I. NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MEYVƏÇİLİK: İNKIŞAF TARİXİ, MÜASİR
VƏZİYYƏTİ
Müasir dövrdə dünya miqyasında meyvə bağlarının ümumi sahəsi 100 milyon hektarı ötüb keçmişdir. Bu da dünyada əkin sahələrinin 10 %-dən çoxunu təşkil edir. Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü Dövlət tədbirləri həyata keçirilməkdədir
[4, 5, 6, 7, 8, 9, 10, 12, 13, 21].
Meyvəçiliyin inkişaf tarixi. Naxçıvan bölgəsində meyvəçilik qədim zamanlardan insanların əsas məşğulluq sahələrindən biri olmaqla, onların qidalanmasında əsas rol oynamışdır. Ərazidə yaşayan qədim insanlar yabanı meyvələrin yeyilən və keyfiyyəti yüksək olan növlərini seçərək yaşadıqları ərazilərdə becərməklə uzun tarixi bir dövr ərzində mədəniləşdirilmiş, nəticədə onların çoxlu sayda sortları yaradılaraq nəsildən-nəsilə ötürülməklə dövrümüzə qədər gəlib çatmışdır. Ərazidə becərilən yerli meyvə sortları burada mövcud olan yabanı növlərdən xalq seleksiyası yolu ilə əldə edilmişdir. Dahi seleksiyaçı alim N.İ.Vavilov Cənubi Qafqazı bir sıra bitkilərin, xüsusən meyvələrin (üzüm, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşdirilməsinin vətəni hesab edirdi. Bəzi səyahətçilərin məlumatlarında Naxçıvanın bağçılığına aid maraqlı məlumatlara rast gəlinir. Qədim tarixçilərin, coğrafiyaçıların, səyyahların əsərlərindən məlum olur ki, Şərqlə Qərb arasında mövcud olan geniş ticarət əlaqələrində əlverişli coğrafi mövqedə yerləşən Naxçıvan bölgəsinin böyük rolu olmuşdur. Belə ki, X əsrdə yazılmış “Hüdudul- aləm”, XI əsrdə Əbu Reyhan Biruni tərəfindən yazılmış “Kitab-as- Saydana fi-tibb”, XII əsrdə Övliya Çələbinin “Səyahətnamə”, XIII əsrdə fars dilində olan “Əcaib-əd-dünya”, XIV əsrdə Həmdullah Qəzvinin “Nüshətul-qlub”, XV əsrdə Əbdürrəşid əl-Bakuvinin “Abidələrin xülasəsi və qüdrətli hökmüdarın möcüzəsi”, XVII əsrdə Katib Çələbinin “Kitab Cahannüma” adlı tarixi mənbələrdə və XIX əsrdə Hacı Zeynalabdin Şirvaninin səyahət qeydlərində Naxçıvan bölgəsində yaşayan əhalinin əkinçilik, meyvəçilik mədəniyyəti haqqında geniş məlumatlar verilmişdir. Bu bölgədə meyvəçilik haqqında ilkin elmi məlumatlar ötən əsrin ortalarından sonra meydana çıxmışdır. Həmin müəlliflərdən bəziləri (A.Rollov, İ.Reznikov) bağçılıq, xüsusən, meyvəçilik haqqında ətraflı məlumatlar vermişdi. Naxçıvan mahalında yayılmış əksər meyvə sortları, onların bioekoloji xüsusiyyətləri haqqında A.Rollovun təqdim etdiyi məqalədə calaqetmənin formaları, pomoloji xüsusiyyətləri, fotoşəkilləri, onların xəstəlik və zərərvericiləri qeyd edilmişdi. Tarixi mənbələrdə Naxçıvan əyalətində meyvə bağlarının sahəsi 1813-cü ildə 539 ha, 1900-cü ilə qədər 200 ha olmuşdur. 1910-cu ildə 97,0 ha, 1925-ci ildə 554 ha olmuşdur. Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan meyvə sortları çoxəsrli xalq seleksiyaçılarının məhsullarıdır.
Naxçıvan böıgəsində meyvəçilik XIX əsrin əvvəllərindən başlayaraq daha geniş miqyasda inkişaf etmişdir. Naxçıvanda istehsal olunan təzə və qurudulmuş meyvə məhsulları xarici bazarlara da çıxarılmışdı. Keçmiş Sovet dönəmində Naxçıvan MR-in Ordubad bölgəsi müxtəlif çeşidli meyvə məhsullarının istehsalı üzrə ixtisaslaşmışdı. O zaman meyvə ticarətinin genişlənməsində Cənubi Qafqaz dəmir yolunun çəkilməsi çox böyük rol oynamışdı. Bu dəmir yolu qədim Naxçıvanda yetişdirilən meyvələrin Rusiya bazarlarına aparılmasına imkan vermişdi.
Dostları ilə paylaş: |