Mövzuya aid suallar
Təhsilin cəmiyyətin inkişafında rolu nədən ibarətdir?
Təhsilin hansı formaları vardır?
Ümumi təhsil neçə pilləlidir?
Peçə təhsili neçə pilləlidir?
Təhsilin pillələrinin davam etmə müddəti nə qədərdir?
Distant təhsil nədir?
İnsan kapitalı nədir?
Təhsilin əhalinin həyat səviyyəsinin yüksəldilməsində rolu nədən ibarətdir?
Azərbaycanda təhsil indeksinin səviyyəsi haqqında nə deyə bilərsiniz?
Bazar münasibətləri şəraitində Azərbaycanda təhsil siyasətinin formalaşması haqqında nə deyə bilərsiniz?
Tövsiyə olunan ədəbiyyat siyahısı
1. A.N.Muradov «Elmi-texniki potensial: əsas inkişaf meylləri və problemləri», Bakı, 2005-ci il;
2. «Himayədar» jurnalı, iyun 2004, №2
3. Ангресано Д. Педагогика переходного периода: экономическое образование в Центральной и Восточной Европе //Высшее образование в Европе. - Т.ХХ1. - Н2. -С.131-138;
4. İnsan İnkişafı haqqında hesabat, 1996
5. «Təhsilin statistikası - 2009» Bakı- 2009
6. Strumilin S.Q. Problemı ekonomiki truda. M.; Nauka, 1982
7.Psacharopoulos G. Returns to Investment in Education:
A Global Update // World Development. 1994/ Vol. 22. N 9. P. 1325-1343
8. Piter Draker «Post kapitalist cəmiyyəti, Bakı, «Nurlan» 2003, 400 səh.
FƏSİL 9
MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT
§1. Mədəniyyətin və incəsənətin inkişaf xüsusiyyətləri
Mədəniyyət və incəsənət hər bir millətin inkişafında, onun dünyada tanınmasında mühüm rol oynayır. Mədəniyyət və incəsənət sahəsi təkcə sosial və mənəvi xarakter daşımır, o həm də dövlətin iqtisadi cəhətdən inkişafına müsbət təsir göstərir.
Mədəniyyət sözü latın dilindəki “culture” anlayışından götürülmüşdür, mənası becərmə, becərilmə, emaletmədir. Mədəniyyət hər şeydən əvvəl, fərdi, sosial və qlobal səviyyədə insan kapitalının formalaşması və istifadəsinin təkmilləşməsi prosesidir. Başqa sözlə, mədəniyyət - intellektual, etik, estetik və maddi sərvətlərin, eləcə də, insanın ağlı, hissi və fiziki əməyi ilə yaradılan mənəvi və maddi dəyər və normaların istehsalı, istehlakı, tədarükü və ötürülməsindən ibarət tarixi prosesdir.
Mədəniyyət öz tərkib hissəsinə görə maddi, mənəvi və siyasi mədəniyyətə bölünür. Maddi mədəniyyətə -texnika, istehsal təcrübəsi, maddi sərvətlər, mənəvi mədəniyyətə- elm, incəsənət və ədəbiyyat, fəlsəfə, əxlaq, maarif və s., siyasi mədəniyyətə -cəmiyyətin, sinfin, qrupun, fərdin fəaliyyətinin ictimai münasibətləri, şəxsiyyətin sosial inkişafının meyarını səciyyələndirən məqsədləri daxildir.
Bundan başqa, mədəniyyət və incəsənət müəssisələrini bir neçə qrupa ayırırlar.
1) Birinci qrupa – milli-mədəni miras obyektləri (mədəniyyət abidələri, muzey və arxiv fondları, xalq yaradıcılığı) daxildir. Bu obyektlər yüksək sosial əhəmiyyət kəsb etməklə yanaşı, təkrar istehsal qabiliyyətinə malik deyillər. Bu obyektlərin milli-tarixi dəyəri onları bazar münasibətlərinin obyekti olmasını məhdudlaşırır. Çünki bu obyektlərin gələcək nəsillərə saxlanılması dövlətin qarşısında duran əsas vəzifələrdən hesab olunur. Bu obyektlərin digər spesifik xüsusiyyəti, onların turizmin inkişafı üçün əhəmiyyət daşıması, iqtisadi baxımdan səmərəli və gəlir gətirmək qabiliyyətinin olmasıdır.
2) İkinci qrupa bazar münasibətlərinin məhdud fəaliyyəti zo-nasına aid olan mədəniyyət və incəsənət müəssisələri daxildir. Buraya ifaçılıq sənəti təşkilatları, mədəni-kütləvi idarələr (kitab-xanalar, klublar və s.) aiddir. Bu idarələr əhaliyə pulsuz və ya güzəştli şərtlərlə pullu xidmətlər göstərir. Eyni zamanda bu təşkilatlar bilet satışı və sahibkarlıq fəaliyyəti hesabına əlavə gəlir əldə etmək imkanına malikdirlər.
3) Üçüncü qrupa kommersiya məqsədləri ilə istismar sfera-sına aid olan müəssisələr daxildir. Bu təşkilatların gəlirləri bütöv-lükdə əhalidən və kommersiya müəssisələrindən daxil olan gəlir-lər, həmçinin şəxsi və ictimai ianələr hesabına formalaşır. Onlara audiovizual sfera müəssisələri, şou-biznes, çap və ekran kütləvi informasiya vasitələri aiddir.
Müasir dövrdə mədəniyyətin inkişafı milli, ümumbəşəri, klassik, ənənəvi, intellektual, bədii, siyasi, mənəvi, dini və digər dəyərlərin yeni forma və üsullarının yaranması ilə müşayiət olunur. Bu baxımdan hər bir dövlət mədəniyyət və incəsənət sahəsində öz siyasətini formalaşdırır, milli mədəniyyətin daha geniş və əsaslandırılmış təbliğini həyata keçirərək onun dünya tərəfindən qəbul edilməsinə çalışır. Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti də məhz bu istiqamətə yönəlmişdir. Sözsüz ki, öz müstəqilliyini qazanmış gənc bir dövlətin keçid dövründə qarşılaşdığı problemlər mədəni proseslərin məzmununa və dinamikasına bilavasitə təsir göstərmişdir. Bu yeni dövlət quruculuğu, iqtisadiyyat və sosial sahələrdə köklü dəyişikliklərlə bağlı olmuşdur. Son illərdə isə dinamik inkişaf edən Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət yeririlir. Belə ki, ölkə əhalisi üçün əlverişli mühitin formalaşdırılması, yaşayış keyfiyyətinin yaxşı-laşdırılması, yeni texnologiyaların və idarəetmə metodlarının tətbiqi ilə mədəniyyət obektlərinin zənginləşdirilməsi prosesi davam etdirilir.
Mədəniyyət və incəsənət sahəsində dövlət siyasəti - dövlətin mənəvi və ideoloji əsaslarını formalaşdırmaqdan, cəmiyyətin yaradıcı potensialının inkişafı və təkrar istehsalı üçün şəraitin yaradılmasından, mədəni həyatın və milli ənənələrin rəngarəngliyinin qorunmasından, mədəniyyət və incəsənət müəssisələri xidmətlərindən əhalinin bütün sosial təbəqələrinin əldə etməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.
Mədəniyyət və incəsənətin inkişafının müəyyənedici faktoru olan sosial mühit iki əsas şərtdən: dövlətin siyasi sistemi və dövlətin sosial-mədəni siyasətindən asılıdır. Siyasi sistemin demokratik əsaslar üzərində qurulması sosial mühitin inkişafı üçün şərait yaradır.
Mədəniyyətin və incəsənətin inkişafında milliliyin qorunub saxlanması dövlətin sosial-mədəni siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir. Başqa xalqların təcrübəsinin milli dəyər və maraqları nəzərə almadan istifadə olunması milli özünəməxsusluğun itirilməsinə səbəb ola bilər. Ona görə də mədəniyyət və incəsənət sahəsində dövlət siyasəti xüsusi incəlik və yanaşma tələb edir. Bu amil mədəniyyət sahəsinin idarə olunmasında da mühüm yer tutur.
Mədəniyyətin idarə edilməsi dövlət idarəetmə və yerli özünüidarə orqanlarının qarşılıqlı fəaliyyəti, həm dövlət, həm də qeyri-dövlət mədəniyyət təşkilatlarının, fondlarının, yaradıcılıq birliklərinin inkişafı əsasında həyata keçirilir.
Bildiyimiz kimi, respublikamızda mədəniyyət və incəsənətin idarə olunmasında iştirak edən əsas dövlət hakimiyyət orqanı – Mədəniyyət Nazirliyidir. Nazirlik mədəni irsin qorunub saxlanılmasının və inkişafının, ixtisaslı kadrların hazırlanmasının, dəyərli mədəniyyət obyektlərinin qorunmasını, onların (dövlət himayəsində olan obyektlərin) büdcədən maliyyələşməsini və idarə olunmasını təmin edir. Mədəniyyət obyektlərinin fəaliyyəti üçün beynəlxalq mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayır. İcra hakimiyyəti orqanları yerli, milli və digər xüsusiyyətləri nəzərə alaraq, regional proqramlar həyata keçirməklə mədəniyyətin və incəsənətin inkişafına köməklik göstərirlər.
İqtisadi münasibətlər mədəniyyətin və incəsənətin strateji-sosial institutu kimi cəmiyyətin rifah səviyyəsinin, eləcə də milli mənəvi dəyərlərin qorunmasında fundamental əhəmiyyət kəsb edir. Mədəniyyət sahələrinin inkişafı – iqtisadi münasibətlərlə maddi və mənəvi dəyərləri birləşdirərək milli dəyərlərin formalaşmasında aparıcı yer tutur. Bu amil indiki qloballaşma şəraitində mədəniyyət və incəsənəti iqtisadiyyatın əsas komponenti kimi nəzərdən keçirməyə imkan verir.
Qloballaşma şəraitində dünya iqtisadiyyatının və informasiya texnologiyalarının inkişafının nəticəsi olaraq xalqların qlobal sistemə inteqrasiyası, onlar arasında mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir.
Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edir. Hazırda xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, onların ünsiyyəti və qarşılıqlı şəkildə bir-birini dərk etməsi həmin xalqların yaxınlaşmasına münbit şərait yaradır. Bunu yaxşı cəhət kimi qiymətləndirmək olar. Lakin bir çox hallarda belə yaxınlaşmanın da mənfi təsirləri qaçılmaz olur. Belə ki, böyük xalqların mədəniyyətinin təsiri altında azsaylı xalqların özünəməxsus-luğunun unudulmasına və mədəni eyniliyin yer almasına şərait yaradır.
Bazar iqtisadiyyatının və informasiya texnologiyalarının sürətlə inkişafı dünya dövlətləri sistemində müxtəlif maddi və mənəvi dəyərlərə, o cümlədən mədəni düşüncələrə malik xalqlar arasında əlaqələrin harmonik uzlaşmasını və inkişafını tələb edir. Hazırda dünyada mövcud münaqişələrin ədalətli şəkildə həll edilməsi, bəşəriyyətə sülh və əmin-amanlığın gətirilməsində mədəniyyətin də özünəməxsus rolu vardır. Bu baxımdan başqa mədəniyyətlərə və düşüncələrə sahib xalqların özünəməxsus-luğuna hörmətlə yanaşılmalı, etnomədəniyyətin xüsusiyyətlərini nəzərə almaqla onun bəşəri dəyərlərlə uzlaşmasına nail olunmalıdır.
Ölkədə iqtisadi inkişafın əldə olunması mədəniyyətin bir forması kimi iqtisadi mədəniyyətin təşəkkülünə təkan vermiş olur. Əgər digər mədəniyyət formalarından fərqli olaraq dünya dövlətləri sistemində vahid iqtisadi mədəniyyətin formalaş-dırılması iqtisadi qanunların tətbiqi ilə mümkündürsə, bu, artıq iqtisadi mədəniyyət fonunda mənəvi mədəniyyətlərin uzlaşmasına və mübadiləsinə real imkanlar açmış olur.
Dostları ilə paylaş: |