanaraq müxtəlif dillərə tərcümə edil­miş, ayrı-ayrı ölkələrdə nəşr və təbliğ olunmuşdur. Bu da, bir tə­rəf­dən, folk­lor örnəklərinin unudulmasının qarşısını almaq, vətəni dünyada tanıtdırmaq arzusundan irəli gəlmişdirsə, digər tərəfdən, ziyalıların qürbət acılarını qismən azaltmış, onlara təskinlik ver­miş­dir.

Qeyd etmək lazımdır ki, hələ keçən əsrin 20-ci illərindən folk­lor örnəkləri mühacirətdə dünya standartları səviyyəsində top­lan­mış­dır. Belə ki, əsasən bu materiallar tam söyləndiyi dialektdə, heç bir də­yişiklik edilmədən verilmiş, düzgün tələf­füz üçün xüsusi şərti işa­rə­lər­dən (uzun, qısa, sağır nun və s.) istifadə olunmuşdur. Hər səhi­fədə bə­zi anlaşılmayan dia­lektizmlərin ədəbi dildə qarşı­lığını göstərən lü­ğət­lər tərtib edilmiş, informator haq­qında lazımi bilgilər əlavə olun­muş, həmçinin folklor örnəkləri çox vaxt variant­ları ilə birlikdə gös­tə­rilmişdir. Bu da tədqiqatçıların işini xeyli asan­laşdırmış, həmin ma­te­rialların folklorşünaslıq üçün olduğu qə­dər dilçilik, xüsusən di­alek­to­logiya üçün zəngin mənbəyə çevrilməsini təmin etmişdir.

Bundan əlavə, mühacirətdə Azərbaycanın milli-mənəvi sər­vət­lə­rinin təbliği üçün həmin ziyalılar tərəfindən folklor mate­rial­ları, həmçinin onlarla bağlı tədqiqat əsərləri dün­yanın ayrı-ayrı öl­kə­lərində nəşr olun­muşdur ki, bu zəngin irsin dəyər­lən­dirilməsi xü­susi aktuallıq kəsb edir. Məsələn, Ə.Cəfə­roğ­lunun 1929-1930-cu ildə Berlində alman dilində “Gəncə şivəsində 75 azəri baya­tı­la­rı və lisana aid bir müqəddimə” (“75 Azarbajğanische Lieder “Ba­ja­ty” in der Mun­dart von Ganğa nebst einer sprachlichen Erkla­rung”), 1936-cı ildə Neapolda Şərq Tədqiqatları İnstitu­tu­nun An­na­lında italyan dilində “Azəri xalq ədəbiyyatında sayaçı söz­ləri” (“La can­zone del “Sayagi” pela Lettarutura popolare dell Azer­baydjan”), 1957-ci ildə Berlində alman dilində “Azərbaycan və Ana­dolu folk­lorunda saxlanan iki şaman tanrısı” (“Zwei Scha­ma­nen-Gotheiten Aser­­bai­dschans und Anadoliens”), 1964-cü ildə Vis­badendə alman dilində “Türk dünyası ədəbiyyatı” silsiləsin­dən “Azər­baycan ədə­biyyatı” (“Die Aserbeidschanische Literatur”), 1933-cü ildə Cey­hun bəy Hacı­bəylinin Parisdə, fransız dilində “Qa­­rabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” (“La Dia­lek­te et le folklore du Karabagh (Azer­ba­id­jani du Caucase”), İren Me­likoffun 1957-ci ildən başlayaraq fran­sız, ingilis dillərində nəşr et­dirdiyi tədqiqatlar (Onların bir qismi türk dilinə Turan Alptekin tə­rəfindən tərcümə edilərək, 2008-ci ildə İstanbulda “Dastandan ma­sala – türkoloji yolçuluqlarım” adı ilə nəşr edilmişdir), 1997 və 1998-ci illərdə Kölndə Behruz Həqqinin yayımladığı “Ata söz­ləri­nin kökləri və Azərbaycan şifahi xalq ədəbiyyatından örnək­lər”, 2000-ci ildə Kölndə “Tapmacalar, bilməcələr” və s. Qeyd etmək la­zımdır ki, həm Türkiyə, həm Azərbaycan türkcəsində nəşr olu­nan folklor ma­terialları sayca olduqca çoxdur.

Mühacirətdə ayrı-ayrı folklorşünasların yaradıcılığı araşdı­rıl­mış, dünyada aparılan tədqiqatlar izlənilmiş və həm vətəndə, həm xa­ricdə nəşr olunan tədqiqatlarla bağlı münasibət bildiril­miş, re­senzi­yalar yazılmışdır. Belə ki, Kırzıoğlu M.Fəx­rəddinin “Ki­tabi-Dədə Qorqud”la bağlı tədqiqatı haqqında M.Ə.Rə­sulzadə “Dədə Qorqud oğuznamələri” adlı resenziya yaz­mışdır, həmçinin Şa­mil Cəmşidovun “Kitabi-Dədə Qorqudu vərəqləyərkən” kitabı haq­qında Əh­məd Cə­fə­roğlu “Türkiyyat” məcmuəsində münasibət bil­­dir­­mişdir, amerikalı professor Ro­bert Dankoffun yanlış təhlil­lərilə bağlı İren Melikoff “Qa­zan sözcüyü üzərinə” adlı cavab yaz­mışdır və s.

Bundan əlavə, 1928-ci ildə Fransada “Asiya jurnalı”nda xa­nım Şatskayanın (M-me Chatskaya) N.Dmitriyevlə birlikdə “Ta­tar xalq şərqiləri” adı altında tədqiqatı nəşr edilmiş və orada 76 Azər­baycan bayatısı verilmişdir. Ə.Cəfəroğlu həmin tədqiqat haq­qında 1932-ci ildə “Azərbaycan yurd bilgisi”ndə kəskin tənqidi mü­nasibət bildirmişdir. Alimi qəzəbləndirən, hər şeydən əvvəl, təd­­qiqatın sərlövhəsi olmuşdur, digər tərəfdən, bayatıların toplan­ma xüsusiyyətlərinin də düzgün olmadığı bildirilmişdir.

Xatırladaq ki, Azərbaycanın Quzeyinin öz müstəqilliyini ye­ni­dən bərpa etməsindən iyirmi ildən çox keçməsinə baxma­yaraq, tə­əssüf ki, hələ də mühacirətdəki folklor irsi bütöv şəkildə təh­li­lə cəlb olunma­mışdır. Halbuki Azərbaycanın öz is­tiqlaliy­yə­tinə tək­rar qovuşması ədə­bi-mə­dəni irsimizin yenidən, milli məna­felər ba­xımından nə­zərdən keçiril­məsi üçün geniş imkanlar yarat­mış və yet­miş ildən artıq sovet ideo­loji sisteminin birbaşa müda­xiləsi, həm­çinin kom­munist par­tiyasının tələbləri fonunda ciddi sen­zu­ra­ya məruz qalan mə­nəvi irsin ta­mamilə fərq­li mövqedən araş­dı­rıl­ma­sı, həmin tədqi­qatların, toplanan folk­lor örnəklərinin və­təndə nəş­ri və təbliği məsələsi folklor­şü­nas­lığın qar­şı­sında mühüm bir vəzifə kimi qalmaqdadır.

Bundan əlavə, artıq Güney Azərbaycandakı folklor mate­ri­al­­larının toplanması, nəşri və təhlili də qarşıda bir vəzifə olaraq qal­­maqdadır. Mühacirətdə bu sahədə çox ciddi tədqiqatlar apa­rıl­mış­­dır, onların da nəzərə alınmasına ehtiyac vardır.

Budur, ömrü əzablar, qürbət ağrıları və heç kimə acımayan ağır həyat fırtınaları içərisində keçən ziyalıların yalnız müəyyən qis­minin yaradıcılığından seçmələri əhatə edən ilk kitab qarşı­nız­da­dır. “Bu, Azərbaycan mühacirlərinin xalq yaradıcılığı ilə bağ­­lı apar­dıqları zəngin tədqiqat irsinin çox kiçik bir hissəsidir”, – deyə bi­lərik. Gələcəkdə bu araşdırmaların, həmçinin müha­ci­rətdə top­la­nan folklor materiallarının nəşrinin davam etdirilməsi nəzər­də tu­tulur. İnanırıq ki, bu ilk təşəbbüs sonrakı nəşrlərin mey­dana çıx­ması üçün bir zəmin olacaq və mühacirətdə ömür sü­rən ziyalıların haqq etdikləri diqqət onlardan əsirgə­nilmə­yə­cəkdir.
* * *

Topluya daxil edilən ilk tədqiqat Gəncədə doğulub İstan­bul­da dün­yasını dəyişən məşhur azərbaycanlı folklorşünas alim Əh­­məd Cə­fər­oğlunun (1899-1975) çox zəngin yara­dıcı­lığına aiddir.

Hələ keçən əsrin 30-cu illərində Ə.Cəfəroğlu “Azəri xalq ədə­biyyatında batil etiqadlar” məqaləsində qaldırdığı problemə mü­­raciət etməsinin səbəblərini aydınlaşdırarkən, Azərbaycanda mə­­rasimlərlə bağlı tədqiqatların aparılmadığını, bu zəngin irsin top­lanılmadığını, diqqətdən kə­narda qaldığını, lakin xalqın mə­nəvi zən­ginliyinin, milli xarak­terinin göstəricisi olan bu ənə­nələrin yaşadılmasının vacibliyini qeyd etmişdir.

Ə.Cəfəroğlu bu mövzu ilə bağlı bir mənbə, tədqiqat əsə­ri əl­də edə bilmədiyi üçün yalnız öz xatirində qalan və ailəsində icra edilən mərasimləri araşdırmasına əlavə etdiyini oxucusunun diq­qə­tinə çat­dırmışdır. Nəzərə almaq lazımdır ki, onun bu əsəri folk­lo­run təd­qi­qatdan kənarda qalmış mühüm bir janrının öy­rənilməsi sa­həsində ilk addım olmaq­la yanaşı, vətənin həm Quzey, həm də Gü­ney par­ça­sı­nın, daha doğrusu, Bütöv Azərbay­can xalq ədə­biy­ya­tının araş­dırıl­ma­sı baxımından da böyük əhəmiy­yətə malikdir. Be­lə ki, yu­xarıda qeyd etdiyimiz kimi, bu tədqiqatın yazıldığı il­lər­də sovet sen­zura sis­teminin ciddi nəzarəti altında Azərbaycanın özün­də bu me­todologiyada bir əsərin meydana çıx­ması mümkün de­yildi. Əlbəttə, həmin sis­temə qarşı digər mühacir həmvətənləri ki­mi daim müba­rizədə olan Əhməd Cəfəroğlu bu gerçəyi dərk edir­di və belə bir araş­dırma aparmaqla xal­qı­mızın mənəvi sər­vət­lə­rinin qorunması, təbliği sahəsində onun mühüm bir addım ola­ca­ğı­na inanırdı.

Beləliklə, folklorşünaslığımızda Bütöv Azərbaycanın xalq ədə­biy­yatının araş­dırılması kimi çox böyük bir addımın atılması bu təd­qi­qat əsərinin dəyərini daha da artırmaqdadır. Məlum səbəb­lərdən yal­nız Azərbaycanda sovet sistemi dağılıb müs­­təqil döv­lət qu­­rulduqdan son­ra Güney Azərbaycan folkloru da müəy­yən qədər araş­dı­rıl­mağa baş­lanmış və çox zaman vətənin hər iki parçasında yaranan xalq ədə­biy­yatı örnəkləri ay­rı-ayrılıqda təd­qiq edil­mişdir. Halbuki hər hansı jan­rın təd­qiqində vətənin bü­tövlükdə nəzərə alınması da­ha çox əhə­miy­yət daşıyardı, biz yet­miş il ön­cədən Ə.Cə­fəroğlu kimi təcrü­bəli folk­lorşünasın yara­dıcılığında bunun şa­hidi oluruq.

Diqqətəlayiqdir ki, sonrakı təd­qiqatlarında da alim öz yara­dı­cılıq ənənəsinə sadiq qalmışdır. Bu bir daha göstərir ki, müha­cirət folk­lorşünasları mümkün olduğu qədər xalq ədəbiyyatını Gü­­ney və Qu­zey olaraq ayrıl­mış vətənin deyil, Bütöv Azərbay­canın timsalında araşdırmağa çalış­mış, gə­ləcək təd­­qiqatçılara da bu­nu tövsiyə etmişlər.

Ə.Cəfəroğlunun xidmətləri bütün bunlarla məhdud­laşmır, O, öz tədqiqatına dini eti­qadlarla bağlı məqamları da əlavə et­miş­dir. Ateizmin təbliğatçısı olan sovet haki­miy­yəti illərində dinlə bağ­lı inancların nəinki toplanıb təbliğ edilməsi, adının çə­kilməsi be­lə mümkün deyildi. Bu xüsusiyyət, təbii ki, özünü həmin döv­rün təd­qiqatlarında göstərməkdədir.

