Müstəqillik əldə edildikdən sonra digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də ciddi dəyişikliklər baş verdi. Belə ki, səhiyyə sisteminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması istiqamətində bir sıra tədbirlər görüldü. Bunların sırasına qanunvericilik bazasının formalaşdırılması, özəl tibbi xidmət sektorunun inkişafı və s. daxildir. İlk növbədə onu qeyd edək ki, əhalinin sağlamlığının qorunması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 41-ci maddəsində göstərilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım hüququ vardır. Həmin maddədə göstərilir ki, «dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya qaydalarına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır».
Bundan başqa, müstəqillik illərində «Əhalinin sağlamlığının qorunması haqqında» (26 iyun 1997-ci il), «Özəl tibb fəaliyyəti haqqında» (30 dekabr 1999-cu il), «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» (27 dekabr 2001-ci il), «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» (2 may 2000-ci il) və s. Qanunlar qəbul edilmişdir.
«Əhalinin sağlamlığının qorunması haqqında» Qanunda əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri, dövlətin qarşısında duran vəzifələr, ilk tibbi yardımla bağlı xidmətlərin göstərilməsi qaydaları öz əksini tapmışdır.
Sözsüz ki, səhiyyə sistemində aparılan islahatlar səhiyyə xidmətinin yaxşılaşmasına öz müsbət təsirini göstərdi. Qeyd olunan yaxşılaşmanın qiymətləndirilməsi üçün səhiyyə sistemini xarakterizə edən göstəricilər bazasına baxaq. Bunlara daxildir:
- həkimlərin sayı;
- tibb işçilərinin sayı;
- xəstəxana müəssisələrinin sayı;
- çarpayıların sayı və s.
Sadalanan göstəricilər üzrə aparılan təhlillər son illərdə səhiyyə sistemində müəyyən irəliləyişlərin olduğunu deməyə əsas verir. Bu daha çox səhiyyə sistemində fəaliyyət göstərən müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılmasında özünü göstərir. Belə ki, 2008-ci ildə səhiyyə sistemində 752 (qeyri-dövlət tibb müəssisələri də daxil olmaqla) xəstəxana (respublika, şəhər, rayon mərkəzi və kənd xəstəxanaları, ixtisaslaşdırılmış dispanserlər, təlim xəstəxanaları və özəl xəstəxanalar) (onlardan 25-i qeyri-dövlət xəstəxanasıdır), 1695 ambulatoriya-poliklinika müəssisəsi, 912 qadın məsləhətxanaları, uşaq poliklinika və ambulatoriyası, 2000-ci ildə isə 735 xəstəxana, 1614 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərmişdir. Son illərdə bu müəssisələrin sayında ciddi artım olmasa da, mövcud olanların maddi-texniki bazası xeyli gücləndirilmişdir. (Cədvəl 6.2)