Hər bir ölkədə sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin və təhsilin inkişaf səviyyəsindən asılıdır. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında xüsusilə ali təhsilin rolu mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il “ 22 ” may tarixli 295 nömrəli Sərəncamı ilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında hazırda dünyada aşağıdakı inkişaf meyllərin müşahidə olunduğu qeyd olunur.
- cəmiyyətin inkişaf tempinin sürətlənməsi, siyasi və sosial seçim imkanlarının genişlənməsi;
- informasiya cəmiyyətinə keçid, ünsiyyət və dözümlülük amillərinin vacib əhəmiyyət kəsb etməsi, mədəniyyətlərarası əlaqələrin miqyasının genişlənməsi;
- yeni nəsildə müasir təfəkkürün formalaşmasını tələb edən və yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilə bilən qlobal problemlərin sayının artması;
- iqtisadiyyatın dinamik inkişafı, rəqabətin güclənməsi, sadə əmək sferasının məhdudlaşması, mütəmadi olaraq peşə ixtisasının artırılmasını və yenidən hazırlanmasını tələb edən ciddi struktur dəyişikliyi;
- gənclərin və yaşlı nəslin təhsilinin artırılması nəticəsində formalaşan insan kapitalının rolunun yüksəlməsi;
- təhsilin ölkənin aparıcı dövlətlər sırasına daxil olmasını təmin edən əsas faktor olması;
- vətəndaşların xaricdə təhsil almasının dəstəklənməsi.
Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin, milli maraqları əks etdirməklə, qeyd olunan tendensiyalara uyğun müəyyənləşdirilməsi zərurətini yaradır. Bu amillərin reallaşması isə ilk növbədə iqtisadiyyatın müxtəlif sahə-ləri üzrə (dövrün tələbi nəzərə alınmaqla) yüksək biliyə malik ixtisaslı kadrların hazırlanmasını tələb edir. Məlumat üçün bildirək ki, keçmiş SSRİ ali və orta təhsilin inkişafına görə dünyada lider ölkələrdən idi. Belə ki, hər 10 min nəfərə düşən tələbələrin sayı Rusiyada 206 olduğu halda, Böyük Britaniyada 112, Almaniyada 138, Yaponiyada 142 idi. Yalnız ABŞ bu göstəriciyə görə (257) çox irəlidə idi. Qeyd etmək lazımdır ki, keçən əsrin 60-70-ci illərində ABŞ, Yaponiya və Qərbi Avropa ölkələrində təhsilin inkişafına xüsusi diqqət yetirilməsi iqtisadi artımın vacib amili hesab olunurdu. Məhz bu siyasətin nəticəsində XX əsrin sonu və XXI əsrin əvvəllərində təhsil dünya iqtisadiyyatının (xüsusilə, inkişaf etmiş ölkələrin) inkişafının əsas amilinə çevrildi. Hazırda Qərbi Avropa, ABŞ, Yaponiya və s. bu kimi inkişaf etmiş ölkələr təhsil sistemini yüksək səviyyədə təşkil etməklə dünya bazarında liderlik edirlər. Bu ölkələrin təcrübəsi təhsil sahəsində siyasəti düzgün müəyyənləşdirmədən təkcə iqtisadi deyil, həmçinin, sosial və siyasi problemlərin də həllinin qeyri-mümkün olduğunu göstərir. Hətta bu gün dünya miqyasında ən qlobal problemlərin də aradan qaldırılmasında əsas ağırlıq elmin və təhsilin üzərinə düşür. Ona görə də son illərdə inkişaf etmiş ölkələr bu sahədə köklü dəyişikliklər aparır, elmin və təhsilin inkişafı üçün ayrılan vəsaitlərin həcmini artırırlar. Təsadüfi deyil ki, son 40 ildə ABŞ-da təhsilə çəkilən xərclər 14,7 dəfə (o cümlədən, ali təhsilə 20 dəfə) artmışdır.
Almaniya, Amerika və Yaponiya mütəxəssislərinin birgə apardıqları tədqiqatların nəticələrinə görə Yaponiyanın bugünkü inkişafında təhsil sistemi lokomotiv rolunu oynamışdır. Əgər Yaponiyada təhsil sistemi yüksək səviyyədə qurulmasaydı, heç bir yüksək kapital qoyuluşu bügünkü yeni və yüksək səviyyəli texnologiyaların və böyük iqtisadi potensialın əldə olunmasına təsir göstərə bilməzdi. Bütün qeyd olunanlar, ölkənin iqtisadi qüdrətinin yüksəlməsinə, insanın istedadının (intellektinin) açılmasına və həyat tərzinin yaxşılaşdırmasına təhsilin bilavasitə təsir etdiyini göstərir.