MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)


Əziz ÖZƏR TÜRKİYƏDƏ AZƏRİ TÜRKÜ VƏ



Yüklə 2,33 Mb.
səhifə13/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
1   ...   7   8   9   10   11   12   13   14   15

Əziz ÖZƏR
TÜRKİYƏDƏ AZƏRİ TÜRKÜ VƏ

OYUN HAVALARI
Azəri xalq türkü və oyun havalarının başlıca xüsusiy­yət­lərin­dən biri, “maye” növündən olan “şikəstə1 deyilənlər is­tisna, Azər­baycanın o və ya bu məntəqəsinin məhəlli xarakterini daşı­ma­ma­sı­dır. Buna görə də hər türkü və hər oyun havası ümumi Azər­baycana xas bir xarakter daşıyır və bu ölkənin hər məntə­qə­sin­də eyni tərz, eyni üslubda söylənilir və oynanılır. Bir türküyə bu və ya o mən­təqənin malıdır, əsla deyilə bilməz. Ələlxüsus ki, 6/8 ölçülü olan bu motivlərin özünəməxsus bir də üslubu və tem­pi vardır. Qonşulardan alınma türkü və oyun havalarının üslub, tərz və tempinə, əgər varsa, mətnlərindəki şivəyə yerli sənətkarlar da­i­ma əslində olduğu kimi tam riayət etməkdədirlər; bu səbəb­dən bu motivlər bariz bir surətdə yerlilərinkindən ayrılmaqda, qarış­ma­­maqda və yabançılığını olduğu kimi, eynilə hiss etdir­məkdədir. Be­ləliklə, azəri xalq türkü və oyun havaları istər-istəməz azəri tür­künün qatışıqsız öz malı olaraq nəcabət və bəkarətini mü­hafizə et­məkdədir.

Qayət oynaq və şən olan bu motivlər Türkiyənin hər yerin­də və hamı tərəfindən sevilməkdə və böyük bir rəğbət görmək­dədir.

Azəri türkünün ruh və xarakterini tərənnüm edən bu motiv­lə­rin eyni soy və eyni qandan olan Anadolu türkünün də ruhunu ox­şaması və onun tərəfindən də sevilməsi və mənim­sənilməsi qa­yət təbiidir. Yalnız bir çox ta­nınmış folklorçu, səs və saz sənət­kar­­larımız nə­dənsə bu motivləri əslindən uzaq­laşdıraraq, öz üslub və tərzlərinə uyğun­laş­dırmaq, mətnini (“balam” kəlməsi istisna), İs­tanbul şivəsiylə Türki­yə­nin bəzi məntəqələrinə aid etmək su­rə­ti­lə nəşr etdi­rməkdədirlər ki, qə­naətimizcə, bu sənət baxı­mından bir xə­tadır. Eynilə hər hansı bir Qa­ra dəniz və ya Malatya türküsünü, İs­tanbula aid edərək, İstanbul üs­lub, tərz və şivəsilə nəşr etmək bö­yük bir sənət xətası sayıldığı və bu halın bir sənətkarı çox çətin du­ruma saldığı kimi. Qiymətli sənət­karla­rımızın bu xətanı bilmə­dən işlədik­ləri qənaətindəyik. Çünki bu motivlər onlara tamamilə sə­nədsiz şəxslər tərəfindən verilmiş oldu­ğundan, çox təbii olaraq, mən­şə və tərzcə də yanlış bir yola əyil­mişdir. Məhz bu kimi xə­ta­la­rın işlən­məsinə meydan verməmək və azəri motivlərinin nəş­rin­dən zövq duyan qiymətli folklorçu, səs və saz sənətkarlarımızla bə­rabər, hör­mətli oxucu­larımıza bir xidmət etmək məqsədilə bu say­dan etibarən dərgimizdə sıra ilə azəri xalq türkü və oyun ha­va­la­rının notlarını mətnlərilə birlikdə nəşrə qərar verdik. Bundan be­lə qiymətli oxu­cularımızın azəri musiqisinə aid suallarını, imkan da­xilində, cavab­landırmağı və arzu edəcəkləri türkü və oyun ha­va­­larının notlarını nəşr etməyi indidən vəd edirik.
ŞUŞANIN DAĞLARI1
Şuşanın dağları mavi dumanlı,

Qırmızı kömləkli, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxlar gümanlı,

Ay qız, bu nə qaş-göz, bu nə tel,

Ölürəm dərdindən, bunu bil,

Danışmasan da, balam, barı gül.


Şuşada axşamlar doğar ulduzlar,

Ondan da gözəldir gəlinlər, qızlar.

Oturmuş yol üstə, yolunu gözlər,

Ay qız, bu nə qaş-göz, bu nə tel,

Ölürəm dərdindən, bunu bil,

Danışmasan da, balam, barı gül.


Şuşanın hər yerdə vardır sorağı,

Tərifə layiqdir İsa bulağı,

Dağları, ovası ceyran oynağı,

Ay qız, bu nə qaş-göz, bu nə tel,

Ölürəm dərdindən, bunu bil,

Danışmasan da, barı gül.


OVÇU
Aman, ovçu, vurma məni!

Mən bu dağın, ay balam, maralıyam.

Maralıyam, maralıyam,

Ovçu vurmuş, anacan, yaralıyam.


Bu dağlarda ceyran gəzər,

Ayaqların, ay balam, daşlar əzər.

Mən o yara neyləmişəm,

O yar məndən, anacan, uzaq gəzər.


Bir daş atdım, çaya düşdü.

Daş yerindən, ay balam, sonam uştu.

Mən o yara neylədim ki,

O yar məndən, anacan, uzaq düşdü.






Behruz HƏQQİ



ATA SÖZLƏRİNİN KÖKLƏRİ VƏ ŞİFAHİ XALQ ƏDƏBİYYATINDAN ÖRNƏKLƏR1
Hər xalqın müqəddəs arzuları və mübarizələri nəticəsində yarat­dığı mənəvi və ədəbi sərvət, hər şeydən öncə onun xalq ədə­biy­yatında əksini tapır. Həyatdan qaynaqlanan folklor, müba­riz və in­san sevgisi olan insanlara yenidən güc verir. Xalq kütlə­sinin kim­liyini qoruyan yazılı ədəbiyyatda, ya da gözəl sənətlərin başqa qol­larında hegemon sinif və təbəqələrin ədəbiyyatının özəllik­lə­rin­dən olan yaltaqlıq, şəxsiyyətə pərəstiş, xürafatın tam əksinə, folk­lor­da, igidlik, zülmə və haqsızlığa qarşı mübarizə və humanist dü­şün­cələr müqəddəs sayılmaqdadır. Maksim Qorki belə deyir: “Qor­xusuz və ölümsüz qəhrəman tipləri tarix bo­yunca sadəcə xalq ədəbiyyatında yer almışdır”.

Anonim2 xalq ədəbiyyatında gözəllik, estetik duyğuları oyan­­dırmaqla birlikdə dalğalı dənizə bənzəyən saf ürəklərdə, hə­ya­tı insan duyğuları və əməyilə gözəlləşdirən insanlarda sevgi və say­ğı oyandırıb, onları həyatın enişli-yoxuşlu yollarından başı dim­dik olaraq keçməyə, gərəkli məqsədlər uğrunda mübarizəyə (yə­ni cəhdə) çağırmaqdadır. Beləcə, bəlkə də, zülmlə qaralmış qa­ra gecələrin köksünü yarıb, ucsuz-bucaqsız, dalğalı dənizlərə üs­tün gəlməyə müvəffəq ola bilir. Çünki yalnız tarixin səsinə ca­vab verənlər, cəhalət, xürafat və təzyiqin yaratdığı qaydaları elm və sevginin sönməz şəfəqləri ilə işıqlı dünyaya çevirənlər kai­natda ölüm­süz olurlar. Və bunlardan qalan xatirə və təcrübələr göstərir ki, bu böyük hədəflərə insanlıqdan kənar yollarla çatmaq olmaz. Bu mövzudakı bir öz sözüm: “Həyat eşqilə atəşlərdən, alovlardan ke­çər insan”, – deyər.

Belə bir tarixi yaradan insanların adları göylərə qaldır­dıqları bay­raqda böyük hərflərlə yazılmışdır. Və bu insan­ların dünya­gö­rü­şündə eşq, insan sevgisi, yaradıcılıq və iş heç bir öl­kənin dörd di­varında çarmıxa çəkilən bir zindan deyildir. Bun­lar günəş və ha­va kimi bütün insanlara aiddir.

İstismarçılar və özlərini başqalarından üstün görənlər bu sə­bəb­dən qəflət yuxusundan oyanan, müstəqillik, azadlıq yolun­da mü­cadilə edən xalqların çırpınan ürəklərini durdurmağa cəhd et­mək­dədirlər. Bunun üçün onların mənəvi sərvətlərinə xor baxa­raq və aşağılayaraq, onların kültür və xalq ədəbiyyatını sümü­rərək, bir ata sözündə deyildiyi kimi: “Şəriət donu geydirərək”, – yox et­məyə çalışmaqdadırlar.

Tarixi dəlillər göstərir ki, fars şovinistləri tərəfindən xalqı­mı­zın varlığına, milli kimliyinə vurulan ağır zərbələr milli var­lı­ğı­mı­zın parlaq aynasında olduqca ağır və sağalmayacaq izlər bu­rax­mış və hələ də buraxmaqdadır. Bunların ən təhlükəlisi milli sistem al­tında olan aydınların kor millətçiliyə qarşı məftunluğu və so­nun­da fars–türk çəkişməsinin alovlandırılmasıdır. Beləcə “suyu ku­zə­də, günəşi bacada” görən aydınların dalınca düşən xalqın bədbəxt ta­leyi bu: “Elçisi gülüm olanın başına külüm olur”, – ata sözünün de­diyi kimi gerçəkləşir.

Məncə, milli zülmün kökü cəhalətdə və bizi əhatə edən ger­çək­lərə göz yummadadır. Tarixi gerçəklər göstərir ki, geri qalmış öl­kələrdə xalq və aydınlar üçün çox zaman azadlıqdan vaz keç­mək və xoşbəxtliyi unutmaq çox asan və və onları müdafiə etmək çox zordur. Hər millətin bir bağban və bir əkinçi kimi öz varlığını təh­did edən qaranlıq güclər ilə mübarizəsi və xoş­bəxtliyə çatması üçün cəhd göstərməsi lazım gəlməkdədir.

Bizcə, folklorun ucsuz-bucaqsız dənizi və dövrün yenilikçi ide­ologiyası hər xalqın irəliləməsində və böyüməsində üstün bir qüd­rət və sehrli bir güc daşımaqdadır. Elmi araşdırmalar göstərir ki, millətlərin hər sahədə yaratdığı şah əsərləri anonim xalq ədə­biy­yatının həyat bulağından su içərək ölümsüzlüyə yetişmişdir. Xal­qın könlündə yer almaq və onun ruhunun dərinliklərinə nüfuz et­mək üçün anonim xalq ədə­biyyatının genişlənməsi və yayılması baş­lıca şərtlərdən biridir. Başqa cür desək, öz xalqının tarixi, mə­dəni, mənəvi və əxlaqi dəyərlərinə dərindən bağlı olmayanlar zir­və­də, ya da hegemon da olsalar, insani sifətlərdən uzaq qaldıqları üçün insan həyatının gözəlləşdirilməsində kiçicik bir addım belə ata bilməzlər. “Kireçci atı” kimi ətrafında dolaşarlar. Belə in­san­la­rın üzlərindəki maskalar yerə düşərkən, altındakı qorxunc və ger­çək kimlikləri “saman altının suyu” kimi ortaya çıxar və o zaman gö­rü­nər ki, bu gücsüz diktatorlar yalnız “çarşafsızlıqdan evdə qal­mış­lar”.

Milli və insani görüşlərini qeyb edənlər: “Azər­baycan­lı­lar qor­xusuz igidlərdir və Azərbaycan torpaqları İranın başı qədər də­yərlidir”, – deyə bağırıb-çağırmağa baş­lar­lar. Əgər: “Yax­şı, bəs bu başın dili nədir?– deyə sorul­duğunda isə cavabdan qaçaraq kə­kə­ləməyə başlarlar. Haqlı­dırlar, çünki illər boyu İranda hege­mon­luq, cəhalət, ədalət­sizlik və basqı bu başın dilini fars şovi­nizminin kəs­kin qılın­cıyla kəsib onu ruhsuz və cansız bir cismə dön­dər­mə­yə çalış­mışdır. Ancaq Azərbaycan xalqı bağrın­da yaşa­yan folkloru və ana dilini qo­ruyaraq, düşmənlərin bu arzularını qursaq­larında bu­rax­mış­dır. Dilləri və folkloruyla onlara qalib gəl­miş­­dirlər. De­mək ki, folklor gözəl sənətlərin, özəlliklə ədə­biy­yatın anası­dır. Bu ana­nın təmiz südü ilə, şirin laylaları ilə ruhu bəslə­nən insan və onun yaratdığı əsər məğlubiyyət bilməyən kökslərdə sonsuz ola­raq yaşamaqdadır. Məsələn, bu şah əsərlərdən sa­yı­lan “Ko­roğlu”, “Də­də Qorqud”, “Ural Batur”, “Əsli və Kərəm” bu dövrdə də zülm və cəhalətdən susan ürəklərə yol tapıb və onlara ümid və gə­ləcək düşüncə işıqlarını saçmaq­da­dır.

Xalq aydınları və öndərləri üçün ən önəmli vəzifə öz xal­qın­da milli qüruru oyandırmaq, başqa xalqlara qarşı da hörmət və on­lardakı mənəvi və mədəni sərvətlərə sayğı və rəğbət bəsləməyi öy­rətməkdir. Bəşəri haqları əldə etmək məqsədilə ölkəmizdə baş­la­nan milli azadlıq hərəkatımızda şovinizmə qarşı mübarizə et­mək­lə birlikdə “panizm” (pan­farsizm, pantürkizm və b.) xəs­tə­li­yi­nin qarşısını almaqdan başqa, dünya ədəbiyyatının tükənməz xə­zi­nə­sindən, huma­nizmin coşub-daşan bulağından da mümkün ol­du­ğu qədər faydalanmaq məcburiyyətindəyik. Anadilli və milli kül­tü­­rü­müzü, musiqimizi mənimsəməklə öz yaşayışını minlərcə in­sa­nın yox olmasından üstün tutmaq, başqa xalqların inqilabını, in­san­pərvər adamlarını görməzdən gəlmək bizim üçün şovinizm əli­lə zəncirlənməkdən də daha ağırdır. Bizim son arzumuz və is­tə­yi­miz bütün insanların xoşbəxt­liyi, istismarın yox olması və hər bir xal­qın azadlığı və mə­dəniyyətidir. Əgər belə müqəddəs arzulara ye­tişmək yolunda şovinizm və bədxah güclərlə qrupların əlilə çey­nən­miş ana­dilli, milli kültür və zənginlik müdafiə ediləcəksə, mən bu sipərdə dayanmağı və mübarizə etməyi özümə böyük bir şərəf say­maqdayam.

Ürəyimdəki qurtuluş istəyi və ağlım məndən gerçəyi söy­lə­mə­yimi istəyir. Buna görə bu yolda heç bir təhlikə və damğadan qorxmadım və qorxmaram. İnanıram ki, haq­lılı­ğımızı isbat et­mək üçün ilk öncə sadə vətəndaşlarımızı və insanlarımızı oyan­dırmaq və dünyada baş verən olayları və cavabdehliyi onlara ay­dın­laş­dır­maq ən önəmli vəzifəmiz­dir.

S.C.Nehrunun (Hind alimi):“Tarixini tanımayan millət onu tək­rar etməyə məcburdur”, – sözündən dərs alaraq, qana bu­lan­mış tariximizin təkrarlanmasından onla­rı vaz keçirtmək lazım­dır. Bi­zim zəngin xalq ədəbiy­yatı­mızda humanizm, dostluq, qardaşlıq və bütün dünya in­sanlarını sevmək motivləri əsasdır. Bizcə, milli kül­tür, uluslararası kültürün müqəddəs sayılan beşiyidir. Başqa söz­lə, anasıdır. Əgər bu ana – milli kültür gerçək bir dəyər və hü­quq­dan məhrum qalırsa, açıq görünür ki, həm yaradılan “in­ter­na­si­onalizm” və həm də onu yaradan in­sanlar təhlükəli xəstəlik­lər­dən qurtulmamışlar, həm də o xəs­təliyi o quruluşun müxtəlif sahə­lərində yayacaqdırlar. Bizcə, mil­li və anonim xalq ədəbiyyatı mü­qəddəs müstə­qillik və azad­lıq istəyi yolunun ən önəmli sayılan ad­dı­mıdır. Bu yolda atılan bir yanlış addım bir xalqı yüzlərcə ilinə bə­rabər olan tarixindən və sosial istəklərindən uzaq­laşdırar.

Əlinizin altındakı kitabda ata sözlərinin açıqlanması yolunda at­dığımız ilk addımlarla tanış olmaqdasınız. Bu kitabda xalqımızın eniş­li-yoxuşlu həyatı, tarixi və top­lum­sal təcrübələri qələmə alın­mış­dır. Tarixin qanlı səhi­fələ­rindən göyə baş qaldıran bu xatirələr dün­ya ədəbiy­yatının coşub-daşan həyat bulağını, göyə yüksələn uca dağ­larını simvol­laş­dır­maqdadır.

Yeri gəlmişkən, qısa da olsa folklor sahəsində ilk çalışan­lar­dan bəhs etmək yerində olacaqdır. İranda yaşa­yan türkləri folk­lorun dəyərini bilən və toplanmasına cəhd göstərən ilk mil­lət­lər­dən saymaq mümkündür. Səfəvi süla­ləsinin qurucusu1 “Xətayi” lə­qə­bilə məşhur olan Şah İsmayıl və onun xələfi Şah Təhmasib dö­­nəmində türkcə nağılların toplanıb yayımlanması ölkədə geniş bə­­yənilmiş, bu təşəbbüs ziyalılar tərəfindən böyük fəxrlə qarşılan­mış­dır. Keçən dövrün ortalarından demokrat yazarlar və bu de­mok­rat yazarlardan Zərdabi, M.Mahmudbəyov, M.Ka­­zımbəy, F.Kö­­çər­li, P.Əfəndiyev, E.Sultanov, M.Qə­mərli və b. zəngin ano­nim xalq ədəbiyyatımızı yayınlayanlardandır. Şərqin inqilab beşiyi ola­raq tanınan Quzey Azərbaycanda folklor örnəkləri 1920-ci il­lər­dən başlayaraq, “Yeni yol”, “Kommunist”, “Kolxozçu”, “Dan ul­duzu”, “Maarif və mədəniyyət” kimi dərgilərdə yayın­lanmışdır. V.Xu­luflu, H.Zey­nal­lı, S.Mümtaz, Hümmət Əlizadə “El aşıq­la­rı”(1972), “Koroğlu” (1927), “Azər­baycan tap­maca­ları” (1926), “Azər­baycan atalar sözü” (1926), “Sarı Aşıq” (1932), “El aşıq­la­rı” (1927, 1 və 2-ci cildlər, 1935), “Azər­baycan aşıqları” (1 və 2-ci cildlər, 1936), “Azərbaycan ba­ya­tıları” (1938), “Aşıq Hüseyn Bo­zal­qanlı” (1938), “Aşıq Əsəd” (1938), “Koroğlu” (1941) və s. ki­tablar hazırlayıb yayınlanmışdır. İkinci Dünya müharibəsindən son­rakı il­lərdə xalqımızın qeyrətli övladları və görkəmli xalq ədə­biy­­yatçıları Həmid Araslı, M.H.Təhmasib, Mirəli Seyidov, M.Ha­tə­mi, V.Və­liyev, Rüstəmzadə, H.Arif Azərbaycanın tükənməz folk­lorunu elmi görüşləriylə araşdırıb yayın­la­mış­lar. Araşdır­ma­lar­­da xalqımızın adət və ənənələrini, xalq ədəbiyyatını və hə­yat­da­kı qara güclərə qarşı verdikləri mücadilələri və dünya­görüşlərini əks etdirmişlər.

Ümumilikdə, dünyanın ən böyük elm və siyasət adam­ları tə­rə­findən anonim xalq ədəbiyyatının dəyər­lən­dirilərək, onun də­rin və anlamlı məzmunundan yarar­la­nılması dəfə­lərlə irəli sürül­müş­dür. Demək gərəkdir ki, anonim xalq ədəbiyyatını araşdır­maq ye­ni dünya­görüş­lərinin dərinləş­məsinə səbəb olur, sosial ədalət və hü­quq azadlığı yolun­dakı böyük mücadiləyə önəmli dərəcədə tə­sir edir. Azərbaycan xalqının estetik anlayışlarının ifadəsi olan zər­bi-məsəlləri (ata sözləri, deyimləri), alle­qorik şeir və ədəbi lə­ti­fə örnəkləri xalqımızın mənəvi aləmini əks etdirə­rək, onun cür­bə­cür çətinliklərlə dolu həyat tərzini tarix boyu köksündə gözəl bir şə­kildə qorumuşdur. “Anonim Xalq Ədə­biyyatı Antologiyası” ən qə­dim dövrdən bu günə qədər inkişaf yolunda olan müxtəlif folk­lor əsərlərini əhatə etməkdədir. Əfsa­nə­lərdəki təhkiyə (nağıl et­mə, anlatma) onun qurulu­şunu, ədəbi təsvir və söyləmə şəkillərini ay­dınlaşdırır. Əfsanənin əsli olmasa da, onun əsas məzmunu, ya da onu doğuran olayın gerçək səbəbi xalq arasında bu və ya baş­qa şəkildə gerçək anlamını qazan­maqdadadır.

Əfsanələrdəki əhvalatların bir sıra gündəlik olayla o qədər bən­zərliyi var ki, onları dinləyənlər sanki öz dövründə baş ver­miş de­yə, qəbul etməkdədirlər. Əgər saysız xalq rəvayətlərində yalnız hə­yatdakı olaylar əks olunursa, əfsanələrimizdə türk mil­lətinin həm keçmiş və həm indiki və həm də gələcəkdəki həyatını məcazi ola­raq ədəbi təsvirlərlə göstərmək mümkündür. Əfsanələrdə insan hə­ya­tının inkişafı, idealları və xəyalları təs­virlərin rəngləriylə əks et­diril­diyin­dən gerçəyi də ifadə edəcəyi dəqiqdir. Rəhmətlik Sə­məd Vurğun (Azərbaycan şairi) deyir ki, “Hər əfsanədə xalqın ger­çək həyatı, onun şüur və zövqü, gələcəyə olan inanc və ar­zu­la­rı əks olunmaqdadır. Orada xalqın sosial, fəlsəfi düşüncələri və keç­miş dönəminin yüz illərdir mənəvi və maddi xatirələrindən söz edi­lir”.

Anonim xalq ədəbiyyatımızın ən geniş şəkildə yayılan qol­la­rın­dan biri də nağıllardır (masallar). Türk millətinin nağılla­rında olan mifoloji ünsürlərdən ən önəm­lilərindən birisi divlərdir.

Nağıl yaradıcılığının ən əski dönəminə aid olan örnək­lə­rin­dən bəzilərində divlər insanlara yardım edən və xeyirsevər, bəzi ör­nəklərdə də şər gücləri və onların düşməni sayılmaqdadır. Zər­düş­tün “Avesta” kitabında divlərlə müba­rizə müqəddəs sayıl­maq­da­dır. Divlər soyuq və quraqlığın simvolu kimi görün­mək­dədir. Bu kitabda həyatın cürbəcür problemləri ilə bağlı dərs verici, an­la­şıqlı sözlərlə xalqın dühasını ümumiləşdirmiş həqiqi səsini dilə gə­tirən nağıl­larımızın örnək verilməsinə çalış­mışıq. Burada düzül­mə­miş incilər kimi xam material diqqətimizi çəkdi. Doğrusu, ata söz­lərinin hər biri bir dastandır. Həyatın çətinlik­lərindən geri qa­lan bir təcrü­bədir. Bu sözlərin gücünü göstərən bir neçə örnəyə diq­qət edək: “İt ilə yoldaş ol, amma cibində daş gəzdir” və ya “Qur­dun qonaqlığına get, köpəyi özünlə götür” və ya “El atan daş dağdan aşar”. Həqiqətən də, əgər düşmənə qarşı sosial mü­na­si­­bətlə­rimiz­də bu kimi örnəkləri, sözgəlişi:

Qabağa salma naşını,

Döydürər öz yoldaşını, –

söz­lərini yaxşı qavrayıb, işlərimizə rəhbər edə bilsəydik, dü­nənki sa­vaş meydanlarında qazandığımız qələbə və eti­barı, şübhəsiz, bu qə­dər asan itirməzdik. Və ikiüzlü şo­vinistlərlə bir səngərdə yat­maz­dıq və minlərcə şəhid ver­məzdik. Bu anlamda bir çox həyati sı­naqlardan çıxan zər­bi-məsəllərə ya diqqət etməmişik, ya da on­la­rı heçə sa­yaraq, onlardan vaz keçmişik.

Anonim ədəbiyyatımızda tənqidi dünyagörüşü dilə gətirən de­yim və ata sözlərindən:

Özüm özümə elədim,

Külü gözümə elədim, –

ör­nəyi çox anlamlıdır.Və dünənə qədər müqəddəs sayılan qay­da­la­ra tənqidi gözlə baxmağı öyrətməkdədir.

Türk xalq ədəbiyyatında “birlik” mövzusu ən önəmli və hə­ya­ti bir vasitə olaraq tanınmaqdadır: “Harda birlik var, orda dirlik var”. Ancaq həyatın zorluqlarından təcrübə qa­zanan müd­rik xal­qı­mız uyğunsuz birlikdəlikləri yerli-ye­rin­də qınamaqdadır və haq­lı­dır:

Yoldaşını bab elə,

Görən desin ha belə.
Şifahi (anonim) xalq ədəbiyyatının parlaq örnəkləri, xalqın keç­miş dövrlərdəki fəlsəfi, sosial düşüncəsini, etnik özəlliyini, ov­da, savaşda, böyük təbiət hadisələrində doğan şərqi, şeir və bən­zər­lərini, ağac, dağ, su, gün, ay, heyvan kimi vasitələrin qutsal sa­yıl­masını açıqlamaqda; bu cür anlayışlardan doğmuş müxtəlif tö­rən­lərin təməlini açıqca göstərməkdədir. Hətta müxtəlif tarixi mər­hələlərdə insanın öz əlilə yaratdığı totem, onqon və tanrıların əlin­də dustaq olduğunu ortaya qoymaqdadır. Amma insanlığın in­ki­şafı və elmin irəliləməsi savadsızlığa son verib insanlığın ilk dövr­­lərdəki dünyagörüşlərindən uzaqlaş­dırmışdır. Bu dövr: “Qi­ya­mət o vaxt qopar, biri yeyər, biri baxar”, – kimi incəlikli söz­lə­rin yaradıldığı dövrdür. Bu sözlər dəyərini hələ də qoruyan elmi dün­yagörüşünün daşıyıcısı olmuşdur. Belə­liklə, insan baxtının göy­lərə deyil, sosial münasibətlərlə sıx bir şəkildə bağlı olduğunu açıq­ca anlatmışdır. Dünyada baş verən olayların təmə­linin sinfi çə­kişmələr nəticəsində doğan uçurumlar olduğunu görərək küt­lə­vi inqilabların (burada “qiyamət” kəlməsi “inqilab” məna­sını daşı­maq­­­dadır) yaxın olmasını təsdiq etmişdir.

Əski inanc və etiqadları bizə çatdıran anonim xalq ədəbiy­ya­tı­nın bir bölümü də sehr və əfsun1lardır. İlk insanlar təbiətlə mü­na­sibətdə təbii fəlakətləri sehir, cadu və başqalarının ortadan qal­dı­ra biləcəyinə inanmışlar. Aşağıda verdiyimiz örnək­lərdə istək mə­sələsi özünü açıq bir şəkildə göstər­məkdədir:

Çax daşı, çaxmaq daşı,

Allah versin yağışı.

Əski inancların hegemonluğu ilə bağlı olan əfsunlar 3 qrupa ay­rılmaqdadır:

1. Təbiət güclərilə bağlı olan əfsunlar;

2. İnsanın həyat və yaşayışını saxlayan bitki və heyvanları qoruyan əfsunlar;

3. İnsanın gündəlik yaşamı və sağlığı ilə bağlı olan əfsun­lar.

Bu gün oxunan “Çoban” havası və inək sağan qadınlar tə­rə­fin­dən oxunan “Dutum, nənə” şərqisi heyvanların çox süd ver­mə­lə­rini təmin edir. Holavar və sayaçı nəğmələri onların yorğun­luq­la­rını alması, onları işə həvəsləndirməsi ilə yanaşı, heyvanların əh­lil­ləşdirmə dönəminə də şahidlik edir. “Cütləmə” çoban hava­la­rı­nın ən əskisi, ov dönəmindən qalma bir hava sayılmaqdadır. Qə­dim çağlarda ov etmək istəyən insanlar ovda bu şərqini söy­lə­dik­lə­ri zaman musiqiyə heyran olan heyvanlar çox rahat bir şə­kildə ov­lanarmış. Bu nəğməni dinləyən ov heyvanları o sırada ov­çunu unu­dub, musiqi dalınca qaçanda yaxalanarlarmış.

Xalq ədəbiyyatınını bir bölümündə də yağmurla bağlı qoş­ma­ları1 xatırlamaq mümkündür:

Çömçə qaşıq nə istər?

Allahdan yağış istər.

Bu sözlərin çoxunun dinlə əlaqəsi olmamış, bəlkə, illərdən bə­ri atalarımızdan və başqa düşüncələrdən qaynaq­lanmışdır. Ano­­nim xalq ədəbiyyatımızda olan ayin və etiqadlar müxtəlif xalq küt­­lələrinin sinifləşməsindən sonra və yayaş-yavaş inkişafı müd­də­­tində dəyərini itirərək yaşamını itirmişlər. Və indilik başqa bir bi­çimdə həyat sürməkdədir. Məsələn, atəşpərəstlik (atə­şə sitayiş) döv­ründən qalan atəşə sayğı və inanc bu gün xal­qın mart ayının son çərşənbəsində atəş yandırıb üzərindən atlan­maq şəklində özü­nü göstərməkdədir:

“Azərbaycan oğluyam,

Odu Allah sanmışam.

Anam torpaq,

Babam od,

Mən oddan yaranmışam”.

Günəşə və onu yer üzündə təmsil edən atəşə ibadət edil­məsi uzun zaman xalqımız arasında yayılmış törənlərdə gerçək­ləşdi­ri­lir­di. İndi də Aya, Günəşə yəmin etmək və onları müqəd­dəs say­maq yurdumuzun dörd bir yanında davam etməkdədir. Dünyada atəş və Günəş azadlığın, insansevərliyin, sevginin, xoşbəxtliyin, xal­qın ölümsüzlüyünün simvolların­dandır. Digər tərəfdən də, qış, qa­ranlıq, sosial həyatda zülm və onlara bağlı şeyləri sim­vol­laş­dı­rır.

Günəş və Ay tutulması zamanı xalq arasında olan inanış­lara gö­rə, mis və dəmir qaşıq bir-birinə vurularaq, qurşun atılır. Be­lə­lik­lə, qara divin (zərərverici güclərin) əlindən qurtulacağı müm­kün sayılır. Bu inanclar əski çağlardan qalan şamanizmdən qay­naq­lanır və Güney Azərbaycanın bir bölü­mündə (Tikantəpə, Qa­ra­dağ, Zunuz və b.) yaşamaqdadır. Zunuzda Kəmçi dağının qu­ca­ğın­da yerləşən Daran kəndində Ay və Günəşin açılmasına (tu­tul­ma­nın bitməsinə) qədər mis qabları bir-birinə vurmağa davam edər­lər. Günəş bulud arxasından çıxdığı zaman evin ilk uşağı atəşi gö­türüb günəş işığının qarşısına tutaraq belə söylər:

“Mən nənəmin ilkiyəm,

Ağzı qara tülküyəm.

Yandırdım mən səni.

Yandır sən də məni”.

Çox əski dövrlərdə soyuq qış aylarında xalqımızın tam bir inanc­la söylədiyi “Kudu kudu” şərqiləri oyun havalarına çev­rildi:

“Kudu kudunu gördünmü?

Kuduya salam verdinmi?

Kudu burdan keçəndə

Qırmızı günü gördünmü?”

İnsanlar bu törən və nəğmələrlə Günəşi qarşılayıb, bütün alə­mə, təbiətə can verən yazın və onun günəşinin istisinin, əzab­keş xalqımızın əlini-qolunu bağlayan qışdan qurtarmasını arzu edir­lər. Qaranlıq gecələrə qarşı yeni düşüncələr yaratmaq və işin­də müvəffəqiyyət qazanmaq üçün də yazın gəlməsini canı-kö­nül­dən istəmişlər. Yazın yaxınlaşması ilə təbiət canlanır və in­san­la­rı­mız təbiətlə bərabər günəşin istisindən bəslənir. Təbiətin yenidən qay­nayıb coşması ilə özünü xoşbəxt bir insan sayır. Belə bir dün­ya­görüşü səbəbindən bizim xalqımız yazı, ilk baharı qarşıladığı Nov­ruz bayramında (Bahar bayramı, Yeni gün) ayin­lərində ça­mur­­dan hazırlanmış tütəklə (su fışkası) bülbül səsi çıxarmaq istər. Be­ləcə yaşama yeniliyi ərməğan edən baharı bülbülün xoş səsilə sehr­ləyib, təbiəti yeniləməyə və təbiətdə əziyyət çəkən azadlıq aşi­qi insanların sonsuz müba­rizəsinə çağıracaqdır. Bəlkə, beləcə, qar­lı-boranlı qışı günəşin istisilə; insan haqlarının əzil­məsindən ya­rar­lanan haqsız dünyanı, ədalət, bərabərlik uğrunda döyüşən yeni fikir­li, igid və qorxusuz insan­ların birliyilə ortadan qaldırıb, insan adı­na layiq olan yeni bir dünya yarada biləcəkdir.

Mənim də arzum elimizin, obamızın unudulmaz varlığını bu gü­nə uyğun olan insani istəklərini qorumaqla öz vəzifəmi yerinə yetir­miş olmaqdır.

Bu kitabda yer alan ata sözlərinin kökləri həyatımda böyük iz­lər buraxan elimizin, yurdumuzun qayğısını çəkən və vətən­i­mi­zin müstəqilliyi uğrunda mübarizə aparan yorulmaz arka­daş­la­rı­mın eşqi və yardımıyla toplanmışdır. Biz bu əsərdə geniş oxucu küt­lələrini diqqətə alaraq xalq sözlərini mətndə qorumağa ça­lış­dıq. Əsər haqqında tənqidi fikir söyləyəcək mütəxəssislərə və oxu­cularıma öncədən minnətdarlığımı bildirir, təşəkkür edi­rəm. Bu­rada müraciət etdiyimiz və bilgi aldığımız və bizə yardım edən dost və arkadaşlarımızın adlarında xətalar ola bilər. Buna görə bi­zi əfv etmələrini diləyirik. Sayğılar.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin