§3. Səhiyyə sistemi: beynəlxalq təcrübə
Hazırda hər bir ölkənin inkişaf səviyyəsindən, iqtisadi siste-mindən və dövləti quruluşundan asılı olaraq özünəməxsus səhiyyə sistemi və ya modeli vardır. Buna baxmayaraq, ümumiləşdirilmiş halda mövcud səhiyyə sistemlərinin bazar, dövlət və sosial sığorta kimi 3 əsas iqtisadi modeli qəbul edilmişdir.
1) Səhiyyə sisteminin bazar modeli özəl tibbi sığortadan istifadə etməklə bazar münasibətlərinə əsaslanan ödənişli səhiyyə sistemidir.
Bu model üçün əsasən ödənişli (tibbi xidmətlərin istehlak-çısının özünün hesabına) əsaslarda tibbi yardımın göstərilməsi, dövlət tibbi sığortasının vahid sisteminin olmaması səciyyəvidir. Səhiyyə xidmətlərinə olan ehtiyacın ödənilməsinin başlıca vasi-təsi tibbi xidmətlər bazarı hesab olunur. Ehtiyacın bazar tərəfin-dən ödənilməyən hissəsini isə (əhalinin aztəminatlı təbəqələri, pensiyaçılar və s. üzrə) tibbi yardım üzrə ictimai proqramların işlənilməsi və maliyyələşdirilməsi yolu ilə dövlət öz üzərinə götürür.
ABŞ-ın səhiyyə sistemi əsasən bu modelə söykənir. Qeyd edək ki, ABŞ-da səhiyyə sisteminin təşkilinin əsasını məhz özəl tibbi xidmətlər bazarı təşkil edir. Aztəminatlı əhali qrupların tibbi xidmət bazarına daxil olmasını isə dövlət tibbi xidmət proqramları vasitəsilə tənzimləyir. ABŞ-da bu sahədə əsasən 2 dövlət proqramı mövcuddur:
1) medicaid-yoxsul və aztəminatlılar üçün;
2) medicare -pensiyaçılar üçün;
2)Səhiyyə sisteminin dövlət modeli büdcə maliyyələşdirilməsi sisteminə əsaslanır. Bu model səhiyyə sisteminin fəaliyyətində dövlətin mühüm rolu ilə səciyyələnir. Bu halda səhiyyənin maliyyələşdirilməsi başlıca olaraq büdcə (başqa sözlə, əhalinin və müəssisələrin ödədiyi vergilər) hesabına həyata keçirilir. Ölkə əhalisi tibbi yardımı ödənişsiz əldə edir. Beləliklə, dövlət tibbi xidmətlərin başlıca alıcısı, həm də başlıca satıcısı rolunda çıxış edərək cəmiyyətin səhiyyə xidmətlərinə olan tələbatının əksər hissəsinin ödənilməsini təmin edir. Burada bazar münasibətləri ikinci dərəcəli olur və bir qayda olaraq dövlətin nəzarəti altında fəaliyyət göstərir. Bu model 1948-ci ildən başlayaraq Böyük Britaniyada, 1971-ci ildən İrlandiyada, 1973-cü Danimarkada, 1979-cu Portuqaliyada, 1980-ci İtaliyada, 1983-cü Yunanıstanda və 1986-cı İspaniyada tətbiq olunur.
3) Səhiyyə sisteminin sosial sığorta modeli sosial sığorta prinsiplərinə əsaslanan və çoxkanallı maliyyələşmə sistemi ilə tənzimlənən sistemdir. Səhiyyənin bu modeli qarışıq iqtisadiyyat prinsiplərinə söykənir. Burada tibbi xidmətlər bazarı dövlət tənzimlənməsi və sosial təminatlarla, əhalinin bütün təbəqələri üçün tibbi yardımın əlçatanlığının təmin edilməsi ilə sıx uzlaşdırılır. Bu model, ilk növbədə, sığorta fondlarının maliyyələşdirilməsində dövlətin müəyyən qədər iştirakı şərti ilə ölkə əhalisinin bütün təbəqələri üçün icbari tibbi sığortanın mövcudluğu ilə səciyyələnir. Burada gəlirlərinin səviyyəsindən asılı olmayaraq dövlət bütün, yaxud əksər vətəndaşların tibbi yardıma olan tələbatlarının ödənilməsinin təminatçısı rolunda çıxış edir. Həm də bu zaman tibbi xidmətlərin ödənilməsində bazar prinsiplərinin pozulmasına yol vermir. Əhalinin dövlət tərəfindən zəmanət verilmiş səviyyədən artıq tibbi yardıma olan ehtiyacının ödənilməsi, istehlakçının müstəqil-liyi və seçim azadlığı təmin olunmaqla, tibbi xidmətlər bazarına həvalə olunur. Maliyyələşmənin çoxkanallı (büdcədən, sığorta təşkilatlarının mənfəətindən, əmək haqqından ayırmalardan və s.) sistemi sosial-sığorta modelinə əsaslanan səhiyyənin maliyyə bazasında zəruri çeviklik və sabitlik yaradır. Bu model Almaniya, Fransa, Hollandiya, Avstriya, Belçika, İsveçrə, Kanada və Yaponiyada daha qabarıq nəzərə çarpır.
Dostları ilə paylaş: |