Məişət mərasimləri ilə bağlı aparılan tədqiqatların, demək olar ki, hamısında ənənəvi olaraq, ölüm və ona aid olan adətlər ən sonda verilir, yəni ilk növbədə doğum, toy və s. bəhs edilir. Bu əsər­də isə mü­əllif əvvəlcə ölüm və onunla bağlı inanclar, ayinlər haqqında məlu­mat vermiş və onlara daha çox yer ayırmışdır ki, bunun da bir neçə sə­bəbi vardır. Hər şeydən əvvəl, sovet haki­miy­yəti zamanı ən çox diq­qətdən kənar saxlanan bu mərasim ol­muşdur, çünki, bir tərəfdən, yas keçirilərkən ayinlərin icrası za­manı dini amillərə xüsusi diqqət ye­ti­rilir, digər tərəfdən, sosia­lizm cəmiyyəti kədərli olan hər şeyi inkar edir­di, ölümdən qaçmaq mümkün olmasa da, sovet ideologiyası onun qələmə alınmasının əleyhinə idi.

Ə.Cəfəroğlu yas mərasimlərində ifa edilən ağıların ölənin ya­şına, mənsəbinə uyğun olaraq xüsusi müqəddimə ilə başla­dığına diq­qət yetirmiş və bəzi örnəkləri də əsərinə əlavə etmiş­dir. Qeyd et­mək lazımdır ki, alimin əsərində verilən örnəklər Azər­baycanda nəşr edilən folklor materiallarından müəyyən qə­dər fərqlidir.

“Azəri-türk həyatında batil eti­qadlar” tədqiqatının diqqəti cəlb edən daha bir cəhəti ondan iba­rətdir ki, Ə.Cəfəroğlu kənd­lər­də­ki yas mərasimlərində oxunan ağıların şəhərdəkin­dən fərq­lən­di­yi­nə, ora­da ölənin igidliyinin, cəngavərliyinin daha çox mədh olun­du­ğu­na nəzər yetirmiş və bu­na uyğun örnək göstərmişdir.

“Azəri-türk həyatında batil etiqadlar” əsərinin “Nəzir” fəs­lin­də Ə.Cəfəroğlu azərbaycanlıların müxtəlif məqsədlərlə yeri­nə ye­­tirdikləri başqa adətlərindən bəhs etmişdir. Xüsusilə alimin nə­zir olaraq hazırlanan ye­məklərlə bağlı verdiyi şərhlər diqqəti cəlb edir, ona görə ki, onlar dövrümüzdə, de­mək olar ki, artıq unudul­maq­­dadırlar. Burada şilə, səməni, qovut, dürmək və s. haq­qın­­da da­­nı­şılmış, onların hazırlanma üsulları və möv­sümləri də əsərdə öz əksini tap­mış­dır.

Göründüyü kimi, alim çoxcəhətli araşdırma aparmış, milli ye­məklərin unudulmasının qarşısını almaq məqsədilə imkan da­xilində onların bişirilmə qaydalarını da təd­qiqatına əlavə et­mişdir ki, bu da əsərin yalnız folklorşünaslıq üçün deyil, Azər­baycan ku­linariya elmi üçün də dəyərli mənbəyə çevrilməsinə səbəb ol­muş­dur.

Ümumiyyətlə, mühacirət folk­­lorşünaslarının araş­dırmalara ümu­m­­türk və dünya ədəbiy­yat­şü­nas­lığı kontekstində yanaşma­sının nə­ticəsidir ki, Ə.Cəfəroğlu Anadolu folklorunu toplayıb, digər türk­dilli xalqların yara­dıcılı­ğına əhəmiy­yət veril­məməsinin, müqa­yisə­lərin apa­­rılma­masının yolve­rilməz oldu­ğunu söyləyirdi. Belə ki, Əh­məd bəy xalq yaradıcılığına həsr etdiyi “Folkloru­muzda milli həyat və dil ba­ki­yələri” məqaləsində türklərin zəngin yaradıcılıq irsinə sahib ol­duq­larını qürurla söy­lə­sə də, bu mənəvi sərvətin top­lan­ması, tədqiq və təbliğinin lazımi səviyyədə aparıl­ma­­masından narahatlığını ifadə et­mişdir. Folklorun türk xalqla­rının tarixi keç­­mi­şindəki bir çox giz­linləri aydınlatmaq dəyə­rində olduğunu, lakin araş­dı­rı­cıların bu əvəz­siz sərvətlə cox vaxt düz­gün davranma­dıq­larını dilə gətirən Ə.Cə­fə­roğ­lu diqqəti bu sahəyə yönəltməyin vacib­liyini qeyd etmişdir.

Əhməd bəy peşəkar bir alim kimi elə problemlər qaldır­mış­dır ki, onlar hər za­man araşdırmalarda diqqətə alınmalıdır. Ali­min folk­lor materiallarının top­lan­ması və araşdırılması sahə­sində təklif et­diyi tələblər bu tədqiqatın yazıldığı illərdə sovet ölkəsinin tər­ki­bin­dəki türkdilli xalqların tədqiqatçıları üçün im­kan­sız idi, senzura bu­na yol verməzdi, lakin həmin vacib prob­lem bu gün də aktual ola­raq qalmaqdadır.

Ə.Cəfəroğlu yalnız problemi qaldırmaqla işi bitmiş hesab et­mə­miş, bu sahədə ciddi bir araşdırma aparmış, türkdilli xalq­ların ya­yıl­dı­ğı geniş ərazini tarixi axın­lara əsaslanaraq, iki isti­qamət üzrə – Xə­zər­lə Qara dənizin şimalından cənubi Rusiyaya doğru və İran­dan keçə­rək Qara dənizin cənubundan Anadoluya doğru ol­maq­­la izlənil­mə­sini təklif etmişdir. Onun fikrincə, birinci yolla mü­­hacirət edən hun, pe­çe­­neq, avar, xəzər, kuman türkləri bir çox folk­lor məhsulları ilə bərabər ərimiş və bizə, demək olar ki, heç bir yadigar qoymamışlar.

Müəllif ikin­ci istiqamət üzrə mühacirət edənlərin, əksinə, öz mil­li mə­dəniyyətlərini, dini baxışlarını həm folklorunda, həm hə­ya­­tında qoruduqlarını söyləməklə yanaşı, onların digər xalqların kül­­türünə ciddi təsiri məsələsini şərh etmişdir. Əhməd bəyin Qərb­­lə Şərq arasındakı mədəni əlaqələrə aydınlıq gətirdiyi mü­la­hi­zələri ol­duqca önəm­lidir. Belə ki, Əhməd Cəfəroğlu öz elmi mü­la­hizə­lərini dəqiq­ləşdirmək məqsə­dilə dünya folkloru inciləri ara­sında müqa­yisələr apar­mışdır. Almanların məşhur “Nibelunq nəğ­­mə­lə­­ri”nin əsas qəhrə­ma­nının Hun hökmdarı Atilla olduğunu bil­dirən alim türk qopu­zunun və şeirinin müxtəlif xalqların kültür hə­yatına təsirini də xatırlatmışdır. Əhməd Cəfəroğlunun türk axın­ları ilə bağlı irəli sürdüyü mülahizələr folklorumuz üçün cox mü­hüm əhəmiyyət kəsb edir və müasir dövrümüz üçün eynilə ak­tual ola­raq qalmaqdadır.

Əlavə olaraq, türkdilli xalqlar üçün qürurverici bu məqamı Ə.Cəfəroğlunun hələ keçən əsrin 40-cı illə­rindən qaldırdığını xa­tırlat­malıyıq, çünki bu gün də folklorumuzun dünya mədə­niyyəti kontekstində araş­dırılması problem kimi qalmaqdadır.

Ə.Cəfəroğlu “Folklorumuzda milli həyat və dil baki­yə­lə­ri” (1940) əsərində xalqın yaratdıqlarına sahib çıxmaqla bütün dövr­­lərdə türk mədə­niyyəti, adət-ənənəsi, yaşayış tərzi haqqında bilgi al­mağın müm­künlüyünü bildir­miş, bunu yalnız ümumtürk konteks­tində, qövm­lərin kültürlərini müqayisə apa­ra­raq yerinə ye­tir­məyi məsləhət gör­müşdür. Bundan əlavə, müəllif həmin tədqi­qatında həm sayaçı, həm də “Qodu-qodu” məra­sim­lərinin türkdilli xalqların kültüründə ən qədim zaman­lardan bəri mövcud oldu­ğunu, son illərə qədər uşaq oyun­ları şəklində gəlib çatdığını bildir­məkdədir.

Xatırladaq ki, Əhməd Cəfəroğlu əslində 1940-cı ildə İstan­bul­da Xalq evində dinləyicilər qarşısında çıxış etmiş və onun əsa­sın­da “Folklorumuzda milli həyat və dil baki­yələri” tədqiqatı hazır­lanaraq nəşr olunmuşdur.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin