Nəbi TURABLI
QAÇAQ NƏBİ
On doqquzuncu yüzilin birinci yarısında ruslar Gəncə xanı Cavad xanla apardıqları çətin savaşdan və böyük tələfat verdikdən sonra Qafqaz Azərbaycanını Rusiyaya ilhaq edə bilmişdilər. Azərbaycan Rusiyanın vilayəti halına gətirilərək, bütün sərvətləri Rusiyaya daşınırdı. Yaxın Şərq tarixində daim hökmdarlarını türk görən, yabançı bir millətin boyunduruğu altında əsarət zəncirinə alışmayan Azərbaycan türkləri rusların hökmranlığına qarşı hec bir zaman mücadilədən geri durmamışdırlar. Ruslara qarşı bir çox azəri igidlərinin qəhrəmanlıqları dillərə dastan olaraq söylənməkdə və onların əziz xatirələri unudulmamaqdadır.
Ruslara qarşı qəhrəmanlıqla mücadilə edən qarabağlı Qaçaq Nəbiyə sevgi ilə xalq bağlanmış, onun qəhrəmanlıqlarını öymüş, ona mədhiyyələr yazılmış, hətta xalq xanəndələri onun adına türkülər bəstələmişdirlər. “Qaçaq Nəbi” türküsü o qədər sevilmişdir ki, XIX əsrdən bəri hələ də canlılığını qeyb etməyərək, xalq tərəfindən sevilə-sevilə dinlənilməkdədir. Xalq “Qaçaq Nəbi” dastanına Nəbinin arvadı qəhrəman türk qızı Həcər xanımı və Koroğlunun Qıratı kimi onun Bozatını da qatmışdır. Nəbi dəfələrlə rusların mühasirəsindən arvadı Həcərin yardımı və Bozatının sayəsində özünü qurtara bilmişdir. Bütün türk dastanlarında olduğu kimi, Bozatın da bu dastanda ayrıca yeri vardır. Xalq ruslarla qəhrəmancasına döyüşən Nəbiyə heyranlıq duyaraq onu Koroğlu kimi əfsanəviləşdirmiş, toylarda, bayramlarda onun hekayəsini dinləməkdən yorulmamışdır. Qaçaq Nəbinin bir rus düşməni olduğu və xalqın da onu buna görə sevdiyi, Qaçaq Nəbi adına bəstələnmiş türkünün aşağıdakı bəndindən bəllidir:
Nəbi qurban Həcərin bir telinə,
Aslan kimi minmiş atın belinə.
Yağı qonmuş baxçasına, elinə,
Həsrət qalmış yarın incə belinə,
Qoy sənə desinlər Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!
Qaçaq Nəbi illərlə ruslarla mücadilə etmiş, yorulmamış, qırılmış, fəqət heç bir zaman əyilməmişdir. Azəri türklərinə onu sevdirən məhz onun əsarət zəncirini qəbul etməyən, türkə yaraşan məğrur halıdır. “Qaçaq Nəbi” hekayəsi bir əsrdən artıq xalqın sevə-sevə dinlədiyi və dilindən düşürmədiyi ölməz bir dastandır.
Kommunist yazar Süleyman Rüstəm “Qaçaq Nəbi” mövzusunda yazdığı “Qaçaq Nəbi” pyesinin qəhrəmanı Qaçaq Nəbini rus əleyhinə deyil, çar rejimi ilə mücadilə edən bir xalq dostu olaraq göstərmişdir. Halbuki Qaçaq Nəbi çar olsun, bolşevik olsun, rus əleyhinə çarpışmışdır. Bu rus düşməni qəhrəmanı rus dostu kimi göstərmək, vaqiəni təhrif etmək və Nəbiyə həqarət etmək deməkdir. Zira Qaçaq Nəbi vətənini çeynəyən, sümürən ruslara hansı şəkildə olursa-olsun, daima düşmən olmuşdur. Qaçaq Nəbi bu gün yaşasaydı, qızıl imperializm ilə də mücadilə edərdi. Belə ki, 1920-ci ildə Gəncə üsyanında Qızıl Ordu birliyinin bir qismini məhv edən Qaçaq Qənbər bolşeviklərə qarşı döyüşürdü. Yenə 1930-cu il Şəmkir üsyanında Zəyəmli Hacı Əhməd qızıllarla çarpışıb ölmədimi? Onun bütün əqrəbaları üsyanda iştirak etdiyi üçün Qızıl Moskvanın nökəri Yusif Qasımovun xunxar əllərilə öldürülmədimi? Yenə Şəmkir üsyanında gədəbəyli Qaçaq Məcidin 14 arkadaşı ilə qarlı qış günündə toplu, pulemyotlu, silahlı Qızıl Ordu birlikləriylə tam 45 gün çarpışaraq ruslara böyük tələfat verdirdikdən sonra son qalan tək qurşunu ilə intihar edərək düşmənə təslim olmamağı hər kəsə bəlli deyilmidir? Bütün bunlar ortada bir gerçək ikən Qaçaq Nəbini rus xalqının dostu kimi göstərmək həqiqətdən nə qədər uzaqdır. Süleyman Rüstəm unutmasın ki, yazdığı pyesin qəhrəmanı Qaçaq Nəbini Azərbaycan xalq kütlələri rus düşməni olaraq seyr edir. Çünki onu xalq da XIX əsrdən çar və rus düşməni olaraq tanıyır. Xalq gözəlcə bilir ki, istər çar, istərsə də bolşevik Rusiyası ona qara günlər gətirmişdir. Süleyman Rüstəm kimiləri nə qədər bağırırlar bağırsınlar, Azərbaycan heç bir zaman rus dostu olmadı və olmayacaqdır. Hər zaman rus düşməni oldu və yenə də elə qalacaqdır.
Qaçaq Nəbi kimi mücahid igidlərimiz olduqca çoxdur. Onlara dair yazıların yayınlanması ilə bu mücahidlərimizi xatırlamış və ya yaxşı tanımış olacağıq. Könül istərdi ki, Qaçaq Nəbi kimi qəhrəman mücahidlərimizin xatirələrini əbədiləşdirmək üçün onların heykəllərini qoydura biləydik. Bu da bu gün üçün xəyal isə də, bir gün gerçək olur, İnşaallah!
Yunus LƏNKƏRANLI
QAÇAQ NƏBİ
Azərbaycanın Gəncə vilayətinin bir kəndindəndir. Gəncə türk kültür tarixində önəmli bir yeri olan şəhərlərdəndir. İstər memarlıq əsərləri, istərsə də Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi bağrında yetişmiş şair və ziyalıları ilə tanınır.
Qaçaq Nəbi də burada doğuldu. Yoxsul bir ailədən gəlmişdi. Əlbəttə, çar Rusiyasının və onlara xidmət edənlərin Azərbaycan türkünə necə kölə münasibəti göstərdiyini görərək böyümüşdü. Bu ərəfədə çarizm “krepostnoy” deyilən sistem ilə kəndlilərə nökərlik edəcək simada olan adamları “bəy” və “xan” elan edirdi. Beləcə, daha öncə türklər arasında olmayan sinif-zümrə fərqləri meydana gətirilirdi.
“Qaçaq Nəbi” dastanında Nəbinin qaçaq olması belə anladılır:
On altı yaşında o qaçaq oldu,
Düşmənin gözündə bir pıçaq oldu,
İgidlər içində bir qoçaq oldu.
Yağıdı soltana, bəyə, xana Nəbi,
Bac alar, bac verməz divana, Nəbi.
O, əlbəttə ki, bu zülmə, türkün çarlar və nökərləri tərəfindən əsir düşməsinə, istiqlalından edilməsinə qarşı savaşmışdı. Cavad xan kimi, Səttar xan kimi xalqın mənliyində bu gün hələ də yaşamasının səbəbi bu olsa gərəkdir:
Ellər köçdü, həsrət qaldıq bu dağa,
Bülbül olub biz qonmuşduq bu bağa,
Qabağı kəsib bir zalım ağa,
Mənim bu günümdə gələsən, Nəbi,
Pristav əlindən alasan, Nəbi.
Pristav rus valisidir. Qabağını – önünü kəsən “bir zalım ağadır”. Nəbi isə həm pristav, həm də onun xidmətçisi olan ağa ilə mücadilə etməkdədir. Görünüşcə bir qiyamçı, həqiqətdə isə bir qəhrəmandır. Dastanda onun Koroğlu ilə müqayisə edilməsi bunu göstərir:
Dağların başları dumandı, duman,
Nəbidən çəkirlər zalımlar aman,
Qoç Koroğlu kimi Nəbi qəhrəman.
Qoy sənə desinlər, ay qaçaq Nəbi,
Həcəri özündən ay qoçaq Nəbi.
Nəbinin arvadı Həcər, qardaşı Mehdi ən böyük yardımçılarıdır:
Azərbaycan dağları qardı, borandı,
Arazın kənarı yazdı, arandı,
Mehdini tutdular, Həcər talandı,
Belə bir günümdə gələsən, Nəbi,
Düşmənin əlindən alasan, Nəbi.
Bir də Bozatı:
Bozatım davada pələngdi, pələng,
Qızılquş baxışlı, gözləri qəşəng,
Belimdə qılıncım, çiynimdə tüfəng,
Bozatım, yeri ha, aman günüdür,
Həcərin dustaqda qalan günüdür.
Nəbi 1879-cu ildə1 Kərbəladan dönərkən, İran-Rusiya sərhədində ruslar tərəfindən öldürtdürülür. Ruslar bunu Azərbaycan türkünə baş əydirmək üçün etmişdirlər.
Nəbinin öldürülməsi dastanda belə anladılır:
Paşa bəy İranda bir hiylə qurdu,
Nəbinin yoldaşı üzünə durdu,
Şahhüseyn qəfildən Nəbini vurdu,
Darasın saçını tellər ağıasın,
Yerisin üstündə ellər ağlasın.
Nəbi öldürülmüş, fəqət onun mücadiləsi bütün Azərbaycanda dastanlaşmışdır. “Qaçaq Nəbi” dastanı doğulmuşdur.
Məmməd Sadıq SƏNAN
AZƏRBAYCAN SAZ ŞAİRLƏRİ
Xalq hafizəsində yaşayan saz şairlərinin türk ədəbiyyatında mühüm rolu vardır. Bu qisim ədəbiyyat indiyə qədər lazımi dərəcədə tədqiq və təsbit edilmədiyindən əksəriyyəti unudulmaqla ziyana uğramışdır. Vaxtı ilə ədəbi həyata rəhbərlik vəzifəsini icra edən sevimli “Həyat” məcmuəsinin bu məsələdən də bəhs etməsini məmnuniyyətlə müşahidə etmişik. Möhtərəm ustadımız Fuad bəy əfəndinin səlahiyyətli qələmilə açılan bu qapıdan girilincə tükənməz bir xəzinənin mövcud olduğu dərhal gözə çarpır. Hələ son zamanlarda Türkiyyat İnstitutu tərəfindən nəşr edilən xalq ədəbiyyatına aid bir silsilə əsərlər və tədqiqat bu xəzinənin, eyni zamanda, nə qədər tədqiqə yarar bir sahə olduğunu açıqca göstərmişdir. Klassik ədəbiyyat dövründə türk millətinin mənliyini qoruyan, bədii zövqünü ruhlarda hərarətlə yaşadan məhz bu ədəbiyyatdır.
Müxtəlif dövrlərdə yaşayan, türk millətinin müxtəlif qollarına mənsub olan bu fitri şairlər xalqın sevinc və kədərini tərənnüm etdikləri kimi əxlaqi, ictimai həyatına da təsir göstərməkdən kənar qalmamısdır. Əskidən bəri türk ölkələrini kənd, qəsəbə, şəhər, köçəri ellər və uluslarında qapı-qapı gəzib dolaşan, qəhvəxana, ictimagah, toy yerləri, təziyə məclislərində, bayram günlərində xalqı əyləndirən biri digərinə zidd iki sinif vardı: dərvişlər və saz şairləri (aşıqlar). Bunlardan aşıqlar (saz şairləri) xalqın içindən doğmuş və fitrən zəki olduqlarından daha hazırcavab, cəsur, daima ruha zövq verici zərif cümlələrilə xalqın ruhunu oxşarlardı. Vəfat edənlərin xatirələri, şeirləri, zərif sözləri əsrlərcə nəsildən nəslə keçərək, xalqın içində yaşayırdı. Dərvişlərin saxta ciddiyyətlərinə tənə üçün məclislərdə ilk söylədikləri: “Aşıq deyir dəm olsun, dərviş deyir, qəm olsun”, – cümləsi olur.
Mövzumuz azəri saz şairlərinə aid olduğundan bunlardan bir neçə nümunə göstərməyə çalışacağıq. Xalqın ağzından yazıya aldığımız parçaların bir yerdə qeyd edildiyini də bilmirik, hansı əsrə aid olduqları da, təbii, bəlli deyildir. Yalnız bəzilərinin şeirlərindən hansı dövrdə yaşadıqlarını anlamaq mümkündür. Məsələn, hicri X əsrdə yaşadığını anladığımız Aşıq Qurban vardır:
I. AŞIQ QURBAN
Mən hak aşığıyam, hak yola mail,
Kitabım Qurandı, olmuşam qail.
Ey mənim sultanım, Şah İsmayıl,
Dərdimin əlindən fəryada gəldim,
Qapuva yüz sürtüb, imdada gəldim
Həmədanda “Gül Sənəm” adlı bir qıza aşiq olur. Qızı ona vermirlər. O da Şah İsmayıldan imdad istəyir, dərdinin əlindən fəryadə gəlir. Bu parça da onundur:
Bir ah çəkdim, ahım getsin havaya,
Manşık1 olsun həm ulduza, həm aya,
Bir od düşsün yar əyləşən saraya,
O da yansın, mənimlə bərabər olsun.
Bostan əkdim, tək şamama yetirdim,
Onun suyun dağdan, daşdan gətirdim.
Gözəlimi bu diyarda itirdim,
Onu tapan heç rastkar olmasın.
Urmunun yolları düzüm-düzümdür,
Urmu karvanının yükü üzümdür,
“Gül Sənəm”im mənim iki gözümdür,
Xabər verin hardadı, yarım gələ.
Bu haqq aşığı sevgilisini görmək üçün Həmədana gedir. Xalqın hüzurunda haqq aşığı olduğunu isbat üçün gözlərini bağlayaraq, bir neçə qızın içərisindən öz məşuqəsini ayırmağını tələb edirlər. Qurban gözləri bağlı olduğu halda önündən rəsmi keçid edən qızlardan hansının olduğunu göstərərək belə söyləyir:
Ərisin dağların qarı,
Tökülsün çaylara sarı.
Burdan keçər Qurbanın yarı,
Qoymun, xanlar, yarım geçdi,
Yüzü gülüzarım geçti.
Bu dağların başı bütün,
Yürəyimin başı tütün,
Qoymun, xanlar, yarım geçti,
Gözü intizarım geçti.
Dağ başında maral gəzər,
Tellərini darar, gəzər.
Yar məndən kənar gəzər,
Qoymun, xanlar, yarım geçti,
Xurma gözlü yarım geçti.
II. DEHARQANLI ABBAS
Gənc yaşında bir zənginin qızına aşiq olur. Qızın atası bu adama qızını verməyə razı olmur. Əvvəla, Abbasın dəli olması iddiasını, buna görə dini qaydaları bilmədiyini irəli sürərək, qızını vermək istəməz. Abbas müctəhid yanına gedər. Müctəhidin sorduğu dini suallara müvafiq cavablar verir. O cümlədən, Həzrəti Məhəmməddən sonra gələn imamların adlarını soruşduğu zaman bədahətən aşağıdakı cavabı verir:
Qoç igidlər at oynadın meydanda,
Məhəmməd sərindən tökülən qandır.
Birinci imamım Şahi-Mərdandır,
İkinci imamı xabər al, deyüm.
Sabah zamanları meh yeli əsər,
Kəbədən gələnin qabağın kəsər.
İkinci imamım İmam Həsən,
Üçüncü imamı xabər al, deyüm.
Kərbəla dəştində qalan Hüseyni,
Kafərlər əlində dağılan beyni.
Üçüncü imamım İmam Hüseyni,
Dördüncü imamı xabər al, deyüm.
Bahar olur, dağlar geyər mavi (don),
Dilim oxur: “Qil hüvəllahü yavməddin”.
Dördüncü imamım Zeynal Abidin,
Beşinci imamı xabər al, deyüm.
Məclisə girəndə ağır ol, ağır,
Müşküldə qalanda mollanı çağır.
Beşinci imamım Məhəmməd Bağır,
Altıncı imamı xabər al, deyüm.
Yığdıq dünyanın malını bir (dadıq)
Heç gəlmədi üstümüzə bir hazık.
Altıncı imamım Cəfəri Sadık,
Yeddinci imamı xabər al, deyüm.
Girdim ravzasına,qıldım namaz,
Dolandım qəbrinə, etdim niyaz.
Yeddinci İmamım Museyi Kazım,
Səkkizinci imamı xabər al, deyüm.
Hər gün qıl namazı, buraxma qəza,
Qiyamət günündə verirlər cəza.
Səkkizinci imamım İmam Rıza,
Doqquzuncu imamı xabər al, deyüm.
Ağalar ağası, kövsəri saqi,
Çəkdi zülfüqarı, ayırdı dağı.
Doqquzuncu imamım Məhəmməd Tağı,
Onuncu imamı xabər al, deyüm.
Otağına salmış xalıyi kevhər,
Alnından tökülür nur kimi tər.
On birinci imamım Hasəni Askəri,
On ikinci imamı xabər al, deyüm.
Xorasan şahına göndərdim səlam,
Yazdım bu sözləri, eylədim itmam.
On ikinci imamım Axırəzzaman.
Bundan ziyadəsi yox, xabər al, deyüm.
Abbas eşqində israr edir. Nəhayət, qızın atası, məsələdən qəsəbə hakiminə şikayət edir. Hakim Abbasın ayaqlarını falaqqaya qoydurur, sonra yükdaşıyan atın quyruğuna bağlatdıraraq işgəncəyə düçar edir. Abbas eşqindən vaz keçməyincə, zəngin (adam) o zamanın qaydalarına uyğun olaraq, qan bahasını verərək onu bir quyuya atdırır. Bir neçə gün sonra zəngin (adam) quyunun başına gəlir, onun aqibətinin nə olduğunu öyrənmək istəyir. Abbas quyuda son nəfəsini verərkən bu sözləri söyləyir:
Oturasan ağ otaqda,
Qan qusasan laxta-laxta.
Səni görüm ölən vaxtda,
Gor, kəfənin tapılmasın1.
Zəngin (adam) quyudan bu səsləri eşidərək peşman olur və oradaca yıxılıb ölür.
Abbasın sözləri son əzəl başdan,
Xızır əlin vurdu, su çıxdı daşdan.
Məhəmməd Mustafa indi miracdan,
Yerə qədəm qoydu afitabından.
Sana qurban olum, ya ahləlqazi,
Göylərdə qurmusan mizan-tərazi.
Davuda vermisən nə boş avazı,
Oxur, səsi gəlir afitabından.
Mehmet ŞAKİR2
AŞIQ QURBANİNİN ÜÇ MƏNZUMƏSİ
Qiymətli “Azərbaycan yurd bilgisi” məcmuəsinin ikinci sayında M.Sadıq Sənan “Azərbaycan saz şairləri” adlı bir məqaləsini yayımladı. “Aşıq Qurban” və “Aşıq Abbas” ismində məhəlli iki saz şairinin “xalqın ağzından qeyd” edilmiş olan mənqibə şəklində həyat və bir neçə parçada mənzuməsini ehtiva edən bu məqalə münasibətiylə biz də əlimizdə mövcud və hələlik çap olunmayan üç qoşmanı, kiçik bir müqəddimə ilə, əlaqədar insanların nəzər-diqqətinə çatdırmağı faydalı hesab etdik.
Xalq ədəbiyyatına aid topladığımız şeirlər arasında “Aşıq Qurbani” adlı bir saz şairinin də üç parça mənzuməsi mövcuddur. Bunları vaxtı ilə “Sinop xalqiyyat və harsiyyatı”1 üzərində məşğul olarkən, lazım gəldiyi üçün tədqiq etdiyimiz cünglərdən birində “Aşıq Qurbani” başlığı altında sırası ilə qeyd olunduğunu tapmış və köçürmüşdük.
Biz bu üç qoşmanın Sadıq Sənan bəyin məlum məqalədə qeyd etdiyi “Aşıq Qurban”a aid parçalar olması ehtimalını nəzərə alır və bunların ikisiylə bağlı Mahmud Ragıp bəyin bir əsərində təsadüf etdiyimiz bir qeyd üzərində nəzəri-diqqəti cəlb etmək istəyirik. Bununla yanaşı, bu sahədə möhtərəm ustad Köprülüzadə M.Fuat bəy və bir neçə arkadaşı kimi yüksək səlahiyyətlilərin fikirləri ilə iftixar etdiyimizi xüsusi olaraq qeyd etməklə bərabər, istinad etdiyimiz əsaslar nəticə etibarı ilə bunlardır:
A – Nəşr etdiyimiz bu üç mənzumədən birincisinin üçüncü bəndini təşkil edən:
Uğradı üstümə əmir hacısı,
Dərunumdan çıxmaz yarın acısı.
Qarabağda Ziyat xanın bacısı,
Verildi Mevladan ihsan dedilər. –
qitəsiylə, ikinci mənzumənin beşinci bəndinin ilk beyti olan:
Məmləkət valisi, xanların xanı,
Hüzuri barıda .........................2
misraları bu şeirlərin az-çox bir açıqdan açığa azərbaycanlı bir xalq şairinə aid olduğunu ifadə etməkdədir.
B – Birinci mənzumənin məqtə bəndi şairin adını, digər iki mənzumədə “Qurbani” olaraq yazılı tapılmasına rəğmən, Sadıq Sənan bəyin qeydi nəticəsində “Qurban” olaraq göstərilməkdədir.
C – Mahmut Ragıp bəy “Şərqi Anadolu türkü və oyunları” adlı əsərində (s.84) sazlara dair xalq etiqadlarından bəhs edərkən, bu arada o ərazidə adı və ünü yayılmış olan “Haqq aşığı Qurbani” namında bir saz şairinin xalq ağzından topladığı bir mənqibəsini qeyd və bunun “şah məmləkətindən” olduğunu əlavə edərək xatırlatmaqdadır.
M.Ragip bəyin qeyd etdiyi bu mənqibənin də bəhs etdiyimiz mövzu “Aşıq Qurbani”yə aid olduğunu zənn etməkdə və şah məmləkətindən olaraq göstərilməsinə də xüsusi diqqət yetirməliyik.
Xülasə, mənqibəvi həyatı, Azərbaycanda “Qurban” və Şərqi Anadoluda “Qurbani” surətində hələ də xalq arasında böyük bir sevgilə yaşamaqda olduğu anlaşılan bu şairin adı ətrafında ləhcəvi bir fərqin mövcudluğu, əsərlərinin cünglərimizə, kitabi bir tələffüzə uydurulmaq surətilə “Qurbani” şəklində keçmiş olması ehtimalını da bu sırada qeyd edə bilərik:
I
Yatarkən üstümə gəldi ərənlər,
Yatan, nə yatırsan, oyan, dedilər.
Oyandım qəflətdən, açdım gözümü,
Şu gələn Şahi-mərdan, dedilər.
Oyandım qəfləttən, açdım gözümü,
Ərənlər payinə sürtdüm üzümü,
Haqq bilirdi haq söylədim sözümü,
Səksən min kəlamı iyan dedilər.
Uğradı üstümə əmir hacısı,
Dərunumdan çıxmaz yarın acısı,
Qarabağda Ziyad xanın bacısı,
Verildi mevladan ihsan dedilər.
Qurbanım, dalmışam qəm dəryasına,
Ahular məkanı, çöl bəlasına.
Bir hasar1 çəkdilər könül pasına,
Bu çərxi-gərdunu dolan, dedilər.
II
Təcəlli cəbhinə cəmali mahzdır,
Əli ........2 deyübdür.
İki qab kavseyn qudrət-ül ayn,
Bilmənəm qanıma susana uyubdur3.
Bir diləgim var, amma rəbül aləmin,
Anın təbiidir ərş ilə zəmin,
Cəbrail, Mikail, İsrafil həmin,
Məlaiklər xidmətində naibdir.
Bir diləgim var, amma rəbül aləmdən,
Həzrəti Rəsuldan, min bir kəlamdan.
Xəttatlar xətt şəkmiş, dutmuş qaləmdən,
Yanaqda xal, amma nə əcaibdir.
Səndəiymiş gözəlliyin hikməti,
Anın için qıldım sana hörməti.
Dürri zəbərcəddən iver himməti,
Saadətlu sərindən saç ....4
Məmləkət valisi, xanlar xanı,
Hüzuri barıda dəsti rəmmanı,
Şaşırma, Qurbani, həddini tanı,
Məlaik yüzünə baxman ayıbdır.
III
Yar yoluna yaxa yırtıq, baş açıq,
Eşq əlindən dadi-bidad eylədim.
Yandım həsrətinlə hər gün, hər gecə,
Cəfa çəkib eşqə biət eylədim.
Riza-riza gözlərimdən yaş kəsdim.
Fəda qoyub, yaş yerinə baş kəsdim.
Bir vakit də Şirin üçün daş kəsdim,
Münasib adımı Fərhad eylədim.
Zatı şahın qonar şahin qoluna,
Dəllallar çağrışır sağdan soluna.
Der Qurbani ....1 yoluna,
Cəfa ömrimi bərbad eylədim.
Mirzadə Mustafa FƏXRƏDDİN
AZƏRİ AŞIQLARINDAN SARI AŞIQ
Bu məqaləmdə o gözəl yurdun yetişdirdiyi ətirli nəfəslərdən “Sarı Aşıq” ləqəbilə tanınan Aşıq Nəbidən bəhs etmək istəyirəm.
Əhvalata tamamilə vaqif olmaq bu gün imkansızdır, ancaq ənənəvi bilgilərdən bizlərə qədər gələn qisimlərdən dərc etməklə bu mühüm Aşığı da yad etmək bir borcdur.
Altı yüz ildən bəri avama, alimə, tərkidünyaya, içki düşkünlərinə, qələndəriyə, islama, xristiana məzarını minacat yeri kimi qəbul etdirmiş olan bu Aşıq bu xüsusiyyətə görə zamanın sevgililərindən olduğunu göstərməkdədir.
Adının Nəbi olduğunu öz dediklərindən anlamaqdayıq. Mir Nigari divanlarından bu şəxsi xatırlayarkən:
Ol qürbdədir məzari Aşıq,
Əlqabi şehiri Sarı Aşıq.
Ol aşiqi sadiq olsa layiq,
Sərdari cünunü Qeysü vamiq, –
deyə çox sitayişkaranə bir surətdə anmışdır. Şübhəsiz ki, yuxarıda adı çəkilənin1 Aşıq haqqındakı bilgiləri bizimkindən daha çox və yüksəkdir. Təəssüf ki, bizim bu barədəki bilgimiz çox azdır. Yalnız məzarı və xalq dilində indiyə qədər qalmış olan bir neçə bayatısı və şəxsi həyatına aid çox az məlumatdan ibarətdir.
Bəli, adının Nəbi olduğunu öyrəndiyimiz bu xalq şairi Zəngəzur qəzasını bir xətti üzrə birbaşa kəsən və Cəbrayıl qəzasından ayıran Həkəri çayının və yenə Mir Nigarinin doğum yeri olan Cicimli kəndinə gedən yolun sağ tərəfində həmin çaya 25 metr qədər bir yerdədir. Üzərində təsiredici bir gümbəzi vardır. Bina çox mətin və altıguşəlidir. Binanın tavanı da gözəl olub qübbə deyildir. Ətrafında daşdan və ibtidai bir şəkildə –yadımda qaldığına görə – böyüklü, kiçikli 10-a qədər aslan, qoyun, dayça heykəlləri vardır ki, bunlar ora-bura atılmış və demək olar ki, hamısının başından, ayağından qırılmışdır Təəssüf ki, bu şeyin qiymətindən xəbərdar deyildirlər. Bu qədər ki, Aşığın zamanındakı qiymətli şəxsiyyətinin birbaşa abidə və sübutudur.
Müsəlmanlar hər il mart, aprel aylarında bu zatın məzarını ziyarət edər və nəzir elədikləri qurbanlarını baş ucunda kəsərlər. Eyni şəkildə xristianlar da zamanın müsaidəsinə görə hər zaman bu zatın türbəsi ətrafında yortularını1 icra və özlərinə məxsus ayin məclislərini yerinə yetirməklə Aşığın ruhuna təzim və böyüklüyünə hörmət edərlər.
Xalqın hər sinfinə özünü xatırladan bu aşığın sevgilisinin adı da Yaxşı xanımdır. Yuxarıda bəhs olunan türbənin 50-60 metr yaxınında bir yaylası vardır. Sağ ikən bir-birinə qovuşa bilməyən bu sevgililərin son mənzili bu günbəz olmuşdur. Aşığın vəsiyyəti əsasında Yaxşı xanım qibləyə doğru, Aşıq da Yaxşı xanıma doğru dəfn edilmişdir. İndi hər ikisi də bu gün vəhşi və yabani heyvanlara mahal və sığınacaq olan bu dağın ətəyində Həkəri çayının kənarında uyumaqdadırlar.
Aşığın vəsiyyəti əsasında cənazəsinin namazını Mir Nigari həzrətlərinin ulu babası və Mir Ağa Bali ləqəbilə məşhur Şeyx Məhəmməd Şəmsüddin əfəndi qıldırmışdır2.
Xalq ağzında qalan bayatılarından bir qismi aşağıda verilmişdir:
Vəsiyyətnaməsindən:
Mən aşiq oqu tiryan,
Oqu ayin, oqu turyan,
Aqa Bali gəldin Aşıq üstünə,
Oqu “Yasin”, oqu turyan.
Mən Aşiq sinə qoyun,
Sındırın sinə qoyun.
Yaxşını qibləsinə,
Aşığı tərsinə qoyun.
Aşıq haqqındakı xatirələrdən:
Mən aşıq xaliqindi,
Əhsanül xaliqindi.
Bir sərdə eşq olmasa,
La seyfə xaliqindi.
Səmayə bax, səmayə,
Nər küfrər, baxsam ayə.
Zərrəcə yüzün görsəm,
Namərdəm, baxsam Ayə.
Zərbi-məsəl hökmündəki bayatılardan:
Aşıq qara bağlıdır,
Sinəm çarpaz dağlıdır.
Nə gələn var, nə gedən,
Məlum, yollar bağlıdır.
Qarşımızda qara dağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ1.
Mən aşıq qazan ağlar,
Od verər, qazan ağlar.
Qəriblikdə ölənin
Qəbrini qazan ağlar.
Adını bildirən qisim:
Aşığın Nəbidir adı,
Qəm məni nə budadı.
Ad mənim, yar özgənin,
Neylərəm Nəbi dadı.
Yurduna aid olanlar:
Yörü, yörü, dur, dağlar,
Sana yağsın nur, dağlar.
Mən özüm ağlamazdım,
Məni görgəc yurd ağlar.
Əbdülvahab YURDSEVƏR
AŞIQ ƏLƏSGƏR
(1821-1926)
İyirminci yüzildəki Azərbaycan sözlü ədəbiyyatının ən tanınmış siması Göyçaylı1 Aşıq Ələsgər olmuşdur. Özü heç bir məktəb təhsili almadığı halda, sadəcə incə zövqü, şeir və musiqiyə qarşı dərin sevgi və həvəsi və eyni zamanda, qeyri-adi istedad və qabiliyyəti sayəsində xalq şeir sənətinin yüksək örnəklərini vücuda gətirmişdir. Sadə və şirin şeirləri, bəzən Molla Pənah Vaqifin qoşmalarını, bəzən də xalq şikəstə və bayatılarını xatırlatmaqdadır.
Mövzuları eşq və sevgidir. Dili təbii və axıcıdır. Məcaz və istiarələri sırf özünə məxsusdur. Bütün bu vəsfləri onu zamanının tanınmış şairləri qatına yüksəltməkdədir.
Aşıq Ələsgərin başlıca özəlliyi və dəyəri hər növ kitab təsirindən, rəsmi dil və üslubdan uzaq və özünün aşıq ruh və təbiətinə sadiq olmasındadır:
Çərşənbə günündə çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, dəydi sinəmdən,
Nazü qəmzələri qanıma düşdü.
İşarət eylədim, dərdimi bildi,
Həm çox gözəldi, həm əhli-dildi.
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm, hər elmdən halıyam,
Gözəl, sən dərtlisən, mən yaralıyam.
Dedi, nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.
Aşıq Ələsgər şeirlərindəki cinaslar da həm təbii, həm də bədii bir mahiyyət daşıyır. Məsələn:
Gözəl, sən ki düşdün eşqin bəhrinə,
Narın çalxan, narın silkin, narın üz.
Dost səni bağına bağban eyləsə,
Almasın dər, gülün iylə, narın üz...
Qoy söykənsin narın üzə narın üz,
İnsaf eylə, bir könlümün narın üz!..
İlk beytdəki “üz” kəlməsi “üzmək” məsdərindən; ikinci beytdəki “üz” dərmək, qoparmaq; üçüncü beytin birinci misrasındakı “üz” surət, üz anlamına; ikinci misrasindakı “üz” isə aradan qaldırmaq məfhumunu bildirməkdədir. “Narın” kəlməsinə gəldikdə isə, bu kəlmə ilk beytdə ağır, ahəstə, yavaş; ikinci beytin sonunda nar (meyvə), üçüncü beytin birinci misrasında incə, gözəl; ikinci misrasında isə atəş mənalarına gəlməkdədir.
Aşıq Ələsgərin öyüd və tərbiyə növündən şeirləri də vardır. Bunlardan biri: “Qafil könlüm, bu nə yoldur tutubsan”, bir başqası da: “Məğrurluq eyləyib, ustadam demə” başlıqlarını daşımaqdadır.
Həkimanə fikirlərindən doğan qoşmalarından biri: “Yaradan yaradıb külli aləmi” başlığı ilə başlar. Təbiətin gözəlliklərini təsvir edən şeirlərindən, xüsusən: “Bahar fəsli, yaz ayları gələndə” başlığını daşıyan şeiri qeyd edilməlidir.
Aşıq ixtiyar çağında keçmiş günləri həsrətlə anaraq, şair Vəli ilə söhbətində zamanə və fələkdən acı-acı şikayət etməkdədir:
Qəza vurdu, baxtım tapdı tənəzzül,
İqbalım şikara döndü, nə döndü!
Can deyən dostların, şux gözəllərin,
Əfsun olmaz mara döndü, nə döndü!
Fərhad sevdi, dedi, Şirin cəmalım,
Şirin dost əlindən şirin canı alım.
Şirincə dövlətim, şirincə malım,
Axır zəhrimara döndü, nə döndü!
Sanıram bu qısa parçalar Aşıq Ələsgərin nə dərəcədə səmimi və coşğun hisslərə sahib lirik bir şair olduğunu göstərməyə kifayətdir.
Dostları ilə paylaş: |