Əbdülvahab YURDSEVƏR
ERGENEKON
(Ergenekon bayramı münasibətilə keçirilən tədbirdə
söylənən nitq)
Əziz arkadaşlar!
Bu gün sizinlə birlikdə burada toplanaraq, Ergenekon bayramını keçiririk. Ergenekon bayramı sadəcə bir əylənmə, dincəlmə və sevinmə günü deyil, eyni zamanda, milli istiqlal və qurtuluş mücadiləsinin simvolu mahiyyətini daşıyan böyük və qutsal bir gündür. Və hər şeydən əsas, türklüyün oyanma, inkişaf və qurtuluşa qovuşma günüdür. Milli qayəyə və ideala çatma günüdür. Bu bayram bir əfsanə və mifoloji mövzusu ola bilər. Fəqət türklüyün ruhuna və duyğularına tərcüman olduğu üçün, bizə görə, dərin bir məna və böyük bir önəm daşıyır.
Əfsanə tarixdən çox daha əvvəlki dövrlərə aiddir. Belə olduğu üçün müxtəlif şəkillərdə rəvayət olunmaqdadır. Çin qaynaqlarına dayanan rəvayətlərdən başqa, türk qaynaqlarına dayanan rəvayətlərdə daha başqa bir özəllik görünməkdədir. Fəqət hamısında söhbətin mövzusu türk qurtuluşu və türk zəfəri olmaqdadır.
Ən məşhur türk rəvayətinə görə, Dağıstani türk birliyinin simvolu olan Oğuz xanın altı oğlu varmış: Ayxan, Günxan, Ulduzxan, Göyxan, Elxan və Dənizxan1. Oğuz xandan sonra türk ulusunun ayrıldığı 24 boy bu altı şahzadəyə mənsub imiş. Atalarından sonra Göyxan, Ayxan, Ulduzxan, Dənizxan və Elxan ulusa başçılıq etmişlər. Elxana qədər türk elində sülh və sakitlik hökm sürürmüş. Elxan zamanında türklər yabançı qüvvətlərin hücumuna uğramışlar. Düşmən on gün arxa-arxaya türklərə hücum etmiş, fəqət müvəffəqiyyət əldə edə bilməmişdir. Nəhayət, hiyləyə baş vuraraq, geri çəkilir kimi görünmüş. Elxan da bu hiylənin fərqinə varmadan, düşməni qovalamağa başlamış. Fəqət düşmən birdən-birə dönərək türklərə hücuma keçmiş və çoxunu qılıncdan keçirmişdir.
Elxanın kiçik oğlu Qıyanxan ilə qardaşı oğlu Nögözxan arvadları ilə birlikdə əsir düşmüşlər. Lakin şahzadə olduqları bilinmədiyi üçün düşmən tərəfindən öldürülməmişlər. On günə qədər əsir qalmışlar. Və bir gecə arvadları ilə birgə qaçmışlar. Yolda rast gəldikləri qaçaqlardan at, dəvə, sığır və qoyun ələ keçirmişlər. Təbii, düşmən işğalında olan yurdlarına dönə bilməzdilər. Başqa bir istiqamətdə yürüyərkən, önlərinə bir dağ çıxmış. Hər tərəf qapalı və keçilməz olduğundan uzun müddət çıxmağa bir yol arayıb qalmışlar. Sonunda gözləri bir dağ qoyunun ayaq izlərinə ilişmiş. Bu izi təqib etmişlər, yol çox təhlükəli olduğundan sürünərək keçmiş və dağın o biri tərəfinə varmışlar. Ora cənnət kimi yamyaşıl, gözəl bir yermiş. İki əmoğlu bu yeni yurdlarına Ergenekon adı vermişlər. Əski türk ləhcəsində “Ergene” kəlməsi dağ çiyni1 deməkmiş. “Kon” da qonaq2 mənasına gəlirmiş. Bu kəlməni “Ergenekun” oxuyanlar da vardır, “dağ uçurumu” deməkdir.
Qıyanxan ilə Nögözxan soyundan dörd əsr yarım ərzində o “Ergenekon” deyilən gözəl yurdda böyük bir türk soyu vücuda gəlmiş. Bolluq və rifah içində yaşayırlarmış. Fəqət babalarından və atalarından müqəddəs bir ənənə halında Ergenekon uşaqlarına keçən öz yurdlarının sevgisi və həsrəti də gündən-günə qəlblərini alovlandırırmış. Nəhayət, üzərindən dörd əsr yarın keçdikdən sonra, bir gün cəsur ergenekonlular öz özlərinə belə demişlər:
– Biz çoxuq, igidik. Burdan çıxarıq, öz yurdumuza gedərik. Bizi dost bilib qarşılayanlara dost olarıq. Düşmənlik göstərənləri əzərik.
Toplanıb hazırlanmışlar və əski yurdlarına dönmək istəmişdirlər. Fəqət qapısız bir qala kimi hər tərəfdən dış dünyaya qapalı olan Ergenekondan çıxacaq bir yol tapa bilməmişlər. Buna bir çarə axtardıqları zaman, Bozqurd adında bir dəmirçi ortaya çıxmış və Ergenekonun bir tərəfində dəmir mədənləri olduğunu və bu mədənləri el birliyi ilə əridərək, qurtuluş yolunun tapıla biləcəyini söyləmişdir. Dərhal qurultay toplanmış və millətə odun, kömür vergisi salınmışdır. Hər kəs bir miqdar odun və kömür gətirərək mədənlərin önünə yığmış, böyük körüklər qurulmuş və böyük bir atəş yaxılmışdır. Böyük qurtuluş savaşının şanlı qəhrəmanı dəmirçi Bozqurdmuş. Mədənlər əridilmiş və öz yurduna gedən ana yol açılmışdır. Millət bütün düşmənlərini və müstəmləkəçilərini yenərək, öz yurduna yerləşmiş və bu şanlı qurtuluş gününü anmaq üzrə hər il 22 martı bayram olaraq böyük şənliklərlə qeyd etmişlər.
Biz də Ergenekon övladları və Bozqurdun öz uşaqlarıyıq. Azərbaycanda bu böyük bayrama verdiyimiz önəm bunun ən bariz bir dəlilidir. 20 may1 1918-ci ildə bir dəfə yabançı basqısını yendik və istiqlalımıza qovuşduq. Bu bizim ilk qurtuluş günümüzdür. Fəqət 20 aprel 1920-ci ildə yurdumuz təkrar qaranlıqlara boğuldu. Əlbəttə, yeni yetişən vətən Bozqurdları sayəsində, nəhayət, qurtuluş günümüz də gələcəkdir. Bu ümid və əməllə hamınızın qutsal Ergenekon bayramı mübarək olsun!..
Xavər ASLAN
AZƏRBAYCAN AŞIQ ƏDƏBİYYATI
Xalqın köksündən, bağrından qopan coşğun selə bənzər aşıq ədəbiyyatımız. Xalq ruhunu yaşadan, və əbədiləşdirən, kədərlərimizi, sevunclərimizi tarixə yazan dəyərli varlığımızdır aşıqlar. Dilimizin zənginlik və saflığını, səs gözəlliyini, söz və deyimlərimizi böyük bir diqqətlə qoruyub bizə əmanət edər onlar.
Oğuzlarda ülvi və müqəddəs sayılmış bu xalq sənətçiləri. “Dədə Qorqud” dastanlarında duyur, görürük bu sevgini: “Dədəm Qorqud gəlibən boy boyladı, söy söylədi, bu boy Dəli Domrulun olsun, məndən sonra alp ozanlar söyləsin, alnı açıq comərd ərənlər dinləsin!”.
Klassik yazılı ədəbiyyatımız fars, ərəb təbir və sözləriylə dolub-daşarkən, aşıqlarımız dil və düşüncəsiylə hər zaman xalqın yanında olmuş, sazıyla onun səsini, sözünü dilə gətirmiş, nəsillərdən-nəsillərə duyurmuşdurlar. Aşıqların bu gün də Orta Asiyada, Azərbaycanda, Kərkükdə və Anadoluda sonsuz sevgi ilə sevilmələrinin, sayğı və ehtiram görmələrinin başlıca səbəbi bu deyilmidir?
Qonşu xalqların ədəbiyyatına da təsir göstərən böyük və zəngin bir aşıq ədəbiyyatına sahibik. Əzəmətli keçmişi, böyük ənənələri olan Azərbaycan aşıq sənəti XVII-XVIII əsrlərdə daha da irəliləyərək ölməz milli dastanlar yaratmış, ədəbiyyat tariximizdə önəmli yer tutan ustad aşıqlar yetişdirmişdir. Bu dövr ölməz aşıqlarımızın istedad və müvəffəqiyyətləri hətta yazılı ədəbiyyatımızın da inkişafında və sadələşməsində böyük ölçüdə təsiri olmuşdur. Professor M.H.Təhmasib “Azərbaycan xalq dastanları” əsərində belə yazır: “XII-XIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq şeiri o qədər geniş yayılmış, elə böyük şəxsiyyətlər yetişdirmişdir ki, hətta əgər belə demək mümkündürsə, yazılı ədəbiyyatın önündə getməyə, ona istiqamət verməyə başlamış, Vaqif ədəbi məktəbinin fomalaşmasında həlledici rol oynamışdır1.
Bu əsrlərdə yaşayıb-yaradan Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq kimi div sənətçilər, bir tərəfdən, xalq ədəbiyyatını zənginləşdirib irəlilətmiş, digər tərəfdən də, bu xalq sənətçilərinin yaradıcılığı yazılı ədəbiyyatımızda da dəyərli sənət əsərlərinin meydana gələməsində mühüm qaynaqlardan biri olmuşdur.
XIX əsr Azərbaycan aşıq şeirimiz ölməz Aşıq Ələsgərin şəxsində öncəki yüksək mövqeyini qoruya bilmişdir. Aşıq şeirinə yeni ruh və daha böyük canlılıq qazandırmışdır bu ölməz ozanımız. Mərhum professor Feyzulla Qasımzadə Aşıq Ələsgər yaradıcılığına toxunaraq belə yazmış: “Böyük yaradıcı qüvvəyə malik olan bu nəhəng xalq aşığı sənətkaranə deyilmiş gözəl şeirləri ilə şifahi xalq aşıq poeziyasını ən yüksək zirvəyə qaldırmışdır”2.
Klassik şeirlə xalq şeiri ənənələrini gözəl şəkildə, bütün incəlikləriylə qiymətləndirən Aşıq Ələsgər dövrünün acılarını, şikayətlərini də dilə gətirmişdir. Bilindiyi kimi, aşıq şeirində lirika, eşq və sevginin tərənnümü, gözəlin vəsfi başlıca şərtdir. XIX yüzil aşıq ədəbiyyatında – Aşıq Ələsgər şeirində də bu başlıca xüsusiyyət qorunmaqla yanaşı, ictimai motivlərə də təsadüf olunmaqdadır.
Biz burada türk oxucularını aşıq ədəbiyyatımızın müxtəlif əsrlərdə yaşamış iki tanınmış sənətçisi ilə tanış edəcək və şeirlərindən örnəklər verəcəyik. İlk öncə XVII əsrin sonları XVIII əsrin əvvəlləri aşıq şeirimizin görkəmli ustad sənətçisi Xəstə Qasımdan söz edəcəyik.
Aşığın həyatı haqqında əlimizdə çox az məlumat vardır. Əsərlərinin çoxu müxtəlif səbəblər üzündən qeyb olmuş, aradan getmiş, nə yazıq ki, şeirlərinin az bir qismi günümüzədək qoruna bilmişdir. Xəstə Qasımın əlimizdə olan bu azacıq əsərləri onun istedadını, həyatına aid bir sıra gerçəkləri mühafizə edə bilmişdir. Aşığın həyatı və əsərləri haqqında Bakıda nəşr olunan S.Paşayevin kiçik giriş sözü ilə tərtib etdiyi “Xəstə Qasım” adlı kitabda məlumat verilmişdir.
Xəstə Qasım Güney Azərbaycanda – Tikmədaşda doğulmuşdur:
Xəstə Qasım Tikmədaşlı,
Könül qəmli, gözü yaşlı1.
Əsərlərindən anlaşılır ki, ustad aşıq rahatsız bir zamanda, savaşın və köçlərin sürüb getdiyi çağlarda yaşamışdır. Aşağıdakı qoşmasında aşıq obaların köçməsi, yaxınların, dostların bir-birindən zorla ayrılaraq qürbət ellərə sürüklənməsi faciəsinə toxunur:
Obalarımız səf-səf olub yüklənir,
Başı ala qarlı dağlar, qal indi.
Biz içmədik abi-kevsər suyundan,
Soyuq sular, tər bulaqlar, qal indi.
Xəstə Qasım, tamam oldu sözlərim,
Eşq ucundan kabab oldu gözlərim.
Qərib eldə, yad ölkədə, gözlərim,
Vətən deyib ağla, ağlar qal indi2.
Aşığımızın başqa bir qoşmasından misal verəcəyimiz aşağıdakı bəndlərində də köç və qürbət acılarını, sənətçinin yaralı könül şikayətlərini dinləyirik:
Ay ağalar, nakam getdim dünyadan,
Yarəb, mənim xanımanım necola?
Gövhər tək sözlərim, bayatılarım,
Ləbi-şirin süxəndanım, necola?
Anam yoxdur gözlərindən yaş tökə,
Həlalım yox, sinəm üstə saç tökə.
Qardaşım yox, qəbrim üstə daş tökə,
Yarəb, mənim ağlayanım necola?
Bu gen dünya üstümüzdə dar ola,
Biz köçərik, yurdumuzda kim qala?
Əhmədimin gül əndamı sarala,
Mənim sərvi-xuramanım necola?1
Burada bunu da qeyd etməliyik ki, köç və qürbət mövzusuna aşıqlarımızın çoxunun yaradıcılığında təsadüf olunmaqdadır. Türkiyə aşıq ədəbiyyatında da yanıqlı qürbət türküləri, ürəkləri dağlayan ayrılıqlardan şikayətlər diqqəti cəlb etməkdədir. Şübhəsiz, aşıq ədəbiyyatımızda yer alan bu mövzunun kökündə ictimai-siyasi məsələlər, xalqımızı köçlərə məcbur edən səbəblər mövcuddur.
Xəstə Qasımın məhəbbət şeirlərində səmimilik, sadəlik, xalq danışıq dillərindən ustalıqla yararlanması başlıca xüsusiyyətdir. Qoşma və gəraylılarında seçdiyi sözlər incə, zərif, qafiyələri gözəl olmaqla yanaşı, mənalıdır. Aşağıdakı oynaq və şux gəraylısını hamımız birlikdə oxuyaq:
Ay həzərat, ay camaat,
Dağa qar düşdü, qar düşdü.
Özüm qaldım qürbət eldə,
Yada yar düşdü, yar düşdü.
Gedin, deyin anasına,
Sığal versin sonasına.
Yar, sinənin arasına,
Bir cüt nar düşdü, nar düşdü.
Xəstə Qasımı qəm basdı,
Yar bizi zülfündən asdı.
Şeyda bülbül güldən küsdü,
Gülə xar düşdü, xar düşdü2.
Xəstə Qasım qoşma, təcnis, gəraylı, qoşma-müstəzadlar, deyişmələr yazmış, öncə də qeyd etdiyimiz kimi, bu əsərlərin az bir hissəsi əlimizə yetişmişdir. Xəstə Qasımın yaradıcılığı fikir baxımından olduğu qədər, dil sadəliyi baxımından da maraq doğurur. Bu əsərlər XVII-XVIII yüzillərdə xalq dili və xalq şeir dili haqqında bizə məlumat və bilgi verməkdədir. Ustad aşıq bütün şeirlərində dil sadəliyinə, qrammatika qaydalarına riayət etmişdir. Əsərlərində anlaşılmaz sözlərə, mürəkkəb təbir və ifadələrə, demək olar ki, təsadüf olunmur. Kökləri çox əskilərə dayanan aşıq ədəbiyyatımızın bu gün də sevilməsi və yaşamasının başlıca səbəbi də bu sağlam xalq dilinə, xalq düşüncəsinə əsaslanmasıdır.
İndi də təbiilik, aydınlıq və sadəlik baxımından aşığın “Yoxdur” gəraylısına göz ataq:
Ay qəsrdə duran gözəl,
Niyə təksən, elin yoxdur?
Niyə pozğundu tellərin,
Əl şanada, telin yoxdur?
Mən gəlirdim dağdan-daşdan,
Sinəm yanır qəm, ataşdan,
Ayrılmısan yaşılbaşdan,
Tək sonasan, gölün yoxdur?
Gəl dərdin Qasıma söylə,
Bağrımın başını teylə.
Qonağa xoşgəldin eylə,
Yoxsa lalsan, dilin yoxdur?1
XIX əsr aşıq ədəbiyyatımızın div nümayəndəsi (şəxs) Aşıq Ələsgərin sənəti haqqında nə qədər yazılsa, yenə azdır. Aşıq Ələsgərin böyüklüyü onun əsərlərinin aydınlığında, sadəliyindədir. Sənətçimizin yaradıcılığının önəmli qismini qoşmalar təşkil edir. Onun qoşmalarındakı dil sadəliyi, fikir aydınlığı, xalq söz və deyimlərindən faydalanması, mənalı cinaslar yaratma istedadı, hecanın2 oynaq vəznlərindən istifadə qabiliyyəti, bir sözlə, yüksək sənəti qarşısında heyrət etməmək əldə deyildir.
Bir əsrdən artıq yaşayan Aşıq Ələsgər Göyçə mahalında doğulmuşdur. Buranın gözəl təbiəti qoynunda böyümüş, aşıq sənətinin sirlərini burada öyrənmişdir. Bir ənənə olaraq keçirilən aşıq məclislərində kiçik Ələsgər hər zaman hazır bulunmuş. Aşıq şeirinə sonsuz sevgi və maraq bəsləmişdir.
Aşıq Ələsgər gözəllik vurğunudur, gözəllik aşiqidir. Qoşmalarında vəsf etdiyi gözəllərin bir çoxu gerçəkdir, realdır. Aşığın sevdiyi, gördüyü, danışdığı və tanış olduğu qız və gəlinlərdir. Aşıq Ələsgərin qoşmalarında, təcnis və gəraylılarında dil aydınlığı və saflığı ilə yanaşı, təşbeh və bənzətmələri də həyatidir:
Sallana-sallana gələn Salatın,
O sərxoş yerişin yola yaraşır.
Salıbsan gərdana qızıl həmayıl,
Qoşa bazubəndlər qola yaraşır.
Könül mayıl olub siyah telinə,
Nazik barmağına, şümşad əlinə.
Nə gözəl qurşanmış incə belinə,
Gümüş kəmər qəddi-dala yaraşır1.
Başqa bir qoşmasından verdiyimiz bu bəndlərdə isə sadəlik, xalqın danışıq dilindən yararlanması, deyim və idiomlardan yerində və ustalıqla faydalanması göz önündədir:
Sallanıb-sallanıb özünü öymə,
Elə süzgün baxıb qəlbimə dəymə.
Yaralı bağrıma, gözəl, daş döymə,
Qoyma sinəm üstə köz, qadan alım!
Aşıq Ələsgərin qədrini bilsən,
Ağladıb, çeşminin yaşını silsən,
Əgər qədəm qoyub, bir bizə gəlsən,
Yerin var göz üstə, gəz, qadan alım.
Cilvələnib nə qarşımda durubsan,
Anam sənı qurban, ay sarıköynək.
Mələksən, çıxıbsan cənnət bağından,
Heç kim olmaz sənə tay, sarıköynək2.
Cinas yaratma sənəti aşıq şeirində önəmli yer tutar. Aşıq şeirimizdə cinas ustası kimi də böyük yeri və mövqeyi vardır Aşıq Ələsgərin. Onun yaratdığı cinaslar təbii, gözəl olduğu qədər də məzmunlu və mənalıdır. Təcnislərində ustad aşıq cinas yaratma sənətini ortaya qoyur. Sənətçinin təcnislərindən bir neçə misal verək:
Xudam səni nə xoş gündə yaradıb,
Meylim axır sənə sarı, görəndə.
Həsrətindən yüz yara var sinəmdə,
İnsaf eylə, birin sarı, görəndə.
Mən qurban eylərəm yara canımı,
Götürüb doğruya, yara canımı.
Alıb təpə-dırnaq yara canımı.
Bilmirəm dərmanı, ay ana, ana.
Qəvvas, dəryalarda bağlar sal indi,
Keçən günü, dost, yadına sal indi.
Şamar zülfün gərdənindən sal indi,
At boynuma, eylə nəsağı belə.
Tərlansan, ovlatma sarı, dur, gedək,
Bu sınıq könlümü sarı, dur, gedək.
Ələsgərəm, bizə sarı dur, gedək,
Bir dərdimi eyləyibsən, Narın, üz.
Birinci bənddəki “sarı” – tərəf, yön, ikinci misradakı “sarı” isə sarımaq anlamındadır. İkinci bəndin ilk misrasında “yara” – sevgiliyə, ikinci və üçüncü misralardakı “yara” – yarmaq mənasındadır1. Üçüncü bənddə, birinci misrada “sal” sözü su mənbələrində və çaylarda istifadə olunan alət, ikinci misrada “yadına sal” – xatırlamaq, üçüncü “Zülfün gərdənindən sal” – isə “saçlarını çiyninə tökmək” mənasına gəlir.
Dördüncü bənddəki ilk “sarı” sözü quşu, iknci “sarı” sarımaq, üçüncü “sarı” isə tərəf, yön bildirir.
Göründüyü kimi, cinasları bu qədər ustalıqla təcnislərinin bənd və misralarında yerli-yerində oturda bilmək, onları şeirin məzmunu ilə sıx şəkildə bağlaya bilmək sənətçidən böyük istedad, əmək tələb etməkdədir.
Aşıq Ələsgər dodaqdəyməz təcnislər, cığalı təcnislər, deyişmə və gəraylıların da canayatan, oynaq və təbii örnəklərini yaratmışdır. Aşığın gəraylıları dil sadəliyi və təbiilik baxımından başqa şeirlərindən daha aydın və axıcıdır. Gəraylılarından bir neçə örnək verək:
Gedin, deyin o gəlinə,
Ölürəm, yanıma gəlsin.
Bəlkə gəlsə, tapam şəfa,
Batmasın qanıma, gəlsin.
Dəryalarda olar balıq,
Mətləbini versin xalıq.
Çit tuman, atlas arxalıq,
Yar gəlsin, yanıma gəlsin.
Ələsgərin sədası var,
Dəryaların adası var.
Mərd igidin qadası var,
Namərdin canına gəlsin!
* * *
Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım, döndü közə.
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu1.
* * *
Nə baxırsan pəncərədən,
Xumar gözün süzən gözəl.
Aşnasından kənar gəzib,
Bağrım başın əzən gözəl.
Dilimizin xüsusiyyətlərini yaxşıca mənimsəyən milli aşıq sənətimizin bu div sənətçisi, dilin ahəng qanununu, səs və sözlərimizin musiqiliyini, xalq şeirimizin zənginliklərini, milli heca vəznimizin oynaq, canayatan olçülərinin dərinliyi, genişliyi və rəngarəngliyi ilə dəyərləndirə bilmişdir. Aşıq Ələsgəri yaşadan, sənətini əbədiləşdirən də əsərlərindəki bu özəlliklərdir.
Xavər ASLAN
SÖZLÜ ƏDƏBİYYATIMIZDA HƏCV
Sözlü ədəbiyyatımız həcv1 sənətinin dolğun və möhtəşəm örnəkləri ilə zəngindir. Ata sözlərimiz, deyimlərimiz, nağıl və fıkralarımızda2 xalq düşüncəsinin, yumorunun böyük yaradıcı gücü ilə qarşı qarşıyayıq.
Hikmət dolu, böyük təcrübə və sınaqların nəticəsi olaraq yaranan ata sözlərimizdə, ifadə və deyimlərimizdə həcv sənəti də yüksəkdir. Acı istehza, öldürücü gülüş, dərin kinayə ata sözlərimiz ilə ifadələrin böyük bir qisminin məzmununda yer almışdır. Xalq acılarını, kədərini, cəmiyyətdəki zorbalığı, haqsızlıqları, gündəlik həyatındakı keçimsizliyi, ailə-məişət münaqişələrini qısa və mənalı şəkildə şifahi ədəbiyyatımızın bu janrına sığdırmışdır. Xəsislik, yaltaqlıq, gerilik və cəhalətin tənqidi, varlı, yoxsul, qonşu, əqrəba münasibətləri, ər-arvad, gəlin-qaynana, ata-oğul münaqişələri satirik ata sözlərimiz, ifadə və deyimlərimizin əsas mövzusudur. Toplumda ətrafında, gündəlik yaşayışında qarşılaşdığı yaramazlıq və mənfilikləri babalarımız uzun-uzadı deyil, bir cümlə, bəzən isə iki kəlmə ilə dəyərləndirərək, ölməz yaradıcı gücünü, istedad və sənətini ortaya qoymuşdur:
Alışdı yağlı dolmaya, əcəb, bir gün olmaya,
Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq.
Allah kərimdi, quyusu dərindi.
Axmağı göndər, arxasınca get.
Adam adamdı, olmasa pulu, eşşək eşşəkdi, olsa da çulu.
Eşşəyə yasin oxumaq.
Başını yağladılar. Başına papaq qoydular.
Bağa qınından çıxdı, qınını bəyənmədi.
Donuzdan yun qırxmaq. Donuzdan bir tük.
İş xəstəsi, söz ustası.
Biri yeyər, biri baxar, onda qiyamət qopar.
Apar onu, sal yoğurda, kəsməsə, malımdı mənim, salasan bərk pənirə, o xam xəyalındı sənin.
At öləndə itin bayramıdı.
Aralığ atı kor Fatı (İşi-gücü olmayan kimsə)
Aşağı kətdə kəbin kəsir.
Yaralı eşşək çox anqırar.
Qazıya yalqız gedən razı gələr.
Molla kitabdan kitaba salar, halal eylər, yeyər.
Gəlinin dini yox, qaynanaın imanı.
Dədə görməyib, elə bilir Şaqqulu da bir dədədir.
Örnək verdiyimiz bu misallarda gülüş bəzən kəskin, çox zaman yumşaqdır, bəzən açıq, bir sıra hallarda isə cox kübarca, örtülü şəkildədir. Bu kübar və örtülü gülüş pərdəsinin arxasında, diqqət edilərsə, daha dərin məna, acımasız tənqid yer almaqdadır.
Milli xüsusiyyətləri aydınlığı ilə canlandıran sözlü ədəbiyyat janrlarında, eləcə nağıllarda da həcv başlıca yer tutur. Keçəllə (Kəloğlan) bağlı nağıllarımız bu baxımdan diqqəti çəkir.
İndi də Azərbaycan “Kəli”1 bir nağılı birgə oxuyaq:
KEÇƏL, MOLLA və ÖGEY ANA
Biri var idi, biri yox idi, bir keçəl var idi. Atası öləndən sonra keçəlin analığı və keçisi, on da toyuğu qalmışdı. Keçəlin analığı toyuqların altından gündə on yumurta götürürdü. Keçidən də bir badya süd sağırdı. Amma keçələ bir zəy də vermirdi ki, gözünə qoysun. Özü də gündə haqq-nahaq onu doyunca döyürdü. Keçəl ögey anasının əlindən lap boğaza yığılmışdı.
Günlərin bir günü ögey ana keçəli səhər lap tezdən durğuzub dedi:
– Bu gün keçinin otu yoxdur, dur, apar otarmağa.
Keçəl axşama kimi ac-susuz qalıb keçini otardı, axşam da gəlib ac-susuz yatdı. Keçəl acından yata bilmirdi. Gecədən bir pas keçmiş qulaq verib gördü analığı yatıb. Ac qılınca çapar. Keçəl yavaş-yavaş durub, nəmiyə getdi. Analığı axşam keçidən bir badya süd sağıb qoymuşdu nəmiyə. Toyuqların yumurtalarını da yığmışdı sandığa.
Keçəl beş yumurta götürüb bişirdi, südü də badyası ilə qabağına çəkdi. Çörək doğrayıb yumurta ilə yedi, qarnını möhkəmcə bərkidib yatdı.
Səhər açılan kimi keçəlin analığı durub getdi nəmiyə ki, südü bişirib qatıq çalsın, baxdı ki, badya bomboşdu, süd-zad yoxdur. O saat bildi ki, südü keçəl içib. Əlinə bir yekə yarmaça alıb, keçəli o ki vardı, döydü. Keçəl bir təhər onun əlindən qurtardı. Ombasını çəkə-çəkə gedib bir ağacın dibində oturdu, başladı ağlamağa. Keçəlin yediyi burnundan gəlmişdi. Axşama kimi orada-burada veylləndi, axşam durub gəldi evə. Keçəlin analığı onu evdən qovdu. Keçəl gecə yarıya kimi gəzib dolandı. Gecə gəldi ki, yıxılıb yatsın, gördü analığı qapını bərk-bərk bağlayıb.
Keçəl bu gündən meşədə odun şələləyib bazara gətirməyə başladı. Şələsini qəpik-quruşa verib, it kökündə dolanırdı. Günlərin bir günü eşitdi ki, analığı axunda ərə gedib.
Keçəl evlərinə gəlib analığına dedi:
– Ata malı üçün gəlmişəm. Ərə getmisən, gərək verəsən.
Analığı istədi keçəli döyüb qova. Gördü yox, ondan əl çəkməyəcək, ata malını istəyir, dedi:
– Günahından keçirəm, gəl, qal evdə. Day səni yaxşı saxlayacağam.
Keçəl dedi:
– Səni yaxşı tanıyıram, mənə gün verməyəcəksən. Ata malı istəyirəm.
Analığı baxıb gördü ki, divana düşsə, keçəl bundan keçini, toyuqları alacaq, dedi:
– Sabah gələrsən, danışarıq.
Keçəl razı olub getdi. Analığı əhvalatı axunda danışıb dedi:
– Kişi, keçiynən toyuqlar əldən gedəcək.
Axund dedi:
– Allah vurmuşdu keçəli. Keçini, toyuqları gizlət. Sabah gələndə deyərsən ki, keçini də, toyuqları da oğurlayıblar.
Keçəlin analığı gördü ki, axund ağlabatan söz deyir. Odu ki, keçini gizlətdi.
Bəli, səhər açıldı, axund məscidə getdi. Arvad evdə tək qaldı. Keçəl gəlib çıxdı. Analığı yalandan ağlaya-ağlaya keçələ dedi:
– Oğlum, gəl içəri.
Analığı keçəli çəkə-çəkə işəri apardı. Qabağına süfrə salıb, üstünə çörək tökdü. Keçəl ac idi, başını aşağı salıb qarnını bərkitdi.
Analığı dedi:
– Rəhmətlik atovun gözü keçinin dalısıycanmış. Gecə keçicığazı oğurlayıblar.
Keçəl bu sözü eşidincə ayağa durub dedi:
– Mən heç şey bilmirəm, keçini ver. Əgər keçini verməsən, evi odlayıb yandıracağam.
Analığı çox dedi, keçəl az eşitdi, axırda keçəl toyuqları bir kisəyə yığıb bayıra çıxdı. Analığı bir döşünə vurdu, bir başına, düşdü keçəlin dalısıycan, keçələ yetişə bilmədi. Keçəl aparıb toyuqları gizlətdi. Tez geri qayıdıb gördü ki, analığı evdə yoxdu. Çox gəzdi, keçini tapa bilmədi, sandıqdan yumurtaları yığışdırıb apardı. Keçəl getməkdə olsun, keçəlin analığı qayıdıb gördü ki, keçəl yumurtaları da aparıb. Analığı oturub ağlayırdı, bu zaman axund gəlib çıxdı, xəbər aldı:
– Arvad, niyə ağlayırsan?
Arvadı dedi:
– Keçəl gəlib toyuqları da, yumurtaları da aparıb.
Axund cinləndi, söyüb arvadı biyabır elədi ki, niyə qoydun keçəl toyuqları, yumurtaları aparsın. Axund bayıra çıxdı, çox gəzdi, aradı, keçəli tapa bilmədi, kor-peşiman geri qayıtdı.
Eşit keçəldən. Keçəl uçuq bir kalafa tapdı, içində yaşamağa başladı. Amma analığı və axundla hesabını çürüdüb qurtarmamışdı. Oydu ki, xəlvətcə analığı olan evin yanına gəldi. Barıdan aşıb düşdü həyətə. Baxıb gördü qapı-bacanı bağlayıb yatırlar. Təndirə bir təpik vurub dağıtdı. Təndirin yanındakı odunları iki dəfəyə daşıyıb komasına apardı. Sonra damın üstünə çıxıb bacadan baxdı, gördü keçi nəmidədi, südündən də analığı qatıq çalıb. Bir ətək torpaq götürüb bacadan tökdü qatığın içinə. Sonra damın üstündən düşdü, çıxıb getdi.
Səhər analığı durub nəmiyə getdi, gördü qatığın içinə torpaq tökülüp. Həyətə çıxıb gördü təndir uçurdulub, yanında bir odun da yoxdu. Tez axundun yanına gəlib əhvalatı ona danışdı:
– Yəqin, bu işləri edən keçəldi. Odunu aparıb, təndiri dağıdıb, iki güvəc qatığı zay eyləyib, içinə torpaq töküb.
Axund gördü ki, keçəl keçəlliyində qalsa, gəlib yorğan-döşəklə birlikdə onları da oğurlayacaq. O, arvadına dedi:
– Arvad, gərək bu keçəlin nitqin kəsəm. Bəlkə, canımız rahat ola.
İndi eşit keçəldən. Keçəl odunları aparıb yığmışdı komasının həyətinə. Baxıb gördü çörək pulu yoxdu. Odunları bazara çəkdi, satıb çörək aldı, gətirib yeməyə başladı. Keçəlin kefi kök, damağı çağ idi. O, bir ala-qara tula da saxlayırdı. Bu tulanı keçəl elə öyrətmişdi ki, heç kəsi kalafaya buraxmırdı. Keçəl də tulanı çox istəyirdi, həmişə yanında saxlayırdı.
Bir gün axund gecə yarısını keçirib, keçəlin evinin yanına gəldi, dırmaşdı divarın başına. İstədi düşə içəriyə. Divardan sallananda keçəlin tulası onu gördü. Yüyürüb yapışdı axundun çuxasının ətəyindən, başladı dartmağa. Axund gördü ki, iş şuluqdur. Dartınıb ənvayi-müsibətlə tulanın ağzından qurtardı, başı yalovlu evə gəldi. Baxıb gördü tula onun çuxasının ətəyini qoparıb. Utandığından arvadına bir söz demədi, soyunub yatdı...
Dostları ilə paylaş: |