MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 2,33 Mb.
səhifə8/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

İren MELİKOFF
GÜRCÜLƏR, TÜRKMƏNLƏR VƏ TRABZON:

KİTABİ -DƏDƏ QORQUD” ÜZƏRİNƏ


On birinci yüzilliyin ilk iyirmi beş ilinin sonunda türk oğuz boy­ları Arazın yuxarı sahillərinə yetişdilər. Yanıb yaxılan ölkəsi qar­şısında Ermənistan kralı Jean Senakerim Ardzruni Bizansı yar­dı­ma çağırdı. Qafqaz prinslərinin çətin durumda olmaları, Er­mə­nis­tanı ələ keçirmək üçün fürsət arayan və əvəzində krala Ka­pa­dok­yada Sebaste bölgəsində bir yaşayış sahəsi verməyi təklif edən Ba­sil Bulgaroktonun düşüncələrini asanlaşdırırdı1. İmpe­rator be­lə­liklə bölgədəki gücünü Ermə­nistanın dostu və qonşusu Gür­cüs­tan kralı I Georgi (Georgies) ilə sınamağı düşünürdü. Fə­qət Bi­zans siyasətinin qurbanı zəif bir Ermənistanın Qafqazdakı var­lı­ğın­­dan vaz keçmə zorunda qalmaq ən yüksək rifah şəraitinə ye­tiş­miş olan Gürcüstan üçün fərqli bir durum yaradırdı. I Geor­gi 1025-ci ildə Bizans imperatorunun ölümündən əvvəlki kral2 dö­nə­­mində bir təhər birləşmiş Gürcüstana rifah halının yüksə­lişinə da­vam etməyə fürsət verəcəyi vaxt ölkəsini iki dəfə yan­dırıb yı­xan3 Bul­ga­roktona qarşı çıxdı. 1071–ci il Malazgirt zəfə­rilə Ana­do­lunun qapılarını açmadan öncə Bizans imperatorları Azər­bay­can və Ermənistan torpaqlarını ələ keçirən səlcuqların hilalı dalğa­lan­dıran axınlarını dayandıra bilməyəcəklərini anla­dılar. Erməni­lə­rin bölgədən çəkilməsi və uzaq sərhədlərini qoru­maqdan çox da­xi­li siyasi çəkişmələrlə məşğul olmağa məcbur qalan Bizans ida­rə­çi­liyinin çox vaxt qarşılıq verə bilməməsi nəticəsində köçəri­lərin axın­larına qarşı Qafqaz ellərini qoruma vəzifəsini gürcülər üzə­ri­lə­rinə götürdülər. Türkmənlərin yolları boyunca qarşılaş­dıq­ları və əl­lərindəki bütün vasitələrdən istifadə edərək, onlara qarşı yurd­la­rı­nı qoruyan “kafir”lər gürcülər idi. Bəzən silahlanaraq, bəzən IV Baq­ratın (1027-1072) qızı Marta­nın (Martha) 1065-ci ildə X Kon­stantin Dukasın oğlu Mixail ilə evləndirilmələrində olduğu ki­mi, birləşmə diplomatiyası ilə. Bu axınlar çox güclü olduğu za­man (1068-ci ildə Kaxetiyanın baq­ratlı kralı I Ağsartanın, Al­pars­la­nın Anini ələ keçirməsində et­diyi kimi), vədəsiz xərac ödəmək, ya da 1080-ci ildə Məlikşahın hegemonluğunu qəbul edən kral II Ge­orgi (1072-1089) örnəyin­də olduğu kimi, zahirən islamı qəbul məc­buriyyətində də qalır­dı1. Savaşaraq, geri çəkilirmiş kimi gö­rü­nə­rək, fəqət həmişə dirənən gürcülər, Bizansın və Məlikşahın 1092-ci ildə ölümün­dən sonra səlcuq idarəçiliyinin zəifləməsindən ya­rarlanaraq, Ka­xetiyanı ölkəsinə qatan, 1122-ci ildə dörd yüz ilə ya­xın bir müd­dətdə müsəlmanların hegemonluğu altında olan əski pay­taxt Tif­lisi ələ keçirərək, ona qarşı savaş açan səlcuqları poz­ğu­na uğra­dan Qurucu Kral II Davidin (1089-1125) günlərinə gəl­di­lər. Artıq Qara dənizdən Dağıstanadək Gürcüstan kralı he­ge­mon idi və hege­monluğu, idarəçiliyi kürəkəninin əlində olan mü­səl­man Şirvana və əski Ermənistana da uzanırdı2. İzlənən dö­nəm­də, üstünlüyü səlcuqlar ələ keçirsələr də, qısa zaman sonra Ta­ma­ra­nın şanlı idarəsi (1184-1213) altında Gürcüstan yüksə­lişinin ən uca nöqtəsinə çatacaqdır. Hegemonluğu bütün Qafqazı əhatə edən, Qars, Artvin, Gəncə və Ani kimi müsəlman və erməni şə­hər­lərinə yetişən, bu adı əfsnəviləşmiş kraliça, gürcü təsiri hə­mişə bö­yük olan Trabzon imperatorluğunu quraraq, ölkəsini Qara də­ni­zin üstün gücü vəziyyətinə gətirdi.

Burada açıqlamamızın əsil məqsədinə gəlmiş oluruq: Be­ləcə Trab­zon imperatorluğu, Kiçik Asiyada və Qafqazda türk­mənlər və gürcülər arasında savaş və uzlaşma əlaqələrindən daha çox bu iki gücün qarşı-qarşıya gələcəyi bir körpü olacaq; Bizan­sın ölkəni rum­laş­dırma (Helenləşdirmə) cəhdlərinə bax­ma­yaraq, yerli laz, gür­cü, erməni ənənələrini önə çıxaran Gürcüstan Trab­zon im­pe­ra­torluğunun da başlıca dəstəkləyicisi olacaqdır1.

Gürcüstan krallığı varlığını sürdür­məsi üçün lazımi yar­dımı əl­də edə bilmədiyi zaman, siyasi zəifliyini və gücsüzlüyünü iqti­sa­di və kültür sahələrindəki yeri ilə uzlaşdıran bu ölkənin impe­ra­tor­larının son yüzilliklərdəki əlaqələri, Bizansdan çox, evliliklər və diplomatiya yolu ilə bağlar qurduğu qonşuları – türkmənlərlə ol­du2. Bu səbəblə bu imperatoruğun quruluşunu hazırlayan şərtlər üzə­rində də bir qədər durmalıyıq. Gürcüstanlı Baqrat ailəsi (Ba­qra­tilər) Komnenlər və Dukas ailəsi ilə Romen III Argyrenin (1028-1034) hökmdarlığı dönəmindən bəri qohum­durlar. Fəqət bu qohumluq bağı Komnenlərin I Aleksisin (1081-1188)3 oğlu İsa­­akdan gələn ən kiçik qolunda daha da gücləndi.

1070-ci ildə Manuel Komnenin (1143-1180) impe­ratorluğu dö­nəmində Gürcüstana sığınan4, uşaqlarını da orada qoyan İsa­akın oğlu Andronik ilk evliliyini III Georginin bacısı ilə qurmuş və qayınatasının səfərlərinə də qatılmışdı. Gürcüstan şahzadəsi ilə bu evlilikdən doğulan Manuel də, eyni şəkildə, bir başqa gürcü şah­zadəsi ilə, Tamaranın bacısı ilə evli idi. Hər nə olursa olsun, Gür­cüstanı idarə edən ailə içində, Andronikin nəvələri arasında (1461-ci ildə məğlubiyyətə uğrayacaq son hökmdarının da bu adı da­şıdığı Trabzon İmperatorluğu ortadan çəkilincəyə qədər) David adına çox rast gəlmək olur5.

Andronik 1183-cü ildə imperatorluq tacını ələ keçirdi, 1185-ci ildə devrildi və tükürpədici şəkildə öldürüldü. İsaak Ange oğ­lu Ma­nueli ortadan qaldırdı. Manuelin 1182 və 1184-cü ildə do­ğulan iki oğlu (anaları tərəfindən?) – bibiləri tərəfindən sa­raya alı­naraq, bö­yüdüləcəkləri Gürcüstana qaçırılıb qurtarılan Aleksi və Daviddən başqa, bütün ailəsi yox edildi1. 1203-cü ildə III Aleksi (Ange) Ta­maranın Ağ dənizdəki gürcü monastrlarına gön­dər­diyi zəngin kar­vanları soymaq ağılsızlığını etdi. Ailənin uğ­ra­dı­ğı qırğına da ca­vabdeh olan xanədanın bu oğurluğunu öy­rənən Ta­mara həm günah­karı cəzalandırmaq, həm də öz siyasi təb­li­ğa­tı­na yararlı olacağı düşüncəsi ilə bacısı oğlu Aleksi Kom­neni bir bir­liyin başına keçi­rərək, Trabzonu ələ keçirməyə yol­ladı. Birlik Ta­maranın əlində olan Ərzurum (Arzen) elindən ke­çərək, səkkiz gün­də Trabzona yetişdi. 18 iyul 1203-cü ildə İs­tanbulun xaç­pə­rəstlər tərəfindən ələ keçiril­miş olması kraliçanın planını asan­laş­dır­dı. 13 apreldə Aleksi Trab­zona girdi. Yeni döv­lət Çaldeni, Ami­sosla (Samsun) Arme­niakların bir bölümü­nü, Sinopla Par­fo­qo­niyanı, Qara dəniz Ereglisi (Heraclee du Pont) ilə Büsleri (Bu­cel­laires) əhatə edirdi və XI yüzilin sonun­dan bəri Trabzona bağ­lan­mış olan Krıma da hegemon olurdu. Bununla birlikdə, 1214-cü il­də Davidin öldürüldüyü və Alek­sinin İzəddin Keykavusu sultan ola­raq tanımaq məcburiyyətində qaldığı mühasirə nəticə­sində Si­nop səlcuqların əlinə keçdi. Yeni impe­ratorun ordusunun mü­əy­yən qismi gürcü birliklərindən iba­rət olsa da, içində bulun­duğu bu şə­raitdə Tamaranın öz əsəri olan impe­ratorluğa maraqsız qaldığı gö­rünməkdədir2.

Ancaq tarix yenə də yönünü dəyişdirdi. Orta Asiyada mon­qol­lar ortaya çıxdı. Şərait əski düşmənləri birləşdirdi. Səlcuqlar və gürcülər əqdləşmələrini bir evliliklə damğaladılar Ünlü kra­li­ça­nın nəvəsi Tamara səlcuq sultanı II Qiyasəddin Keyxosrov (ölm:1245) ilə evləndi3. Bununla belə yayılan axınlar durmadı, Ana­dolu Səl­cuq Dövləti yıxıldı; Gürcüstan parçalandı.

XIV yüzilikdə monqol hegemonluğunun səhnədən çə­kil­mə­si, V Georginin (ölm.1346) hökmdarlığı zamanında Gürcüs­tan Kral­­lığına özünü toparlamağa fürsət verdi. Qafqaz Er­mə­nis­ta­nın­da və Kiçik Asiyada iki oğuz boyu – Van gölünün quze­yində Qa­ra­­qo­­yunlular, Diyarbəkirdə (Amiddə) Ağqo­yunlu­lar önə çıxdılar. Bir­-biri ilə qohum olan bu iki boy inanclarına görə bir-birlərindən ay­­rılırdılar. Qaraqoyunlular qatı şiə inanclı idilər. Bu­na qarşılıq, Ağ­­qoyunlular sünni müsəl­man­lı­ğa daha uyğun inancda idilər. Bu du­rum Qaraqoyunluların uzaqgörənlik etmə­dən qarşı çıxdıqları sün­ni inancın atəşin müdafiəçisi Teymur­ləngin Ağqoyunluları qo­ru­­masına və onun sayəsində XIV yüzilin sonu daha böyük uğur­la­ra çata bilməsinə səbəb oldu. Teymur­ləngin gəlişi Ağqoyunluların ya­rarına olmaqla bərabər, Gürcüs­tanın ulus birliyinin və kral­lı­ğı­nın sonu oldu. Bununla birlikdə və bölünməyə rəğmən, Gürcüstan var­lığını sürdürməyi bacara­caqdır: nə türklərin, nə iranlıların Qaf­qa­zın fəthinə qalxışa bi­ləcək gücləri vardır. Muxta­riy­yət­lə­ri­nin son yüzillərində köçə­rilər Qafqazın yoxsullaş­mış xalqları arasına gə­lib yerləşməyə başladıqlarında babalarının XI yüzildən bəri sa­vaş­dıqları və “kafir” ənənələrini qoruyan gürcülərlə qarşı-qarşıya gə­lənlər də Ağqoyunlu türkmənlər idi. Bəzi hallarda Ağ­qo­yun­lu­lar qonşuları gürcülərin zəngin torpaq­larına basqın edəcək, bəzən bun­dan belə Şərqdə paytaxt Tiflislə Kartliya, Qərbdə Kutais ilə İme­retiya və Samtzkhe, ya da Korkora (Kwakware) irsi adını da­şı­yan Axıska (Akhal-Tzikhe) atabəy­lərinin ölkələri olmaq üzrə üç his­səyə(prinsliyə) ayrılacaq gürcülər şahzadələrinin uzlaşmalarına ça­lışacaqdırlar1. Fəqət qısa zaman sonra gürcü prinslər Ağqoyunlu bəy­lərlə (bu bəylərə və gürcüstanlı baqratlılara (Bagratidlər) qan ba­ğı ilə bağlanan və zənginliklərinin qaynağı olan ölkə ilə əla­qə­lə­ri­ni heç kəsməyən Trabzonlu Komnenlər arasında sıx-sıx baş ve­rən evlilik anlaşmaları nəticəsin­də) qohum olacaqlar.

Göründüyü kimi, bundan sonra Gürcüstanın yardım­la­rın­dan məh­rum olması nəticəsində Bizansla əlaqələri kəsilmiş Trab­zon İm­peratorluğu gündən-günə sərhədləri genişlənən, də­niz­dən uzaq ye­ni qonşuları Ağqoyunluların davamlı səfərləri ilə də ayrıca bit­kin bir vəziyətə düşmüşdü. Bu təhlükəli qonşularla əlaqələri dü­zəlt­mək üçün İmperator şahzadələrinin yaxşı dip­lomatik əlaqələr qur­ması və bunları sağlam­laşdır­masında sıx-sıx yararlandığı gö­zəl­lik va­sitə­sinə yenə baş vurdu1.

1348-ci ildə Ağqoyunlu Əmir Tur Əli Trabzon önünə çadı­rı­nı qurunca, III Aleksi qızı Despina Marianı Əmirin oğlu Qutlu­ya ve­rərək, dostluğunu yoxlamağı sınadı. 1352-ci ilin avqus­tunda toy­ları oldu. Bundan belə Ağqoyunlu türklərlə trabzonlu kom­nen­­lər arasındakı əlaqə daha da sıx olacaqdır. İmperator Ağ­qo­yun­lu əmirlərdə ən güvəndiyi qoruyanları tapacaq, köçərilərin bəy­liyi isə müttəfiqlərinin torpaq­larından Qara dənizdə bir bazar əl­də etmiş olacaqdı2. Komnenlərlə türkmənlər arasında evliliklər də davam edəcəkdir. 1420-ci ildə Despina Marianın oğlu Qara Yü­lük IV Aleksinin, Ağqoyunluların ən tanınmışı olacaq Uzun Həsə­nin(1453-1478) nənəsi (böyük anası) olacaq qızı ilə evlə­nəcəkdir. 1458-ci ildə IV Jean (Kalo İohannes) anası bir gürcü şahzadəsi olan qızı Kira Katerinanı onu osmanlılara qarşı qoru­mağı öhdəsinə götürən Uzun Həsənə vermək üçün söz verdi. Toy­ları Kalo İohannesin ölümündən dərhal sonra Trabzonun son im­peratoru Davudun hökmdarlığı dövründə edildi. Müsəlman qay­naqlarında Despina Xatun olaraq tanınan bu yunan-gürcü şah­za­də Qafqazın və Ağqoyunlu ölkəsinin fatehi İsmayıl Səfə­vinin ana­sı olacaqdır3. Bu evliliklə Uzun Həsən də özünü Trab­zon İm­pe­ratorluğunun son savaşlarına sürükləmiş olacaqdır. 1453-cü il­də İstanbulun II Mehmed tərəfindən alınmasının tic­arəti üçün təh­lü­kəli olduğunu görən Venedik Cümhuriyyətinin təlaşı Qərbi hə­yə­canlandıracaq; Trabzon və Gürcüstan Firəng ölkələrindən yar­dım istəmək üçün elçilər göndərdiklərində Uzun Həsən bu dəfə Os­manlılara qarşı bir Trabzon – Gürcüstan – Me­sapotomiya uz­laş­ması içində yer almış olacaqdır. Axıska (Akhal-Tzikhe) şah­za­də­sindən Burqoniya dükünə1 göndərilmiş olan bir məktub Uzun Hə­sənin Osmanlı idarəçiliyinə qarşı Trab­zon-Qafqaz xristian bir­ləş­məsinin yanında yer aldığını göstərir2. Fəqət bütün bu cəhdlər 1461-ci ildə Trabzonun II Mehmed tərə­findən alınmasını ən­gəl­lə­yə bilmədi. Uzun Həsən mesa­poto­mi­ya­lı bir xristian olan anası Sa­ranı Fatehlə görüşərək, gəlini Des­pina Katerinanın haqlarını is­tə­məyə yolladı. Yaxşı qarşılanmış olmaqla yanaşı, II Mehmed tə­rə­fin­dən istəyi qəbul edilməyən Sara yenə də Trabzon İm­pe­ra­tor­lu­ğunun xəzi­nəsindən oğlu üçün bir pay aldı. Fəqət Osmanlılara qar­şı andlaş­malar davam edirdi. Venesiya 1471 və 1474-cü ildə Uzun Həsənə (arala­rında anası Despina Katerinanın bacısı olan Ka­terina Zeno­nun da olduğu) üç diplomatını göndərdi. Osman­lılarla Ağqo­yunluların qarşı­laşma­ları 12 avqust 1473-cü ildə Fərat sa­hilində Otluqbel ad­lanan yerdə oldu. Nəticə türkmənlər üçün fə­lakət idi. Uzun Həsənin or­dusunda gürcü birlikləri yer almışdı və bu birlik­lərin başında Kafir Sərdar İshaq da vardı3.

Bu məğlubiyyət xristianların Uzun Həsənə bəslədikləri ümi­di qırdı. Bununla birlikdə, Uzun Həsən Kartlialı Baqrat (Bag­ratide) kralları ilə İmeretiya və Axıska (Akhal-Tzikhe) ata­bəy­ləri arasında davam edən düşmənçilikdən yarar­lanaraq beş də­fə girdiyi Gür­cüstandan daha bir çox zəfər gətirəcək; bunlar­dan bi­rində də (1476-1477) düşməni imeretiyalı II Baqrata (1455-1478) qarşı onun yanında yer alan Kartlia kralı III Kons­tantinə bu­raxmaq üzrə Tiflisi ələ keçirəcəkdir. Bu səfər zamanı Uzun Hə­sə­nin yanında olan venesiyalı G.Barbaro səfərin bir mənzərəsini bizə buraxmış olmaqdadır. Tiflis 1478-ci ildə Uzun Həsənin ölü­mü ilə türkmən­lərdən büsbütün ­qopa­caqdır1.

Bütün bu qarışıq olayların, iç-içə girmiş xalqların iştirak et­di­yi mühit, türk oğuz dastan ənənəsində, div bir əsərdə öz əksini ta­pır: “Də­də Qorqud kitabi”. Tarixi baxımdan olaylar bir-birinə qa­rış­dı­rıl­mış, dəyişikliyə uğra­dılmış və əsasən təhlil edil­mədən ya­rar­lanılmış olmaqla bərabər, dastan çox vaxt yetərsiz və mücərrəd ta­rixi qay­naq­ların yanında tamamlayıcı dərinliyi və can­lılığı olan bir mənzərə təqdim etmə üstünlüyünü qoruyur.

Yüz illər boyunca şifahi şəkildə yayılan Oğuz das­tanları nəzmlə qarışıq nəsrdən yaranan on iki boyluq bir əsər kimi XV yü­zildə biçim­ləndi. Bu əhvalatlar şamançı türklərin islamdan son­ra­kı dönəmdə ata, ya da baba, ca­maat-dışı(heterodoxe) dər­viş, xalq şairi ozan kimlikləri altında yaşa­mını sür­dürən sehrçi, din ada­mı, əski qam-şaman ənə­nə­sindən gələn bir ozanı ilə – Dədə Qor­­qudla əlaqaləndirilməkdədir. Din adamı, sehrkar, çal­ğı­çı və ozan, qam­-ozan; ey­ni zamanda, əfsanə və əski türk igidlik əh­va­lat­la­rını ha­fizəsində sax­layan, qoruyan bir kişi idi2. Şüb­həsiz, Qaf­qaz­da və Kiçik Asiyada yer­ləş­məzdən öncə Or­ta Asi­yada doğmuş sa­vaş və igidlik əhvalatlarına dayanan “Dədə Qor­qud ki­tabi” Ağ­qo­yunlular dönəmində bi­çim­lənmişdi. Mətn 1468-ci ildən 1501-ci ilə­­dək Uzun Həsənin və yerinə keçənlərin paytaxtı olan və azəri özəl­likli bir dildə danışılan Təbrizdə ya­ranmışdı1 və Kaşğarlı Mah­muda görə, türk oğuz boy­larının dör­düncü boyu olan – Ba­yun­­durların dastanıdır2.

Əhvalatların, Dədə Qorqud adı ətrafında toplanan qəh­rə­ma­nı, Ağqoyunlu bəylərinin ulu babası (Damğası Bayundur boyunun dam­ğa­sı olan əfsanə qəhrəmanı Oğuz xanın altı oğlu içindən Kök3 xa­nın dörd oğlundan biri) Bayundur xandır4.

“Dədə Qorqud kitabı”nda olaylar Türkmənlərin yeni yurd­la­rı Şimali-qərbi Anadıluda və Qafqazda (Azərbaycan və Ermə­nis­tan­­da) keçməkdədir. Tarixi hadisə gürcülər və onların ya­nında yer alan Trabzon rum­ları ilə aparılan savaşlardır. Anla­dı­lan­lar (ən­ənə­vi əhvalatların əfsanə­viləşmiş söyləyicisinin yaşa­dığı dövr səbə­bin­dən əlavə edilmiş olan türkmənlərin Trab­zona qar­şı savaş­larına da­yanan və boya adını verən qəhrəmanın xa­tırlanması ilə o bi­ri­lə­rin­dən ayrılan beşinci və altıncı hekayədən başqa) Ba­yındur xana və onun savaşlarına dayanmaqla birlikdə, yəqin ki, XIII yüz­ilə, Qa­ra­qo­yun­luların Anadoluya girərək Di­yar­­bəkirə və yuxarı Fərat böl­­gəsinə yerləş­dikləri zaman Xora­sandan Qafqaza gələn Ağ­qo­yun­­luların yerləşmə dö­nəm­lərinə, Pəh­ləvan bəy, oğlu Tur Əli və onun oğlu Qutlu bəy zama­nına çıxmaqdadır. Mixail Panaretosun on beşinci yüzilin ortalarında qələmə aldığı vaqiyənaməsinə görə, 1348-ci ildə Tur Əli impe­ratorluğun paytaxtına çatanda türk­mən­lər Anadolunu, Ərzincan­dan Ərzurum və Bayburtadək ələ ke­çir­miş­dilər5. “Dədə Qorqud kitabı”nda gürcülərlə və Abxaz ölkəsi ilə əlaqələr XIV yüzilin sonu XV yüzilin əvvəllərindədir, fəqət, şüb­hə yox, XI və XII yüzildə Anadolunun səlcuqlar tərəfindən fəth edilməsinin də təsiri görünməkdədir. Kür və Arazın aşağı sa­hil­lərində yerləşən türkmənlər Kür çayının orta tərəflərində, Axıs­ka (Akhal-Tzikhe) və Kutaisi sahələrində, Çoruh boylarında, Fə­rat sahillərində, Arazın yuxarı yaylaqlarında (Pasinlər) və Nax­çı­van­da yaşayan “kafir”lərlə savaşdılar1. Diq­qət­çəkicidir ki, o biri Ana­dolu türk dastanlarının, xüsusən əsas ha­disələri Kapadokyada ke­çən “Mə­lik Danişmənd” mənqibə­si­n­in əksinə2, Qafqaz Er­mə­nis­tanı XI yüzildən bəri Bizansa buraxılmış oldu­ğundan, Er­mə­nis­tan və er­mənilərlə bağlı heç bir xatırlatma yoxdur. Türkmənlər Qaf­qazda ermə­nilərlə savaşmışlarsa da (ki, buna şübhə edilə bil­məz), on­ları gürcü “kafir”lər sanmışlar.

Köçəri türklər yerlilərin qədimlərdən bəri yaşadıqları şə­hər­lər və qalalar arasında məskən salarkən, buralara basqınlar edirlər. Gür­cülər, ya da o biri qafqazlılar da, fürsət tapdıqca, köçərilərin oba­larına hücumlardan geri qalmırlar. Əsas olayların eyni yerlərdə keç­diyi və eyni adamların ortaya çıxdığı bu heka­yələrin – “boy”ların altısının mövzusu (I,III, IV, VII, IX və XI) aşağı-yu­xa­rı budur.

İkinci hekayədə (“Salur Qazanın evinin yağmalanması”), Gür­cüstan sərhədinə yerləşən türkmənlər Van gölünün Şimali-qər­bindəki Aladağa ov etməyə gedirlər. Şöklü Məlik ilə azna­vur­la­rının3 yönləndirdiyi gürcülər köçərilərin yurdlarına hü­cum edə­rək, qadınları, uşaqları və Pasin vadisi otlaqlarında yayılmış 10.000 qoyunu alıb gedirlər4; Xəbəri alan Salur Qazan gürcü­lərin üs­tünə yürüyür, dustaqları qurtarır və qənimətlərlə geri dönür.

Üçüncü hekayədə (“Qambürənin oğlu Bamsı Beyrəyin bo­yu”) Avnik qalasının1 gürcüləri Sarp Rasin vadisində müsəlman bə­zirganlara hücum etdilər; xilas edən Bayburt məliyinin əlində dus­taq saxlanan Bamsı Beyrək olacaqdır. Obası onun Pasin va­di­si­nin dərin uçurumunda ölüb qaldığını sanmaqdadır, nişanlısı Ba­nu Çiçək rəqibilə evləndirilməyə hazırlanmaqdadır. Beyrək mə­li­yin qızının yardımı ilə zindandan qaçaraq, toy günündə obasına ye­tişir və özünü tanıdır. Fəqət Banu Çiçəklə gərədyə girmədən ön­cə qırx yoldaşı ilə Bayburt qalasına gedir, məliyin qızı ilə ev­lə­nir və qənimət yükü ilə obasına dönür.

Dördüncü hekayədə (“Qazan oğlu Uruz bəyin dustaq ol­du­ğu boy”), gürcü şahzadəsi Dadyanın əlində olan Aksaka qala­sının xa­tırlandığını görünür2.

Təkfur3 və Şöklü Məliyin yönlən­dirilməsi ilə bu qalanın gürcüləri türkmənlərə hücum edir və gənc Uruzu ələ keçirirlər. Qazan oğlunu qurtarmağa gedir.

Yeddinci hekayədə (“Qazılıq Qoca oğlu Yegnəyin boyu”) qəh­­rəman, bir yağmalanma zamanı əsir düşən və on altı ildən bəri Qa­­ra dəniz sahilindəki Düzmürd qalasına qapadılmış olan atasını qur­­tarmağa gedəcəkdir.

Doqquzuncu hekayədə (“Bəkil oğlu Ərmənin1 boyu”), Ba­yun­­­dur xan Gürcüstandan doqquz tümənin2 bacını alır. Bu bac bir al­­­çaldılmadır; bir at, bir qılınc və bir əsa; hamısını Gürcüstan sər­hə­­dini qorumalı olan Bəkilə verir. Bəkil Pasin vadisində Şöklü Mə­­liyin hücumuna uğrayır. Gürcüləri məğlub edən oğlu Ər­mən­dir.

On birinci hekayədə (“Salur Qazanın dustaq olub oğlu Uru­zun dustaqlıqdan çıxardığı boy”) Qazan xan Trabzon təkfu­run­dan əhlilləşdirmək üçün bir şahin almışdır. Quş qaçır və To­ma­nin3 qalasına qonur. Ardınca gedən Qazan yaxalanır və zin­da­na atılır. Aramağa qatılan oğlu qala yanında olan Kafirün Aya Sof­­yasını, bir gürcü monastrını yağmalayır4, atasını qurtarır.

Bəhs etdiyimiz hekayələr bəlli bir tarix olayı ilə uyğun­laş­mır­sa da, olan bir hadisəni əks etdirir: Sərhəd ətrafı axınlar və bu dö­nəmdə Qafqazda güclü qarşıdurma yaradan türklər arasın­dakı ça­tışmalar. Bu qarşılaşmalarda Qafqazdakı başqa müsəlman və ya xris­tian uluslarının gürcülərin yanında olduğuna şübhə yox­dur; an­caq dastan ənənəsi onların aralarında fərq qoymur. Köçə­rilərin ya­şayışını qənimətlərilə saxladıqları yağmalar və daimi çatışmalar, yüz illərcə ölkənin hər günkü mənzərələri oldular, bir fəthin gözə çar­pmayan təkamülünü yaratdılar. Türklərin Kiçik Asiyanı addım-ad­dım fəthləri və ələ keçirmələri belə oldu.

Altıncı hekayə (“Qanlı Qoca oğlu Qan Turalının boyu”) Trab­zon şahzadəsi ilə türkmən əmirinin evlənməsi – tarixi bir tə­mə­li olması ilə o birilərindən ayrılır. Oğuz bəyi Qanlı Qoca oğlu Qan Turalını evləndirmək istəyir. Fəqət oğlu qılınc işlətməyi, ata min­məyi bilən savaşçı bir qız axtarmaqdadır. Atası oğuz boy­la­rın­da tapa bilmədiyi bu biçimdə bir nişanlı aramağa başlayır. Belə bir qı­zı olan Trabzon təkfurunun sarayına yetişir. Ancaq onu ala bil­mək üçün Qan Turalının üç qorxunc canavara qalib gəlməsi la­zım­dır: bir qağan aslan (kagan aslan), bir qara buğa, bir qara də­və. Qan Turalı üç sınamanı da keçir və alıb obasına götürmək üz­rə Selcan xatunun əlini tutmaq haqqını qazanır. Fəqət təkfur son­ra peşman olur və qızını geri gətirmələri üçün arxalarından bir or­du göndərir. Selcan xatun nişanlısı ilə yan-yana qılıncını çəkir, düş­mənlərilə vuruşur və hamısını dağıdır. Atından yuvarlanan Qan Turalını yerdən qaldırır, öz atının tərki­nə oturdaraq, savaş mey­danından çıxarır. Qan Turalı nişanlısının üstünlüyünü içinə sin­dirə bilmir, onun özü ilə vuruşmasını istəyir. İki gənc öldürücü həm­lələrlə bir-birinə hücum edir, so­nun­da sevgi ilə qucaqlaşır, ev­lən­mələrini bir toyla başa çatdır­maq üçün Oğuz elinə dönürlər.

Cəngavərlik romanlarında görünən ayrıntılarla hörülmüş, fə­qət tarixi bir olaydan ilham alan bir əhvalat: Trabzon im­pe­ra­to­ru III Aleksinin bacısı Despina Marianın 1352-ci ildə Ağqo­yunlu əmiri Tur Əlinin oğlu Qutlu ilə evlənməsi. Bu evlilik trab­zonlu Kom­nenlərlə türkmənlər arasında uzun əlaqələr zənci­rinin bir hal­qa­sı olacaqdır. Komnenlərin kiçik qolunun müsəl­man, ya da xris­tian hökmdarlarla Bizansdan Tiflisədək uzanan əqrəba­lıqlar edə­cə­yi bu evlənmələr, yuxarıdakının bənzəri bir çox Qərb cən­ga­vər­lik hekayətlərinin ilham qaynağı oldu1. Fəqət türk dastan ənə­nə­si­nin nev-yunanı2 (neohellenique), ya da avropalı xarici təsirlərdən bağ­lantı olmadan inkişafını düşünmək yerində olar; onları yaradan əh­valatlar bəhs etdiyimiz dastan ənənəsinin əhva­latlarıdır. Öz top­lu­luğundan kənarda qız aramanın – qədim türklərin kənardan ev­lən­mə (egzogami) adətlərini əks etdirməsi, ya da qırğızlar və qa­ra­qalpaqlar kimi3 başqa türk topluluqla­rında da Anadolu türk das­tan ənənəsində sıx-sıx rastlaşdığımız və şüb­həsiz, madərşahlıq (mat­riarxat) dönəmlərinə çıxa biləcək olan savaşçı qadın (Amazone) motivi1 kimi.

“Dədə Qorqud”un oğuz halqası – şəxsiyyəti əfsanəviləşmiş Ba­yundur xanın nəvələri Ağqoyunlu türkmənlərin hege­mon­luq­ları al­tındakı erməni-azəri bölgəsindəki, Qafqazda müəyyən­ləşdi. XIV yüz­ildə Ağqoyunluların gücü zəiflədi. Torpaqları Osmanlılarla Sə­fəvilər arasında paylaşıldı. Fəqət Ağqoyunlu türkmənlərə qısa bir müddətdə yurd olan Qafqazda ənənə yaşamını davam etdi. Açıq­ca azəri ləhcəsi olan bir dillə “Dədə Qorqud kitabı”nın yazılı mət­ni bizə yetişdi. Yüz illərə uzanan bu savaşlar və barışmalar pro­sesi tarixin eyni coğrafiyada yan-yana gətirib qaynaşdırdığı xal­qlar arasında ortaq mənfəətlər və ortaq bir yaşam is­ti­qa­mə­tin­də irq ayrılıqlarının get-gedə incələcəyi bir şərait və tək mühit ya­rat­maqla nəticələndi.



İren MELİKOFF
ANAOLU TÜRKLƏRİNİN DASTANİ ƏDƏBİYYATLARINDA (DİNSƏL-QƏHRƏMANLIQ MƏTNLƏRİNDƏ) SİMVOL SAYLAR
Sayların simvollaşması və hərflərin şəkli anlamlarının təh­lili, əsa­sən təsəvvüf sahəsində geniş yer tutmaqdadır. Fəqət bu təd­qi­qat yalnız türkoloji sahəsində gizlənən, bu çərçivə içində qalan cə­hətləri araşdırmağı qarşısına qoymuşdur.

Simvollaşan sayların, məslək loncaları1 ədəbiyyatında, türk tək­kə ədəbiyyatında və bu ədəbiyyatlara bağlı olaraq, dastan ədə­biy­yatında mühüm bir vəzifə daşıdıqları görünür.

Dastan ədəbiyyatı, cəngavərlik əməlini, dastan qəhrəma­nını bu əməlin bir bədənləşməsi olaraq görən oxumamış xalq kütlələri ara­sında bir yayılma vasitəsinə çevrilirdi və məslək lon­caları çev­rə­sində, ardından təriqət çevrəsində bu məqsədlə oxu­nurdu.

Mənaqibnamələrdə, mənaqibə mətnlərində də 1, 3, 5, 7, 40 və 300 saylarına sıx-sıx rastlanırdı. Örnək olaraq M.Henri Cor­bi­nin tər­cüməsində2 “Qeyb ərənləri”nin (Rical-ül-Qeyb) dərəcə­lə­ri­ni və on­­la­­rın mərtəbə sıralanmalarını bildirən bir hədisi bu­rada xa­tır­layaq3:

“Allahın dünyada qəlbi Adəmin qəlbi kimi saf üç yüz ada­mı var: Musanın qəlbinə müvafiq qırx, İbrahimə bərabər yeddi, Cəb­rayıla beş, Mikayıla üç və İsrafilə müvafiq bir nəfər; onun özünə yaxın saydığı adamı vardır”.

Bununla birlikdə, sıx rastlanan daha başqa simvol saylar da vardır və özəlliklə dastan ədəbiyyatında, bütün o biri saylardan daha çox rastlanan 17 və 72 saylarının unudulmaması gərəkdir. Mə­naqibnamə mətnlərində sayların dilinin yerini göstərmək üçün Bek­taşi ənənələrindən XIX yüzil şairlərindən İlhaminin əsə­ri ola bi­ləcək bir mənzuməni burada xatırlayaq1:

“Ruhlar aləmində “Ələst” toplantısında Məhəmməd, Əli­nin nu­rudur. Kafiri öldürmək üçün ortaya çıxan, əlində Zülfüqarı ilə Əli­dir. Üçlər iki aləmdə birliyə yetişdi. Beşlər onların ətəyini tut­du.Yeddilər Birlik loxmasını uddu. Ətəyi kirlənməyən pirlər­dir on­lar. On dörd təmiz məsum. On iki imam və on yeddi kə­mər qur­şanmış olan, hamı­sı alnına qələm çalınmış olan, Ekvator xət­tin­də Qırxlardır onlar... İlhami Abdal kölələridir; pirim: Hökm­­dar Ha­cı Bektaşdır”2:

Özəlliklə dastan mətnlərinin təhlili zamanı 17 və72 say­ları­nın önə çıxdığı görünür; hər iki say ümumiyyətlə, birlikdə gö­rü­nür və diqqət edildiyində birinin 9 və 8-in toplanması, o birinin bu iki ədədin vurulması ilə aralarında həqiqi bir bağlılıq olduğu gözə çar­pır. Jan Deni (M.Jean Deny) bir yazı ilə 72 sayı üzərində dur­du3. Ancaq 17 sayı üzərində üzərinə ayrıca bir təhlil aparılmadı. B­i­zim birdən gözə çarpmayan bu saya əyilməmiz, açıqlayacağım sə­bəblə bağlıdır. “Mə­lik Danişmənd mənqibəsi”4 adlı bir ki­ta­bım­da olan, haqqında danış­dığımız mətni son dəfə gözdən keçirirdim. Bu mətn Kapadokyanın, Birinci Xaç səfərinin çağdaşı türk fatehi ət­rafında baş vermiş bir cəngavərlik əhvalatıdır. Əhvalat, bizi ən qə­dimi XIV yüzilə götürən bir çox əsərə mövzu oldu. İlk əsərin ya­zarı Arif Əli nəsr olaraq qələmə alınmış bir mətni, təsəvvüf və şiə təsirinə bağlı və bəzən çox gözəl mənzumələrlə bölüm-bölüm qı­saltmışdı. Bu mətndə 17 sayı gözə çarpan bir şəkildə qarşımıza çı­xır. Yazar əsərini 17 bölümə ayırmışdır. Və qəhrəmanı da 17 ye­rindən aldığı yara ilə ölmək­dədir1.

Bu təkrar qarşısında qəhrəmanın adını əmələ gətirən ərəb hərf­lərinin sayı dəyərləri üzərinə əyilmə gərəyini duydum və hərf­lə­rin qarşılıqlarını topladım:

Danşmnd (4+1+50+300+40+50+4=449) .

Hərflərin qarşılığı olan saylar toplandığında 449 çıxırdı və bu sayı əmələ gətirən rəqəmlərin toplamı da 17 idi.

O zaman bu məsələni başqa qəhrəmanlıq əhv­latlarında da sı­namaq istədim. Salmani Farsinin əqidə eyniliyilə birləş­dirdiyi 17 mü­səlman loncanın piri ilə Əlinin eyni əqidəylə birləşdirdiyi 17 yol­daşına əsasən bu sayın məlum olduğu anlaşılan məslək lon­ca­la­rı ənənəsində onun tutduğu yeri diqqətə alaraq, lonca ədə­biy­ya­tı­na qayıtdım. Həqiqətən də, igidlik əhva­latlarından cən­gavərlik (che­­valerine) əməlini yaymaqda istifadə olunan və əsası bu əmələ da­yanan məslək loncalarında, Fütüvvat2 prob­lemin­dən bəhs edən əsər­lərdə say aydınlaşırdı3. Cən­gavərlik əhvalatları arasında, məs­lək loncaları səbəbindən nəzərə alınması əsas olan hadisələrdən biri də Əbu Müslümün ətrafında baş verəndir4.

Əhvalatda ana xətt Mərv Əxiləri çevrəsində baş verir; Əmə­­vi­ləri devirməli olan xalq üsyanlarının hazırlandığı yer bu əxi tək­yə­ləridir. Dastan ənənəsində Abbasilərin qəhrəmanının açıq bir və­zi­fəsi vardır. O, Kərbəlada baş verən qətllərin qisasını alacaqdır.

17 və 72 sayı Əbu Müslüm əhvalatında da sıx-sıx görülür. Əh­valatın başlanğıcında Əlinin ölümü üzərindən 72 il keçmişdir. Bu 72 il ərzində Əməviləri devirmə məqsədilə 17 dəfə mü­ba­ri­zə­yə qalxmış 17 qəhrəman Hüseynin qisasını almaq üçün baş qal­dır­mış, şəhid edilmişdir.

Nəticə olaraq, eyni uyğulamanı Əbu Müslümün adı üzərin­də də sınadıq: (Abu Mslm; 1+2+6+40+60+30+40=179). Və 179 toplamı ilə yenə 17 sayına çatdıq.

Fəqət Əbu Müslüm tarixi bir şəxsdir. Və uyğunluq təəc­cüb­lən­dirici olmaqla birlikdə, təsadüfi də ola bilərdi. Burada ən çox, Əxi­lərin Əbu Müslimi pirlərindən biri saymalarının bir sə­bə­bi, bəl­kə, aydınlaşacaqdır. Həqiqətən, Xəlifə Nasirin “Fütuv­va”­sının rəs­mi “İsnad”ında doqquzuncu sırada onun adını tapırıq1.

O biri dastan qəhrəmanlarına, özəlliklə xatirəsi Bektaşilər tə­rə­­findən sayğı ilə qorunan dərviş-qazi Sarı Saltuka baxmaq is­tə­dik. Sarı Saltuk XV yüzilin sonuna doğru toplanmış nüsxəsi əli­miz­də olan bir Anadolu mənqibə qəhrəmanıdır2. Bu dərviş-qa­zi­nin adını yaradan sözlərdən ilki “sarı, sarışın” anlamında bir ta­nıt­ma, bir ad­landırmadır. Hər iki adı yaradan hərflərin say də­yər­lə­ri­ni topla­dı­ğımızda, rəqəmlərin toplamı yenə 17-ni verən 917 sa­yı­na yetdik.



(Saru Saltk: 90+1+200+6 və + 90+30+400+100=917).

Bu durumda Saltuk adına Sarı ləqəbinin ənənəyə görə, əb­cəd hesabının bir yorumu gərəyi əlavə edilmiş ola biləcəyi dü­şün­mə­­mizdə haqlı olmalı idik.

Bir çox mübahisəyə hazır bir dastan qəhrəmanının da bu cə­hət­dən gözdən keçirmək istədik, “Battal” adını.

Tarixdə ön adı Abdullah olaraq keçən, Ərəb-Bizans savaş­la­rın­da şöhrət qazanmış bu əməvilər dövrünün ərəb döyüş­çüsü ke­çən vaxt içində türk dastan ənənəsinə daxil olmuş, fəqət bu za­man bəzi də­yişikliklərə uğramışdır. Öncə, yaşadığı dövr abba­silər za­manına ke­çirilərək, sonra Əlinin soyu ilə əlaqə­ləndirilmiş, sonra da ön adı Cəfər olaraq dəyişdirilmişdir1. Battalın xatirəsi Bəkta­şi­lə­ri və şiə meylli türk təriqətləri tərəfindən hörmətlə ucalmaq­da­dır. Və həqiqə­tən, Seyid Bat­talın türkcə əh­valatı da şiə təsirinə uğ­ra­maqdadır. Qəhrəmanın zor­la Əli övladına bağla­nıl­ması istəyi ya­nında, açıqca, o, məcazi an­lamda, bir aslandan yar­dım görür və bir bölüm Əbu Müslümün qılın­cından qaçan Mərvan məlununun Bat­tal tə­rəfindən yaxalanıb cəza­lan­­dı­rıl­masın­dan bəhs edir. Bu şiə tə­sir­ləri, Battalın nədən dəyişmə­lərə uğradığını və nədən Əmə­vi­lər dönəmindən Ab­basilər dönəminə keçirildiyini aşkara çıxarır. Fə­­qət dastan ənənə­sinin Abdullah ön adı­nın nədən Cəfərə çe­vir­di­yi­ni, bu adın şiə ənə­nəsindəki yerinə rəğmən, anlamaq çətindi. Bu­rada da qəhrəmanın (Battal) adını yaradan hərf­lərin sayı (əb­cəd) dəyərini hesablamağı sınadıq. Öncə rəqəmlərin cə­minin 6 ol­ma­sı səbəbilə diqqət etməsi dəyərli görünməyən 51 top­lamını əldə et­dik2.

Çalışmanı Seyid adını əlavə edərək sınadıq, yenə nəticə ala bil­mədik. Əhvalatda yer alan Cəfər ön adını aldığımızda əldə et­di­yi­miz 353 (11) sayına Battalla al­dığımız 51 (6) sayını əlavə etdi­yi­miz­də isə yenə ortaya 17 sayı olaraq çıxırdı

(Battal-Cfər: 2+9+9+1+30=51 və 3+70+80+200=353). Nə­­ti­cə dastan ənə­nə­sində qəhrəmanın ön adının nədən Cəfərə çev­ril­diyini açıqlaya biləcəkdir.

Bu təcrübəni dastan ənənəsi və türklərlə bağlı incələmələr çər­çivəsindən xaricə daşıyaraq, özəlliklə şiə təriqətlərində hör­mət­li adlara da tətbiq etdik. Öncə altıncı imam Cəfəri Sadiə. Adın və sanın hərflərin say qarşılığı toplandığında 548 və 17 əldə edi­lirdi.



(Cfər Sadq: 3+70+80+200 və +90+1+4+100=548).

Bu nəticə böyük dəyər daşımaqdadır, çünki şiə ənənəsinə gö­rə, “hərflər elmi”nin (“ilm-i hüruf-un”) kökləri də Cəfəri Sa­di­qə uzanmaqdadır. Altıncı imam, “Əl-Cəfr” adı verilən sirli bir əsər­lə, olacaqları öncədən bilmə bilgisinə də yetişmiş olacaqdır1.

Mənsur əl-Həllacın adında da nəticə, yalnız görkəmli mü­tə­səv­vifin adını yaradan hərflərin say qarşılıqları toplan­dığında (Həllc Mnsur: 8+30+30+1+3 və 40+50+90+6+200=458 və17) əl­də edilən 17 sayı ilə deyil, ayrı-ayrı Həllac adının hərf­lərinin 72 və Mənsur adının 386 və 17 nəticələrinin meydana çıxması ilə də bi­zi dəstəklədiyi görünür. Unutmadan, təəccüb­ləndirici bir hadi­sə­ni, Cəfəri Sadiq və Mənsur Həllac adlarını yaradan hərf­lərin top­lam dəyərlərinin (548 və 458) eyni rəqəmlərdən yaran­dığını (8,5,4) da bunlara əlavə edək2.

Bir Bəktaşi nəfəs3də 17 sayı ilə Mənsur əl-Həllacın məşhur Ənəl-Həqq açıqlamasının xatırlanmasının birlikdə yer almış ol­ma­sı da hər halda təsadüfi deyildir. İlk iki bəndini tərcüməsi ilə bir­lik­də təqdim edəcəyimiz bu nəfəs, XIX yüzil Bəktaşi şairlə­rindən Pə­rişan Babanındır4.

Mənzumənin təhlili; “doğru, gerçək” anlamında “haqq” sö­zü ilə tanrının adı olan Haqq sözünün səsləşməsinə dayanır5.

Bununla birlikdə 17 sayı Bektaşi ənənəsinə məslək lon­caları va­sitəsilə girmiş olacaqdır. Əxi loncaları Səfəvi şiəliyə yaxın­la­şa­raq, Osmanlılara qarşı münasibətlərinə görə dağı­dıldıq­larında, əxi­lər dərviş təkkələrinə və özəlliklə də Bektaşilərə sızırlar.

Özəlliklə, hamısının piri və öndəri olduğu Salmani-Farsinin 17 böyük loncanın qurucusu 17 yoldaşının xatırladıl­ması ilə bu sa­yın məslək loncaları ənənələri içindəki xüsusi ye­rini gördük. Sal­mani Pak haqqında tədqiqatında L.Mossignon, şiə imamlı­ğın­da Salmanın fəaliyyətini göstərdi.

Peyğəmbərin; Əlinin – özəl bir ayrıcalıqla – möminlərin əmiri olması istəyini müsəlmanlara bildirən adam olması.

Salman; Məhəmməd və Əli arasındakı bağdır. Üçü bir­lik­də, hərflərdə simvollaşan mənəvi bir üçlüyü yaradırlar.

Ayn, Əlini simvollaşdırır – İmam olaraq;

Mim, Məhəmmədi simvollaşdırır – Nəbi olaraq;

Sin, Salmanı simvollaşdırır – Sahabe1 örnəyi olaraq, mö­mü­nü Tanrıya çatdıracaq bir təriqət vasitəçisi2.

Bu üç simvollaşan hərfin sayısal qarşılıqlarının toplamı (ayn: 70, mim: 40, sin: 60) 170 edir və bizi 17-yə götürür.

Türk tədqiqatlarında 17 sayı loncalar, təriqətlər və dastan ədə­­biyyatı ilə kifayətlənib qalmır: bu simvollaşan saya tarix mətn­lərin­də də rastlanılır. Miili kitabxanada (Biblioteque Nati­onali) sax­lanılan XIII yüzilin sonunda qələmə alınmış anonim “Səlcuq­na­­mə”ni təhlil edən Klaude Karen (Claude Caren) bu əsərdə bəhs edilən savaşlarda 17 sayının önə çıxmasına diqqət yetirmişdir: “Rum sultanı Kir Manuil (Manuel Komnen nəzərdə tutulur) Kon­ya­ya girir... 17 adamı ilə təcili Qeysəriyyəyə gələn Sultan (Mə­sud), o ərəfədə iyirmi min əsir alan qalib ordu, sabah olub ye­ti­şə­nə qədər düşməni tutur...”1

“572-ci ildə, Kir Manuilin altı-yeddi min nəfərlik bir ordu ilə yenidən hücumu ilə... Konya məğlub olmuşdur. Sultan (II Qı­lınc Arslan) 1700 atlı ilə yetişir və bir gecə bütün düşmənin ba­şı­nı qa­tır. Ordunun böyük bölümü gəlir və düşmən əsgərini vurur”2.

Bununla birlikdə, 17 sayına verilən dəyər bir türk hadisəsi de­yildir. Türklər arasında yayılması Jan Deninin (Jean Deny) 72 sa­yı üçün göstərdiyi kimi3, yəqin, şiə təsirilə olmuşdur. Bu simvol sa­yın varlığı möv­zusunda İran xalq yaradıcılığı ilə bağlı təd­qi­qat­lar­dan, özəlliklə M.Mokrinin “İran folklorunda İnci simvolu” kimi mü­səl­man say elmi təhlilləri haqqında maraq doğuran bir ya­zı­sın­dan tə­sirləndik: “Cahanın yaradıcısı yaratma ərəfəsində uca qüd­rə­tilə öz surətinin beş görüntüsünü əks etdirən bir inci yaratdı. Son­ra uca qüdrəti onları Allahın Zatı işərisində əritdi və inci yox ol­du. Allah əbə­di, tək və yeganə olaraq qaldı. Sonra 70.000 il keç­di və surət­lərinin əks etdiyi bir başqa inci yaratdı; sonra onda 12 və ardından 14 surəti göründü, o zaman inci yenə yox oldu və aləm­lərin Rəbbi, Aləmi Kitmanda (Gizli dünyada) yeganə olaraq göründü. Bir 70.000 il daha keçdi. 17 surətinin göründüyü bir in­ci yaratdı. Ondan sonra inci büsbütün yox oldu və Allah tək və ye­ganə olaraq qaldı”4.

M.Mokridən mövzunu soruşduq və bizə “Fars folklorunda, özəl­liklə tacqoyma ərəfəsində hökmdarın qulağına pıçıltı ilə de­yi­lən 17 öyüddə5 və bayrağın 17 birləşmə nöqtəsində simvol­la­şan 17 sayının görünüşünü” açıq­ladığı yayımlanmamış “Davra-i Dam­ya­ri” adlı əsərini gös­tərmə incəliyində bulundu.

Təhlillərimiz boyunca gözləmədiyimiz və burada açıqla­ma­ğa çalışdığımız əhvalatlar bizi 17 sayının nəyi simvol­laş­dır­dığını araş­dırmağa götürdü.

Öncə islam ənənəsində; “17”, gündə beş vaxt namaz rü­kət­lə­rinin (reka) sayıdır; namaza çağırışı (əzan və kamet) yaradan söz birləşmələrinin sayı da 17-dir. Fəqət bu say üzərində durma əsa­sən şiələrdədir. Qnostik elm (Şüurun yetə biləcəyi inanış) için­də götürülməklə bərabər, Mehdinin ortaya çıxdığı gün, hər biri “İs­mi Əzəmi” yaradan 17 hərfdən birinin məzhəri (bədənləşməsi) olan 17 adamın həyata dönəcəyini söyləyən və 119/737-ci ildə edam edilən Mugire bin Səidə görə, 17 sayı bu adamları sim­vol­laş­dırmaqdadır1.

Buna baxmayaraq, bu simvollaşan sayın ortaya atdığı prob­le­min çözümünü, İmam Cəfəri Sadiq (Ölm. 147/765) ənənəsi için­­də tapırıq2. Daha öncə bildirdiyimiz kimi, şiə ənənəsi hərflər el­­mini ona bağla­maqda­dır. Bu elm, ənənəyə görə, Cəfəri Sadiqin tə­­ləbəsi olduğu söylənən sufi və əlkimyaçı, Cabir bin Həyyanın “Ki­­tabu’l mizan”ında ortaya qoyulmuşdu3

Cabir ibn Həyyanın ortaya atdığı fikrə görə, dünyada hər şe­yin biçimlənməsi (şəkil alması) 17 sayı ilədir. Yəni, 17 sayı, onun “mi­zan” qurmasının təməlini4 (qaydasını) meydana gətirir və hər şeyin “uy­ğunluq qaydası” (Kanun-i el-itidal) olaraq görünür5. Bu da Ca­bir ibn Həy­ya­nın say elmi qanunun köklərini əski yunan dü­şün­cə­sinə və özəlliklə Pythagoraçılara6 bağlayır7. Yunanca “al­fa­be”də samit adını ver­diyi­miz “konson”ların sayı 17 idi və bu say 9 (səs­siz olanların sa­yı) və 8-dən (yarısəslilərin1 sayı) yaranırdı. Bu say­lar 9+8 bölgülü, 17 hecalı “epik” vəzn “hek­sametr”də də gö­rü­nür. Bu sayların göylə­rin uyum və ahəngi ilə də bağları vardı. Şiə mütə­səvvüflərin 17 sayına çox qədim dövrlərdən bir sayğı duy­duqları görünür. Bu sayğının kökləri, pythago­rasçıların əlif­ba­nın hərflə­rinə söykənən qaydalarına uzanırdı. Bu­nunla birlikdə, 72 sa­yı ilə 17 sayı ara­sında bir bağ olub olmadığı sualı kimi2; bu say­da ol­duğu düşünülən cadu gücünün, fars folk­lorunda islamdan ön­cə olub-olmadığı sualı da cavabsız qalır.

Həqiqətdə, 72 sayına Zərdüşt inanclarında hörmətli bir yer ve­rilirdi. “Yasna”, ya da “Qurban kitabı”nın bölümlərinin sayı 72 idi. Parsların kəməri 72 iplə toxunmuşdu. Persepolis sarayı­nın gi­riş yolu sütunlarının sayı 72 idi3.

17 sayı üzərinə iki əhvalatla diqqət çəkən M.Mokri, əsərin­də bu saya fars folklorunda çox əski bir dönəmdə rastlandığını gös­­tərir. Fəqət nə olursa olsun, bu mövzu bizim hədəf aldığımız çər­­çivəni, türk dini-dastan ənənələrini aşır. Problemlə bağlı bizim araş­­dırma­larımızda, Anadolu türklərinin dini-dastan ədəbiy­yatla­rın­­­da 17 sayı­na yarı sehr gücü yükləndiyi görünür. Bu cəhət şi­əli­yin yayılması ilə və əski yunan köklərilə meydana gəlmiş ol­ma­lı­dır­.



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin