MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)


Səlim RƏFİQ AZƏRİ XALQ ƏDƏBİYYATINDA



Yüklə 2,33 Mb.
səhifə9/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Səlim RƏFİQ
AZƏRİ XALQ ƏDƏBİYYATINDA

DƏLİ ALI” DASTANI


Klassik azəri ədəbiyyatının təşəkkül və inkişafında qüv­vətli tə­siri olan xalq ədəbiyyatının yayılma sahəsi siyasi və ya­xud coğ­ra­fi hüdudların çərçivəsi daxilinə aid deyildir. Əksinə, azəri ləh­cə­si­nin hökmran olduğu sahə qədər genişdir. Müxtəlif növlərə ay­rı­lan bu ədəbiyyatın ən əhəmiyyətli parçalarından biri də das­tan­lar­dır. Azəri dastanları arasında “Koroğlu” kimi başqa sahələrdə tə­şək­kül edərək sonradan gələnləri olduğu kimi1, “Qa­çaq Nəbi” ki­mi sırf məhəlli şəraitdən doğanları da vardır. Bun­lardan biri də haq­qında bəhs edəcəyimiz “Dəli Alı” dasta­nıdır. Dəli Alı xatirə­lə­ri­lə xalq zehnində bu gün belə yaşayan bir qəh­rə­mandır. Haq­qında bi­ri digərindən az-çox fərqli bir sıra rəva­yətlər vardır. Nağı bəyin ağ­zından təsbit etdiyim rəvayətə görə:

Dəli Alı Gəncənin Qarasuçlu2 kəndlilərindən hündür boy­lu, en­likürək, kəskin baxışlı bir gənc imiş.

1898-ci ildə 22 yaşında dağlara çəkilmək məcburiyyətində qal­­mış, fəqət hər zaman dağlarda yaşamamış, ətrafına seçib top­la­dı­ğı on bir igidlə bərabər kəndləri dolaşaraq, günlərini toylar­da, zi­yafətlərdə keçirmişdir. Alı rus-yapon müharibəsinə çox ma­raqlı ol­duğundan gündəlik qəzetləri təqib və tərcümə etdirir­miş. Bir gün dostlarından birisi qəzetin hansı qismindən xoşlan­dığını so­ruş­muş, o da cavabında: “Yapon hərbində öldürülən rus za­bit­lə­ri­nin siyahı­sından”, – demişdir. Rus çar hökuməti tərə­findən şid­dət­lə təqib edilən və bir xalq qəhrəmanı mahiyyətini alan Alı 1905-ci ildə baş verən erməni-müsəlman (türk) hadi­səsində bö­yük müvəffəqiyyət qazanmış və ətrafına topladığı üç min kəndli ilə bərabər, Bayan, Çardaxlı3 kimi erməni kəndlərini işğal et­miş­dir. Fəqət uşaqlara, qadınlara, ixtiyarlara və müqavi­mət gös­tər­mə­yən­lərə əsla toxun­mamışdır... Erməni müsəl­man hadisəsi ba­rı­şıq­la nəticələndikdən sonra çar hökumətinin vermiş olduğu gizli əmr əsasında rus əsgər və jandarması Alını müha­sirə etmişsə də, heç bir nəticə əldə edə bilməmişdir.

Alı 1907-ci ildə Kərbəladan döndükdən sonra bir daha xü­su­­si olaraq Şimali Qafqazdan göndərilən xristian osetin alayı tərə­fin­dən mühasirə edilmiş, iki düşmən arasında cərəyan edən şid­dət­li vuruşma bu dəfə də Alının müvəffəqiyyətilə nəti­cələn­mişdir. Alı­nın Zeynəb adlı bir bacısı vardı, bir gün yaylaqda Alının iştirakı ilə oğluna toy edirmiş. Hökumət fürsətdən istifadə etmək istəmiş, fə­qət vəziyyətdən xəbərdar olan qaçaq bu dəfə heç bir hadisəyə mey­dan vermədən çəkilmək məcbu­riyyə­tində qalmış və hərbdən qaç­mağını belə izah etmiş: “Məni yaxalamaq istə­yənlərə söyləyin ki, bir neçə dəfə mühasirə edildiyimi öncədən bildiyim halda sa­vaş­dan qaçmadım. Özümü düşmənə tanıtmaq üçün çar­pışdım. Fə­qət bu dəfə bunu etməyəcəyəm, çünki ortada toy məclisi vardır!” Alı­nı qəti olaraq yaxalamaq istəyən rus hökuməti zabit şahzadə Kn­yaz Qalitsını Petroqraddan Gəncəyə göndərmiş və bu da Zur­na­vat kəndində Alı ilə bir görüş təyin etmişdir. Alı knyazla qar­şı­la­şınca dərhal ona güləş təklif etmiş. Alı da cavab olaraq: “Mən tü­fənglə güləşərəm”, – demiş. Qalitsın Alıya heyran olmuş və mər­kəzə dönər-gönməz onu əfv etdirərək, vəziyyəti teleqrafla vi­la­yətə bildirmişdir. Xalq qəhrəmanını sevinclə qarşılamış, Alı da si­lah daşımaq səlahiyyətini saxlanmaq şərtini bildirməklə qəbul et­miş­dir. Silah daşımaq qəti şəkildə yasaq olmasına rəğmən, ona si­lah­la dolaşmaq üçün icazə verilmişdir. Bununla yanaşı, 50-60-dan çox rus məmurunu öldürən Alı çar hökumətinin 300 illiyi mü­na­si­bə­tilə keçirilən mərasimdə iştirak etmək üçün qonaq dəvət edilmiş və Petroqradda Qalitsın tərəfindən çara təqdim edilmişdir.

Bir gün Knyaz Janderi heç cür yaxalamağa müvəffəq ol­ma­dı­ğı Qaçaq Nağını öldürməyi Alıya təklif etmiş. Alı bu təklifə gö­rə valiliyə gedərək türk qaçağını yaxalamağın onun üçün na­mus­suz­luq olduğunu açıqca söyləmişsə də, fəqət çox keçmədən Jan­de­rinin qurduğu bir hiylənin qurbanı olmuş və aldadılmış olan bir meh­təri tərəfindən öldürülmüşdür. Gəncə xalqı böyük bir hüzn için­də əvəzsiz bir mərasimlə onu torpağa tapşırmışdır. İstər bir rə­vayətdən və istərsə də toplamış olduğum digər mə­lumatlardan çı­xarılacaq nəticəni belə xülasə edək:

Dəli Alı on doqquzuncu əsrin son yarısı ilə iyirminci əsrin ilk rübündə yaşamış bir qəhrəmandır. Ətrafına seçib toplamış ol­du­ğu igidlərlə bərabər rus çarizmi ilə illərlə çarpışmış və mü­ba­ri­zə­si mütəmadi olaraq onun qalibiyyətilə nəticələnmişdir. Rus hö­ku­məti mühitinin qəhrəmanının öhdəsindən gələ bilmə­yəcəyini an­la­yaraq, Alını əfv etmək məcburiyyətində qalmış və hətta onu rus xa­nə­da­nının 300 illiyi münasibətilə keçirilən böyük mərasimə iş­ti­rak üçün Azərbaycandan qonaq dəvət et­mişdir.

Xalq arasında xatirələriylə yaşayan Alı haqqında yaranan rə­va­yətlərdə tarixilik hakimdir. Əlbəttə, az olmaqla bərabər fantas­tik cəhətlərə də təsadüf edilir. Bu da, yəqin, hadisənin çox qədim ol­ma­masından irəli gəlmişdir. Rəvayətin əsasını türk-rus müha­ri­bə­si təşkil edir. Əcəba, xalqın zehnində qüvvətli bir iz buraxan Alı­nın xalq ədəbiyyatında bir mövqeyi varmı? Yəni xalqın həyat və həyəcanı ilə yaxından bağlı olan saz şairləri onun haqqında das­tan yazmışmı? Bu sualın cavabını Hümmət Əlizadənin top­la­mış və Azərbaycanı Öyrən­mə Cəmiyyətinin 1929-cu ildə Bakıda nəşr etmiş olduğu “Nağıllar”, yəni “Xalq hekayələri” adlı ki­ta­bı­nın ikinci cildində tapırıq. Mü­vəffəqiyyət və toyla bitən bir çox xalq hekayələrinin sonunda “Doak”, yaxud “duvaq­qapma”lar var­dır. “Şahzadə” adlı hekayənin sonunda “Duvaq­qapma” deyə qeyd edi­lən uzun bir mənzum parça Dəli Alı haqqında təşəkkül etmiş bir dastandan başqa bir şey deyildir.

Alının dastanı bundan ibarətdir1:

Dəli Alı bir set açıb, Şah Abbas dövranı kimi,

Yanında yoldaşları var, Azərbaycan xanı kimi.

Zeynalabdin bəy bəzənib , Misirin sultanı kimi,

Hər yana kağız dağılıb, Süleyman fərmanı kimi.


Neçə çinovniklər gəlib, çox ağır keçti yığnağı,

Bir yanda Qavrı-qanıq, bir yanda Qoşqarın dağı.

Aləmi çıraxban gördüm, xudadandır çır-çırağı,

Şəmkirdən dügi gəlir, Sarıyaldan gəlir yağı.

Hər yana qafilə işləyir, xudgar2 bəzirganı kimi,
İgitliginin səbəbinə, ona deyillər Dəli Alı.

Şücaatda qəhrəmandı, Loğmana bənzər kəmalı,

Barilahim, özün saxla, pozulmasın bu cəlalı.

On bir serker qoyunun gördüm, yeddi serker qaramalın

Mehtərdə qırx atın gördüm,Cəlalın türkmanı kmi.
Günün günorta vaxtında, gəldi Alının dəstəsi,

Hər biri bir iyitdi, bir qoşunun sərkərdəsi.

Gördüm asmana dayandı, “öldürrəm-öldürrəm” səsi

Yaponyadan tüfəng gəlib, yeddi verst vurur gülləsi.

Zərbəsindən dağlar titrər, bərki dərəfşanı kimi.
Alı məclisə gələndə, təəccüp qaldı işlərinə,

Anası onu tək doğub, qurbandı sirrim sirrinə.

Savaş beşlik qızıl, işliyirdi qəpik üzərinə,

Neçə sandıxlar açılıp, zərrabın3 dükanı kimi.


Hadı bəy məclisə gələndə, nəf-ziyanın görmədim,

Beş yüz erkək qırıldı, toğlunun sayın görmədim.

Nisyə qalan xələtlərin, doğru, yalanın görmədim.

Nağdırdan mətləp verir, o kişi qərəmkar kimi.

O ki Kərbəlayi Məhəmməddi, bir nər oğlu nər kimiydi,

Qızılhacılı Allahverdi Malik Əjdər kimiydi.

Sağ olsun Əsmayi qardaşı, nərə Heydər kimiydi.

Xaçbulaqda meydan açıp, Koroğlu meydanı kimi.


Orucu çox bəyənmişəm, məhəbbətim var Qəfərə,

O səltənət o kişiyə, həlal olsun İsgəndərə.

Buraxıp dünya malını, tabi olup peyğəmbərə,

Avaznan namaz qılır, Kareyu-Quran kimi.


Aslan da şimşək kimi girəndə meydan içinə,

Səyriyir badronları1 batır al qan içinə,

Zərrəcə qorxusu olmaz, düşsə yüz düşman içinə

İsgəndər tək səs salıpdı, yeddi Dağıstan içinə,

Tip dağıdır, ordu pozur, qüdrətin aslanı kimi.
Biçarə fağır Əliəsgər, gəldin yetdin hər nə isə,

Haq səni zərraf yaradıp, qıymət qoy yaxşınan pisə.

Tatoğlu iki qardaşa, olar girəndə məclisə,

Hamıdan çox pul verib, qızılnan doldu kisə,

Aşıxlar güzəran tapıp, bəylər güzəranı kimi.

Dastan heca vəzninin səkkizlik şəkliylə yazılmışdır. Bəzi tex­niki qüsurlarına rəğmən, şəklən müvəffəqiyyətli olan bu das­tan, şübhəsiz ki, bir həyəcan məhsuludur. Dastan sırf Alının şəx­siy­­yətinə aid deyildir, ətrafındakılara da əhəmiyyətlərinə görə bir-bir mövqe ayrılır. Bunların içərisində, xüsusən Alının qardaşı As­lan nəzər-diqqəti hər kəsdən çox cəlb etməkdədir. Dastandakı coğ­rafi isimlər, təbii olaraq, Gəncə vilayətinə aiddir. Bu da Alının do­laş­dığı sahələri göstərməsi etibarı ilə əhəmiyyətlidir. Dastanda ke­çən “Həkim Loğman”, “Şah Abbas”, “Süleyman fərmanı” xalq ədə­biy­yatında, xüsusən əvvəlki ikisinə, xalq hekayələrində2 də çox təsa­düf edilir.

“Azərbaycan” sözü də kəlmənin xalq arasında ya­yıl­ma­sın­dan sonra yerləşdiyi fikrini verməkdədir. Səkkizinci parçanın son mis­­rası Koroğlu təsiri və xatirəsinin bu gün belə yaşadığını sübut et­məkdədir. Üçüncü parçadakı: “Bariallahım özün saxla, pozul­ma­sın bu cəlalı”, – beyti dastanın Alı həyatda ikən yazıl­dığına və do­layısı ilə sağlığındakı təsirinə bir dəlildir. Xalq rə­vayətləri das­tan­dan süjet etibarı ilə daha zəngindir. Dastanın qu­ruluşunda bu rə­vayətlərin təsiri olduğuna qüvvətli bir ehti­mal var­dır. Əcəba, Alı haqqında mövcud olan dastan yalnız bundan­mı ibarətdir? Bu su­ala indilik qəti cavab vermək imkanı yox.

Bununla birlikdə, klassik bir şairin Alı üçün mədhiyyə yaz­dı­­ğını eşitdim. Bu dastan əldə edildiyi zaman qəhrəmanın hətta klas­sik ədəbiyyatda özü üçün bir mövqe qazandığı isbat edilə bi­lər.

On birinci parçadan anlaşıldığına görə, dastanın şairi Ələs­gər ismində bir aşıqdır. Ələsgərin kimliyini təyin etmək əlimiz­dəki və­siqələrə görə imkansızdır. Yalnız “Na­ğıl­lar”ın ikinci cil­dinin so­nun­da Alının müasiri olan və əlli, altmış yaşında ikən 1921-ci ildə ölən göyçaylı bir saz şairindən bəhs edilir ki, bu bizim dastanın mü­əllifi Ələsgərmidir, başqasımıdır? Bu xüsusda doğru və sağlam bir fikir söyləyə bilmək üçün məsələni qətiy­yət­lə həll edə biləcək və­siqələri əldə edincəyə qədər açıq buraxıram.

Səlim RƏFİQ
NİGARISTANLI AŞIQ SADIĞIN BİR ŞEİRİ
Paris Milli Kitabxanası əlyazmaları arasında (S.P.994) nöm­­­rəsi ilə qorunan bir “Koroğlunamə” vardır. İngilis və rus dilinə tər­cümə və Pertev Naili bəy tərəfindən “Koroğlu” dasta­nın­da Pa­ris rəvayəti” deyə bəhs və xülasə edilən1 bu dastanın əslindən kö­çü­­rülmüş surəti İstanbul Universiteti Türkiyyət İns­titutunda sax­lan­­maqdadır. Müəllifi Sadıq bəy adlı bir şəxs olan bu xalq ro­ma­nı­nın sonuna bir şeir əlavə edilmişdir. Nigarıstanlı Sadıq tərəfindən ya­zıldığı anlaşılan və tamamilə “Koroğlu”nun mən­zum parça­la­rın­da olduğu kimi misraların altında yenə mən­zum olaraq əc­nəbicə tər­cümələri verilən bu şeir eynən bundan iba­rətdir:

Könül qulluq etdi evtadə2 kamil,

Kəmalə yetmədi, işi xam qaldı.

Danəndələr köştü, getti dünyadan,

Bədəlində bir axlı yox, kəm qaldı.
Əmanət kimsəyə vermə yaman dil,

Bivəfadır bu dünyanı yəqin, bil,

Nuh ömür eylədi min doqquz il3,

Sanasan bir səhər, bir axşam qaldı.


Hökm edən oturub vurdum deyənlər,

As, kəs, buyurup, vurdum deyənlər,

Malım, ev-eşiyim, yurdum deyənlər,

Elə köşdü getti, quru dam qaldı.


Nigarıstanlı Sadıq, ay nə belə,

Şəcirdən boy çəkmiş, ay nə belə.

İsgəndər yürüdü, ay nə belə,

Nə Cəmşit qaldı, nə də cəm qaldı1.

Aşıq hərzə sözü kəlam eyləməz,

Xəsis həm kimsəyə ənam eyləməz.

Heç kəs dünya işin tamam eyləməz,

Çoxları həmd etdi, natamam qaldı2.

Şeir heca vəznilə və on bir hecalı qoşma şəklində yazıl­mış­dır. Açıq və sadə olan lisanında azəri ləhcəsinin xüsusiyyətləri ba­riz­dir. Mövzu etibarı ilə didaktik, yəni tərbiyəvidir. Hər şeyin fani ol­duğu qənaətini daşıyan mis­ralar arasından bədbin bir ruh se­zil­mək­dədir.

Əhməd Qutsi bəy Paris Milli Kitabxanasının kata­loqundan nəq­lən verdiyi məlumata əsasən3 1750-də yazıldığı anlaşılan “Ko­roğ­­lunamə”nin sonunda verilən bu şeirin son­radan əlavə edil­mə­di­yi təqdirdə on səkkizinci əsrin birinci yarısında yazıldı­ğını qəbul edə bilərik. Yuxarıdakı parçadan müqtədir bir şair olduğu təxmin edi­lən Nigarıstanlı Aşıq Sadığa dair məlumatı­mızın azlığı ciddi şəkil­­də təəssüf doğurur.



Hüseyn BAYKARA
AZƏRBAYCAN TARIXINDƏ “QAÇAQÇILIQ” HƏRƏKATI

(“Azərbaycan istiqlal mücadiləsi tarixi” kitabından)
İstilaya uğrayan və çeynənən, əsarətə düşən, zülm və iş­gən­cə çəkən, öldürülən və sürgün edilən xalqla, çeynəyən, öldü­rən və sür­gün edən zalım rus imperialist rejimi arasında tarix bo­yun­ca sa­vaş davam edərək gəlmişdir və davam edib gedəcək­dir.

Çeynənən, öldürülən xalqla zalım imperialist idarə arasın­da sa­vaş müxtəlif şəkillərdə olmuşdur. Bəzi məhkum xalq im­peri­alist ida­rəyə vergi verməmək, imperialist idarəsinin istehsalı olan mal­la­rı satın almamaq, iməciliklərdən boyun qaçırmaq kimi passiv mü­barizə şəklində davranışlarda olur və beləliklə, zalım hakim ida­rəçiliyini qəbul etmir. Bəzən imtina hərəkatı felən im­perialist ida­rənin məmurlarını öldürmək, idarələrini yandırmaq kimi baş­qal­dırma – üsyan etmə yolu olurdu. Biz “Azərbaycanda Kənd hə­rə­katı” bölümündə bu hadisələrə örnəklər verdik. Azər­baycanda rus işğalçılara qarşı başqaldırma hərəkatı rus çarizm idarəsi Azər­bay­canı işğal edər-etməz başlamışdır. Bunun örnə­yini biz “Azər­bay­canda yeniləşmə hərəkatı” adlı kitabımızda şair Zakir bö­lü­mün­də vermişik. Bu xalq və kəndli başqal­dır­maları və üsyanları özəl­liklə 1840-cı ildə çarizm tərəfindən “Krepostnoy – köləlik rej­imi” Azərbaycana tətbiq edilərək, “bəylər” torpaqların mül­kiy­yə­tinə sahib edildikdən sonra və torpaq üzərində çalışan kəndlilər “bəy­lərin” torpağa bağlı köləsi halına qoyulduqdan sonra ardı-ara­sı kəsilmədən davam etmişdir.

Azərbaycanda “Qaçaqlar” hərəkatı rus çarizm rejiminə qarşı da­vamlı başqaldırma və əldə silah olaraq zülmə qarşı mübarizənin bir örnəyini təşkil etmişdir. Azərbaycan xalqı bu məşhur igidlik və qəh­rəmanlıq dastanlarını yaradan qaçaqları sevmiş, öymüş və qo­ru­muşdur. Çünki bu qaçaqlar bütün Azərbaycan xalq kütlə­lərinin za­lım rus idarəsinə qarşı ürəkdən duyduqları kini, imtinanı ifadə et­mişlər. Qaçaqlar bəzən dağlarda, bəzən kəndlərdə, bəzən şə­hər­lər­də, rus kazakları ilə burun buru­na, boğaz boğaza deyiləcək qə­dər ya­xın­dan savaşmış və çətin savaşlardan sıyrılıb qurtarmağı ba­car­mışlar.

XIX yüzilin son rübündə Gəncə bölgəsində bu qaçaqlardan məş­hur olanları Dəli Alı və Qəmbər, Qarabağda Süleyman və Mur­tu­za, Şuşada Məhəmməd bəy Kavaler, Zaqatalada Yusif, Zən­gə­zurda Nəbi, Nuxada Qutqaşınlı Kərim Əfəndi oğlu və baş­qa­ları idilər.

Biz burada zəngəzurlu Qaçaq Nəbi, gəncəli Dəli Alı, şuşalı Məhəmməd bəy Kavalerdən söhbət açacağıq. Bunlar Azərbay­canda çarlıq zamanında ruslara qarşı yürüdülən qaçaqlar hərəka­tının, za­ma­nımızdakı anlamı ilə “Gerilla”1 savaşı apa­ranların örnəklərini, əsarət altına düşən azəri xalqının imkan­larına daya­naraq vermişlər.

Qaçaqlar hərəkatı XIX yüzilin son rübündə çar idarə sis­te­mini qorxuya düşürəcək dərəcədə artmışdır. 1882, 1885 və 1890-cı ildən sonra ardı ardına davam etmişdir. Bu qaçaqlar hərə­katı sə­bəbindən o tarixlərdə Qubaya gələn Qafqaz əsgəri qüv­vətləri ko­mandiri və mülki idarə müfəttişi, general Dondu­kov-Korsakov2 qa­çaqlarla mü­barizədə yerli idarə rəhbərlərinə geniş səlahiyyət verməklə bə­rabər əsgəri birliklərin də onlara yardım göstərməsini əmr etmişdi.

Peterburqda yayımlanan “Narodnaya volya” qəzeti 1885-ci il­də dövlət məmurlarını, mülk sahibi bəyləri qorxuya salan qaçaq­lar­dan söz ediyi kimi, Qafqazda “Qaçaq Kərimin3 mə­murları və bəyləri pərişan eylədiyindən ...” uzun-uzun yazmışdır. 1888-ci ildə Quba həbsxanasındakı dustaqlar bir qaçağı qaçırmaq üçün üs­yan etmişlər və həbsxana qapılarını qıraraq, çölə çıxmış və gö­zətçi strajniklərlə (jandarma) savaşa girmişlər və arala­rındakı qa­ça­ğı qaçırmağı bacarmışdırlar. Bu savaş sonunda rus əsgəri və po­lis­lərindən ikisi ölmüş və üçü də ağır yaralanmışdır.

Xülasə, imperialist işğalçı rus çarizm idarəçiliyinin heç bir təd­biri Azərbaycandakı qaçaqlar hərəkatınını qarşısını ala bil­mə­miş­dir1.

Azərbaycan qaçaqlarından XIX yüzilin son rübünü dol­du­ran üç qaçağı əldə etdiyimiz bilgilərə dayanaraq və duyduq­la­rı­mı­zı da əlavə edərək anladacağıq. Zəngəzur və Naxçıvanda igidliklə Ge­rilla savaşı verən Qaçaq Nəbi Gəncə vilayəti Zəngə­zur ilçəsi Aşa­ğı Mollu kəndində (indi Qubadlı) doğulmuşdur. Nəbinin yox­sul atası yeddi nəfərlik ailəsini çətinliklə keçin­dirirdi. Nəbi 16 ya­şı­na çatanda bir dəfə bəy onun atasını döymüş. Bunun nəticə­sində Nə­bi bəyin üzərinə atılaraq bəyi döymüşdü. Bəyin şikayəti üzə­rinə Nəbi tutularaq sürgünə məhkum edildi. Bir fürsət taparaq, həbs­xanadan qaçan Nəbi, başına bir kəndli dəstəsi toplayaraq, rus çar­lıq reji­miunə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı savaş açır. Nəbinin arvadı Həcər ilə baldızı Mehri də Nəbinin ruslara qarşı çıxışlarında ona yardımçı olmuşdurlar.

Nəbi həbsxanadan qaçdıqdan sonra çar idarəsinin və çarlıq re­jiminin Azərbaycandakı əlaltıları olan və çarlıq tərəfindən geniş tor­paq verilərək, mülkiyyət sahibi edilən “xan” və “bəy”­lərin zül­mün­dən cana gələn (təngə gələn) kəndlilərdən əli silah tutan bir qis­mi Nəbinin ətrafında toplandılar. Nəbinin düşmən­çiliyi çarizm re­jiminə, xan və bəylərə qarşı idi. Nəbi bu müba­rizədə fağır kənd­lini və onların haqlarını qoruyurdu. Nəbi­nin bölgəsi Zəngəzur və Nax­çıvan vilayətləri idi. Azərbaycanın baş­qa vila­yətlərində Nəbi­nin çağdaşları da başqa qaçaq dəstələri ilə hərəkatlarını sürdü­rür­dü­lər. İmperialist müstəmləkəçi və öldürü­cü rus çarlıq rejiminə qar­şı çıxan bu qaçaqlara lazım gələndə xalq həm yardım edir, həm də onları qəhrəman kimi öyürdü. Bu qaçaqları bəsləmək və giz­lət­­məkdə xalq heç bir yardımını əsir­gəmirdi. Nəbi rus kazak bir­lik­ləri ilə zaman-zaman savaşır və çətinə düşəndə İrana və Tür­ki­yə­yə sı­ğınırdı. Çar idarəsi bu qa­çaqlıq hərəkatını yatırtmaq üçün in­sanlıq­dan kənar zülmün heç bir şəklindən çəkinmirdi.

1894-cü ilin iyul ayının 20-də Nəbinin qardaşı Mehdi Gür­cü­van kəndində çarın casusları tərəfindən pusquya düşürü­lərək öl­dürüldü. Bu olaydan üç gün sonra Nəbi Gürcüvan kən­dinə gə­lə­rək, o kəndin ağalarından çarlığa xidmət edənləri öl­dürdü və rus ka­zak birlikləri ilə savaşa tutuşaraq, Arazın o biri tərəfinə – İrana keç­di. Arvadı Həcəri Çiçəkli kəndində buraxdı. Rus idarə­sinin ca­sus­ları Həcərin Çiçəkli kəndində olduğunu xəbərlədilər və Həcər ba­cısı Mehri ilə birlikdə yaxalanaraq həbsə atıldı. Gorus bölgəsi qa­lasına qapadıldı.

1895-ci il oktyabr ayının 28-də Nəbi Gorus qəsəbəsini öz dəs­­təsilə mühasirəyə aldı və rus rəisdən (qaymaqam) Həcəri və bal­dızını istədi. Rus rəis Nəbinin istəyini yerinə yetirdi.

Həcərin ağzından söylənmişdir:

Qazamat istidi, yata bilmirəm,

Ayaqda qandalaq qaça bilmirəm.

Açar urusdadır, aça bilmirəm,

Mənim bu günümdə gələsən, Nəbi,

Qazamat dalını dələsən, Nəbi.

Məhz beləliklə Nəbi xalq qəhrəmanı oldu və xalq aşıqları Nə­bi haqqında dastanlar yaratdılar. Aşağıda bu dastanın bir neçə par­çasını örnək olaraq veririk:

Qazamat dalında gizləndim, yatdım,

Qoburnat gələndə sıçradım, qalxdım,

Aynalı tüfəngi doldurdum, atdım,

Qoy mənə desinlər, ay qaçaq Nəbi,

Arvadı özündən ay qoçaq Nəbi.


Nəbinin atlısı əllidi, beşdi,

Qırx gözəl içində Həcəri seçdi.

Güllələr urusun böyrünü deşdi,

Qoy mənə desinlər, ay Qaçaq Nəbi,

Arvadı özündən ay qoçaq Nəbi

Nəbini rus kazakları bir mövqeyə mühasirə edirlər, Nəbi kük­rəyərək yoldaşlarınına ruh yüksəkliyi gətirir, cəsa­rətləndirir, sa­vaş şiddətlənir və Nəbi ilə dəstəsi mühasirəni yararaq qur­tu­lur­lar. Nəbi mindiyi məşhur Bozatına belə söyləyir:

Bozat səni baş tövlədə bağlaram,

Əgər məni bu vartadan1 qurtarsan,

Ayağını altın, gümüş nallaram

Qoy mənə desinlər, ay Qaçaq Nəbi,

Arvadı özündən ay qoçaq Nəbi

Bu uzun dastanın mövzu baxımdan əsasını rus impe­rializ­mi­nə qarşı mücadilə təşkil edir və bir çox dəfə dastanda “Nəbi urus­la­rı burda qoymadı” misrası təkrarlanır.

1896-cı ilin mart ayında Nəbi arkadaşları ilə Kərbəladan dö­nər­kən, Türkiyə ilə İran sərhədi arasında yerləşən Larni kən­dində ön­cədən rus-çar casusları tərəfindən tərtiblənmiş olan pus­quya qur­­ban gedir və öldürülür. Nəbinin ölməsiylə qəhrəman ölmüş ol­mur və indi də azəri xalqı arasında və qəlbində, xatirə­lərdə ya­şa­yır. Rus çar idarəsinin qaçaqların ailələrinə qarşı apar­dığı ağır mü­na­sibət insanlıq və ədalət prinsiplərinə heç bir za­man uymamışdır. Şa­ir Zakirin arvadının Şuşanın rus komandanı Tarxanov tə­rə­fin­dən zorla əlindən alınaraq, bir rus “mujik”i ilə evləndirildiyi və za­val­lı azəri türk qadınının beləliklə öz toplu­mundan qoparılaraq qeyb olduğu və şair Zakirin beləliklə rəzil edilmək istənildiyi Azər­­baycan tarixində bilinən və unudul­mayan olaylardandır. Bəzi qa­­çaq­ların arvadlarının zorla rus “soldat”­ları­nın (əsgər) tə­cavüz­lə­rinə tərk edildiyi də yaddan çıxma­mışdır.

Gerilla savaşı tarixini yazanlar XIX yüzildə bu savaşın ya­ra­dı­cıları olaraq Qafqaz müsəlmanlarını göstərirlər. İmam Şamil Ge­rilla ustadlarından biridir. Müəyyən bir kənd, qəsəbədə rus əs­gər­lərilə sa­va­şa girən qaçaqlar bir müddət savaşdıqdan sonra yenə o bölgədə xalq arasına qarışaraq qaynaşıb ortadan qeyb olurdular. Bu üsul ge­ril­la savaşı zamanında gerillaçılığın ən yaxşı taktikası ol­maqdadır. Azər­baycan gerilla (qaçaqlar) tari­xində çox maraqlı bir olaya rast gəlirik ki, o üsul zamanı­mız­da çox mənim­sənilmiş bir üsuldur. 1870-ci ilin sonlarında Qazax rayonu Quşçu kəndi əh­alisi ağalardan İsgəndərbə­yovların zülmü­nə qarşı baş qal­dır­dı­lar. Bəylərə yardıma gələn rus kazakları üsyanı qanlı bir şəkildə ya­tırtdılar. Kəndlilər Tiflisdə oturan çar naibinə şikayət etmək üçün aralarından bir heyət seçərək göndər­mək istədilər. Rus mə­mur­lar və ağalar bunların Tiflisə getmələ­rinə əngəl oldular. Bun­la­rın arasında Mürsəlqulu adlı bir kəndli gecə ikən qaçaraq, Tif­li­sə və oradan da çar naibinin oturduğu Qoçori bağ evinə yetişə bil­di. Fəqət haraya baş vurdusa, çar naibini görmə imkanı tapa bil­mədi və çar vəkilinin sarayına yanaşdırılmadı. Bundan ötrü Mür­səlqulu bir çarə düşündü. Əlbi­səsini qaz yağı ilə islatdı. Çar və­kilinin sa­rayına yaxın bir yerdə gözlədi. Çar vəkili sarayından çı­xıb araba­sına mindiyi vaxt Mürsəlqulu özünü yandırmağa baş­la­dı. Və əlbi­səsinə od vurdu. Bu durumu görən xalq yaxınla­şaraq, Mür­səlqu­lunu yanmaq­dan qurtardı və atəşi söndürdü. Bu mən­zə­rə­ni görən çar vəkili Mür­səl­­qulunu çağıraraq, özünü yan­dır­ma­sı­nın səbəbini soruşdu. Mürsəl­qulu Qaza­ğın Quşçu kəndin­dəki ağa­la­rın və çar məmur­larının zül­mün­dən kəndlilərin bez­diklərini və ölü­mə razı olduqlarını an­latdı. Be­ləliklə, Quşçu kən­dinin xalqı ağa­ların zül­mün­dən qurtar­mış oldu. Bu olay həmən bü­tün Azər­bay­cana ya­yılaraq duyu­lunca, bir çox yerlərdə ağalara qar­şı kəndli baş­qal­dırmaları oldu1.

Çar Rusiyası “krepostnoy” – köləlik hüququnu 1841-ci ildə se­nator Qanın düzənləməsilə Azərbaycana gətirib tətbiq etdik­dən və 1846-cı ildən xan, bəy və ağalara kəndliləri müha­kimə etmək və kəndlilərə qarşı polis idarəsi gücünü tətbiq etmək haq­qını tanı­dıq­dan sonra Azərbaycanda kəndli üsyanları və qaçaqlar hərə­katı bir xalq hərəkatı olaraq baş vermişdir2.

Bundan açıqca görünür ki, Azərbaycan tarixində başqa xalq­ların tarixində olduğu kimi haqq, hüquq, azadlıq, hürr olma, əsarətdən qurtulma mücadiləsi və ruhu tarixi inkişafı çox ağır şərt­lər altında olsa da, davam etmişdir və edəcəkdir də. Zama­nı­mız­da Vyetnamda mistik buddist rahiblərin xalqlarının hürriy­yəti­nə edilən imperialist təcavüzlərə qarşı etiraz hərəkatına başla­ya­raq özlərini yandırmaları və çox yaxın zamanda Çexo­slova­kiyada im­perialist rus milli kommunistlərin etdikləri qaba və qanlı mü­da­xi­ləyə etiraz etmək üçün gənc, cəsur və qəhrəman Jan Palanın özü­nü yandırması azəri xalqı üçün yeni bir şey deyildir.


QAÇAQ DƏLİ ALI
Özünü görən və tanıyanlardan öyrəndiyimə görə, Dəli Alı 1898-ci ildə 22 yaşında silahını alaraq dağa çıxmışdır. Ancaq bu da­ğa çıxışın əsl səbəbi bizə məlum deyildir. Gəzdiyi və gizləndiyi çev­rədə kəndlilərin himayəsinə sığınmış, özünü onlara sevdirmiş və buna görə dağlarda, meşələrdə sığınacaq aramamış­dır. Rus bir­lik­ləri ilə savaşa tu­tuş­duğu zamanlar dağlar, meşələr Dəli Alıya ya­taqlıq etmişdir. Dəli Alı qaçaq­çılığa başladığı 1898-ci ildən 1913-cü ilə qədər rus strajnikləri və kazakları ilə bir çox dəfə, so­nun­cu hər iki tərəf üçün də qanlı olan savaşlara tutuş­muşdur.

Əslən Gəncənin Qarasu1 kəndindən olub, uca boylu, enli kü­rəkli, sərt baxışlı, yaraşıqlı, zəkalı və hazır­cavab bir gənc imiş. Da­vası o biri şüurlu qaçaqlar kimi kənd əhlini rus çarizminin və çar rejiminin Azərbaycandakı əlaltıları olan xan, bəy, ağa zül­mün­dən və köləliyindən qurtarmaq olmuş­dur. Dəli Alı rus-ya­pon sa­va­şında, rusların məğlu­biyyə­tə uğramasından böyük ümid­lərə qa­pıl­mışsa da, bu ümid siyasi gerçəkliyə çevrilməmişdir. Bun­dan öt­rü­dür ki, 1905-ci il Birinci rus inqilabı illərində belə qa­çaqlığı bu­ra­xaraq dağlardan enməmişdir. O, əldə silah başına top­ladığı cə­sur və döyüşkən kəndli arka­daşları ilə bir dəstə şəklində olan bir­li­yini ciddi intizamla bəzən kəndlərə dağılaraq və kəndli­lərə qa­rı­şa­raq Gəncəyə yaxın meşə və dağ kəndlərinə sığına bilmişdir. Hə­qi­qə­tən, Dəli Alının bu tədbirli hərəkəti Gəncədə azəri türk xal­qına qar­şı ermə­nilərin başladıqları qırğın zamanı çox işə yara­mış və Gən­cə xalqını erməni gülləsindən qurtarmışdır.

Çarizmin Qafqazdakı yüksək vəzifəli məmurları erməniləri si­lahlandıraraq, azəri türklərinin üzərinə hücuma keçmələrini tə­min və təşviq etdilər.

Məhz bu zaman Dəli Alı başına topladığı dəstələri (Gerilla bir­likləri) ilə Gəncənin böyük erməni kəndləri olan Bayan və Çar­dax­lı1 və başqa bir neçə kəndi işğal etdi. Qadın, uşaq və qocalara to­xunmadan əli silah tutan ermənilərə haqq etdikləri divanı tutdu (qar­şılıq verdi). Erməni və azəri türk xalqının önündə gələnləri ça­rizmin bu intriqasını idrak edincə, barışıq yoluna gedərək an­laş­dı­lar. Dəli Alı yenə birliklərini alaraq, öz dağlarına və meşələrinə çə­kilərək, öz çevrəsində hökmranlığına başla­dı. Bu arada Dəli Alı­nıın rus jandarma və kazakları ilə dəfələrlə savaşa girdiyini və mü­hasirə edildiyində bu çətin savaş­lardan igidliklə çıxa bildiyini, 60-70 rus rus əsgər və jandar­masını öldürdüyünü anlatmağa gə­rək yox­dur.

Çarlıq – Romanov xanədanının 300 illiyi törəni münasi­bətilə çar bir əfv fərmanı hazırladı. Bu zaman Peterburqdan knyaz-ge­ne­ral Qalitsin Gəncəyə gəldi. Gəncə rus valisinin vasi­təsilə Gən­cə­yə yaxın bir dağ mövqeyində Qalitsin ilə Dəli Alı ara­sında mü­za­kirə başla­dı və sonuc anlaşma ilə nəticələndi. Ümumu əfvdə Dəli Alının əfv edildiyi elan olundu. Bundan sonra Dəli Alı Pe­ter­bur­qa çar ailəsinin 300 illiyi törəninə dəvət edildi2.

“Dəli Alı” dastanından örnək parçalar:

Dəli Alı bir set açıb, Şah Abbas dövranı kimi,

Yanında yoldaşları var, Azərbaycan xanı kimi.

Zeynalabdin bəy bəzənib, Misirin sultanı kimi,

Hər yana kağız dağılıb, Süleyman fərmanı kimi.


Aslan da şimşək kimi girəndə meydan içinə,

Seyriyir badronları batır al qan içinə,

Zərrəcə qorxusu olmaz, düşsə yüz düşman içinə

İsgəndər tək səs salıpdı, yeddi Dağıstan içinə,

Tip dağıdır, ordu pozur, qüdrətin aslanı kimi…
QAÇAQ MƏHƏMMƏD BƏY KAVALER
Doğulduğu və öldüyü tarixlər haqqında əlimizdə bir bilgi və qay­naq yoxdur. Ancaq Qaçaq Nəbinin çağdaşı və arkadaşı ol­du­ğu bilinməkdədir. Onun haqqında Mir Möhsün Nəvvabın “Təz­ki­re­yi-Nəvvab” adlı kitabında çox qısa, yanlış dəyər­ləndirilmiş bir tər­­cümeyi-halı və bir də dərin mistik (təsəvvüfi) qəzəlini tapa bil­mi­şik.

Yarım əsrə yaxın bir zaman öncə Şuşanın tanınmış din ada­mı, ədibi və şairi Mirzə Cəlal əfəndidən Qaçaq Məhəmməd bəy Kavalerin Azərbaycanın musiqi ustadlarından Sadıq Əsəd­oğ­lu­nun (Sadıqcan (1846-1902) toyuna (düyününə) bir axşam vaxtı qəf­lətən Qaçaq Nəbi ilə birlikdə getdiklərini və çox qələ­bəlik olan toy əhlinin Qaçaq Nəbi ilə Qaçaq Məhəmməd Kava­lerin gəl­dik­lə­ri­ni görüncə çox qorxduqlarını və sazəndənin sus­duğunu, Qaçaq Mə­həmməd Kavalerin: “Əyləncənizə davam edin”, – deyə işarət et­məsi və söyləməsindən sonra sazəndənin çalmağa başladığını və to­yun daha coşğun bir havaya və bir nəşəyə büründüyünü, be­lə­lik­lə, iki məşhur qaçaq dostun Sadıq­canın toyunda iki saat qədər otur­duqdan sonra sazəndə qrupuna və xidmət edənlərə bol bəx­şiş­lər verərək toydan ayrılıb get­dikləri hekayəsini dinləmişəm.

Yenə rəhmətlik Mirzə Cəlal əfəndi mənə aşağıdakı olayı an­lat­mışdır: “Məhəmməd bəy Kavaler Şuşa-rus həbsxa­nasında dus­taq olan zaman öz həya­tın­dan bəhs edən farsca bir poem (mən­zum hekayə) yazdığını və bu mənzum hekayədə rus işğalçı im­pe­ri­alist rejiminin azər­i xalqının başına gətirdiyi zülmü dilə gə­tir­di­yi­ni, bu hekayənin sonunu rus çar re­jiminə qarşı belə tamam­la­dı­ğı­nı:

Dər həbsxaneyi-rus

Əz hökuməti “Dəyyus”.

Qaçaq Məhəmməd bəy Kavaler Qarabağ vilayətinin mər­kə­zi olan Şuşa şəhərinin öz yerlisi olub, Çuxur məhəllə­sindən­dir. Çu­xur məhəlləsində Xan sarayından başqa, bir neçə dənə böyük daş bina vardır. Elə bunlardan biri olan, üzü boydan-boya Çuxur mə­həl­ləsinin meydanına baxan və böyük alaqapısı üzərində:

Kuşadı badı be devlət həmişə in dərgah,

Be haqqı eşhədü-en-la lailahe illəllah, –

ya­zısı daşa oyularaq yerləşdirilən evdə doğulmuşdur.

Bu gün belə ayaqda duran və içində on beşdən çox erməni ai­ləsinin sığındığı bina Qaçaq Məhəmməd Kavalerin evidir. Qaçaq Mə­həmməd Kavaler Şuşa şəhərinin tanınmış ailələrindən və sa­yı­lan kişilərindən Şirin bəyin oğludur. Şirin bəyin anasının adı Mah­pə­ri xanım imiş. Şirin bəyin arvadı Tükəzban xanımdan beş oğlu, bir qızı olmuşdur. Məhəmməd bəy Kavaler onlardan biri imiş. Şi­rin bəyin Həsən bəy adlı bir oğlu ruslara qarşı Qarabağda aparılan mü­cadilədə tutulmuş və ömrünü Bakıda Şamaxinka deyilən rus həbs­xanasında bitir­mişdir. O biri oğlu Tağı bəy 1905-ci ildə Qaf­qaz­dan (Vladiqafqaz) Şuşaya gedərkən, Bakıda müsəl­man­lara qar­şı aparılan erməni qırğınında öldürülmüşdür.

Üçüncü oğlu Qaçaq Məhəmməd bəy Kavaler Mir Möhsün Nəv­vabın verdiyi çox qısa bilgiyə görə, 45 yaşında öldürül­müş­dür. Təxmini olaraq söyləyə bilərəm ki, ölümü Qaçaq Nəbi ilə bir-birinə yaxındır və Üçüncü Aleksandr zamanında ölmüşdür. Çün­ki Üçüncü Aleksandrın qaçaqlara, siyasi şəxslərə və təşkilat­la­ra qarşı qanlı və şiddətli surətdə hərəkətə keçdiyi illərə təsadüf edir.

Qaçaq Məhəmməd Kavalerin qaçaqçılığının səbəbi işğalçı rus çar rejiminin xəzinə gəlirini əngəlləməkdə olmasıdır. Olay belə idi:

Yeni sənayeləşməyə başlayan Rusiya o zamankı Qərb tex­ni­ka­sına görə geri qalmış bir ölkə sayılsa da, Azərbaycan, Tür­küs­tan, Dağıstan və başqa müstəmləkələrinə göndərə bilə­cək və bu öl­kələri bazar olaraq istifadə edə biləcək qədər tekstil, şəkər və baş­qa məhsullar yetişdirən zəif bir sənaye ölkəsi idi. Digər tərəf­dən, Araz çayı ilə sərhəd olaraq ayrılan Güney – İran Azər­bay­ca­nı­na, Fransa və İngiltərədən tekstil, şəkər, çay və başqa fabrik mal­larının daha yaxşısı və ucuzu gəlirdi. Rus malları key­fiyyət cəhət­dən bu mallardan aşağı səviyyədə olduğu kimi dəyə­rinə görə də bahalı idi. Məhz bu şəraitdə İran Azərbaycanı ilə Qafqaz Azər­bay­canı arasında bir mal qaçaq­malçılığı baş ver­mək­də idi. İrandan qaçaq olaraq, gömrüksüz gətirilən mallar alıcı­ya daha ucuz satı­lırdı. Qaçaq Mə­həmməd Kavaler bu qa­çaqçılıq işini elə bir şəkildə təşkil edibmiş ki, rus xəzinəsi bun­dan böyük zərərə uğrayırmış.

Araz çayı sahillərindən qaçaqların mallarını “bu taya” – Qa­ra­bağa rus kazak və strajniklərin müdaxiləsindən çəkin­mədən ke­çi­rə bilmələri üçün Qaçaq Məhəmməd mənzillər hazır­la­mışdı. Qa­çaq­çılar bu mənzillərdən rahatca faydalanır və bu xidmətə qarşılıq Qa­çaq Məhəmməd Kavalerə bir hissə verirdilər. Qaçaq M.Kavaler də bu aldığı hissələrlə qaçaqları himayə etmək üçün qur­duğu dəstənin (gerillası) mənsublarını bəsləmişdir.

Bu olay açıqca rus xəzinə gəlirini Azərbaycan müstəm­lə­kə­sin­də Qarabağ bölgəsində gömrük yönündən baltalamaq idi. Mir­zə Fətəli Axundzadə “Hacı Qara” adlı pyesində bu olayı komik bir şəkildə çox gözəl xarakterizə etməkdədir. Bir tacirin manu­fak­tura mağazasına qumaş almaq üçün gələn müştəri: “Mənə fi­rəng malı qumaş ver”,– deyə israr eyləməkdədir. Ma­ğaza sahibi ta­cir müştəriyə rus malı satmağa çalışmaqdadır. Ta­cirlə müştəri ara­sında dialoq çox komik və qəribədir. Müştəri heç cür rus ma­lı­na yanaşmamaqdadır.

Bu olay təbiidir, Qaçaq M.Kavalerin qaçaqları himayə edə­rək, onlardan vergi alması elə anladıldığı kimi asan olma­maq­dadır və rus sərhəd mühafizəçiləri ilə Qaçaq M.Kava­lerin ara­sında qar­şı­lıqlı çatışmalar olmaqla, bəzən kazaklar, bəzən də Kavalerin dəs­tələri insan itkilərinə uğramaqdadırlar. Bütün bu çətin şərtlər al­tında qaçaqçılıq baş alıb getməkdə və davam etməkdədir. Bu sa­vaşlara bəzən Qaçaq M.Kavaler öz dəstəsi və ya dəstələri ba­şın­da şəxsən iştirak etməkdədir. Təbii, hər qaçaq və seçilmiş insa­nın dostu olduğu kimi, düşməni də vardır. Qaçaq M.Kavaler rus tə­rəfini saxlayan və ruslara casusluq edən düşmənlərilə də müba­ri­zə aparmaqdadır. O zamanın şərtlərinə görə, Qaçaq M.Kavaler bu iki tərəfli mübarizəyə taleyinin təqdirilə sürüklənmişdir.

Bu çağ, sanıram, Üçüncü Aleksandrın zamanına uyğun gə­lir. Necə olur, araya kim girir? Bu cəhətlər haqqında bir tarixi sə­nəd və qaynaq əldə edə bilmədim. Qaçaq Məhəmməd Kavaler çar tə­rə­findən əfv edilir və ona kavaler kapitan rütbəsi verilərək bir ma­aş təyin edilir. Bu tarixdən sonra Qarabağ xalqı1 Qaçaq Mə­həm­­məd ailəsini Kavalerli kimi xatırlayır və tanıyırlar. Bu soyad onun qar­daşları tərəfindən gələn bütün qohumlarına yayılır. Xalq ara­sında bu qələbəlik ailəyə “Geverelliler” deyirlər.

O çağda Qaçaq Məhəmməd Kavalerin “üzə şıxması” çar tə­rə­findən əfv edilməsi və ona rütbə verilərək maaş təyin olun­ması, yal­nız Qarabağda deyil, bütün Azərbaycan və İranda da böyük əks-səda doğurmuşdur. Əsasən xalq tərəfindən sayılıb sevilən Qa­çaq Məhəmmədin ailəsi bu tarixdən sonra da, hər zaman, hər yer­də əskisindan daha çox sevgi və sayğı ilə qarşılanmışdır. “Bu adam Geverellilərdəndir”, – deyildimi, o adam ayrı, özəl bir hör­mət və sayğı görürmüş. Qaçaq Məhəmmədin bu üzə çıxma olayı ne­çə il davam etmiş? Bu barədə də əlimizdə tarixi bir bəlgə yox­dur. Elə sanıram ki, bu üzə çıxma olayı uzun müddət davam et­mə­mişdir. Çünki Qaçaq Məhəmməd Kavalerin düşmənləri var­dır və bunlar çarizm idarəsinin yüksək vəzifəli adamlarına da­vamlı ola­raq Qaçaq M.Kavalıer haqqında xəbər verirlər və “Üzə çıxan Qa­çaq M.Kava­lerin dəstələri yenə əvvəlki kimi qaçaqçıları gözət­lə­yərək qoru­maqda və eyni təşkilat heç dəyiş­mədən yürü­dül­mək­də­dir”, – deyirlər. Belə bir vəziyyətdə Qaçaq M.Kavaler yenə si­la­hını əlinə alaraq, şəhərdən ayrılmış və dağdakı arka­daşlarının ya­nına çəkil­mək zorunda qalmışdır. Bu tarixdən öldü­rüldüyü ta­ri­xə qədər Qa­çaq M.Kavalerin rus hökuməti ilə verdiyi gerilla sa­vaş­ları ən kritik bir dövrəyə girmiş olur və şəxsi düş­mənləri ilə də he­sablaşmağa qərar verir.

Söz gəlişi, bunlardan bir örnək anladaq: Qaçaq M.Ka­valerin Ha­cı Şükür (Şükrü) adlı bir düşməni vardır. Bu adamın işi-gücü K.M.Kavalerin bütün qaçaqlıq və qaçaqçılıq hərəkatını izləyib, adam­ların vasitəsilə izlədib rus jandarma təşkilatı, gizli işlər şö­bə­si­nə xəbər verməkdir.

Bu arada Həcc ziyarəti zamanı gəlmiş və Hacı Şükür də ha­cılar arasında Məkkəyə getmişdir. İndi hacılar Həcc ziya­rətindən top­lu halda dönməkdədirlər. Hacı qafiləsi daha İran ta­yın­dadır (tə­rəfində) və Araz çayı kənarına doğru gəlməkdədir. Bunu xəbər alan Qaçaq M.Kavaler atına minərək Araz çayını ke­çə­rək, İran Azər­baycanının bir yerində hacı qafiləsini qarşı­layır. Hacılar Qa­çaq M.Kavalerin gəldiyini görüncə çox qor­xurlar. Qaçaq M.Ka­va­ler durumu hiss edir. Bu vaxt atlı hacı qafiləsi də səssiz, uzun bir qələbəlik halında durub gözlə­məkdədir. Hər şeydən öncə, Qa­çaq M.Kavaler hacılara səslə­nərək, Həcc ziyarətlərini təbrik edir və bu ziyarətlərinin cənabi Allah tərəfindən qəbul edilməsi di­lə­yin­də olur. O zamankı dini ənənəyə görə, at üzərində əlini ulu Tan­rı­ya (göyə) qaldıraraq, lazım olan duaları oxuyur. Bütün bunlardan son­ra hacılara xitab edərək: “Zəvvar Hacı Şükür aranızdadırmı?” – deyə soruşur. Hacılar da: “Bəli”, – deyə cavab verirlər. Bu dəfə Qa­çaq M.Kavaler Hacı Şükürə səslənərək, onun hacılar qa­fi­lə­sin­dən ayrılaraq, bir kənara çəkulməsini istəyir. Hacı Şükür­dən bir səs çıxmır. Hacı Şükür də başqa hacılar kimi silahlıdır. (O tarixdə ərəb soyğunçular hacı qafilələrini soyardılar. Bu səbəbdən hacılar qa­filə halında və silahlı olaraq Həcc ziyarətinə gedərdilər – H.B.). Qa­çaq M.Kavaler bir neçə dəfə Hacı Şükürə səsləndikdən və ca­vab almadıqdan sonra hacı qafi­ləsi­nə: ”Hacılar, siz çəkilin”, – de­yir. Hacılar bir tərəfə çəki­lincə, Hacı Şükür ortada qalır. Qaçaq M.Ka­valer Hacı Şükürün etdiyi pislikləri bir-bir sayır və onu öl­dür­mək üçün qərarlı olduğunu, silahını alaraq özünü müdafiə et­mə­sini söyləyir. Hacı Şükür qolu-qanadı qırılmış, kefi pozulmuş bir halda səssiz və hərə­kətsiz at üzərində durmaqdadır. Bütün bu olay və dialoqdan sonra Qaçaq M.Kavaler tüfənginə sarılır, hacı qa­filə­sinin gözləri önündə Hacı Şükürü vurub öldürür.

Rus kazak və jandarmaları ilə girişilən çatışmalarda ölən və öl­dürülənlərdən başqa, Qaçaq M. Kavalerin, yuxarıda örnə­yini ver­­diyim düşmənlərini öldürmələri də olmuşdur, təbii...

Bunlara Mir Möhsün Nəvvabın kitabında bir qaçağı layi­qin­cə dəyər­ləndirməmiş olması səbəbindən veririk. İşğalçı rus reji­mi­nin, bir ölkənin yerli xalqını nə kimi talesizliklərə sürük­lədiyini və rus idarəsinin zülm və haqsızlıqlarını göstər­mək üçün yazıram.

Bu mübarizə zamanı Qaçaq M.Kavaler bir dəfə yax­alana­raq, Sibirə sürgün edilmiş və sonra oradan qaçaraq, Qarabağa dön­müş və qaçaqçılığa davam etmişdir. Təbii, belə igid bir sər­kər­də haqqında da xalq öyücü türkülər söyləmiş və onun bu çar­pış­­malarında ruslara qarşı olan kinlərinin əksini və təsəllisini gör­müş­dürlər. Bu türkülərdən bir qarabağlı kişinin hafizəsindən mənə ça­tan ancaq bir parçanı aşağıda verirəm:

Kazak gəldi Şelliyə1,

Biz qaçalım Telliyə2.

Urusa damojna3 vermə,

Apar Geverelliyə.

Qaçaq M.Kavalerin Şuşa şəhərində olan evi sıx-sıx rus jan­dar­ması tərəfindən basılır. Hər zaman bu basqınlara Qaçaq M.Kavalerin atasının anası Mahpəri xanımla anası Tükəzban xa­nım cavab verirlər. Ev aranır, ələ keçən əşyaların çoxu qaçaq ol­ma­sa da, “qaçaq” deyə alıb götürülür. Qarabağlı azəri iki türk qa­dı­nı bu rus təzyiqinə qarşı qovrulur və çəkişirlər. Belə çəkiş­mə­lər­dən birində Mahpəri xanımın rus jandarmalarına söy­lə­diyi və xal­qın dilinə düşən bu sözlər zalım rus işğalçı hərə­kətinin çox sadə xalq diliylə deyilişidir: “Bu yerlər Məmmədin öz torpağıdı. Öz ürə­yi istədiyi hər şeyi edə bilər, axı siz urussuz. Bizim urus İvan­nan, Nikalaynan ki qohumluğumuz (əqrə­ba­lığımız) yoxdu. Siz bur­­da nə gəzirsiniz? Niyə öz yerini­zə, torpağınıza getmirsiniz?”

Budur, təmiz bir azəri anasının ağzından çıxan və işğal­çılığı an­ladan sadə və açıq anlamlı sözlər...

Qaçaq M.Ka­valer bir zaman tutulmuş və Şuşa həbs­xanasına qa­padılmışdır. Bir gün bir fürsət ta­pır və həbsxanadan qaçır. Qa­çı­şın fərqinə varan həbsxana gözətçisi, soldatlar4 M.Kavaleri tə­qib edir və vururlar. Mə­həmməd bəy yaralı olaraq yerə yıxılır. Anası Tükəz­ban xanıma olayı xəbər ve­rirlər. Tükəz­ban xanım ha­di­sə yerinə ye­tişir və oğlu Məhəmmədin üzü­qoylu yaralı ola­raq yat­­dığı və inildə­diyini görür. Ətrafdakı gözətçi, soldatlar və jan­dar­mlar rus proku­ro­run (savcı) gəlməsini gözləyirlər. Bu mən­zə­rə­ni görən Tükəzban xanım Məhəm­mədə xita­bən: “Mə­həm­­­məd, ni­yə inildəyirsən? İnil­dəyib düşməni sevindirmə, bu urus yara­sın­dan sən ölərsənsə, sənə südümü halal etməm”, – deyərək, top­la­nan yüz­lərcə Şu­şa xalqının gözü önündə oğlunu azarlayır. Qaçaq M.­Kavaler bu yara­dan ölmür və sağalır. Sibirdə 20 il sürgünə (qa­labəndliyə) məhkum olunur. Si­bi­rə sürüləcəyi gün öncədən Qa­rabağ xalqı tərəfindən duyulur. Hər tərəfdən xalq: “Qaçaq Mə­həm­məd Sibirə yatab (etap) gedəcək” , – deyə Şuşaya axın edir. Si­bir sürgünü dəstəsində Qaçaq Məhəm­məd­dən başqa məhkumlar da vardır. Həbsxanadan Məhəm­məd və di­gər sürgün edilənlər əl­lə­ri, ayaqları qan­dallı (zəncirli) olaraq çıxarılırlar. Etap hərəkətə ha­zırdır, min­lərcə xalq seyrçi ola­raq toplanmışdır. Etap hərəkət et­mədən öncə Tükəzban xa­nım etapın önünə çıxaraq Qarabağ xal­­qına belə xitab edir: “Camaat, siz gözünüzün qaba­ğında (önündə) görür­sünüz ki, urus hökuməti mənim oğlumu nahaq ye­rə Sibirə yatab gön­dərir. Bura bizim öz torpa­ğı­mız­dır, axı urusun bur­da nə işi var?.. Sizin qabağınızda mən də deyirəm ki, “Məm­məd, sən Sibirdən salamat gələcəksən, orda ölsən, südümü sənə həlal etmə­yəcəyəm. Oğlum, yoldaşlarınla Allaha əmanət ol...”

Bu cəsur və igid azəri anasının bu cəsur sözləri minlərcə Qa­rabağ xalqını ağladır. Qaçaq M.Kavaler iki il sonra Sibirdən qa­çaraq Qarabağa dönür və qaçaq­çılığını davam etdirir. Bu olay­la­rı yazarkən, hansı olayın öncə və ya sonra olduğunu müəyyən edə bilmədiyim üçün tarixi gös­tərmədim.

Mir Möhsün Nəvvab Qaçaq Məhəmməd Kavaler haqqında nə deyir:

“Təzkireyi-Nəvvab: 1310, Bakı, Orucov qardaşları basın evi, s.217-218”.

Əhvali və imrarı həyat Kərbəlay Muhamməd Kavaler.

Yazı farscadır. Biz türkcəsini veririk.

Kərbəlayi Məhəmməd Sofi təxəllüslü Şirinbəyov Qarabağlı, Şu­şa şəhərində təvəllüd etmiş, 45 yaşında iri cüssəli, uca boylu bir ki­şi idi. Şəhərdə başqalarının təhriki ilə nahaq qanlar tökmüş, son­ra dağlar və biyabanlarda dolaşaraq bir müddət yol kəsmək ilə məş­ğul olmuş və İran təbəəsindən bir qadın ilə evlənmiş, bir müd­dət sonra öz arvadını və qaynanasını nahaq qətl etmiş, sonunda ar­va­dı­nın qardaşı adamlar toplayaraq bunu tapmış, iki qolları ilə ba­şını kəsə­rək və bədənini biyabanda buraxmışlar. Bir şəxs də bə­də­ni dəfn etmiş. Çeşidli şeirləri vardır. Bu qəzəl onun qəzəllə­rin­dən­dir:

Qəzəlin türkcəyə çevrilişi:

Mənim dostum üz örtüsünü hər zaman hər cür örtdüyü üçün aşiqlər arasında ixtilaf olur,

Bəzən onun gözəllik işığı Musanın gözlərini qamaşdırır.

Bundan ötrü görmürsənmi səsi dağları bürüyür. Bəzən harada “haqq” deyə mələklərə fərman verdiyində

Kəlim-Allah olan Musa şaşırır.

Bəzən bir zahidi Kəbeyi-müəzzamaya doğru çəkir,

Bəzən rahibləri yolda çaşqınlığa düşürərək pərişan edir.

Dostumun sevgisi hansı ürəkdən azacıq əksilərsə dərd və üzgünlüyə düşür.

Rəqs edən mütrüf belə oynadığı zaman dostumun xə­yalına gəldiyində özünü atəşə atmağa qalxır.

Ölüm şərbətini əcəl saqisinin əlindən içərkən Sofi özün­dən gedir, səssiz bir hala düşür.

Yuxarıdakı sətirlərdən göründüyü kimi, mistik və dərin bir inan­cın anlamını daşıyan qəzəlin yazarı necə olur ki, yol kəsir və qul­durluq edir? “Yol kəsmək” azərbaycanca “adam soymaq” an­la­­mına gəlir. Qaçaq Məhəmməd Kava­lerin, toplum içərisində mən­­sub olduğu sosial təbəqəyə görə, qətiyyən, adam soymağa eh­tiyacı yox idi. Şuşada bir şəhər uşağı olaraq yetişmiş, ərəb və fars­canı mükəmməl öyrənmiş, ayrıca, qatı dindar ortodoks şiə məz­həbindən olan təsəvvüfü anlamış və inanmış bir adam idi. Bu du­rum Sofi təxəllüsü ilə yazdığı qəzəlindən də anlaşılır.

Azərbaycan elmində pedaqoq, rəssam və xəttat, ədib və şair ola­raq xidməti olan M.M.Nəvvabın Qaçaq Məhəm­məd Kavaleri be­lə yanlış tanıması və tanıtmağa çalışması, məncə, onun dindar və sakit bir həyat yaşayan, məhdud görüşlü bir adam olmasından irə­li gəlmişdir. Bir vaxtlar bir müəllim olan və rus xəzinəsindən ma­aş alan M.M.Nəvvabın məhdud görüşündə insan yaşadığı dövr­də olan qanunlara itaət etməlidir. Bu qanun­lar işğalçı rus im­pe­rializminin qanunları olsa belə... fikri ha­kimdir. Təbii ki, belə bir ya­şam şə­raitində olan M.M.Nəvvabdan istismar edilən və əzi­lən, torpaqları işğala uğrayaraq, haqları çeynənən bir xalqın “mü­ba­rizə haq­qı” olduğunu da bilməsi, bu fikri mənim­səyərək in­san­la­rı bu yöndən dəyərləndirilməsi gözlə­nilə bilməzdi. M.M.Nəv­vabın Qa­çaq Mə­həm­məd Kavalerin rus casusu Hacı Şü­kü­rü hacılar qafiləsi ara­sında qarşılayaraq öldürməsi olayını yol kəs­­mək sayması, nahaq qan tökmək deyə dəyərləndirilməsini an­la­yırıq.

Qaçaq Məhəmməd Kavalerin arvadını və qaynanasını öldür­mə­si olayına gəlincə: Qaçaq Məhəmməd Kavalerin üzə çıxdıqdan və çar Üçüncü Aleksandr tərəfindən əfv edildikdən və özünə “ka­va­ler-kapitan” rütbəsi verdikdən bir neçə il sonra yenə çar hö­ku­mə­tilə arası dəyir. Çünki daha öncədən qurmuş olduqları dəs­tənin qa­çaq­larını qoruyaraq, onlardan bir hissə alma işi davam edir. Qa­çaq Məhəm­məd Kavaler şəhərdə və hər yerdə sərbəst olaraq gəz­mək­də­dir. Casusların sıx təqib və təzyiqi altında olan Qaçaq Mə­həm­­məd Kavaler İrana sığınmaq məcburiyyətini duy­muşdur. Evi­nə gəlmiş, atları və silahını hazırlamışdır. Qaçaq Mə­həmməd Kavalerin arvadı İran Azərbaycanından bir xanın qızıdır. Belə və­ziy­yətdə bir qadının atasının evinə getməsi üçün ərinə bir çətinlik ya­ratmaması ən mən­tiqli hərəkət olardı. Hələ qaynanasının ki, əri İran­­da­dır və Qaçaq Məhəm­mədin onun yanına getmək is­təməsini xoş qarşılaması lazım gələn olaydır. Təəccüblüdür ki, be­lə ol­ma­mış­dır. Rus kazak və jan­dar­malarının təqibindən qurtul­maq üçün dər­hal Şuşa şəhərini tərk etməsi lazım gələn Qaçaq Məhəm­məd Ka­valerə arvadı və qayna­nası mane olaraq: “Biz gəlmərik də gəl­mə­­rik”, – deyə dirən­mişlər.

Belə vəziyyətdə Qaçaq Nəbinin arvadı Həcərin əl və ayaq­la­rı­na qandal (zəncir) vurularaq, baldızı Mehri ilə bir­likdə həbs­xa­na­ya atıldığını görən və şair Zakirin arva­dının bir rus komandiri tə­rəfindən zorla əlindən alı­naraq, bir rus “mujik”inə verildiyini eşi­­dən və bir çox qa­çaq­ların arvadları və bacılarının rus ko­man­dan­ları tərə­findən rus “soldat”ları bölüyünə təslim edildiyini bilən Qa­çaq Məhəm­məd Kavaler arvadını və qaynanasını Şuşada bu­rax­maq istəməməkdədir. Məhz bu əhvali-ruhiyyədə arvadı və qay­­nanası ilə “gəlirsən də, gəlmirsən də” müna­qişəsinə girən və vaxt itirmənin özü və ailəsi üçün lazım olmadığını anlayan Qaçaq Məhəm­məd Kavaler böyük bir sinir böhranı və ruh düşkünlüyü içində tapan­çasını çəkə­rək: “Mən arvadımı rus əlinə dü­şür­mə­rəm”, – deyə­rək, qaynanası ilə birlikdə cansız yerə sərmiş və atını məh­mizləmişdir.

Araz çayını keçmiş, İran tayında (tərəfində) bir meşə­lik böl­gə­də Qaçaq Məhəmməd Kavaler atını buxov­lamış (otlamağa bu­raxmış) və atının yəhərini özünə yastıq edərək, bir ağacın dibində yu­xuya dalmışdır. Arvadının və qızının kürəkəni tərəfindən öldü­rül­­düyünü xəbər alan, eyni zaman­da, bir qəbilə başçısı olan xan, oğ­lunu Qaçaq Mə­həmməd Kavaleri təqibə və öldürtməyə göndər­miş­dir. Bun­lar Qaçaq Məhəmmədin İran tayındakı keçəcəyi yol­ları da bilmək­də­dir­lər. Təqib nəticəsində atını görmüş, tanımışlar və ya­­tan Qaçaq Mə­həm­məd Kavalerə uzaqdan toplu yaylım atəşi aça­raq öldürmüşlər.

Məhz azərbaycanlı bir igid, qarabağlı – şuşalı Qaçaq Mə­həm­­məd Kavalerin ruslarla aparmış olduğu savaşın hekayəsi belə ol­muş və belə dramatik bir şəkildə sona çatmışdır.

Bu bəhsi tamamlamadan öncə, Qaçaq Məhəmməd Kava­lerin bir epizodunu anlatmadan keçə bilməyəcəyəm. Qaçaq Nəbi və Qaçaq Dəli Alılar kəndli olaraq yetişmiş, oxuyub yazmağı bil­mə­­yən, ancaq çox ağıllı və cəsur igid­lər­dirlər.

Yuxarıda da qeyd etdiyim kimi, Qaçaq Məhəmməd Kavaler şə­hər həyatında, o zamana görə mükəmməl məd­rəsə təhsili gör­müş, dindar-sufi, şair – bir azəri övladı idi. Yaxın zamanın Azər­bay­canın irfan həyatında adı çox duyulan pedaqoq Hüseyn Camal Ya­nar (Hüseyn Mirzə­ca­malaov) adlı bir dostumuz vardı. Rəh­mət­lik Hü­seyn Camal Yanar əslən qarabağlı və şuşalıdır. Bütün azə­ri­lər ona “dayı” deyərdilər. İndi masamın üzərində olan və Qaçaq Mə­həm­məd Kavaler haqqında mənə yazdığı bir məktubu belə baş­layır:

“Əziz adaşım.

27/7/1958 tarixli məktubunu indi aldım. Dayıya heç də zəh­mət olmadan, həm də iftixarla, çox möhtərəm və ziyalı, eyni za­man­da, qəhrəmanlığı, açıqfikirliliyi ilə tanın­mış həm­şəhrim Ka­va­lerli Kər­bəla­yi Məhəmməd haqqında Şuşa şəhərinin mötəbər­lə­rin­dən şəxsən dinlə­diyim bir hadisəni nəql edirəm. Belə ki, “Bir gün Təb­riz hacıları və irəli gələnləri tərəfindən “Vəliəhd” şərəfinə tər­tib edilən bir böyük ziyarətdə mərhum Kərbəlayi Məhəmməd (be­lə tələffüz edilirdi) də dəvətli olaraq iştirak etdiyi zaman və­liəhd bir aralıq, səbəbsiz hiddət­lənərək, bağırıb-çağır­mağa başla­mış, ora­dakılar donub qalmışlar. Belə səssizlik hökm sürən bir anda mər­hum dizləri üstünə qalxaraq, yüksək bir səslə: “Veksid fi meş­yi­kə. Veğzüz min sovtikə. İnna ənkə­rəl esvati le sövtül-hümir”. Türk­cəsi: “Hərə­kətin­də mülayim ol. Səsini çox yüksəltmə. Ən nif­rətə layiq səs eşşəyin səsidir”.

Bu ayəti söylər-söyləməz yenə hər kəs kimi bardaş qurub otur­muş, vəliəhd də daxil olmaqla kimsədən səs çıx­ma­mışdır. Mərhumu o aralarda hər kəs tanıyırdı. 4/8/1958, İstanbul”.

1. Mir Möhsün Nəvvabın öz (məhdud) görüşü ilə yanlış də­yər­­ləndirdiyi qarabağlı bir azəri qaçağının həqiqi kimliyini açıq­la­maq;

2. Kərbəlayi Məhəmməd Kavaler kimi neçə azəri qəhrə­man­la­rının adlarının Azərbaycan tarixinin səhifə­lərinə keçmədən unu­du­lub getmiş olduqlarını bildiyim üçün bu mövzu üzərində dur­dum.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin