Orta ixtisas təhsili:Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, formalaşan bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin təhsilə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri vardır. Təhsilin bu pilləsi, iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla, bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və eyni zamanda onların ümumi icbari təhsil almalarını həll edir.
Bu baxımdan orta ixtisas təhsili cəmiyyətin intellektual potensialının formalaşmasında da əhəmiyyətli rola malikdir. Bu təhsil kifayət qədər kütləvi ixtisas təhsili kimi vətəndaşların təhsil və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Son illər dövlət tərəfindən təhsil sahəsində aparılan islahatlar nəticəsində orta ixtisas təhsili müəssisələrinin müstəqil fəaliyyəti və inkişafı üçün hüquqi, iqtisadi və digər zəminlər yaradılmış, onların şəbəkəsi xeyli təkmilləşdirilmişdir. Ancaq bir sıra orta ixtisas məktəblərinin ayrı-ayrı nazirlik, konsern və birliklərin tabeliyində olması bu sahənin işində müəyyən qədər pərakəndəlik yaradırdı. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi, orta ixtisas təhsilinin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun və təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə geniş imkan yaratmışdır. Belə ki, respublikada bir sıra texnikumların birləşdirilməsi nəticəsində onların maddi-texniki bazası, pedaqoji kadr potensialı və bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla, yeni tipli orta ixtisas təhsil müəssisələri - kolleclər yaradılmışdır. Bu tipli təhsil müəssisələrinin sayı artaraq, hazırda orta ixtisas təhsili müəssisələrinin ümumi sayının yarıdan çoxunu təşkil edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti 13 yanvar 2010-cu il tarixində “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı”nı təsdiq edib. Bu proqramın əsas məqsədi Azərbaycan Respublikasının orta ixtisas təhsili sisteminin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə əsasən əmək bazarının tələbatına uyğun olaraq istehsal və xidmət sahələrinin yüksək keyfiyyətli orta ixtisaslı kadrlarla təmin edilməsindən ibarətdir.
Proqram orta ixtisas təhsilinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, orta ixtisas təhsilinin məzmununun və təlim texnologiyalarının yeniləşdirilməsi, alternativ maliyyələşmə mənbələrinin formalaşdırılması sisteminin yaradılmasını nəzərdə tutur.
Beləliklə, hazırda ölkədə orta ixtisas təhsili proqramlarını həyata keçirən 57 dövlət və 3 qeyri-dövlət təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 121 ixtisas üzrə 52579 tələbə (o cümlədən, 983 tələbə qeyri-dövlət məktəblərində) təhsil alır. Onların təlim-tərbiyəsi ilə 7003 müəllim məşğul olur.