Muxtar respublikada meyvəçiliyin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qəbul edilən Dövlət proqramlarına uyğun olaraq muxtar respublikanın müxtəlif bölgələrində yeni meyvə bağları salınır, əkinə yararsız sahələrdə meyvə ağacları əkilir, köhnə bağların əraziləri genişləndirilir. Artıq bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hər il torpaq mülkiyyətçiləri, bağbanlar bol meyvə məhsulu istehsal edilir. Qeyd etmək lazımdır ki, muxtar respublikaya məxsus meyvə sortları istehsalının artırılması ilə yanaşı, onların təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır. Qədim Naxçıvanın zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı bu torpaqda yetişən neymətləri ilə də dünyada tanınır. Muxtar respublikanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhrəli bağlarında yetişən müxtəlif meyvə sortları süfrələrimizin dadı-tamına, bərəkətinə çevrilmişdir. Bütün bunlara görə hələ orta əsrlərdə səyyahlar Naxçıvan bölgəsini “meyvə cənnəti” adlandırmışlar. Muxtar respublikada hər mövsümün öz meyvəsi vardır. Bu meyvələr içərisində öz dadı-tamı ilə seçilən, yaranma mərkəzi Naxçıvan olan bir meyvə də vardır ki, o da Naxçıvan göycəsi sortudur. Naxçıvanlı bağbanların, ənənəvi xalq seleksiyaçılarının əməyinin bəhrəsi olan Naxçıvan göycəsi sortunun becərilmə tarixi VII əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində, həmçinin muxtar respublikanın rayonlarında Naxçıvan göycəsinin müxtəlif variasiyaları yetişdirilir. Naxçıvan artıq bu meyvənin vətəni kimi dünyada tanınır. Ona görə də muxtar respublika rəhbərliyi ənənəvi olaraq naxçıvanlıların meyvəçilik ənənələrinə diqqət və qayğı göstərməkdədir. Bu diqqətin parlaq ifadəsi olaraq Naxçıvan MR-də 27 may 2016-cı ildə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində birinci “Göycə festivalı” keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Göycə festivalı”nda iştirak etmişdir. Festivalın təntənəli açılışında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru, dosent Varis Quliyev çıxış edərək demişdir ki, Naxçıvan göycəsi xalq seleksiyası yolu ilə Naxçıvan alçası növündən yaradılmışdır. Bu sort becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırılmışdır. “Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, “yeni”, “təzə” mənasını da ifadə edir. Göycə muxtar respublikada yazın ilk yeyilən meyvə sortlarından biridir. Naxçıvanın torpaq-iqlim şəraiti göycənin tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Əsasən Arazboyu maili düzənlik ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli ekoloji mühit vardır. Çoxillik göycə ağacları 10-25 il normal məhsul verir, hər bir ağacdan ildə təqribən 20-50 kiloqrama qədər məhsul toplanılır. Naxçıvan göycəsi, adətən yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqetmədə albuxara ağacından istifadə etdikdə göycə meyvələri nisbətən iri, sulu və şirin, badam ağacına calaq edildikdə isə göycə ağacları uzunömürlü olurlar. Festivalın açılışında Varis Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu Göycə festivalı iştirakçıları adından salamlayaraq bu qədim bölgədə meyvəçiliyin genişləndirilməsində, ildən-ilə istehsalının artırılmasında göstərdiyi diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir. Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Naxçıvan göycəsinin sərgi-satışı ilə tanış olmuşlar (Şəkil 1.1). Sərgiyə baxış zamanı məlumat verilmişdir ki, 2016-cı ildə muxtar respublikada bol göycə məhsulu yetişdirilmişdir. Festivala Naxçıvan şəhərindən, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarından olan 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi 3 tondan çox göycə meyvəsi çıxarılmışdır. Həmçinin, festival iştirakçılarına göycədən hazırlanan müxtəlif məhsullar, o cümlədən mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunmuşdur. Naxçıvan göycəsi hazırda daxili bazarın tələbatını ödəməklə yanaşı, satış üçün ölkəmizin digər bölgələrinə də göndərilir.
Şəkil 1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Göycə festivalı”nda Mülkiyətçilər göycədən hazırlanan müxtəlif sənət əsərləri, maraqlı kompozisiyalar yaratmışdılar. Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyasının ifaları isə festivala xoş ovqat qatmışdır. Bu cür festivalların keçirilməsi Naxçıvanın meyvə məhsullarının tanıdılması ilə yanaşı, turistlərin də böyük marağına səbəb olur. Festival iştirakçıları monitorda Azərbaycan Respublikasının 1993-2003 -cü illərdə prezidenti olmuş Heydər Əliyevin Naxçıvan göycəsi haqqında söylədiyi fikirlərin video görüntülərini izləmişlər. Festivalın gedişində Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri göycə yetişdirən torpaq mülkiyyətçiləri ilə söhbət etmiş, onların qayğıları ilə maraqlanmışdır.
Festivalın keçirilməsi Naxçıvan göycəsinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən bağbanlar muxtar respublikada meyvəçiliyin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını, istehsal etdikləri məhsulları kənd təsərrüfatı yarmarkalarında rahat şəkildə satdıqlarını bildirmiş, bütün bunlara görə torpaq mülkiyyətçiləri Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər. Ali Məclisin Sədri Göycə festivalının təşkilatçılarına təşəkkürünü bildirmiş, festivalın ənənə halını almasının əhəmiyyətini qeyd etmiş, göycə meyvəsinin elmi şəkildə öyrənilməsi və çoxaldılması, yeni bağların salınması, göycədən sənaye üsulu ilə məhsul istehsalının genişləndirilməsi və ixracı barədə aidiyatı təşkilatlara tapşırıqlar vermişdir. Festivalda göycə məhsulu yetişdirən fermerlər arasında müsabiqə keçirilmiş, qaliblərə hədiyyələr təqdim olunmuşdur.
A rtıq muxtar respublikamızda bir çox istiqamətlərdə festivalların keçirilməsi ənənə halını almışdır. Son illərin yeniliyi kimi bu sırada kənd təsərrüfatının inkişafı, diyarımızda yetişdirilən müxtəlif növ məhsulların daha geniş formada təbliği məqsədilə təşkil olunan festivallar da xüsusi qeyd olunmalıdır ki, onlardan biri də “Göycə” festivalıdır.
2 017-ci il iyun ayının 3-də keçirilən ikinci “Göycə festivalı”nın açılış tədbirində AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış etmiş, tədbir iştirakçılarını salamlamışdır. Bu festivala 20 tondan artıq məhsul gətirilmiş və ucuz qiymətə satışı təşkil edilmişdir. Festivalın sonunda üç naminasiya üzrə müsabiqə keçirilmiş, “Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunmuşdur.
2018-ci il 14-15 iyun tarixində Naxçıvan şəhərində üçüncü “Göycə” festivalı keçirilmişdir. Festivalın açılış tədbirində çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov tədbir iştirakçılarını salamlayaraq muxtar respublikada meyvəçiliyin unkişafına Dövlət qayğılarından söhbət açmış, Naxçıvan göycəsi sortu haqqında qısa maraqlı məlumat vermişdir. Qeyd edək ki, Naxçıvam şəhərində keçirilən üçüncü “Göycə festivalı”na Şərur, Kəngərli, Babək, Culfa bölgələrindən və Naxçıvan şəhərindən 186 fərdi təsərrüfatçı və “Naxçıvan məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, ümumilikdə 12 ton 700 kiloqram məhsul çıxarılmışdır. Festivalın sonunda ənənəvi olaraq“ Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilmişdir.