* * *
Örnək verdiyimiz bu nağılda keçəl sonunda qalib gəlir. Keçəllə bağlı nağıllarımızda hər zaman yaxşılıq pisliyə qələbə çalır. Keçəl əzilənlərin, əməkçi insanların istəklərini, arzularını dilə gətirir, ümidvar olmağa səsləyir, səbirli və təmkinli olmağı öyrədir bizlərə. Gülüş, bilindiyi kimi, keçəlin – nağıllarımızın bir qəhrəmanının ən güclü və kəsərli silahıdır. Bu baxımdan da ölməz Molla Nəsrəddinə (Xoca Nəsrəddin) bənzəməkdə, nağıllarımızda sanki onun yerini almaqdadır. Tanınmış folklor araşdırıcısı M.Təhmasib “Azərbaycan nağıllarında keçəl” adlı məqaləsində belə yazır: “Keçəl xalqın arzularının ifadəçisidir. O, lətifələrimizin əsas qəhrəmanı olan Molla Nəsrəddini, bir növ, nağıllarımızda əvəz edir...”
Həcvin ən dolğun və gözəl örnəklərini dədələrimiz mənalı lətifələrə sığdırmış, bu sahədə misilsiz sənət əsərləri yarada bilmişlər. Lətifələr sözlü ədəbiyyatımızın ən geniş yayılan, söylənən növüdür1. Nəsillərə çatdırılaraq yaşadılan lətifələrimiz zamanla daha da gözəlləşmiş, biçimlənmiş və zənginləşmişdir. Qorxu, zülm, dəhşətli savaş və basqıların sürdüyü dönəmlərdə ata-babalarımız duyğu və düşüncələrini lətifələrə yerləşdirməyi, sığdırmağı daha uyğun və münasib bilmişlər.
Folklorda, eləcə də sözlü ədəbiyyatımızda tariximiz var. Lətifələrimizdə də eləcə. Bir çox lətifələrimiz Teymurləngin adı ilə bağlıdır. Topal Teymurla böyük ziyalılarımz, incə zəkalı Molla Nəsrəddin lətifələrimizin çoxunda qarşılaşırlar. Geniş bilgi və hazırcavablığı, dərin məntiq və ağlı sayəsində Molla Nəsrəddin hər zaman üstündür, yenilən də hər zaman Teymurləngdir. Çünki Molla Nəsrəddin xalqın, böyük çoxluğun təmsilçisidir, bunun üçün də qalibdir. Folklorumuzun bu div qəhrəmanı başqa qonşu xalqların da folkloruna önəmli şəkildə təsir etmişdir. Onun adı ilə bir çox lətifələr yaranmışdır. “Hətta Azərbaycan dilində danışan ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar”, – deyə yazırdı Firidun bəy Köçərli. Lətifələrimizdən bir neçə örnəyə diqqət edək:
Günlərin birində Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:
– Yenə kim bilir, yalandan nə basıb-bağlayırsan?..
Molla heç özünü sındırmadan baş əyib deyir:
– Nə eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram.
* * *
Günlərin birində Teymurləng yenə də haraya isə basqına hazırlaşır. Ordu yola düşən günü Mollaya deyir:
– Sən də dur, hazırlaş! Bəsdir yeyib yatdin... Bu dünya dil dünyası deyil, əl dünyasıdır. Mənimlə müharibəyə gedəcəksən.
Molla nə qədər əlləşirsə, yaxasını qurtara bilmir. Axırda gedib bir dənə kaman tapıb keçirdir boynuna, eşşəyinə də minib gəlir Teymurun hüzuruna. Teymur doyunca güldükdən sonra soruşur:
– A kişi, bu eşşək nədir? Bir at tapa bilmədin minəsən?
Molla deyir:
– Mümkün olmadı, qibleyi-aləm! Eşşək qoymadı ki, qoymadı. Deyir nədən qibleyi-aləm səndən ayrı dura bilmir, mən də ayrı dura bilmərəm. Hara getsən, gərək mən də gedəm.
Teymur başa düşür ki, Molla daşı hara vurur, camaat içində açıb-ağartmaq istəmir. Deyir:
–Yaxşı, görürəm boynunda kaman var. Amma, deyəsən, oxun yoxdur.
Molla deyir:
– Xeyr, yoxdur.
Teymur deyir:
– Bəs düşmənə nə atacaqsan?
Molla deyir:
– Onların atdıqları oxları götürüb özlərinə atacağam.
Teymur deyir:
– Qəribə ağılsız adamsan... Bəlkə, düşmən heç bizə ox atmadı?
Molla deyir:
– Düşmən bizə ox atmasa, demək, dava olmayacaq da... Onda daha oxu neylyirəm?!
Bayatı (mani, xoyrat)
Xalq ədəbiyyatımızın bu yığcam və dərin mənalı nümunələri – ədəbiyyatımızın çox sevilən, oxunan və söylənən növüdür1. Keçmişimizi yaşadan, əski çağların izlərini daşıyan keçmiş nəsillərin, ata-babaların bağrından qopan həsrət dolu, sevgi dolu, istək və arzu dolu, hikmət dolu nəğmələrdir. Bu nəğmələrdə sızıltını, iniltini, göz yaşlarını duyduğumuz kimi, istehzalı, acı və kəskin gülüşü də sezməkdəyik:
Ay zamana, zamana,
Oxu qoydum kamana.
Eşşəklər arpa yeyir,
At həsrətdir samana.
Əziziyəm, tən dura.
Odun qala təndura.
Dədəsizin nə haqqı,
Dədəliyə tən dura?
Fələyi dindireydim,
Bilməzin bildireydim.
Mənə yazı yazanda,
Qələmin sındıreydim.
Zəngin aşıq ədəbiyyatında, əski qəhrəmanlıq dastanlarımızda da həcv şeirinə, satira ünsürlərinə təsadüf etməkdəyik. Böyük kültür abidəmiz “Dədə Qorqud” boylarında həcv, gülüş daha çox ailə-məişət məsələlərilə, yarıtmaz qadınlarla bağlı olaraq kifayətləndirilmişdir. Bilindiyi kimi, “Dədə Qorqud”da qadın ülvidir, ana haqqına yüksək dəyər verilməkdədir. Lakin ara-sıra Dədə Qorqudun dilindən söylənən şeirlərdə istehzalı gülüşü sezməmək mümkün deyildir.
Eləcə ölməz “Koroğlu” dastanında da həcvə qismən yer verilmişdir. XVII-XVIII əsrin məşhur saz ustaları qoşmalarında həcvin gözəl örnəklərini əbədiləşdirmişdirlər. Aşıqların əsərlərində çox vaxt dövrdən, zəmanədən, zorbalıq və cahillikdən şikayətlərə rast gəlirik. Bu dövr aşıqlarımızın yaradıcılığında bəzən ictimai həcvin də dolğun örnəklərini görə bilirik.
Zamanın acılarını, cəmiyyətdəki qabalığı söyləyə bilmək, göstərə bilmək üçün saz sənətçilərimizin böyük ölçüdə gülüş sənətindən yararlanmaları təbiidir. Belə aşıqlara örnək olaraq Aşıq Abbas Tufarqanlını, Aşıq Kərəmi, Xəstə Qasımı, Təbrizli Miranı və b. göstərə bilərik.
Aşıq Ələsgərəm, söylənir adım,
Budur ürəyimdə mətləb-muradım.
Sənin ərin ölsün, mənim arvadım,
İkimiz də qalaq yaslı, yaralı.
* * *
Xeylidir həsrətəm, dilin qurusun,
Nə olar deyəsən, nar sinəmdə var.
Ətrafındakı qabalığı, geriliyi, sənətə, sənətçiyə xor baxanları, dini mənfəəti üçün vasitəyə çevirənləri, məzhəb fərqlərini körükləyənləri kəskin, öldürücü gülüşlə qamçılamış aşıqlarımız. Yenə Aşıq Ələsgərdən bir neçə örnək verək:
Mən dərdliyəm, mən ağlaram, bu dağlar1,
Eşq ucundan sinəmdə var bu dağlar,
Mən tərlanam, ovlağımdır bu dağlar,
Sənsən səqi-lağər2, şikarın məkəs3,
Hökmün kəsakəs.
Sümün4 diraz, ləhcən bənzər himarə5,
Aləmə bəllidir bu nitqü nəfəs.
Misali-kərkəs6.
Örnək verdiyimiz bu təcnisdə həcv kəskindir. Aşıq sənətə dəyər verməyənlərə, söz sənətini anlamayanlara qarşı barışmazdır, amansızdır. Sənətlə sənətçi məşğul olmalıdır. Sənət meydanının təsadüfi insanların, istedadsız kimsələrin yeri olmadığını anladır Aşığımız. Nümunə verəcəyimiz aşağıdakı qoşmada da Aşıq Ələsgər şairlik sənətini özünə məslək edən bacarıqsızlardan şikayətlənir:
Bir şair çıxıbdır Yekəallardan,
Adı şair, özü eşşəyin tayı;
İncidib qonağa zəhmət verməsin.
Molla Əli naməni yazandan bəri,
Bir söz çox incidir qul Ələsgəri.
Təvəqqəm var Şəmsəddinin bəyləri,
Acıqlanan çal köpəyə hürməsin.
Və ya:
Tanı adamını, bil müştərini,
Qarğı mızraq qıl çuvala sığışmaz.
Tökərəm hörməti, götürrəm sazı,
Şişər başın, bu mahala sığışmaz.
Biz xalq ədəbiyyatının yayılmış və sevilən növləri1 olan lətifələrdə, nağıllarda, bayatılarda, ata sözləri ilə deyimlərdə var olan, yaşayan həcvi qısa şəkildə də olsa, anlatmağa çalışdıq. Ümumiyyətlə, sözlü ədəbiyyatımızın, demək olar ki, bütün janrlarında zəif, ya da güclü dərəcədə, örtülü, ya da açıq şəkildə gülüş sənətinin mövcud olduğunu görə bilirik. Eləcə də xalq təmsillərində, atmacalarda, xalq oyunlarında.
Bu qısa yazımızdan da anlaşıldığı kimi:
Yazılı ədəbiyyat yaranmadan öncə, sözlü ədəbiyyatda, xalq sənətində həcvin, gülüşün ölməz örnəkləri mövcud olmuşdur.
Yazılı ədəbiyyatda həcv sahəsində qazanılan uğurların ən önəmli qaynağı, ədəbiyyatımızda həcvin bəsləndiyi ən əsaslı mənbə xalq ədəbiyyatımız, folklorumuzdur.
Buna görə də sözlü ədəbiyyatımızı yaxşıca öyrənmədən, həcvin xalq ədəbiyyatındakı yerini, önəmini dəyərləndirmədən, yazılı ədəbiyyatımızda da onun elmi baxımdan araşdırılması işində düzgün və əsaslı nəticələrə vara bilmərik.
Bunu da qürurla qeyd etməliyik ki, çağımızın ən böyük həcv ustaları ola bilmək şərəfi türkəsilli sənətçilərə nəsib olmuşdur. Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” məcmuəsi ilə bütün Yaxın və Orta Şərq ölkələrində özlərini, səslərini duyura bilmişlərsə, bu gün Əziz Nesin dünyamızın gülüş sənətinin inkişafında, zənginləşməsində xidmətləri olan, payı olan bir şəxsdir.
Bu ünlü yazarların müvəffəqiyyətlərinin, bir çox dünya ölkələrində tanınmaları və sevilmələrinin başda gələn səbəbi isə zəngin xalq yumorunu, folklorunu əsərlərində ustalıqla yaşada bilmələridi.
Mustafa Haqqi TÜRKƏQUL
AZƏRBAYCAN MUSİQİSİ
Hörmətli dinləyicilərim, Azərbaycan musiqisi o qədər dərin və zəngin mövzudur ki, bunu haqqı ilə anlatmaq üçün cildlərlə kitab yazmaq lazım gəlir. Biz burada məhdud konfrans saatımızda Azərbaycan musiqisinin ana xətlərini izah etməyə çalışacağıq. Müvəffəq olarıqsa, nə mutlu bizə!
* * *
Babalarımız musiqi üçün ruhun qidası demişlər. İnsanların gündəlik həyatında havaya, suya, qidaya ehtiyacları olduğu kimi, ədəbiyyata, gözəl sənətlərə və musiqiyə də ehtiyacları vardır. Musiqi kədərin və düşüncənin tərcümanı olduğu qədər nəşənin və sevginin də tərcümanıdır. Pifaqora görə, musiqi bir-birinə bənzəməyən müxtəlif səslərdən meydana gələn bir konsertdir. Bir ingilis ata sözündə deyilir ki: “Musiqi hər günkü həyatın ağırlığını ruhdan silib aparır”. Məşhur yunan filosofu Əflatuna görə, idman bədən üçün nədirsə, musiqi də ruh üçün odur. Tanınmış maarifçilərdən Jan Jak Russo isə deyir ki: “Musiqi səsləri qulağa xoş gələcək bir şəkildə tərtib etmək sənətidir”. Dualizm məktəbinin banisi filosof Kant isə: “Musiqi səslər vasitəsiylə bir-birinin təqib edən gözəl hissləri ifadə etmək sənətidir”, – deyir. Azərbaycanın milliyyətçi şair və dramaturqu mərhum Cəfər Cabbarlı daha irəli gedərək, daima: “Ney çalınarkən, ölülərin dirilmədiklərinə təəccüb edirəm!..” – deyərdi. Bizcə, musiqinin ən gözəl tərifini Azərbaycan şairi Əliağa Vahid aşağıdakı şeirlə vermişdir:
Musiqi məclisinin türfə əlamətləri var,
Qulaq as musiqiyə, gör nə hekayətləri var!..
Musiqisiz yaşayanlar olamaz tərbiyəli,
İncə sənətçilərin, gör, nə nəzakətləri var.
Musiqi ağladır həm, güldürür həm insanı:
Canlı bir cism kimi əqlü-fərasətləri var.
Qələm acizdir yaza musiqinin tarixini,
Çünki onda bəşərin zəhmət əlamətləri var.
Musiqinin mənşəyi, heç şübhəsiz ki, bəşər tarixi ilə başlar. İnsanlar vəhşi halda yaşarkən belə musiqiyə ehtiyac duymuşlar, ibtidai şakildə də olsa, musiqiyə sahib olmuşlar. İnsanlıq tarixində ilk musiqi əlamətləri müxtəlif tanrılara tapınmaq, niyaz və dua etməklə başlar. Bu dövrdəki musiqini iki qismə ayırmaq olar: Birincisi, tövr, yəni rəqs sənətidir ki, nəşənin ifadəsidir. İkincisi, səsli söz sənətidir ki, duadan doğmuşdur. Bəzən bu ikisi birləşərək bütün dinlərdə istifadə edilmişdir. Dövrümüzə qədər gələn qədim əsərlər və arxeoloji araşdırmalar qədim yunanların, misirlilərin, şumerlərlə digər türklərin və çinlilərin yüksək musiqi kültürünə sahib olduqlarını göstərir. Rəvayətə görə, əski yunan qəhrəmanlarından Orfe öz rübabının nəğmələriylə yalnız insan və heyvanları deyil, ağacları, qayaları da vəcdə gətirirmiş. Orfedən min il əvvəl yaşamış olduğu təxmin edilən çinli bir musiqiçi demişdir ki, mən kin alətini çaldığım vaxt heyvanlar mənim nəğmələrimdən bayılaraq ayaqlarıma qapanırlar. Yenə qədim yunan əfsanələrinə görə, ormanlar kraliçası Sirinks Pan adını daşıyan ilahinin tərkibindən qurtulmaq üçün su pərilərinə müraciət etmiş. Su pəriləri cadu edərək, onu qamışa çevirirlər. Rüzgarın nəfəsləri ona toxunduqca həzin-həzin ötməyə başlayır. Bunu duyan Pan qamışı qopararaq öz nəfəsilə ondan bir sıra ilahi nəğmələr çıxarmağa başlayır və beləcə ney meydana gəlir. Əski əsərlərdə yazıldığına görə, Süleyman peyğəmbərin məbədində tütək və s. musiqi alətləri çalan minlərcə rahib hazır olurmuş və mehrab önundə şərqi söyləyərək ibadət edərlərmiş.
Türk musiqisinin tarixi miladdan çox öncə başlayır. Miladdan bir neçə əsr öncə və yüzlərcə il sonra Sarı dənizdən Ağ dənizə qədər yayılan geniş ərazidə hökm sürmüş olan türk qövmləri yüksək bir musiqiyə sahib olmuşlar. Bəzi Çin tarixçilərinin etiraf etdiklərinə görə, miladdan çox öncə türk qövmləri at üzərində çalınan əsgəri musiqiyə, müxtəlif musiqi alətlərinə, səyyar musiqişünaslara (qopuzçulara) malik olmuşlar. Hətta Çin saraylarına belə türk musiqisini daxil etmişlər. Professor Fuad Köprülü “Milli Tətəbbular” məcmuəsinin 4-cü sayında: “Türk musiqisinin ən əski şəklini baxşı-ozanların qopuzla çaldıqları dini, sehirbazanə nəğmələrdə aramaq lazım gəlir”, – deyir. Yenə profesor Fuad Köprülüyə görə, türklərdə ilk musiqi – şeir, musiqi və rəqsin birlikdə ifasıyla tərənüm edilirdi. Lakin şeir ilə musiqi daha uzun zaman, hətta dövrümüzə qədər bərabər yaşamışlar, yəni ozan ilə qopuzçu bir-birini tamamlamışlar. Qədim türklərdə musiqi və oyun çox yayılmışdı. Çin müəlliflərindən Vang Yen Te əski bir türk qəbiləsi olan Turfanların səyahətə çıxdıqları zaman musiqi alətlərini yanlarında daşıyacaq qədər musiqiyə düşkün olduqlarını söyləyir. Professor Fuad Köprülünün yuxarıda adı keçən yazısında qeyd edildiyi görə, türklər arasında hələ islamiyyətdən çox əvvəl dini mahiyyətə malik musiqidən başqa, qüdsiyyət hissini buraxaraq, tamamən bədii bir mahiyyət almış başqa bir musiqi də mövcud imiş. Şairlər əllərində qopuzları topluluqları dolaşır, əski mənqibələr anladır və ya yeni hadisələrə yeni şərqilər qoşardılar. Əsrlər boyunca türk musiqisi Çin və Orta Asiya saraylarında hökm sürmüş, türk və çinli musiqiçilər tərəfindən tərənnüm edilmişdir. XI əsrə doğru türk təsirindən və beləliklə, türk musiqisinin təsirindən qurtulmuş kimi olan Çinə monqol istilaları ilə birlikdə türk musiqisi yenə daxil olmuşdur. Bu dövrdə Kubilayların sarayındakı klassik türk musiqisi nəzəriyyəsini daha yaxşı bilirik. Belə ki, çinli tarixçilərin verdikləri qısa, bəzən yanlış məlumata qarşı, hicri IX əsrdə yaşamış və dövrünün ən böyük musiqi ustadı olan azərbaycanlı Əbdülqadir Marağalı, onun oğlu və nəvəsi tərəfindən yazılmış əsərlərdə bu dövrün musiqisinə dair çox qiymətli bilgilərlə qarşılaşırıq. Böyük ustad Əbdülqadir Marağalının yazdığı kimi, mədəniyyətin hər qolunda olduğu qədər musiqidə də türklərlə monqolların sənətləri arasında heç bir fərq yoxdur. Kubilay və xələfləri öz səltənətləri dövründə musiqi alətlərini və musiqişünasları topladıb təşkilatlandırmış və daim himayə etmişdirlər. Fransız alimi Lois Lolay “Çin musiqisi” kitabında (s.58-59) eynilə belə deyir: “ Bu qətidir ki, Kubilay Çini fəth edərək, “Yuenlər” sülaləsini qurduğu vaxt oktavada yeddi not olan qammanı da Çinə götürmüşdür. Bu qamma bizim major qammamızın o qədər eynisidir ki, Avropadan alındığını düşünənlər belə oldu...”
Yuxarıda göründüyü və Əbdülqadir Marağalının əsərlərindən anlaşıldığı kimi, türklər ta əski zamanlardan musiqi məktəbinə sahib olmuşdurlar. Əbdülqadir Marağalının söylədiyinə görə, əski türklərin musiqi alətləri ilə ifa etdikləri musiqi tərənnümlərinə “kök”, səs ilə oxuduqlarına “iyir” (“əyir”) və “dule” deyərdilər. “Kök”lərin sayı ilin günlərinə müvafiq 366 olub, hər gün xaqanın hüzurunda bu köklərdən biri çalınardı. Yalnız “kök”lərdən “Bisun kök” adı verilən doqquz dənəsinin hər gün tərənnüm ediməsi bir adət idi. “Bisun kök” adlanan doqquz “kök”ün adları bunlardır: “Ulağ kök”, “Arslan Cip”, “Pars”, “Kolado”, “Bisturgay”, “Cintay”, “Hinsay” və “Şındık”. Bu “kök”ləri, yəni bəstələri mətnlərdən ayrı görürük. Əski türklərdə və onları təqlid edən monqollarda 9 müqəddəs bir ədəd olaraq işlədilir ki, bu hal hətta osmanlı türklərində də özünü göstərmişdir. Ziya Göyalp “Əski türklərdə ictimai həyat” adlı məqaləsində (“Milli Tətəbbölər” məcmuəsi, sayı 3) deyir ki: “Türklərdə millətə böyük xidmət edənlərə tarkanlıq rütbəsi verilirdi. Tarkanlar 9 cür xətanın cəzasından əfv edilirdilər. Tarkanların imtiyazı 9 nəsil övladına qədər davam edərdi. Xaqana verilən hədiyyənin sayı 9 olmalı idi və s.” Xülasə, xaqanın sarayında və ya ordugahında hər gün 9 müqəddəs “kök” çalındığını və bu adətin türklərdən monqollara, onlardan da teymurilərə keçdiyini görürük. “Bisun kök”də olan 9 kökün mənşəyi və mənası haqqında dəqiq bir bilgi ilə rastlaşa bilmədik. Mehmet Ragib bəy “Anadolu türklərimiz və milli istiqbalımız” adlı əsərində bu 9 istilahın mənalarını Çin dilində 9 not adında aranmasının doğru olacağını irəli sürür. Diqqətə layiqdir ki, “kök” sözü bu gün Azərbaycan klassik musiqisində işlədilir və aşağı-yuxarı eyni mənanı ifadə edir. Azərbaycanda bir məqam çalınmazdan əvvəl çalğı aləti o məqama görə köklənir. Məsələn, “Çahargah” çalındıqdan sonra “Orta segah” çalmaq üçün musiqi alətini “Segah”a görə kökləmək lazımdır.
İslamiyyətin qəbulundan sonra türk musiqisi də müştərək islam mədəniyyətinin içərisinə girmiş, türk, ərəb və fars musiqisi bir-birinin təsirində qalaraq, qismən müştərək bir musiqi meydana gəlmişdir. Bu dövrdə azəri türkləri ədəbiyyat, rəsm və sair sənət sahələrində olduğu kimi, musiqidə də islam dünyası, xüsusən ərəb və farsların təsirində qalmışdır. Azərbaycan musiqisi dildə, ədəbiyyatda, adət, ənənə və sairədə olduğu kimi, başqa türk qövmlərilə sıx bağlıdır. Bununla bərabər, mühit, iqlim, siyasi və coğrafi durumu ilə bağlı olaraq, Azərbaycan musiqisi özünəxas bir özəllik və oynaqlığa malikdir.
Azərbaycan musiqisini tarix, texnika, çalğı və söyləmə baxımından üç qismə ayırmaq olar:
1.Azərbaycan klassik musiqisi;
2. Xalq musiqisi;
3. Modern musiqi.
Azərbaycan klassik musiqisi
Klassik Azərbaycan musiqisi söylədikdə, heç şübhəsiz, muğamat və muğamatın rəngləri (yəni arası) anlaşılır. Azərbaycan klassik musiqisindəki muğamlardan bəzilərinin adlarının farsca olması bəzi adamlarda bunların farslardan alınması qənaətini doğura bilər. Lakin bir zamanlar farscanın Şərqi islam ölkələrində, o cümlədən, Azərbaycanda dəbdə olması səbəbilə ədəbiyyatda olduğu kimi musiqidə də farsca təbirlərə təsadüf edilir. Məsələn, Azərbaycanın böyük şairi Nizami Gəncəvi Azərbaycanda doğulub böyüməsinə, əsərlərində hər zaman türklüyünü büruzə verməsinə və bununla iftixar etməsinə rəğmən, bütün əsərlərini farsca yazmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, muğamat dediyimiz klassik musiqi türklərin, ərəblərin və farsların müştərək malı olmaqla bərabər, Azərbaycan türkləri muğamatı inkişaf etdirmiş, gözəlləşdirmiş və buna bir çox yeni məqamlar əlavə etmişlər. Məsələn, “Orta segah”, “Yetim Segah”, “Mirzə Hüseyn segahı”, “Qarabağ şikəstəsi”, “Azərbaycan şikəstəsi”, “Kərəmi”, “Koroğlu” və sairə muğamlar sırf Azərbaycana xas olan muğamlardır. Bundan başqa, məsələn, bu gün İranda çalınan “Çahargah”, “Rast” və s. muğamlar nə qədər sönük, bəsit və zəifdirsə, Azərbaycanda çalınan muğamlar o qədər oynaq, lirik və mürəkkəbdir. Eyni zamanda, muğamatın rəngləri (arası) Azərbaycanda çox zəngin və həqiqətən rənglidir. Azərbaycanda hər muğamın ifa edilməsi ayrı ayrılıqda bir aləmdir. Məsələn, “Bayatı-Şiraz”ı tam bir şəkildə ifa edə bilmək üçün iki saata qədər vaxt lazımdır. Başlanğıcda “Bayatı-Şiraz” mayasında bir gəzinti edilir, bundan sonra “Dügah” çalınaraq, “Aşiran”a keçilir. “Aşıran”ı “Nəva” təqib edir və əsl “Bayatı-Şiraz”a keçilir. Bundan sonra üsuluna görə parçalar başlayır, arada “rəng” deyilən ara nəğmələri çalınaraq, sonra bir təsnif, yəni şərqi oxunur. “Bayatı-Şiraz”dan sonra “Bayatı-kürd”ə, onun ardınca “Qatar”a, ondan sonra “Əzal”a gəlinir. Bu keçidlərin hər birində ayrıca rəng ilə təsnif çalınması şərtdir. Bundan sonra yenə “Bayatı-Şiraz” mayəsinə qayıdılaraq, muğama son verilir.
“Şehbal” məcmuəsini əlli doqquzuncu sayında Rauf Yekta bəy o zaman İstanbula gəlmiş olan Cəmil adlı bir azərbaycanlı tarçalanın sözlərinə əsasən, Azərbaycan klassik musiqisinin başlıca olaraq, on iki muğam üzərində qurulduğunu yazır. Həmin on iki muğam bunlardır: “Rast”, “Çahargah”, “Segah”, “Mahur”, “Humayun”, “Dügah”, “Şur”, “Hindi”, “Bayatı-Şiraz”, “Nəva”, “Bayatı-Qacar” və “Şüştər”dir. Lakin bu tənifatda əskiklik olduğu dəqiqdir. Çünki Azərbaycan muğamları on iki deyil, daha çoxdur. “Təzkireyi-Nəvvab”ın müəllifi və Azərbaycan ədəbiyyatında olduğu kimi musiqisində də səlahiyyətli söz sahibi Mir Möhsün Nəvvab Qarabağlının apardığı təsnifata görə, Azərbaycan muğamatı səksən iki, dəstgahlar isə altıdır. Lakin bu muğamlardan Azərbaycanda bu gün otuz-qırxa qədəri bilinir və çalınır. Mir Möhsün Nəvvab muğamlardan bəzilərinin mənşəyi və mənası haqqında bizə aşağıdakı məlumatı verməkdədir:
“Rast” muğamı – Bahar rüzgarının hərəkətindən alınmışdır. Bütün səmtlər bu muğamda bir-birilə qarşılaşdığı üçün adına “Rast” deyilmişdir.
“Rahab” muğamı – Rəha qəsəbəsinə mənsubdur. Yağmur sularının damla-damla tökülməsiə görə buna “Rah-i ab” da deyirlər.
“Çahargah” – göy gurultusundan alınmışdır. Dörd nəğmə və guşə ilə tamamlandığına görə bu adı almışdır.
“Humayun" – quşların qanad çırpmasından təqlid edilmişdir.
“Dügah” – şırıltıdan, axar sudan alınmışdır ki, onu dinləyənlərin gözləri yaşla dolar.
“Nəva” – həsrətli aşiqlərin naləsilə işlənmişsir.
“Mahur”–üzənlərin su içindəki çırpıntısından iqtibas edilmişdir.
“Üşşaq” – quşun yuvadan heybət və dəhşətlə çıxdıqdan və bir az uçduqdan sonra rahat-rahat süzülüşündən alınmışdır və s.
Azərbaycan klassik musiqisini, yəni muğamları tam və qüsursuz olaraq tar və kamança ilə çalmaq mümkündür. Tar və kamança istər klassik, istərsə də xalq musiqisini ifa etmək üçün ən mükəmməl çalğı alətləridir. Bəziləri iddia edirlər ki, azərbaycanlılar çalğı alətlərini İrandan almışdırlar. Biz bu iddianı qəbul etməməklə bərabər, bunu da deyə bilərik ki, biz bu alətləri, xüsusən tarı lap İrandan almış olsaydıq belə, bunlar İranda bəsit qaldığı halda, Azərbaycanda inkişaf etdirilmiş və mükəmməl bir çalğı aləti halına salınmışdır. Yox, əgər İran bizdən almışsa, o halda haqqı ilə təqlid edə bilməmiş və tamamlə bərbad bir hala salmışdır. Çünki Azərbaycanda tar 12-14 telli və müntəzəm pərdəli olduğu halda, İranda belə deyil.
Azərbaycan xalq musiqisi
Yuxarıda göründüyü kimi, qədim türklərdə topluluqlarda dolaşaraq mənqibələr söyləyən, yeni hadisələrə yeni şərqilər bəstələyən və xalq tərəfindən çox böyük rəğbət görən ozanlar vardı. Dövrümüzdə bu ozanların etdiklərinin eynisini həyata keçirən, ictimai və siyasi həyatda daha önəmli rolları olan aşıqları görürük. Zənnimcə, “ozan” kəlməsinin “aşığ”a dəyişməsi o qədər də uzaq tarixə təsadüf etmir. Bu fikrimizi qüvvətləndirmək üçün bu gün hələ də Gəncə şəhərində böyük bir məhəllənin “Ozanlar məhəlləsi” adını daşıdığını göstərə bilərik. Azərbaycan ölkəsi yaxın tarixində şeir sahəsində olduğu kimi, aşıq musiqisində də böyük nailiyyət qazanmış və qüvvətli aşıqlar yetişdirmişdir ki, bunların başında, heç şübhəsiz, Aşıq Ələsgər gəlir. Aşıq musiqisilə yanaşı olaraq, Azərbaycanda xalq şərqiləri və oyun havaları inkişaf etmişdir. Azəri türkləri, başqa millətlərdən tamamilə fərqli olaraq, özlərinə məxsus oyun havalarına malikdirlər. Azərbaycan oyun havalarının özəlliklərindən biri, demək olar ki, onların hamısında eyni zamanda şərqi söylənməsidir. Yəni oyun havalarının sözlü olmasıdır. Belə ki, Azərbaycan oyun havaları həm oyun havası olaraq çalınır, həm mahnı olaraq söylənilir. Hətta çox zaman hər ikisi bir arada icra olunur. Məsələn, “Uzundərə”, “İrəvanda xal qalmadı”, “Ay sallanıb gedən yar” və sairədə olduğu kimi. Bundan çıxaracağımız nəticə: Azərbaycan xalq mahnıları ilə oyun havalarının sıx surətdə bir-birinə bağlı olması və bir-birini tamamlamasıdır.
Azərbaycan oyun havalaranın özəlliklərindən biri də onların yaşa və cinsə görə dəyişməsidir. Məsələn, Azərbaycanda bir gənc “Uzundərə” havasını oynamaz. “Uzundərə”ni mütləq yaşlılar oynayarlar. Yaxud “Ceyrani”ni yaşlılar və kişilər deyil, yalnız gənc qadınlar oynayarlar. Və yaxud “Beşaçılan” və ya “Xançobanı”nı qadınlar və yaşlılar deyil, gənclər oynayarlar. Azərbaycan oyun havaları oynaq, axıcı və ritmikdir. Azərbaycan oyun havalarında rəqs edənlər ayaqlarına xüsusi diqqət edirlər.
Azərbaycan oyun havalarında olduğu kimi, xalq mahnılarının da özünəməxsus özəllikləri vardır. Hər şeydən əvvəl, Azərbaycan mahnılarının sözləri sadə və xalqın anlayacağı tərzdə öz türkcəsindədir. Məsələn, ölməz Atatürkə xitabən bəstələnmiş məşhur mahnı bu sözlərlə başlayır:
Yaşa, min yaşa, Mustafa Kamal paşa!..
Qəhr olsun, məhv olsun düşmənin başdan-başa!..
Arş, arş, arş, irəli, marş, irəli,
Türkün əsgəri dönməz geri...
Qafqaza gedən türk ordusuna ithaf olunan digər bir mahnıda:
Salon (eşelon) gəlir baş-başa,
İçində Nuri paşa,
Yaşasın Ənvər paşa!..
deyilməkdədir. Və yaxud sevgilisi Muğan ətrafında sel fəlakətinə uğramış Xançoban haqqında söylənmiş mahnıda olduğu kimi:
Gedin, deyin Xançobana,
Gəlməsin o il Muğana.
Muğan batıp nahaq qana,
Apardı sellər Saranı,
Bir uca boylu balanı...
Bir çox misallar daha göstərmək olar. Azərbaycan türküləri (el mahnıları) haqqında danışarkən, bu mahnıların yaradılması və inkişafında böyük xidməti olan xalq xanəndəsi Qaryağdıoğlu Cabbarı xatırlatmadan keçə bilməyəcəyik. Çox qiymətli bir sənətkar olan mərhum bir çox mahnılar bəstələmiş, zamanla əskimiş, ölmüş türküləri də yenidən işləmiş, gözəlləşdirmiş və Azərbaycan musiqisinə qazandırmışdır. Bunu xüsusilə qeyd etmək istərəm ki, Azərbaycan xalq mahnılarının hamısı Azərbaycan klassik musiqisi, yəni muğamlar üzərinə (köklər üzərinə) bəstələnmişdir. Bunlardan bir çoxu muğamların icrası əsnasında “təsnif” adı ilə çalınır və ya oxunur. Müəyyən bir muğam üzərinə bəstələnmiş bir təsnif (şərqi) başqa bir muğamda çalınmaz və oxunmaz. Məsələn, “Kürdün gözəli” şərqisi “Dəşti” muğamı, yəni kökü üzərinə bəstələndiyindən “Mahur” muğamı arasında çalına bilməz. Və yaxud “Sona xanım” şərqisi “Mahur” kökündə olduğundan “Dəşti” muğamı arasına sığdırıla bilməz.
Təbriz musiqişünaslarından Hüseyn Üzzari Azərbaycan təsniflərinin seçilmiş parçalarından 110 dənəsini mətnlərilə birlikdə toplayaraq, “Azərbaycan türkü təsnifləri məcmuəsi” başlığı altında nəşr etdirmişdir. Azərbaycan musiqisini tanıtma və yayma baxımından çox böyük qiymətə layiq olduğuna şübhə etmədiyimiz bu məcmuədə Hüseyn Üzzari təsniflərin adlarını və mətnlərini verməklə qalmamış, eyni zamanda bütün təsnifləri köklərinə görə qruplaşdırmışdır. Bu baxımdan Üzzarinin əməyi təqdirəlayiqdir.
Azərbycan qadınlarının körpələrinə söylədikləri ninnilər, inək sağarkən heyvanın sakitliyi və bol süd verməsini təmin etmək məqsədilə söylədikləri nəğmələr, çobanların qoyunları toplamaq, yatırmaq və suya götürmək üçün neylərilə çaldıqları çox gözəl bayatılar, əkinçilərin cüt sürərkən söylədikləri türkülər də Azərbaycan xalq musiqisinə daxildir.
Modern musiqi
“Modern musiqi” təbirilə notlu şərqilər, opera, operetta, balet musiqisi, notlu xor, fantaziyalar, üvertüralar və s. nəzərdə tuturuq. Azərbaycan modern musiqisi tamamilə xalq və bilxassə klassik musiqi üzərində qurulmuşdur. Azərbaycan modern musiqisi yaşadığımız əsrin1 əvvəlində ölməz bəstəkar Üzeyir Hacıbəylinin mövzusunu Füzulidən aldığı “Leyli və Məcnun” operası və bunun ardınca “Arşın mal alan” operettası ilə başlayır. Üzeyir bəy əsərlərilə Azərbaycan və dolayısıyla Şərq musiqisində yeni bir dövr açmış oldu. Xüsusən “Leyli və Məcnun” operası şeir ustadı Füzuli, əvəzedilməz rəssam Mənsur və böyük bəstəkar Əbdülqadir Marağayinin dövründəki Azərbaycan incəsənətinin XX əsrdə yenidən yüksəklərə qalxması oldu. Əsasən mahur, şur və çahargah üzərində qurulmuş olan “Leyli və Məcnun” operasını Azərbaycan musiqisinin “Renesans dövrü” kimi vəsf etmək olar. Üzeyir bəy bu əsərilə, eyni zamanda, Azərbaycan opera musiqisinin təməlini atmış oldu. Ondan sonra dəyərli sənətkar Müslüm Maqomayev “Şah İsmayıl” operası ilə Üzeyir bəyin açdığı yolda yürüdü və Azərbaycan opera musiqisində atdığı təməli daha da möhkəmləndirdi. Böyük sənətkar Müslüm Maqomayev “Şah İsmayıl” operası ilə haqqı olan böyük şöhrəti qazandı. Musiqi mütəxəssisləri “Şah İsmayıl”ı Azərbaycanın “Karmen”i adlandıraraq vəsf edirlər. Bütün Şərq və Balkan məmləkətlərində ilk dəfə olaraq, təxminən yarım əsr bundan öncə yazılıb müvəffəqiyyətlə oynanılan bu opera və operettalar heç şübhəsiz ki, Azərbaycan türklərinin yüksək musiqi kültürünə sahib olduqlarını göstərir. Eyni zamanda, bu opera və operettaların yazılması və oynanması Yaxın Şərq musiqi tarixində böyük və gerçək bir inqilab oldu. Üzeyir bəyin açdığı və Müslüm Maqomayevin davam etdirdiyi bu yolda bir çox istedadlı bəstəkarlar yetişdi və xeyli çox sayda opera, operetta, balet, musiqili komediya və sair musiqi əsərləri meydana gətirildi. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” opera və “Arşın mal alan” operettasından başqa Azərbaycan musiqisinə bir sıra qiymətli əsərlər vermişdir. Mərhumun yazdığı opera, operetta və s. musiqi əsərlərindən ən mühümləri bunlardır: “Mahur”, “Şur” və “Çahargah” muğamlarında yazılmış “Leyli və Məcnun”, “Segah” məqamında yazılmış “Koroğlu”, əsasən “Segah” muğamında yazılmş “Nizami”, “Fərhad və Şirin” operaları, “Arşın mal alan”, “Şah Abbas-Xurşidbanu”, “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, “Əlli yaşında cavan”2 (“Orduxan-Muradxan”) operettaları, “Birinci”, “İkinci”, “Üçüncü” simfoniya, fantaziya, üvertüralar, xeyli şərqilər, konsert parçaları və s. Fitrətən sənətkar olan Hacıbəyli ailəsi Üzeyir bəydən başqa, bir çox dəyərli sənət adamları yetişdirmişdir. Bunlardan ən məşhurları: Zülfüqar Hacıbəyli, Niyazi Hacıbəyli, Çingiz Hacıbəyli və Soltan Hacıbəylidir. Üzeyir Hacıbəylinin 1922-ci ildə qurduğu, şəxsən rəhbərlik və müəllimlik etdiyi Bakı Konservatoriyası Azərbaycanın musiqi həyatında çox böyük bir rol oynamışdır. Bugünkü Azərbaycanın tanınan bəstəkarları məhz bu musiqi ocağından çıxmış adamlardır. Bundan başqa, Üzeyir bəy Hacıbəyli Dövlət xoru və orkestrini qurmuş və özü idarə etmişdir.
Bir zamanlar Azərbaycanda rus nökərliyi edən bəzi ünsürlər azərbaycanlıların milli geyimlərinə, milli ənənələrinə, musiqi alətlərinə, qısaca, milli olan hər şeylərinə qarşı hücuma keçmişdilər. Bu soysuzlar öz əməllərinə başqa sahələrdə qismən müvəffəq olsalar da, müsiqi istiqamətində əsla müvəffəq ola bilmədilər. Azərbaycan musiqisinə və musiqi alətlərinə hücum edənlər daim qarşılarında Üzeyir bəyi və onun yolu ilə yürüyən digər bəstəkarları gördülər. Üzeyir bəy və onun yolu ilə gedənlər bəstələdikləri bütün əsərlərdə Azərbaycan xalq musiqisinə, klassik musiqiyə və yerli musiqi alətlərinə geniş ölçüdə yer verdilər. Beləliklə, xalq musiqisini və klassik musiqini, eyni zamanda, yerli musiqi alətlərini qarşısıalınmaz ölümdən qurtardılar. Məsələn, “Koroğlu” operası, başlıca olaraq, “Çahargah” muğamında yazılmış və içərisinə bir çox xalq mahnıları və oyun havaları daxil edilərək, klassik musiqi ilə xalq musiqisinin modern opera musiqisi daxilində iştirakı təmin edilmişdir. “Koroğlu” operasının üçüncü pərdəsində Koroğlunun aşıq qiyafətilə xan sarayında söylədiyi tipik aşıq mahnıları və dördüncü pərdədə Çənlibeldə Koroğlunun dəlilərinin oynadıqları oyun havaları və xor halında söylədikləri şərqilərin hər biri Azərbaycan xalq musiqisinin nümunələridir. Bundan başqa, “Nizami”, “Şah İsmayıl”, “Fərhad və Şirin”, “Arşın mal alan”, “Nərgiz” və sair opera və operettalar başdan sona qədər Azərbaycan klassik və xalq musiqisini ehtiva etməklə bərabər, bu əsərlərdə istifadə olunan musiqi alətləri də Azərbaycan xalq musiqi alətləri olan tar, kamança, ney, yastı balaban, zurna və sairədir.
Azərbaycan opera musiqisilə yanaşı və sıx surətdə bağlı olaraq, balet musiqisi də inkişaf etmişdir. Azəri türklərinin məşhur əfsanəvi dastanı olub, dəyərli şair Cəfər Cabbarlı tərəfindən axıcı bir şəkildə nəzmə çəkilən “Qız qalası” poemasına mərhum maarifçilərdən Bədəl bəyin oğlu Əfrasiyab Bədəlbəyli tərəfindən eyni ad altında balet musiqisi yazılmışdır. Bədəlbəylinin bu baleti, həqiqətən, yüksək bir sənət əsəridir. Hətta başqa millətlərin sənətini qiymətləndirərkən, çox xəsis və daim haqsız davranan rus musiqi tənqidçiləri belə “Qız qalası” baletini yüksək sənət əsəri olmasından sitayişlə bəhs edirlər.
Rus imperialistlərinin qaba ruslaşdırma siyasətlərinə rəğmən, Azərbaycan musiqisi türklük ruhunu qeyb etməmiş, əksinə olaraq, getdikcə yabançı təsirlərdən qurtularaq milliləşmiş, gözəlləşmiş və xalq tərəfindən mənimsənilmişdir. Rusların, ələlxüsus Azərbaycan türklərinə qarşı otuz iki ildən bəri tətbiq etdikləri kökünü kəsmə siyasəti nəticəsində Azərbaycan türkləri bir çox maddi və mənəvi zərərə uğramışlar.
Rus imperialistləri Azərbaycan türklərinin malını, mülkünü, təbii sərvətlərini və müqəddəs istiqlallarını əllərindən almışlar. Lakin, çox şükür ki, Azərbaycan musiqisini heç bir zaman qəsb etməyə müvəffəq olmamışlar. Musiqisevər azərbaycanlılar, rus basqısına rəğmən, öz musiqilərini çox ciddi şəkildə mühafizə etmiş və imkan daxilində inkişafına nail olmuşlar. Bu gün Azərbaycanın Dövlət Opera Teatrı, Musiqili Komediya Teatrı, Balet məktəbi, Filarmoniya, Dövlət Xoru, notlu və notsuz orkerstrlər, Dövlət Konservatoriyası və çox sayda musiqi məktəbləri fəaliyyətdədir
Dostları ilə paylaş: |