MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 2,33 Mb.
səhifə4/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
1   2   3   4   5   6   7   8   9   ...   15

* * *

Xavər Aslan “Sözlü ədəbiyyatımızda həcv” adlı təd­qi­qa­tın­da incə, zərif xalq yu­morundan bəhs edərkən, ilk növbədə, bu möv­zudakı ata sözlərini təhlilə cəlb et­mişdir. Təd­qiqatçı onların gün­dəlik həyatın bütün məqamlarını özündə qısa, lakonik, lakin müdrik ifadə etdiyini bildirmiş, mövzu istiqamətlərini müəy­yən­ləş­dirmişdir.

Bundan əlavə, Xavər xanım öz tədqiqatlarında ba­ya­­­­tı­ları da təh­lilə cəlb etmiş, toplayaraq “Xə­zər” dərgisində nəşrinə nail ol­muş­dur. Xa­vər xanım “Sözlü ədəbiyyatımızda həcv” adlı məqa­lə­sin­də bayatıları “keç­mişimizi yaşadan, əski çağların izlərini da­şı­yan keçmiş nəsillərin, ata-babaların bağ­rından qopan həsrət dolu, sev­gi dolu, is­tək və arzu dolu, hikmət dolu nəğmələr” adlan­dır­mış, xalq ədə­biy­yatında bu janrın yalnız hüzn, kədər deyil, həm də in­cə yumor, acı gülüş do­ğuran nümunələrinin kifayət qədər ol­du­ğu­nu bildirmiş və çox maraqlı örnəkləri təqdim etmişdir. Ümu­miy­yətlə, folklor örnək­lərində xalq gülüşünün məna çalarları, fəl­sə­fəsi, magik mahiyyətilə bağlı professor Muxtar Kazım­oğlunun də­yərli tədqiqatları vardır. Mü­­hacirətdə bu haqda ayrıca araş­dır­ma aparılmasa da, yalnız müəy­yən mülahizələrə təsadüf etmək müm­­kündür. Belə ki, Xavər xanım “Sözlü ədə­biyyatımızda həcv” ad­lı tədqiqatında verdiyi atalar sözlə­rindəki gülüşü qısa şəkildə xa­rak­­terizə etmişdir.

B.Həqqinin “Ata sözlərinin kökləri və şifahi xalq ədə­biy­ya­tın­dan örnəklər” kitabında deyimlərin yarandığı mətnlər top­lan­mış­dır ki, onların mühüm bir qismi lətifə­lərdir. Tədqiqatçının Al­maniyanın Köln şəhərində 1997-ci və 1998-ci illərdə nəşr et­dir­di­yi “Ata sözlərinin kökləri və şifahi xalq ədəbiyyatından ör­nəklər” ad­lı kitabının mühüm bir qismi zərbi-məsəllərin (deyim­lərin) və ata­­lar sözlərinin tanıt­dırılmasına, təbli­ğinə və tədqiqinə həsr edil­miş­dir. “Ata sözlə­rinin kökləri” fəslində tarixən müx­təlif əfsanə, na­ğıl, rəvayət və s. ilə yanaşı, lətifələrlə bağlı (“Ye­timə ağlayan çox olur, çörək verən az olur”, “Hər rəngdən gör­müşdüm, bu rəng­dən görməmişdim”,”Eşşəyin quyruğu əvvəldən yoxmuş” və s.) yaranan deyimlər də toplan­mışdır.

Müəllif əfsanə, nağıl, rəvayət, lətifə və s. ilə əlaqədar ya­ra­nan təxminən yüz otuza qədər deyimin nəşət etdiyi, do­ğulduğu mətn­ləri verməklə bərabər, həmin ifadələrin mü­a­sir döv­rümüz­dəki iş­lənmə məqamlarını aydın­laşdı­r­mış­, onla­rın hər birinin in­for­matoru haq­qın­da da lazımi bilgiləri gös­tərmişdir. Almani­ya­nın Bonn şəhə­rin­də yaşayan gö­zəl sə­nətlər (incəsənət) tənqidçisi professor Əli Minai bu kitaba yazdığı “Bir neçə söz” adlı resen­ziyasında onun Azərbaycan folklorşünaslığı üçün mühüm elmi məziy­yətlərini diqqətə çatdırmış və yüksək dəyər­ləndir­mişdir

Kitabdakı deyimlərin Güney Azərbaycanın Təbriz, Tehran, Zən­can, Mərənd, Marağa, Sulduz kimi bölgələrilə yanaşı, Alma­ni­yanın Bonn, Berlin, Han­no­ver, Köln, həmçinin Bakı şəhərindən uzun illərdən bəri toplandığını infor­ma­­torlarla bağlı bilgilərə əsa­sən müəy­yənləşdirmək mümkündür və burada da bir məqam diq­qə­ti cəlb edir. Təbriz, Məşhəd, Bən­dərabbas, Qızılqala, Sə­­nən­­dəc zin­danlarında cəza cəkənlərin dilindən də ki­tabda deyim­lər top­lan­mışdır və bu fakt müəllifin ömrü boyu xalqının milli mənəvi sər­vətinin qorunma­sına olan ciddi qayğısını, ürək yanğısını gös­tər­məklə yanaşı, həmin məh­bəslərdə hələ də əzablar, ağrılar, iş­gən­cələr içə­risində azadlıq mü­ca­diləsi verən Behruz bəy və onun ki­mi digər Və­tən övladlarının adının əbə­di­ləş­mə­sinə gətirib çıxar­mış­dır.

Behruz Həqqi “Ata sözlərinin kökləri və şifahi xalq ədə­biy­ya­tından örnəklər” adlı kitabının “Güney Azərbaycandan bir neçə ata sözü” (“Güney Azer­baycan’dan bir kaç atasözü”), “Azər­bay­ca­nın Tikantəpə bölgəsindən bir neçə ata sö­zü və de­yim” (“Azer­bay­can’ın Tikantepe bölgesinden bir kaç atasözü ve de­yim”), “Mi­­yana şəhərindəki atasözü və deyimlərdən örnəklər” (“Mi­yana şeh­rin­deki ata­sözü ve deyimlerden örnekler”) adlı fəsillərinə qar­şılıq­lı şəkildə həm Türkiyə, həm də Azər­bay­can türk­cə­sində bu janr­dan örnəklər verməklə Azərbaycan xalqının müdrik kə­lam­la­rı­nı təbliğ etmək istəmişdir.
* * *

Mühacirət folklorşünaslığının ədəbi-nəzəri cəhətdən təhlilə cəlb etdiyi janrlardan biri də xalq mahnı­larıdır, bundan əlavə, onların toplanması, nəşri və təbliği ilə bağlı bu gün də aktu­llığını qoruyan təqdirəlayiq işlər görülmüşdür.

Türk xalqlarının musiqi mədəniyyətinin qədimliyi və zən­gin­liyi ilə bağlı Azərbaycan mühacirət folklorşünaslarının çox ma­raq­lı və maraqlı olduğu qədər düşündürücü tədqiqatları var­dır. Belə ki, Əhməd Cəfəroğlu “Cahan ədəbiyyatında türk qopu­zu” tədqi­qa­tın­da onların musiqiləri barədə məlumat vermiş, hət­ta bir mi­ni­atü­rə əsasən qədim dövrlərdə uyğur türklərinin müx­təlif mu­si­qi alət­lərinin və orkestrinin olması qənaətini də qeyd etmişdir.

M.H.Türkəqulun “Azərbaycan musiqisi” adlı məqaləsinin nəşr olunduğu “Azərbaycan” (Ankara) dərgisində verilən izahat­dan aydın olur ki, bu tədqiqat Ankara Xalq Evin­də keçirilən konf­rans­da etdiyi məruzə əsasında hazırlanmışdır. Türkəqul çı­xı­şına mu­­si­qinin xalqların varlığındakı dəyərini izah etməklə başlamış, fik­rini Pi­fa­qorun, Əflatunun, Russonun, ingi­lislərin və baş­qa­la­rı­nın söylə­diyi aforizmlərlə sübut etməyə çalış­mışdır.

Müəllif həm rəqslərin, həm də nəğmə­lərin yaranma tarixini araş­dırmağa çalışmış, fikrini dəqiqləşdirmək üçün müxtəlif əsa­tir­lər­dən örnəklər vermişdir. Lakin diqqəti cəlb edən əsas cəhət odur ki, Türkəqul burada Azər­baycan musiqisini ayrılıqda deyil, ümum­­türk kontekstində dəyərləndirmiş, onun tari­xən yunan, Misir, Şu­mer və başqaları ilə eyni vaxtda ya­ran­ması qənaətini də­lil­lərlə aş­kara çıxarmışdır.

Türkəqul nəğmələrin insanların üzərindəki qeyri-adi tə­si­ri­nin səbəblərini ya­radana minnətdarlıq və sevgi olduğunu aydın­laş­dır­­maqla yanaşı, onların çox qədim bir tarixi yaşatdıqlarını da əsas­­landıra bilmişdir.

“Azərbaycan musiqisi” məqaləsində M.H.Türkəqul bəşə­riy­­yə­tin bu sənət növü ilə ilk tanışlığını araşdırarkən, əsatir və əfsa­nə­lərə nəzər salmağı məqsə­dəuyğun hesab et­mişdir. Türkə­qul bu gö­zəl sə­nət nö­vü ilə bağlı yaranan əfsanələrə işarə edərək, yaz­mış­dır: “Rəva­yətə görə, əski yunan qəhrə­man­larından Orfe öz rü­ba­­bının nəğmə­ləriylə yalnız insan və heyvanları deyil, ağac­ları, qa­ya­ları da vəcdə gətirirmiş”. Əslində bu Orfey olmalıdır. Qədim yunan mifologiyasına görə, Orfey lirik musiqinin ən gözəl ifaçısı olmuşdur. Sfinksin atası Orf isə ikibaşlı köpək olmuş və Herakl tərəfindən öldürülmüşdür.

Qeyd etmək lazımdır ki, M.H.Türkəqulun “Azərbaycan” (Ankara) dərgisinin 1953-cü ilin yan­va­rında çıxan 10-cu sayında nəşr etdirdiyi “Koroğlu” ilk dəfə necə təmsil edil­di” məqaləsi ope­ranın 30 aprel 1937-ci ildə Bakıda keçirilən ilk ta­ma­şasına həsr olunsa da, burada xalq mahnılarına xüsusi diqqət yeti­ril­miş­dir. Məqalə mü­əl­­lifi Üzeyir bəyin məhz “Koroğlu”­nu mövzu seç­­mə­­sini onun xal­qa daha məhrəm bir əsər olması ilə izah etmişdir.

Uzun illər Amerikada mühacir ömrü sürən Əziz Özər “Tür­­ki­yədə azəri türkü və oyun havaları” adlı tədqiqatı ilə Azər­baycan xalq mahnılarının zərif­liyini və gözəlliyini tərənnüm etməklə ya­na­şı, bu gün də aktuallığını qoruyan bir məsələyə –Türkiyədə çox se­vilsə də, mahnı mətnlərinin əslinə müvafiq olaraq düzgün ifa edil­məməsi probleminə diqqəti yönəltmk is­təmişdir.

Xatırlatmaq lazımdır ki, mühacirət folklorşünasları artıq unu­­dulmuş, ifa edil­məyən xalq mahnılarını da üzə çıxararaq nəşr etdir­­mişlər. Ümumiyyətlə, xalq mahnılarının bəzən müəyyən bənd­ləri­nin ifa edilmədiyi üçün yaddaşlardan silinməsi adi bir prosesdir və buna bir çox mətnlərdə təsadüf etmək mümkündür. Məhz “Aman, ovçu” ,”Şuşanın dağları ”mahnısı da uzun bir yol keç­sə də, hələ tam şəkildə sirrini açmayan nadir sənət nü­mu­nə­lə­rin­dən biridir. Əziz Özərin “Azəri xalq türkü və oyun havaları” mə­qaləsində “Ovçu” adı ilə verdiyi “Aman ovçu” mahnısının son bən­di, demək olar ki, unudulmaq üzrədir. Qeyd etməliyik ki, “Azər­baycan” (Ankara) dərgisində həmin bəndin qismən fərq­lə­nən başqa bir variantı da verilmişdir:

Bir daş atdım, çaya düşdü.

Çaydan bir cüt sona uştu.

Mənim göylüm sana düştü,

Sənin gözün, ay balam, kimə düştü?

Bu mahnının həmin bəndinə Azərbaycandakı nəşrlərin heç bi­­rində təsadüf edilmir.

Azərbaycanda son illərdə nəşr olunan “Şuşanın dağları” mah­­nısının isə ilk bən­di­ni mühacirətdəki mətnlə müqayisə etsək, da­ha çox sonuncunun məntiqə uyğun gəldiyinin şahidi olarıq.

“Azərbaycan xalq mahnıları” kitabında:

Şuşanın dağları deyil dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə yoxdur gümanlı... –

kimi verilsə də, mühacirətdə:

Şuşanın dağları mavi dumanlı,

Qırmızı kömləkli, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxlar gümanlı, –

şəklində nəşr edilmişdir ki, fikrimizcə, bu təsvir Şuşanın du­man­lı dağ­larına daha çox yaraşdığı kimi, bu torpaqların dərdindən hər za­man ölməyə hazır olan və uzun illərdir onun itkisindən əzab çə­kən xalqımızın ruhuna da yaxındır. Eyni zamanda, bu bənddəki təs­vir (mavi duman – qırmızı kömlək – yaşıl tuman) müstəqil­li­yi­mi­zin əsas atributlarından olan üçrəngli bayrağımızı xatırlat­maq­da­dır.

* * *

Bu kitabda Türkiyə, Almaniya, Fransa, Amerika Birləşmiş Ştat­­­larında mühacir həyatı yaşayan ziyalılarımızın folklorla bağlı ya­zılarından az bir qismi toplanmışdır. Gələcəkdə bu iş davam et­di­riləcək, tədqiqatlarla yanaşı, mühacirətdə toplanaraq, dünya­nın müx­­təlif ölkələrində nəşr olunmuş folklor materialları da nəşr ediləcəkdir.

Mətnlər tərtib edilərkən, müəlliflərin yazı üslubu, işlətdik­ləri ifa­dələrin mümkün olduğu qədər əslinə uyğun şəkildə ve­rilməsinə çalışılmışdır.

Bir məqamı ayrıca qeyd etməyi özümüzə mənəvi borc bi­li­rik. Mühacirətdə yaşayıb yaradıcılıqla məşğul olan bu fədakar in­san­­ların əsərlərini Vətəndə nəşr etdirmək haqqında uzun illər dü­şün­­sək də, işə başlamaq üçün fürsət tapa bilmirdik. Lakin xoş bir tə­­sadüf bu böyük arzumuzun gerçəkləşməsinə səbəb oldu. Gör­kəmli folklorşünas alim, professor İsrafil Abbaslı əlimizdə mü­ha­­cirlərə aid tədqiqatların olduğunu biləndə AMEA Folklor İn­sti­tu­­tunun rəhbərliyindən onların nəşrinə kömək göstərilməsini xahiş et­di, lakin əfsuslar olsun, bu kitabı görə bilmədən dünya­sını də­yiş­di. Ona Allahdan rəhmət diləyirik, məzarı nurla dolsun!

Kitabın hazırlanmasında göstərdiyi diqqət və qayğıya görə Azər­baycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun di­rek­­toru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər dok­toru Mux­tar Kazımoğluna, bu qiymətli mənbələrin dünyanın müx­tə­lif ölkələrindən – Türkiyə, Rusiya, Böyük Britaniya, Al­maniya, Ame­­rika, Fransa, Polşa, İsveçrədən toplanmasında mad­di və mə­nə­vi yardımını əsirgəməyən professor Vaqif Sultanlıya, mətn­lərin oxu­nub islah olunmasında ciddi zəhmət çəkən filo­logiya üzrə fəlsəfə dok­toru Vəfa İsgəndərovaya minnətdar­lı­ğımızı bildiririk.

Bu kitab mühacirətdə folklorla bağlı aparılan tədqiqatların Vətən­də toplu şəklində nəşri istiqamətində ilk təşəbbüs olduğun­dan, təbii ki, müəyyən qüsurları da vardır. Buna görə də irad və tək­liflərini bildirəcək mütəxəssislərə öncədən təşəkkür edirik.


Almaz Həsənqızı,

filologiya üzrə elmlər doktoru



Əhməd CƏFƏROĞLU
AZƏRİ TÜRK HƏYATINDA BATİL ETİQADLAR1
(Qiymətli türkoloq, professor Əhməd Cəfəroğlu bu çox gö­zəl etüdündə türk folklorunun ən geniş və hətta bütün türk alə­mi­nə şa­mil sahələrindən birinə müraciət edir. Hər cəmiyyətdə daim can­lı­lı­ğını mühafizə edən batil etiqadlar xalqın fərdi və ailəvi hə­ya­tında ümu­­miy­yətlə çox təsirli və qüvvətli bir rol oynadığı halda, tür­koloji ba­­xım­dan ən az təmas edilmiş məsələ­lərdəndir. Müxtəlif türk qövm­­lərinin batil etiqadları arasında yaxın bir mü­nasibət var­dır. Möhtərəm Cəfəroğlunun azəri türk sahəsinə aid etdiyi etiqad­ların çox cüzi fərqlərlə Anadolu türklərində də eynilə mövcud ol­ma­sı bunların bü­tün türk qolla­rında müştərək şeylər olduğuna ən əsas dəlil deməkdir. Bu səbəbdən, fikrimizcə, bu sa­həyə aid ma­te­ri­alın tam olması üçün ilk görüləcək iş, məmləkətdən məmləkətə bu eti­qad­lar arasında möv­cud olan fərqləri müəyyən­ləşdirməkdən iba­rət­dir. Biz bunu təmin etmək üçün bu nüsxə­mizdən etibarən bir anket açırıq. İstər məmlə­kətimizin müxtəlif tərəflərinə, istərsə də xaric­dəki türk kütlələrinə mənsub ziyalı­lardan bu mühüm an­ket­də iştirak edərək türk folk­loruna xidmət etmələrini rica edirik. Ve­riləcək ca­vablarda qiymətli alimimiz Cəfə­roğlunun təsbit etdiyi nöq­tələr əsas tutulmalı və bun­ların Azərbaycandan başqa yerlərdə nə kimi fərqlər göstərdiyi təsbit edilməlidir. Cavablar sıra ilə nəşr edi­lə­cəkdir)2.
* * *

Azəri türklərinin həyatında mühüm rollar oynayan və oy­na­mış olan batil etiqadlar haqqında kiçicik bir məqaləyə belə rast gəl­mək imkanı yoxdur desəm, mübaliğə etməmiş olaram. İllərdən bə­ri məşğul olduğum azəri türk batil etiqadlarına dair ağızdan ağı­za dolaşan rəvayətlərlə müxtəlif yerlərdə bu gün belə hələ də tət­biq edilən bir yığın mərasim, şübhəsiz, azəri türk həyatını təsvir et­diyi qədər, onun düşüncə və xarakterini də aydınladacaq də­yər­də bir qiymətə layiqdir. Xüsusən azəri klas­sik ədəbiy­yatının da eti­­qadlardan təsirlənməsi və hətta bəzi etiqad­ların sə­mimi bir ədə­biy­yat mövzusu olması bu unu­dulmuş sahənin qiymətini bir qat da­ha artırmaqdadır. Bundan ötrüdür ki, illərdən bəri azəri türk­lə­ri­nin batil etiqadlarına dair xatırladığım və qismən öz ailə mü­hi­tim­də topladığım bir çox məlumatın bir qismini indilik xam ma­te­ri­al halında olmaq üzrə nəşrinə qərar verdim. Digər türk qövm­lə­ri­nin eyni etiqadları ilə geniş bir müqayisəyə ehtiyac olsa da, daha çox azəri həyatının batil etiqad vəziyyətini tanıtmaq qayəsində bu­lun­duğumdan hər hansı bir müqayisəli araşdırma tərzindən çə­kin­mə­yi lazım bildim. Sahəni yalnız Qafqaz Azər­baycanı ilə məh­dud­laş­dırmadım. Eyni zamanda, Cənub Azərbay­canını da (yəni İran Azər­baycanını da) nəzər-diqqətə aldım. Bu şə­kildə o geniş Azər­bay­can türk sahə­sini əhatə etməyə çalışdım. Bununla belə, Azər­bay­can türk batil etiqadını küll halında topladığım iddiasında ol­du­ğuma hökm edilməsin. Təkrar edim ki, topladığım material, yal­nız şəxsən mənim gördüyüm və hətta mərasim və icrasında iş­ti­rak etdiyim batil etiqadların kiçik bir hissəsidir. Qalan qismini də gə­ləcəkdə nəşr etdirməyə çalışacağam; bu şəkildə azəri türk batil eti­qadı bütöv­lükdə tanınmış olar.

Nəşr etdirdiyim material mənşə və xarakter etibarı ilə bir-bi­rin­dən fərqlidir. Bir qismi dini həyatdan doğduğu kimi, bir qismi də bu sahə türklərinin əski ənənəvi düşüncə və həyat tərzinin məh­suludur. Bu iki bariz nöqtəni ilk nəzərdə belə anlamaq imkanı ol­duğundan burada uzun təfsilata girişməyə lüzum görmədim. Ma­terial içərisində bir xeyli şamanizm yadigarları da vardır. On­la­rı gələcəkdə müxtəlif araşdırmalarda tamamlamaq lazım gə­lə­cək­dir. Belə ki, “Türklük” məcmuəsinin ikinci nüsxəsində nəşr et­dir­di­yim “Dodu-dodu” və “Gode-gode”dən də anlaşıldığı kimi şa­ma­nizm yadigarı olaraq bizə qədər çatan xalq məhsulları sırf Azər­baycan türklərinin məhsulu olaraq qalmamış, bu sahə türk­lər­inin bir qolu olan Anadolu türk sahəsində də, kiçik fərqlərlə, ey­nən mövcud olmuşlar. Araşdırma sahəsinin genişliyi, təqdir edil­məlidir ki, möv­zunun dəqiqliyinə xidmət və əldə ediləcək olan nə­ticənin də doğruluğuna təməl təşkil edir. Məhz bu üsula sadiq qal­maq istəyənlər üçün ilk faydalı olan vasitə materialdır. Nəşr et­dir­­diyimiz bu məqalə bu qayəyə doğru Azərbaycan türkləri üçün atıl­mış bir addımdır. Anadolu folklorşünaslarının bu yolda yü­rü­mək­də olduqlarını görməkdəyik. Hər halda, “Artıq mal göz çı­xar­maz” ata sözünə sadiq qalaraq, Türklük üçün əldən gələn edil­mə­li, əsirgənil­məməlidir. Nə də olsa, istiqbal türklüyündür.
Ölüm. Ağı
Ölü azərilər tərəfindən çox böyük hörmətlə anılır və ona gö­rə müxtəlif mərasimlər keçirilir. Hər şeydən əvvəl, ölünün ruhu and içmək üçün ən müqəddəs vasitələrdən biridir. Hər hansı bir azə­ri yə­min etmək istərsə, dərhal ölən ata və analarının məzarına, ru­hu­na and içməkdən çəkinməz. Ən böyük təhqir isə ölüsünə və ya ölmüş əqrəbasının məzarına küfr etməkdir. Əskidən ölü üçün edi­lən küfrlər yeni bir cinayət hadisəsinə qədər çatırdı. Onun üçün ölü­yə qarşı duyulan hörmət həm dini təsəvvüfdən, həm də batil eti­qaddan irəli gəlmə bir ənənə və adət şəklini almışdır. Sıra ilə bun­ları belə təsnif edə bilərik:

1. Ölən dərhal dəfn edilməlidir, yoxsa ölünün ruhu evdə əzab çəkər və ölü də qüdsiyyətini qeyb edər. Cənazə, yaxud ölüm ha­­disəsi səhər ölünün yatdığı, yaxud bulunduğu evin damından ve­ri­lən “minacat”la elan edilir və eyni gündə dəfn mərasimi ke­çi­ri­lir.

2. Cənazə evdən qaldırıldığı zaman evin ətrafına toplanan yox­­­sullara, yasda iştirak edənlərə halva, yaxud xurma paylanılır. Bə­zən də fəqirlərə pul paylanır. Dəfndən döndükdən sonra ölü sa­hibi ev­də təziyələri qəbul edir. Dəfn günü isə ertəsi gün nahara qə­dər “baş­sağ­lığı” deyilən təziyə qurulur və hər gələnə çay verilir. İkin­ci gün nahardan sonra təziyə yeni bir şəkil alır. Hər təziyəyə gə­lən adam ya öncədən bir “kəllə qənd” göndərir, yaxud özü ilə bə­rabər pul gəti­rərək, təziyə keçirilən otağın qarşısında, yaxud gö­rünən bir yerində masa başında oturan şəxsə müəyyən bir miq­dar – möv­qe­yinə və vəziyyətinə görə – pul verərək, öz adını dəf­tə­rə qeyd et­dirir1. Sonra təziyə odasına girərək oturur. Ona çay ye­rinə quru qəh­və ve­rilir. Odanın ortasına Quran “cüz”ləri qo­yul­muş­dur. İstəyənlər bu “cüz”­­­dən birisini alıb oxuyurlar və ölünün ru­huna dua edirlər. İs­tə­məyənlər isə qapının yanında oturan ölü sa­hibinə son başsağlığı ve­­rərək çıxıb gedərlər. Bu şəkildə dəfn mə­rasiminin ikinci gecəsin­də kişilər üçün keçirilməsi zəruri olan mə­rasim sona çatmış olur. Sıra qadınlara keçər. Qadınlar, təbii, dəfn mərasimin­də iştirak et­məz­lər. Dəfndən sonra ağlama məra­si­mi tərtib edərək ölüyə ağlarlar.

3. Azəri qadınlar ölüyə ağlamağa çox əhəmiyyət verirlər. Məc­lis halında yapılan bu mərasimə “ağı” adı verilir. Kişilər tə­rə­fin­dən keçirilən mərasim əsnasında və sonra ölünün ailəsi və əq­ra­ba­sı tərəfindən böyük bir ağı məclisi qurulur. Bu məclisdə bir çox ta­nış və tanış olmayan qadınlar da iştirak edər. Ölünün əşyasından bə­ziləri qadınların toplandığı otağın ortasına qoyulur, əşyanın ət­ra­fına toplanırlar. Qadınlardan biri, əksərən ölünün yaşlı bir qo­hu­mu həzin bir səslə şeirlər deyərək, yaxud müxtəlif bayatılar2 söy­lə­yərək ölüyə ağlamağa başlar. Yeni yaradılan ölü nəğmələri ək­sə­riyyətlə əsl ağlama şərqilərinə məxsus mü­qəddimə kimi bir giriş ma­hiyyətindədir. Mövzu etibarı ilə də ölünün mövqeyinə, yaşına və halına görə vəsflərini tərif edər. İlk ağlayan, yaxud “ağı” məc­li­sini idarə edən qadını digər birisi təqib edər. Məclisdə iştirak edən digər qadınlar da ağıçı qadına tempo tutarlar.

Ağılar ölüyə görədir. Əgər ölü yaşlı, ixtiyar və mömin bir adamdırsa, ona belə bir müqəddimə ilə ağlamağa başlarlar:

Qabağının ağır cəynamazına,

Qolunun tər dəstəmazına,

Annının möhür yerinə,

Hajılar yoldaşı,

Məşədilər qardaşı,

Peyğambər giyiminə

Bajın qurvan,

Atan, anan qurvan

* * *


Ağ geyiminə,

Ağır yuxusuna,

Xoş danışığına,

Xoş daf gəlişinə1,

Yeriyəndə yer incitməyən,

Danışanda can insitməyən,

Meççid yollu,

Mimbər salamlı,

Qavağına2 çıxan,

Atan, anan səə qurvan.

Evli olmayanlar üçün digər bir müqəddimə deyilir. Burada gən­­cin toy görmədiyi, gözəllərdə gözü qaldığı, barmaqları xınalı gə­lin gör­mədiyi, gəlinin qaralara büründüyü və sairə qeyd edil­mək­­dədir:

Taxta hamamına3,

Mürdəşir sağışına

Toy görmüyən,

Xınalı barmaxdan tutmuyan,

Elçisi yollarda qalan,

Xonçası qoltuxda qalan,

Çiyni gərdəyə dəyməyən,

Gözü gözəllərdə qalan,

Gözəli öydə qalan

Qara yaylıxlı gəlininə

Anan, xalan qurvan,

Bajın qurvan!

Azəri kəndlilərin ağıları isə məzmunca daha başqa cürdür. Burada artıqlaması ilə kişinin cəngavərliyi, silahları, atları, qo­çaq­lığı və sairəsi tərif və mədh edilir. Məsələn:

Açılmayan tüfəngin,

Süyrülməyən xançalın,

Öz canına qurvan.

Ay kimin doğdun,

Gün kimin battın.

Minəndə at bağrı yardın,

Tüşəndə yer bağrı yardın.

Saydığına salam verdin,

Saymadığına yan verdin.

Düşməninə dirsək verdin.

Qəniminə qan uddurdun,

Altının bədəvi atına,

Çiyninin süzən tüfəyinə,

Tərkinin dolu xurcununa,

Ağzının kəsər sözünə,

Anan qurvan.

* * *

Dumannı dağlarına



Ağ dəyəndə,

Doloylu yollarına,

Altının kəhər atına

Minəndə at bağrı yaran,

Tüşəndə yer bağrı yaran,

Özü yolnan gedən,

Əzrayılı kollan1 gedən,

Açılmayan tüfeyinə,

Süyrülməyən xançalına

Anan, bajın qurvan!

Bu müqəddimə kimi tərifdən sonra bayatılar söylənir. Mövzu etibarilə bunlar hissə xitab etməkdədir. Nümunə olmaq üzrə bir-ikisini buraya nəql edirəm:

Dağların qarı mənəm,

Gün tüşər, ərimərəm.

Qəvrimi qışodan qazın,

Cavanam, ərimərəm.

* * *


Qardaş mənim gülümdü,

Gülümdü, bülbülümdü.

Bajı qardaşa qurvan,

Qardaş ölümü zülümdü.

Ağıçı qadınlar qohum belə olmaya bilirlər. Sırf bu məsləyi qə­bul edən və müəyyən pul və maaş müqabilində ağı məclisini ida­­rə edən qadınlar da vardır. Ölüsü düşən qadın dərhal bu məs­lək­də yeti­şən ağıçı qadını dəvət edərək, ölüsünə ağlamaqda və ağ­latmaq­dadır.

Ağı məclisində əsl xitab edilən şeylər ölüyə aid olaraq gös­tə­rilən əlbisə, tüfəng, xəncər, kəmər və sairədir. Qohumların ək­sə­riy­yəti saçlarını dağıdar, üzünü, köksünü yırtar. Yabançı qa­dın­lar isə hə­mahəng olaraq ağlarlar və məclis ahəngdar bir çağır­ma, ba­ğırma şək­lini alır. Qədimdən bəri Anadoluda yerləş­miş olan azə­rilər bu günə qədər hələ də bu məclisi yaşat­maqda­dırlar1. İs­tan­­bulda boş­nakların da məclis halında ölüyə ağladıqlarına şəxsən şa­hid oldum.

Ağı məclisi ölümdən sonra yeddi gün və sonraları həftədə bir dəfə cümə axşamı günləri keçirilir və qırx gün davam edər. Qır­­xıncı gün halva bişirilərək məzara götürülür və oradakı son ağ­lama ilə məsələ bitmiş olur.

4. Xalq inamına görə, ölünün ruhu 40 gün əvvəl yaşadığı evin içərisində dolaşıb durur. Ona görə də “Qırx vermək” adəti meydana gəlmişdir.

5. Ölünün əlbisəsini geymək günahdır. Onun üçün çox vaxt kasıblara hədiyyə edilir.

6. Ölü məzarda sol yanına yatırılır və sol əli də sol yanağına ya­pışdırılır. Onun üçün sol əli ilə sol yanağa qoymaq yaxşı deyildir.

7. Ölünün ailəsi (qadın qismi) qırx gün siyah əlbisə geyər. Ki­şi qismi isə bir həftə üzünü təraş etməz. Dağıstanda ölən qa­dın­la­rın da qadın qohumları bəyaz əlbisə geyərlər. Kişi qohum isə ölüm əsnasında geymiş olduğu paltarı dəyişmədən qırx gün gey­mə­yə məcburdur. Əl və üzünü də qırx gün yumaz.

8. Ölünün hər vəsiyyəti mütləq icra edilməlidir: Onun üçün hə­yatda ikən yerinə yetirə bilmədiyi namaz və oruc, digər birisi va­sitəsilə, pul müqabilində yerinə yetirilir. Bu qəbil adətlər daha ar­tıq dinidir.

9. Ölü dəfn edildikdən üç gün sonra, xaricdə olanlar tərə­fin­dən səsi açıqca duyulurmuş.

10. Hər cümə axşamı günü ölülər yad edilir. Məzarları zi­ya­rət olunur. Bu günün gecəsi bütün ölülər təkrar canlan­dıqla­rından on­ların şərəfinə “aş”, yəni plov bişirilir və yeyilir. Elə zənn edilir ki, bu gecə ölülərin ruhu evə gəlir və bu üzdən plov bişirilərkən, hər ölüyə məxsus bir miqdar düyü qoyulur. Vaxtı ilə ölü tə­zi­yə­si­nə gələnlər pul və şəkər yerinə plov gətirməkdə idilər ki, bu da plo­vun ölü ruhu ilə əlaqəli olduğuna dəlalət etməkdədir. Ölünün üçün­cü və yeddinci günlərində, ətrafdan gələn plovlar yeyildikdən son­ra məzarlığa ge­dilib, ölünün ruhuna fatiha oxu­nurdu. Bundan əla­və, qonaq gələn ölünün ruhunu rahatsız et­mə­mək üçün cümə ax­şamı gecələri ev­lərdə qovğa edilməz, əksinə, hər kəs nəşəli olur. Bu münasibətlə evdəki atəş söndü­rülməz, öz-özünə sönər.

11. Ölüm fəlakətini xəbər verən “bayquş”dur. Ona görə ki­min evinə bu quş qonarsa, dərhal qovmağa çalışırlar.

12. Ölüm fəlakətini bildirən digər bir əlamət də röyada “diş çək­mək”dir. İşdir, yuxuda birisi dişini çəkib çıxarırsa, mütləq o ada­mın ya özü, yaxud qohumlarından birinin evində ölüm ola­caq­dır.


Tikiş
Azərilər ilin məhərrəm və səfər aylarında qətiyyən tikiş tik­məz­lər. Bu iki ay şiələr üçün müqəddəs sayıldığına görə, tikiş tik­mək günah qəbul edilir. Ticarətdə də böyük təşəbbüslərə gi­ri­şil­­məz. Nəzir olaraq ən çox siyah və bəyaz əlbisə geyilir.
Yol
1. Səhər-səhər işinə və ya vəzifəsinə gedən kimsə təsadüf et­diyi iki qadının arasından keçərsə, o gün bütün işləri tərs gedər. Bu üzdən də “işlər bəd gətirir”, yəni işdə uğur qalmaz.

2. Küçədə bir keşişə təsadüf edilirsə, mütləq iki ayağın ara­sı­nı qaşımalıdır.Yoxsa işlər uğursuz gedəcəkdir. Bu adət Qaf­qaz er­məniləri arsında da mövcuddur.

3. Bir işə təşəbbüs edildiyi, yaxud səfərə çıxmaq istənildiyi və düşünüldüyü zaman hər hansı bir şəxs bir dəfə asqırırsa, dərhal tə­şəb­büsdən vaz keçilir. Hətta səhər-səhər işinə gedən bir adam bi­rinin bir kənardan bir dəfə asqırdığını duysa, dərhal geri dönər və bir müdd­ət keçdikdən sonra təkrar işinə gedər. Eyni şey in­sa­nın özü bir dəfə asqırdığı zaman da edilir. Çox vaxt hər hansı bir tə­şəbbüs ha­lında olunduğu zaman iki dəfə asqırmaq işin yaxşı ge­də­cəyinə dəlalət edər.
Şalvar. Ayaqqabı
1. Gecə yatarkən şalvar başın olduğu tərəfə qo­yul­ma­ma­lı­dır, yoxsa gecə insana “qara-qura”lar, yəni cinlər və pərilər hü­cum edər­miş.

2. Ayaqqabı da baş tərəfə doğru qoyulmaz, əks təqdirdə in­san ölərmiş.


Qab
Təsadüfən evdə bir qab qırılır, yaxud qabdakı yağ yerə tö­kü­lürsə, uğur sayılır. Xalq düşüncəsinə görə, qabın qırılması ilə baş verə biləcək fəlakət aradan qalxmış olur. Toy mərasim­lərində ilk olaraq gəlin ər evinə girərkən, qapının ağzında su dolu bir qab qo­yulur və təzə gəlin evə girərkən, mütləq bu qabı ayağı ilə ba­sa­raq qırmalıdır. Çünki qırılan qab yeni evliləri fə­lakətdən qoruyub on­ları səadətə götürəcəkdir.

Eyni gecə gəlini öz ata evindən gətirməyə gedən heyətdən bi­risi bir əşya oğurlayar. Əsasən oğurlanan əşya içilən şərbət qabı olur. Bu da yeni evlilər üçün səadət gətirərmiş.


Düyü
Xalq etiqadına görə, düyü müqəddəsdir. Çünki hər bir dü­yü­nün ucunda “qulhüvallah” yazılıbdır və ayrıca Həzrəti Pey­ğəm­bərin qızı Fatimə də onun uclarını dişləmişdir. Bu üzdən dü­yünün ucları qırıqdır. Əksə­riy­yətlə göz xəstəliyinə mübtəla olan­ların, yaxud arpacıq çıxaranların gözlərinə düyü sürt­ülmək­dədir.
Qarpız
Kiçik çillənin sonunda, yəni qışın qırxıncı gecəsində qarpız ye­yilir. Rəvayətə görə, bir qarpız satanın qarpızı satılmamış, satıl­sın deyə, “qarpız yeməyənin nigahı pozularmış” kimi təbli­ğat apar­mış və guya onun bu sözlərindən sonra hər kəs qışın qır­xında qar­pız yeməyə başlamışdır. Bu adətə riayət edənlər, möv­sümündə qarpız tədarük edərək diqqətlə mühafizə edərlər.
Yumurta
Yumurta hamilə qadınları cinlərdən və pərilərdən qoruyur. Ha­milə qadın bunların hücumuna məruz qalınca, yumurta da çat­lar və dağılır. Eyni zamanda, qorxu keçirən adamın müalicəsi üçün də istifadə edilir. Bunun üçün qorxan şəxsin başını bir bə­yaz ör­tü ilə qapadırlar. Yerə taxtadan hazırlanmış qalın bir çu­buq vu­rar­lar və üzərində iplik, yaxud buna bənzər kiçik bir əs­ki parçası yan­dırılar. Sonra qorxu keçirən adamı çubuğun vurul­du­ğu yerə gə­tirirlər, başının üzərindən ipliyin yandırıldığı yerə bir yumurta atar-lar.Yumurta düşər-düşməz dağılır. Bu əsnada qor­xanın bir əli ba­şına, bir əli yerə qoyulmuş olur və üç dəfə “bes­­me­­le”1 çə­kər. “Qor­xu­luğunu aldım”, deyilərək, mərasim sona çatır.

İran Azərbaycanında nəzər dəyməsi səbəbilə xəstəliyi xo­ca­lar yumurta ilə müalicə edərlər. Yumurtanı qırıb sarısını xəs­tənin vü­cudundakı yaralara sürtərlər2.


Dırnaq
1. Çərşənbə və cümə axşamı günləri və ümumiyyətlə ge­cə­lə­ri dırnaq kəsmək günahdır. Əgər kəsilirsə, o gecə cinlər və pə­ri­lər mütləq yuxudakı insanın üzərinə hücum edərək, onu səksən­di­rir­­lər, yəni qorxudurlar.

2. Kəsilən dırnaq parçaları yerə atılmaz, bir əski, yaxud ka­ğız içərisinə toplanaraq yerə basdırılar. Bu qənaətlə ki, o biri dün­ya­da bu dırnaq parçaları ölünün canı ilə birləşəcəkdir. Çox vaxt dır­naq qırıntılarını bir kağız içərisinə qoyaraq divar ara­lıqlarına, ya­xud dəliklərinə tıxarlar. Qarabağlıların inancına görə, kəsilən dır­naq qırıntıları toplanaraq basdırılmazsa, mütləq dırnaq­ları kə­silən adamın fikri və zəkası dağılar, özü də pərişan olarmış1.

3. Dost və müsafir olan evdə heç kim dırnaqlarını kəsə bil­məz. Əks təqdirdə, o evdə mütləq hər hansı bir fəlakət baş ve­rə­cək­dir.

4. Dırnaqlar üzərindəki ağ ləkələr zəkaya və şüura dəlalət edər. Məhz bundan ötrü barmaqlarında ağ ləkələr olanlar onlarla öyü­nürlər.


Süpürgə
1. Ev süpürülərkən, süpürgə qətiyyən heç kimə toxun­durul­ma­malıdır. Toxundurulduğu təqdirdə, toxunulan şəxs dərhal sü­pür­gənin üzərinə tüpürməlidir. Yoxsa boyu uzanmazmış – bö­yü­məz­miş. Bu təhlükə xüsusən uşaqlar üçün mövcuddur.

2. Səyahətə çıxan adamın evi hərəkət günü süpürülməz. Sü­pü­rülərsə, yolçu salamat və tez geri dönməz2.

3. Süpürgənin üzərindən keçmək pisdir, insan şərə uğra­yar­mış.
Uşaq və doğum
Ümumiyyətlə, uşaq doğumu hər ailə üçün böyük bir səadət sa­yılır. Öğlan uşaqlarına daha çox rəğbətdə olmaqla bərabər, qız uşaq­ları da sevilir. İlk övladın oğlan olması daha çox arzu edil­mək­dədir. Uşaq dünyaya gələr-gəlməz, ailənin bütün qohum və dostları hədiyyələrlə təbrikə gəlirlər. Fəqət uşaq doğuşu bir sıra batil etiqadlara bağlıdır:

1. Uşaq olan otağa heç kim girə bilməz. Qohum və qo­naq­lar uşağın ilk ziyarətinə gəldikləri zaman mütləq uşaq olan otağın önün­də gözləyərlər. İlk öncə uşaq otaqdan çıxarılar, ondan sonra zi­yarətə gələn adam otağa girər; bundan sonra uşaq təzədən ota­ğa aparılar. Bu mərasim qırx gün davam edər.

2. Hamilə qadının yastığının kənarına, baş tərəfə soğan ta­xıl­mış bir şiş, bıçaq, kömür və sairə qoyulur. Bu şəkildə hamilə qadın həm yal­nız buraxılmamış olur, həm də cinin qaçırma­sın­dan və yaxud hər hansı bir qorxu təhlükəsindən qurtulmuş olur. Qafqaz er­mə­ni­lə­ri isə hamilənin başı altına yalnız şiş qoyarlar.

3. Hamilə qadının çarpayısına, yaxud miçətkəninə yumurta ası­lır. Bəzən də suya üç yumurta qoyulur. Çünki bu yumurtalar qa­dının işlədiyi bütün günahları öz üzərinə almış olur və eyni za­man­da, hamiləni qırx gün qorxudan və cinlərdən mühafizə edər. Cin və pəriləri dəf etməkdən yumurtalar da çatlarmış.

4. Uşaq dünyaya gəldiyi gün1 anasına quymaq yedirilir. Bu ye­­mək belə hazırlanır: əvvəla yağ əridilir, sonra unla qarışdırılır. Üzə­rinə qaynar su qatılır. Qazanda qapalı olaraq qovrulur, bişir. Ye­yildiyi zaman üstünə darçın, şəkər tozu kimi ədviyyələr qoyulur.

5. Uşağın ilk dişi çıxdığı zaman hədik yeyilir. Bu yemək qozla buğdadan hazırlanır.

6. Boş be­şi­yi tərpətmək yaxşı deyildir, çünki o evdə övlad olmazmış.

7. Uşaq doğmaq qabiliyyətindən məhrum olan qadınlar bu qü­suru müxtəlif çarələrlə aradan qaldırmağa çalışırlar. Bunun üçün “Aşura” günü “İmam Hüseyn”in atının2 altından keçərlər. Bu at sehrli qüvvətə malik olub, uşaq doğa bilməyən qadınlara doğ­maq qabiliyyəti bəxş edərmiş.

8. Bəziləri isə Xorasana gedib İmam Rzanın məzarına sığı­na­raq, niyyətinin hasil olması üçün bir neçə gün məzarın yanında ke­çirməkdədir. Buna azərilər “zəval gətirmək”, yaxud “dəxil düş­mək” deyərlər. Bundan əlavə, azəri inanclarına görə, daşlar sehrli qüv­vətə malik olduğundan “İmamzada” deyə adlan­dırılan böyük tür­bələrə sığınaraq, imamın məzarına ziyarətə ge­dərlər ki, niy­yət­lə­ri hasil ola bilsin. Bu qəbil “İmamzada”lar, yəni “İmam mə­zar­la­rı, yaxud “türbələri” Gəncə, Şirvan, Bərdə və s. şəhər­lər­də vardır. Bu məzarın, yaxud türbənin hansı imama aid olduğu­nu hər kəs baş­qa cür təsəvvür edər və heç kim həqiqəti bilməz. İmam mə­za­rı­nın olduğu otaqda ayrıca adi daşlar bulunur. Müxtəlif niyyətlərlə imamın məzarını ziyarətə gələn qa­dın­lar, eyni zamanda, öz niyyət­lərinin gerçəkləşməsi üçün bu daş­lar­dan birini qucağına alır. Bu şəkildə tutulan niyyət dərhal hasil olur­muş. Əksəriyyətlə uşaqları olmayan qadınlar bu çarəyə baş vu­rurlar1.

Ümumiyyətlə, “İmamzada”lar, yəni imam türbələri xalq tə­bə­qəsi içində böyük bir etibar qazanaraq, klassik Azərbaycan ədə­biy­yatına girməyə müvəffəq olmuşdur. Məsələn, Qasım bəy Za­ki­rin “Bərdə” mürəbbesində belə bir beytə təsadüf edilir1:

Qible-i hacətə yıxıb özümü,

İmamzadaya sürtdüm üzümü.

9. Qızılca çıxaran uşağın olduğu otağın qapısına 1-2 metr qır­mızı qumaş asılır ki, uşağın xəstəliyi asan keçsin. Xəstəlik bit­dik­dən sonra bu qumaşı fəqir-füqəraya verirlər. Bəzən də qırmızı qu­maş öncədən nəzir edilir və uşaq xəstəliyə tutulunca, dərhal tə­darük edilərək, yuxarıdakı mərasim keçirilir.

10. Çiçək xəstəliyinə tutulub kor olmadan sağalan uşaqlara zor­­­­­la “qucağında uşaq olan Məryəm” təsviri göstərilməkdədir. Sü­rəyya Şapşalın verdiyi mılumata görə, bu adət Qafqaz şiələri tə­rəfin­dən icra edilməkdədir. Məhəlli inanclara görə, Məryəmin təs­viri uşaq­­­­ların gözlərini hər hansı bir xəstəlikdən və təhlü­kədən qo­rumaqdadır2.

11. Doğum günündən etibarən qırx gün ərzində birinci mad­dədə söylənildiyi kimi, uşağın olduğu otağa girilməz. Əgər bu qay­daya riayət edilməzsə və bu üzdən gec danışarsa, yaxud vax­tın­dan gec yeriyərsə, bu təqdirdə buna “çillə basmaq” deyilir. Bu hal baş ve­rəndə uşağı axar suyun üstündə tutaraq, iki ayaq və ya ayaq bar­maqlarını pambıq ipliklə bir-birinə bağlarlar3. Sonra “Qül­hü­val­lah” oxuyub ipliyi qayçı ilə kəsərlər və “Çilləni kəs­dim” deyərlər.

Bəzən də eyni hal baş verəndə, yəni qırx gün ərzində yeni do­ğulan uşağın otağına, uşaq orada ikən üzərinə dualı biri girər və bu üzdən uşaq rahatsızlanır, yaxud xəstələnirsə, onda uşağa “qırx basar” kimi rəftar edilər. Yəni uşağın şəfa tapması üçün “til­sim camı”ndan su içirdilir, yaxud bu qabla üç dəfə uşaq çi­miz­dirilir. Bu cam adi bir tas olub mis məmulatıdır. Hər tərəfinə müx­­təlif Quran surələri yazılmışdır. Kərbəla, Məkkə və Xo­ra­san­da hazırlanır. Ayrıca içərisində incə bir tellə kənara bağlı qırx açar ol­maqdadır. Hər açarın üzərində müxtəlif dini yazılar həkk edil­miş­dir. Azəri şivəsində “tas” yerinə “cam” kəlməsi işlədilir.

12. Qadının uşağını rahat doğa bilməsi üçün baş ucunda əs­ki və ya bez yırtmaq adətdəndir.

13. Doğan qadına un gətirilərək əlini una sürtdürürlər və son­ra bu unu fəqir-füqəraya paylayırlar.

14. Uşağını doğan qadın qırx günün hər on günündə hama­ma gedər.

15. Nuxa şəhərində ağrısı çox olan qadınların əllərinə üzəri dua yazılı saxsı verilir ki, ağrısı azalsın.

16. Qəfil qorxan uşağın önünə üzərlik qarası sürtülür və bu şəkildə uşaq özünə gəlmiş olur.

17. Yeni doğulan uşağın göbəyi kəsildikdən sonra öz evin­də, ya­xud doğulduğu evdə torpağa basdırılır ki, gələcəkdə uşaq öz evinə sa­diq qalsın. Kəsilən göbək ancaq qurudulduqdan sonra basdırılmalıdır.

18. Ramazan ayının son cüməsində uşaqların üzərindən qırx göz asılır. Qırx göz qat-qat düzəldilmiş və dörd bucağı kə­sil­miş, bir-birinə bağlı qırx parçadan ibarətdir. Hər gözə molla tə­rəfindən “Yasin” yazılır. Qırx göz uşaqları qoruyur, himayə edər.

Nəzərdəymə
1. Müxtəlif şəkildə qarşısının alınmasına və önünün kəsil­mə­si­nə çalışırlar. Uşaqları nəzərdəymədən qurtarmaq üçün yanan atə­şin üzərinə üzərlik atılır və tüstünün üzərindən nəzərə uğra­ya­ca­ğı təx­min edilən və yaxud nəzərə uğramış uşaq atladılır. Bəzən də uşa­ğı ey­ni atəşin ətrafında dolaşdırmaqla kifayətlənilir. Üzər­lik, ümu­miy­­yət­lə, azəri türkləri arasında çox məşhurdur və xalq ara­­sında haq­qın­da şeir belə yayılmışdır. Xatirimdə qalan bu şeirin bir parçası belədir:

Üzərriksən, havasan,

Hər bir dərdə davasan.

Yüz min yerə gedərsən,

Yüz min xəbər gətirərsən,

Yüz min qada-balanı

Bizlərdən dəf edərsən.

Xalq arasındakı rəğbət üzərinə “Üzərlik” min bir fəlakətə ça­rə olaraq Azərbaycan klassik ədəbiyyatına da girmişdir. XIX əsr azəri şairlərindən Vaqifdə belə iki beytə təsadüf edirik ki, bu beyt­lər bizə “Üzərlik”in əskidən bəri azəri türk etiqadında yer tut­du­ğunu açiq-aşkar göstərməkdədir:

Yazmışam vasfını hələ oxut,

Üzünə, gözünə “üzərlik qoxut”.

Sizin “ağ başlu”, ya uzatdır, toxut,

Çul alaq ki, bizə şəfqət eylərsən1.

4. Cənubi Azərbaycan (yəni bugünkü İran Azərbaycanı) türk­­ləri nəzərdəymədən xəstələnən uşağı qurtarmaq üçün, fındıq şək­lində xəmir parçalarını atəşə ataraq, nəzərinə uğranılan ada­mın adı­nı zikr etməkdədirlər. Bu əsnada xəmir atəşdə çatlamağa baş­la­yar və xəstə uşaq yaxşılaşır.
Nəzir, adaq
Nəzirlər müxtəlif məqsədlərlə edilir. Azəri türklərində “nəz­­ret­mək” çox geniş yayıldığından çeşid-çeşid şəkilləri var­dır. Baş­lıcaları bunlardır:

1. Pişi nəziri. Rəqayib aylarında, rəcəb, şaban və ramazan ay­larında pişi adında xəmirdan bir növ börək hazırlanır. Bu ay­lar­da ölülər bütün günahlardan əfv edilmişdirlər. Ona gözə pişi ha­zır­lanaraq, fəqir-füqəraya paylanılır. Pişinin yağı atə­şə qoyu­lar­­kən ilk öncə həzrəti peyğəmbərin və imamların adı, sonra ümumiy­yət­lə ölülərin və ən sonda varissiz ölən adamların adı zikr edilir. Pişi yağ­da qızardılmış börəkdir.

2. Səməni. Hər hansı bir səbəblə nəzir edilən bir yemək nö­vü­dür.Yaşıl buğda tas üzərində əzildikdən sonra isladılır və yax­şı­ca sıxılır. Bundan hasil olan suya un qatılır, ocağa qoyub bişirir­lər. İçinə fındıq, qoz atılır.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin