MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 2,33 Mb.
səhifə6/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
1   2   3   4   5   6   7   8   9   ...   15

Əhməd CƏFƏROĞLU
HÜDUD BOYU SAZ ŞAİRLƏRİMİZDƏN

BAĞDAD XANIM
Hüdud boyu saz şairlərimizdən Bağdad xanım unudul­ma­sı­na, küncdə-bucaqda qalmasına rəğmən dövrünün sayca heç də azım­­sanmayan adlı və şanlı aşıqlarından biri olmuşdur. Həyatında se­vil­miş və sayılmışdır, heç vaxt xalqa tanıtdırılmasa da, vətəni və adı haq­qında iki rəvayət yaranmışdır. Bu qadın aşıq əhalisi baş­dan­-başa tərəkəmə olan Çıldırın, rəvayətlərdən birinə görə, Pek­re­şen elindən, başqa rəvayətə görə isə həmin Pekreşenin şi­ma­lın­da­kı, bu gün ancaq xarabaları rastlanan Çiyahor kəndindəndir. Adı da, bəzilərinə görə, Bağdad, bəzilərinə görə də Bağdagül ol­muş­dur. Çıldır tərə­kəmələri ilə zarşatlılar birincinin – Bağdad adı­nın doğru olduğu qənaətin­dədirlər. Şeirlərində istifadə etdiyi adı­na baxılacaq olarsa, bizcə də, Bağdad əsli, Bağdagül sonradan tö­rə­mədir.

Yaşadığı tarix də məchulumuzdur. Bu xüsusa dair Şərqi Ana­­doluya səyahətlərim əsnasında aşıqlardan və müxtəlif kimsə­lər­dən topladığım şeirlərindən də bir ip ucunun əldə edilməsi im­kan­sızdır. Bulanıklı Aşıq Namaz Bağdadı xəyal-məyal xatır­ladığı ki­mi, soruşdurduğum kimsələr də haqqında dəqiq bir fikir deyə bi­ləcək bilgiyə sahib deyildirlər. Hər kəs daha çox Bağdad xa­nı­mın macə­rasını və eşqini nəql etməkdədir. Ancaq ikinci rə­va­yət­də­ki Çiyahor kəndinin doğum yeri olaraq göstərilməsinə və hə­ya­tı­nı uğruna qoy­duğu nişanlısının Akçakalenin cənubunda, göl kə­na­rındakı əski bir xarabadan ibarət olan Albızlı olduğuna ba­xı­la­caq olursa, Bağdad xanımın bir neçə əsr əvvəl yaşamış olmasına hökm etmək müm­kündür.

Bütün el aşıqları kimi, Bağdad xanım da eşq macərasında ye­tim buraxılmamış, haqqında canlar yaxan, gözlər yaşardan, ol­duq­­ca acı bir eşq hekayəsi yaradılmışdır. O da digər məslək­daşları ki­mi, eşqinə doya bilməmiş, uzun zaman çilə çəkmiş, sonunda sev­gilisinin uğruna həyatını yalnızlıqda keçirmişdir. Eşqinin, şeiri­nin ruhu ancaq sevdiyi nişanlısı olmuşdur, onu tərənnüm edə-edə şöh­rət tapmış, sonunda həm aşiq, həm də aşıqlar karvanına qatıl­mış­dır.

Xalq içərisində ballandıra-ballandıra söylənən hekayəyə gö­rə: “Bağdad doğulduğu Pekreşen kəndinin qarşısında, göl kə­na­rın­dakı akçakaleli bir dəliqanlı ilə sevişmiş, nişanlanmış və bütün qəl­bini ona bağlamışdır. Yeni adaxlılar uzun nişanlılıq həs­rətinə da­yan­maqdansa, bir an əvvəl bir-birinə qovuşmaq istə­mişlər. Bu­nun üçün zamanəsinin adətlərinə uyan dəliqanlı gizli yollara baş vur­­muş, nəhayət, bir dostunun köməyilə kimsəyə görünmədən Bağ­da­dına qovuşmuşdur. İlk görüşün zövqünü da­dan hər iki aşiq is­tə­dikləri anda görüşə bilmələri üçün yeni bir gizli plan qur­muş­lar. Belə ki, olduqca qələbəlik olan qız evində hər kəs dərin gecə yu­­xusuna daldıqdan sonra Bağdad dışarı çıxacaq və böyük balko­nun gizli bir yerində atəş yandıracaqdır. Gölün qarşı tərəfindəki ni­şanlısı bu işarəni görər-görməz gölə atılacaq və atəş istiqa­mə­tin­də üzə-üzə sevgilisinin olduğu sahilə çıxacaqdır. Bu minvalla həs­rətlilər də bir-birinə qovuşmuş ola­caq­dırlar. Plan uzun zaman uğur­la tətbiq edilmiş, hətta həftədə bir neçə dəfə olmaq üzrə üç-dörd ay davam etmiş və bir-birinə qovuşan sevgililər dərdləşmiş, dün­yada kama çatmışdırlar. Fəqət fələk bu məsud günləri onlara çox görmüş, qəlbləri birləşdirən ocağın sönməsilə iki aşiqin həyatı da birdən-birə sönmüşdür.

Buna da günün birində Bağdadın böyük qardaşının ar­va­dı­nın, yəni evin böyük gəlininin işin fərqinə varması və zarafat üçün sir­ri Bağdadın əmisi qızına açması səbəb olmuşdur. Sən demə, əmi­si qızı Bağdadı nişanlısına qarşı dəhşətli dərəcə­də qısqanır­mış, onu gözü götürmürmüş və fürsət axtarırmış ki, onları ayır­sın. Tam bu sırada, sırf zarafat olsun deyə, gəlin bir gecə Bağ­dad uyu­duğu zaman ondan xəbərsiz eyni yerdə atəş yandıraraq, ni­şan­lı­nı suç üstə yaxalamaq və gətirdiyi hədiyyələri paylaşmaq üçün əmi qızı ilə sözləşir. Nəhayət, söz­ləşildiyi gecə atəş yandı­rılır, Ak­ça­kaledən onu görən dəli­qanlı da əvvəlki kimi soyunub atəş is­ti­qa­mə­tində üzməyə başlayır. Aradan bir az zaman keçən­dən sonra Bağ­dadı gözü götür­məyən əmi qızısı, gəlinin yal­varışlarına rəğ­mən, atəşi sön­dürür; gölün orta­sında qalan dəli­qanlı da sağa-sola üz­sə də, heç cür sahili ta­pa bilmir, taqətdən düşərək boğulur.

Məsələdən xəbərsiz olan Bağdad ertəsi gecə, ürəyi istə­mə­di­yi halda, səadət atəşini yandıraraq, nişanlısının gəlişini gözləyir. Fə­qət heç cür nişanlısından xəbər ala bilmir. Ertəsi gecə təkrar atə­şin başında sabaha qədər gözləyir, lakin yenə bir xəbər ala bil­mir. Qəlbinə atəş düşən zavallı Bağdad səbirs­iz­lənərək nəhayət üçün­cü gecə də atəşdən imdad istəyir. Fəqət əbəs yerə, nə gələn var, nə gedən. Qəlbinin ortasından vurulmuş yaralı geyik kimi əli­nə sazını alaraq başına gələn fəlakət iztirabını bu sözlərlə xəfif­lət­məyə çalışır:

Gəl doğrusun söylə, a zalım fələk,

Üç gündü gəlmədi, yar nərdə qaldı?

Dərtdi fiğanımdan sularda səmək,

Rahatı qalmadı, yar nərdə qaldı?


Tükəndi sabrım, getdi dayanıx,

Gündüz qərarım yox, gecə uyanıx,

Ürək iynələnər, ciyarım yanıx,

Bir çarə qılmadı, yar nərdə qaldı?


Od aldı Bağdadın gülşanı, bağı,

Bəklərəm xəbərin axşam sabağı,

Hər birisi oldu bir qam çanağı,

Göz yaşım silmədi, yar nərdə qaldı?

Gündən-günə həsrət və fəlakət qorxusu içində qıvrılan Bağ­dad, nəhayət, məsələni sezməyə başlayır. Ona təsəlli verən­lərə dərd edir, heç cür təsəlli olmayır. Artıq vaqiənin qırxıncı günü əmi qızı­sının namərdliklə oynadığı qısqanclıq oyunundan xəbər­dar olur. Artıq iş-işdən keçmiş, dərdlərini dostlarına tök­məkdən başqa çarə tapmayır, əlinə sazı alaraq yanıq səslə:

Nədən ah çəkmiyəm, nədən yanmıyam,

Yetirmədi baxtım murada məni.

Nədən inildəməm, nədən sızdamam,

Bağrım ney tək saldı fəryada məni.

Eşq gölündə yelkənimiz üzərkən,

İqbal yeli məram üzrə əsərkən,

Fələk girdabına saldı, üzərkən

Cavanımı, qoydu qarda məni.
Bu dərdin oduna canmı dayanır?!

Xəyalıynan gözüm al qan boyanır.

Bağdadam, ahıma dağ, daş dayanır,

Qədər yetirmədi bir şada məni.

Acı kədər zəhərini dadan Bağdad heç cür sakitləşə bilmir. Qa­pısının çərçivəsini sındıran dostlarının, qonşularının bit­məz-tü­kənməz dil tökmələrinə, çarə aramalarına heç cür razılaşmır. Ək­sinə, ziyarətinə gələnləri sazı və yanıqlı sözü ilə ağladır, özü də ağlardı. Saçlarının ağarmasını, yanan canını hey misal çəkə­rək, fə­ləyin, çərxi-dövranın kəc vurduğunu söylə­mək­də idi. Belə ki:

Soldu gül-gülşənim bahar çağında,

Bozardı sünbülüm süsən dağında.

Yandı canım hicran, qəm ocağında,

Ağı qoydı, zəhər etdi aşımı.
Mana dellər: Bağdad burax bu dərdi,

Məndə olan dərdi hansı gül gördü?!

Fələk çarxı dövranımı kəc vurdu,

Gecə-gündüz fiqan etdi işimi.

Aradan həftələr, aylar keçdi; fikir və nigarançılıqdan zəif dü­şən Bağdad yanıb-yaxılmaqda, acı bir həyat keçirməkdə idi. Onun bu halına dayana bilməyən kənd qız və qadınları yanıb-ya­xıl­mağı­nın səbəbini sormaqla zavallı Bağdadın yarasını təzə­lə­məkdə idilər. O da durmadan, yorulmadan, ölümü arzu­larcasına sev­gilisini yaxan eşq odunu tərənnüm etməkdən yorulmazdı. O halını soruşanlara:

Analar, bacılar halım sorarsız,

Bir eşqdəndi məni tüttürür bu od.

Əzəl quruluşu nuri-Əhməddən,

Aləmi bir-birinə tutdurur bu od.

Adəm ata oldu Havvaya aşiq,

Yedi buğdanı düşdü dünyaya aşiq.

Ondan doğulanlar da bir aya aşiq,

Uğruna canlar sərf etdirir bu od.
Hökmdar Nəbiyə, hünkara, şaha:

Təsiri yetişir şəms ilə maha.

Hər bir məxluq uğrar mütləq bir raha,

Var-yoxu yoluna satdırır bu od.


Bu oddandı pərvan can atar nara,

Həm göysünü dəldirir xara,

Of demədən Mansır çəkilir dara,

İrzaynan ağunu uddurur bu od.


Bu oddandı Məcnun gəzdi səhranı,

“Leyla, Leyla” deyib buldu mövlanı.

Fərhad külüng çalıb dəldi qayanı,

Dağları yerindən atdırır bu od.


Bu odun yamanı tutuşmasıdır,

Ayrılıq yelindən tütüşməsidir.

Ölüm ataşıyla qatışmasıdır,

Dəryalar kar etməz, çatdırır bu od.


Kəm baxtım bu hala devran eylədi,

Gözüm al qan, sözüm fiğan eylədi,

Bağdadın bağrını şan-şan eylədi,

Hər dəm əcəl aşın daddırır bu od.

Nəhayət, gündən-günə çökməyə başlayan Bağdad xanımın saç­­larına dən düşmüş, eşq atəşilə sevgilisinə qovuşmağa hazır­lan­mışdır. Bu dünyada ala bilmədiyi kamını o biri dünyada tapa­cağına inanırdı. Ölüm döşəyinə düşdükdən sonra, sazını əlinə ala­raq, bu yanıqlı qoşmasıyla arzuladığı səadətə çatmışdır:

Dərdim var dağa bədəl,

Ah etdi müşgül məni,

Çiçəyim ağa bədəl,

Sardı muydan çal məni.
Halıma yandı mələk,

Dilimdə qaldı dilək,

Yar ocağına fələk

Həsrət qoydu bil məni.


Göy dağda sünbülüdüm,

Sam yeli əsdi, soldum.

Qızıl qonça gülüdüm,

Sarmadı bülbül məni.


Göldə ötüşən sona,

Çalxanıb batma qana,

Tez qovuşardım ona,

Qoymaz ərkan, yol məni.


Durnam səni dinlərəm,

Dərd dilindən anlaram,

Sinəm şan-şan inlərəm,

Qaval sanar el məni.


Al tökdüm, geydim qara,

Öybəöy canım yara,

Təbib yox, qıla çara,

Fəth edər bu hal məni.


Bağdad, nə tökdün qan-yaş,

Binamda qalmadı daş,

Veyranım oldu ataş,

Axır edər kül məni.

Tərtəmiz bir eşqə ruhunu, canını təslim edən Bağdad xa­nım hü­dudboyu tərəkəmə xalqının dilində hələ də bir məhəbbət das­ta­nı­nın ünlü qəhrəmanı olaraq yaşamaqdadır.

Məhəmməd Əmin RƏSULZADƏ
DƏDƏ QORQUD” DASTANLARI
Türk xalq ədəbiyyatının şah əsəri olan bu dastanlar son il­lə­rin hər günkü siyasi mövzusunu təşkil etdilər. Azğınlaşan bol­şe­vik ruslaşdırma siyasətinə əsasən, bunlar, azərbaycanlı aydın­ları ye­nidən ələyib qızıl qəlbirdən keçirməyə vəsilə oldular.

“Kitab-i Dədə Qorqud əla lisani taife-i Oğuzan” adını da­şı­yan XVI əsrdə yazılmış bir nüsxəyə ilk dəfə Almaniya Krallıq Ki­tablığının arxivini tənzim­ləyər­kən, Fleyşer (Fleicher) rast gəldi. Da­ha sonra Bartold (Barthold), Dits, Noldke və sairə kimi alimlər tə­rəfindən incələnən bu dastanlardan bir qismi müxtəlif Avropa dil­lərinə çevrildi. On iki dastanı ehtiva edən bu kitab haqqında təd­qiqatlar yazıldı və mübahisələr edildi. Nəticədə, Dədə Qorqud və ya Qorqud Atanın tarixi deyil, Xızır kimi əfsa­nəvi şəxsiyyət ol­du­ğu üzərində duruldu; dastanların da Azər­baycan ərazisində və Azər­baycan xalqı tərəfindən yaradılan bir əsər olduğu qənaətinə va­rıldı.

X-XI yüzillərdə Orta Asiyadan Azərbaycana külli miqdar­da türk­mən tayfaları gəldilər. Bunlar özlərilə bərabər oğuz qəh­rə­man­lıq xatirələrini də gətirmişdilər. Yerli Azər­baycan şərt­lərinə uyan bu xatirələr bədii ədəbiyyat və dastan şəkli­ni aldılar. “Dədə Qor­qud” dastanları məhz bu dastan­lardandır.

Dastanlardan on biri qəhrəmanların vətən, namus, din və tay­fa birliyi uğrunda apardıqları savaşlara və bu savaş meydan­la­rın­da göstərdikləri igidlik səhnələrinə ayrılmışdır, birində də Əz­ra­yıl kimi mövhumi qüvvətə qarşı edilən savaş təsvir olunur.

Bu savaşlar Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə qa­lası, Göyçə gölü, Dərəşam kimi Azərbaycan yerlərində, gürcü, ab­­xaz və erməni kimi qonşu məmlə­kətlərdə cərəyan edir. Das­tan­la­rın yazıldığı dil Azərbaycan şivəsinin bütün özəl­liklərinə ma­lik­dir. Bunlarda anladılan həyat şərtləri də Azər­baycandakı həyat şərt­lə­rinin eynidir.

“Dədə Qorqud” qəhrəmanları qeyri-adi qəhrəman­lı­ğın, sə­da­­qət və bağlılığın, cəsarət və fədakarlığın mükəmməl bir timsa­lı­dır­lar. Bunlar vətən sevgisi, din qeyrəti, hürriyyət eşqi, ailə bağ­lı­lı­ğı, boylar (tayfalar) arasında birlik hissi ilə hərəkət edirlər. Xalq di­linin sadə bəlağəti ilə yaradılan “Dədə Qorqud” tablola­rının can­lılığı oxucuları həyəcan və heyranlıq içində saxlayır.

Dastanların baş qəhrəmanlarından Salur Qazan, uğursuz bir təsa­düf nəticəsində düşdüyü əsarətdə belə xarakterindəki əsilza­də­li­yi və cəsarəti zərrə qədər pozmadan, düşmənə qarşı söylədiyi mo­noloqu bu sözlərlə tamamlayır:

– Əlinə düşmüşəm, məni öldür, qılıncından qorxmuram. Öz elimi, öz qövmümü söymərəm!

Qazanın oğlu Uruz da, atası kimi, əyilməz və yenilməz bir igid­dir. O, namus uğrunda çəngəldən asılıb, ətinin tikə-tikə doğ­ran­­masına razı olur, anasının tanınıb, düşmən məclisinə apa­rıl­ma­ma­sı üçün hər cür əzab və işgəncəyə qatlanır. Qazan xanın ət­ra­fın­da Bozatlı1 Beyrək, Dirsə xan oğlu Buğac kimi qəhrəman oğuz bəy­ləri sırasında yer alan Qaraca çobanın timsalı da çox ma­raq­lıdır. Sadə, bəylərin deyil, çobanların da mərd, fədakar bir el və oba müdafiəçisi olduğunu təmsil edən igid çoban təkbaşına altı yüz düşmənlə qarşılaşır, vəd olunan hədiyyələrə uymur, edilən təh­did­lərdən qorxmur. Təpədən dırnağa qədər silahlı olan düş­mən­lərlə əlindəki sapandı ilə döyüşür. Altı yüz yağı (düşmən) onun üzərinə dolu kimi ox yağdırırsa da, o ruhdan düşmür. Daşı tükənincə, sapandına qoyun və keçi qo­yub atır. Yağının gözünü qorxudur. Ona “arıq bir toğlu” olsun be­lə vermir.

“Dədə Qorqud” dastanlarında qadınlar da igiddir. Kişilər ki­mi qeyrətli, vətənpərvər, cəsarətli və mərddirlər. Qadın ərinə, ana oğ­luna, bacı qardaşına hərarətli sevgi ilə bağlıdır. Nişanlı qızların sə­daqət və fədakarlıqları isə dastanların əsas motiv­lərindəndir.

Dirsə xanın arvadı oğlunun ovdan dönmədiyini görüncə, atı­nın belinə atlanır, “qırx incə belli qız”la onu axtarmağa gedir; ya­ralı oğlunu tapıb gətirir. Qazanın oğlu əsir düşdükdə Boyu uzun Burla xatun silahlanır, oğlunu qurtarmağa gedən ərini təqib edir, adlı-sanlı qəhrəmanlar sırasında savaşır. Selcan xatun ni­şan­lı­sı Qanturalı ilə çiyin-çiyinə vuruşur. Düşməni yerə sərərək, ya­ra­lı nişanlısının başı üstünə gəlir: “Yağının bir ucu sənin, bir ucu da mə­nim”, – deyə cəbhə alır. Selcan xatun, Dədə Qorqud üslubu ilə söy­lərsək, “Qız xalqı arasında ov ovlayıb, quş quşlaması, sağına so­­luna iki qoşa yay çəkməsi, atdığı oxun yerə düşməməsi” ilə məş­hurdur. Dəli Dom­rulun “Öz canına əvəz bir can aradığını” du­­yan arvadı ona: “Mənim canım sənin canına qurban olsun”, – de­yir.

Dastanlarda qadınlara verilən yüksək mövqenin misallarını bu­rada tamamilə verib bitirə bilmərik; buna məqaləmizin həcmi im­kan vermir. Bu qədərini qeyd edək ki, dastanlara görə, “Ana haq­qı, Tanrı haqqıdır!..”

İslam dinindən təsirlənmiş olan dastanlarda əsas mühit isla­mi­yyətdən əvvəlki etiqadlarla iç-içədir. Qəhrəmanlar daha çox tə­bi­ət qüvvələrinə tapınırlar. Hər dastanın sonunda xeyir-duası ilə ha­zır olan və ən çətin zamanlarda müşkülləri həll etməyə bir öv­li­ya məsləhətlərilə yetişən Dədə Qorqud elin mənəvi atası, birliyin sim­voludur. O bir atadır, Qorqud ata!

Biz burada dastanların ədəbiyyat və sənət baxımından təhli­li­nə girişmədən, sadəcə ideoloji tərəflərinə diqqət edirik. Bu ba­xım­dan yazımıızı xülasə edəsi olsaq, deyə bilərik ki:

“Dədə Qorqud” dastanları vətən, din, hürriyyət, eşq, sə­da­qət və fədakarlıq hisslərini aşılayan milli bir əsərdir.

1950-ci ilə qədər faydalı bir xalq əsəri olaraq, mənim­sənilən və dərsliklərə salınaraq sovet Azərbaycanının məktəb­lərində oxut­­durulan “Dədə Qorqud” dastanları göz­dən düşdülər. Sovet ədə­­biyyat tənqidçiləri ilə müəllim­lərinin yaxın bir keç­mişdə təqdir­edi­ci bir üslubda yüksəltdikləri bu şah əsər indi “zəif və zərərli bir əsər” deyə, dərsliklərdən çıxarıldı, kitab­xana­lardan atıldı. “Millət­çi­lik, dinçilik, bərabərlik”in rəvac verəni “inqilab ideologiyasına zidd, fəsad törədən bir əsər” deyə elan edildi. Əsəri bu günə qə­dər idealizə edən şəxslər isə “sovet əleyh­darı, ziyanlı insanlar” de­yə bütün mövqelərindən çıxarıl­dılar.

Dədə Qorqud – türk və Azərbaycan xalqının bir nurani piri – indi “bir irtica və gerilik rəmzi” deyə elan edilir.

Əlbəttə, çoban ilə xanın, ata ilə oğulun, ər və arvadın, bacı ilə qardaşın qarşılıqlı sevgiləri ilə boylar (tayfalar) arasındakı qar­daş­lıq və birlik hisslərini, bir sözlə, insan topluluğunu təşkil edən bü­tün sinif və təbəqələr arasında vətən və ailə kimi mənəvi ortaq də­yərlər naminə birləşib qaynaşmanı və bu uğurdakı qəh­rə­man­lıq­la mübarizəni mədh edən mürşid bir Pirə, bütün bu anlamların aman­sız düşməni olan bolşeviklər necə dözə bilər?!.

Onlar “sovet patriotizmi” deyə ortaya atdıqları və Sovetlər Birliyində olan qeyri-rus bütün millətlərin “ağabəyi” rus millə­tinin an­caq icazə verəcəyi fikirlər xaricində bir sıra milli və və­təni əsas­la­rı qoruyan “seperatist (təfriqə)” ideologiyalara qətiy­yən dözə bil­məzlər. “Sovet patriotizmi”nə zidd hər cür ideolo­giyanın kökü­nü kəsmək, sovet hökumətinin israrla tətbiq etdiyi əsas siyasətdir. Bu siyasət baxımından yerli tarix və ədəbiyyat fəxrlərini idealizə et­mək bu yerlərdə yaşayan “kiçik qardaş”ların “böyük qardaş”– rus ağabəyisi ilə (!) birləşməyə əngəldir. Bu əngəli xatırladan ən ki­çik şey təhlükəli bir amil kimi kəsilib atılmalıdır.

“Dədə Qorqud” məhz bunun üçün rədd edilir.


Məhəmməd Əmin RƏSULZADƏ
DƏDƏ QORQUD” OĞUZNAMƏLƏRİ
Kırzıoğlu Mustafa Fəxrəddinin bu başlıq altında bir əsəri çap edilmişdir1.

Dörd kitab halında hazırlanan əsərin nəşr olunan qismi bi­rin­ci kitabdır. Digər üç kitab sonra basılacaqdır. Əlimizdəki 132 sə­hifə tutan cildin üz qabığında bunu oxuyuruq: “Bu dastanların Ki­çik Arsaklılara – Arşakunik dövlətini (m.ö. 149 – m.s. 429) qu­ran əski oğuzlara aid olduğunu bir sıra dəlillər isbat edir. “Erməni ta­rixi”nin iç üzünü, gerçək mahiyyətini göstərir”.

Kitabın içindəki mövzuların üz qabığında verilən mündə­ri­ca­tına bir göz gəzdirməklə bunların nə qədər orijinal olduğu bizi dər­hal maraqlandırır. Gürcüstandakı Orbelian ailəsinin, erməni Ma­mikonyan sülaləsinin, Dağıstandakı Şamkallıların və Azər­bay­can­dakı Baranlı­ların (Qoyunlular) mənşələrinə dair verilən ma­raq­lı məlumatın “Dədə Qorqud” hekayələri ilə sımsıx bağlı olduğunu gö­rürük.

Kitabın “Başlanğıc qismi”ni oxuyuruq. Müəllifin böyük bir sev­gi ilə mövzuya bağlı olduğunu dərhal anlayırıq. “Qurandan son­ra ən çox oxuduğum kitab”, - deyə bəhs etdiyi “Dədə Qor­qud” kitabına M.Fəxrəddin qəlbən aşiqdir. Bu eşqlə o illərlə çalış­mış, araşdırmış, nəhayət, böyük bir sevinc içində mühüm bir kəşf et­diyi qənaətinə gəlmişdir.

“Dədə Qorqud” haqqında bu günə qədər bütün dünyada nəşr olunan əsərləri və bu mövzu ilə əlaqədar bütün oğuz rəvayət və mən­qibələrini tədqiq edən müəllif mütəxəssislərin XIV-XV yüzil­­lərə aid etdiyi hekayələrin daha əski dövrlərə aid olması nə­ti­cə­sinə varmışdır.

“Bütün oğuz dastanları və çox yayılmış canlı ənənələrinin Ar­saklılar çağındakı oğuzların həm də “Armeni” adlanan Şərqi Ana­dolu, Azərbaycan və Gürcüstandakı 6 əsrə varan hakim və son­ra da dağınıq bəyliklər halındakı yaşayışına aid olduğunu əsas­lı dəlillərlə təsbit edən” M.Fəxrəddin “ulu tanrının aciz quluna ver­diyi belə bir imkana” çox sevinir. Onun fikrincə, bu kəşf “ümum­türk tarixi üçün “Orxon və Yenisey” yazılarının oxunması də­rəcəsində və bəlkə də, onlardan daha mühümdür”.

“Anadolu və Ön Asiya türk tarixinin, əldə edilən bu kəşflə, – M.Fəxrəddin söyləyir, – yeni-yeni öyrənilən qaynaqlardan sü­zü­lən əsaslı faktlara görə, başdan yenidən yazılması lazım gə­lə­cək­dir. Arsaklıların türkmən və oğuzlardan ibarət olduğunu anlayıb çöz­­məyə yarayan “Dədə Qorqud oğuznamələri” sayəsində milli hə­ya­tımızda və elm aləmində yeni baxış və anlayışlar ya­ra­na­caq­dır”.

Bu iddialı əsərin başlanğıcdan sonra gələn “Giriş” qismi Bö­yük Part İmperatorluğunu quran Arsaklıların türklüyünə ayrıl­mış­dır. Bu bölümün ilk fəslində 90 ildən bəri türk tarixçiliyində Part­ların türk­lüyündən bəhs edən müəlliflərin araşdırmaları xüla­sə edilmiş, ikin­ci fəslində də oğuznamələr ilə başqa yazılı xatirə­lərdə oğuzların Şər­qi Anadolu, Azərbaycan və Gürcüstanda qə­dimdən möv­cud­lu­ğu­nun təfsilatı verilmişdir. Kitabın ikinci bö­lü­mündə oğuz­na­mə­lər­dəki yer adları diqqətlə və ətraflı surətdə incələnmiş və bunların bu günkü durumları ilə əski dövrlərdəki durumları arasındakı bağ­lar təsbit olunmuşdur. Kitaba Şərqi Anadolu, Azərbaycan, Gür­cüs­tan və Dağıstanın ətrafını əhatə edən bir oğuz xəritəsi əlavə edil­miş və bu xəritədə “Dədə Qor­qud” və digər oğuznamələrdə xa­tırlanan yer adları göstəril­miş­dir. Cildə bir də 122 kitab adını əha­tə edən zəngin bir biblio­qrafiya əlavə edil­miş­dir.

Müəllifin on beş ildən bəri bu işə könül verməsi və böyük bir dözüm və səbrlə çalışmasının bir məhsulu olan bu əsərin mütə­xəs­sis tarixçilər tərəfindən xüsusi diqqətlə qarşılanmasını umur, mü­əllifin də digər üç kitabın nəşrinə dərhal müvəffəq olmasını ürək­dən diləyirik.

Azərbaycan və ümumiyyətlə, Ön Asiya tarixi üçün bi­la­va­si­tə önəm daşıyan bu araşdırmaların sevindirici kəşflərinin bü­tün­lük­lə, hamımızı sevindirərək, qəbul olunmasını cani-dildən diləyir və hər şeydən öncə, elm sevgisi və qeyrətilə çalışdığı aşkar gö­rü­nən müəllifi səmimiyyətlə təbrik edirik.

Elm və xüsusən tarix elmi ilə maraqlanan oxucularımıza M.Fəxrəddinin bu əsərini görmələrini ciddiyyətlə tövsiyə edirik.

Qeyd: Arsaklılara iranlılar “Eşkaniyan”, avropalılar “Ars­aci­des”, əski ermənilər “Baglivig, Bahlavani” və Qərb qoluna da “Ar­­saguni” deməkdədir.







Məhəmməd Əmin RƏSULZADƏ
NOVRUZ BAYRAMI
“Vətən” qəzetinin sənət və ədəbiyyata ayırdığı bir səhi­fədə ədə­biyyatçılardan Abdulbaki Gölpınarlı “Nov­ruz=Ye­ni­gün” baş­lığı ilə əski İstanbul qəzetlərinin eynən “Nov­­ru­ziyə”lərini xatır­ladan gözəl bir məqalə nəşr etdi.

Mövlananın, Füzulinin, Nədimin və xalq şairlərinin təbiə­tin yeniləndiyini, baharın gəlməsini öyərək, Novruza sevi­nən par­ça­­­larını nəql edən bu yazıda “Bütün bayramların inancla, xa­ti­rəy­lə, ənənəylə, duyğuyla” sıx əlaqəsi olduğu qeyd edilir, fəqət “bir bay­ramdan başqa heç heç birinin təbiətlə dərin bir bağı yox­dur”, – de­yilir.

Mövzu, azərbaycanlılar kimi söylərsək, Novruz­dur. Nov­ruz bayramında, bütün bayramlar kimi, – Gölpınarlının ifadəsiy­lə – “kitablardan kitablara, beytlərdən beytlərə, ağızlardan ağız­lara ke­çən, oxunan və söylənən nağıl ünsürləri vardır, ənə­nələrdə yı­xıl­­maz, sarsılmaz bir yeri vardır, hətta müsəl­manlıqdan sonra o gü­nə əlavə edilən təsadüflərlə islami təsirlər vardır, amma əsl xa­rak­teri gerçək, tam bir gerçək təbiət bayramı olmasıdır”.

Klassik Şərq ədəbiyyatının doymadan tərənnüm etdiyi Nov­ru­zun müxtəlif kültürlərin qarışdığı Azərbaycanda özəl bir yeri var­­dır. Novruz ənənəsini nağıllardakı Cəmşidin taxta çıx­ma­sına bağ­layan İran rəvayəti bu yaranma mərasiminin Azərbay­canda ol­du­ğunu təsəvvür edər. Klassik sözlük “Bürhane-qa­te”nin yaz­dı­ğı­na görə, Cəmşid dünyanın hər tərəfini gəzmiş, Azərbaycana gəl­miş, buranı bəyənmiş, gündoğana baxan yüksək bir təpənin üs­tün­də bir taxt qurduraraq, şahanə əlbisələr geymiş olduğu halda bu tax­ta oturmuşdur. Başında daş-qaşlı və parıltılı bir tac varmış. Gü­nəş doğarkən, işığı bu tac və taxta düşüncə, bütün o yerləri nu­ra qərq etmiş və hər kəs bu durumu xeyirə yozaraq, olduqca se­vinmiş və bu günü Yenigün (Novruz) deyə, elan etmişdirlər.

Sasanilər dövründə mövcud olan Novruz ənənələri Yəz­di­gürd zamanında qadağan edilmişdi. Ərəb istilası nəti­cəsində mü­səl­man olan İranda bu ənənəyə önəm verilməmiş, sünni İran Nov­ru­zu bilməmişdir. İrandakı türklərdən mütəşəkkil əsgəri qüvvəyə zor­la şiəliyi qəbul etdirən səfəvilər bu ənənəni canlan­dırmışlar. Şiəliyin təsiriylə “Cəmşid”in taxtına “Həzrət Əli” çıxmışdır.

Ustad Köprülü 1927-ci il tarixli “Həyat” dərgisinin I cild 18-ci sayında yazdığı “Novruz” məqaləsində Üçüncü Əhməd za­ma­­nında səfirliklə İrana göndərilən Dürri Əfəndinin səfəvi sa­rayın­dakı Novruz mərasimi haqqında verdiyi məlumatı nəql edir.

Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bay­ram olaraq, rəsmən qeyd olunurdu. O gün bütün millətlə bə­ra­bər dövlət müəssisələri də çalışmazdı. Hökumət tərəfindən mə­ra­sim hazırlanır, ordunun keçid mərasimi icra olunurdu. Bu müna­si­bət­lə Azərbaycan Kültür Dərnəyinin tərtib etdiyi 21 Mart tarixli top­lantıda 1920-ci ildə icra olunan Novruz rəsmi keçi­dinin bir xa­ti­rəsi anıldı.

Milli Hökumətin qurulmasına təsadüf edən illərdə belə for­ma­­laşan milli hərəkat və ümumi türkçülük davasında Novruz və ya Yeni günün özəl bir yeri olmuşdur. Türkçülük və mil­liyyətçilik yo­­luna girən Azərbaycanda Novruz bayramı Cəmşid və ya şiə səfəvi ənənələrinə deyil, Ərgənəkon əfsanəsinə bağlanır və adına da “Qurtuluş bayramı” deyilirdi. Əsrlərlə ətrafını saran dağlar ara­sın­­da əsir qalan türklər bir dəmirçinin mərifəti və Boz Qurdun bə­ləd­­çiliyi ilə əsarətdən qurtularaq geniş dünyaya qo­vuşmuş və hürr ol­muşlar. 9 martda baş verən bu uğurlu hadisə, yeni təqvimlə 21 mar­­ta təsadüf edən bir Yeni gündə, bir Nov­ruzda olmuşdur.

Azərbaycanda Qurban və Ramazan bayramlarından daha par­laq surətdə icra olunan bu bayramın milliyyətçi mətbuat və nəşr­lərdəki adı “Yeni gün” və ya “Qurtuluş bayramı” idi. Azər­bay­can gəncliyinin çarizmə qarşı girişdiyi gizli qurtuluş hərə­ka­tın­da bu bayrama həsr olunan özəl toplantılarda “Ərgənəkon” əfsa­nə­si anladılırdı. Eyni zamanda, Bakıdakı Müsəlman Xeyriy­yə Cə­miy­yətinin təşəbbüsü ilə İsmailiyyə binasının möhtəşəm salo­nunda ümu­mi bir bayramlaşma mərasimi tərtib olunurdu.

Bunlardan, çarizmin devrildiyi 1917-ci ilə təsadüf edən Nov­­ruz bayramlaşması çox həyəcanlı olmuşdur. Bu bayram­laş­ma­da hürriyyətin istibdada qələbəsini xeyir allahı Hörmüzün şər al­lahı Əhrimənə qələbə çalması ilə müqayisə etmiş olduğumu ar­ka­da­şı­mız Ə.Yurdsevər mənə son günlərdə bir vəsilə ilə xatır­lat­mış­dı.

İran-Turan kültürünü özündə birləşdirən Novruz bayramı Azər­baycandakı özəlliyilə nağıldan artıq gerçək bir təbiət, həyat və hürriyyət bayramı olaraq xalq kütlələrinin adət və ənə­nələrində yer almaqdadır və əsl dəyəri də bu nöqtədədir. Qəməri təqvimə gö­rə, Qurban və Ramazan bayramları bəzən qışa, bəzən bahara, bə­zən yaza, bəzən də payıza rastlayarlar. Halbuki Nov­ruz bay­ra­mı sabit bir tarixdə keçirilməkdədir. Qaranlıq və soyuq qışdan ay­dın­lıq və ilıq bahara çıxmaqla Novruz bayramı gəlmiş olur. Əv­vəl­kiləri dini, bəsit bir mərasimlə keçirən Azərbaycan, o birini, sö­zün tam mənasıyla, yeni bir gün, yeni bir həyat başlan­ğıcı kimi qar­şılayar.

Bu bayramda hər şey yenilənir, hələ uşaqlara mütləq yeni əl­bisələr geydirilir. Övladlarını sevindirmək üçün ən kasıb ailələr bütün imkanlarını sərf edərlər. Türkiyədəki Şəkər bayramı kimi, Azər­baycandakı Novruz bayramı da üç gün davam edər. Bütün ailələr bir-birlərini evlərində ziyarət edər, bayramlaşarlar. Süf­rə­lə­ri hər cür şirniyyatlarla bəzədilmiş olan evlərin qapıları bütün bay­ram günlərində ziyarətçilərə açıq saxlanılır.

Bayrama təsadüf edən dörd həftənin “üskü” adlanan çər­şən­bə günlərində “tonqal” deyilən atəşlər yandırılar və gənclər bu atəş­lər üzərindən atılar, əylənərlər. Həmçinin masqara qılıq­larına gi­rərək, qapı-qapı dolaşan “Kos-kosa” (Karnaval)ların halı da çox əy­lən­cəlidir. Əsl bayram günlərində isə uşaqların ayrı-ayrı qrup təş­kil edərək, ailədən ailəyə gedərək xor halında:
“Gəldi Novruz bayramı, açıldı güllər, lalələr,

Səbzəpuş oldu çəmənlər, bülbül eylər nalələr”, –

mət­ləsilə başlayan bir “Novruziyə” oxumaları vardır ki, bu özlü­yün­də bir şeir, bir bahardır.

Fəqət bütün bunlar indi yalnız tarixdir. Yuxarıdakı he­ka­yə­də zatən keçmişin təsviri anladılmalı idi. Çünki sovet istilası altın­da­­kı Azərbaycanda Novruz ənənəsinin halı mərhum Şəm­səddin Sa­­mi bəyin “Gaveyi-ahəngər” (“Dəmirçi Gavə”) pyesində təsvir et­­diyi Novruz səhnəsi halındadır. Bu pyesdə bahar və günəş kul­tu­­nu bir Novruz günündə kəşf edən insanlar qorxunc bir istibdad re­­jimi quran Zöhhakın qaniçən cəlladları tərəfindən təqib olu­nur­lar.

“Novruz günüdür, günəş doğur”,– deyə təbiətə tapınan hür­riy­­yət möminlərini necə Zöhhakın cəlladları yaxalayıb öldü­rür­lər­sə, hürriyyət və istiqlal aşiqi çağdaş azərbaycanlılar da Zöh­hak re­ji­mi, yəni QPU1 idarəsinin eyni zülm və təqibatına mə­ruz qalır­lar. Nov­ruz bugünkü sovet əsiri Azərbaycanında daha ya­saqlanmış gün­lərdəndir. Gözəl bir təbiət və təbii qurtuluş bay­ramı, milli bir xalq ənənəsi olduğu üçün Novruz qadağan edil­mişdir. Bu yasaq ona bütün gözəllik və gözəllikləri üstündə yeni bir məna və əhə­miy­yət bağışlamış, bizi onun həsrətini çəkməyə daha qüvvətli bir və­silə vermişdir.

Bəli, zamanın axını və şərtlərin dəyişməsilə kültürəl, siyasi və dini hadisələrdən təsirlənən, bütün insanlığa şamil bu təbiət bay­ramı Novruzun Azərbaycan xalq ənənələrində sarsılmaz bir yeri vardır. Gerçək bir təbiət, yenidən doğuş, qurtuluş və yeni­lən­mə simvolu olan bu gün Azərbaycan folkloruna daxil olmuş, hə­qi­­qi bir ənənə halını almış, xalq bayramı olmuşdur.

Bir millətin təşəkkülündə dil, din və tarix qədər ənənənin də önəm­li bir rolu vardır; hətta bəzi sosioloq və filosoflar bu sonun­cu­ya xüsusi əhəmiyyət verirlər.

Çağdaş demokratiya anlayışı baxımından diqqətdən kənar qalması müm­­kün olmayan xalq ənənəsinə, insanlıq ideallarına əngəl ol­maması şər­tilə, önəm vermək, onu təşviq etmək bir zərurət, bir və­zifədir.

Yaxın bir gələcəkdə, Hürmüz taleli bir zəfər günündə sovet “Ergenekon”undan qurtulacaq Azərbaycanda yeni bir günün gələ­cəyinə şübhə etməyək.

Novruz ənənəsinin “il təhvili” deyilən bir ənənəsi vardır. Köh­nə ilin yeni ilə keçdiyi, gecə ilə gündüzün tam bərabər ol­duğu sa­ata “təhvil saatı” deyilir. Təhvil saatında bütün ailə üzv­ləri xonça adlanan bir süfrənin başına toplanırlar. Şamlar yan­dırılır. Ailə baş­çısı Novruz duasını oxuyur. Dua budur:

“Ya mukallibəl kulubi vəl absar,

Ya müdəbbirəl leyli vən nahar,

Ya muhaviləl holi vəl əhval,

Həvvül halena ila əhsənül hal”.

Mənası belədir: “Ey qəlbləri və gözləri dəyişdirən, ey ge­cəni və gündüzü təqdir edən, ey hal və şərtləri başqalaşdıran Al­lah, bu­­günkü durumumuzu daha yaxşı bir duruma inqilab etdir!”


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin